Məhkəmə qərarları › İş №2-2(121)-2694/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-2694/2024

21.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-2694/2024 21.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair iş materiallarını nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilən iddia tələbi əsasında iş Biləsuvar Rayon Məhkəməsinin 2(022)-776/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh sahibkarlıq subyektləri olmaqla vergi ödəyiciləridir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Biləsuvar Rayon Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan aydın olur ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınaraq ona xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN verilmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan həmçinin aydın olur ki, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınaraq ona xx.xx.2009cu il tarixdə ********** nömrəli VÖEN verilmişdir. İşin materiallarından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə notariat qaydasında təsdiq edilmiş öhdəlik ərizəsi imzalamışdır. Qeyd olunan ərizənin surətindən və iddiaçının mövcud iddia ərizəsindən görünür ki, Cavabdeh fiziki şəxs kimi, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxs kimi öhdəlik ərizəsini imzalamışdır. Öhdəlik ərizəsində və iddia ərizəsində cavabdehin hazırki pulun məhz sahibkar kimi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar verilməsinə dair hər-hansı qeyd mövcud deyildir. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının verdiyi izahatda bu barədə hər hansı fikir bildirilməmişdir. Göründüyü ki, iddia ərizəsi üzrə tərəflər hər biri ayrı-ayrılıqda vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla fərdi sahibkar statusuna malikdirlər. Lakin, məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh sahibkarlıq subyektləri olmaqla vergi ödəyiciləri olması əsası ilə işin Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Göstərilən Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərdən hər ikisinin fərdi sahibkar olmasına baxmayaraq hazırki mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 10-cu bəndinə əsasən MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin Qərarın 11-ci bəndinə əsasən, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının və qanunverciliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından, hazırki mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxılmamalıdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi əsassızdır. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, məhkəmə aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə hesab edir ki, işin məhkəmə aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı vardır. Buna görə də işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 32.7 və 263- 264-cü maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiası əsasında işin icraata qəbul edilməsindən imtina edilsin. İşin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar