Məhkəmə qərarları › İş №e-16(3-6)-615/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-615/2026

31.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-615/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh "X6 İnstitutu" X1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh "X6 İnstitutu" X1rşı "əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ##.##.2025-ci il tarixli əmək müqaviləsinin 2.3-cü bəndinə edilən birtərəfli dəyişikliyin və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair ##.##.2026-cı il tarixli 148 K saylı əmrin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını хahiş etmişdir. Eyni zamanda, Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaya baxılması müddətində əmək müqaviləsinə xitam verilməsinin cavabdehə qadağan edilməsi” barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin 2.3-cü il tarixli bəndinə edilən birtərəfli dəyişikliyin və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair ##.##.2026-cı il tarixli 148 K saylı əmrin ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Hazırda məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmətin ləğv edilməsini, həmçinin əmək müqaviləsinin müddətinin 6 aydan 3 aya endirilməsi barədə dəyişikliyin qanunsuz hesab edilərək əvvəlki əmək müqaviləsinin bərpası tələb edilib. Mübahisələndirilən dəyişiklik nəticəsində formalaşdırılmış 3 aylıq əmək müqaviləsinin müddəti ##.##.2026-cı il tarixində başa çatır. Cavabdehin həmin mübahisəli dəyişikliyə əsaslanaraq əmək münasibətlərinə xitam verməsi real ehtimaldır. Gələcək məhkəmə qərarının faktiki icrası çətinləşə, yeni hüquqi mübahisələr yarana və ona əhəmiyyətli zərər dəyə bilər. Mübahisənin predmeti məhz əmək müqaviləsinin müddətinin qanuniliyi olduğundan, həmin dəyişiklik üzrə hüquqi nəticələrin məhkəmə araşdırması başa çatanadək həyata keçirilməsi işin mahiyyətinə təsir göstərə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddianın təmin edilməsi institutunun məqsədi gələcək məhkəmə qərarının effektiv icrasını təmin etmək və mübahisə predmeti üzrə vəziyyətin qorunmasıdır. İş materiallarından görünür ki, cavabdehin müqaviləyə dəyişiklik etməsi nəticəsində müqavilə müddəti 6 aydan 3 aya endirilmişdir. Eyni zamanda təqdim edilən müqavilələrdən müəyyən olunur ki, mövcud müqavilə müddəti ##.##.2026-cı il tarixdə bitir. O özü üçüncü dərəcəli əlildir və xəstəliyin diaqnozu skolilozdur ki, bu da hər işdə işləməyə imkan verməməklə qısa müddətdə iş seçimi hüququnu azaldır. Həyat yoldaşı F.Əliyeva isə birinci dərəcəli əlildir. Xəstəlik diaqnozu IV dərəcə onkolji xəstədir. İddiaçının qısa müddət ərzində işsiz qalması həm maddi, həm fiziki çətinliklər yaradır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan *(*-***)-****/**** saylı mülki iş üzrə iddiaya baxılması müddətində əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verilməsinin cavabdehə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh "X6 İnstitutu" X1 nümayəndəsi-vəkili Vəkil/Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında mülki iş üzrə iddiaya baxılması müddətində əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verilməsi cavabdehə qadağan etmişdir. Hazırda qüvvədə olan əmək mübahisəsi üzrə prosessual qanunvericiliyin tələbləri və məhkəmə təcrübəsini nəzərə aldıqda, hazırkı mübahisənin məhkəmədə baxılması və yekun qərarın çıxarılması üçün ən yaxşı halda 9-12 ay vaxt tələb edir. Hazırda şəxsin iddia ərizəsi ilə müraciət edərək məhkəmədən bərpasını tələb etdiyi ##.##.2026-cı il tarixdə 6 ay müddətinə bağlanılmış əmək müqaviləsinin müddəti isə ##.##.2026-cı il tarixdə qurtarır. Həmin müqavilənin 2.3-cü maddəsində qeyd olunur ki, “bu əmək müqaviləsi 47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə,” bəndində qeyd olunan səbəbə görə, ##.##.2026-cı il tarixinədək 6 ay 4 gün müddətində bağlanılmışdır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsası indiki halda, tərəflərin öz azad iradələri ilə əmək müqaviləsinin ##.##.2026-cı il tarixədək qüvvədə olduğunu müəyyən etdikləri halda, məhkəmənin hazırkı qərardadı ilə yaranan hüquqi vəziyyətdə tərəflərin azad iradələri və könüllü qaydada müəyyən edilən həmin tarixdə əmək müqaviləsinin ləğv edilməsi mümkün olmayacaq, tərəflərin iradəsindən kənar hansısa qeyri-müəyyən bir müddəti gözləmək lazım olacaq. O zaman da, müqavilənin müddətinin uzadılması ilə bağlı növbəti süni əmək mübahisələri ərizəçi/iddiaçı tərəfindən yaradılmaqla (ərizəçinin indiyə qədərki davranışları belə bir ehtimalı fərz etməyə əsas verir), sonsuz məhkəmə mübahisələri nəticəsində dövlət büdcəsindən maliyyələşən cavabdeh qurumun bu istiqamətdə fəaliyyətinin iflic olması deməkdir. Bu isə, sadəcə qəbul edilməzdir. Bir anlığa iddianın uğurlu olduğunu və tam həcmdə təmin etdiyini fərz edildiyi halda, əmək müqaviləsinin maksimum qüvvədə ola biləcəyi sonuncu müddət ##.##.2026-cı il tarixi olsa da, bu qərardadla işəgötürən ən yaxşı halda 9-12 ay sonra əmək müqaviləsinə xitam verə biləcəkdir. Bu isə fundamental insan hüquqlarından biri sayılan müqavilə azadlığı prinsipinə təməldən ziddiyət təşkil edir. Lakin məhkəmə müvəqqəti təminat barədə ərizəni təmin edərkən yuxarıda qeyd olunan məsələnin nəzərə almayaraq, qanunvericiliyin tələblərini pozmaqla hazırkı qərardadı çıxarmışdır. Bu baxımdan hesab etmişdir ki, mülki iş üzrə iddiaya baxılması müddətində əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verilməsi cavabdehə qadağan edilməsi barədə qərardad ləğv edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh "X6 İnstitutu" X1 nümayəndəsi-vəkili tərəfindən məhkəməyə işə məhkəmə iclasında baxılması barədə vəsatət və digər sənədlər daxil olmuşdur. Məhkəmə Kollegiyası tərəfindən vəsatət əsassız hesab edilərək təmin edilməmişdir. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (maddə 157.2). Cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər (maddə 158.1.1-158.1.3). Müvəqqəti təminat tədbirləri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda müvəqqəti təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. İş materiallarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh "X6 İnstitutu" X1rşı "əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, əmək müqaviləsinin 2.3-cü bəndinə edilən birtərəfli dəyişikliyin və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair ##.##.2026-cı il tarixli 148 K saylı əmrin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını хahiş etmişdir. Eyni zamanda, Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaya baxılması müddətində əmək müqaviləsinə xitam verilməsinin cavabdehə qadağan edilməsi” barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bundan başqa iş materiallarından görünür ki, əvvəlcə ##.##.2026-cı il tarixdə 6 ay müddətinə bağlanılmış əmək müqaviləsinin 2.3-cü maddəsində qeyd olunur ki, “bu əmək müqaviləsi 47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə,” bəndində qeyd olunan səbəbə görə, ##.##.2026-cı il tarixinədək 6 ay 4 gün müddətində bağlanılmışdır. İş materiallarından daha sonra görünür ki, həmin müqavilənin müddəti 3 aylıq müəyyən edilmişdir. Hazırda isə birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə ərizəni təmin etməklə məhkəmənin icraatında olan *(*-***)-****/**** saylı mülki iş üzrə iddiaya baxılması müddətində əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verilməsini cavabdehə qadağan etmişdir. Halbuki, müvəqqəti təminat tədbiri tətbiq edilərkən belə tədbirin mübahisənin predmetinə uyğunluğu, zəruri və mütənasib olması, habelə tərəflərin hüquq və qanuni mənafeləri arasında balansın qorunması təmin edilməlidir. Müvəqqəti təminat tədbirinin məqsədi gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasını təmin etməkdir. Bu institut mahiyyət etibarilə tərəflərdən birinə mübahisənin yekun həllindən əvvəl iddia tələbindən kənara çıxan və ya qarşı tərəfin hüquqlarını əsassız şəkildə məhdudlaşdıran üstünlük vermək vasitəsinə çevrilməməlidir. Hazırkı iş üzrə isə tətbiq edilmiş təminat tədbirinin nəticəsi yalnız mübahisə predmetinin qorunmasından ibarət olmamış, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin əvvəlcədən müəyyən edilmiş müddətinin başa çatmasından sonra da əmək münasibətlərinin faktiki davam etdirilməsinə səbəb ola biləcək hüquqi vəziyyət yaratmışdır. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanılmış əmək müqaviləsi tərəflərin qarşılıqlı iradəsi ilə əmək münasibətlərinin mövcud olacağı son tarix əvvəlcədən müəyyən edilmişdir. Əmək müqaviləsinin müddətinin müəyyən edilməsi tərəflərin müqavilə münasibətlərinin mühüm şərtlərindən biri olmaqla, həmin münasibətlərin hüquqi müəyyənliyinə xidmət edir. Mülki Məcəllənin 6.2-ci maddəsində də fiziki və hüquqi şəxslərin mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə etməsi və həyata keçirməsi prinsipi təsbit edilmişdir. Hazırkı halda isə kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin qərardadı ilə işəgötürənə əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam vermək qadağan edilsə də, mübahisənin məhkəmədə baxılmasının və yekun məhkəmə aktının qəbul edilməsinin uzun müddət tələb edə biləcəyi nəzərə alındıqda, həmin təminat tədbiri əmək müqaviləsinin tərəflərin əvvəlcədən müəyyən etdiyi ##.##.2026-cı il tarixindən sonrakı dövrə də faktiki təsir göstərə bilər. Bu isə müvəqqəti təminat tədbirinin məqsədi ilə uyğun gəlmir. Çünki məhkəmə təminat tədbiri tətbiq etməklə tərəflər arasında mövcud müqavilə münasibətinin müddətini faktiki olaraq uzatmış və əmək müqaviləsinin müddətinin başa çatmasından sonra da onun qüvvədə qalmasına səbəb ola biləcək vəziyyət yaratmış olur. Digər tərəfdən, iddiaçının əsas tələbi ##.##.2026-cı il tarixli əmək müqaviləsinin 2.3-cü bəndinə edilmiş birtərəfli dəyişikliyin və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair ##.##.2026-cı il tarixli 148 K saylı əmrin ləğv edilməsidir. Göründüyü kimi, müvəqqəti təminat tədbiri ilə əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verilməsinin qadağan edilməsi iddianın əsas predmetindən daha geniş nəticə doğurur. Belə ki, bu tədbir iddiaçının mübahisələndirdiyi əmrin hüquqi nəticələrindən əlavə, əmək münasibətlərinin gələcəkdə davam etdirilməsi məsələsinə də təsir göstərir. Məhkəmə müvəqqəti təminat tədbirini seçərkən həmçinin tərəflərin hüquq və mənafelərinin balansını nəzərə almalı idi. Hazırkı halda təminat tədbirinin tətbiqi nəticəsində cavabdehin əmək müqaviləsinə qanun və müqavilə əsasında xitam vermək imkanının məhdudlaşdırılması, digər tərəfdən isə iddiaçının gələcəkdə tələbinin təmin ediləcəyi təqdirdə hüquqlarının bərpasının mümkün olması halları müqayisəli şəkildə qiymətləndirilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, iddianın təmin edilməsi halında belə əmək müqaviləsinin müddəti ##.##.2026-cı il tarixində başa çatır. Buna görə də məhkəmə tərəfindən tətbiq edilmiş qadağanın bu tarixdən sonrakı dövrə faktiki olaraq aid edilməsi iddiaçının mübahisə predmetindən kənar üstün hüquqi vəziyyət əldə etməsinə, cavabdehin isə müqavilə ilə müəyyən edilmiş hüquqlarının qeyri-müəyyən müddətə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Eyni zamanda, Məhkəmə Kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbiri gələcəkdə qəbul ediləcək məhkəmə aktını qabaqlamamalıdır. Beləliklə, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqinin hüquqi nəticələrini, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin müəyyən müddətli olmasını, müqavilənin qüvvədə olmasının son tarixini, tətbiq edilmiş qadağanın iddia tələbinin predmetinə münasibətini və tərəflərin hüquq və qanuni mənafelərinin balansını lazımi qaydada nəzərə almamışdır. Bu səbəbdən cavabdehin şikayətində göstərilən, məhkəmə tərəfindən tətbiq edilmiş müvəqqəti təminat tədbirinin əmək müqaviləsinin tərəflərin iradəsi ilə müəyyən edilmiş müddətini faktiki olaraq aşması və cavabdehin müqavilə əsasında malik olduğu hüquqlarını qeyri-müəyyən müddətə məhdudlaşdırması barədə dəlillər əsaslıdır. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını nəzərə almayaraq, sadəcə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müəyyən normalarına istinad edərək, hər hansı əsaslandırma etmədən, müvəqqəti təminat tədbirinin zəruriliyini qeyd etmədən ərizəni təmin etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası şikayətin dəlilləri ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməklə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizəçi Ərizəçi tərəfindən verilmiş “iddiaya baxılması müddətində əmək müqaviləsinə xitam verilməsinin cavabdehə qadağan edilməsi” barədə müvəqqəti təminat tədbirinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdeh "X6 İnstitutu" X1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi tərəfindən verilmiş “iddiaya baxılması müddətində əmək müqaviləsinə xitam verilməsinin cavabdehə qadağan edilməsi” barədə müvəqqəti təminat tədbirinə dair ərizəsi rədd edilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar