Məhkəmə qərarları › İş №2-2(103)-269/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-269/2020

08.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-269/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı X8 Cavabdehnə qarşı “pul tələbinə dair” 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-42/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-42/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 81000 (səksən bir min) ABŞ dolları məbləğində demerec üzrə yaranmış borc, 988 (doqquz yüz səksən səkkiz) ABŞ dolları məbləğində qanun üzrə dəbbə pulu (qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanmaqla), limanlararası hərəkətə görə yaranmış 14402 (on dörd min dörd yüz iki) manat məbləğində əlavə yağ və yanacaq xərcləri və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat tutularaq İddiaçı X9 ödənilməsi, qalan hissədə (10000 ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə hesablanan məbləğin tutulması hissəsində) iddia rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manatın cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin rədd edilmiş hissədə yəni, 10.000 (on min) ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə hesablanan məbləğin tutulması hissəsində ləğv edilməsini, həmin hissəyə dair yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsini və müvafiq olaraq iddiaçıya aid edilmiş 5 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qərar qəbul edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əldən çıxmış fayda dedikdə, “İddiaçı" X10 ilə “xxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış XG - 0597/2017 saylı xx xxxx 2017-ci il tarixli dənizlə yük daşınması müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi (yəni kontrstaliya vaxtı üçün hesablanan demerec üzrə pul məbləğinin uzun müddət ödənilməməsi) nəticəsində “İddiaçı" X10 tərəfindən xərclənən pul məbləğləri və itirilən gəlirlər nəzərdə tutulur və bu barədə iddia ərizəsində qeyd edilmişdir. Belə ki, “İddiaçı" X10 (Müqavilə üzrə "Daşıyıcı”) kontrstaliya vaxtı üçün hesablanan demerec üzrə ödənilməmiş 81000 ABŞ dolları məbləğində vəsaitdən əldə edilə biləcək gəlirdən məhrum olmuşdur. Ödənilməyən demerec üzrə əldən çıxmış faydaya görə dəymiş ziyanın məbləği iddiaçı tərəfindən minimal olaraq 10.000 ABŞ dolları məbləğində dəyərləndirilmişdir və bu hal sırf demerec məbləği ilə bağlı olduğundan əlavə sübutun təqdim edilməsi və əlavə əsaslar gətirilməsi mümkün olmamışdır. Kontrstaliya vaxtı üçün hesablanan demerec üzrə 81000 ABŞ dolları məbləğin ödənilməsi məhkəmə tərəfindən təmin edilmişdir, onda əldən çıxmış fayda hissəsində də iddia tələbi təmin edilməli idi, çünki gəmi cavabdehin Müqavilə üzrə “Yükgöndərən") sərəncamında olduğu müddətdə gəmiyə tələb olunan xərclər İddiaçı X10 tərəfindən qarşılanmışdır və demerec məbləği uzun müddət cavabdeh tərəfindən ödənilməmişdir. Qeyd etmək lazımdır ki, demerecə görə ödənilməli olan və uzun müddətdir ki, ödənilməyən 81000 ABŞ dolları məbləğində vəsaitin mülki dövriyyədə istifadəsi nəticəsində iddiaçı ("Daşıyıcı") xeyli miqdarda gəlir əldə edə bilərdi. Həmçinin nəzərə alınmalıdır ki, demerec gəminin müəyyən edilən vaxtdan artıq və “Yükgöndərən”in (iddia üzrə "cavabdeh"in) təlimatına əsasən gözlədiyi boşdayanmaya görə ödənilən haqqdır və bu haqq həmin dövrdə gəmi üzrə çəkilən xərclər, gəmi və heyətin saxlanma xərcləri və sair) və digər əldə olunacaq sifarişlərin itirilməsinin «kompensasiyası üçün nəzərdə tutulur. Belə xərclərin qarşılanmasını nəzərdə tutan demerec haqqı ödənilmədiyi halda gəmi üzrə çəkilən xərclər faktiki olaraq “Daşıyıcı"nın özü tərəfindən bu məqsəd üçün ayrılmayan vəsait hesabına qarşılanmışdır. Bununla da, həmin vəsaitin bundan öncə müəyyən edilən istiqamət üzrə xərclənməsinin qarşısı alınmışdır. Qeyd olunan demerec üzrə 81000 ABŞ dolları bugünədək ödənilməmişdir ki, bu da xeyli miqdarda gəlirin əldən çıxmasına, adıçəkilən gəmi üzrə xərcin artmasına, habelə planlaşdırılmayan əlavə xərclərin yaranmasına, həmin xərcin digər istiqamət üzrə nəzərdə tutulan vəsait hesabına qarşılanması nəticəsində istehsalatın və planlaşdırılan maliyyə ödənişlərinin, gəlir və xərclərin pozulmasına səbəb olmuşdur. Qətnamədən, həmçinin cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, gəmi limandan ayrıldığı andan demerec hesablana bilməz. Cavabdeh iddiaçıya ünvanlanan 7/37 saylı zəmanət məktubu ilə qanunvericiliyin tələblərinə uyğun olaraq hərəkət edilmiş və yük limanda boşaldılacağı təqdirdə ləngimələr baş verdikdə həmin vaxt demerecə daxil edilə bildiyi göstərilmişdir. İddiaçının özünün məhkəməyə təqdim etdiyi sənədlərdən aydın olur ki, gəmi cavabdeh tərəfin gözləmədiyi səbəblərdən, yəni yük alan İran İslam Respublikasının şirkətinin günahı səbəbi ilə müqavilə ilə nəzərdə tutulan İran İslam Respublikasının Fereydunkənar limanında boşaldılmamış, Ənzəli limanına cavabdehin məlumatı olmadan daşınmışdır. İddiaçının təqdim etdiyi konosamentdə İran İslam Respublikasında yük iddiaçının agenti tərəfindən qarşılanmalı idi. İddiaçı gəminin İran İslam Respublikasının Fereydunkənar limanına daxil ola bilməməsi barədə cavabdehə rəsmi məlumat verməmişdir. Belə ki, yük alan cavabdeh şirkət deyil, İran İslam Respublikasında qeydə alınan “X13” şirkəti olduğundan bütün hərəkətlərini həmin şirkətlə koordinasiya etmişlər. Malın satılması cavabdehin marağında olduğundan gəminin hərəkətlərindən məlumatı olub, amma üzərlərinə götürdükləri öhdəlik qanunvericiliyin tələblərindən kənara çıxa bilməz, yəni gəminin İran İslam Respublikasının limanları arasında hərəkəti kontrstaliya vaxtına aid edilə bilməz. Mövcud qanunvericiliyi, həm də xx xxxxx 2017-ci il tarixli Müqavilənin tələblərinə əsasən xx xxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə şərtlərin alıcı tərəf kimi “X13 Khazar Co” şirkəti tərəfindən təqsirli olaraq pozulması halında “X13 Khazar Co” şirkətinin öhdəlikləri kimi satıcı “xxxxxxxxxxxxxxxxxx" MMC-yə vurulmuş ziyanı ödəməklə yanaşı, həmçinin alıcı “X13 Khazar Co” şirkətinin risk dairəsinə daxil olan digər öhdəliklərin, o cümlədən hazırda İddiaçı X10 tərəfindən xx xxxx 2017-ci il tarixli yük daşınması müqaviləsi üzrə tələb edilən demerec ödənişinin icra edilməsi müəyyən edildiyindən, hazırda İddiaçı X10 tərəfindən tələb edilən demerec ödənişi ilə əlaqədar hüquq münasibətlərinin iştirakçısı kimi məhz “X13 Khazar Co” şirkəti mülki hüquqi məsuliyyət daşıyır. Daşıyıcı kimi İddiaçı X9 məxsus “Füzuli” gəmisi tərəfindən yükün çatdırılma yeri olan İran İslam Respublikasının Fereydunkənar limanına xx xxxx 2017-ci il tarixdə gəlməsi barədə, habelə daha sonra xx xxxx 2017-ci il tarixdə Ənzəli limanına gəlməsi barədə yük alan “X13 Khazar Co” şirkətinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 857-ci maddəsinə əsasən bildirişlərin verilməsini təsdiq edən müvafiq sənədlər iddiaçı tərəfindən “xxxxxxxxxxxxxxxxxx” MMC-yə təqdim olunmamışdır. Həmçinin “X13 Khazar Co” şirkəti tərəfindən həm Fereydunkənar limanında, həm də Ənzəli limanında yükü almaqdan imtina etməsini təsdiq edən rəsmiləşdirilmiş sənədlər iddiaçı tərəfindən “xxxxxxxxxxxxxxxxxx” MMC-yə təqdim olunmamışdır. Cavabdeh tərəfindən daşımanın dəyəri (fraxt) və liman xərcləri kimi 43000 ABŞ dolları məbləğində pul daşıyıcı olan iddiaçıya müqavilə predmeti olan 3200 ton pambıq çiyidinin daşınması üçün ödənilmişdir. 2271 ton pambıq çiyidinin “Füzuli” gəmisi ilə daşınması zamanı 35 ton pambıq çiyidinin məhv olması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə araşdırma aparmamışdır. İddiaçı QSC-nin Nizamnaməsinin 7.1.13-cü bəndi nəzərə alınaraq cavabdehə iddiaçı tərəfindən göndərilmiş xx.xx.2017-ci il tarixli pretenziyanın və xx.xx.2017-ci il tarixli “yaranmış borc haqqında” məktubun legitim səlahiyyəti olmayan şəxslər tərəfindən imzalanması ilə əlaqədar iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda müqavilə legitim səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından iddiaçı tərəfindən tələb edilən ödəniş demerec ola bilməz. Yük daşıma müqaviləsi bağlanılarkən iddiaçının təbii inhisar subyekti kimi fəaliyyət göstərib-göstərməməsi barədə əgər təbii inhisar subyekti kimi çıxış etmişsə, onun təqdim etdiyi daşıma xidmətləri üzrə ödənilən qiymətlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən qiymətlərə aid olubolmaması və əgər tənzimlənən qiymətlərdirsə, bu barədə təsdiq olunmuş tariflər barədə məlumatlar AR İqtisadiyyat Nazirliyindən, AR Tarif Şurasından və iddiaçıdan tələb edilməlidir. Cavabdeh fors-major halla üzləşərək İran İslam Respublikasının hakimiyyət orqanlarının hərəkətləri nəticəsində özündən asılı olmayan səbəbə görə pambıq çiyidindən ibarət yükü geri qaytarmaq məcburiyyətində qalmasını fors-major hal olubolmaması ilə bağlı məhkəmə araşdırması üçün “X14 Khazar Co” şirkətinin işə cəlb edilməsi zəruri idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd olunmuş hissəsində ləğv edilərək, həmin hissədə də iddianın təmin olunmasını, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını, iddiaçının apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçının və cavabdehin apelyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İşdən müəyyən olunur ki, İddiaçı X10 (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra “xxxxxxxxxxxxxxxxxx” MMC) qarşı “demerecə görə yaranmış borcun, yanacaq xərcinin, əldən çıxmış faydanın və dəbbə pulunun tutulmasına dair” iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 81000 ABŞ dolları məbləğində demerec üzrə yaranmış borcun, 988 ABŞ dolları məbləğində qanun üzrə dəbbə pulunun, 10000 ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə hesablanan məbləğin, limanlararası hərəkətə görə yaranmış 14402 manat məbləğində əlavə yağ və yanacaq xərclərinin və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə işə baxılması ilə bağlı məsrəflərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı QSC ilə “xxxxxxxxxxxxxxxxxx” MMC arasında XG- 0597/2017 saylı xx xxxx 2017-ci il tarixli dənizlə yük daşınması müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən “Daşıyıcı” (İddiaçı QSC) ona “Yükgöndərən” (“xxxxxxxxxxxxxxxxxx” MMC) tərəfindən təqdim edilən maksimum 3200 ton pambıq çiyidini Hövsan limanından Fereydunkənar limanına gəmi ilə daşımağı və təyinat limanında yükü almağa müvəkkil edilmiş şəxsə “Yükalan”a verməyi, “Yükgöndərən” isə bu Müqavilənin 4.1-ci bəndində göstərilmiş daşımanın dəyərini “Daşıyıcı”ya ödəməyi öz öhdəsinə götürmüşdür. XG-0597/2017 saylı xx xxxx 2017-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən limanlarda bazar və bayram günləri istisna etməklə, “Füzuli” gəmisi üzrə yükləmə/boşaltma vaxtı üçün ümumi olaraq 8 gün staliya təyin olunmuşdur. Həmçinin, gəminin limanlarda körpünü gözləməsi də staliya vaxtına aid edilmişdir. Yəni, gəmi yükvurma və ya yükboşaltma üçün təhvil verildiyi andan daşıyıcının hesabına (ödənişsiz) gəminin yükvurma altında saxlanıla biləcəyi müddət 8 gün müəyyən edilmişdir. Daşıyıcıya məxsus “Füzuli” gəmisi XG - 0597/2017 saylı xx xxxx 2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2017-ci il tarixdə Hövsan limanına gəlmiş və yükləmə işlərinə xx.xx.2017-ci il tarixdə başlayıb, xx.xx.2017-ci il tarixdə yükləməni bitirmişdir. Bundan sonra gəmi xx.xx.2017-ci il tarixinə kimi yük sənədlərini, həmin tarixdə körpüdən aralanandan sonra xx.xx.2017-ci il tarixinə kimi təyinat limanına getmək üçün Yüksahibinin sərəncamını gözləmişdir. Gəmi Fereydunkənar limanındakı körpüyə xx.xx.2017-ci il tarixində yan almışdır. Daşıyıcı tərəfindən tətbiq edilən güzəştlər (şənbə günü staliya vaxtına daxil edilməmişdir) də nəzərə alınmaqla, xx.xx.2017-ci il tarixədək müəyyən edilən 8 günlük staliya vaxtı bitmişdir. xx.xx.2017-ci il tarixindən isə kontrstaliya (staliya vaxtı bitdikdən sonra əlavə gözləmə vaxtı) vaxtı başlamış və həmin tarixdən qüvvədə olan Ticarət Gəmiçiliyi Məcəlləsinin 98 və 99-cu maddələrinə, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun olaraq demerec (gəminin boşdayanmasına görə daşıyıcıya çatacaq haqq) hesablanmışdır. Belə ki, müqavilənin 3.1-ci bəndinə əsasən gəmi yükləmə və boşaltma əməliyyatları altında təyin edildiyi vaxtdan çox dayandığı halda “Yükgöndərən”in “Daşıyıcıya hər əlavə gün üçün 3000 ABŞ dolları həcmində demerec ödəməsi öhdəliyi müəyyən olunmuşdur. Yükün boşaldılma yeri ilə bağlı problem yarandığı üçün “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı QSC-yə ünvanlanan 2017-ci il 07 iyul tarixdə elektron poçtla daxil olmuş 7/37 nömrəli zəmanət məktubu ilə gəminin Ənzəli limanına getməsi üçün müraciət edilmişdir. “xxxxxxxxxxxxxxxxxx” MMC 7/37 saylı zəmanət məktubu ilə Fereydunkənar limanında dayanan “Füzuli” gəmisindən pambıq çiyidinin boşaldılmasını təmin etmək məqsədilə qeyd olunan gəminin Ənzəli limanına yola düşməsinə icazə verilməsini xahiş etmiş, gəminin Fereydunkənar limanından Ənzəli limanına qədər istismar, demerec, yanacaq və liman xərclərinin ödənilməsinə, gəminin Ənzəli limanına gələndə yükboşaltmanın operativ təmin olunmasına, yükün miqdarı və keyfiyyəti ilə bağlı yaranmış iradların yükgöndərən və yükalan arasında həll olunacağına dair məsuliyyətə zəmanət vermişdir. Gəmi xx.xx.2017-ci il tarixdə Fereydunkənar limanından çıxıb Ənzəli limanına yola düşmüş və xx.xx.2017-ci il tarixdə Ənzəli limanına çatmışdır. Ənzəli limanında problem həll edilmədiyindən gəmi Bakı limanına gəlib, yükün boşaldılması üçün xx.xx.2017-ci il tarixində təlimat almışdır. “Füzuli” gəmisi Bakı limanına xx.xx.2017-ci il tarixində gəlmiş, lakin yükün boşaldılması ilə bağlı yer (anbar) məsələsi Yüksahibi tərəfindən həll oluna bilmədiyi üçün xx.xx.2017-ci il tarixinə kimi sərəncam gözləmişdir. xx.xx.2017-ci il tarixdə Yüksahibi tərəfindən verilən təlimata əsasən gəmi Hövsan limanına gəlmişdir. Hövsan limanında boşaldılma xx.xx.2017-ci il tarixdə başlayıb və xx.xx.2017-ci il tarixdə bitmişdir. Bütün bu müddət kontrstaliya vaxtına daxil olmuş və həmin dövr üçün demerec hesablanmışdır. Göründüyü kimi xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixənədək gəmi yüklü vəziyyətdə yükləmə-boşaltma əməliyyatını gözləmiş və bu 37 gün, təqribən 5 saat kontrstaliya müddətində gəmi üçün demerec hesablanmışdır (37.461,81 *3000 ABŞ dolları = 112.385,43 ABŞ dolları). Müqaviləyə və həmin məktuba əsasən qeyd olunan səfər üzrə demerec məbləği 112 385.42 ABŞ dolları təşkil etmişdir və bu məbləğdən 31 385.42 ABŞ dolları xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına yaranmış borcun bir hissəsi kimi ödənilmişdir. Belə ki, borcun mövcudluğu cavabdeh tərəfindən qəbul edilmişdir. Yaranmış borcun qalan hissəsinin (81.000 ABŞ dolları) ödənilməsi ilə bağlı dəfələrlə borclu tərəfə müraciət olunmuşdur. xx.xx.2017-ci il tarixdə mübahisənin məhkəməyəqədər həllini təmin etmək məqsədilə “xxxxxxxxxxxxxxxxxx” MMC şirkətinə CF 02/02 - 993 saylı pretenziya məktubu göndərilmiş və borcun ödənilməsi üçün 1 həftə müddət qoyulmuşdur. Lakin hal-hazıra qədər yaranmış borcun ödənilməsi təmin edilməmişdir. XG - 0597/2017 saylı müqavilənin 2.1.1-ci bəndinə əsasən “Yükgöndərən” yükün daşınması üçün onu “Daşıyıcı”ya təqdim edir, yükün gəmiyə yüklənməsini, boşaldılmasını həyata keçirir və bununla bağlı xərcləri öz üzərinə götürür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən “Yükgöndərən” tələb olunan lisenziyanı və gömrük icazəsini, habelə yüklə bağlı və əldə edilməsi “Yükgöndərən”in səlahiyyətində olan digər sənədləri vaxtında əldə edir. Müqavilənin 3.2-ci bəndinə əsasən “Yükgöndərən” yükü lazımi qaydada markalamalı və “Daşıyıcı”ya yük barəsində bütün lazımi məlumatları təqdim etməlidir. Yüklər gəmiyə yükləndikdən sonra “Daşıyıcı” tərəfindən “Yükgöndərən”ə konosament təqdim edilir. Yük daşınmaq üçün “Yükgöndərən”in təyin etdiyi və konosamentdə göstərdiyi çəki ilə qəbul edilir. Yükün təyinat limanında az və ya çox gəlməsi, habelə keyfiyyəti ilə əlaqədar ortaya çıxan bütün iddialar “Yükgöndərən”lə “Yükalan” arasında “Daşıyıcı”nın iştirakı olmadan həll edilir. Bundan əlavə, yükün boşaldılması ilə bağlı problem yarandığı üçün “Yükgöndərən”in təlimatı əsasında gəmi bir neçə dəfə limanlararası hərəkət etmiş və buna görə də 14402 manat məbləğində əlavə yağ və yanacaq xərcləri yaranmışdır. Eyni zamanda, “Daşıyıcı” kontrstaliya vaxtı üçün hesablanan demerec üzrə ödənilməmiş 81000 ABŞ dolları məbləğində vəsaitdən əldə edilə biləcək gəlirdən məhrum olmuş, uzun müddət ödənilməyən demerec üzrə əldən çıxmış faydaya görə dəymiş ziyanın məbləği minimal olaraq 10.000 ABŞ dolları məbləğində dəyərləndirilmişdir. Demerecə görə ödənilməyən 81000 ABŞ dolları məbləğində vəsaitin mülki dövriyyədə istifadəsinəticəsində “Daşıyıcı” xeyli miqdarda gəlir əldə edə bilərdi. Həmçinin nəzərə alınmalıdır ki, demerec gəminin müəyyən edilən vaxtdan artıq və “Yükgöndərən”in təlimatına əsasən gözlədiyi boşdayanmaya görə ödənilən haqqdır və bu haqq həmin dövrdə gəmi üzrə çəkilən xərclərin (gəmi və heyətin saxlanma xərcləri və sair) və digər əldə olunacaq sifarişlərin itirilməsinin kompensasiyası üçün nəzərədə tutulur. Belə xərclərin qarşılanmasını nəzərdə tutan demerec haqqı odənilmədiyi halda gəmi üzrə çəkilən xərclər faktiki olaraq “Daşıyıcı”nın özü tərəfindən və bu məqsəd üçün ayrılmayan vəsait hesabına qarşılanmışdır. Bununla da, həmin vəsaitin bundan öncə müəyyən edilən istiqamət üzrə xərclənməsinin qarşısı alınmışdır. Qeyd olunan demerec üzrə 81000 ABŞ dolları bugünədək ödənilməmişdir ki, bu da xeyli miqdarda gəlirin əldən çıxmasına, adıçəkilən gəmi üzrə xərcin artmasına, habelə planlaşdırılmayan əlavə xərclərin yaranmasına, həmin xərcin digər istiqamət üzrə nəzərdə tutulan vəsait hesabına qarşılanması nəticəsində istehsalatın və planlaşdırılan maliyyə ödənişlərinin, gəlir və xərclərin pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən “xxxxxxxxxxxxxxxxxx” MMC-dən 81.000 ABŞ dolları məbləğində demerec üzrə yaranmış borc, 988 ABŞ dolları məbləğində qanun üzrə dəbbə pulu, 10.000 ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə hesablanan məbləğ, limanlararası hərəkətə görə yaranmış 14.402 manat məbləğində əlavə yağ və yanacaq xərcləri və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə işə baxılması ilə bağlı məsrəflərin tutulması tələb edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əldən çıxmış faydaya görə hesablanan məbləğin tutulması ilə bağlı hissədə əsaslandırılmadığını və bu halı təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyinə istinadən həmin hissədə iddianı rədd etmiş, qalan hissələrdə iddianı təmin etmişdir. Kollegiya aşağıdakılara əsasən iddia tələbinin qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İşin faktiki hallarından müəyyən olunur ki, hazırki tərəflər arasında mübahisə yük daşıma müqaviləsindən irəli gəlmişdir. Belə ki, İddiaçı QSC ilə “xxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış XG- 0597/2017 saylı xx xxxx 2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən “Daşıyıcı” ona “Yükgöndərən” tərəfindən təqdim edilən maksimum 3200 ton pambıq çiyidini Hövsan limanından Fereydunkənar limanına gəmi ilə daşımağı və təyinat limanında yükü almağa müvəkkil edilmiş şəxsə - “Yükalan”a verməyi, “Yükgöndərən” isə bu Müqavilənin 4.1-ci bəndində göstərilmiş daşımanın dəyərini “Daşıyıcı”ya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan kapitanın səfər hesabatı, gəminin iş vaxtı cədvəli, gəmi kapitanının gündəlik qeyd kitabından çıxarış, notislərin surəti və digər sənədlərdən müəyyən edilir ki, gəmiçiliyə məxsus “Füzuli” gəmisi müqavilə şərtlərinə uyğun olaraq, pambıq çiyidi yükünün daşınması üçün Hövsan limanında xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci tarixədək daşınacaq malı yükləmiş, “Füzuli” gəmisi xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi yük sahibi tərəfindən yükün sənədlərinin təqdim edilməsini gözləmişdir. “Füzuli” gəmisi xx.xx.2017-ci il tarixdə körpüdən aralanmış və xx.xx.2017-ci il tarixə kimi təyinat limanına getmək üçün yük sahibinin sərəncamını gözləmiş, gəmi Fereydunkənar limanına xx.xx.2017-ci il tarixində gedərək xx.xx.2017-ci il tarixində körpüyə yanalmışdır. “Füzuli” gəmisi xx.xx.2017-ci il tarixdə staliya vaxtından çıxdığı üçün həmin tarixdən demerec hesablanmağa başlamışdır. Yükalan və yükgöndərən arasında çətinliklər yarandığından “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə zəmanət məktubu göndərilmiş və “Füzuli” gəmisinin Ənzəli limanına getməsi xahiş edilmişdir. Gəmi xx.xx.2017-ci il tarixdə Fereydunkənar limanından Ənzəli limanına kimi gəldiyi müddət üçün Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinə və XG- 0597/2017 saylı müqavilənin müvafiq maddələrinə uyğun olaraq demerec hesablanmışdır. Müqaviləyə əsasən səfər zamanı yaranmış demerecin məbləği 112385,42 ABŞ dolları təşkil etmiş, bu məbləğdən cəmi 31.385,42 ABŞ dolları borc ödənilmişdir. Hal hazırda icra edilməmiş pul öhdəliyinin məbləği 81.000 ABŞ dollarıdır. İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxx” MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli, CF-02/02-993 saylı pretenziyadan müəyyən olunur ki, İddiaçı QSC ilə “xxxxxxxxxxxxxxxxxx” MMC arasında XG-0597/2017 saylı xx xxxx 2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən “Daşıyıcı” ona “Yükgöndərən” tərəfindən təqdim edilən maksimum 3200 ton pambıq çiyidini Hövsan limanından Fereydunkənar limanına gəmi ilə daşımağı və təyinat limanında yükü almağa müvəkkil edilmiş şəxsə - “Yükalan”a verməyi, “Yükgöndərən” isə bu Müqavilənin 4.1-ci bəndində göstərilmiş daşımanın dəyərini “Daşıyıcı”ya ödəməyi öz öhdəsinə götürmüşdür. Gəmiçiliyə məxsus “Füzuli” gəmisi müqavilə şərtlərinə uyğun olaraq, pambıq çiyidi yükünün daşınması üçün Hövsan limanında xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci tarixədək daşınacaq malı yükləmiş, “Füzuli” gəmisi xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi yük sahibi tərəfindən yükün sənədlərinin təqdim edilməsini gözləmişdir. “Füzuli” gəmisi xx.xx.2017-ci il tarixdə körpüdən aralanmış və xx.xx.2017-ci il tarixə kimi təyinat limanına getmək üçün yük sahibinin sərəncamını gözləmiş, gəmi Fereydunkənar limanına xx.xx.2017-ci il tarixində gedərək xx.xx.2017-ci il tarixində körpüyə yanalmışdır. “Füzuli” gəmisi xx.xx.2017-ci il tarixdə staliya vaxtından çıxdığı üçün həmin tarixdən demerec hesablanmağa başlamışdır. Yükalan və yükgöndərən arasında çətinliklər yarandığından “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə zəmanət məktubu göndərilmiş və “Füzuli” gəmisinin Ənzəli limanına getməsi xahiş edilmişdir. Gəmi xx.xx.2017-ci il tarixdə Fereydunkənar limanından Ənzəli limanına kimi gəldiyi müddət üçün Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinə və XG-0597/2017 saylı müqavilənin müvafiq maddələrinə uyğun olaraq demerec hesablanmışdır. Tərəflər arasında imzalanmış XG-0597/2017 saylı, xx.xx.2017- ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən gəmi yükləmə və boşaltma əməliyyatları altında təyin edildiyi vaxtdan çox dayandığı halda “Yükgöndərən”in “Daşıyıcıya hər əlavə gün üçün 3000 ABŞ dolları həcmində demerec ödəməsi öhdəliyi müəyyən olunmuşdur. Gəmi demerecə çıxandan sonra bütün istisna günləri kontrstaliya kimi hesablanır. Müqaviləyə əsasən səfər zamanı yaranmış demerecin məbləği 112385,42 ABŞ dolları təşkil etmiş, bu məbləğdən cəmi 31.385,42 ABŞ dolları ödənilmişdir. Halhazırda icra edilməmiş pul öhdəliyinin məbləği 81.000 ABŞ dollarıdır. Qeyd edilənlərə əsasən həmin məbləğin 1 həftə ərzində ödənilməsi, əks halda müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Hazırki iddia tələbində iddiaçı 81.000 ABŞ dolları məbləğində demerec üzrə yaranmış borcun; 988 ABŞ dolları məbləğində qanun üzrə dəbbə pulunun; 10.000 ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə hesablanan məbləğin; limanlararası hərəkətə görə yaranmış 14.402 manat məbləğində əlavə yağ və yanacaq xərcləri və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını tələb edir. Kollegiya, ilk növbədə, cavabdehin tərəflər arasında hazırki mübahisənin əsası kimi çıxış edən yük daşıma müqaviləsinin etibarlılığı ilə bağlı gətirdiyi dəlilə qiymət verməyi zəruri hesab edir. Belə ki, cavabdeh apelyasiya şikayətinin, eləcə də iddiaya etirazının dəlili kimi ona istinad edir ki, sözügedən İddiaçı QSC ilə “xxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış XG-0597/2017 saylı xx xxxx 2017-ci il tarixli müqavilə səlahiyyətli şəxs tərəfindən imzalanmadığından, həmin müqavilə bağlandığı andan etibarsız sayılmaqla heç bir hüquqi əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış yük daşıma müqaviləsini İddiaçı QSC-nin adından Cəmiyyətin sədr müavini Fərhad Quliyev imzalasa da, müqavilə QSC-yə aid olan möhürlə təsdiq edilmişdir. Bu baxımdan hesab edilməlidir ki, müqavilə İddiaçı QSC-nin iradəsini ifadə etmiş, onu üçün hüquq və vəzifə yaratmışdır. Digər tərəfdən, işdən görünür ki, cavabdeh tərəf gəmiçiliyə məxsus “Füzuli” gəmisi müqavilə şərtlərinə uyğun olaraq, pambıq çiyidi yükünün daşınması üçün Hövsan limanında xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci tarixədək daşınacaq malı yükləmiş, eyni zamanda, xx.xx.2017-ci il tarixdə iddiaçı QSC-nin sədr müavini Fərhad Quliyevin adına zəmanət məktubu göndərmişdir. Beləliklə, cavabdeh müqavilənin səlahiyyətli şəxs tərəfindən imzalanmaması ilə bağlı iddiaçı tərəfə hər hansı pretenziya irəli sürməmiş, əksinə həmin müqavilə üzrə öhdəliyin icrasına yönəlik müvafiq hərəkətlər etmiş, iddiaçının icrasını qəbul etmişdir. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin müqavilənin etibarsızlıqla bağlı qeyd edilən dəlilini formal mülahizə kimi qiymətləndirir. - Müqavilənin 2.1-ci maddəsinə əsasən “Yükgöndərən” yükün daşınması üçün onu “Daşıyıcı”ya təqdim edir. Gəmiyə yüklənməsini və boşaldılmasını həyata keçirir və bununla bağlı xərcləri öz üzərinə götürür (2.1.1), tələb olunan lisenziyanı və gömrük icazəsini, habelə yüklə bağlı və əldə edilməsi “yükgöndərən”in səlahiyyətində olan digər sənədləri vaxtında əldə edir (2.1.2). - Müqavilənin 2.2-ci maddəsinə əsasən “Daşıyıcı” təqdim edilən yükün göstərilən istiqamətdə Gəmi ilə daşınmasını təmin edir və təyinat limanında yükü almağa müvəkkil edilmiş şəxsə “yükəlana” təhvil verir (2.2.1), yükün daşınması məqsədi ilə Gəminin aidiyyəti limana girməsi və ya körpülərə yanalması ilə əlaqədar tətbiq edilə biləcək qanuni yığımlar və digər ödənişlərin aparılmasını təmin edir və bu ödənişlərə görə “Yükgöndərən”i məsuliyyətdən azad edir (2.2.2). - Müqavilənin 3.1-ci maddəsinə əsasən limanlarda bazar və bayram günlərini istisna etməklə, yükləmə/başaltma vaxtı ümumi olaraq "Füzuli" gəmisi üçün (TOTAL) 8 gün (staliya) təyin edilir. Gəminin limanlarda körpünü gözləməsi staliya vaxtına aiddir. Gəminin yükləmə və boşalma əməliyyatları altında təyin edildiyi vaxtdan çox dayandığı halda "Yükgöndərən" “Daşıyıcıya” hər əlavə gün üçün 3000 ABŞ dolları həcmində cərimə (demerec) ödəyir. Gəmi demerecə çıxandan sonra bütün istisna günləri kontr staliya kimi hesablanır. - Müqavilənin 3.2-ci maddəsinə əsasən “Yükgöndərən" yükü lazımi qaydada markalamalı və "Daşıyıcı"ya yük barəsində bütün lazımi məlumatları təqdim etməlidir. Yüklər gəmiyə yükləndikdən sonra “Daşıyıcı" tərəfindən "Yükgöndərənə” konosament təqdim edilir. Yük daşınmaq üçün “Yükgöndərən"in təyin etdiyi və konosamentdə göstərdiyi çəki ilə qəbul olunur. Yükün təyinat limanında az və ya çox gəlməsi habelə keyfiyyəti ilə əlaqədar ortaya çıxan bütün iddialar “yükgöndərən”lə “yükalan” arasında “Daşıyıcı”nın iştirakı olmadan həll edilir. - Müqavilənin 4-cü maddəsinə əsasən “Yükgöndərən" yükün daşınması üçün "Daşıyıcı"ya lumpsum 40.000 ABŞ dolları ödəyir. Yükləmə limanında, liman xərcləri "Yükgöndərən" tərəfindən ödənilir, Fereydunkənar limanında dərinliyin 4,2 m olmasını nəzərə alaraq, yükün miqdarı 3200 t yuxarı olmamalıdır (4.1), Yüklərin daşınması üçün bu Müqavilənin 4.1-ci bəndində göstərilmiş daşıma haqqı “Yükgöndərən" tərəfindən “Daşıyıcıya" bu Müqavilənin qüvvəyə minməsindən sonra, lakin yükün gəmiyə yüklənməsindən əvvəl ödənilməlidir, əks təqdirdə gəmi yükdaşımaya təqdim edilmir (4.2), Müqavilənin icrası ilə əlaqədar bütün ödənişlər “Daşıyıcı”nın təqdim etdiyi hesab-fakturaya əsasən təqdim olunma tarixindən 2 (iki) gün müddətində “Yükgöndərən" tərəfindən “Daşıyıcı”nın bank hesabına köçürülür (4.3), Təqdim olunan hesab-fakturalar ödənilmədikdə “Daşıyıcı" həmin hesab fakturanın “Daşıyıcı" tərəfindən alınmasından sonrakı 2 (iki) günün başa çatmasından sonra yazılı bildiriş təqdim etməklə müqavilənin icrasından imtina etmək hüququna malikdir və həmin ana qədər bu şərtin “Yükgöndərən" tərəfindən pozulması nəticəsində dəymiş ziyanın ödənilməsini tələb edə bilər (4.4). - Müqavilənin 5-ci maddəsinə əsasən tərəflərdən hər hansı biri qarşı tərəfə 10 (on) gün əvvəlcədən yazılı bildiriş təqdim etməklə bu müqavilənin qüvvədə olma müddəti başa çatmazdan ona xitam verə bilər (5.1). Bu Müqaviləyə tərəflərdən hər hansı birinin istəyi ilə 5.1 bəndinə əsasən xitam verilməsi tərəflərin həmin tarixinədək yaranmış hüquq və öhdəliklərinə təsir etməyəcəkdir və ''Yükgöndərən" bu tarixə qədər ödənilməli olan bütün məbləğlərin ödənişini, "Daşıyıcı" isə xitam verildiyi ana qədər tamamlanmamış işlərini və öhdəliklərini həyata keçirəcəkdir (5.2). - Müqavilənin 8-ci maddəsinə əsasən müqavilə hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcəkdir və səfərin sonuna kimi qüvvədə olacaqdır. Tərəflərdən biri digərinə müqaviləyə xitam vermək barədə yazılı müraciət etməzsə, onda müqavilənin müddəti növbəti bir il üçün olaraq uzadılır. Yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür (m.850.1). Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir(m. 850.2). Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən daşıyıcının gəmini yükvurma üçün verdiyi və fraxta əlavə ödənişlər edilmədən yükvurma altında saxladığı müddət (staliya vaxtı) tərəflərin razılaşması, belə razılaşma olmadıqda isə yükvurma limanında qəbul edilən müddətlər əsasında müəyyənləşdirilir. 97.2-ci maddəsinə əsasən Staliya vaxtının başlanması tərəflərin razılaşması əsasında müəyyən edilir. Staliya vaxtı iş günləri, saat və dəqiqələrlə hesablanır. Yükgöndərəndən asılı olan səbəblərə görə, habelə gəmiyə təhlükəsiz yükvurmaya mane olan və ya yükün saxlanılmasına təhlükə yaradan qarşısıalınmaz qüvvə və ya hidrometeoroloji şərait nəticəsində yükvurmanın aparılmadığı vaxt staliya vaxtına daxil edilmir. Fraxtedəndən asılı olan səbəblərə görə yükvurmanın aparılmadığı vaxt staliya vaxtına daxil edilir (mad. 97.3). Yükvurma staliya vaxtının axımının başlanmasından əvvəl başladıqda yükvurma üçün istifadə edilmiş faktiki vaxt staliya vaxtına daxil edilir (mad 97.4) Bu Məcəllənin 97.1-97.4-cü maddələrində müəyyən edilmiş qaydalar müvafiq olaraq yükün təyinat limanında boşaldılmasına da tətbiq edilir (mad. 97.5). Tərəflərin razılaşması ilə staliya vaxtı bitdikdən sonra əlavə gözləmə vaxtı (kontrstaliya vaxtı) müəyyən edilə bilər. Tərəflərin razılaşması olmadıqda, kontrstaliya vaxtı yükvurma limanında qəbul edilən müddətlər əsasında müəyyənləşdirilir (mad. 98.1) Kontrstaliya vaxtı təqvim günləri, saat və dəqiqələrlə hesablanır (mad. 98.2) Kontrstaliya vaxtına istirahət günləri, dəniz limanında iş günü hesab edilməyən, rəsmi qaydada müəyyən edilmiş səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü bayram günləri, habelə təhlükəsiz yükvurmaya mane olan və ya yükün saxlanmasına təhlükə yaradan qarşısıalınmaz qüvvə və ya hidrometeoroloji şərait nəticəsində yükvurmada yaranan fasilələr daxil edilir. Daşıyıcıdan asılı olan səbəblərə görə yükvurmanın aparılmadığı vaxt kontrstaliya vaxtına daxil edilmir (mad. 98.3). Bu Məcəllənin 98.1-98.3-cü maddələrində müəyyən edilmiş qaydalar müvafiq olaraq yükün təyinat limanında boşaldılmasına da tətbiq edilir (mad.98.4). Gəminin kontrstaliya vaxtında boşdayanmasına görə daşıyıcıya çatacaq haqqın (demerec) miqdarı tərəflərin razılaşması ilə müəyyənləşdirilir. Tərəflər arasında belə razılaşma olmadıqda gəminin boşdayanmasına görə haqq gəminin və gəmi heyətinin saxlanması xərcləri ilə müəyyənləşdirilir (mad. 99). Gəminin ləngidilməsi daşıyıcıdan asılı olmayan səbəblərdən baş veribsə, gəminin kontrstaliya vaxtından artıq ləngidilməsinə görə fraxtedən daşıyıcıya vurulan zərərin əvəzini ödəməyə borcludur (mad. 102). Sadalanan normaların tələblərinə görə dəniz yük daşımalarında yükvurma üçün istifadə edilmiş staliya vaxtı bitdikdən sonra tərəflərin razılaşması ilə əlavə gözləmə vaxtı (kontrstaliya vaxtı) müəyyən edilə bilər. Gəminin kontrstaliya vaxtında boşdayanmasına görə daşıyıcıya çatacaq haqqın (demerec) miqdarı tərəflərin razılaşması ilə müəyyənləşdirilir. Demerec müəyyən edilən vaxtdan artıq və yükgöndərənin təlimatına əsasən gzlədiyi boşdayanmaya görə ödənilən haqdıq və bu haqq həmin dövrdə gəmi üzrə çəkilən xərclərin (gəmi və heyətin saxlanma xərcləri və s.) və digər əldə olunacaq sifarişlərin itirilməsinin kompensasiyası üçün nəzərdə tutulur. İşdən görünür ki, tərəflər arasında imzalanmış XG-0597/2017 saylı, xx.xx.2017-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən gəmi yükləmə və boşaltma əməliyyatları altında təyin edildiyi vaxtdan çox dayandığı halda “Yükgöndərən”in “Daşıyıcı”ya hər əlavə gün üçün 3000 ABŞ dolları həcmində demerec ödəməsi öhdəliyi müəyyən olunmuşdur. Gəmi demerecə çıxandan sonra bütün istisna günləri kontrstaliya kimi hesablanır. Kollegiya cavabdehin “gəminin cavabdeh tərəfin gözləmədiyi səbəblərdən, yəni yükü alan İran İslam Respublikasının şirkətinin günahı səbəbi ilə müqavilə ilə nəzərdə tutulan İran İslam Respublikasının Fereydunkənar limanında boşaldılmaması, Ənzəli limanına cavabdehin məlumatı olmadan daşınması” dəlili ilə razılaşmayaraq qeyd edir ki, gəminin ləngidilməsi daşıyıcan asılı olan səbəblərdən olmamış, gəmi cavabdehlə bağlanmış müqavilə əsasında əvvəlcə yükün çatdırılma yeri olan İran İslam Respublikasının Fereydunkənar limanına, daha sonra məhz cavabdehin zəmanət məktubu ilə onun tapşırığı əsasında xx xxxx 2017-ci il tarixdə Ənzəli limanına getmişdir.Yükləmə və boşaltma əməliyyatları vaxtında aparılmamış, İran İslam Respublikasının limanları arasında hərəkət etməklə həmin müddət ərzində boşdayanmaya məruz qalmış, nəticədə iddiaçının demerec ödənilməsi hüququ yaranmışdır. Yükün daşınması üzrə müqavilə münasibətləri iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli yük daşınması müqaviləsi ilə yarandığından və həmin müqavilə üzrə demerec ödənişinin icra edilməsi müəyyən edildiyindən, eləcə də zəmanət məktubu ilə demerec xərclərinin ödənilməsini üzərinə götürdüyündən cavabdeh demerec üzrə mülki hüquqi məsuliyyət daşıyır. Cavabdehin iddia etdiyi “X13 Khazar Co” şirkətinin məsul olduğu səbəblərdən yüklərin təyinat məntəqəsində boşaldılmaması kimi səbəblər hazırki müqavilə üzrə cavabdehi məsuliyyətdən azad edən əsaslar kimi qəbul edilə bilməz. Qeyd edilən hallar cavabdehlə “X13 Khazar Co” şirkəti arasında müstəqil qaydada mübahisələndirilə biləcək hallardır və bu əsasdan sonuncunun hazırki iş üzrə məhkəmə icraatına cəlb edilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Cavabdehin gəminin Fereydunkənar limanında, həm də Ənzəli limanında yükü almaqdan imtina etməsini təsdiq edən rəsmiləşdirilmiş sənədlərin iddiaçı tərəfindən “xxxxxxxxxxxxxxxxxx” MMC-yə təqdim olunmaması barədə dəlili hazırki iddianın əsassızlığına dəlalət edə bilməz. Çünki iş materiallarından müəyyən olunur ki, yükün boşaldılma yeri ilə bağlı problemdən cavbadehin məlumatı var idi. Bunun nəticəsi idi ki, “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı QSC-nə ünvanlanan 2017-ci il 07 iyul tarixdə elektron poçtla daxil olmuş 7/37 nömrəli zəmanət məktubu ilə gəminin Ənzəli limanına getməsi üçün müraciət edilmişdir. İddiaçının gəmisi ilə daşınma zamanı 35 ton pambıq çiyidinin məhv olması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsinin birinci instansiya məhkəməsində araşdırmanın predmeti olmaması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qeyd etdiyi bu dəlil mahiyyətcə müstəqil iddia tələbi kimi qiymətləndirilir, bununla bağlı isə cavabdeh nə qarşılıqlı iddia vermiş, nə də ayrıca məhkəmə qaydasında mübahisələndirmişdir. Cavabdehin qeyd etdiyi İran İslam Respublikasının hakimiyyət orqanlarının hərəkətləri nəticəsində özündən asılı olmayan səbəbə görə pambıq çiyidindən ibarət yükü geri qaytarmaq məcburiyyətində qalması fors-major halı kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış yük daşıma müqaviləsinin 6.1-ci maddəsinə görə tərəflərin nəzarəti altında olmayan hadisələr nəticəsində bu müqaviləyə əsasən öhdəliklərinin və vəzifələrinin yerinə yetirilməsində gecikmələrə və ya icra edilməməklərə görə heç bir tərəf məsuliyyət daşımayacaqdır. Belə hadisələrə təbii fəlakətlər, hərbi əməliyyatlar, terrorist hücumları, üsyanlar, texnoloji fəlakətlər, hökumət orqanları tərəfindən təyin olunmuş komendant saatları, həbslər, saxlanmalar və buna bənzər hadisələr daxildir. Belə hadisələrin təsiri altında olan tərəfin fors major vəziyyətində olduğu hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərə əsasən kollegiya yükün boşaldılma və yükləmələrində baş vermiş gecikmələrin fors-major hadisəsi olmadığı, bilavasitə cavabdehin risk dairəsinə daxil olan hallarla bağlı olduğu qənaətinə gələrək apelyasiya şikayətini bu hissədə əsassız hesab edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 29855 saylı ekspert rəyində də, iş materiallarında olan sənədlərə (xx.xx.2017-ci il tarixli XG-0597/2017 saylı dənizlə yük daşınması müqaviləsi, “xxxxxxxxxxxxxxxxxx” MMC-nin məktubu (Fereydunkənar limanında dayanan “Füzuli” gəmisinin Ənzəli limanına yola düşməsi ilə bağlı), gəminin iş vaxtı cədvəlləri, taymşitlər, invoyslar, arayışlar və s.) əsasən İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxx” MMC-yə hesablanmış 112385,43 ABŞ dolları (37,46181x3000=112385,43) məbləğində demerecin düzgünlüyü müəyyən olunmuşdur. Kollegiya ekspert rəyini işin halları ilə birlikdə qiymətləndirib 81.000 ABŞ dolları məbləğində demerec məbləğinin işdə olan sənədlər üzrə düzgün hesablandığı qənaətinə gələrək həmin hissədə iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Cavabdeh tərəfindən öhdəliyin vaxtında yerinə yetirilmədiyini, hər iki tərəfin mənafeyini nəzərə alan məhkəmə iddianın 988 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsini qanuni hesab edir. Eyni zamanda, əlavə yağ və yanacaq xərclərinin ödənilməsi hissəsində də iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, işdə olan X7 Füzuli gəmisində olan yağ və yanacağın sərfiyyatı barədə arayışdan müəyyən olunur ki, sərfiyyat 12205,74 manat təşkil edir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC xx.xx.2017-ci il tarixli zəmanət məktubu ilə Fereydunkənar limanından Ənzəli limanına qədəryanacaq və liman xərclərinin ödənilməsini öz üzərinə götürmüşdür. İddiaçının apelyasiya qaydasında mübahisələndirdiyi qətnamənin “əldən çıxmış faydaya görə məbləğin tutulması” hissəsinə gəlincə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında gstərilmişdir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı əldən çıxmış faydaya görə 10.000 ABŞ dolları tələb etsə də, iddiaçı gecikdirilən demerec xərcinə münasibətdə cavabdehin faydalanması hallarını, eləcə də özünün həmin xərcdən məhrum olduğu halda itirdiyi bəhər, artım, və s. sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bu əsasdan iddia tələbi həmin hissədə əsaslı olmamaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Bu səbəbdən apelyasiya şikayətləri təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı X8 apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-42/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar