Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-608/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair İsmayılova Günel Nəriman qızının ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, təminat tədbirinin irəli sürülən iddia ilə bağlılığı, mütənasiblik prinsipi, mülkiyyət hüququnun məhdudlaşdırılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Müvəqqəti təminat tədbirinin görülməsinə dair İsmayılova Günel Nəriman qızının ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İsmayılova Günel Nəriman qızı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (32 kv.m. ölçüdə ticarət obyekti və onun altındakı torpaq sahəsinin) Cavabdeh qanunsuz sahibliyindən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Həmin iddia tələbi üzrə mülki iş hazırda e-2(5-96)-1767/2026 sayısı ilə məhkəmənin icraatındadır.
Birinci instansiya məhkəməsindəki hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı
3. İddiaçı (ərizəçi) məhkəməyə müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə də təqdim edərək, iddia tələbi üzrə yekun məhkəmə aktı çıxarılanadək, Cavabdeh və digər şəxslərin Qaradağ rayon İH başçısının ##.##.1997-ci il tarixli *** nömrəli sərəncamı əsasında inşa edilmiş ünvan 1 ünvanında yerləşən 32 kv.m. ölçüdə ticarət obyektindən (mağazadan) çıxarılması və həmin daşınmaz əmlak daxilində (ticarət obyektində) hər hansı kommersiya, sahibkarlıq və ya digər faktiki fəaliyyətinə qadağa qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
4. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qarşı "daşınmaz əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi (vindikasiya) və cavabdehin əmlakdan çıxarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 32 kv.m. ölçüdə ticarət obyekti (mağaza) mərhum atası İsmayılov Nəriman Oruc oğluna Qaradağ Rayon İH başçısının ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsində inşa edilmişdir. Sərəncam ilə hüquqları müəyyən edilmiş, obyektin qanuni sahibi olmuş atası İsmayılov Nəriman Oruc oğlu ##.##.2020-ci il tarixində vəfat etmişdir. Atasının ölümü ilə vərəsəlik açılmış, qanuni varisi və qızı olaraq mirasqoyanın əmlakına vərəsəlik qaydasında hüquq əldə etmişdir. Atasının ağır xəstəliyi və vəfatı, habelə anasının onkoloji xəstəliyi ilə əlaqədar ona qulluq etməsi səbəbindən bu dövr ərzində obyektə dair hüquqlarını qorumağa və cavabdehdən obyekti boşaltmağı tələb etməyə imkanı olmamışdır. Son dövrlərdə ona məlum olmuşdur ki, cavabdeh, əmisinin həyat yoldaşı Cavabdeh qanuni vərəsəlik hüquqlarını və əmlakın ona məxsusluğunu bilə-bilə, sözügedən obyekti "sənədsiz (qeydiyyatsız) tikili” kimi öz adına rəsmiləşdirmək məqsədilə müvafiq elektron portal (TTNDA) vasitəsilə qeydiyyat icraatına başlamışdır. Bununla cavabdeh öz qanunsuz sahibliyini formal hüquqi əsasa çevirməyə cəhd etmişdir. Bu qanunsuz icraatdan xəbər tutaraq dərhal aidiyyəti orqana yazılı müraciət etmiş və cavabdehin qanunsuz qeydiyyat icraatının dayandırılmasına nail olmuşdur. Hazırda atasından ona miras qalmış həmin tikili üzərində öz mülkiyyət və istifadə hüquqlarını qanuni qaydada rəsmiləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən açılmış elektron portal vasitəsilə rəsmi müraciət etmişdir. Cavabdehin müraciəti üzrə icraat onun yazılı etirazı əsasında dayandırılsa da, cavadehin obyekti qanunsuz olaraq zəbt etməyə davam etməsi və ona aid əmlaka dair qanunsuz tələblər irəli sürməsi həmin tikinti obyektinə dair mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə birbaşa maneə törədir. Cavabdeh Cavabdeh heç bir hüquqi əsası, alqı-satqı və ya icarə müqaviləsi olmadan sözügedən mağazanı qanunsuz olaraq zəbt etmiş, orada kommersiya fəaliyyət göstərməyə başlamış və hazırda da əmlakı qanunsuz sahibliyində saxlayır.
5. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə ərizənin təmin olunmaması qərara alınmışdır.
6. Məhkəmə, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 157.1-ci, 157.2-ci, 157.3-cü, 157.7-ci, 159-cu maddələrinə istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
İsmayılova Günel Nəriman qızının cavabdeh Cavabdeh qarşı daşınmaz əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi haqqında iddia tələbi üzrə e-*(*- **)-****/**** saylı mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə müvəqqəti təminat tədbiri barədə ərizənin cavabdeh Cavabdeh və digər şəxslərin Qaradağ rayon İH başçısının ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamı əsasında inşa edilmiş ünvan 1 ünvanında yerləşən 32 kv.m. ölçüdə ticarət obyektindən (mağazadan) çıxarılması hissəsinə münasibətdə bildirir ki, müvafiq iddia tələbi e-*(*- **)-****/**** saylı mülki işdə irəli sürülmüşdür. Göründüyü kimi müvəqqəti təminat tədbiri ilə onunla əlaqəli iş üzrə iddia tələbi cavabdehin mağazadan çıxarılması hissəsində eyni mahiyyətdədir. Belə olan halda məhkəmənin hazırkı ərizəni təmin etməsi e-*(*-**)-****/**** saylı mülki iş üzrə iddiaya mahiyyəti üzrə baxılmasını əhəmiyyətsiz edəcəyindən hazırkı ərizə təmin edilə bilməz.
Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin obyekti olan mağazanın məhz onun mərhum atasına Qaradağ Rayon İcra hakimiyyətinin ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamı ilə ünvan 1 ünvanında kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə tikintisinə icazə verilmiş 32 kv.m. ölçüdə mağaza ilə eyni olmasını və eyni torpaq sahəsində yerləşməsinə, eləcə də, atası İmsayılov Nəriman Oruc oğlunun vəfatından (2020-ci il) sonra mirası qəbul etməsinə dair vərəsəlik şəhadətnaməsini ilkin sübutları təqdim etməmişdir.
Belə olan halda, Qaradağ Rayon İcra hakimiyyətinin ##.##.1997-ci il tarixli *** nömrəli sərəncamı ilə ünvan 1 ünvanında kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə tikintisinə icazə verilmiş 32 kv.m. ölçüdə ticarət obyektinin məhz cavabdehin istifadəsində və sahibliyində olan mağaza ilə eyni olmasını müəyyən etmək mümkün olmadığından, həmin məsələnin yalnız əlaqəli iddia tələbinə dair mülki işin araşdırılması nəticəsində müəyyən edilə biləcəyindən hazırkı vaxtda cavabdehin fəaliyyət göstərdiyi ticarət obyektindən çıxarılması iddia tələbinin əvvəlcədən təmin edilməsinə səbəb olacaqdır.
Ərizənin digər hissəsinə - cavabdeh və digər şəxslərə sözügedən ticarət obyekti daxilində hər hansı kommersiya, sahibkarlıq və ya digər faktiki fəaliyyətinə qadağa qoyulmasına münasibətdə məhkəmə qeyd edir ki, həmin hissə mütənasiblik prinsipi baxımdan təmin edilə bilməz. Belə ki, cavabdehin ticarət obyektində sahibkarlıq fəaliyyətini davam etdirməsi iddiaçının əsas iddia tələbi üzrə nail olmaq istədiyi hüquqi nəticənin gələcəkdə təmin edilməsi halında hər hansı qarşısıalınmaz nəticələr yaratmayacaqdır. Yəni əsas iddia tələbi üzrə mülki işin araşdırılması ərzinsə cavabdehə sahibkarlıq faəliyyətinin aparılmasına qadağa qoyulması əksinə iddianın rədd edilməsi halında cavabdeh tərəfi yüksək maddi məhrumiyyətə məruz qoymaqla yeni mülki mübahisələrin (vurulmuş zərərin ödənilməsi) ortaya çıxmasına səbəb olacaqdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, ərizəçinin müvəqqəti təminat tədbirlərinə dair ərizəsi təmin edilməməlidir. Çünki, ərizədə göstərilən tələblər mütənasiblik prinsipinə uyğun olmamaqla, cavabdehin əmlakdan çıxarılıb orada sahibkarlıqla məşğul olmasının qadağan edilməsinin əsas mülki işə baxılıb yekunlaşana qədər ərizəçi üçün hər hansı təcili əhəmiyyəti yoxdur, lakin həmin tədbirlər cavabdehi iqtisadi cəhətdən əlverişsiz vəziyyətə salacaqdır.
Eyni zamanda, ərizəçinin iddia etdiyi torpaq sahəsi və ticarət obyektinə dair hər hansı hüququnu təsdiq edən, ərizəçinin mərhum atasına ayrılmış əmlakla cavabdehin zəbt etdiyi iddia edilən əmlakın eyni torpaq sahəsi daxilində yerləşməsinə dair ilkin sübutlar iş materiallarında mövcud deyildir.
Göstərilənlərdən əlavə, məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu, göstərilən müvəqqəti təminat tədbirlərinin Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olması və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməsinə dair əsaslar müvəqqəti təminat tədbiri barədə ərizədə göstərilmədiyindən ərizə təmin edilməməlidir.
7. Həmin qərardaddan ərizəçinin verdiyi şikayət məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayət ərizənin məzmununa uyğun belə əsaslandırılmış, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, işin hallarına uyğun olmayan nəticəyə gəldiyi irəlinsürülmüşdür.
Apellyasiya baxışı
9. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
10. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
11. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolu
12. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
14. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
15. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
16. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər.
17. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir.
18. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
19. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
20. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
21. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
22. Maddə 164.1. İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.
23. Maddə 164.2. Müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsasların olmadığı sonradan müəyyən edilərsə, arbitraj mübahisəsində maraqlı şəxs məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini bu tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə ərizə vermiş tərəfdən məhkəmə qaydasında tələb edə bilər.
24. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
25. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Məhkəmə kollegiyasının mövqeyi
27. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
28. Müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvafiq tədbir tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsini istəyən şəxslə digər şəxslərin mənafeləri arasında ədalətli balans yaradılsın və heç kimin mənafeyi bərpaolunmaz şəkildə pozulmasın.
29. Ərizəçinin ərizəsinin məzmunundan və ərizəyə əlavə olunan sənədlərdən görünür ki, o, hazırkı mərhələdə məhkəməyə, irəli sürdüyü iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət edən sübutlar təqdim etməmişdir.
30. Buna görə də kollegiyanın qənaəti ondan ibarətdir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Səadət Səlimova
Azad İmanov