Məhkəmə qərarları › İş №7(3-6)-963/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-963/2026

10.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-963/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi, Qarayeva Mehriban Cəfər qızı və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, Məhkum Məhkum, müdafiəçisi Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən prokuror apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkum Məhkum barəsində verilmiş mülahizədən görünür ki, ##.##.2001-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Suraxanı rayon məhkəməsinin ##.##.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddəsilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzanın 09 ay 28 gün hissəsi çəkilməmış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan məhkum Məhkum Balakən rayon məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 , 234.1 və 237.1-ci maddələrinə əsasən barəsində norkamaniyadan məcburi müalicə təyin edilməklə CMnin 66.2, 68.1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Balakən rayon məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələri ilə təqsirli biinərək CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, ##.##.2023-cü il tarixdə X10 ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Məhkum Məhkum şəxsi işinə nəzər saldıqda məlum olur ki, o, İstintaq təcridxanasında saxlandığı müddət ərzində daxili rejim qaydaları pozuntusu hallarına yol verməmişdir. Məhkum Məhkum müəssisəyə gəldiyi onunla karantin briqadasında islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri ona izah olunmuş, sualları cavablandırılmışdır. Məhkum Məhkum ** saylı CÇM-də cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınsa da, aparılan islah məqsədli fərdi tərbiyəvi söhbətlərdən nəticə çıxartmaqa çalışsa da, törətdiyi cinayətini etiraf edsə də, cəza çəkdiyi müddət ərzində daxili intizam qaydalarını pozduğuna görə ##.##.2025-ci il tarixdə məhkum yoldaşı X4 ilə məişət zəmnində mübahisə edərək daxili intizam qaydalarını pozduğu üçün 07 (yeddi) gün müddətinə CT-na təcrid edilmişdir. Onunla aparılan islah məqsədli söhbət və fərdi–tərbiyəvi proflaktiki tədbirlərdən eləcədə barəsində tətbiq edilmiş tənbeh tədbirindən özündə müsbət nəticə çıxarmışdır. Xasiyyətcə sakitdir, məhkum yoldaşları ilə mehribandır. Ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsilə əlaqə saxlayır, onlarla münasibəti yaxşıdır. Müəssisə əməkdaşlarına qarşı səmimidir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin ##.##.2026-cı il tarixli Qərarına əsasən “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 06 (altı) ay azaldılmışdır. Cəzasının əvvəli ##.##.2022-cü il olmaqla ##.##.2027-ci ildə başa çatır. Hal-hazırda çəkilməmiş cəzası 08 (səkkiz) ay 18 (səkkiz) gün təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya” tərəfindən məhkum Məhkum barəsində, ##.##.2026-cı il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasına dair müsbət protokol verilmişdir. Nəticədə məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə görə cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli, **/**** nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarda göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə götərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olması nə məhkəmə iclasında verdiyi izahatında, nə də ki, şəxsi iş materiallarına əlavə edilmiş sənədlərdə öz əksini tapmadığı halda, təqdim edilmiş mülahizədə ümumi və şablon ifadələrə əsaslanmaqla, Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun sayılmışdır. Bundan başqa cəzaçəkmə müəssisəsi tərəfindən təqdim olunmuş mülahizəsində və məhkumun şəxsi iş materiallarında məhkumun müsbət xarakterizə edilməsinin, davranışının, əməyə münasibətinin nədən ibarət olması konkret göstərilməmişdir. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmşdir ki, məhkum cəza çəkdiyi müddətdə barəsində heç bir həvəsləndirilmə tədbiri tədbiq edilməmiş, əksinə bir dəfə tənbeh tədbiri tədbiq edilmişdir. Bundan başqa məhkumun narkomaniyadan məcburi müalicəsi davam edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı məhkumun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlinməsi üçün kifayət qədər əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 397 və 398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 10 (on) iş saat hüquqi xidmətə görə vəkil X1 110 (yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar