Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-765/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Təmir-Tikinti Müəssisəsinin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: pulun tutulması, icarə müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Təmir-Tikinti Müəssisəsinin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3010/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli, 06 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, icarəyəverən balansında olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol 54 ünvanında yerləşən, ümumi sahəsi 320 m təşkil edən qeyri-yaşayış sahəsini anbar məqsədi ilə icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən öz balansında yerləşən və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsi, Baksol 54 ünvanda yerləşən, ümumi sahəsi 320 m2 təşkil edən qeyri- yaşayış sahəsini anbar məqsədi ilə İcarəçinin müddətli istifadəsinə verir.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən bir aylıq icarə icarə haqqı ƏDV daxil 409.07 manat müəyyən olunmuşdur.
4. 12 fevral 2022-ci il tarixli aktda iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli 06 saylı müqaviləyə əsasən İcarəçi Cavabdeh MMC-yə Binəqədi rayonu, Ə.Rəsulzadə qəsəbəsi, Baksol-54 ünvanında yerləşən 320 kv.m sahə anbar məqsədi ilə icarəyə verildiyi, ötən müddət ərzində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq “İcarəçi” tərəfindən icarə haqqının ödənilmədiyini, nə də "xxxx" TTM-yə məxsus ərazi “İcarəçi” tərəfindən boşaldılmadığı, 12 fevral 2022-ci il tarixdə isə Cavabdeh MMC-nin nümayəndəsi X3, digər tərəfdən "xxxx" TTM-nin direktoru X4, gözətçi X2, digər sexin nümayəndələri "xxxx" MMCnin işçisi X1, "xxxx"MMC-nin işçisi X7, Cavabdeh MMC-yə məxsus bütün avadanlıqların icarə obyektindən boşaldıldığı və Cavabdeh MMC-nin nümayəndəsinə təhvil verildiyi qeyd olunmuşdur.
5. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci ildə 693,34 manat, xx.xx.2020-ci ildə 346,67 manat, xx.xx.2019-cu ildə 346,67 manat, xx.xx.2019-cu ildə 346,67 manat məbləğində icarə haqları ödənilmişdir. 15. İddiaçının ƏDV sub-uçot hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya icarə müqaviləsi üzrə xx.xx.2020-ci ildə 124,80 manat, xx.xx.2020-ci ildə 62,40 manat, xx.xx.2019-cu ildə 62,40 manat, xx.xx.2019-cu ildə 62,40 manat ƏDV ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" Təmir-Tikinti Müəssisəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2019-cu il tarixli, 06 saylı “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsi üzrə yaranmış 9174,86 manat məbləğində icarə haqqının, 121 manat ödənilmiş dövlət rüsumunun, 320 manat məhkəmə xərcinin, 500 manat dəbbə pulunun, ümumilikdə 10115,86 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 noyabr 2019-cu il tarixli, 06 saylı “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsi bağlanmışdır. Sözügedən icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən, icarəyəverən balansında olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol 54 ünvanında yerləşən, ümumi sahəsi 320 m təşkil edən qeyri-yaşayış sahəsini anbar məqsədi ilə icarəyəgötürənin istifadəsinə vermişdir. Tərəflər icarə haqqını aylıq 409.07 manat, illik isə 4908,80 manat məbləğində razılaşmışlar. Həmin icarə müqaviləsinin 5.2-ci bəndinə əsasən, icarə haqqı cari ayın 10-dək ödənilməlidir. Lakin sözügedən anbarın icarəsinə görə icarə haqqı əvvəl bir neçə ay üçün ödənilsə də sonradan ödənilməmişdir. xx.xx.2022-ci il tarixində "xxxx" TTM ilə Cavabdeh MMC arasında akt imzalanmış, sözügedən akta əsasən, anbar şirkətə təhvil verilmiş, bütün avadanlıqlar Cavabdeh MMCnin nümayəndəsinə təhvil verilmiş, razılaşmaya əsasən yalnız 3 ədəd avadanlıq yaranmış icarə haqqı borcunun 1 ay ərzində ödənilməsi şərti ilə icarəyə verəndə saxlanılmışdır. Lakin həmin 1 (bir) ay müddət keçəndən sonra da pul ödənilməmişdir. Hətta sözügedən aktın tərtibi zamanı başqa şirkətin nümayəndələri də iştirak etmiş və akta imza etmişlər. Göründüyü kimi, icarəyəgötürənin 01 noyabr 2019-cu il tarixindən icarəyə götürülən anbar təhvil verilən günə kimi, yəni xx.xx.2022- ci il tarixinə kimi, ümumilikdə 9174.86 manat məbləğində "xxxx" TTM-yə icarə haqqı borcu yaranmışdır. Dəfələrlə, Cavabdeh MMC şirkətinə edilmiş həm yazılı, həm də şifahi müraciətlərə baxmayaraq nəticəsi olmamış, bu azmış kimi "xxxx" TTM-nin direktoru Zeynalov Elgün barəsində DİN Binəqədi rayon polis idarəsinə şikayət ünvanlamış, polisdə də araşdırma getmişdir. Cavabdeh MMC şirkətinin nümayəndəsi polisdə də şirkətiə borclu olduğunu etiraf etmişdir
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3010/2024 nömrəli qətnaməsi ilə (hakim X6) iddia təmin edilmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 01 noyabr 2019-cu il tarixli, 06 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış, icarə sahəsi xx.xx.2022-ci il tarixdə cavabdehdən geri alınmış, icarə müqaviləsi üzrə cavabdehdən tərəfindən ümumilikdə 11220,21 manat ödəniş edilməli olduğu halda, 2045,35 manat vəsait ödənilmiş, qalıq 9174,86 manat borc ödənilməmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək icarə sahəsində qalmış avadanlıqlar geri qaytarılmadığı üçün öz öhdəliklərini icra etmədiyini bildirmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya icarə müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2020-ci ildə ödəniş edilmiş, icarə sahəsi isə xx.xx.2022-ci il tarixdə iddiaçıya təhvil verilmiş, müqavilə ləğv edildikdən sonra cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Bundan əlavə, cavabdeh yazılı etirazında pandemiya ilə əlaqədar ölkədə elan edilmiş karantinlə bağlı (fors-major hal) ödəniş edə bilmədiyini göstərsə də, cavabdeh tərəfindən məhkəməyə müqavilənin şərtlərinin dəyişdirilməsi və ya müqavilənin daha əvvəl ləğv edilməsi ilə bağlı iddiaçıya müraciət etməsini təsdiq edən sübut təqdim edilməmişdir.
11. Məhkəmə iddianın cərimə pulunun tutulması tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə (6.3-cü bənd) öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3010/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi, iddianı təmin etmək üçün Mülki Məcəllənin digər maddələri ilə yanaşı, 698.1ci maddəsinə də istinad edərək, Cavabdeh MMC-nin avadanlıqlarının iddiaçı "xxxx" MMC tərəfindən girov kimi saxlanılmasını və həmin avadanlıqların yalnız icarə haqqının ödənilməsindən sonra qaytarıla bilməsini göstərməklə, qəbul etdiyi qətnamənin əsaslı olması görüntüsü yaratmağa cəhd etsə də, cavabdehin dəlillərinə, işin həqiqi hallarına və nəhayət, Mülki Məcəllənin bununla bağlı digər normalarının tələblərinə əhəmiyyət verməmişdir. Başqa sözlə desək, məhkəmə nəzərə almamışdır ki, Cavabdeh MMC-nin iddiaçıda olan avadanlıqlarının hazırda “girov” statusunda olması mübahisə mövzusu olmasa da, tərəflərin “girov qoyan” - “girov saxlayan” kimi münasibətlərindən irəli gələn hüquq və vəzifələri tənzimləyən digər imperativ normaların tələbləri iddiaçının özü tərəfindən pozulmuşdur. Belə ki, Mülki Məcəllənin 283.2-ci maddəsinə əsasən, girov saxlayan və girov qoyan digər tərəfdə olan girov qoyulmuş əşyanın mövcudluğunu, miqdarını, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlaya bilərlər. İş materiallarından da göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixdə qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsini və cavabdehə məxsus ümumi dəyəri 27 296 (iyirmi yeddi min) ABŞ dolları olan iki əsas avadanlıq və onların hissələrinin iddiaçının girovunda saxlanılmasını təsdiq edən akt tərtib edilmişdir. Qeyd edilən aktdan da göründüyü kimi, həmin aktla iddiaçıya girov qoyulan əmlakların dəyəri 27.296 ABŞ dolları (46 403,2 manat) təşkil edir və bu faktı iddiaçı özü də təsdiqləmişdir. Başqa sözlə desək, cavabdehin girovda olan əmlaklarının dəyəri iddiaçının iddia tələbindən 4 dəfədən də çoxdur. Onu da sübut etməyə ehtiyac yoxdur ki, icarə haqqının ödənilməsi tələbi, girov qoyulmuş avadanlıqların qaytarılması ilə eyni vaxtda həyata keçirilməlidir. Digər tərəfdən, girov əmlakların mövcudluğunun və faktiki vəziyyətinin yoxlanılması hüququ, icarə haqqının ödənilməsi ilə bağlı mübahisəsinin olub-olmamasından asılı edilməmişdir. Məhkəməyə də məlum idi ki, iddiaçı girov əmlakları nəinki qaytarmır, hətta onlara cavabdeh tərəfindən baxış keçirilməsinə şərait yaratmaqdan belə imtina edir və bununla bağlı iddiaçının vəzifəli şəxsinin qanunsuz hərəkətlərindən cavabdeh hüquq mühafizə orqanlarına şikayət etmişdir və Binəqədi rayon Polis idarəsində araşdırma aparılır. Cavabdeh MMC-nin iddiaçının girovunda saxlanılan əmlakının vəziyyətinin yoxlanılması hüququ iddiaçı tərəfindən pozulmuş, Cavabdeh MMC-nin nümayəndələri girov əmlakın mövcudluğunu, miqdarını, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq imkanından məhrum edilmişdir. Əgər nəzərə alınsa ki, iddia edilən icarə haqqı məbləğinin ödənilməsi ilə girov əmlak dərhal mülkiyyətçisinə (Cavabdeh MMC-yə) qaytarılmalıdır, bu halda iddiaçı həmin əmlakın mövcudluğunu və vəziyyətini, hazırda sonuncu tərəfindən qanunsuz olaraq istismar edilmədiyini sübut etmək, eyni zamanda Mülki Məcəllənin 283.2-ci maddəsinin imperativ tələblərini yerinə yetirmək üçün hər hansı şərt, o cümlədən əmlaklara baxış keçirilməsinə icarə haqqının ödənilməsindən sonra icazə verəcəyinə dair şərt irəli sürə bilməzdi. Belə ki, əmlaklarının vəziyyətinin yoxlanılması hüququ icarə haqqının ödənilməsi ilə şərtləndirilən hüquq deyil. Belə olan halda, yəni dəyəri iddia edilən icarə haqqından 4 dəfədən də çox olan, iddiaçının girovunda saxlanılan avadanlıqların vəziyyətinin yoxlanılmasına icazə verilmədən hazırkı iddianı irəli sürməkdə iddiaçının subyektiv hüququnun olmadığı aşkardır. İş materiallarından da göründüyü kimi, icarə müqaviləsi yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə tədbirlərinin tətbiq edilməsindən bir neçə ay əvvəl imzalanmışdı və həmin müqavilə imzalanan zaman şəraitin belə əhəmiyyətli dərəcədə dəyişəcəyini əvvəlcədən görmək mümkün deyildi. Müqavilədə icarə obyektinin “anbar” məqsədləri üçün icarəyə götürüldüyü göstərilsə də, nəzərə almaq lazımdır ki, bu münasibətlər ölkədə pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərdən və bununla bağlı həmin icarə sahəsinin xidmət etdiyi cavabdehin biznesinə dəymiş zərərdən kənarda qalmamışdır. Belə ki, qeyd edilən icarə müqaviləsi Aluminium Qapı və Pəncərə istehsalı üzrə fabrik fəaliyyəti üçün imzalanmışdı və fabrikin fəaliyyəti pandemiya dövründə mümkün olmadığına görə gəlir əldə edilməsi də mümkün olmamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, kommersiya hüquqi şəxsinin bütün fəaliyyətinin kommersiya fəaliyyətinə aid olması şübhəsizdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında da Məhkəmə bildirdi ki “..tərəfin kommersiya hüquqi şəxsi olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması .. şübhə doğurmur.” Belə olan halda şəraitin dəyişməsinin icarə müqaviləsi üzrə öhdəliklərin də yerinə yetirilməsinə təsir etdiyi aşkardır. Pandemiya ilə əlaqədar məhdudiyyətlər tətbiq edilməsi nəticəsində ölkədə əksər müəssisələrin fəaliyyətinin dayandırılması və bu səbəbdən də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərdən məhrum olmasına və bunun da nəticəsində icarə haqlarını müqavilədə göstərilən məbləğdə ödəmək imkanından məhrum olması cavabdehin öhdəliklərinin “təqsirli pozuntusu” hesab edilə bilməz. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı cavabdehə məxsus avadanlıqları (dəyəri tələb olunan icarə haqqı məbləğindən 4 dəfədən də artıq olan avadanlıqları) girova götürmüş, lakin həmin girovun faktiki vəziyyətini yoxlamağa cavabdehə şərait yaratmaqdan imtina etdiyi üçün qarşılıqlı öhdəliyin (girovun cavabdehə qaytarılması öhdəliyinin) icrasından yayınır ki, iddiaçının bu davranışı Mülki Məcəllənin 446.7-ci maddəsinin dispozisiyasına uyğundur. Lakin işə baxan məhkəmə, tərəflərin mülki münasibətlərinə müqavilədən, Mülki Məcəllənin istinad edilən normalarından və yaranmış şəraitdən asılı olaraq nümayiş etdirməli olduqları davranışa uyğun maddi hüquq normasını düzgün tətbiq etməməklə, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır. Koronavirus (COVİD-19) epidemiyasının dünyada sürətlə yayılması, bu infeksiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün profilaktik və təxirə salınmaz tədbirlərin görüldüyü hamıya məlum olan faktdır və bu faktın sübuta ehtiyacı yoxdur. Hamıya məlum olan fakt həmçinin ondan ibarətdir ki, profilaktik və təxirəsalınmaz tədbirlərin sırasına ölkə ərazisində bir neçə həyati əhəmiyyətli fəaliyyəti olan müəssisə və təşkilatlar istisna olmaqla, bütün müəssisələrin fəaliyyəti qadağan edilmiş, yaxud ciddi məhdudiyyətlərə məruz qalmışdı. Məhkəmə nəzərə almamışdır ki, icarə müqaviləsinin pandemiyadan əvvəlki dövrü üçün cavabdeh icarə haqlarını vaxtlıvaxtında ödəmiş, gecikmələr yalnız məhdudiyyətlərin tətbiq olunduğu dövrə təsadüf etmişdir. Cavabdeh tərəfindən dəfələrlə İddiaçıya güzəşt üçün müraciət edilsə də, sonuncu buna məhəl qoymadan icarə haqqını əvvəlki qiymətlərlə hesablamaqda davam etmişdir. Məhz bu səbəbdən də 2022-ci ilin əvvəlində avadanlıqların girov saxlanılması şərtilə Cavabdeh icarə obyektini tərk etmişdir. Lakin məhkəmə, mübahisənin həllinə və şərh edilən dəlillərə formal yanaşmış və nəticə etibarı əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
16. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 698.1-ci maddəsinə əsasən hər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması hüququna malikdir. 698.4-cü maddəsinə əsasən kirayəçi kirayəyə verənin girov hüququnun həyata keçirilməsinin qarşısını təminat vermək yolu ilə ala bilər; hər hansı ayrıca əşyanı onun dəyəri miqdarında təminat verərək girov hüququndan azad edə bilər. 430.1-ci maddə-əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddə-öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə-borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.4-cü maddə- borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3010/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh-icarəçi 01 noyabr 2019-cu il tarixli, 06 saylı “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək sahədən istifadə etdiyi və ümumilikdə 11220,21 manat ödəniş edilməli olduğu halda, 2045,35 manat vəsait ödəmiş, qalan 9174,86 manat borc ödənilməmişdir.
20. Cavabdehin apellyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, pandemiya dövründə icarəyə götürdüyü sahədə fəaliyyət göstərə bilmədiyindən öhdəliyin icra edilməməsində təqsirli olmamışdır. Eyni zamanda əmlakları icarəyəverən tərəfindən girov saxlanılmış və həmin əmlakların hazırda vəziyyətinin yoxlanılması üçün icarəçiyə şərait yaradılmamışdır.
21. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, “Covid-19” pandemiyası dövründə icarəyə götürdüyü sahədə fəaliyyət göstərə bilmədiyi üçün icarə haqqı ödənişlərindən azad edilməsi ilə əlaqədar cavabdeh tərəfindən MM-nin 448-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiaçıya bildiriş göndərilmədiyindən həmin dövr üçün öhdəliyin icra edilməsindən birtərəfli imtina edilməsi əsassızdır. Bundan əlavə icarə haqqı borcunun ödənilmədiyi təqdirdə icarəyəverənin icarəçinin əmlaklarını girov saxlamaq hüququ MM-nin 698-ci maddəsində nəzərdə tutulduğundan cavabdehin bu hala istinad etməklə ödənişi həyata keçirməkdən imtinası əsassızdır.
22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3010/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3010/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.