Məhkəmə qərarları › İş №e-16(3-6)-562/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-562/2026

14.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-562/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Ərizəçi Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə Sirac oğlunun, Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “yetkinlik yaşına çatmayan uşağın atanın razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan övladları ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 cavabdeh Cavabdeh razılığı olmadan təhsillərini davam etdirmək məqsədilə Almaniya Federativ Respublikasına getmələrinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, *(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək azyaşlı övladları ##.##.2014-cü il təvəllüdlü X1 Almaniyada ümumi orta məktəbdə təhsilini davam etdirməsi, ##.##.2018-ci il təvəllüdlü X2 isə Almaniyada məktəbəqədər təhsil müəssisəsinə (bağçaya) davam etməsi məqsədilə onların təhsil hüququnun və mənafeyinin qorunması üçün Azərbaycan Respublikasının hüdudlarından çıxmasına (ölkədən getməsinə) müvəqqəti təminat tədbiri kimi icazə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda Yasamal Rayon Məhkəməsinin icraatında cavabdeh Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşaqların digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi tələbinə dair mülki iş baxılmaqdadır. Iş üzrə əvvəllər müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verilmiş, lakin həmin ərizə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli **(***)-***/**** nömrəli qərardadı ilə də şikayət təmin olunmamışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadından görünür ki, məhkəmə müvəqqəti təminat tədbirinin tətbiq edilməsini uşaqların Almaniya Federativ Respublikasına getməsinin onların mənafeyinə uyğun olmaması ilə deyil, uşaqların kimin himayəsində saxlanılması barədə əsas mübahisənin həmin vaxt hələ həll edilməməsi ilə əsaslandırmışdır. Başqa sözlə, Apellyasiya Məhkəməsi hesab etmişdir ki, həmin mərhələdə mtt-nin tətbiqi əsas iddia üzrə nəticənin qabaqcadan həll edilməsinə səbəb ola bilərdi. Lakin həmin qərardad qəbul edildikdən sonra iş üzrə hüquqi vəziyyət tamamilə dəyişmişdir. Belə ki, Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan X1 və X2 anaları Ərizəçi himayəsində saxlanılması barədə yekun qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsindən imtina edərkən istinad etdiyi hüquqi əsas artıq tamamilə aradan qalxmışdır. Hazırda uşaqların kimin himayəsində saxlanılması məsələsi mübahisəli deyildir və qanuni qüvvəyə minmiş Ali Məhkəmə qərarı ilə müəyyən edilmişdir. Hazırda uşaqlar faktiki olaraq analarının himayəsindədirlər. Uşaqlar uzun illər Almaniya Federativ Respublikasında yaşamış, həmin ölkədə ümumi təhsil müəssisələrində təhsil almış, sosial mühitə uyğunlaşmış və onların həyat mərkəzi həmin ölkədə formalaşmışdır. Buna baxmayaraq, cavabdeh uşaqların Almaniya Federativ Respublikasına qayıtmasına razılıq vermir. Nəticədə uşaqlar təhsildən kənarda qalır, onların təhsil hüququ, normal inkişafı və üstün mənafeyi ciddi şəkildə pozulur. Hazırda əsas iddia üzrə icraat davam etdiyindən işin mahiyyəti üzrə baxılması müəyyən vaxt tələb edəcəkdir. Bu müddət ərzində uşaqların Almaniyaya qayıda bilməməsi onların təhsil hüququnun hər gün pozulmasına səbəb olur. ##.##.2014-cü il təvəllüdlü X1 ümumi orta təhsil müəssisəsində təhsil alır. Məktəb rəhbərliyi tərəfindən bildirilmişdir ki, onun dərslərə davam etməməsi tədris proqramından geri qalmasına və sinifdə qalması riskinə səbəb ola bilər. ##.##.2018-ci il təvəllüdlü X2 isə Almaniyada məktəbəqədər təhsil müəssisəsinə davam etməlidir. Onun təhsil prosesindən kənarda qalması məktəbə hazırlıq səviyyəsinə, sosial adaptasiyasına və psixoloji inkişafına mənfi təsir göstərir. Təhsil fasiləsiz hüquqdur. Təhsildən yayınma nəticəsində yaranmış boşluqlar sonradan tam bərpa edilmir. Uşaqların hər gün təhsildən uzaq qalması onların gələcək inkişafına bərpası mümkün olmayan zərər vurur. Bundan başqa, mttnin tətbiq edilməməsi nəticəsində Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının faktiki icrası da mümkünsüz vəziyyətə düşür. Çünki uşaqların analarının himayəsində saxlanılması müəyyən edilsə də, cavabdehin razılıq verməməsi onların anaları ilə birlikdə daimi yaşadıqları ölkəyə qayıtmalarına mane olur. Bu isə Ali Məhkəmənin qərarının real icrasını əhəmiyyətli dərəcədə çətinləşdirir. Ali Məhkəmə Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 7.25-ci bəndinə əsasən, uşağın təhsil hüququnun və digər mühüm mənafelərinin qorunması məqsədilə müvəqqəti təminat tədbiri kimi digər valideynin razılığı olmadan müəyyən müddətə xaricə getməsinə icazə verilə bilər. Həmin hüquqi mövqeyə görə, uşağın təhsil hüququnun sonradan qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi hallarda məhkəmə bu cür təminat tədbiri tətbiq etməlidir. Bu iş üzrə məhz belə vəziyyət mövcuddur. Təhsil hüququnun pozulması hər keçən gün dərinləşir və sonradan tam bərpa olunması mümkün olmayan nəticələr yaradır. Ali Məhkəmə Plenumunun ## ###### 2021-ci il tarixli №** saylı qərarının 7.25-ci bəndi – uşağın təhsil hüququnun və digər mühüm maraqlarının qorunması üçün müvəqqəti təminat tədbiri kimi valideynlərdən birinin razılığı olmadan da müəyyən müddətə xaricə getməyə icazə verilə bilər. Əgər uşağın təxirəsalınmaz səbəblərlə xaricə çıxması vacibdirsə (məsələn, sağlamlıq müayinəsi, idman yarışları, təhsil imtahanı və s.), məhkəmə müvəqqəti təminat tədbiri kimi valideynlərdən birinin razılığı olmadan konkret müddətə icazə verə bilər. Qərarda açıq deyilir ki, bu hallar uşağın hüquqlarının “sonradan qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi” ilə nəticələnə bilər. Ona görə də məhkəmələr müvəqqəti xaricə getməyə icazə verə bilərlər. Amma bu icazə ümumi şəkildə yox, yalnız konkret məqsəd və məhdud müddət üçün tətbiq olunmalıdır. Təhsil fasiləsiz hüquqdur, gecikmə uşaqların inkişafına zərər vurur. Təhsil hüququ itirilmiş günlər sonradan bərpa olunmur. Uşaqlar Almaniyada dövlət məktəbində təhsil alır və təhsil prosesi fasiləsiz davam edir. Hazırda uşaqlar Azərbaycandadır və cavabdeh onların Almaniyaya qayıtmasına razılıq vermir. Hal-hazırda məhkəməyə uşaqların xaricə aparılmasına icazə verilməsi barədə iddia ərizəsi təqdim etmişdir. Lakin işin icraatı dayandırılmışdır. Bu səbəbdən işin mahiyyəti üzrə baxılması uzun müddət tələb edir. Bu müddət ərzində uşaqlar məktəbdən geri qalacaq, onların təhsil hüququ və inkişafı üçün vacib olan amillər ciddi şəkildə zərər görəcək.

4. Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

5. Ərizəçi qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə tərəflərin izahatlarının dinlənilməsi zərurəti yarandığından şifahi icraat qaydasında baxılır.

9. Maraqlı şəxs şikayətə yazılı etiraz edərək, qeyd etmişdir ki, iddiaçının şikayəti həm prosessual, həm də maddi-hüquqi cəhətdən tamamilə əsassızdır, qanunvericiliyin mahiyyətinin yanlış təfsir edilməsinə əsaslanır və onun atalıq hüquqlarının kobud şəkildə pozulmasına yönəlmişdir. Hazırkı mülki işdə iddiaçının əsas tələbi uşaqların atanın razılığı olmadan Almaniyaya aparılmasına icazə verilməsidir. Müvəqqəti təminat tədbiri kimi tələb olunan məsələ isə uşaqların məhz həmin ölkəyə (Almaniyaya) təhsil almaq adı ilə dərhal aparılmasına müvəqqəti icazənin verilməsidir. Bu iki tələb arasında tam faktiki və hüquqi eynilik mövcuddur. Əgər məhkəmə müvəqqəti təminat tədbirini təmin edərək uşaqların ölkədən çıxarılmasına icazə versəydi, bu, işin mahiyyəti üzrə qabaqcadan iddiaçının xeyrinə həl edilməsi demək olardı. Uşaqlar ölkə hüdudlarından kənara çıxarıldıqdan və orada daimi təhsilə başladıqdan sonra, əsas iddia üzrə gələcəkdə cavabdehin xeyrinə qəbul edilə biləcək hər hansı rədd qərarının icrası tamamilə qeyri-mümkün olacaqdır. Çünki xarici dövlətin yurisdiksiyasına daxil olmuş uşaqların məcburi qaydada geriyə qaytarılması mexanizmi mürəkkəbdir və faktiki olaraq status-kvonun bərpasını istisna edir. Birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, təminat tədbirinin tətbiqi iddianın mahiyyəti üzrə əvvəlcədən qiymət verilməsi ilə nəticələnəcək və əsas iddiaya baxılmasını əhəmiyyətsiz edəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" ## ###### 2021-ci il tarixli Qərarının 7.25-ci bəndində müvəqqəti təminat tədbirinin tətbiqi üçün çox ciddi və məhdudlaşdırıcı şərtlər müəyyən edilmişdir. Həmin bəndə əsasən, müvəqqəti təminat tədbiri kimi uşağın digər valideynin razılığı olmadan ölkədən çıxmasına yalnız aşağıdakı konkret və təxirəsalınmaz ha larda yol verilə bilər: uşağın sağlamlığının qorunması məqsədilə xarici ölkədə təxirəsalınmaz tibbi müayinə və müdaxilənin həyata keçirilməsi zərurəti; Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyinin xətti ilə xaricdə keçirilən beynəlxalq idman yarışlarında iştirak; Gələcəkdə xaricdə ali təhsil alması məqsədilə keçirilən imtahan və müsabiqələrdə iştirakın tələb olunması. Göründüyü kimi, sadalanan təxirəsalınmaz əsaslar siyahısında ümumi orta məktəbdə təhsilin davam etdirilməsi və ya bağçaya davam etmək məqsədilə xarici ölkəyə köçmək halı nəzərdə tutulmamışdır. Plenum qərarı yalnız məhdud müddətli, konkret məqsədli və təxirəsalınmaz xarakterli səfərlər üçün müvəqqəti icazənin verilməsini mümkün hesab edir. Uşaqların daimi yaşamaq və ümumi orta təhsil proqramına yazılmaq üçün Almaniyaya aparılması isə Plenum qərarının bu tələblərinə tamamilə ziddir. Həmçinin iş materialarından görünür ki, uşaqlar 2024-cü ildən etibarən Azərbaycan Respublikasına gəlmiş və o vaxtdan bəri Almaniyada təhsi lərini dayandırmışlar. Iki il ərzində dərslərə davam etməyən uşaqların birdən birə, əsas iddia üzrə icraatın davam etdiyi dövrdə xaricə aparılmasının "təxirəsalınmaz" olduğunu iddia etmək hüquqi baxımdan əsassızdır. Iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş təhsil və davamiyyət arayışları da 2024 cü ilə aiddir və hazırkı dövr (2026-cı il) üçün heç bir aktual təcililiyi sübut etmir.

10. Məhkəmə kollegiyasının iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, onlar 2016-cı ildən Almaniyada yaşayıblar və 2024-cü ildə qarşı tərəf uşaqları Azərbaycana valideynlərinin yanına gəzməyə aparacağını və geri qaytaracağını bildirmişdir. Bununla bağlı video-görüntü də var. Həmin dövrdə boşanma ərəfəsində olmaqlarına baxmayaraq, o, uşaqları geri qaytarmaq şərti ilə özü ilə aparmasına razı oldu, lakin o uşaqları geri gətirmədi. Uşaqlar Almaniyada təhsil alır və indi bu mübahisəyə görə təhsilləri yarımçıq qalmışdır. Uşaqlar hazırda onun yanındadırlar. Qarşı tərəf uşaqları *** nömrəli məktəbə qeydiyyata salmışdır, lakin uşaqlar həmin məktəbə getmir, onlar azərbaycan dilini yaxşı bilmirlər.

11. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək, qərardadın ləğv edilməsini, mtt ərizəsinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs şikayətlə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

15. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir;

16. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.

17. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir

18. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

19. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən - Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

20. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarı.

21. Bənd 1.7. Məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır.

22. Bənd 7.18. Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, III hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir.

23. 7.25. Uşağın sağlamlığının qorunması məqsədi ilə xarici ölkədə təxirəsalınmaz şəkildə tibbi müayinə və müdaxilənin həyata keçirilməsinin, Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyinin xətti ilə xaricdə keçirilən beynəlxalq idman yarışlarında, habelə gələcəkdə xaricdə ali təhsil alması məqsədi ilə keçirilən imtahan və müsabiqələrdə iştirakının zəruri olduğu hallarda, uşağın ölkədən gedə bilməməsi onun hüquqlarının sonradan qorunmasının mümkün olmayacağı, və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnmə ehtimalı böyük olduğundan, iddianın ümumi şəkildə icazənin verilməsi məzmununda verildiyi halda məhkəmələr müvəqqəti təminat tədbiri qismində uşağın qeyd edilən məqsədlə konkret müddətdə bir valideynin razılığı olmadan getməsinə icazə verilə bilərlər. Məhkəmələr mübahisənin həllinədək uşağın məhdud şəkildə minimal səfər müddətində müvəqqəti olaraq valideynlərindən biri və yaxud beynəlxalq yarışlarla bağlı komandanın tərkibində təkbaşına getməsinə (valideynin birinin razılığının olduğu halda) icazənin verilməsindən ibarət müvəqqəti təminat tədbiri ilə bağlı vəsatətə baxılarkən, təxirəsalınmazlıqla bağlı yuxarıda qeyd edilən əsasların olmasına dair ilkin sübutların mövcudluğuna qiymət verməlidirlər.

24. Hazırkı iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli Qərarından müəyyən olur ki, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və aliment” tələbinə dair ilkin, cavabdeh Cavabdeh iddiaçı Ərizəçi qarşı “uşağın atanın yanında saxlanması və aliment” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli iş üzrə # ######## 2025-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək tərəflər arasında ##.##.2013-cü il tarixdə * saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində **** nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulan uşaqların analarının yanında saxlanılması, onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə ##.##.2024-cü il tarixdən başlayaraq ##.##.2025-ci il tarixədək hər ay 2024-cü il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,67 misli həddində, ##.##.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment tutulması, müvəqqəti alimentin tutulmasının nəzərə alınması, qətnamənin «alimentin tutulması» hissəsində dərhal icra edilməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin kassasiya şikayəti də təmin edilməmiş, qətnamə qnauni qüvvəyə minmişdir.

25. Konstitusiyanın 28-ci maddəsinin III hissəsində isə təsbit edilmişdir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

26. “Uşaq hüquqları haqqında” Qanunun 5-8-ci maddələrinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

27. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1 və 9.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız həmin Məcəllənin 9.3 və 9.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müvəqqəti məhdudlaşdırıla bilər.Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı üçün təhlükə yaranarsa, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

28. Ərizəçinin mtt barədə ərizəsini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, Ərizəçi iddia ərizəsində irəli sürəcəyi iddia tələbi ilə verilmiş müvəqqəti təmin tədbiri barədə ərizəsindəki təminat tədbiri eynilik təşkil edir. Belə olan halda, müvəqqəti təmin tədbirinin təmini barədə ərizənin təmin edilməsi halında, iddiaya əvvəlcədən mahiyyəti üzrə qiymət verilmiş olacaq və iddiaya baxılması əhəmiyyətini itirəcəkdir.

29. Nəzərə almaq lazımdır ki, MPM-in hazırda qüvvədə olan 157.2-ci maddəsinin dispozitiv şərtləri, 2021-ci ilin ## #######ınadək qüvvədə olmuş həmin normanın şərtlərindən köklü şəkildə fərqlidir.

30. Belə ki, əvvəlki normada iddianın təmin edilməsinin (hazırda müvəqqəti təminat tədbirləri) məqsədinin - gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etməklə bağlı olduğu xüsusi qeyd edilməklə, həmin tədbir məhz qətnamənin icrası ilə əlaqələndirilmiş, başqa sözlə desək, qətnamənin icrası ilə məhdudlaşdırılmışdır.

31. Hazırda qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi, müvəqqəti təminat tədbirinin tətbiq edilməsində məqsəd - cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir (maddə 157.2.).

32. Göründüyü kimi, hazırda qüvvədə olan müvəqqəti təminat tədbirinin tətbiqində güdülən məqsəd gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmini ilə məhdudlaşmayıb, həm də qətnamənin qəbulunadək mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Qanunvericiliyin bu yanaşması təsadüfi olmayıb, olduqca əsaslı və məntiqlidir. Mübahisəsizdir ki, məhz belə yanaşma müvəqqəti təminat tədbirinin mahiyyətini tam dolğun və səmərəli əhatə edir.

33. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən ##.##.2021-ci il tarixli Qərarının 7.25-ci bəndinə əsasən, müvəqqəti təminat tədbiri kimi uşağın digər valideynin razılığı olmadan ölkədən çıxmasına yalnız aşağıdakı konkret və təxirəsalınmaz hallarda yol verilə bilər: uşağın sağlamlığının qorunması məqsədilə xarici ölkədə təxirəsalınmaz tibbi müayinə və müdaxilənin həyata keçirilməsi zərurəti; Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyinin xətti ilə xaricdə keçirilən beynəlxalq idman yarışlarında iştirak; gələcəkdə xaricdə ali təhsil alması məqsədilə keçirilən imtahan və müsabiqələrdə iştirakın tələb olunması.

34. Bu işdə vəziyyət və işin halları bir qədər fərqlidir. Belə ki, ərizəçi Ərizəçi uşaqların digər valideynin razılığı olmadan ölkədən aparılmasına dair iddiasından və işin hallarından bəlli olur ki, uşaqların ölkə xaricinə çıxarılması müvəqqəti olmayıb, daimi olacaqdır. Məhkəmə hazırkı işin hallarını nəzərə alaraq qeyd edir ki, sadalanan təxirəsalınmaz əsaslar siyahısında ümumi orta məktəbdə təhsilin davam etdirilməsi və ya bağçaya davam etmək məqsədilə xarici ölkəyə köçmək halı nəzərdə tutulmamışdır. Plenum qərarı yalnız məhdud müddətli, konkret məqsədli və təxirəsalınmaz xarakterli səfərlər üçün müvəqqəti icazənin verilməsini mümkün hesab etmişdir. Hazırkı işin hallarından müəyyən edildiyi kimi uşaqlar 2024-cü ildən Azərbaycandadırlar, onlar həmin vaxtadək xarici ölkədə yaşamış və orda məktəbə və məktəbəqədər müəsissəyə getmişlər, ərizəçinin izahatına əsasən müəyyən olunur ki, hazırkı ərizənin verilməsində məqsəd uşaqların təhsillərini davam etdirmələri üçün ölkədən xaricə çıxarılmasıdır. Demək ki, uşaqların hazırkı ərizəyə əsasən aparılması müvəqqəti olmayıb, müddətsiz və daimi olacaqdır ki, bu isə mtt-nin məqsədləri ilə əhatə olunmur. Məhkəmə onu da nəzərə alır ki, uşaqların ölkədən çıxarılmasına dair iddia tələbi üzrə işə baxılması zamanı cavabdehin uşaqların məhkəmələrdə dinlənilməsinin tələb edəcəyi halda, onun bu hüququnun reallaşdırılması mümkün olmayacaq, eləcə də ərizəçinin iddiasının ehtimalən təmin edilməyəcəyi halda, hazırkı ərizənin təminindən sonra həmin qərardadın icrasına dönüşün edilməsi isə faktiki olaraq qeyri-mümkün olacaqdır.

35. Bu baxımdan, Məhkəmə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə baxılan zaman icraatda olan mülki işlə bağlı iddianın uğurluluq ehtimalı araşdırmalı və Mülki Prosessual Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

36. Göstərilənlərə əsasən, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi əsas məqsədə, yəni ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə xidmət etmədiyindən, müvəqqəti təminat tədbirinə dair ərizədə istənilən tədbirin həyata keçirilməsi isə mahiyyət etibarı ilə iddiaya mahiyyəti üzrə qiymət verilməsini ehtiva etdiyindən, rayon məhkəməsi ərizəni təmin etməməklə mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

38. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

39. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

40. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar