Məhkəmə qərarları › İş №e-16(3-6)-515/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-515/2026

04.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-515/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizəsi ilə bağlı icraat üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinin qadağan edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Iddiaçı Ərizəçi cavabdeh “K.Y.Fərəcova adına X4 Institutu” PHŞ-ə qarşı “işəgötürən tərəfindən keçirilmiş attestasiyanın qanunsuz hesab edilməsi və attestasiyanın keçirilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə iddiaçının müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Iddiaçı Ərizəçi cavabdeh “K.Y.Fərəcova adına X4 Institutu” PHŞ-ə qarşı “işəgötürən tərəfindən keçirilmiş attestasiyanın qanunsuz hesab edilməsi və attestasiyanın keçirilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi attestasiyanın keçirilməsi və iddiaçının attestasiyaya cəlb edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın qanunsuz hesab edilməsi və attestasiyanın keçirilməsi barədə qərarın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı eyni zamanda müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun attestasiyaya cəlb edildikdən sonra attestasiya komissiyasının qəbul etdiyi qərarın qanuniliyi məhkəmə qaydasında yoxlanılanadək və qərarın qanuniliyi öz təsdiqini tapanadək cavabdeh müəssisəyə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə belə əsaslandırılmışdır ki, Ərizəçi hazırda “cavabdeh2” PHŞ-nin xxxx vəzifəsində çalışır. Ərizəçi əmək fəaliyyəti dövründə həmişə öz əmək funksiyalarını lazımınca və vicdanla icra etmiş, kollektivdə həmişə nümunəvi işçi kimi fərqlənmiş, əmək və icra intizamına ciddi riayət etmiş və heç vaxt intizam tənbehi almamışdır. Eyni zamanda tibb elmləri üzrə fəlsəfə doktoru olan Ərizəçi elmi hazırda da tədqiqat fəaliyyəti ilə də məşğuldur və elmlər doktorluğu dissertasiyası işi üzərində araşdırma aparır. Buna baxmayaraq, Ərizəçi qarşı çalışdığı müəssisənin rəhbəri nümayəndə2 tərəfindən bir sıra qanunsuz hərəkətlər həyata keçilməklə işçinin əmək hüquqları sistemli və kobud şəkildə pozulur. Belə ki, iddiaçıya qarşı həyata keçirilmiş aşağıda qeyd edilən qanunsuz hərəkətləri məhkəmənin nəzərinə çatdırmaq istəyir: 1. Ərizəçinin tutduğu vəzifə ilə bağlı vakansiyanın elan edilməsi. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibb qəzeti”nin internet səhifəsində ##.##.2026-cı il tarixdə saat 12:38də yerləşdirilmiş vəzifə vakansiyalarına dair elanda cavabdeh2 Anesteziologiya, reanimatologiya üzrə elmi şöbəsində 1.0 ştat vahidi şöbə müdiri vəzifəsinin olduğu qeyd edilmişdir (link: https://tibbqazeti.az/az/elanlar/). Lakin qeyd etdiyi kimi Ərizəçi hazırda həmin vəzifədə çalışır. Sual ortaya çıxır ki, əgər hazırda ərizəçi cavabdeh müəssisədə Anesteziologiya, reanimatologiya üzrə elmi şöbənin müdiri vəzifəsini tutursa və onun qüvvədə olan əmək müqaviləsi mövcuddursa, necə ola bilər ki, həmin vəzifə ilə bağlı vakansiya elan edilsin? Belə çıxır ki, işəgötürən üçün artıq attestasiya nəticələri məlumdur və işəgötürən indidən həmin vəzifəyə yeni işçi axtarışındadır. 2. Ərizəçi nüfuzdan salmaq və işgüzar nüfuzuna zərbə vurmaq üçün müəssisə rəhbəri bir sıra işçiləri məcbur edərək qanunsuz akt tərtib etdirmiş və həmin aktı Azərbaycan Tibb Universitetinə göndərmişdir. Belə ki, aktda qeyd edilir ki: Ərizəçi 2020-ci ildə xxxx vəzifəsinə təyin edildikdən sonra işi fəaliyyətsiz qiymətləndirildiyindən həmin şöbədən uzaqlaşdırılaraq binadan kənar yardımçı tədris otağına köçürülmüşdür. 2023-cü ilin noyabr ayında müəssisə rəhbərliyi dəyişikdən sonra Ərizəçi yenidən şöbəyə qayıtmış, bölmə rəhbəri otağı ilə təmin edilmişdir. Şöbənin və rezidentlərin işinə nəzarətə köməklik göstərilməsi ona həvalə edilmişdir. Lakin ona tapşırılan rezidentlərə nəzarət işini yerinə yetirmir. Bildirir ki, əvvəla nümayəndə2 Ərizəçi fəaliyyətinin qiymətləndirilməsi və ondan hər hansı akt tərtib edilməsi xahiş edilməmişdir. Ikincisi, həmin aktda qeyd edilən halların heç biri həqiqətə uyğun deyil və akt sırf ərizəçi A.Qasımovanı nüfuzdan salmaq məqsədilə tərtib edilmişdir. Həmçinin, akta imza edən 4 nəfərdən 2-si, yəni Ə.Cəfərova və N.Məmmədova tibb bacısı vəzifəsində çalışırlar. Tibb bacısı hansı əsasla, hansı savadla və hansı mənəvi haqla elmi dərəcəli yüksək ixtisaslı mütəxəssis, xxxx Ərizəçi fəaliyyətini qiymətləndirə bilər? Bütün bunlar sübut edir ki, həmin akta imza edən 4 nəfər şəxs sırf müəssisə rəhbəri nümayəndə2 göstərişi və işlərini itirmək qorxusundan irəli gələrək onun tərəfindən tərtib edilmiş akta imza etmək məcburiyyətində qalmışlar. 3. ##.##.2024-cü il tarixli bildiriş Müəssisənin rəhbəri nümayəndə2 tərəfindən Ərizəçi ünvanlanmış ##.##.2024-cü il tarixli xəbərdarlıq bildirişində qeyd edilmişdir ki, ##.##.2024-cü il tarixdə AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən təşkil edilmiş yoxlamanın nəticəsi olaraq qüsur aktında “elmi şöbədə ixtisasa uyğun mütəxəssisin olmaması barədə irad göstərilmişdir”. Bununla bağlı tərəfindən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə sorğu ünvanlanmış və Ərizəçi barəsində aşkar edilmiş nöqsanlar qeyd olunan aktın surətinin təqdim edilməsi xahiş edilmişdir. Həmin orqanın ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, yoxlama materiallarında “xxxx” vəzifəsinə təyin edilməsi ilə bağlı heç bir qeyd aparılmamışdır. Bütün bunlar müəssisə rəhbərinin ərizəçi Ərizəçi qarşı qərəzli münasibətini aşkar şəkildə göz önünə qoyur. Belə ki, cavabdeh müəssisənin rəhbəri iddiaçını işdən çıxarmaq üçün hər yola əl atmış, hətta saxta sənədlər tərtib etməkdən belə çəkinməmişdir. 4. Eyni zamanda bildirir ki, Ərizəçi çalışdığı müəssisədə “xxxx” eyni zamanda müəssisənin Elmi Şurasının da üzvüdür. Lakin, Ərizəçi qanunsuz və əsassız olaraq müəssisə rəhbəri tərəfindən Elmi Şuranın üzvləri sırasından xaric edilib və Elmi Şuranın iclaslarına buraxılmır. Ərizəçi müəssisənin elmi katibinə və Elmi Işlər üzrə Direktor müavininə rəhbərlik etdiyi şöbənin elmi hesabatlarını göndərsə də həmin vəzifəli şəxslər nümayəndə2 göstərişi ilə həmin elmi hesabatları qəbul etmirlər və Elmi Şurada Ərizəçi elmi hesabatları dinlənilmir. Hesab edir ki, yuxarıda qeyd edilənlər müəssisə rəhbəri nümayəndə2 ərizəçi Ərizəçi qarşı olan qərəzli münasibətindən və onun qanunsuz olaraq tutduğu vəzifədən kənarlaşdırmaq niyyətindən xəbər verir. Müəssisə rəhbəri nümayəndə2 ərizəçi Ərizəçi tutduğu vəzifədən kənarlaşdırmaq üçün hər yola əl atır. Növbəti addım kimi isə “cavabdeh2” PHŞ də elmi katib vəzifəsində çalışan Aytəkin Əliyeva ##.##.2026-cı il tarixdə Ərizəçi müraciət edərək “elmi işçilərin attestasiya olunacağını bildirib və tələb olunan zəruri sənədlərin təqdim edilməsini tələb edib”. Həmçinin, attestasiya komissiyasının yaradılması barədə əmr, komissiya üzləri barədə məlumat, attestasiyanın hansı tarixdə keçiriləcəyi, attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodları barədə Ərizəçi heç bir məlumat verilməmişdir. Bütün bu qeyd edilənlər artıq attestasiya komissiyasının ərizəçi Ərizəçi barəsində nə qərar çıxaracağını təxmin etməyə imkan verir. Böyük ehtimalla attestasiya nəticəsində komissiya Ərizəçi “tutduğu vəzifəyə uyğun olmaması barədə” qərar qəbul edəcək və işəgötürən də həmin qərar istinad edərək Ərizəçi ilə bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq xitam verəcək. Ərizəçi son 5 il ərzində 100-dən çox ölkə və beynəlxalq səviyyəli tədbirlərdə - seminarlarda, konfranslarda, kurslarda, təlimlərdə - iştirak edərək 60-da çox sertifikat və digər iştirak sənədləri almışdır. Bunlar isə onun peşəkar, daim öz üzərində işləyən və peşəkarlığını, eləcə də ixtisas səviyyəsini artıran işçi olduğunu deməyə əsas verir. Eyni zamanda yuxarıda da qeyd etdiyi kimi tibb elmləri üzrə fəlsəfə doktoru olan Ərizəçi hazırda da elmi tədqiqat fəaliyyəti ilə də məşğuldur və elmlər doktorluğu dissertasiyası işi üzərində araşdırma aparır. Lakin belə bir yüksək ixtisaslı işçi müəssisə rəhbəri nümayəndə2 qərəzli və qanunsuz münasibət səbəbindən işdən çıxarılmaq və işsiz qalmaq riski ilə üz-üzədir. Bu səbəbdən də ərizəçi attestasiyaya cəlb ediləcəyi təqdirdə attestasiya komissiyasının qəbul etdiyi qərarın qanuniliyi məhkəmə qaydasında yoxlanılanadək və qərarın qanuniliyi öz təsdiqini tapanadək həmin müəssisəyə ərizəçi Ərizəçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam vermək qadağan edilməlidir.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. Iddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və müvəqqəti təmin tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, ərizədə qeyd olunanlar müəssisə rəhbərinin ərizəçi Ərizəçi qarşı qərəzli münasibətini aşkar şəkildə sübut etsə də, məhkəmə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Sadalananlar işəgötürənin qərəzli şəkildə heç bir əsas olmadan ərizəçi Ərizəçi işdən çıxarmağa hazırlaşdığını sübut edirdi. Lakin qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınmamış, ərizəçinin hüquqlarının qorunması təmin edilməmiş və müvəqqəti təminat tədbiri əsassız olaraq təmin edilməmişdir. Ərizəçi ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubu ünvanlanaraq, ona ##.##.2026-cı il tarixdə Attestasiya Komissiyasının iclasının keçirildiyi, ##.##.2026-cı il tarixli, * saylı Attestasiya Komissiyasının protokolunun qərarına əsasən, tutduğu vəzifəyə uyğun gəlmədiyinin müəyyən edildiyi bildirilmişdir. Göründüyü kimi artıq işəgötürən öz qərəzli mövqeyinə qismən nail olub və növbəti həftə ərzində iddiaçının işdən çıxarılması ilə bağlı əmr verəcəkdir. Halbuki, Ərizəçi əmək fəaliyyəti dövründə həmişə öz əmək funksiyalarını lazımınca və vicdanla icra etmiş, kollektivdə həmişə nümunəvi işçi kimi fərqlənmiş, əmək və icra intizamına ciddi riayət etmiş və heç vaxt intizam tənbehi almamışdır. Eyni zamanda tibb elmləri üzrə fəlsəfə doktoru olan Ərizəçi hazırda da tədqiqat fəaliyyəti ilə də məşğuldur və elmlər doktorluğu dissertasiyası işi üzərində araşdırma aparır. Müəssisə rəhbərinin heç bir səbəb və əsas olmadan ərizəçiyə qarşı olan qərəzli hərəkətləri belə bir nəticənin baş verəcəyinin öncədən göstərirdi. Lakin məhkəmə bunun qarşısını almaq üçün heç bir tədbir görməmiş və formal olaraq qərardad qəbul etmişdir. Bundan əlavə, attestasiyanın keçirilməsi zamanı obyektivlik, şəffaflıq və qərəzsizlik prinsiplərinin təmin olunub-olunmaması ciddi şübhə doğurur. Attestasiya komissiyasının gəldiyi nəticə ərizəçinin uzun illər ərzində formalaşmış peşəkar fəaliyyət göstəriciləri, elmi nailiyyətləri, ixtisas səviyyəsi və xidməti fəaliyyəti ilə uzlaşmır. Belə olan halda komissiyanın qərarının hansı konkret faktlara, peşə biliklərinin qiymətləndirilməsinin hansı meyarlarına və hansı sübutlara əsaslandığı məlum deyildir. Attestasiyanın nəticəsi məlum olmadan ərizəçi Ərizəçi çalışdığı xxxx vəzifəsinə vakansiyanın elan edilməsi attestasiyanın şəffaf və obyektiv keçirilmədiyini, nəticələrin öncədən bəlli olduğunu sübut edir. Lakin Yasamal Rayon Məhkəməsi tərəfindən iddiaçının hüquqlarının müdafiəsi üçün və pozulmasının qarşısının alınması üçün heç bir tədbir görülməmişdir.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Cavabdehin nümayəndəsi şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsinin ləğv olunması və işə bərpa edilməsi üçün ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin hazırki vaxtda iddiaçı Ərizəçi cavabdeh institutda işləyir, işdən çıxarılmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən şikayətinin təmin edilməməsi xahiş olunmuşdur.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək; Maddə 65.1. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Eyni zamanda, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

14. Işdən görünür ki, iddiaçının iddia tələbi işəgötürən tərəfindən keçirilmiş attestasiyanın qanunsuz hesab edilməsi və attestasiyanın keçirilməsi barədə qərarın ləğv edilməsi ilə bağlıdır.

15. Kollegiya hesab edir ki, hazırki vəziyyətdə iddiaçının müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi ilə bağlı tələbləri 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib deyil.

16. Əmək qanunvericiliyində işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi işçilərin attestasiyası keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, işçi ilə əmək münasibətlərinə xitam verildiyi təqdirdə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.

17. Başqa sözlə, iddiaçının işdən azad edilməsi məhkəmə tərəfindən qanunsuz hesab edildiyi təqdirdə o, işə bərpa olunmaqla yanaşı məcburi iş buraxma müddəti üçün əmək haqqı alacaqdır.

18. Göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi müəyyən edilmir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar