Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-639/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə qarşı ödənilmiş sadələşdirilmiş verginin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1555/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs AR İN Dövlət Vergi Xidməti) məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə ödənilmiş cəmi 21.282,70 manat məbləğdə sadələşdirilmiş vergi məbləğinin və ödənilmiş 10 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, icra sənədləri üzrə keçirilmiş hərraclar zamanı iddiaçı (əvvəlki adı “xxxx” İKB ASC) daşınmaz əmlakları təqdim edən şəxs olmamış, həmin əmlakı əldə edən qismində çıxış etmişdir. Belə olan halda, keçirilmiş hərraclar zamanı iddiaçıdan sadələşdirilmiş verginin tələb olunaraq tutulması (ödətdirilməsi) qanunsuz və əsassız olmuşdur. Həmçinin, mübahisəli hərracların yekunu olaraq iddiaçının əldə etdiyi daşınmaz əmlaklar gələcəkdə satıldıqda bank tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin tələblərinə əsasən yenidən sadələşdirilmiş vergi ödənilməlidir. Belə olan halda isə, əmlaklar alınarkən iddiaçı tərəfindən sadələşdirilmiş verginin ödənilməsi bankın eyni əmlakla bağlı iki dəfə eyni vergiyə cəlb edilməsinə səbəb olacaqdır. Qeyd edir ki, hərraca çıxarılmış ipoteka predmetinin satılmaması, yəni hərracın baş tutmaması nəticəsində ipoteka saxlayanın əmlakı əldə etdiyi zaman ondan sadələşdirilmiş verginin tutulmasının, faktiki olaraq ipoteka saxlayanın sonradan əmlakı satarkən həmin vergini təkrar ödəmək məcburiyyətində qalmasına və bunun Bankın bir əmlak üzrə bir neçə dəfə eyni vergini ödəmək öhdəliyi ilə yüklü edilməsinə səbəb olur. Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Məhkəmə iddianı rədd edərkən, qətnamədə göstərir ki, “...Vergilər Məcəlləsinin 150.1.13-cü maddəsinə əsasən yaşayış və qeyriyaşayış, habelə torpaq sahələrinin açıq hərracda təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablanaraq tutulması öhdəliyi hərracın nəticələrini müvafiq protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatların üzərinə qoyulsa da, tutulmuş vergilər dövlət büdcəsinə ödənilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-nin şəxsi hesab vərəqəsindən, çıxarışdan və ödəniş tapşırıqlarından görünür ki, tələb olunan məbləğdə sadələşdirilmiş vergi dövlət büdcəsinə köçmüşdür. Belə olan halda iddiaçı iddia tələbini bu tələbə cavab verməli olmayan Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə yönəltmişdir...” Hesab edir ki, sadələşdirilmiş verginin mahiyyəti və tutulması əsaslarını müəyyən edən müddəalara nəzər saldıqda aydın olur ki, sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri- yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı əldə edilən məbləğdən tutulan vergi olmaqla, həmin verginin ödəyicisi qismində sahəni təqdim edən şəxs (konkret olaraq satıçı, sahənin mülkiyyətçisi) çıxış edir. Məhkəmənin cavabdehin iddiaya cavab verməli olmayan subyekt fikrinə gəldikdə isə, hesab edir ki, Bank tərəfindən iddia tələbi düzgün verilmiş və bu da öz təsdiqini iş materiallarına əlavə edilmiş cavabdehin şəxsi hesab vərəqəsində, çıxarışda və ödəniş tapşırıqlarında öz əksini tapmışdır. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxsin nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, işin mübahisəsiz hallarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında ipoteka predmeti əmlaklar hərraca çıxarılmış, həmin əmlaklar hərracın baş tutmaması səbəbindən iddiaçı tərəfindən təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə qəbul edilmiş, hərracın yekunları barədə protokollar tərtib edilərək, iddiaçı ilə hərrac təşkilatı arasında əmlakın alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı hazırda həmin müqavilələr üzrə ödədiyi sadələşdirilmiş verginin cavabdehdən alınıb ona ödənilməsini tələb edir. Bu kontekstdə, məhkəmə mübahisəsinin predmeti olan hər bir iddiaya hüquqi qiymət verildikdə əvvəlcə yoxlanılmalıdır ki, tələb məhz ona cavab verməli olan subyektə qarşı irəli sürülmüşdür yoxsa yox. Bu mənada, tələb yalnız düzgün cavabdehə yönəldildiyi halda əsaslı sayıla bilər. Lakin işin müəyyən olunmuş faktiki halları mübahisənin maddi hüquqi əsasları baxımından dəyərləndirilərkən sabit olur ki, iddiaçı öz tələbini buna bilavasitə cavab verməli olan quruma qarşı qaldırmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.9. sadələşdirilmiş vergi;
11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir; 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.13. aşağıdakılar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar; 150.2. Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. Vergi Məcəlləsinin sadalanan normalarının təhlili göstərir ki, yaşayış və qeyriyaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə ödəmə mənbəyində sadələşdirilmiş vergini ödəmək bilavasitə həmin hərracları keçirən ixtisaslaşdırılmış təşkilatların (hazırkı işdə cavabdehin) vəzifəsidir və bu vergilər dövlət vergiləri olduğu üçün birbaşa dövlət büdcəsinə ödənilir. Bundan əlavə, Vergi Məcəlləsinin: 15.1.4-cü maddəsinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqlarına aiddir; 24.0.10-cu maddəsinə görə, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur; 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 87.4-cü maddəsinə görə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. AR Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 3.1-ci bəndinə görə, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir; 4.1-ci bəndinə əsasən, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: (4.1.1) vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər, (4.1.2) vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər, (4.1.3) Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.2.4-cü bəndinə görə, vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.9-cu bəndinə əsasən, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 nüsxədə rəy tərtib edirlər; 4.10-cu maddəsinə görə, vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. 5.2-ci bəndinə əsasən, mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir; 5.3-cü bəndinə görə, maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Göründüyü kimi, “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə nəzərdə tutulmuşdur ki, həm artıq ödənilmiş vergilərin, həm də faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması üçün ilk öncə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara (aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına) ərizə ilə müraciət edilməli, bundan sonra həmin orqanlar tərəfindən AR Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 nüsxədə rəy tərtib edilməli, ən sonda bu vəsaitlərin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilməlidir. Bu da o deməkdir ki, hazırkı iddia “xxxx” MMC-yə deyil, adıçəkilən Qaydalarda təsbit olunan qaydada müvafiq vergi orqanlarına qarşı qaldırılmalı idi. Odur ki, həm iddia, həm də apellyasiya şikayəti əsassızdır, iddianın əsasları və şikayətin dəlilləri maddi hüquq normalarının səhv təfsirindən ibarətdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1555/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova