Məhkəmə qərarları › İş №2-2(103)-1141/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1141/2025

09.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1141/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “yük daşıma müqaviləsi üzrə borcun ödənilməsi” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin əvəzi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi, əsas borc, faiz borcu, dövlət rüsumu) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, İlkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “yük daşıma müqaviləsi üzrə borcun ödənilməsi” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin əvəzi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3412/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ARZ2023004-saylı X2 Daşınmasının Təşkili haqqında müqavilənin:

2. 1.1-ci bəndinə əsasən “Ekspeditor” hazırki müqavilənin 3-cü bəndində müəyyən edilmiş haqla və Sifarişçinin sifarişi əsasında aşağıdakı işləri yerinə yetirməyi, yaxud onların yerinə yetirilməsini təşkil etməyi öhdəsinə götürür: 1) Sifarişçinin sifarişinə əsasən yüklərin beynəlxalq daşınmasını təşkil etmək; 2) Yüklərin təyin edilmiş məntəqəyə tam və salamat şəkildə çatdırılmasını təşkil və təmin etmək. 3) Tərəflərin razılığı ilə digər xidmətlər.

3. 1.2-ci bəndinə əsasən yükləmə və daşınma xidmətlərinin şərtləri, həmçinin yüklərin təyinat məntəqəsinə çatdırılma müddəti yazılı sifarişlərlə müəyyən edilir və həmin sifarişlər hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılır.

4. 2.1-ci bəndinə əsasən Ekspeditorun hüquq və vəzifələri: 2.1.1-ci bəndinə əsasən müəyyən edilmiş formada verilmiş yazılı sifarişə və müqaviləyə əlavələrə əsasən hazırki Müqavilənin 1.1. bəndində göstərilmiş xidmətləri göstərmək və yüklərin daşınmasını təşkil etmək öhdəliyi; 2.1.2-ci bəndinə əsasən münasib marşrutun seçilməsi və xərclərin azaldılması yolu ilə daşınmanın səmərəliliyinin artırılması barədə Sifarişçiyə məsləhətlər vermək vəzifəsi; 2.1.3-cü bəndinə əsasən vaxtında tərəflərin razılaşdırılmış miqdarda və Sifarişçinin sifarişlərində qeyd edilən müddətindən və ünvandan asılı olaraq, yükləmə üçün nəzərdə tutulmuş saz vəziyyətində olan nəqliyyatı təqdim etmək vəzifəsi; Xüsusi temperatur rejimi ilə daşınan yüklərin daşınma temperaturunu təsbit etmək (sübut etmək) üçün Ekspeditorun müvafiq nəqliyyat vasitəsini zəruri cihazlarla təmin etmək foto şəkli çəkilərək Sifarişçiyə Ekspeditor tərəfindən təqdim edilir. Daşınma üçün müəyyən edilmiş temperatur rejiminə əməl edilməməsi səbəbindən yükə zərər dəyərsə, Ekpseditor zərəri qarşılayır, yaxud Sifarişçinin seçimi ilə nəqliyyat haqqından Ekspeditordan zərər həcmi tam olaraq tutulur. 2.1.7-ci bəndinə əsasən yükün təyinat məntəqəsinə təhvil verilənədək onun qorunmasını və salamatlığını təmin etmək və yükü təhvil vermədən sürücünün nəqliyyat vasitəsindən uzaqlaşmamasını təmin etmək vəzifəsi; 2.1.8-ci bəndinə əsasən xidmətin göstərilməsi habelə müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı ona məlum olan Sifarişçinin kommersiya sirrlərini və informasiyaların məxfiliyini qoruyub saxlamaq vəzifəsi; 2.1.9-cu bəndinə əsasən yükün çatdırılma yerinə gəlməsi barədə Sifarişçiyə yazılı şəkildə 1 (bir) gün (poçt, elektron, faks və.s vasitəsilə) ərzində məlumat vermək - Nəqliyyat vasitəsinin sürücüsü sifarişlərdə göstərilən telefon nömrələrinə qısa mesaj (sms) vasitəsilə nəqliyyat vasitəsi barədə məlumatları, əlaqə nömrəsi, yükün/nəqliyyat vasitəsinin yerləş,diyi terminal barədə məlumatları bildirir. Bu məlumatları göndərməyən sürücülər nəqliyyat Vasitəsi ilə həmin gün terminaldan çıxış edə bilməyəcək və bu vəziyyətin yaranmasına görə Sifarişçi heç bir məsuliyyət daşımayacaqdır. 2.1.10-cu bəndinə əsasən 2(iki) gün ərzində Sifarişçiyə konosament, spesifikasiya, sertifikat, yük-gömrük bəyannaməsinin surəti və yükün göndərilməsi ilə əlaqəli digər sənədləri təqdim etmək vəzifəsi; 2.1.11-ci bəndinə yükün itirilməsi və ya məhv olunması- halında onun dəyərini (real zərər), habelə Sifarişçinin hüququ pozulmasaydı və Ekspeditor öz öhdəliklərini yerinə yetirsəydi Sifarişçinin əldə edəcəyi gəlirləri (əldən çıxmış fayda), habelə, bu gecikmə nəticəsində 3-cü şəxslərin Sifarişçiyə maddi tələblərini (əgər tələblər olarsa) Sifarişçiyə tam həcmdə 30 gün müddətində ödəmək; 30 gün ərzində real zərər Ekspeditor tərəfindən tam həcmdə ödənməzsə,girov ve depozit olduğu halda depozit ve girovdan bərpa olunacaq, girov və depozit olmazsa Sifarişçi Ekspeditorun yüklərinin daşınması üçün göstərilən xidmət haqqından bu zərəri tam şəkildə tutma hüququna malikdir. 2.1.12-ci bəndinə əssaən əgər Ekspeditor nəqliyyat-ekspeditor xidmətlərini tamamilə və ya qismən başqa şəxsin vasitəsilə həyata keçirirsə o, Sifarişçini 1 (bir) gün ərzində bu barədə yazılı xəbərdar edir. Amma istənilən halda Ekspeditor Sifarişçi qarşısında bilavasitə məsuliyyət daşıyır, eyni zamanda onun xidmətlər üçün həmin şəxsə reqres hüququ saxlanılır, Bütün sənədlərdə daşıyıcı olaraq, Ekspeditorun cəlb etdiyi üçüncü şəxslərin (subpodratçı-nəqliyyatçı) adı göstərilsə də, Ekspeditor Sifarişçi qarşısında və onun təmsil etdiyi mal sahibləri qarşısında tam maddi məsuliyyət daşıyır. 2.1.13-cü bəndinə əsasən xidmətlərin göstərilməsi zamanı, habelə bu müqavilədən və ona əlavələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı Sifarişçiyə vurduğu ziyanı tam ödəmək. 2.1.14-cü bəndinə əsasən yük Ekspeditora verildikdən sonra 1 gün müddətində nəqliyyat vasitəsi və sürücü haqqında məlumatlar Sifarişçiyə göndərilməlidir. Qeyd olunan müddət ərzində məlumatlar gəlməzsə, sifariş digər Ekspeditora verilə bilər. 2.1.15-cü bəndinə əsasən sürücüləri onların öhtəlikləri barədə təlimatlandırmaq; 2.1.16-cı bəndinə əsasən sürücülər tərəfindən vurulan ziyanla bağlı yaranan xərcləri, habelə, əlavə razılaşma ilə müəyyən edilmiş Sifarişçinin ərazisində davranış qaydalarının pozulmasına görə cərimələri tam ödəmək, sürücülərlə olan narazılıqları və.s problemləri həll etmək. 2.1.17-ci bəndinə əsasən ekspeditorun sürücüləri yükləmə yerində iştirak etməli və yükləmə zamanı gördükləri uyğunsuzluqlar barədə ekspeditora və həmçinin Sifarişçiyə məlumat verməlidir. 2.1.18-ci bəndinə əsasən ekspeditor qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış hüquqi şəxs olaraq, müvafiq qeydiyyat sənədlərini - (Kommersiya hüquq şəxslərin Reyestrindən çıxarış, Nizamnamə, Vöen və direktorun əmri və.s) təqdim etməlidir. 2.1.19-cu bəndinə əsasən yüklərin təyin edilmiş məntəqəyə tam və salamat şəkildə çatdırılmasının təşkil və təmin etmək öhdəliyinin təminatı kimi depozit, girov qoymaq, bank qarantiyası təqdim etmək və ya digər üsulla öhdəliklərini təmin etmək öhdəliyi. 2.1.20-ci bəndinə əsasən ekspeditor (onun nümayəndəsi) və ya yükü çatdıran sürücülər tərəfindən yükü qəbul etmiş Sifarişçinin nümayəndəsinə və ya digər əməkdaşlarına pul yaxud digər maddi nemətlər, güzəştlər yaxud özü üçün istənilən hər hansı üstünlük əldə etmək, fayda götürmək, törətdiyi pozuntunu gizlətmək (lakin bununla məhdudlaşmadan) digər hər hansı təklif verilməsi qadağandır. Əks halda ekspeditor hər aşkar edilmiş fakt üzrə 500 manat cərimə ödəyəcəkdir və qanunvericiliklə müəyyən edilmiş qaydada digər məsuliyyət daşıyacaqdır. 2.1.21-ci bəndinə əsasən ekspeditor Sifarişçinin bu müqavilənin əlavələri ilə müəyyənləşdirilən ərazidən verdiyi bütün yükləri nəqliyyat ilə təmin etməyi, yük maşını məlumatlarının zamanında verilməsini, yük maşınlarının yükləmə yerlərinə gecikmədən getməsini,əlavə razılaşmada qeyd olunan yolda olma müddəti günü keçməməsi şərti ilə malların sağlam şəkildə Sifarişçinin anbarında təhvil verməsini öz öhdəsinə götürür.

5. 2.2-ci bəndinə əsasən sifarişçinin hüquq və öhdəlikləri: 2.2.1-ci bəndinə əsasən sifarişçi Ekspeditora hazırki Müqavilənin 1.1 -ci bəndində göstərilmiş nəqliyyat-ekspeditor əməliyyatlarını həyata keçirmək hüququ verən vəkalətnamə verməlidir; 2.2.2-ci bəndinə əsasən sifarişçi Ekspeditora aşağıdakı sənədləri təqdim etməlidir: 1) Yükün daşınması haqqında müəyyən edilmiş formada yazılmış yükün alınacaq yerini (təyinat məntəqəsini) son təyinat məntəqəsini, yükün növünü, çəkisini, həcmini və i.a.-göstərən yazılı sifarişi; 2) Yükün müəyyən xüsusiyyətlərini əks etdirən sənədi. 2.2.3-cü bəndinə əsasən sifarişçi Ekspeditorun göstərdiyi xidmətin dəyərini hazırki Müqavilənin 3-cü bəndinə müvafiq olaraq vaxtı-vaxtında ödəməlidir; 2.2.4-cü bəndinə əsasən sifarişçi yükün idxalı və ixracı ilə bağlı sənədlərin hazırlanmasını öz üzərinə götürür. 2.2.5-ci bəndinə əsasən bu müqaviləyə əlavə ediləcək Ekspeditorun sürücüləri üçün tətbiq edilməsi məqsədli ilə razılaşdırılmış “Sifarişçinin ərazisində davranış qaydaları” haqqında təlimatın icrasını tələb etmək.

6. 3.1-ci bəndinə əsasən yüklərin daşınması üçün göstərilən xidmət haqqının ödənilməsi Sifarişçi tərəfindən Ekspeditorun öz kommersiya təkliflərində göstərdiyi və Sifarişçinin, işi (xidməti) yerinə yetirmək üçün verdiyi sifarişdə təsdiq etdiyi tariflər əsasında həyata keçirilir;

7. 3.2-ci bəndinə əsasən sifarişçi ödənişi malın təyinat məntəqəsinə təslim olunduğundan, ekspeditor tərəfindən hesab-fakturanın təqdim edilməsi şərti ilə, 30 gün ərzində Ekspeditorun hesabına köçürmə yolu ilə həyata keçirir;

8. 3.3-cü bəndinə əsasən hesab-fakturada məbləğ xarici valyuta ilə qeyd oluna bilər. Bu müqavilə üzrə bütün ödənişlər ödənişin icra edildiyi gününMəzkəzi bankın kursuna əsasən Azərbaycan manatı ilə həyata keçirilir.

9. 3.4-cü bəndinə əsasən ekspeditor Azərbaycan Respublikası rezidenti deyildirsə, ödənişlər xarici valyuta ilə edilə bilər.

10. 3.5-ci bəndinə əsasən yükün daşınmasına aid olan bütün məsrəflər Ekspeditor tərəfindən qarşılanacaqdır.

11. 3.7-ci bəndinə əsasən hər ay sonu (ödəmə və xidmət göstərilməyən ay xaric) tərəflər arasında üzləşmə aktı imzalanmalıdır.

12. 4.1-ci bəndinə əsasən tərəflər hazırki müqaviləyə əsasən üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirmədikdə və ya onları yerinə yetirməkdən imtina etdikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar;

13. 4.2-ci bəndinə əsasən hazırkı müqavilənin şərtlərinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində tərəflərin hər hansı birinin ucbatından dəyən ziyanı digər tərəf, vurulmuş ziyanın müəyyən olunmuş miqdarında tam həcmdə və vaxtında ödəməlidir;

14. 4.3-cü bəndinə əsasən fors-major (hərbi vəziyyət, blokada, nümayiş və s.) şəraitində hazırkı müqavilənin şərtlərinin yerinə yetirilməsi qeyri-mümkün olduqda tərəflər məsuliyyətdən azad olunur və tərəflər bir-birini 15 gün ərzində yazılı xəbərdar etməli, zəruri halda isə digər tərəfin tələbinə əsasən 15 gün ərzində müvafiq sənədləri(sübut olunması üçün səlahiyyətli dövlət orqanlarının sənədlərini) təqdim etməlidir(sürücü və ya Ekspeditor/nəqliyyat şirkəti tərəfindən zərərin qarşsınm alınma mümkünlüyü olduğu lakin sonuncunun hərəkətsizli nəticəsində dəymiş zərər fos-major halı ilə yaranmış zərər hesab edilmir);

15. 5.1-ci bəndinə əsasən hazırki Müqavilə üzrə meydana çıxan mübahisələr, pretenziyanın verilməsi səbəbi yarandığı və ya aşkar olunduğu gündən etibarən 30 gün ərzində irəli sürülməlidir;

16. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimələrə əsasən MT2411 Seriyalı, 10176414 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsas 58735 manat məbləğində, MT2411 Seriyalı, 10177209 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsasən 4250 manat məbləğində, EBDQ Seriyalı, 247027 nömrəli, xx.xx.2023 tarixli qaiməyə əsasən 3570 manat məbləğində, MT2409 Seriyalı, 10632255 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsasən 7395 manat məbləğində, MT2409 Seriyalı, 10632516 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsasən 510 manat, MT2411 Seriyalı, 10374618 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsasən 23630 manat məbləğində, MT2411 Seriyalı, 10375074 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsasən 2125 manat, EBDY Seriyalı, 028092 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsasən 4420 manat məbləğində, EBDR Seriyalı, 419685 nömrəli, xx.xx.2023 tarixli qaiməyə əsasən 3740 manat məbləğində, MT2502 Seriyalı, 10672636 nömrəli, xx.xx.2025-ci tarixli qaiməyə əsasən 5610 manat məbləğində, MT2502 Seriyalı, 10674381 nömrəli, xx.xx.2025-ci tarixli qaiməyə əsasən 340 manat məbləğində daşıma xidmətlərinin göstərilməsinə dair İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə eqaimlər göndərilmişdir.

17. Maliyyə arayışına əsasən Shark Logistics MMC və Araz Supermarket MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ARZ2023004 saylı X2 daşımasının təşkili haqqında müqaviləyə əsasən, borclu olunan göndərilmiş ve təsdiqlənən elektron qaimələrin siyahısı: 1.MT2411 Seriyalı, 10176414 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsasən yaranan borc-5 873 5 AZN, 2.MT2411 Seriyalı, 10177209 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsasən yaranan borc-4250 AZN, 3.EBDQ Seriyalı, 247027 nömrəli, xx.xx.2023 tarixli qaiməyə əsasən yaranan borc-3570 AZN, 4.MT2409 Seriyalı, 10632255 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsasən yaranan borc-7395 AZN, 5.MT2409 Seriyalı, 10632516 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsasən yaranan borc-510 AZN, MT2411 Seriyalı, 10374618 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsasən yaranan borc23630 AZN, MT2411 Seriyalı, 10375074 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsasən yaranan borc-2125 AZN, EBDY Seriyalı, 028092 nömrəli, xx.xx.2024 tarixli qaiməyə əsasən yaranan borc- 4420 AZN, EBDR Seriyalı, 419685 nömrəli, xx.xx.2023 tarixli qaiməyə əsasən yaranan borc-3740 AZN, ümumilikdə yuxarıdakı təsdiqlənmiş borclu olan qaimələrə əsasən 108375 AZN borc yaranmışdır.

18. 27 may 2023-cü il tarixli öhdəliklərin icrasının təminatı olan İcra Qarantiyasına əsasən Bank Respublika xx.xx.2023-cü il tarixli, ARZ2023004-saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə 85.000 manat məbləğində xx.xx.2024-xx.xx.2025-ci il tarixlərini əhatə edən geri götürülməyən qarantiya vermişdir.

19. 001019 nömrəli CMR (beynəlxalq qaiməyə) əsasən Sankt-Peterburq şəhərindən "xxxx" MMC tərəfindən göndərilən 45 palletdə olan mallar Cavabdeh MMCyə xx.xx.2024cü il tarixində təhvil verilmişdir, məhsulun daxili temperaturu (+3,5) dərəcə olduğu qeyd edilmişdir.

20. "xxxx" MMC laboratoriyası tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş sınaq protokollarından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində dəniz məhsulları laboratoriyaya təqdim edilmiş. Numunə məhsullarının bəzilərinin istifadəyə yararsız (uyğun deyil), bəzilərinın yararlı (uyğundur) olduğu müəyyən edilmişdir.

21. 05 noyabr 2025-ci il tarixli email yazışmasından göründüyü kimi İddiaçı MMC tərəfindən Kamran.MirzəElektron ünvan ünvanına göndərilmiş məktubda bildirilmişdir ki, laboratoriya analizləri ilə tanış olmuşlar. Qeyd etmişlər ki, nəqliyyat vasitəsi xx.xx.2024- cü il tarixində anbarda boşaldılmışdır və yük anbardar Ə.Təbriz tərəfindən təhvil alınmışdır, CMR-də temperatur dərəcəsini (+3; +4) qey olunmuşdur. Soyuducunun tümperatur çıxarışını qarşı tərəfə xx.xx.2024-cü il tarixində göndərmişlər, xx.xx.2024-cü il tarixində Cavabdeh MMC ilə görüş keçirilmiş, görüş zamanı bildirilmişdir ki, məhsul laboratoriyaya göndərilmişdir. Hal-hazırda göndərilən laboratoriyanın sınaq protokollarına əsasən nümunələrin laboratoriyaya təqdim olunma tarixi xx.xx.2025-ci il qeyd olunmuşdur. Həmin sənəddə qeyd olunduğu kimi sınaq protokolunun verildiyi tarix xx.xx.2024 qeyd olunur. Bu sənədlərə əsaslanaraq nümunələr xx.xx.2024 tarixində, yəni İddiaçı MMC-nin Cavabdeh MMC ilə görüşdən 3 gün sonra göndərilmişdir. xx.xx.2024- cü il tarixində boşaldılmış məhsul xx.xx.2024 tarixində laboratoriyaya göndərilmə səbəbi, nəticələrin xx.xx.2024 tarixində verildiyi halda xx.xx.2024 tarixində İddiaçı MMC-yə göndərilmə səbəbi; laboratoriya rəyinin İddiaçı MMC-yə təqdim olunmamasını səbəbi; laboratoriya sınaq protokollarında məhsulun hansı səbəbdən uyğun olub-olmamağı və sair sualların cavablandırılması xahiş edilib.

22. xx.xx.2025-ci il tarixli Sumqayıt Refserviz tərəfindən verilmiş Akta əsasən 99ZF682 dövlət nişanı yarımqoşqu, soyuducusu onlar tərəfindən baxış keçirilmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 3 dərəcə Setpoint ilə işləmiş, heç bir qüsur aşkar edilməmişdir. Soyuducu düzgün işləyir və təyin edilmiş temperatur dərəcəsi faktiki kuzovun içində olan temperatur dərəcəsinə uyğundur.

23. 03.06.2025-ci il tarixli Arayışa əsasən 2024-cü il 16 oktyabr tarixində "xxxx" MMC laboratoriyasına "xxxx" MMC tərəfindən ümumilikdə 45 ədəd balıq məhsulu nümunəsi təqdim olunmuşdur. Bu nümunələrdə aşağıdakı analizlər aparılmışdır: 1.Clostridium perfringens, 2.B.Cerius, 3.B.subtilus, 4.Termofıl anaerob, 5. Aerob, 6.Fakültativ anaerob, 7.Dad, qoxu , rəng. Nümunələrin ilkin vizual baxışı zamanı 20 ədəd nümunənin qapaqlarında şişmə müşahidə olunduğu üçün əlavə mikrobioloji analizlərin aparılması tövsiyyə edilmişdir. Bu səbəbdən aşağıda qeyd olunan mikrobioloji göstəricilər üzrə müayinələr aparılması üçün xx.xx.2024-cü il tarixində təkrar nümunələr təqdim olunmuşdur: 1.Bəzilərində bağırsaq çöpü qrupu bakteriyaları (BÇQB) müəyyən olunmuşdur. 2. Bəzilərində mezofil aerob və fakültativ anaerob mikroorqanizmlər (MAFANM) say baxımından normadan yüksək olmuşdur. 3.Bəzilərində isə kif və maya göbələkləri aşkar edilmişdir. 4. Staphylococcus aureus bakteriyası nümunələrin heç birində aşkar edilməmişdir.

24. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə laboratoriya ödənişi kimi 12.635 manat məbləğində, xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə laboratoriya ödənişi kimi 2274,30 manat məbləğində ödəniş edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

25. İlkin iddia üzrə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ARZ2023004saylı X2 Daşınmasının Təşkili haqqında müqaviləyə əsasən İddiaçı MMC-yə ödənilməli olan 108.375 manat əsas, gecikən günlər üçün, gecikən hər gün üçün 7000 manat faiz borcu, ümumilikdə 115.375 manat borcu, və ödənilmiş 407 manat dövlət rüsumu“Cavabdeh MMC -dən tutularaq, İddiaçı MMC -nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ARZ2023004- saylı X2 Daşınmasının Təşkili haqqında müqaviləyə əsasən Daşıma xidməti həyata keşirilmiş və həmin müqavilədə qeyd edilmiş öhdəliklər tam şəkildə yerinə yetirilmişdir, lakin Cavabdeh MMC– yə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq bu günə qədər ödəniş öhdəliklərini yerinə yetirilməmişdir. Bununlada şirkətə Cavabdeh MMC tərəfindən öhdəliyi tam icra etmədiklərinə görə 108.375 AZN əsas, gecikən günlər üçün, gecikən hər gün üçün 7000 AZN faiz borcu, ümumilikdə 115.375 AZN borcu yaranmışdır.

27. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC EMİS vasitəsi ilə qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək, vurulmuş ziyana görə 61100 manat borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 273 manat, cəmi 61373 manat məbləğində pulun İddiaçı MMC-dan alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı “yük daşıma müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ARZ2023004-saylı X2 Daşınmasının Təşkili haqqında müqaviləyə əsasən İddiaçı MMC-yə ödənilməli olan 108.375 AZN əsas, gecikən günlər üçün, gecikən hər gün üçün 7000 AZN faiz borcu, ümumilikdə 115.375 AZN borcu, və ödənilmiş 407 AZN dövlət rüsumu Cavabdeh MMC -dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qəraradad çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü ii tarixdə “X2 daşınmasının təşkili haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, “Ekspeditor” hazırki müqavilənin 3-cü bəndində müəyyən edilmiş haqla və Sifarişçinin sifarişi əsasında aşağıdakı işləri yerinə yetirməyi, yaxud onların yerinə yetirilməsini təşkil etməyi öhdəsinə götürür: 1) Sifarişçinin sifarişinə əsasən yüklərin beynəlxalq daşınmasını təşkil etmək, 2)Yüklərin təyin edilmiş məntəqəyə tam və salamat şəkildə çatdırılmasını təşkil və təmin etmək, 3)Tərəflərin razılığı ilə digər xidmətlər göstərilməsi tərəflər arasında razılaşdırılmışdır. Eyni zamanda müqavilənin 2.1.3-cü maddəsinə əsasən vaxtında tərəflərin razılaşdırılmış miqdarda və Sifarişçinin sifarişlərində qeyd edilən müddətindən və ünvandan asılı olaraq, yükləmə üçün nəzərdə tutulmuş saz vəziyyətində olan nəqliyyatı təqdim etmək vəzifəsi, Xüsusi temperatur rejimi ilə daşınan yüklərin daşınma temperaturunu təsbit etmək (sübut etmək) üçün Ekspeditorun müvafiq nəqliyyat vasitəsini zəruri cihazlarla təmin etmək vəzifəsi vardır. Xüsusi temperatur rejimi ilə daşınmalı olan yük nəqliyyat vasitəsinə yüklənən zaman, nəqliyyat vasitəsinin yük yerinin temperaturu ölçülərək qeydiyyat aparılır (aktlaşdırılır), foto şəkli çəkilərək Sifarişçiyə Ekspeditor tərəfindən təqdim edilir. Daşınma üçün müəyyən edilmiş temperatur rejiminə əməl edilməməsi səbəbindən yükə zərər dəyərsə, Ekpseditor zərəri qarşılayır, yaxud Sifarişçinin seçimi ilə nəqliyyat haqqından Ekspeditordan zərər həcmi tam olaraq tutulur. Cavabdeh MMC tərəfindən sifariş verilmiş və İddiaçı MMC tərəfindən daşınması həyata keçirilən mallar xüsusi temperatur rejimi ilə daşınan yüklərin daşınma temperaturunun normada olmaması səbəbindən mallar yararsız hala düşərək nəticədə Cavabdeh MMC-yə 61100 manat məbləğində ziyan vurulmuşdur. Lakin bu günə qədər həmin borc məbləği Cavabdeh MMC-yə ödənilməmişdir. Ona görə də mülki işin araşdırılmasının hazırki anında qarşılıqlı iddia təqdim etmək istəyirlər.

29. İlkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə verərək, xarab olan mallara görə 41558,5 manat, "xxxx" MMC-də keçirilmiş analizlərə ödənilmiş məbləğin əvəzi olaraq 14779,5 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 273 manat, ümumilikdə 56611 manat məbləğində pulun İddiaçı MMC-dən alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. 26.05.2025-ci il tarizində ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş qarşılıqlı iddiaya etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən SUPERMARKET” MMC-yə pulun tutulması iddiası ilə bağlı məhkəməyə müraciət edilmişdir. Hazirki iş üzrə Cavabdeh MMC - qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız və qeyri qanuni olaraq pul tələbi iddiasını məhkəməyə təqdim etmişdilər. Beləki, tələb edilən pul tələbinin əsasını xx.xx.2024 tarixdə gətirilən balıq məhsullarının daşıyıcı şirkət İddiaçı MMC tərəfindən daşınan zaman düzgün tempuratur rejiminə əməl edilməməsi nəticəsində xarab olması kimi əsassız və qanunsuz olaraq qiymətləndirilmişdir. Aşağıda qeyd edilən səbəblərdən və təqdim edilən sübutlardan dolayı Cavabdeh MMC -nin qarşılıqlı iddia ərizəsi əsassız və qanunsuzdur: Daşınma xx.xx.2024 tarixdə həyata keçirilmiş, məhsullar onlar tərəfindən Cavabdeh MMC-nin anbarına təhvil verilmişdir. Təhvil alınarkən məhsullarda problem olmamışdır əgər hər hanısa illənmə və s. kimi xarab olmalar olsa idi anbardar məhsulu qəbul etməzdi. Və bundan əlavə olaraq aralarında bağlanmış müqavilənin 2.1.2.22-ci qrafasina əsasən Ekspeditor yüklərə təhvil verilən ana qədər məsuliyyət daşıyır, (təhvil alınma CMR də qeyd edilib). Cavabdeh MMC nümunələrin labaratoriya veriləməsi prosesinə düzgün şəkildə riayət edilməmişdir. Həmin nümunələr xx.xx.2024 tarixdə təhvil verilməsinə baxmayaraq 10-15 günə yaxın vaxt keçdikdən sonra Şirkət xx.xx.2024 tarixdə Labarotoriyaya məhsulları təhvil vermişdir. Həmin məhsulların labarotoriyaya hansı şəraitdə verilməsi İddiaçı MMC-yə məlum deyil. Nəzərə alınsa ki, həmin məhsul balıq məhsuludur və xarab olması danılmazdır, (labaratoriyaya nümunələrin verilməsinə dair sənədlər işə əlavə edilir). Bundan əlavə olaraq daşınma ilə bağlı müvafiq qaimələr məhsul təhvil verildikdən sonra İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə elektron vurulmuşdur, əgər hər hansısa pretenziya olsa idi Cavabdeh MMC həmin qaimələri vaxtında geri çəkməli və ləğv etməli idi. Müqavilənin 5-ci bəndinin 5.1. 5.2, və 5.3-cü bəndlərinə əsasəndə müvafiq pretenziya verməli olduqları təqdirdə verməmişdilər. Və İddiaçı MMC Kommersiya məhkəməsində iddia qaldırdıqdan sonra pretenziya təqdim etmək qərarına gəlinib. Bu səbəbdəndə Mülki prosesual qanunvericiliyin tələblərinə və Müqavilə üzrə də pretenziya müddətinin keçməsi səbəbini nəzərə alınmalıdır. Tempuratur rejmi ilə bağlı qısa olaraq bildirirlər ki, onlar nəqliyyat şirkəti olaraq 7 ildir ki fəaliyyətdədirlər və X6 MMC-yə bu cür məhsulların daşınmasını neçə ildir ki dəfələrlə həyata keçirmişlər. Həmin tempuratur rejimi 4-dərəcəyə qoyulsada termometrin öz işləmə funksiyasına əsasən ara sıra qısa zaman ərzində qalxır və enir. Bu qısa dəyişmə halı isə buz ilə donmuş məhsulun xarab olmasına şərait yaratmır. Ümumiyyətcə donmuş məhsul xarab olmur. Bununla bağlı müvafiq qanuni ekspertiza rəyi işə əlavə edilir və İddiaçı MMC olaraq Məhkəməyə həmin ekspertləri şahid qismində cəlb edə bilər.

31. 06.08.2025-ci il tarixində ilkin iddia üzrə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, “X6” MMC -yə İddiaçı MMC tərəfindən 10 oktyabr 2025-ci il tarixdə həmin daşıma üzrə elektron qaimələr (Seriya: MT2502 Nömrə: 10674381 Tarix: xx.xx.2025, Seriya: MT2502 Nömrə: 10672636 Tarix: xx.xx.2025) göndərilib və “X6” MMC tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-yə (Əməliyyat nömrəsi 8********) ödəniş edilib. Həmin qaimələr və ödənişlər mübahisə predmenti olan 8 oktyabr 2024-cü il tarixdə təhvil verilən mübahisəli balıq məhsullarından sonra baş vermiş prosesdir.

32. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3412/2025 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, ARZ2023004 saylı X2 Daşınmasının Təşkili haqqında müqaviləyə əsasən 108.375 manat əsas borc, 5419 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 404 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir.

33. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı təqdim edilmiş sənədlər və hər iki tərəfin izahatları əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 108375 manat dəyərində daşıma xidmətinin göstərilməsi və həmin daşımalara görə 108375 manat xidmət haqqının ödənilməməsi işin mübahisəsiz halıdır, daşımalar həyata keçirilib, dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. İlkin iddiaçı tərəfindən həmin məbləğdə daşıma xidmətlərini cavabdehə təhvil verildiyi üçün həmin məbləğ ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. İlkin iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, tələb edilən 108375 manatlıq əsas borc məbləği iddiaçı tərəfindən cavabdehə göndərilən əsasən 2024-cü ilin sentyabr-noyabr aylarını əhatə edən e-qaimələr üzrə yaranmışdır. Belə olan halda, əsas borcun ödənişinin bir il ərzində gecikdirilməsini nəzərə alaraq, bir illik əsas borca 5% ilə hesablamaqla ilkin iddia üzrə cavabdehdən 5419 manat məbləğində faiz borcu tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir.

34. Məhkəmə qarşılıqlı iddia üzrə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə mübahisələndirilən daşıma xx.xx.2024-cü il tarixində başa çataraq qarşılıqlı iddiaçıya təhvil verilmişdir və qarşılıqlı iddiaçı tərəfindən həmin daşımanın dəyəri ödənilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə meydana çıxan mübahisələr, pretenziyanın verilməsi səbəbi yarandığı və ya aşkar olunduğu gündən etibarən 30 gün ərzində irəli sürülməlidir. Lakin, qarşılıqlı iddiaçı tərəfindən həmin müddət ərzində daşınan mallara dair hər hansı pretenziya qarşılıqlı cavabdehə göndərilməmişdir. Göründüyü kimi daşınan mallar yeyinti məhsulu (balıq) olmuşdur və mallar qarşılıqlı iddiaçıya xx.xx.2024-cü il tarixində təhvil verilmişdir. İş materiallarına sübut kimi əlavə edilən laboratoriya sınaq protokollarından isə görünür ki, məhsullar laboratoriyaya xx.xx.2024-cü il tarixində təqdim edilmişdir və rəylər xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması və ya hər hansı başqa formada qarşılıqlı iddiaçıya zərərin dəyməsi sübuta yetirilmədiyi üçün, məhkəmə iddianın əsassız olduğu və təmin edilməməsi qənayətinə gəlmişdir. Qarşılıqlı iddia ərizəsi dəymiş zərər məbləği hissəsində təmin edilmədiyi üçün, məntiqi davam olaraq qarşılıqlı iddiaçının "xxxx" MMC-də keçirilmiş analizlərə ödənilmiş məbləğin əvəzi olaraq 14779,5 manat pul məbləğinin tutulması hissəsində də iddia təmin edilə bilməz.

35. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425, 385.1, 442, 448.1, 448.2, 850.1, 852.1, 852.4, 859.1, 859.2 və 1096.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

36. Həmin qətnamədən ilkin iddia üzrə Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspeditor tərəfindən yüklərin daşınma temperaturuna əməl edilmədiyi təqdim olunan sübutlarda öz əksini tapmışdır. Həmçinin, tərəflərindən ekspertiza keçirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş, ekspertiza rəyi ilə də malların bir qisminin yararsız hala düşdüyü sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əsaslandırmada bir neçə dəfə onların daşımanın dəyərini iddiaçıya ödədikləri və malı qəbul etdikləri qeyd olunmuş, bunu da qarşılıqlı iddianın rəddi əsaslarından biri kimi göstərmişdir. Halbuki, onların tərəfindən daşıma müqaviləsi üzrə nəzərdə tutulmuş haqqı ödəmələri, qüsurlu mala görə zərərin əvəzini tələb etmə hüququnun təmin olunmasının qarşısını almır. Digər tərəfdən isə, malların qəbulu zamanı onlardan xoşagəlməz iy gəldiyi müəyyən olunmuş, lakin malın qüsurlu olduğunun sübuta yetirilməsi üçün ekspertizanın təyin olunması lazım olmuşdur. Qeyd etmək lazımdır ki, həmin daşıma zamanı gələn məhsulların heç də hamısının qüsurlu olması mübahisələndirilməmiş, sadəcə ekspertizanın rəyi ilə qüsurlu olaraq müəyyən olunmuş hissəsi üçün dəymiş zərər qarşı tərəfdən tələb edilmişdir. Məhkəmə həmçinin, qeyd etmişdir ki, mallar onlara xx.xx.2024-cü il tarixində təhvil verilmiş, onlar tərəfindən isə ekspertizaya xx.xx.2024-cü il tarixində təqdim olunmuş, arada kifayət qədər müddət ötürülmüşdür. Lakin məhkəmə iclaslarında dəfələrlə də vurğulandığı kimi, onlar tərəfindən ilk dəfə ekspertizaya xx.xx.2024-cü il tarixində verilmiş, bunun əsasında da ekspert rəyi verilmişdir. Bu ekspert rəyi detallı olmadığından və əlavə ekspertizaya ehtiyac duyulduğundan Chemlab tərəfindən əlavə ekspertizanın keçirilməli olduğu bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə, ümumiyyətlə, bu hissəyə münasibət bildirilməmiş, sanki birbaşa olaraq 24.10.25-ci il tarixində ekspertizaya təqdim edildiyi təəssüratı yaradılmışdır. Məhkəmə digər tərəfdən xx.xx.2024-cü il tarixinə qədər məhsulların hansı şəraitdə saxlandığının şübhə duyurduğunu bildirmiş, lakin bu şübhəli məqamı araşdırmaq və bunun əsasında qətnamə qəbul etmək üçün heç bir addım atmamışdır. Əksinə, qətnaməsinin əsasını bu şübhə təşkil etmişdir. Cavabdeh MMC 400-ə yaxın marketi ilə hər gün müştərilərə freş məhsullar təqdim edir, məhsulları saxladıqları soyuducu anbarının isə saxlanma şəraiti bütün standartlara cavab verir. Bununla bağlı, məhkəməyə sübut da təqdim olunmuşdur. Məhkəmə qətnaməsində xx.xx.2025-ci il tarixli Sumqayıt Refserviz tərəfindən verilmiş Akta əsaslanmışdır. Həmin aktda qeyd olunur: “99ZF682 dövlət nişanı yarımqoşqu, soyuducusu onlar tərəfindən baxış keçirilmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 3 dərəcə Setpoint ilə işləmiş, heç bir qüsur aşkar edilməmişdir. Soyuducu düzgün işləyir və təyin edilmiş temperatur dərəcəsi faktiki kuzovun içində olan temperatur dərəcəsinə uyğun olduğu müəyyən edilmişdir”. Adıçəkilən akt hadisənin üzərindən 7 ay sonra tərtib olunmuşdur. Aktın düzgün olması, onun həmin nəqliyyat vasitəsinin 7 ay əvvəl saz vəziyyətdə olub-olmamasını təyin etməsi isə ümumiyyətlə mümkün deyildir. Digər tərəfdən, dərəcənin yüksək olmasının tək səbəbi də soyuducunun düzgün işləməməsi olmaya bilər, bu sürücünün və ya daşıyıcının hər hansı nümayəndəsinin yanlışı da ola bilərdi. Məhkəmə sübutları qiymətləndirərkən qərəzli yanaşmış, onlar tərəfindən təqdim olunan sübutları qiymətləndirməmiş, şübhələr əsasında qətnamə qəbul etmişdir. Məhkəmə Daşıyıcının nəqliyyat vasitəsində temperaturun normalara uyğun olmamasını aydınlaşdırılmamış, onlar tərəfindən birinci dəfə malların ekspertizaya verilməsini isə ümumiyyətlə nəzərə almamışdır. Daşıyıcı tərəfindən daşınma dərəcəsinin yüksək olmasına baxmayaraq, mallardakı qüsurların həmin qüsurdan qaynaqlanmadığını məhkəmə sübuta yetirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yalnız xx.xx.2024-cü il tarixindəki ekspertiza nəticəsi diqqətə alınmış, ilkin ekspertiza, ümumiyyətlə, vurğulanmamış, gəldiyi qənaətinin əsasını da bu arqument təşkil etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

38. İlkin iddia üzrə İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC nümunələrin laboratoriya verilməsi prosesinə düzgün şəkildə riayət etməmişdir. Həmin məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin anbarına xx.xx.2024-cü il-tarixdə təhvil verilməsinə baxmayaraq Cavabdeh MMC həmin məhsulları laboratoriyaya xx.xx.2024-cü il tarixdə yüksək tempurator dərəcəsi ilə (16 dərəcə) dərəcə ilə təhvil vermişdir (təqdim edilən sənədlərdə öz əksini tapır) Nəzərə alsaq ki, həmin məhsul balıq məhsuludur və xarab olması danılmazdır. (laboratoriyaya nümunələrin verilməsinə dair sənədlər əvvəlki sənədlər siyahisinda əlavə edilib) Bundan əlavə olaraq aralarında bağlanmış müqavilənin 2.1.2.22-ci qrafasına əsasən Ekspeditor yüklərə təhvil verilən ana qədər məsuliyyət daşıyır. (təhvil alınma CMR də qeyd edilib). Həmin daşınma ilə bağlı müvafiq qaimələr məhsul təhvil verildikdən sonra İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə elektron vurulmuşdur. Əgər hər hansısa pretenziya olsa idi Cavabdeh MMC həmin qaimələri vaxtında geri çəkməli və ləğv etməli idi. (qaimələr əlavə edilib) Tempuratur rejimi ilə bağlı bildirirlər ki, onlar nəqliyyat şirkəti olaraq 10 ildir artıq fəaliyyətdədirlər və Cavabdeh MMC-yə bu cür məhsulların daşınmasını bir neçə ildən çox dəfələrlə həyata keçirmişlər. Həmin tempuratur rejimi 4- dərəcəyə qoyulsa da termometrin öz işləmə funksiyasına əsasən ara-sıra qısa zaman ərzində qalxır və enir. Bu qısa dəyişmə halı isə buz ilə donmuş məhsulun xarab olmasına şərait yaratmır. Ümumiyyətcə donmuş məhsul xarab olmur. Bununla bağlı müvafiq qanuni ekspertiza rəyi işə əlavə edilir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən qətnamənin dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

39. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

40. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. - 852.4-cü maddəsinə görə, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu) və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. - 859.1-ci maddəsinə əsasən Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. - 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

45. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddianın təmin edilmədiyi hissələrdə mübahisələndirdiyindən həmin hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3412/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında yük daşıma müqavilələri əsasında uzun müddətli qarşılıqlı əməkdaşlıq mövcuddur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ARZ2023004-saylı yük daşınma müqaviləsinə əsasən “Ekspeditor” hazırki müqavilənin 3-cü bəndində müəyyən edilmiş haqla və Sifarişçinin sifarişi əsasında yüklərin beynəlxalq daşınmasını təşkil etmək; yüklərin təyin edilmiş məntəqəyə tam və salamat şəkildə çatdırılmasını təşkil və təmin etmək və tərəflərin razılığı ilə digər xidmətmərin göstərilməsini öhdəsinə götürmüş, Sifarişçi isə daşımanın ödənişini malın təyinat məntəqəsinə təslim olunduğundan, ekspeditor tərəfindən hesab-fakturanın təqdim edilməsi şərti ilə, 30 gün ərzində Ekspeditora ödəməlidir.

48. İddiaçı tərəfindən cavabdehə 108375 manat dəyərində daşıma xidmətinin göstərilməsi və həmin daşımalara görə 108375 manat xidmət haqqının ödənilməməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı tərəfindən daşıma xidməti tam şəkildə həyata keçirilsə də, dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh tərəf də ilkin iddia ərizəsinin əsas borc hissəsinə etiraz etməmiş, həmçinin, birinci instansiya məhkəməsində ilkin iddia üzrə 108.375 manat məbləğində daşıma həyata keçirilməsini, ödəniş edilməməsini və cavabdeh şirkətə vurulmuş ziyanın da həmin məbləğdən çıxılmasını bildirmişdir.

49. Qarşılıqlı iddiaçı iddia edir ki, qarşılıqlı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində iddiaçıya təhvil verdiyi malların bir hissəsi daşıma zamanı daşıyıcı şirkət tərəfindən nəqliyyat vasitələrinin temperatur göstəricilərinə riayət olunmadığı üçün yararsız hala düşmüşdür və dəniz məhsullarına dəymiş zərərin məbləği 41558,5 manat müəyyən edilmişdir.

50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin bu tələbi əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 859.2-ci maddəsində daşıyıcının yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyəti nəzərdə tutulsa da, Məcəllənin 859.5-ci və 861-ci maddələrin məzmunundan aydın olur ki, bu barədə daşıyıcıya və ya ekspeditora yazılı pretenziya verilməli, 30 gün müddətində pretenziyaya cavab verilmədikdə, məhkəmədə iddia qaldırılmalıdır. Həmçinin, tərəflər arasında bağlanmış Müqavilənin 5.1ci bəndinə əsasən müqavilə üzrə meydana çıxan mübahisələr, pretenziyanın verilməsi səbəbi yarandığı və ya aşkar olunduğu gündən etibarən 30 gün ərzində irəli sürülməlidir. Hazırkı halda ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya-ekspeditora qanunla müəyyən edilmiş müddət ərzində daşınan yükdəki qüsurla bağlı hər hansı pretenziya verilməmişdir.

51. İş materiallarından da görünür ki, daşınan mallar yeyinti məhsulu (balıq) olmuşdur və məhsullar xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-yə təhvil verilmişdir. Təhvil alınarkən məhsulların yararsız olması halında həmin qüsurlarla bağlı cavabdeh tərəfindən iddiaçıya-ekspeditora irad bildirilməsi, məhsulun qəbulundan və dəyərini ödəməkdən imtina etdiyini bildirməsi iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin, məhsulların yararsız olması ilə bağlı tərəflər arasında bu halı təsdiqləyən hər hansı bir akt tərtib edilməmişdir.

52. Bundan əlavə, qeyd edilən balıq məhsulları xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-yə təhvil verilsə də, laboratoriya sınaq protokollarından görünür ki, həmin məhsullar laboratoriyaya ilk dəfə xx.xx.2024-cü il tarixdə, daha sonra isə xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Həmin vaxt aralığında məhsulların xarab olmaması üçün lazımi şəraitdə saxlanılması, eləcə də məhsulların məhz qarşılıqlı cavabdehdə olduğu müddətdə xarab olmasına dair mötəbər və yetərli sübutlar təqdim edilməmişdir. Həmçinin, qarşılıqlı iddiaçı xarab olduğunu iddia etdiyi malların daşıma xərclərini ödəmişdir. Əgər hər hansı pretenziya olsa idi, Cavabdeh MMC qaimələri vaxtında geri çəkə və ləğv edə bilərdi. Lakin qarşı tərəf əsas iddianı qaldırdıqdan sonra Cavabdeh MMC qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir.

53. Apellyasiya şikayətində həmçinin nəqliyyat vasitəsinin soyuducusunda qüsurun olub-olmamasına dair xx.xx.2025-ci il tarixli Sumqayıt Refserviz tərəfindən verilmiş aktın hadisənin üzərindən 7 ay sonra tərtib olunması mübahisələndirilmişdir.

54. Lakin həmin akta əsasən “99ZF682 dövlət nişanı yarımqoşqu, soyuducusunun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 3 dərəcə Setpoint ilə düzgün işləməsi, heç bir qüsur aşkar edilməməsi və təyin edilmiş temperatur dərəcəsi faktiki kuzovun içində olan temperatur dərəcəsinə uyğun olduğu müəyyən edilmişdir.

55. Beləliklə, qarşılıqlı iddiaçı tərəfindən apellyasiya şikayətində qeyd edilən hallar iş materialları ilə sübuta yetirilmir. Belə olan halda, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

56. Bu səbəbdən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3412/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehin özünə aid edilməlidir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3412/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar