Məhkəmə qərarları › İş №e-16(3-6)-647/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-647/2026

01.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-647/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) hakimlər X2 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından maraqlı şəxs Üçüncü şəxs tərəfindən verilmiş şikayətlərə məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Ərizəçi cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Cavabdeh MMC arasında ## ######## 2024-cü il tarixində Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki "MY HOME" yaşayış kompleksində yerləşən D.2.* saylı mənzil alqı-satqısı barədə bağlanılmış müqaviləyə əsasən onun Bakı şəhəri, Nizami rayonu, şəhəri Şirin Mirzəyev küçəsindəki "MY HOME" yaşayış kompleksində yerləşən D.2.* saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi ilə bağlı cavabdeh Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra ərizəçi Ərizəçi vəkili və nümayəndəsi Vəkil müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan e-*(*- **)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, ünvan 1 ünvanında inşa edilmiş "MY HOME" yaşayış kompleksinin "D" blokunda 2-ci mərtəbədə yerləşən sahəsi 46 kv.m olan D.2.* saylı mənzildə təmir işlərinin aparılmasının cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və qeyrilərinə (üçüncü şəxslərə) qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda tərəflər arasında mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və mənzilin təhvil verilməsinə dair iddia Nizami Rayon Məhkəməsinin icraatındadır. Hesab edir ki, e-*(*-**)-****/**** saylı işə baxılıb qurtaranadək ünvan 1 ünvanında inşa edilmiş "MY HOME" yaşayış kompleksinin "D" blokunda 2-ci mərtəbədə yerləşən sahəsi 46 kv.m olan D.2.7. saylı mənzildə təmir işlərinin aparılması cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti və qeyrilərinə (üçüncü şəxslərə) qadağan edilməlidir. Belə ki, ## ######## 2024- cu il tarixli maliyyə arayışına əsasən, o, ## ######## 2024- cü il tarixli "SATIŞ" müqaviləsinin predmeti sayılan Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilən D bloku, D.2.* №-li sahəsi 46 kvadrat metr olan mənzilin dəyərini ödəmişdir və borcu yoxdur. ## ######## 2024-cü il tarixli "SATIŞ" müqaviləsinə əsasən icraçı tərəfindən sifarişçiyə tam ödənişlər başa çatdıqdan sonra 1 ay müddətində mənzili təhvil verəcəyini öz üzərinə götürür. Cavabdeh MMC bu günədək həmin mənzili ona təhvil verməmişdir. Belə ki, ərizəçi tərəfindən mənzilin müqavilə üzrə dəyəri tam şəkildə ödənilməsinə baxmayaraq ərizəçi mövcud mənzildən istifadə hüququndan yararlana bilməmişdir. Göründüyü kimi cavabdeh Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirməyərək mənzili təhvil verməmişdir. Əsas iddianın təmin edilib icra ediləcəyi halda hər hansı əlavə iddia və qətnamənin icrasına maneə yarada biləcək halların qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməlidir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “xxxx“ MMC-də bir mənzilin bir neçə şəxsə satılması halları mövcud olduğundan mübahisəli mənzilin üçüncü şəxsə özgəninkiləşdirilməsi ehtimalı vardır. Bu səbəbdən ünvan 1 ünvanında inşa edilmiş "MY HOME" yaşayış kompleksinin "D" blokunda 2-ci mərtəbədə yerləşən sahəsi 46 kv.m olan D.2.* saylı mənzildə təmir işlərinin aparılması “xxxx“ MMC-yə və digər şəxslərə qadağan edilməlidir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından narazı qalan maraqlı şəxs Üçüncü şəxs şikayət verərək onun ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilən pilot layihə çərçivəsində inşa edilən yaşayış kompleksində yerləşən mənzillərdən biri ilə bağlıdır. Pilot layihənin həyata keçirilməsi məqsədilə köhnə yaşayış binaları sökülmüş, həmin binalarda yaşayan şəxslərlə yeni tikilən yaşayış kompleksindən mənzillərin verilməsi barədə müqavilələr bağlanmışdır. Lakin iş üzrə xüsusi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, hazırda mübahisə predmeti olan D blok, 2-ci mərtəbədə yerləşən d.2.* nömrəli mənzil layihə çərçivəsində binaları sökülən sakinlərdən biri kimi ilkin olaraq iddiaçıya deyil, ona təqdim edilmiş, həmin mənzil ##.##.2016-cı il tarixli notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında onun istifadəsinə verilmiş və faktiki olaraq ona təhvil verilmişdir. Bundan sonra iddiaçı həmin mənzil üzərində hüquq iddia etməyə başlamış və həmin mənzilin ona məxsus olduğunu bildirərək məhkəməyə müraciət etmişdir. Deməli, hazırki iş üzrə əsas mübahisə mənzilin təmir olunması deyil, həmin mənzilin üzərində hüququn kimə məxsus olması məsələsidir. Başqa sözlə, məhkəmə tərəfindən hələ əsas mübahisə həll edilməmiş, hansı tərəfin həmin mənzil üzərində hüquqa malik olduğu müəyyən edilməmişdir. Buna baxmayaraq, iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə verərək mübahisəli mənzildə hər hansı təmir işlərinin aparılmasının qadağan edilməsini xahiş etmiş, Nizami rayon Məhkəməsi isə 30.06. 2026-cı il tarixli qərardadı ilə həmin ərizəni təmin etmişdir. Hesab edir ki, həmin qərardad işin faktiki halları tam araşdırılmadan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmiş, cavabdehin və üçüncü şəxslərin qanuni hüquq və mənafelərini əsassız şəkildə məhdudlaşdırmışdır. Azərbaycan Respublikası MPM-nin müvafiq maddəsinə əsasən müvəqqəti təminat tədbirləri yalnız cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi və bunun gələcək məhkəmə qətnaməsinin icrasını qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcəyi hallarda tətbiq edilə bilər. Hazırkı iş üzrə iddiaçı belə halların mövcudluğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Ərizədə yalnız ehtimallar irəli sürülmüş, lakin həmin ehtimalların real və obyektiv əsasları göstərilməmişdir. Məhkəmə də bu halları araşdırmadan yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qərardad qəbul etmişdir. Hazırkı mübahisənin predmeti mənzilin təhvil verilməsi ilə bağlı müqavilə öhdəliyidir. Mənzildə təmir işlərinin aparılması həmin mənzilin hüquqi statusunu dəyişmir, onu mövcudluqdan çıxarmır, başqa əmlaka çevirmir və gələcəkdə mümkün qətnamənin icrasını qeyri-mümkün etmir. Daşınmaz əmlak yerində qalır və mübahisə predmeti dəyişmir. Ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, məhkəmə mübahisəli mənzilin ilkin olaraq ona təqdim edilməsinə, onun faktiki sahiblik hüququna və həmin mənzilin ona verilməsi ilə bağlı sənədlərə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki bu hal müvəqqəti təminat tədbirinin tətbiq edilib-edilməməsinə birbaşa təsir edən mühüm faktordur. Məhkəmə həmin halları araşdırmadan iddiaçının birtərəfli izahatına əsaslanaraq qərardad qəbul etmişdir. Bundan başqa, tətbiq edilən qadağa mütənasiblik prinsipinə də ziddir. Belə ki, məhkəmə istənilən təmir işlərini tam şəkildə qadağan etmişdir. Bu isə Cavabdeh MMC-nin müqavilə öhdəliklərini və digər şəxslərin hüquqlarını əsassız məhdudlaşdırır. Nəticədə müvəqqəti təminat tədbiri faktiki olaraq əsas iddianın əvvəlcədən təmin edilməsinə çevrilmişdir ki, bu da müvəqqəti təminat institutunun hüquqi mahiyyətinə ziddir. Hesab edir ki, məhkəmənin qərardadı hazırkı vəziyyətdə qanuni və əsaslı sayıla bilməz.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-99)- 207/2026 saylı qərardadından verilmiş şikayəti təmin etməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

9. 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.

10. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır.

11. 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

12. 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər.

13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olubolmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir.

16. Məhkəmə araşdırmasının göstərilən istiqamətdə aparılmasını təmin etmək üçün ərizəçi ərizənin kifayət qədər əsaslı olmasına dair ilkin sübutları təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bundan sonra ərizəçi verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır.

17. Məhkəmə də öz növbəsində müvəqqəti təminat tədbirini tətbiq etmədən iddiaçı tərəfindən irəli sürülən (sürüləcək) tələbin uğurlu, mövqeyinin əsaslandırılmış olubolmamasına dair məsələlər ətrafında araşdırma və qiymətləndirmə aparmalıdır. Daha sonra isə təqdim edilmiş ilkin sübutların iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət etməsi məsələsinə münasibət bildirməlidir. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edə bilmək üçün elə bir qənaətə gəlməlidir ki, həmin anda iddiaçının (ərizəçinin) təqdim etdiyi sübutlara əsasən iddia icraatı böyük ehtimalla uğurlu görünsün. Sözügedən böyük ehtimal isə o zaman mövcud olur ki, iddiaçının bildirdiyi faktiki halların və təqdim etdiyi ilkin sübutların məcmusunun qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində (verilmiş və ya veriləcək) iddianın əsaslılığına dair güman yaranmış olsun.

18. Məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilməsi tələb olunan müvəqqəti təminat tədbirinin irəli sürülmüş iddia ilə obyektiv əlaqənin mövcudluğu aşkardır və həmin tədbirin tətbiq edilməməsi gələcəkdə iddianın təmin olunduğu təqdirdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə bilər. Ərizəçi həmçinin verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğunu əsaslandırmış, iddia tələbinin əsaslılığına dair müvafiq ilkin sübutları ərizəyə əlavə etmişdir.

19. Şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası isə qeyd edir ki, şikayətdə göstərilən dəlillər mülahizə xarakterli olmaqla yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qərardadaının ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz, formal əsaslar kimi qiymətləndirilməlidir. Təminat tədbirinin tətbiq edilməsi nəticəsində maraqlı şəxsin və ya üçüncü şəxslərin hər hansı əşya hüquqları və digər maraqları həddindən artıq yükə məruz qaldığı da müəyyən edilməmişdir. Bu səbəbdən də hazırki məhdudiyyətin ədalətli balansın və mütənasibliyin pozulmasına səbəb kimi nəzərə alınması üçün əsas yoxdur.

20. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş tədbir müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir.

21. Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

23. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-99)- 207/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Rəna Qafarova Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar