Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1246/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi ( açar sözlər: icbari sığorta müqaviləsi, subroqasiya, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qocayevin sədrliyi ilə, hakimlər X2 və ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6743/2025 nömrəli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. RAZZ310398563 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" ASC-də “daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAZ********** nömrəli sığorta şəhadətnaməsi əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 73713 manat məbləğində sığorta təminatı verilmişdir. Sığortalı qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir.
2. 9 avqust 2023-cü il tarixdə saat 4 radələrində ünvan 1 ünvanda yerləşən “Bizim market” adlı mağazada yanğın hadisəsi baş vermiş, nəticədə əmlaka zərər dəymişdir.
3. 30.01.2024-cü il tarixli, CFİ-0125/2023-AKT1814/23 nömrəli sığorta aktına əsasən sığorta hadisəsi üzrə müəyyən olunmuş zərərin məbləği 5000 manat təşkil edir.
4. Paşa Bank ASC tərəfindən icra olunmuş ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən sığortalıya 4398,12 manat ödəniş olunmuşdur.
5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı C.Məmmədzadənin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.398,12 (dörd min üç yüz doxsan səkkiz manat on iki qəpik) manat pul və 63,99 (altmış üç manat doxsan doqquz qəpik) dövlət rüsumu, ümumilikdə 4.462,11 (dörd min dörd yüz altmış iki manat on bir qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısının xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Cavabdeh üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.2-ci və 6.5-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etmədiyi, bu səbəbdən 9 avqust 2023-cü il tarixdə, saat 04 radələrində ünvan 2 ünvanında yerləşən, X1 məxsus, "xxxx" MMC-yə icarəyə verilmiş “Bizim Market” mağazasında dondurma soyuducusunun mühərrik hissəsində qısaqapanmanın yaranmasından yanğın hadisəsinin baş verdiyi göstərilmişdir.
8. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tələbin əsası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq idarəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında yalnız ad və soyadımın qeyd olunması olmuşdur. O, “BM Market" MMC-nin ştat cədvəli üzrə əməkdaşı olaraq çalışmamış, yalnız notariat qaydada verilmiş etibarnamə əsasında nümayəndə kimi bir neçə icarə müqaviləsi bağlamışdır. Bu növ əqdlərin bağlanması hüquqi olaraq yalnız təmsilçilik xarakteri daşıyır və özlüyündə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi ilə bağlı hər hansı vəzifə və məsuliyyət yaratmır. Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydalarının 1.5-ci maddəsinə əsasən, ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir. Elektron məhkəmə portalında iddiaçı tərəfindən əlavə olunmuş sənədlərin arasında belə bir sənədin olmaması iddia tələbinin bir daha əsassız olduğunu göstərir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6743/2025 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddiası təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMCnin işçisi deyildir, habelə işçisi olmamışdır, həmin MMC tərəfindən cavabdehə xx.xx.2022ci il tarixdə etibarnamə verilmiş, həmin etibarnamə ilə MMC adından müqavilələr bağlanması, onu müxtəlif dövlət və qeyri-dövlət orqanlarında təmsil edilməsi səlahiyyətləri cavabdehə verilmiş, həmin etibarnamə əsasında cavabdeh materiallarda olan xx.xx.2022ci il tarixli icarə müqaviləsini, habelə onun xx.xx.2022-ci il tarixli əlavəsini imzalamışdır. İddiaçı tərəfindən məhkəməyə cavabdehin üzərinə icarə sahəsinin mülkiyyətçisi, habelə icarəçi tərəfindən icarə sahəsində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsinin qoyulması barədə hər hansı sübut təqdim edilməmişdir. Materiallarda olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqından qərardan görünür ki, cavabdehin izahatı ümumiyyətlə alınmamış, qərarın özündə də icarə sahəsində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinin icarə müqaviləsinin 2.1.3-cü bəndinə əsasən icarəçinin, yəni "xxxx" MMC-nin vəzifəsi kimi müəyyən edildiyi göstərilmişdir
11. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6743/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.2-ci və 6.5-ci bəndlərinin tələblərini pozmuşdur. Beləliklə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı ilə yanğın təhlükəsizliyinə cavabdehliyin Cavabdeh məxsus olması işin mübahisəsiz halıdır. Mülki hüquq zərərvuranın (hüququ pozan şəxsin) təqsir prezumpsiyasını müəyyən edir. Zərərçəkən tərəf sübut etməlidir ki, başqa subyektin davranışı nəticəsində onu hüqu və qanunla qorunan mənafeyi pozulmuşdur. Zərərin vurulmasında təqsirinin olmamasını zərər vuran şəxs sübuta yetirməlidir. Eyni zamanda mülki qanunvericilikdə təqsirsiz məsuliyyət prinsipi də müəyyən edilmişdir. Məhkəmə qeyd edilən hallara düzgün hüquqi qiymət verməimişdir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan aşağıdakı hallar aydınlaşdırılmamışdır: 1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına əsasən Cavabdeh yuxarıda qeyd edilən yanğın təhlükəsizliyi qaydalarını pozub-pozmaması; 2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin baş vermiş yanğın hadisəsi ilə bağlı xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında cavabdehin təqsirinin müəyyən edilib-edilməməsi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Cavabdeh apelyasiya şikayətinə yazılı etiraz verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydalarının 1.5-ci maddəsinə əsasən ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir. O "xxxx" MMC-də ştat cədvəli üzrə əməkdaş olaraq çalışmamış, yalnız notrarial qaydada ona verilmiş etibarnamə əsasında nümayəndə kimi bir neçə icarə müqaviləsi bağlamışdır. Bu növ əqdlərin imzalanmasına dair hüququn verilməsi yalnız təmsilçilik xarakteri daşıyır və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi ilə bağlı hər hansı vəzifə və məsuliyyət ehtiva etmir. Onun cəmiyyətə təhlükəsizlik qaydaları ilə bağlı cavabdeh şəxs olaraq təyin olunma əmri mövcud deyil və ola bilməz. Onun nümayəndə olaraq fəaliyyəti yüksək risk mənbəyi kimi müəyyən edilməyib, bu səbəbdən “təqsirsiz məsuliyyət” prinsipi bu işə şamil edilə bilməz.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəfərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. ... Maddə 778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. ... Maddə 779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. ... Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. ... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu:
Maddə 8. İcbari sığorta müqaviləsi 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. ... Maddə 9. İcbari sığorta şəhadətnaməsi 9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir. ... Maddə 23. Sığortaçının hüquq və vəzifələri 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: ... 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək; ... Maddə 35. Daşınmaz əmlakın icbari sığortasının məqsədi və təyinatı 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. ... Maddə 36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: ... 36.1.1. yanğın, ildırım düşməsi; ...
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. …
Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar … 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Mübahisə iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə görə iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi həcmində cavabdehdən subroqasiya qaydasında pulun tələb edilməsi ilə bağlıdır.
23. Subroqasiya qaydasında tələb hüququ o halda yarana bilər ki, zərərçəkmiş şəxs zərərvuran şəxsə və ya onun əməllərinə görə məsuliyyət daşıyan digər şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququna malik olsun.
24. İddiaçı tələbinin əsaslandırılması üçün Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısının qərarına istinad edərək bildirir ki, Cavabdeh üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuşdur və o, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.2-ci və 6.5-ci bəndlərinin tələblərini pozmuşdur.
25. Mülki Prosessual Məcəllənin 82.4-cü və 88-ci maddələrinə uyğun olaraq, göstərilən qərar hazırkı iş üzrə preyudisial xarakter daşımır. Bu qərar yanğın hadisəsinin baş verməsi, yeri və vaxtı kimi məsələlərin müəyyən edilməsində əlavə sübut kimi qiymətləndirilə bilər.
26. Subroqasiya tələbi müstəqil tələb deyil, zərərçəkən şəxsin zərər vurana qarşı tələb hüququnun sığortaçıya keçməsidir. İddiaçı təkcə sığorta hadisəsinin baş verməsini və ödəniş etməsini sübut etməklə kifayətlənməməli, həm də sığortalı "xxxx" MMC-nin cavabdehdən zərərin ödənilməsini tələb etmək üçün əsasının olduğunu sübuta yetirməlidir.
27. Cavabdeh tərəfindən "xxxx" MMC-yə zərər onun əmək funksiyalarını düzgün icra etməməsi, müqavilə öhdəliklərini pozması və ya mülki hüquq pozuntusu nəticəsində vurula bilərdi.
28. İş materiallarında cavabdehin "xxxx" MMC-nin işçisi olmasına və onun üzərinə müəssisədə yanğın təhlükəsizliyi qaydalarının təmin edilməsi vəzifəsinin qoyulmasına dair hər hansı sübut mövcud deyil. Bu səbəbdən əmək müqaviləsi üzrə vəzifələrin pozulması ehtimalının araşdırılması üçün hüquqi əsas yoxdur.
29. "xxxx" MMC adından X3 tərəfindən Cavabdeh 16 avqust 2022-ci il tarixdə etibarnamə verilmişdir. Həmin etibarnamə ilə cavabdehə "xxxx" MMC-ni bütün dövlət orqanlarında və qurumlarında təmsil etmək, VÖEN alınması və istifadəsi, icarə müqavilələrini bağlamaq və s. səlahiyyətlər etibar edilmişdir.
30. Göstərilən etibarnamədən "xxxx" MMC ilə cavabdeh arasında tapşırıq müqaviləsinin mövcud olduğu qənaətinə gəlinir. Yazılı müqavilə olmadığından, bu müqavilənin şifahi qaydada bağlandığı ehtimal edilir ki, bu da qanunvericiliyə zidd deyildir. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən, tapşırığı qəsdən və ya ehtiyatsızlıq nəticəsində vicdanla icra etməyən icraçı vurduğu zərərə görə məsuliyyət daşıyır.
31. Tapşırığın qüsurlu icrası ilə baş vermiş sığorta hadisəsi (yanğın) arasında əlaqənin müəyyən edilməsi üçün ilk növbədə tapşırığın məzmunu müəyyən edilməlidir. Tapşırığın məzmununu etibarnaməyə əsasən müəyyən etmək mümkündür. Etibarnamədə nəzərdə tutulan səlahiyyətlər arasında yanğın təhlükəsizliyinə təsir edəcək hər hansı hərəkətlərin edilməsi yoxdur. İddiaçı tərəfindən də cavabdehin tapşırığın icrası zamanı hansısa pozuntuya yol verməsi ilə bağlı dəlil irəli sürülməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası tapşırığın vicdanla icra edilməməsi halının araşdırılması üçün əsas görmür.
32. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusu (delikt) ilə bağlı normalarına istinad etmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu hüquqa zidd və təqsirli hərəkət və ya hərəkətsizlikdən ibarət olmalıdır. İddiaçı cavabdehin hərəkətsizlik edərək yanğın təhlükəsizliyi qaydalarına əməl etmədiyini bildirir. Yanğın təhlükəsizliyi qaydaları ümumi vəzifə kimi hər bir şəxs, hətta mağazaya alıcı kimi daxil olmuş şəxslər üçün də məcburidir. Lakin iddiaçının bildirdiyi mənada, yəni “Azərbaycan Respublikasında Yanğın təhlükəsizliyi Qaydaları”nın 6.2-ci və 6.5-ci bəndlərində göstərilmiş xüsusi vəzifələri icra etməmək şəklində hərəkətsizlik mülki hüquq pozuntusuna yox, əmək münasibətləri çərçivəsində işçinin işəgötürən qarşısında məsuliyyətinə səbəb ola bilər. Bunun üçün isə cavabdeh sığortalının işçisi olmalı və eyni zamanda müvafiq olaraq yanğın təhlükəsizliyi üçün məsul şəxs olmalı idi. Bu hal isə iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
33. Cavabdehin digər formada mülki hüquq pozuntusu hesab edilə biləcək hərəkət və ya hərəkətsizlik etməsi iddiaçı tərəfindən irəli sürülməmişdir. Belə bir əməlin olması irəli sürülsə və təsdiqini tapsa idi, həmin əməllə baş vermiş yanğın arasında səbəbli əlaqənin, cavabdehin təqsirinin və s. müəyyən edilməsi üçün deliktlə bağlı normalar çərçivəsində qiymətləndirmə aparmaq mümkün idi. Lakin, qeyd edilən əməlin mövcudluğu ilə bağlı hər hansı dəlil olmadığından mübahisəyə mülki hüquq pozuntusuna dair normaların tətbiqi mümkün deyil.
34. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq, iddiaçının üzərinə iddia tələbinin əsası kimi istinad etdiyi halların mövcudluğunu sübut etmək vəzifəsi düşür. İddiaçı isə cavabdehin əmək, tapşırıq və s. müqavilə üzrə öhdəliyini pozmasını, yaxud hüquqa zidd və təqsirli əməlini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.
35. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə cavabdehin məsuliyyət daşımalı olması iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
36. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6743/2025 nömrəli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6743/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.