Məhkəmə qərarları › İş №2-2(103)-921/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-921/2025

17.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-921/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-465/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-465/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 58200 (əlli səkkiz min iki yüz) manat məbləğində əsas borc və ödənilmiş 266 (iki yüz altmış altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2-2(113)-465/2025 nömrəli qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 133.1-133.3-cü maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit edilmişdir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-465/2025 nömrəli qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verdiyi zaman müddəti ötürmüş və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab olunması barədə ərizə təqdim etmişdir. Qeyd olunmalıdır ki, əgər tərəf apellyasiya şikayəti verməklə yanaşı, həmçinin ərizə verərək apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab olunmasını xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə həmin ərizəni tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Birinci instansiya məhkəməsi isə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab olunması barədə Cavabdeh MMC tərəfindən verilmiş ərizəni bu qaydada müzakirə etməli olduğu halda bunu etməmiş, onun apellyasiya şikayəti vermə müddətini ötürüb-ötürmədiyi, ötürmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqlarının olmasını nəzərə almadan iş apellyasiya instansiyasına göndərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur və iş, Cavabdeh MMC-nin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab olunması barədə ərizəsinə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-465/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş, Cavabdeh MMC-nin apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab olunması barədə ərizəsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar