Məhkəmə qərarları › İş №2-2(103)-1217/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1217/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1217/2025 24.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, hakimlər və ibarət tərkibdə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5115/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından ilk iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 511.418 (beş yüz on bir min dörd yüz on səkkiz dollar) ABŞ dolları məbləğində pulun və 1160 manat dövlət rüsumu üçün ödənilmiş pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, batırılmış "Coastal Assistant” gəmisinin çıxarılması ilə əlaqədar gəminin sudan çıxarılması üçün 82000 USD (manata münasibətdə 140,000 manat) pul vəsaitinin ilk iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5115/2025 saylı, 14 iyul 2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.

4. İlk iddiaçı daha sonra ilk iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən 547.418 (beş yüz qırx yeddi min dörd yüz on səkkiz) ABŞ dolları məbləğində borc məbləğinin, keyfiyyətli hüquqi yardımın alınması ilə bağlı vəkilə ödənilən 3.700 (üç min yeddi yüz) manat məbləğində pulun və 1225 (bir min iki yüz iyirmi beş) manat dövlət rüsümu üçün ödənilmiş pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddiaçı daha sonra qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, ümumilikdə 1,158,038 dooar(1 milyon yüz yüz yetmiş səkkiz min otuz səkkiz USD)- 1968664,60 manat maddi zərər, 100,000 (yüz min USD)- 170,000 manat Coastal Assistant gəmisi üçün əldən çıxmış fayda və 800,000 AZN (AMEC-24) barj icarəsi ən aşağı hesablama ilə əldən çıxmış faydanın, ümumilikdə 2.938.664 manat pul vəsaitinin, həmçinin ödənilmiş dövlət rüsumlarının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlk İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi xx.xx.2025-ci il tarixdə Elektron məhkəmə informasiya sistemi vasitəsilə vəsatət ünvanlayaraq hazırkı müqavilənin İ hissənin və İİ-ci hissəsinin 34-cü bəndinin tələblərini rəhbər tutaraq icraata xitam verilməsini və hazırki kommersiya işinin baxılması üçün Bakı Arbitraj Mərkəzinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

7. İlk iddia üzrə Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə Elektron məhkəmə informasiya sistemi vasitəsilə vəsatət ünvanlayaraq ilk İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialını tərəfindən verilmiş iddia tələbi üzrə icraata xitam verilməsini, tərəflərindən verilmiş iddia tələbinin baxılmasına davam edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2-2(113)- 5115/2025 saylı qərardadı ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmışdır.

9. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisə onların arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CM/AMEC/23/001 nömrəli və xx.xx.2023-cü il tarixli, CM/AMEC/23/002 nömrəli müddətli fraxtetmə müqavilələrindən irəli gəlir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CM/AMEC/23/001 nömrəli və xx.xx.2023-cü il tarixli, CM/AMEC/23/002 nömrəli müqavilələrdə həmin müqavilələrdən irəli gələn mübahisələrin arbitrajda baxılması razılaşdırılmış, hər iki iddia üzrə cavabdehlər tərəfindən işə məhkəmədə baxılması ilə bağlı etiraz daxil olmuşdur.

10. Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2-2(113)- 5115/2025 saylı qərardadından ilk iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən şikayət verilmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Dəniz təchizat gəmilərinə dair müddətli çarter müqaviləsinin 2-ci hissəsinin 34-cü maddəsinə əsasən bu çarter müqaviləsi İngiltərə qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh edilir və bu çarter müqaviləsindən irəli gələn və ya onunla əlaqədar yaranan hər hansı mübahisə, bu maddənin müddəalarının qüvvəyə minməsi üçün zəruri olan hədlər istisna olmaqla, 1996-cı il Arbitraj Aktına və ya hər hansı qanunvericilik dəyişikliyinə və ya onun yenidən qüvvəyə minməsinə uyğun olaraq Londondakı arbitraj məhkəməsinə göndərilir. Arbitraj, arbitrajın başlandığı andan etibarən qüvvədə olan X4 Assosiasiyasının (LMAA) şərtlərinə uyğun olaraq keçirilməlidir. Tərəflər arasında olan razılaşmadan göründüyü kimi bu müqavilə İngiltərə qanunvericiliyinə uyğun tənzimlənir və mübahisənin baxılması yeri London nəzərdə tutulmuşdur. Bu səbəbdən Caspian Marine Services B.V şirkətinin Azərbaycan Respublikasındakı filialının iddiası üzrə məhkəmənin gəldiyi nəticə ədalətli olmuş, lakin Cavabdeh MMC-nin qarşılıqlı iddia ərizəsinə münasibətdə baxılmamış saxlanma hissəsində ədalətsiz olmuşdur. Onların tələbi qarşılıqlı iddia üzrə cavabdehin işçisinin təqsirli hərəkətləri nəticəsində yaranmışdır. Müqavilənin 34-cü bəndi isə məhz müqavilə ilə bağlı yaranmış öhdəliklər nəticəsində mübahisənin olduğu təqdirdə işin Londonda baxılmasını nəzərdə tutur. İşəgötürənin işçisinin təqsirli hərəkətləri nəticəsində müəssisəmizə zərər vurulduğuna görə Mülki Məcəllənin 1099-cu maddəsinin tələblərinə əsaslanaraq cavabdeh müəssisədən müəssisəmizə vurulmuş zərəri tələb edirik.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5115/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 29. Mübahisənin arbitraj məhkəməsinə verilməsi Məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda arbitraj məhkəməsinin həllinə verilə bilər. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ... 259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; ... Maddə 443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda

14. “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il 10 iyun tarixli Nyu-York Konvensiyası (Konvensiya)

Maddə İİ

1. Hər bir Razılaşan Dövlət, tərəflərin arbitraj vasitəsilə həll edilə biləcək məsələ ilə əlaqədar müqavilə əsasında olan və ya olmayan müəyyən hüquqi münasibətlə bağlı tərəflər arasında yaranmış və ya yarana biləcək, bütün və ya hər hansı mübahisələri arbitraja təqdim etməyi öhdəsinə götürdüyü yazılı razılaşmasını tanıyır.

2. “Yazılı razılaşma” anlayışı tərəflər tərəfindən imzalanmış yaxud teleqramlar və ya məktubların mübadiləsində əksini tapan, müqavilədəki arbitraj qeyd-şərtini və ya arbitraj sazişini ehtiva edir.

3. Razılaşan Dövlətin məhkəməsi, tərəflərin bu maddənin mənasına uyğun olaraq razılaşma bağladıqları məsələyə dair iddiaya baxdıqda, tərəflərdən birinin tələbi ilə, sözügedən razılaşmanı etibarsız, qüvvədən düşmüş və ya icrasını qeyri-mümkün hesab etməzsə tərəfləri arbitraja yönləndirir.

15. “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu (Qanun) Maddə 4. Bu Qanunun tətbiq dairəsi 4.1. Bu Qanun arbitrajın yeri Azərbaycan Respublikasında olan beynəlxalq və daxili arbitraja tətbiq edilir. 4.2. Bu Qanunun 10-cu, 13-cü, 17-ci, 18-ci, 32-ci, 33-cü, 34-cü, 46-cı, 48.5-ci, 55ci və 56-cı maddələri arbitrajın yeri xarici ölkədə olduğu və ya arbitrajın yeri müəyyən olunmadığı hallarda da tətbiq edilir. 4.3. Aşağıdakı hallardan hər hansı biri mövcud olduqda arbitraj beynəlxalq sayılır: 4.3.1. arbitraj razılaşması (sazişi) (bundan sonra – arbitraj sazişi) tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer, həmin razılaşmanın bağlandığı vaxtda, ayrıayrı dövlətlərdə yerləşdikdə; 4.3.2. aşağıdakı yerlərdən biri tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövlətin hüdudlarından kənarda yerləşdikdə: 4.3.2.1. arbitraj sazişində və ya ona əsasən müəyyən edilmiş arbitrajın yeri; 4.3.2.2. kommersiya münasibətlərindən irəli gələn öhdəliklərin əsas hissəsinin icra edilməli olduğu yer və ya mübahisə predmetinin ən sıx əlaqəli olduğu yer; 4.3.3. arbitraj sazişinin predmetinin birdən çox dövlət ilə əlaqəli olması barədə tərəflər qəti razılığa gəldikdə. ... Maddə 13. Arbitrajda həll edilə bilən mübahisələr 13.1. Bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, kommersiya mübahisələri, habelə tərəflərin mübahisənin predmeti barədə sərəncam hüququna malik olduğu və üçüncü şəxslərin hüquqlarına, qanuni mənafelərinə toxunmayan bütün mübahisələr arbitrajda həll edilə bilər. Maddə 16. Arbitraj sazişinin forması və təfsiri 16.1. Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və ya ayrıca müqavilə formasında ola bilər. ... 16.8. Arbitraj sazişinin təfsiri zamanı hər hansı qeyri-müəyyənlik arbitraj sazişinin etibarlılığı və mövcudluğunun xeyrinə təfsir edilməlidir. Maddə 17. Arbitraj sazişi və mübahisənin mahiyyəti üzrə məhkəməyə müraciət edilməsi 17.1. Arbitraj sazişinin predmeti olan məsələ ilə bağlı qarşısında iddia qaldırılmış məhkəmə, işə mahiyyəti üzrə baxılmasından əvvəl tərəflərdən hər hansı birindən mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz daxil olduqda, arbitraj sazişi aşkar şəkildə etibarsız deyildirsə, aşkar şəkildə qüvvəsini itirməmişdirsə və ya onun icrasını qeyri-mümkün edən hallar yoxdursa, işi baxılmamış saxlayıb tərəfləri arbitraja yönləndirməlidir. Belə etiraz işə mahiyyəti üzrə baxılmasından əvvəl daxil olmadıqda məhkəmə işə mahiyyəti üzrə baxmalıdır.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM)

Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Maddə 436. Öhdəliyin icrasının keyfiyyəti Əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti

448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı

1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). ...

17. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi Maddə 152. Gəmini müəyyən müddətə fraxtetmə müqaviləsinin (taymçarterin) anlayışı Gəmini müəyyən müddətə fraxtetmə müqaviləsinə (taym-çarter) görə gəmi sahibi şərtləşdirilmiş haqq (fraxt) müqabilində fraxtedənə ticarət gəmiçiliyinin məqsədləri üçün gəmini və gəmi heyəti üzvlərinin xidmətlərini müəyyən müddətə istifadəyə verməyi öhdəsinə götürür. Taym-çarter yazılı formada bağlanmalıdır.

Maddə 156. Gəminin dəniz üzgüçülüyünə yararlı vəziyyətə gətirilməsi 156.1. Gəmi sahibi fraxtedənə gəmini verənə kimi onu dəniz üzgüçülüyü üçün yararlı vəziyyətə gətirməlidir, yəni fraxtedilmənin taym-çarterdə nəzərdə tutulmuş məqsədləri üçün gəmini (onun gövdəsini, mühərrikini və avadanlığını) yararlı vəziyyətə gətirilməsini təmin etməyə, gəmi heyəti ilə komplektləşdirməyə və lazımi qaydada təchiz etməyə borcludur. 156.2. Gəmi sahibi gəmiyə lazımi qayğı göstərilərkən gəminin dəniz üzgüçülüyünə yararsız vəziyyətinin aşkar edilə bilməyən qüsurlardan irəli gəldiyini sübuta yetirə bilsə (zahirən görünməyən qüsurlar), məsuliyyət daşımır.

Maddə 159. Gəmi heyəti üzvlərinin tabeliyi 159.1. Gəmi kapitanı və gəmi heyətinin digər üzvləri gəminin idarə edilməsinə, gəminin daxili qaydalarına və gəmi heyəti üzvlərinə dair gəmi sahibinin verdiyi sərəncamlara tabedirlər. 159.2. Fraxtedənin gəminin kommersiya istismarına aid olan sərəncamları gəmi kapitanı və digər gəmi heyəti üzvləri üçün məcburidir. ...

18. Tərəflər arasında “CMS Pahlavan” lövbər əməliyyatlı yedək gəmisi və “CMS İgid” lövbər əməliyyatlı yedək gəmisi barəsində həmin gəmilərin icrəyə götürülməsinə dair müvafiq olaraq xx.xx.2023-cü il tarixli, CMS/AMEC/23/001 nömrəli və xx.xx.2023-cü il tarixli, CMS/AMEC/23/002 nömrəli müddətli fraxtetmə müqavilələri bağlanmışdır.

19. Müqavilələrin “Mübahisələrin həlli” adlanan 34-cü bəndində 34-cü maddənin (a), (b) və (c) bəndlərindən birinin və arbitrajın keçiriləcəyi yerin seçilməli olduğu göstərilmiş tərəflər 34-cü maddənin (a) bəndini seçmişlər və arbitrajın keçiriləcəyi yer olaraq Bakı, Azərbaycan müəyyən etmişlər. Müqavilənin İİ hissəsinin 34-cü maddəsinin “a” bəndində göstərilir ki, “bu fraxetmə müqaviləsindən irəli gələn və ya onunla əlaqədar yaranan hər hansı mübahisə, bu maddənin müddəalarının qüvvəyə minməsi üçün zəruri olan hədlər istisna olmaqla, 1996-cı il Arbitraj Aktına və ya hər hansı qanunvericilik dəyişikliyinə və ya onun Londondakı arbitraj məhkəməsinə göndərilir.”

20. Fraxetmə müqaviləsinin anlayışından da göründüyü kimi, gəmini müəyyən müddətə fraxtetmə müqaviləsinə görə gəmi sahibi şərtləşdirilmiş haqq müqabilində fraxtedənə ticarət gəmiçiliyinin məqsədləri üçün gəmini və gəmi heyəti üzvlərinin xidmətlərini müəyyən müddətə istifadəyə verməyi öhdəsinə götürür.

21. Cavabdeh MMC apellyasiya şikayətində cavabdehin işçisinin təqsirli hərəkətləri nəticəsində onlara zərər vurulduğunu qeyd etmişdir. Məhkəmə şikayətin qarşılıqlı iddia üzrə tələbin mülki hüquq pozuntusu (delikt) nəticəsində yaranan zərərdən irəli gəlməsi dəlili ilə razılaşmır. Qeyd edildiyi kimi tərəflər arasında bağlanan fraxtetmə müqaviləsi məhz gəmilərin yedəklənməsi üçün bağlanmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı isə yedəkləməni həyata keçirən gəminin işçi heyətinin təqsiri üzündən yedəklənən gəmilərin batırıldığını və bunun nəticəsində onlara zərər dəydiyini bildirmişdir.

22. Göründüyü kimi, qarşılıqlı iddianın faktiki əsasını müqavilə üzrə öhdəliyin qüsurlu icrası nəticəsində vurulan zərər təşkil edir. Belə olan halda həmin tələbin hüquqi əsası mülki hüquq pozuntusu (delik) ilə bağlı münasibətləri tənzimləyən norma ola bilməz. Məsələyə mülki hüquq pozuntusu kimi o halda baxmaq olardı ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəliyin pozulmasından yox, müqavilə münasibətləri ilə əhatə olunmayan digər zərərin vurulması ilə bağlı mübahisə olardı.

23. Cavabdeh MMC qarşı tərəfin işçisinin təqsirli hərəkətləri nəticəsində ona zərər dəydiyini hesab edirsə, Mülki Məcəllənin 448-ci maddəsinə uyğun olaraq həmin zərəri ödəmək öhdəliyi müqavilədən yaranmış öhdəlik hesab edilməlidir.

24. Müqavilədən göründüyü kimi, sadəcə müqavilədən irəli gələn mübahisələr deyil, həmçinin onunla əlaqədar yaranan hər hansı mübahisəyə arbitraj məhkəməsində baxılmalıdır.

25. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir.

26. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İlk iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5115/2025 saylı, 08 oktyabr 2025-ci il tarixli saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar