Məhkəmə qərarları › İş №2-2(103)-729/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-729/2023

21.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-729/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, e-2-2(113)-918/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə cavabdeh arasında şifahi bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin hesabına 3197,16 manat məbləğində ödəniş edilmişdir.

2. İddiaçı yerquruluşu planının cavabdeh tərəfindən hazırlanıb təqdim edilmədiyini, cavabdeh isə torpaq sahəsinə dair yerquruluşu planının hazırlanıb aidiyyəti üzrə Salyan Rayon İcra Hakimiyyətinə göndərildiyini bildirir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı ödənilmiş 3197,16 manat pul məbləğinin və 61 manat mediasiya xərcinin, cəmi 3258,16 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2019-cu ildə Salyan rayonunun ərazində dövlət torpaq fondundan 226,58 ha torpaq sahəsinin icarəyə götürülməsi ilə əlaqədar yerquluşu sənədlərinin hazırlanması üçün cavabdehin hesabına 3197,16 manat pul köçürülmüşdür. Həmin sənədin 6 ay ərzində hazırlanıb iddiaçıya təqdim olunması barədə razılıq əldə olunmuşdur. Lakin cavabdeh tərəfindən göstərilən sənədlər hazırlanmamışdır. Buna görə də həmin məbləğin geri qaytarılması zəruridir. Həmin məbləğin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********16 saylı məktubda guya həmin planın hazırlanıb iddiaçıya verilməsi qeyd edilir. Həmin sənəd iddiaçıya təqdim olunmamışdır. Bu barədə heç bir təsdiqedici sənəd yoxdur və ola da bilməz. Həmçinin bu problemin məhkəmədən kənar həll olunması üçün cavabdehə mediasiya təklifi göndərmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya prosesi üçün tələb olunan 61 manat rüsum iddiaçı tərəfindən ödənilmişdir.

5. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, Salyan Rayon İcra Hakimiyyəti tərəfindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə iddiaçıya icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair rəy bildirilməsi və yerquruluşu planının hazırlanması məqsədilə keçmiş X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət olunmuşdur. Keçmiş X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair yerquruluşu planının hazırlanması ilə bağlı Cavabdehnə müraciət daxil olumuşdur. Müraciət əsasında Mərkəzin əməkdaşları tərəfindən Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə icarəyə verilməsi nəzərdə tutulan əraziyə baxış keçirilərək müvafiq çöl ölçmə işləri aparılmış və çöl ölçmə işlərinin nəticəsinə uyğun olaraq kameral şəraitdə baza məlumatları əsasında müvafiq araşdırmalar aparılaraq yerquruluşu planı hazırlanmışdır. Yerquruluşu planının hazırlanmasına çəkilən xərclərlə bağlı tərtib olunmuş smeta sənədləri Mərkəz tərəfindən təqdim edilmiş və smetaya uyğun xidmət haqqı ödənilmişdir. Ödəniş edildikdən sonra sözügedən torpaq sahəsinə dair yerquruluşu planı aidiyyəti üzrə göndərilmişdir. Mərkəzin təsərrüfat subyekti olmaqla görülən işlərdən, göstərilən xidmətlərdən maliyyələşdiyini, yerquruluşu planının hazırlanıb təhvil verildiyini, tərtib olunmuş smetaya və ödənilmiş xidmət haqqına uyğun üzərinə düşən işləri tam şəkildə yerinə yetirdiyini nəzərə alaraq ödənilmiş xidmət haqqının geri qaytarılması mümkün olmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(113)-918/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, ödənilmiş 3197,16 manat pul məbləği və 61 manat mediasiya xərci, cəmi 3258,16 manat pul məbləği “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ********** nömrəli məktub və ona əlavə edilmiş qoşmalardan aydın olur ki, yerquruluşu planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Salyan Rayon İcra Hakimiyyəti 14 iyun 2021-ci il tarixli, 443 nömrəli məktubunda etiraf edir ki, Cavabdeh MMC tərəfindən yerquruluşu planı hazırlanmışdır. Məktubda Salyan Rayon İcra Hakimiyyəti 226,58 ha örüş sahəsinə hazırlanmış sözügedən yerquruluşu planını etibarsız hesab edərək, həmin torpaq sahəsindən digər şəxsə icarəyə ayrılması nəzərdə tutulan 150.0 ha torpaq sahəsinə yeni yerquruluşu planının hazırlamasını xahiş edir. Həmin dövrdə yerquruluşu planı əsasında rəyin verilməsi keçmiş X1 Təşkili üzrə Dövlət Agentliyinin səlahiyyətlərinə aid olmuşdur və sonradan Agentlik Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 6-cı bəndinə əsasən ləğv olunmuşdur. Habelə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9n tabeliyində Ərazi İdarələrinin və Cavabdeh MMC-nin strukturları təsdiq edilmişdir. Təsdiq olunmuş yeni strukturda Mərkəzin Layihə Tədqiqat İdarələrinin fəaliyyəti nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq təqdim edilmiş yeni sübutların qısa müddət ərzində əldə olunmasında müəyyən çətinliklər yaranmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, yerquruluşu planı hazırlanaraq Salyan Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir, vətəndaşa müvafiq torpaq sahəsinin ayrılıb-ayrılmaması onların səlahiyyəti daxilində olan məsələdir. Çünki Cavabdeh sadəcə verilmiş sifariş əsasında yerquruluşu planı hazırlayaraq, sifarişin məqsədə uyğunluğunu müəyyən edir. Sifarişlər Salyan Rayon İcra Hakimiyyəti tərəfindən edildiyi üçün Cavabdeh birbaşa vətəndaşı məlumatlandıra bilməzdi. Yerquruluşu planı və ona əlavə olunmuş sənədlər vaxtında Salyan Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İkinci məktubu ilə Salyan Rayon İcra Hakimiyyəti Cavabdehnə bildirmişdir ki, birinci layihə ləğv olunsun və digər şəxs üçün yenisi hazırlansın. Bundan əlavə, hazırki iddiaçıya müvafiq torpaq sahəsinin verilməsi 50 sot hissəsi təyinata uyğun olmadığı üçün Cavabdeh tərəfindən təmin edilməmişdir. Daha sonra ikinci dəfə həmin ərazi üçün plan hazırlandığı zaman həmin 50 sot təyinata uyğun olmayan torpaq sahəsi dəyişdirilmiş, yeni sahələr əlavə edilmişdir.

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

13. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

14. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

22. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

25. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

30. İş materiallarına əlavə edilmiş:

31. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Salyan Rayon İcra hakimiyyəti tərəfindən iddiaçının müraciəti nəzərə alınaraq, Sarvan dövlət fondu qış otlaq sahəsindən 234 hektar torpaq sahəsinin ayrılma məqsədinə uyğun təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etməklə iddiaçının icarəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Torpaq sahəsinin ayrılması üçün yerquruluşu sənədlərinin hazırlanması ilə bağlı cavabdehə müraciət edilmiş, iddiaçı tərəfindən xidmətin dəyəri olan 3197,16 manat cavabdehin hesabına ödənilmişdir.

32. İddiaçı yerquruluşu planının cavabdeh tərəfindən hazırlanıb təqdim edilmədiyini iddia edir, cavabdehin nümayəndəsi isə torpaq sahəsinə dair yerquruluşu planının hazırlanıb aidiyyəti üzrə Salyan Rayon İcra Hakimiyyətinə göndərildiyini bildirir.

33. Salyan Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 351 saylı rəydən görünür ki, iddiaçı, Salyan Rayon İcra hakimiyyətinə müraciət edərək heyvandarlığın inkişafı məqsədilə rayonun dövlət fondu qış otlaq sahəsindən 234 hektar torpaq sahəsinin icarəyə ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının müraciətinə Salyan Rayon İcra hakimiyyətində baxılmış və ona Sarvan dövlət fondu qış otlaq sahəsindən müvafiq torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçının təsərrüfatında 610 baş xırda buynuzlu heyvan vardır və o, ayrılacaq qış otlaq sahəsindən istifadə etməklə heyvandarlığı inkişaf etdirmək istəyir ki, bu da məhsul bolluğu yaratmaqla yanaşı, məşğulluğun artırılmasına da səbəb olacaqdır. Sarvan dövlət fondu qış otlaq sahəsindən 234 hektar torpaq sahəsinin ayrılma məqsədinə uyğun təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etməklə iddiaçının icarəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir.

34. xx.xx.2019-cu il tarixli Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən torpaq sahəsi üçün kadastr puluna görə cavabdehin hesabına 3197,16 manat ödəniş edilmişdir.

35. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********16 saylı məktubdan görünür ki, X1 Təşkili üzrə Dövlət Agentliyinin müraciətinə əsasən yerquruluşu planı hazırlanaraq aidiyyəti üzrə təhvil verilmişdir. Yerquruluşu planının hazırlanıb təhvil verildiyini nəzərə alaraq ödənilmiş xidmət haqqının geri qaytarılması mümkün deyildir.

36. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-71/2-278/2023 saylı cavab məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 Cavabdeh tərəfindən vətəndaş İddiaçı icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair yerquruluşu planının Salyan Rayon İcra Hakimiyyətinə təqdim edilməsi aşkarlanmamışdır.

37. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasında yerquruluşu planının hazırlanması ilə bağlı şifahi formada müqavilə bağlanılmış və qeyd olunan müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin hesabına 3197,16 manat məbləğində ödəniş edilmişdir.

38. Cavabdeh iddiaya qarşı etirazını əsaslandıran fakt kimi yerquruluşu planının hazırlanıb aidiyyəti üzrə göndərildiyinə istinad etdiyindən həmin faktı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmişdir. Hətta, istinad etdiyi fakt, aidiyyəti üzrə göndərildiyi bildirilən Salyan Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli 5-71/2-278/2023 saylı məktubla təkzib edilmişdir.

39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi rəyin hazılanmasına dair sübutlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, hazıkı iş üzrə apellyasiya icraatı zamanı təqdim olunmuş sənədlər mülki prosesual qanunvericiliyin 372.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən məhkəmə kollegiyası tərəfindən sübut qismində qəbul edilməmişdir.

40. Cavabdeh tərəfindən apellyasiya baxışı zamanı Salyan rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 10 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə İddiaçı icarəyə verilməsi nəzərdə tutulan İİİ hissədən ibarət 224.30 ha örüş sahəsinin yerquruluşu planı və Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 441 nömrəli məktubu təqdim edilmişdir.

41. xx.xx.2021-ci il tarixli, 441 nömrəli məktubda qeyd edilmişdir ki, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi tərəfindən rayonun 226.58 ha torpaq sahəsinin yerquruluşu planı hazırlanmışdır. Lakin torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi və 55,0 ha sahədə əkin aparıldığı üçün X1 Təşkili üzrə Dövlət Agentliyindən rəyin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Qeyd olunan torpaq sahəsindən daha səmərəli istifadə olunması məqsədilə Kadastr və Yerqruluşu Layihə Tədqiqat Mərkəzi tərəfindən rayonun 10 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişafı məqsədilə İddiaçı Mürşid oğluna icarəyə verilməsi nəzərdə tutulan 226,8 ha örüş sahəsinə hazırlanmış yerqruluşu planını etibarsız hesab edərək, həmin torpaq sahəsindən heyvandarlığın inkişafı məqsədilə X3 icarəyə ayrılması nəzərdə tutulan 150.0 ha torpaq sahəsinə yerqruluşu planının hazırlanması və müvafiq rəy verilməsi xahiş edilir.

42. Həmin sənədlərə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda da göstərildiyi kimi həmin sənədlər apellyasiya baxışında verildiyi üçün sübut qisminə qəbul edilə bilməz. Sübut qismində qəbul edilsə belə Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 441 nömrəli məktubu Salyan Rayon İcra Hakimiyyəti tərəfindən verilən xx.xx.2023-cü il tarixli 5-71/2-278/2023 saylı məktub ilə təkzib edilir.

43. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 61 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.

45. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi il əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

46. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(113)-918/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar