Məhkəmə qərarları › İş №e-2(001)-750/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-750/2024

06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-750/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş kirayə haqqının, maddi ziyanın əvəzinin, vəkilin göstərdiyi yardıma görə xərcin tutulması və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş kirayə haqqının, maddi ziyanın əvəzinin, vəkilin göstərdiyi yardıma görə xərcin tutulması və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 647.3 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı verilmişdir. Həmin fərdi yaşayış evinin 100 kv.m. hissəsinin kirayə verilməsi ilə əlaqədar İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 ilə Cavabdeh arasında 22 iyun 2019-cu il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində Kirayə müqaviləsi bağlanılmışdır. Müqavilənin 3-cü bəndinə əsasən kirayə müddəti 1 il müəyyənləşdirilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən kirayəçi, yəni Cavabdeh kirayə verən - İddiaçı aylıq 1000 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin evə köçdükdən kirayə haqqının ödənilməsini müxtəlif bəhanələrlə ləngitmiş və nəticədə ümumiyyətlə ödəməmişdir. Toplam olaraq cavabdeh iddiaçıya 1000 manatdan manatdan 47 ayın (22 iyun 2019-22 may 2023) pulunu ödəməlidir ki, bu da 47.000 manat təşkil edir. Digər tərəfdən iddiaçı cavabdehə kirayə haqqını ödəmədiyi üçün mənzili tərk etməyini tələb etsə də, onun müraciətlərinə rədd cavabı vermiş və onun mülkiyyətində olan mənzili boşaldaraq geri qaytarılmasından imtina etmişdir. Həmin müqavilənin 14-cü bəndi kirayə verənə əgər kirayə münasibətlərinin davam etməsi nəticəsində kirayə verən iqtisadi cəhətdən xeyli zərər çəkirsə müqaviləyə xitam vermək hüququ vermişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunan razılaşmaya əsasən aylıq 1000 manat kirayə haqqı 22 iyun 2019-cu il tarixdən 22 may 2023-cü il tarixədək ödənilmiş olsaydı 47000 (47 ay x 1000=47000) manat olardı. Bu pul vəsaiti ən azından depozit olaraq banka qoyulmuş olsaydı Respublikada olan Bank ucot dərəcəsinin hesablanmaqla (2019-2023-cü illər ərzində orta hesabla illik ucot dərəcəsi 8% olmuşdur) əldə edilmiş məbləğ 3760 manat olardı. Lakin cavabdeh qeyd olunan kirayə haqqını ödəmədiyi iiçün iddiaçıya 3760 manat ziyan dəymiş olur. Həmin məbləğ ümumi məbləğin üzərinə gəlsə ümumilikdə 47000+3760=50760 manat olur. Göstərilənlərə əsasən iddiaçı 22 iyun 2019-cu il tarixli kirayə müqaviləsinin şərtlərinə əsasən kirayə haqqı olaraq ödənilməmiş 47.000 manat, maddi ziyan kimi 3760 manat, vəkilə ödənilən 200 manat və 243 manat dövlət rüsumunun, ümumilikdə 51203 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi; cavabdehin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qənamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 3M-389 saylı Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi (kirayə) müqaviləsindən aşağıdakılar görünür: - kirayə verən İddiaçı kirayəçi Cavabdeh ünvan 1 ünvanında mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 647,4 kv.m. olan fərdi yaşayış evinin 100 kv.m. hissəsini kirayəyə vermişdir; - kirayə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürülmədiyi təqdirdə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilməli idi; - kirayə verilən sahənin istifadəsinə görə Cavabdeh İddiaçı hər ay 1000 manat kirayə haqqı ödəməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 684.1-ci maddəsinə müvafiq olaraq, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Mülki Məcəllənin 684.2-ci maddəsinə əsasən, kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Mülki Məcəllənin 685.2-ci maddəsinə görə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Mülki Məcəllənin 689.1-ci maddəsinə müvafiq olaraq, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, tərəflər arasındakı müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış və xx.xx.2021-ci il tarixdə müqavilənin müddəti bitmişdir. İddiaçı xx.xx.2023-cü il tarixədək ödənilməmiş kirayə haqqının ödənilməsini tələb etsə də, məhkəmə həmin tələbi qismən – yalnız müqavilənin qüvvədə olduğu iki il müddət üçün əsaslı hesab edir. Həmçinin məhkəmə iddiaçının 3760 manat məbləğində əldən çıxmış fayda tələbi ilə də razılaşmır. Belə ki, kirayəçi Cavabdeh iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdiyi vaxtdan kirayə verən İddiaçı kirayə müqaviləsini ləğv etmək və hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ olmuş, lakin o, həmin hüquqdan istifadə etməmişdir. Belə olan halda cavabdehdən əlavə olaraq 3760 manat məbləğində pulun tutulması qanuni və əsaslı hesab edilə bilməz. Bundan əlavə iddiaçı vəkilin göstərdiyi yardıma görə 200 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş, lakin buna dair müvafiq qəbzi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1.-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 24000 manat məbləğində ödənilməmiş kirayə haqqı Cavabdeh tutularaq İddiaçı ödənilməli; Cavabdeh ünvan 1 ünvanında olan fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 24000 (iyirmi dörd min) manat məbləğində ödənilməmiş kirayə haqqı və ödənilmiş dövlət rüsumunun 162 (yüz altmış iki) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh ünvan 1 ünvanında olan fərdi yaşayış evindən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 81 (səksən bir) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar