Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1364/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3536/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh "İnşaatçı-3” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdeh "İnşaatçı-3” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 saylı binanın istilik kommunikasiya xətlərinin "xxxx" MMC tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.09.2021-ci il tarixli e-2-2(113)-3536/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "İnşaatçı-3” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışa əsasən müəyyən olunur ki, “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. Göründüyü kimi iddiaçı “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya hüquqi şəxsidir və onun fəaliyyəti yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək və bundan irəli gələn digər məsələləri həll etməkdən ibarətdir. Mülki Məcəllənin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Həmin Məcəllənin 43.6-cı maddəsində isə təsbit olunmuşdur ki, qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyrikommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi qeyrikommersiya hüquqi şəxsləri də sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər, lakin bu o halda mümkün olur ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Lakin hazırki işdə iddiaçı “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti kommersiya fəaliyyəti ilə məşğul olmur və hazırki mübahisənin predmeti də onun kommersiya fəaliyyətindən irəli gəlmir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə görə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 22-ci bəndinə görə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Həmin Qərarın 25-ci bəndinə görə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Bu baxımdan kollegiya hesab edir ki, mübahisənin tərəfləri hüquqi şəxslər olsa da, hüquq münasibətlərinin xarakteri iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyinə görə hazırki işə ümumi məhkəmədə baxılmalıdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və yalnız işdə iştirak edən şəxslərin subyektiv tərkibini əsas götürərək işə mahiyyəti üzrə baxmış və bununla da, məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2 və 387.2.9-cu maddələrində isə təsbit olunmuşdur ki, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Eyni zamanda, həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın predmeti zərərin naturada ödənilməsindən ibarət olduğuna görə mülki işin materialları mahiyyəti üzrə baxılması üçün Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin hüquqi ünvanı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 387.2.9, 384.0.4, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "İnşaatçı-3” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3536/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09.09.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh "xxxx" MMC-yə qarşı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 saylı binanın istilik kommunikasiya xətlərinin cavabdeh tərəfindən bərpa edilməsi tələbinə dair mülki işə mahiyyəti üzrə baxılması üçün iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1364/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1364/2021
14.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver