Məhkəmə qərarları › İş №2-2(103)-525/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-525/2024

02.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-525/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı QSC bank olmayan kredit təşkilatının Cavabdeh MMC-yə qarşı “təsisçilərin növbədənkənar ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2- 2(113)-3725/2023 nömrəli qərardadından İddiaçı QSC tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı Cavabdehnə iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması, Cavabdeh MMC-nin üzərinə təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin, o cümlədən cəmiyyətin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2019-cu ildən halhazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış İddiaçı QSC-yə təqdim edilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)-3725/2023 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının Cavabdehnə qarşı “təsisiçilərin növbədənkənar ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddiasının Cavabdeh MMC-nin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” hissəsində iş üzrə icraata xitam verilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. İddiaçı məhkəmənin 13 noyabr 2023-cü il tarixli qərardadından şikayət verərək onun ləğv olunması, iddianın iş üzrə icraata xitam verilmiş hissədə təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3725/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 385.1.1-ci, 386-cı maddələrinə əsasən maddi hüquq normalarını pozaraq hüququn tətbiq edilməsində səhv buraxmaqla tətbiq edilməli olan qanunu tətbiq etməyərək qanunu səhv təfsir etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 91.1-2-ci maddəsinə əsasən də cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Həmin Məcəllənin 91.1-3cümaddəsinə əsasən də cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Lakin həmin Məcəllənin 91.1-3-cü maddəsində və Cavabdeh MMC-nin nizamnaməsində cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının bütün səslərin azı onda birinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağrılmasının icra mexanizmi, qaydası nəzərdə tutulmamışdır. Bundan başqa, Mülki Məcəllənin 91.1-3-cü maddəsində göstərilmiş “çağırılır” sözünün təhlili və təfsiri onu deməyə əsas verir ki, bu hərəkəti iştirakçıların (iştirakçının) özü deyil, onun tələbi ilə başqa şəxs yerinə yetirməli, mövcud halda isə icra orqanı belə bir iclası çağırmalıdır. Ona görə də hesab edirlər ki, həmin Məcəllənin 91.1-2-ci maddəsində nəzərdə tutulmuş prosedur qayda bu hala da (qanunun analogiyası) tətbiq olunmaqla ümumi yığıncaq icra orqanı tərəfindən çağrılmalıdır. Təsadüfi deyil ki, iddiaçı tərəfindən cəmiyyətin təsisçilərinin ümumi yığıncağının keçirilməsi barədə cavabdehə 10 yanvar 2020-ci il, 14 fevral 2020-ci il, 04 avqust 2020-ci il və 17 avqust 2020ci il tarixli məktublar, həmçinin 14 iyun 2023-cü il tarixli, 13-7/2-3- 11/1548/2023 nömrəli pretenziya cavabsız qaldığından və pozulmuş hüquqların müdafiəsini məhkəmədən kənar digər qaydada həyata keçirə bilmədiyindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən həmin hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin məhkəmə göstərilən qərardadında Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 24.1-ci maddəsinə istinad etsə də, pozulmuş hüquqların müdafiəsini əsassız və qanunsuz olaraq təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, e-2-2(113)-3725/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 25 dekabr 2023-cü il tarixli 2- 2(103)-1137/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv olunması və işin baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, e-2-2(102)-222/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 25 dekabr 2023cü il tarixli 2-2(103)-1137/2023 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün qaytarılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)3725/2023 nömrəli qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mülki Məcəllənin 91.1-3-cü maddəsində MMC-nin növbədənkənar ümumi yığıncağının çağırılmasının qaydası və hüquqi şəxsin növbədənkənar ümumi yığıncağı çağırmaq hüququ olan orqanlarının və iştirakçılarının dairəsi müəyyən edilmişdir. Həmin normaya əsasən cəmiyyətin (məhdud məsuliyyətli cəmiyyətin) iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. Həmin Məcəllənin 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-5-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-6-cı maddəsinə əsasən yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin nizamnaməsinin 6.1-ci bəndinə əsasən müəssisənin ali idarəetmə orqanı - cəmiyyətin iştirakçılarının ümumi yığıncağıdır. Həmin Nizamnamənin 6.4-cü bəndinə əsasən ümumi yığıncağın növbədənkənar iclasları cəmiyyətin təsisçilərindən birinin və ya Baş Müdirin yazılı tələbi ilə çağırılır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılma qaydası mülki qanunvericiliklə, habelə Cavabdeh MMC-nin nizamnaməsi ilə tənzimləndiyindən MMC-nin üzərinə ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması məsələsinə məhkəmədə baxıla bilməz. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə kollegiyası məhkəmənin bu mövqeyi ilə razılaşmır və şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmə aparılmasını zəruri hesab edir. Əvvəla, MM-də hüquqi şəxsin təşkilati hüquq forması olaraq məhdud məsuliyyətli cəmiyyətlərdə növbədənkənar ümumi yığıncaqdan fərqli olaraq, növbəti ümumi yığıncağın çağırılması qaydası nəzərdə tutulmuşdur. Belə ki, MM-in 91.1-2-ci maddəsinə (bax bu qərarın 26-cı bəndinə) görə, məhdud məsuliyyətli cəmiyyətin (bundan sonra – “MMC”) iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. İstinad olunan normanın məzmunundan göründüyü kimi, MMC-nin növbəti ümumi yığıncağı icra orqanı tərəfindən çağırılır. MM-nin 91.1-3-cü maddəsində (bax bu qərarın 26-cı bəndinə) isə MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının, icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırıldığı təsbit olunmuşdur. Göründüyü kimi, MM-nin 91.1-3-cü maddəsində iştirakçıların növbədənkənar ümumi yığıncağının çağırılması üçün təşəbbüs və ya tələb irəli sürən subyektlərin dairəsi göstərilmiş, lakin həmin yığıncağı çağıracaq orqan (və ya şəxs) barədə məlumat nəzərdə tutulmamışdır. Bununla belə, MM-nin 91.1-5 və 91.1.6-cı maddələrində (bax bu qərarın 26cı bəndinə) MMC-lərin iştirakçılarının ümumi yığıncağında və yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncağın məhz cəmiyyətin icra orqanı tərəfindən təkrarən çağırılması nəzərdə tutulmuşdur. MM-in 91.1-3, 91.1-5 və 91.1.6-cı maddələrinin məzmununun birgə təfsiri belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən qayda MMC-lərin iştirakçılarının həm növbəti, həm də növbədənkənar ümumi yığıncaqlarına aiddir. MM-nin səhmdar cəmiyyətlərə aid 107-1-ci maddəsindən isə aydın olur ki, səhmdarların istər növbəti, istərsə də növbədənkənar yığıncaqları səhmdar cəmiyyətin idarəetmə orqanı tərəfindən çağırılır. Belə ki, MM-in 107-1.2, 107-1.3 və 107-1.6-cı maddələrinin (bax bu qərarın 26-cı bəndinə) məzmununa görə, səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). İllik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən, direktorlar şurası (müşahidə şurası) olmadıqda isə, cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Göründüyü kimi, analoji normalarda da səhmdarların növbəti və ya növbədənkənar ümumi yığıncağının bilavasitə səhmdarın özü tərəfindən, digər səhmdarlara bildiriş göndərilməklə çağırılması qaydası müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi sözügedən məsələdə qanunun analogiyası qaydasında MM-in 107-1-ci maddəsinə istinad etməklə hüququn tətbiqində səhvə yol vermişdir. Bildirişdə ümumi yığıncağın gündəliyə təklif olunan məsələlərin qeyd edilməli olduğuna gəldikdə isə, həmin məsələlər öz əksini MM-in 107-1.5-ci maddəsində (bax bu qərarın 26-cı bəndinə) tapmışdır. Həmin maddənin MM-in 107-1.2, 107-1.3 və 107-1.4-cü maddələri ilə qarşılıqlı təhlili onu deməyə əsas verir ki, sözügedən normalar səhmdarların növbədənkənar deyil, məhz növbəti (illik) ümumi yığıncağının çağırılması ilə bağlıdır. Belə olan təqdirdə isə, birinci instansiyası məhkəməsinin sözügedən məsələdə qanunun analogiyası qaydasında nəyə görə MM-in MMC-lərə aid olan 91.1-2-ci maddəsinə deyil, məhz səhmdar cəmiyyətlərə aid olan 107-1-ci maddəsinə istinad etməsinin hüquqi əsasları mübahisələndirilən qərardadda göstərilməmişdir. Halbuki yuxarıda qeyd olunduğu kimi, MM-in 91.1-2-ci maddəsi MMC-lərin iştirakçılarının növbəti ümumi yığıncağının keçirilməsi qaydasını müəyyən etmiş və həmin maddədə də növbəti yığıncağın MMC-nin icra orqanı tərəfindən çağırıldığı təsbit olunmuşdur. O da qeyd olunmalıdır ki, baxılan işdə iddiaçıya cavabdehin ümumi yığıncağını bilavasitə özünün çağırmasının tövsiyə edilməsi, ümumi yığıncağın keçirilməməsi ilə bağlı tərəflər arasında mövcud mübahisənin həll edilməmiş qalmasına gətirib çıxarmaqla, MPM-in 4.1 və 24.1-ci maddələrinin pozulması ilə nəticələnmişdir. Belə ki, iddiaçı iddia edir ki (bunun əksini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir), cavabdehin 2019, 2020, 2021 və 2022-ci illər üzrə illik fəaliyyətinin yekunlarına həsr olunmuş cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncaqları müvafiq olaraq hər növbəti ilin aprel ayının sonuna qədər keçirilməli olduğu halda, təsisçisi olan iddiaçıya növbəti ümumi yığıncağın çağırılması barədə məlumat verilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən 2020-ci il 10 yanvar, 2020-ci il 14 fevral, 2020-ci il 4 avqust və 2020-ci il 17 avqust tarixli məktublarla yazılı formada cavabdehə müraciət edilsə də, məsələ bu günədək öz həllini tapmamışdır. Son olaraq, qeyd olunan məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə 2023-cü il 14 iyun tarixli 13-7/2-3-11/1548/2023 nömrəli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin pretenziya məktubuna da əhəmiyyət verməmiş və cəmiyyətin təsisçilərinin ümumi yığıncağının keçirilməsini təmin etməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmələr, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir (MPM-nin 4.1 və 24.1-ci maddələri - bax bu qərarın 27-ci bəndinə). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxan məhkəmə MPM-nin 4.1 və 24.1-ci maddələrinə istinad etsə də, iş üzrə icraata xitam verməklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə zidd nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyasının qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iddia ərizəsinə (xitam verilmiş hissəsinə) məhkəmədə baxılmalı və iddianın həmin hissədə əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Odur ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 3725/2023 nömrəli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 3725/2023 nömrəli qərardadı ləğv edilsin. Kommersiya işi (iddianın xitam verilmiş hissəsində) mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar