Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-525/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, ərizəçi Ərizəçi Qapalı Səhmdar Cəmiyyətinin müvəqqəti təminat tədbiri barədə ərizəsinin qismən təmin edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi:
1. Ərizəçi Ərizəçi Qapalı Səhmdar Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehə məxsus əmlaka 8 497,18 manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus əmlaka 8 497,18 manat məbləğində həbs qoyulması zəruridir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8 497,18 manat borcun tutulmasını xahiş etmişdir. Müqavilə ilə müəyyən edilmiş ödəniş müddəti keçsə də, cavabdeh öhdəliyini icra etməmiş, borcun ödənilməsi ilə bağlı aparılmış danışıqlar nəticəsiz qalmış və bu istiqamətdə hər hansı tədbir görülməmişdir. Müqavilə, elektron qaimə-faktura, hesab-faktura və təhvil-təslim aktları məhkəməyə təqdim edilmişdir. Göstərilən hallar cavabdehin məhkəmə baxışı başa çatanadək əmlakını özgəninkiləşdirməsi və ya bank hesabındakı pul vəsaitini çıxarmaqla gələcək məhkəmə qətnaməsinin icrasından yayınması ehtimalını yaradır.
3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdehə məxsus 8 497,18 manat dəyərində daşınar (işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan bank hesablarında olan pul vəsaitləri və valyuta sərvətləri daxil olmaqla) və daşınmaz əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi iddia tələbinin əsaslılığını təsdiq edən ilkin sübutları təqdim etmişdir. Iş materiallarından görünür ki, tərəflər arasında ##.##.2025-ci il tarixli müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, ərizəçi ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli təhvil-təslim aktları əsasında ümumilikdə 8 497,18 manat məbləğində malları cavabdehə təhvil vermiş, müvafiq elektron qaimə-fakturalar göndərilmişdir. Cavabdehin bank hesablarındakı pul vəsaitlərinə tətbiq edilən məhdudiyyət əmək haqlarının və məcburi dövlət ödənişlərinin həyata keçirilməsinə mane olmamalıdır. Həmçinin, MPM-in 158.3-cü maddəsinə əsasən, pul vəsaitləri və valyuta sərvətlərinin özgəninkiləşdirilməsinin qadağan edilməsi onların üzərinə həbs qoyulmasını ehtiva edir. Digər daşınar və daşınmaz əmlak üzərinə istifadəsini də məhdudlaşdıran həbs isə yalnız müstəsna əsaslar olduqda tətbiq oluna bilər. Belə əsaslar sübuta yetirilmədiyindən, həmin əmlaklara həbs qoyulması cavabdehin əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər.
5. Həmin qərardaddan cavabdeh “X1” MMC şikayət verərək, qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilməməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi işin faktiki hallarını məhkəmədən gizlədərək hüquqdan sui-istifadə etmiş və əsassız olaraq müvəqqəti təminat tədbirinin tətbiqini tələb etmişdir. Tərəflər arasında iki ədəd boya avadanlığının satışı barədə razılaşma olmuş, elektrik boya avadanlığı qəbul edilmiş və onun dəyərinin ödənilməsinə etiraz edilməmişdir. Mübahisə yalnız texniki cəhətdən yararsız olduğundan geri qaytarılan pnevmatik boya avadanlığına aiddir. Həmin avadanlıq ərizəçi tərəfindən qəbul edilsə də, bu hal məhkəmədən gizlədilərək onun dəyərinin də tutulması tələb edilmişdir. Qəbul edilmiş avadanlıq üzrə ödəniş üçün qaimə və invoys sənədlərinə düzəliş edilməsi təklif olunsa da, bu həyata keçirilməmişdir. Iddia mübahisəli xarakter daşıdığından, geri qaytarılmış avadanlıqla bağlı sübutlar hələ məhkəmədə araşdırılmadığından və avadanlığın müqavilə şərtlərinə uyğun olmaması səbəbindən iddianın uğurluluğu real görünmür. Bu səbəbdən, əsaslılığı sübuta yetirilməmiş tələb üzrə müvəqqəti təminat tədbirinin tətbiqi hüquqi müəyyənlik və ədalət prinsiplərinə ziddir. Həmçinin, 8 497,18 manat məbləğində mübahisəli tələb üzrə cavabdehin daşınar və daşınmaz əmlakının özgəninkiləşdirilməsinin qadağan edilməsi mütənasib deyildir. Cavabdehin uzun müddətdir fəaliyyət göstərən beynəlxalq kommersiya şirkəti olduğu, gələcək məhkəmə qərarının icrasından yayınacağına dair hər hansı sübutun təqdim edilmədiyi, tətbiq edilmiş məhdudiyyətin isə onun əmlakı üzərində sərəncam vermək, aktivlərini dövriyyəyə cəlb etmək və kommersiya fəaliyyətini həyata keçirmək imkanlarını əsassız məhdudlaşdırdığı göstərilərək təminat tədbirinin ləğvi xahiş edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; ... 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...
10. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş meyarlardan biri iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğudur. Lakin bu sübutların mövcudluğuna qiymət verilərkən müvəqqəti təminat tədbirinin görülməsi üçün əsasın bir qayda olaraq, gözlənilmədən ortaya çıxması və sübutların xarakteri nəzərə alınmaqla ərizəçinin üzərinə həddən artıq sübutetmə yükü qoyulmamalıdır.
11. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat mərhələsində məhkəmə sübutların tam və qəti qiymətləndirilməsini aparmır, yalnız iddianın zahirən əsassız olub-olmamasını müəyyən edir.
12. Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsi, təhviltəslim aktları və elektron qaimə-fakturalardan görünür ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur.
13. Eyni zamanda, iş materiallarından görünür ki, ərizəçi tərəfindən ##.##.2025-ci il tarixli təhvil-təslim aktı əsasında ƏDV daxil 8 042,88 manat, ##.##.2025-ci il tarixli təhviltəslim aktı əsasında isə ƏDV daxil 454,30 manat dəyərində boya avadanlıqları cavabdehə təhvil verilmiş, malların dəyərinin ödənilməsi ilə bağlı ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli elektron qaimə-fakturalar təqdim edilmişdir. Lakin, həmin qaimə-fakturalar üzrə ödənişlərin həyata keçirilməsi müəyyən olunmamışdır. Göstərilən hallar tərəflər arasında real mübahisənin mövcudluğunu və iddia tələbinin zahirən əsassız olmadığını göstərir.
14. Cavabdeh şikayətində iddia etmişdir ki, mübahisə geri qaytarılmış pnevmatik boya avadanlığına aid olduğundan, ərizəçi bu halı məhkəmədən gizlətmiş, qəbul edilmiş avadanlıq üzrə isə sənədlərdə düzəliş edilmədiyinə görə ödəniş həyata keçirilməmişdir. Həmçinin, iddianın uğurluluğunun real olmadığı, cavabdehin məhkəmə qərarının icrasından yayınacağına dair sübutun təqdim edilmədiyi və təminat tədbirinin mütənasib olmadığı və cavabdehin əmlak hüquqlarını əsassız məhdudlaşdırdığı göstərilərək qərardadın ləğvi xahiş edilmişdir.
15. Kollegiya şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində iddia tələbinin tam həcmdə sübuta yetirilməsi tələb olunmur. Bu mərhələdə məhkəmə yalnız iddia tələbinin zahirən əsassız olub-olmamasını və gələcək məhkəmə aktının icrasının çətinləşməsi riskini qiymətləndirir. Ilkin sübutlar ərizəçinin tələbinin əsassız olmadığı qənaətinə gəlmək üçün kifayət edir.
16. Kollegiya nəzərə alır ki, cavabdeh malların birinin geri qaytarıldığını bildirsə də, verilməsi təhvil-təslim aktı və elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş həmin malın geri qaytarılmasını təsdiq edən hər hansı ilkin sübut təqdim etməmişdir. Eyni zamanda, malların müqavilə şərtlərinə uyğun olmaması, qüsurların mövcudluğu və bu barədə ərizəçiyə ağlabatan müddətdə məlumat verilməsi də ilkin sübutlarla təsdiq olunmur.
17. Cavabdehin qeyd olunan dəlillərinin başqa sübutlarla təsdiq olunması da mümkün olsa da bu, tərəflər arasındakı əsas mübahisənin mahiyyətinə aid olmaqla, işə mahiyyəti üzrə baxılarkən sübutların tam və hərtərəfli araşdırılması nəticəsində hüquqi qiymət verilə biləcək hallardır. Həmin hallar müvəqqəti təminat tədbirinin tətbiqini istisna edən əsas kimi qiymətləndirilə bilməz.
18. Kollegiya həmçinin qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün gələcək məhkəmə aktının icrasının mütləq şəkildə mümkünsüz olacağının tam sübut edilməsi tələb olunmur. Belə sübutetmə standartı bu tədbirin qabaqlayıcı və operativ xarakteri ilə uzlaşmazdı. Riskin mövcudluğu işin ilkin mərhələdə müəyyən edilə bilən hallarının məcmusu əsasında qiymətləndirilməlidir.
19. Hazırkı halda tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, malların təhvil verilməsinə baxmayaraq onların dəyərinin ödənilməməsi və cavabdehin pul öhdəliyini icra etməməsi birlikdə qiymətləndirildikdə, gələcək məhkəmə aktının icrasının çətinləşməsi riskinin mövcudluğu istisna edilmir. Cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və vəsaitlərin təsərrüfat dövriyyəsində hərəkət etməsi də həmin riskin qiymətləndirilməsi zamanı nəzərə alınmalı hallardandır.
20. Cavabdehin tətbiq edilmiş müvəqqəti təminat tədbirinin onun kommersiya fəaliyyətini məhdudlaşdırması barədə dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş tədbir cavabdehin bütün maliyyə fəaliyyətini dayandırmamış, əmək haqlarının, vergilərin və digər məcburi ödənişlərin həyata keçirilməsinə məhdudiyyət qoyulmamışdır. Tədbir yalnız iddia tələbinin məbləği həddində tətbiq edilmiş və cavabdehin təsərrüfat fəaliyyətini tam məhdudlaşdıran xarakter daşımamışdır.
21. Bu baxımdan, tətbiq edilmiş müvəqqəti təminat tədbiri gələcək məhkəmə aktının mümkün icrasını təmin etməyə yönəlmiş, iddia tələbinin məbləği ilə mütənasib olmaqla tərəflərin mənafeləri arasında ağlabatan tarazlığı təmin etmişdir.
22. Kollegiya ayrıca vurğulayır ki, müvəqqəti təminat tədbirinin tətbiqi borcun mövcudluğu və ya olmaması barədə qabaqcadan hüquqi qiymət verilməsi demək deyil və tərəflər arasında əsas mübahisənin mahiyyəti üzrə həllini əvəz etmir.
23. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi məsələsini iş üzrə mövcud olan ilkin sübutlar əsasında qiymətləndirərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
24. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin müvəqqəti təminat tədbirinin görülməsi barədə # ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.