Məhkəmə qərarları › İş №2(3-6)-514/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-514/2026

11.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-514/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciətinə qadağa qoyulmasına, tələbkar kimi verdiyi ərizələrin qəbulundan imtinaya görə pozulmuş məhkəmə təminatı, sosial, mənzil təminatı hüququnun bərpası və dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-6287/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciətinə qadağa qoyulmasına, tələbkar kimi verdiyi ərizələrin qəbulundan imtinaya görə pozulmuş məhkəmə təminatı, sosial, mənzil təminatı hüququnun bərpası və dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məhkəməyə müraciətinə qadağasından dəyən toplam 355.000 manat ziyanın dövlət tərəfindən cavabdehlik daşıyan Maliyyə Nazirliyi tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları:

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-6287/2025 nömrəli qərardadı ilə (hakim V.Musayeva) İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciətinə qadağa qoyulmasına, tələbkar kimi verdiyi ərizələrin qəbulundan imtinaya görə pozulmuş məhkəmə təminatı, sosial, mənzil təminatı hüququnun bərpası və dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur.

3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının inzibati məhkəmə icraatı çərçivəsində qəbul edilmiş qərarlardan şikayət vermə hüququ qanunla təsbit edilmişdir, belə olan təqdirdə onun inzibati məhkəmə icraatı qaydasında verdiyi iddia ərizələrinin icraata qəbulundan imtina edildiyi təqdirdə şikayət vermə hüququ olduğu halda hazırki ərizə ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edilməsi yolverilməzdir.

Şikayətin dəlilləri:

4. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 6287/2025 nömrəli qərardadından şikayət vermişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə (hakim) özbaşına, kənardan sifarişlə şəxsi mülahizəsi əsasında ərizənin yolverilməzliyinə görə qəbulundan imtina edib. Bu qərardad qanunsuzdur, maddi, prosessual hüquq normalarının kobud pozuntusu ilə çıxarılıb, mütləq ləğv olunmalıdır. Məhkəmə MPM-in 153.2.1-ci maddəsinə əsasən, yəni işə məhkəmədə və ya mülki məhkəmə icraatında baxıla bilməzliyinə görə iddianın yolverilməzliyini qərara alsa da, qərardadını əsaslandırmayıb. MPM-in 9.3-cü maddəsinə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandıra bilməz. MPM-in 153.3 maddəsinə görə, hakim ərizənin qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında, yaxud mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə MPMin bu tələbinə əməl etməyib. MPM-in 151.3-cü maddəsinə görə, məhkəmə iddia ərizəsini daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Onun ərizəsi məhkəməyə xx.xx.2025-ci ildə daxil olub, xx.xx.2025-ci ildə - 9 gün müddətində qəbulundan imtina edilib. Yəni ərizəsi qəbul edilmiş sayılır. Onun hakimə kənardan idarə olunmasına, qeyri-prosessual sifarişdən savadsızlığına, qərəzinə, ədalətsizliyinə, özünü tərəf kimi, qarşı tərəfin vəkili rolunda apardığına görə etirazına da baxılmayıb. Bu hakim "xxxx" ASC-yə qarşı işdə xx.xx.2025-ci ildə müşavirə otağına gedib və... müşavirə otağında yeni iclas təyin edib, hələ də müşavirə otağından qayıdıb, qərarını açıqlamayıb. ABB-yə qarşı işdə bu hakimə etirazına da baxılmayıb, hakim özbaşına, ərizə vermədiyi halda onun adına özbaşınalığına "paykovoy" vəkil (Ayaz Məmmədzadə) ayırıb və büdcədən 77 manatı "yeyiblər". Ərizə verilmədiyi, xidmət göstərilmədiyi halda, dövlət büdcəsindən hakimin özünə vəkil ayırması korrupsiya cinayətidir. Hakimə etiraza məhkəmə sədri baxmalı olduğu halda, yenə qanunvericiliyin tələbinə əməl edilməyib. Əslində vicdanı olan hakim özü-özünə etiraz etməli idi. Amma hakim vicdan hissini tamam unudub, qərəzini, kənardan sifarişi hakim adından, Konstitusiyadan üstün tutub. Göstərilənləri qərardadın mütləq ləğv edilməsini, hakim barəsində Məhkəmə Hüquq Şurasında araşdırma aparılmalı olmasını zəruri edir.

Tətbiq edilən hüquq normaları:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

7. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.

8. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-6287/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. İş materillarından göründüyü kimi, iddiaçı Cavabdeh1nə iddia ərizəsi ilə müraciət etmiş, onun ərizəsinin qəbulundan imtina edilmişdir. Bundan sonra o, Cavabdeh1 və Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində göstərərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və onlardan məhkəməyə müraciətinə qadağa qoyulmasına, tələbkar kimi verdiyi ərizələrin qəbulundan imtinaya görə pozulmuş məhkəmə təminatı, sosial, mənzil təminatı hüququnun bərpası və dəyən maddi-mənəvi ziyanın ödənilməsini tələb edərək, Cavabdeh1 məhkəməyə müraciətinə qadağasından dəyən toplam 355.000 manat ziyanın dövlət tərəfindən cavabdehlik daşıyan Maliyyə Nazirliyi tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən iddiaçının ərizənin yolverilməzliyinə görə qəbulundan imtina edildiyinə görə iddiaçı məhkəmənin qərardadından şikayət vermiş və şikayətində qeyd etmişdir ki, məhkəmə iddia ərizəsini daxil olmasından 5 gün müddətində və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayıldığı halda, onun ərizəsi məhkəməyə xx.xx.2025-ci ildə daxil olub, xx.xx.2025ci ildə - 9 gün müddətində qəbulundan imtina edilib, yəni ərizəsi qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası iddiaçının şikayətdə göstərdiyi bu dəlilinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, eyni tarixdə iddiaçı tərəfindən işə baxan hakimə etiraz da elektron kabinet vasitəsilə təqdim edilmişdir. Belə olan təqdirdə iddia ərizəsinin icraata qəbulu məsələsinə təqdim edilmiş etirazla birlikdə məhkəmə iclasında baxılması zərurəti yaranmış, tərəflər məhkəmə iclası barədə məlumatlandırılmışdır. Bundan sonra, iş üzrə təyin edilmiş iclasında hakimə edilmiş etiraz məsələsi müzakirə edilmiş, daha sonra məhkəmə tərəfindən iş üzrə yekun məhkəmə aktı çıxarılmaqla ərizənin icraata qəbulundan imtina edilmişdir. Buna görə məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir.

12. Şikayətdə həmçinin göstərilmişdir ki, MPM-in 153.3-cü maddəsinə görə hakim ərizənin qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxararkən, işə məhkəmə qaydasında, yaxud mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərməli olduğu halda MPM-in bu tələbinə əməl etməyib. Məhkəmə kollegiyası iddiaçının bu dəlilinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-6287/2025 nömrəli qərardadının nəticəvi hissəsində iddiaçıya onun müvafiq məhkəmə aidiyyəti üzrə müraciət etmək hüququna malik olması izah edilmişdir. Buna görə məhkəmə kollegiyası iddiaçının bu dəlilini də əsassız hesab edir.

13. Beləliklə, məhkəmə kollegiyası iddiaçının iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının inzibati məhkəmə icraatı qaydasında verdiyi iddia ərizələrinin icraata qəbulundan imtina edildiyi təqdirdə qərardaddan şikayət vermə hüququ olduğu halda, hazırki ərizə ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edilməsi yolverilməzdir.

14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti əsassızdır və qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-6287/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar