Məhkəmə qərarları › İş №2-2(103)-1156/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1156/2024

03.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1156/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı, konsiqnasiya anbarı müqaviləsi, üzləşmə aktı, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC ("Sifarişçi”) və Cavabdeh (“İcraçı”) arasında xx.xx.2023-cü il tarixdə “Satış xidmətlərinin göstərilməsi haqqında” AGR-150 saylı müqavilə bağlanmış, müqaviləyə görə, “Sifarişçi” satış xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada satış xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.

2. Müqavilədə nəzərdə tutulmuşdur ki, göstərilən satış xidmətlərinin predmeti olan malların növləri, çeşidi, kəmiyyəti, çəkisi və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə və aktlarda öz əksini tapır, müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair qaimədə qeyd edilir.

3. Müqavilənin 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan qaimədə qeyd edilir. Müqavilə üzrə hesablaşmalar nağdsızqaydada bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaqdır.

4. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. Müqavilədə nəzərdə tutulan satış xidməti 1 (bir) il müddətində həyata keçirilməsi şərtləşdirilmişdir.

5. İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş 20 noyabr 2023-cü il tarixli üzləşmə aktına əsasən, xx.xx.2023-xx.xx.2023-cü il tarixinədək müxtəlif adda və ölçüdə olan 34 178,99 manat dəyərində mallar Cavabdeh tərəfindən təhvil alınmışdır.

6. İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş 20 noyabr 2023-cü il tarixli üzləşmə aktına əsasən xx.xx.2023-cü il tarixinə qarşılıqlı hesablaşmalar aparılmış, Cavabdeh 14 527,88 manat dəyərində malların anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını təsdiq etmişdir.

7. “Anbar qalıqlarının sayımının nəticələri haqqında” xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, Cavabdeh müxtəlif adda və ölçüdə olan 14 527,88 manat dəyərində malların anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını təqdiq etmişdir.

8. 24 aprel 2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh mal qalığı ilə əlaqədar qalıq borcu 14 527,88 manat olmuşdur.

9. xx.xx.2023-xx.xx.2024-cü il tarixləri aralığında satış cədvəlinə görə, müxtəlif adda və sayda olan 194,22 manat dəyərində mallar Cavabdeh tərəfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 14 333,66 manatın və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2023-cü il tarixdə satış xidmətlərinin göstərilməsi haqqında AGR-150 saylı müqavilə bağlamış, müqaviləyə əsasən cavabdeh ondan satış üçün nəzərdə tutulan malları təhvil alaraq, onların satışını həyata keçirməyi öhdəsinə götürmüş, müqaviləyə uyğun olaraq cavabdehə müxtəlif dövrlərdə, müxtəlif adda və çeşiddə gübrələr - mallar təhvil verilmişdir. Cavabdeh təhvil aldığı malların dəyərini tam olaraq vaxtında İddiaçı MMC-nə ödənilməsi üçün məsuliyyət daşısa da, təhvil aldığı malların dəyərindən 14 527,88 manatı ödəməmişdir. Həmin pulun ödənilməsi ilə bağlı ona dəfələrlə həm şifahi, həm də rəsmi müraciət edilməsinə baxmayaraq, pulun ödənilməsi təmin edilməmişdir.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin385.1, 389, 425.1, 427.2 və 442-ci maddələrinə istinad olunmuşdur.

13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

14. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: İddiaçı MMC ilə onun arasında bağlanılmış müqavilə əsasında müxtəlif növ gübrələrin fermer kartı vasitəsi satışı həyata keçirilmişdir. Gübrələrin fermer kartı ilə satışı həyata keçirilərkən vəsaitin köçürülməsi “Kapital Bank”ın xidməti olan terminal vasitəsilə həyata keçirilir və bu proses və köçürmələr elektron qaydada həm “Kapital Bank”da, həm də İddiaçı MMC-nin hesabında qeydiyyata alınır. İddiaçı MMC-nin iddia tələbində isə onun ümumiyyətə təhvil verilmiş xidmətlərin satışından vəsaitin daxil olması görünmür. Halbuki ərizədə iddia olunan pul məbləğinin göstərildiyi tarixdən sonrakı dövrdə onun tərəfindən ödənişlər edilmişdir. Lakin xidmətlərlə bağlı ödənişləri əks etdirən sübutlar müstəqil şəkildə əldə etməyi mümkün olmadığından həmin məlumatlar “Kapital Bank” və İddiaçı MMC-də mövcuddur. Belə ki, xx.xx.2023-cü il tarixdən iddianın qaldırıldığı tarixədək onun tərəfindən aparılmış xidmət ödənişləri barədə məlumatların İddiaçı MMC-dən alınmasına zərurət vardır. Tərəfindən aparılmış qeyd olunan tarixlərdəki xidmət ödənişlər barədə məhkəmədə məlumat olduğu zaman onun faktiki borcunun hansı həcmdə olması müəyyən ediləcəkdir”.

15. Birinci instansiya məhkəməsinin 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

16. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında konsiqnasiya anbarı haqqında müqavilə və alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (üzləşmə aktı və s.) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normaları, müqavilənin şərtləri, cavabdehin müqavilə öhdəliklərinitam icra etmədiyi, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələbetmək hüququna malik olması, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyi, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 14 333,66 manat manat pulu ödəmədiyi nəzərə alınaraq, 14 333,66 manat manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia təmin olunduğundan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 134 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 445.1-ci, 837.1-ci, 837.2-ci, 840.2-ci, 567-ci, 598.1-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad etmişdir.

18. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, işin faktiki hallarını araşdırmadığını, tərəflərin qarşılıqlı münasibətləri üzrə yanlış nəticəyə gəldiyini, iddiaçının pretenziya qaydasına əməl etmədiyini nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

20. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh ərizə ünvanlayaraq başqa prosesdə iştirak etməsi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçının nümayəndəsi də məhkəməyə gəlməmişdir.

21. İşin halları, şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

25. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

29. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

30. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

31. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

32. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

33. Maddə 837.1. Konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir.

34. Maddə 837.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alğı-satqı haqqında müddəalar tətbiq edilir.

35. Maddə 840.1. Konsiqnasiya anbarı haqqında müqavilənin qüvvədə olduğu müddətdə tacirin öz adi ticarət fəaliyyəti çərçivəsində müştərilərinə mal göndərmək üçün konsiqnasiya anbarından mal götürmək hüququ vardır.

36. Maddə 840.2. Konsiqnasiya anbarından mal götürüldükdə tapşıran ilə tacir arasında münasibətlər həmin malın alğı-satqısı haqqında müqavilə ilə tənzimlənir. Alış qiyməti və alğı-satqının digər şərtləri iştirakçılar arasında razılaşmalara əsasən, qalan məsələlər isə bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

46. İddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmaması səbəbindən qətnamənin ləğv edilməli olduğu barədə apellyatorun dəlilini də kollegiya əsassız hesab edir; belə ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda (Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qayda) prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşıyır və əgər bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, həmin əsasla iddia ərizəsi baxılmamış saxlanıla bilər.

47. Tərəflər arasında yaranan mübahisə üzrə artıq uzun müddətdir məhkəmə prosesinin davam etdiyini nəzərə alan kollegiyanın qənaətinə görə, sözügedən qaydaya əməl olunmamasına görə, qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi, həddindən artıq formal yanaşma olardı.

48. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3256/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar