Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-333/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar, məhkəmə aktının icrası) Hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, ərizəçi Ərizəçi MMC-nin nümayəndəsi X4, cavabdeh cavabdeh3 BOKT ASC-nin nümayəndəsi X2 iştirakları ilə Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirləri haqqında ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(4-11)- ***/**** nömrəli qərardadından cavabdeh cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbirləri haqqında ərizə və onun dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclu cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulması, həmin əmlakla bağlı hər hansı hərəkətin edilməsinin üçüncü şəxs Üçüncü şəxs və Bakı Şəhəri Binəqədi Rayon Icra Şöbəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən əmlak kompleksinə dair mülkiyyət hüququnun cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı hərəkətin edilməsinin Üçüncü şəxs və Bakı Şəhəri Binəqədi Rayon Icra Şöbəsinə qadağan edilmiş, müvəqqəti təminat tədbirlərinin ##.##.2026-cı il tarixdə qüvvədən düşməsi qərara alınmışdır.
3. Həmin qərardaddan cavabdeh cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi, ərizənin rədd edilməsi, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, ərizəçi ilə yanaşı cavabdeh3 QSC-nin də icra sənədinə əsasən həmin əmlak əldə etməyə hüququ olmuş, bu zaman onun tələbi ərizəçidən dəfələrlə çox olmuşdur. Belə ki, Ərizəçi MMC-nin cavabdeh cavabdeh2 MMC-dən tələbi 4 milyon manat civarında olduğu halda, cavabdeh3 QSC-nin tələbi 496 959 822,55 ABŞ dolları, 208 022,03 Avro və 24 779 798,23 manat olmuşdur. cavabdeh3 QSC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci və “Icra haqqında” Qanunun 62-ci maddələrinə uyğun keçirilən hərracda qanuni əsaslarla iştirak edib əmlakı hərracdan əldə etmiş, bu zaman hərracın keçirilməsi zamanı hər hansı bir qanun pozuntularına da yol verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1ci maddəsinə görə də yalnız bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Lakin işin hallarından görünür ki, hərrac keçirilərkən müəyyənləşdirilmiş qaydalar pozulmamışdır. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. “xxxx" MMC-nin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə ## ##### 2026-ci il tarixli ərizəsi Binəqədi Rayon Məhkəməsinin 2026-cı il ## ##### tarixli e-16 (*-**)-***/**** saylı qəradadı ilə qismən təmin edilərək göstərilən əmlak kompleksi ilə bağlı hər hansı sənədləşdirmə işlərinin aparılması Binəqədi rayon Icra şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qadağan edildiyindən Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ##### tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ləğv edilib işin icraatına xitam verilməlidir. Məhkəmə tərəfindən aidiyyət qaydaları pozularaq ərizə icraata qəbul edilən zaman aidiyyət ilə əlaqədar məsələlər yoxlanılmamışdır. Ərizədən də görünür ki, oradakı məsələ sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Ərizədə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı icraçının hərəkətləri mübahisələndirilir. Bu işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr – artıq qeyd olunduğu kimi, Binəqədi Rayon Məhkəməsi e-**(*-**)-***/**** nömrəli 2026-ci il ## ##### tarixli qərardadı ilə baxmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinə etiraz
6. Ərizəçi tərəfindən şikayətə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilməsi işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğun olmuşdur. Ilk növbədə nəzərə alınamalıdır ki, müvəqqəti təminat tədbirinə ərizə təmin edilərkən onu zəruri edən hallar ərizəçi tərəfindən təqdim edilmiş və məhkəmə həmin halları nəzərə almışdır. Şikayət formal xarakter daşıyır, mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas ola bilməz.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi isə şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
8. Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
10. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
11. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
12. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
13. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
14. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
15. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 5. Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Apellyasiya baxışının həddi
17. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
18. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
19. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).
20. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri müstəsna xarakterli prosessual vasitə olmaqla, tərəfin hər hansı narazılığına əsasən deyil, yalnız qanunda müəyyən edilmiş meyarların mövcudluğu sübuta yetirildiyi halda tətbiq edilə bilər. Ərizəçi tədbirin tətbiqi üçün həm gələcək iddianın kifayət qədər əsaslılığına dair ilkin sübutları, həm də tədbir görülmədiyi təqdirdə hüquqlarının müdafiəsinin mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin olacağını konkret hallarla əsaslandırmalıdır.
21. Hazırkı hüquqi vəziyyətdə tələb olunan qadağa qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında başlanmış icra icraatının nəticəsi olaraq daşınmaz əmlakın tələbkarın adına rəsmiləşdirilməsinə mane olmağa yönəlmişdir. Əmlakın tələbkara verilməsi və onun adına qeydiyyata alınması icra prosesində ayrıca təsadüfi hərəkət deyil, məhkəmə aktının icrasının hüquqi nəticəsidir. Buna görə də, qeydiyyatın qadağan edilməsi formal olaraq yalnız dövlət reyestri orqanına yönəlsə də, mahiyyət etibarilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasını dayandıran nəticə doğurur.
22. Qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası hüquqi müəyyənlik prinsipinin və məhkəməyə müraciət hüququnun tərkib hissəsidir. Qətnamə ilə tanınmış hüququn uzun müddət icra olunmaması həmin hüququ formal və səmərəsiz edə bilər. Buna görə də, icra prosesinin nəticələrini bloklayan müvəqqəti təminat tədbiri yalnız icra hərəkətinin qanunsuzluğuna dair ciddi, konkret və ilkin baxışdan inandırıcı sübutlar mövcud olduqda tətbiq edilə bilər; əks halda həmin tədbir icradan yayınma və ya icranın əsassız ləngidilməsi vasitəsinə çevrilmiş olar.
23. Kollegiya qeyd edir ki, ərizəçinin əmlakın qiymətləndirilməsi ilə razılaşmaması, əmlakın daha yüksək dəyərə malik olması barədə alternativ rəylərə istinad etməsi və ya onun xüsusi statusa malik olduğunu bildirməsi öz-özlüyündə iddianın kifayət qədər əsaslılığını təsdiq etmir. Qiymətləndirmə nəticələri arasında fərqin mövcudluğu hər bir halda icra məmurunun əsas götürdüyü qiymətləndirmənin qanunsuz olduğunu göstərmir.
24. Məhkəmə nəzərə alır ki, icra məmurunun hərəkətlərinin qanuniliyi ilə bağlı etirazların irəli sürülməsi üçün icra qanunvericiliyində xüsusi müdafiə mexanizmləri nəzərdə tutulmuşdur. Icra hərəkətindən şikayət verilməsi, qanunda nəzərdə tutulmuş əsaslar olduqda icra sənədi üzrə icraatın dayandırılması və mübahisəli icra hərəkətinin qanuniliyinin ayrıca yoxlanılması həmin müdafiə vasitələrinə daxildir. Müvəqqəti təminat tədbiri isə bu xüsusi prosessual mexanizmlərin şərtlərini kənara qoyaraq icranın faktiki dayandırılması üsulu kimi istifadə edilə bilməz. “Icra haqqında” Qanun icra icraatının dayandırılması və icra məmurunun hərəkətlərindən şikayət mexanizmini ayrıca tənzimləyir.
25. Eyni zamanda, ərizəçi qeydiyyat baş verdiyi halda onun hüquqlarının sonradan müdafiəsinin hansı səbəbdən qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətin olacağını da konkret sübutlarla əsaslandırmalıdır. Mülkiyyət hüququnun qeydiyyata alınması icra sənədinin icrasının nəzərdə tutulan hüquqi nəticəsidir və yalnız həmin nəticənin ərizəçi üçün əlverişsiz olması onun qarşısının müvəqqəti təminat tədbiri ilə alınmasına əsas yaratmır. Ərizəçi əmlakın dərhal özgəninkiləşdirilməsi, üzərinə yüklülük qoyulması və ya gələcək məhkəmə müdafiəsini faktiki olaraq mümkünsüz edəcək digər real təhlükələrin mövcudluğunu göstərmədiyi halda, ehtimal xarakterli risklər əsasında icra nəticəsinin bloklanması əsaslı hesab edilə bilməz.
26. Mütənasiblik baxımından da tələb olunan tədbir qəbul edilə bilməz. Belə qadağa tələbkarın qanuni qüvvəyə minmiş məhkəmə aktından irəli gələn təminat əldə etmək hüququnu qeyri-müəyyən müddətdə gecikdirir, icra sənədinin həyata keçirilməsinə faktiki maneə yaradır və məhkəmə aktının icra olunması hüququna ciddi müdaxilə təşkil edir. Ərizəçinin təqdim etdiyi ilkin sübutlar isə belə ağır məhdudiyyəti əsaslandıracaq səviyyədə deyildir. Qadağanın müddətinin məhdud müəyyən edilməsi də bu nəticəni dəyişmir, çünki həmin müddət ərzində icra sənədinin əsas nəticəsi olan hüququn rəsmiləşdirilməsi tamamilə bloklanır.
27. Beləliklə, məhkəmə hesab edir ki, icra hərəkətinin və ya qiymətləndirmənin qanunsuzluğunu ilkin baxışdan təsdiq edən mötəbər sübutların təqdim edilməməsi, qeydiyyatın həyata keçirilməsinin ərizəçinin hüquqlarının müdafiəsini qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcəyinin əsaslandırılmaması, habelə tələb edilən qadağanın qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına qeyri-mütənasib müdaxilə yaratması nəzərə alınaraq, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tələbkarın adına dövlət qeydiyyatına alınmasının qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə rədd edilməlidir.
28. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməli və ərizə rədd edilməlidir.
29. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdeh cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi rədd edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.