Məhkəmə qərarları › İş №2-2(103)-157/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-157/2020

27.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-157/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və X2 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinin cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə («ASC») qarşı «siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair» kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1018/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 57.565,77 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 70.367 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına cavabdeh vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş, dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borcun 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə müvafiq olaraq vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli qərar qəbul olunmuş və həmin əsasında müəssisənien xx.xx.2019-cu il tarixə yaranan 57.556,77 manat borcuna görə 70.367 manat məbləğində əmlakı siyahıya alınmış və xx.xx.2019-cu il tarixli **********8 saylı protokol tərtib olunmuş siyahı həmin prtokola əlavə edilmiş və ona əmlakın siyahıya alınmasından sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1018/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh «xxxx» ASC-nin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə olan 34.468,77 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 70.367 manat dəyərində olan əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması və əldə edilmiş məbləğdən 34.468 manat məbləğində vergi borcunun və 5 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin “«xxxx» ASC-yə qaytarılması, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək tamamilə ləğv edilməsini və iş üzrə müəssisənin bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlakının siyahıya alınaraq ixtisaslaşhdırılmış açıq hərracda satılması yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Cavabdehin sahibkarlıq fəaliyətini məhdudlaşdırır. Belə ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsinin kifayət qədər aydın olan, əmlakın siyahıya alınması ilə əlaqədar ardıcılıqla həyata keçirilməsi pozularaq cavabdehə məxsus şərab zavodunda 70,367,0 manat dəyərində 1 ədəd şərab istehsalı üçün axın xətti siyahıya alınması ilə onun fəaliyyətinin qeyri-qanuni dayandırılması ilə nəticələnmişdir. Məhkəmə buna düzgün hüquqi qiymət verməmiş, müəssisənin xeyli sayda istehsalda iştirak etməyən əmlaklarının olması nəzərə alınaraq, məhz həmin əmlakların siyahıya alınaraq satışa çıxarılması barədə qərar qəbul etməli idi. Cavabdeh tərəfindən hər ay ödənişlər həyata keçirilir. Belə ki, ödəməli olduğu 57.556,77 manat vergi borcundan 23.088,77 manat hissəsini ödəmiş və onun 34.468 manat ödənilməmiş vergi borcu qalmışdır. Bu hal onun vergilərin ödənilməsindən yayınmadığını, sadəcə fəaliyyətini davam etdirərək həmin borclarını hissə-hissə ödədiyini təsdiq edir. Borcu tam ödəmək üçün isə müəssisə öz fəaliyyətini davam etdirməli və əldə olunan gəlir ilə borclarını ödəməlidir. Lakin istehsal xəttinin satışa çıxarılması ilə fəaliyyəti birdəfəlik dayanır, əlavə borcların yaranmasına və işçilərin işdən azad olunmasına səbəb olacaq. Məhkəmə tərəfindən Vergi Məcəlləsinin 89-cu maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 146, 376.2-ci və 397.2-ci maddələririnin tələblərini nəzərə alan kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.Abbasov cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, iddiaçının borcu ödəmək üçün bank hesablarında pul vəsaitinin, mülkiyyətində istehsalda iştirak eməyən digər əmlakının aşkar edilmədiyini, sözügedən istehsal xəttinin qanuni təmsilçisinin iştirakı ilə siyahıya alındığını və başqa əmlakın təklif olunmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Vergi Məcəlləsinin: 23.1.15-1-ci maddəsinə əsasən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır; 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; Həmin Məcələnin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir; Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir.Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir; Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər; Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl, vergi ödəyicisindən yerinə yetirilməmiş vergi öhdəliyinə görə yaranmış vergi borcunu tələb etmək kimi səlahiyyətlərini (hüququnu) müəyyən etmiş, bu səlahiyyətlərin realizə edilməsi mümkün olmadıqda, qanunla sadalanmış üsul və vasitələrdən istifadə etməklə, onun əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakını zəruri həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət etmək hüququnu müəyyən etmişdir. İş materiallarından (və elektron sistemə yerləşdirilmiş sənədlərdən) görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə yaranmış 57.565,77 manat məbləğində vergi borcu ilə bağlı iddiaçı tərəfindən vergi qanunvericiliyinin qeyd olunan tələbləri qaydasında ona: -22.04.201-cu il tarixdə bank hesablarına sərəncamlar qoyulmuş; -xx.xx.2019-cu il tarixdə əmlakının siyahıya alınması barədə qərar qəbul olunmuş; -xx.xx.2019-ci il tarixdə bildiriş (№**********0) göndərilmiş; -xx.xx.2019-cu il tarixdə borclarını ödmədiyinə görə müəssisənin qanuni təmsilçisinin (direktoru X1), müşahidəçi və mütəxəssisin iştirakı ilə müəssənin - Bakı şəhəri, Nərimanov rayonu, A.Hacıyev 4 ünvanında yerləşən 70.367 manat qiymətində «şərab istehsalı üçün axın xətti» siyahıya alınmış; -həmin (xx.xx.2019) tarixdə əmlakın siyahıya alınması barədə protokol tərtib olunmuş və həmin siyahı və protokol prosedur iştirakçıları, o cümlədən müəssisənin direktoru N.Məmmədov tərəfindən imzalanmış; -həmin (xx.xx.2019) tarixdə akt əsasında siyahıya alınmış əmlak, məsuliyyəti barədə xəbərdar edilməklə, müəssisənin direktoru N.Məmmədovun saxlancına verilmiş; -xx.xx.2019-cu il tarixdə müəsissəyə xəbərdarlıq (№**********131300) ünvanlanaraq əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbəardarlıq edilmişdir. Lakin cavabdehin şəxsi hesab vərəqinə və iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatına və cavabdehin apellyasiya şikayətinə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçının qeyd olunan tədbirləri nətəicəsidə borcunu ödəməmiş, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçı elektron kabinet vasitəsilə siyahıya alınmış əmlakının açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş qismən ödəsə də, bundan sonra cavabdeh xx.xx.2019-cu il tarixində 23.088,77 manat 31.068,47 manat əsas borcu və 3.422,40 manat məbləğində cərimə borcu ödənilməmiş qalmışdir. Tədqiq olunan sübutlardan və cavabdein apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh qeyd olunan vergi borcunun mövcudluğu işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Apellyasiya şikayətində cavabdeh ilk öncə mübahisələndirir ki, məhkəmə müəssisənin xeyli sayda istehsalda iştirak etməyən əmlaklarının olması nəzərə almamış, Vergi Məcəlləsinin 89.6-cı maddəsi ilə müəyyən olunan ardıcıllıq pozulmuşdur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi, qeyd olunanlara və iş materiallarına əsasən müəyyən olunur ki, vergi orqanı tərəfindən iddiaçının istehsalda iştirak etməyən əmlakının olub-olmadığını müəyyən etmək üçün bütün mümkün tədbirlər həyata keçirilmiş, bu zaman onun vergi borcunun tam ödənilməsi üçün pul vəsaiti aşar olunmamış, eyni zamanda, istehsalda iştirak etməyən sair əmlakı müəyyən olunmamışdır. Digər tərəfdən, hazırkı əmlakı («axın xətti») siyahıya alınarkən müəssisənin direktrou özü də iştirak etmiş, lakin bu zaman başqa bir əmlakının ololduğunu bildirməmiş və hal-hazırkı apellyasiya şikayətində də istehsalda iştirak etməyən hər hansı bir başqa əmlakının mövcuduluğu barədə MPM-in 77.1-ci maddəsinə müvafiq qaydada əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası onun Vergi Məcəlləsinin 89.6-cı maddəsinə istinad olunan dəlillərini əsassız sayır. Cavabdehin apellyasiya şikayətinin «axın xətti»nin siyahya alınaraq satılması müəssisənin fəaliyyətinin dayanmasına səbəb olduğunu və borcun işlədikcə hissə-hissə ödəniləcəyi ilə bağlı dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinəd və Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək hər kəsin vəzifəsi olaraq nəzərdə tutulmuşdur. Vergi ödəyicisinin bu öhdəliyin icrasından yanyınması onun qanunvericiliklə müəyyən olunan məsuliyyətini yaradır. Ona görə də cavabdehin qeyd olunan dəlilləri formal xarakterli, işin mahiyyətinə təsir göstərməyən dəlillər kimi qiymətləndirilir. MPM-in 385.2-ci maddəsinin tələbinə görə məhkəmənin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də cavabdehin apellyasiya şikayətinin - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu, vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarıldığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1018/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 400-402 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(82)- 1018/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasma (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar