Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3646/2025 14.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC-yə qarşı «müqavilə üzrə öhdəliklərin icrası» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC-yə qarşı «müqavilə üzrə öhdəliklərin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müəllifi onlar olan kitab və digər əsərlərin hər bir satılmış nüsxəsinin satış qiymətinin 10 % məbləğində müəllif qonorarı olaraq Cavabdeh QSC-dən tutularaq onlara ayrı-ayrılıqda ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC-də uzun illərdir ki, əmək fəaliyyəti ilə məşğul olmuşlar. İddiaçı1 şöbə rəhbəri olaraq, İddiaçı2 isə redaktor vəzifəsində çalışmışdır. İddiaçı1 ilə cavabdeh arasında olan əmək müqaviləsinə (xx.xx.2020-ci ildən nəzarətçi, xx.xx.2022-ci ildən şöbə müdiri) xx.xx.2025-ci il tarixdə, İddiaçı2 ilə cavabdeh arasında olan əmək müqaviləsinə (xx.xx.2019-cu ildən dizayner, xx.xx.2024-cü ildən redaktor) xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. İddiaçılar bir sıra kitab və nəşrlərin müəllifləridirlər. İddiaçılar dəfələrlə cavabdehə həm şifahi, həm yazılı olaraq, sonuncu dəfə isə 26 may 2025-ci il tarixdə müraciət edərək xahiş etmişlər ki, müəllif hüquqlarının əsasında əsərlərin satışından əldə edilmiş gəlirin müəyyənləşdirilməsi üçün iddiaçılar ilə görüş təşkil edilsin və görüş çərçivəsində qonorar məsələsi tərəflər arasında müvafiq qaydada razılaşdırılsın və ödənilməsi təmin edilsin. Lakin, bu günədək bu məsələ öz həllini tapmamışdır. İddiaçı1 ilə cavabdeh arasında olan əmək müqaviləsinə əsasən İddiaçı1 xx.xx.2020-ci ildən etibarən Cavabdeh QSC-də nəzarətçi, xx.xx.2022-ci ildən isə şöbə müdiri vəzifəsində çalışmışdır. İddiaçı2 ilə cavabdeh arasında olan əmək müqaviləsinə əsasən İddiaçı2 xx.xx.2019-cu ildən etibarən Cavabdeh QSC-də dizayner, xx.xx.2024-cü ildən isə redaktor vəzifəsində çalışmışdır. İddiaçılar ilə cavabdeh arasında bağlanılan əmək müqavilələrinə əsasən iddiaçıların iş yeri Cavabdeh QSC-nin müvafiq strukturu olan "xxxx" qeyd olunmuşdur. İddiaçı1 əmək fəaliyyətini Cavabdeh QSC-də davam etdirdiyi dövrdə Cavabdeh QSC tərəfindən 2022-ci ildə "xxxx" MMC yaradılmışdır və formal olaraq İddiaçı1 qanuni təmsilçi olaraq ora təyin edilmişdir. İddiaçı1 ilə cavabdeh arasında olan əmək müqaviləsi xx.xx.2025-ci il, İddiaçı2 ilə cavabdeh arasında olan əmək müqaviləsi isə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Yeni yaradılmış MMC və iddiaçılar arasında heç bir əmək müqaviləsi imzalanmamışdır. "xxxx" MMC yaradıldığı dövrdən (2022-ci ildən) indiki günədək heç bir fəaliyyət ilə məşğul olmamış, heç bir satış obyektləri ilə müqavilə bağlamamış və müvafiq olaraq heç bir gəlir əldə etməmişdir. "xxxx" MMC yaradılmadan öncə və sonra da müəllif olan iddiaçıların kitab və nəşrləri Cavabdeh QSC tərəfindən nəşri, satışı və yayımı həyata keçirilmişdir və sonuncu tərəfdən külli miqdarda gəlir əldə olunmuşdur. İddiaçılar tərəfindən müəlliflik hüquqları çərçivəsində yaradılmış əsərləri Cavabdeh QSC kommersiya məqsədilə istifadə edilmişdir. “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanununun 4,5,6,8,9,14,15,25, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununun 1-6-cı maddələrinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının 9., 9.1-ci bəndlərinə əsasən iddianın təmin edilməsi xahiş edilir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçılar öz tələblərində guya müəyyən nəşrlərin müəllifləri olduqlarını və müəllif hüquqlarının müdafiəsi baxımından onların paya sahib olduqlarını qeyd etmişlər. Nəzərə çatdırır ki, əvvəla iddiaçıların müəlliflik hüquqları qanunla nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçirilməmişdir, habelə bu barədə qüvvədə olan hər hansı bir məhkəmə qətnaməsi olmadan bu tələblə çıxış etməyə subyektiv hüquqları yoxdur, həmçinin nəşriyyata aid bütün məhsul və nəşrlərin birbaşa və tək mülkiyyətçisi cavabdehdir. Nəşriyyat vəsaitləri və nəşrlərin də müəllif və bütün hüquqları cavabdehə məxsusdur. İddiaçılar əmək müqavilələrində qeyd olunduğu kimi sadəcə həmin vəzifələrini yerinə yetirmişlər və bunun da əvəzində əmək haqqı almışlar. Bu səbəbdən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı R.Bəyovun, iddiaçıların nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - 26.02.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən Cavabdeh QSC tərəfindən İddiaçı1 İZƏ Nəşriyyatına əsas iş yeri olmaqla Şöbə müdiri vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumat bölməsində (8-ci paraqraf) əməyin ödənilməsi, işçinin aylıq əmək haqqı, vəzifə / tarif maaşı, dəyişikliyin qüvvəyə minmə tarixi və digər məlumatlar öz əksini tapmışdır. - Əmək müqavilələrinin 3-cü hissəsində işçinin aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürməsi əks edilmişdir: - xarici bəddi kitabların tərcümə edilməsinə nəzarət etmək və nəşriyyat prosesini idarə etmək; - nəşriyyatın əməkdaşlarının işlərinin effektivliyini təmin etmək və onlara nəzarət etmək; - müəlliflərin nəşrə çıxan kitablarının təqdimat tədbirlərini təşkil etmək və idarə etmək; - nəşrlərin dizayn prosesini idarə etmək, nəşrin dizaynının başlanması, müzakirə edilməsi, dəyişikliklərin olunması və nəşrin çap olunması üçün nəzarət təmin etmək; - nəşriyyatın əlaqəli təhsil və tədqiqat təşkilatları ilə əməkdaşlıq etmək və təşəbbüslərini dəstəkləmək; - nəşriyyat şöbəsinin işini planlamaq və yayım stratejiyalarını müəyyənləşdirmək; - rəhbərlik tərəfində vəzifə səlahiyyələri çərçivəsində verilmiş digər tapşırıqları yerinə yetirmək. - 26.02.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən Cavabdeh QSC tərəfindən İddiaçı2 İZƏ Nəşriyyatına əsas iş yeri olmaqla redaktor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumat bölməsində (8-ci paraqraf) əməyin ödənilməsi, işçinin aylıq əmək haqqı, vəzifə / tarif maaşı, dəyişikliyin qüvvəyə minmə tarixi və digər məlumatlar öz əksini tapmışdır. - Əmək müqavilələrinin 3-cü hissəsində işçinin aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürməsi əks edilmişdir: - Mətnləri yazım, qrammatika, stil və məzmun səhvlərinə görə yoxlamaq və düzəlişlər etmək. - Məzmun planlamasını təyin etmək, məzmunun sıralanması və strukturunu düzəltmək, və oxucuların məzmunu daha asan başa düşməsinə kömək edən tərtibatlandırmaları daxil etmək. - Mətnləri analiz edir və texniki səhvələri, tutarlılığı və məzmunun doğruluğunu yoxlamaq. - Birbaşa rəhbəri tərəfindən vəzifə öhdəlikləri çərçivəsində verilmiş digər tapşırıqları yerinə yetirmək. - Təqdim olunmuş fotoşəkillərdən görünür ki, İZƏ Nəşriyyatı tərəfindən çap edilmiş Riyaziyyat (1-ci sinif üçün, Bol-Bol çalışma + məsələ) kitabının, Azərbaycan dili (1-ci sinif üçün, Ev tapşırıqları, Yarpaq Test) kitabının, Riyaziyyat (1-ci sinif üçün, Ev tapşırıqları, Yarpaq Test) kitabının, Azərbaycan dili (1-ci sinif üçün, Bol-Bol çalışmalar) kitabının, Azərbaycan dili (2-ci sinif üçün, Ev tapşırıqları, Yarpaq Test) kitabının, Riyaziyyat (2ci sinif üçün, Ev tapşırıqları, Yarpaq Test) kitabının və digər kitabların üzərində iddiaçıların adları qeyd olunmuş, bəzilərində müəllif kimi qeyd olunmuşlar. - 26.05.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, hazırki iş üzrə iddiaçılar Cavabdeh QSC-yə müraciət edərək, həmin məktubda qeyd edilən tələblərin yerinə yetirilməsini, yəni müəllif olduqları əsərlərin satışından əldə edilmiş gəlirin müəyyənləşdirilməsi üçün onlarla görüş təşkil edilməsini və (2) bu görüş çərçivəsində qonorar məsələsinin müvafiq qaydada razılaşdırılmasını və ödənilməsi təmin edilməsini əldə olunan gəlirə və hüquqlara dair əllərində sübutlar mövcud olsa da, hazırda bu sübutların təqdimindən imtina etməklə, tərəflər arasında dialoq və əməkdaşlıq yolu ilə məsələni həll etmək niyyətində olmalarını, əgər yuxarıda qeyd olunan tələblər qısa müddətdə yerinə yetirilməzsə, qanunvericiliklə müəyyən olunmuş qaydada pozulmuş hüquqlarının bərpası üçün digər hüquqi tədbirlər görmək hüquqlarını özlərində saxlamalarını göstərmişlər. - Cavabdeh QSC-nin direktoru tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı şikayət ərizəsindən görünür ki, İddiaçı1 ərizəçiyə məxsus olan «sınaq.ize.az» adlı interner səhifəsini qanunsuz olaraq ələ keçirməsini, həmin səhifəyə qanunsuz müdaxilələr etməklə mülkiyyətçinin sahibi olduğu səhifəyə daxil olmasını qanunsuz kiber müdaxilələr etməklə əngəlləməsini göstərərək əməllərinə hüquqi qiymət verilməsini, QSC-yə məxsus «sınaq.ize.az» adlı interner veb səhifəsinin giriş vasitəsi ilə kodlarının İddiaçı1 alınaraq Cavabdeh QSC-yə qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. - 03.06.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh ilə aralarında olan əmək müqavilələrinə əsasən İddiaçı1 xx.xx.2020-ci ildən etibarən Cavabdeh QSC-də nəzarətçi, xx.xx.2022-ci ildən isə şöbə müdiri vəzifəsində çalışmış, İddiaçı2 xx.xx.2019-cu ildən etibarən dizayner, xx.xx.2024-cü ildən isə redaktor vəzifəsində çalışmışlar. İddiaçı1 ilə cavabdeh arasında olan əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə, İddiaçı2 ilə əmək müqaviləsinə isə bundan əvvəl, yəni xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. İddiaçılar ilə cavabdeh arasında bağlanılan əmək müqavilələrinə əsasən iddiaçıların iş yeri Cavabdeh QSC-nin müvafiq strukturu olan "xxxx" qeyd olunmuşdur. Hazırda iddiaçıları cavabdeh QSC-də işlədikləri müddətdə bir sıra kitab və nəşrlərin müəllifləri olmalarını və tərəflərindən müəlliflik hüquqları çərçivəsində yaradılmış əsərlərin hər bir satılmış nüsxəsinin satış qiymətinin 10% məbləğində müəllif qonorarı olaraq QSCdən tutularaq onlara verilməli olmasını iddia edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Bundan əvvəl isə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlə əmək müqavilələrinə xitam verldikdən sonra pretenziya ilə müraciət edərək göstərmişlər ki, 2020-ci ildən etibarən Cavabdeh QSC-də, dəqiq olaraq "xxxx" şöbəsində müvafiq olaraq şöbə rəhbəri və redaktor vəzifələrində çalışmış, bu müddət ərzində bir sıra nəşrlərin və kitabların müəllifi olmuşlar. Təəssüf ki, müəllifi olduqları bu kitablar və nəşrlər tərəflərindən hər hansı yazılı razılıqları və ya müəlliflik müqaviləsi olmadan çap edilmiş, mülki dövriyyəyə buraxılmış və satışdan gəlir əldə edilmişdir. Dəfələrlə cavabdehə müraciət edərək müəllif hüquqları əsasında bu nəşrlərin satışından əldə olunmuş gəlirdən onlara qonorar ödənilməsini xahiş etmiş, dakin bu günə qədər bu məsələ öz həllini tapmamışdır. Qeyd edirlər ki, müvafiq nəşrlərin müəllifi olduqlarına dair əsaslı sübutlar mövcuddur. Məlumat üçün bildirirlər ki, məlumatlarına əsasən, İddiaçı1 müəllifi olduğu nəşrlər 1 000 000 (bir milyon), İddiaçı2 müəllifi olduğu nəşrlər isə 300 000 (üç yüz min) nüsxədən artıq çap olunmuş və satılmışdır. Cavabdeh tərəf isə iddiaya etiraz edərək iddiaçıların müəlliflik hüquqlarının qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçirilmədiyini və ya bu barədə qüvvədə olan hər hansı bir məhkəmə qətnaməsi olmadan iddiaçıların bu tələblə çıxış etməyə subyektiv hüquqlarının olmamasına, nəşriyyat vəsaitləri və nəşrlərin də müəllif və bütün hüquqları cavabdehin olmaqla, iddiaçıların əmək müqavilələrində qeyd olunduğu vəzifələrini yerinə yetirməklə bunun da əvəzində əmək haqqı almalarına istinad etmişdir. Məhkəmə iddiaçı tərəfin tələbləri ilə bağlı qeyd edir ki, “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanununun: - 4-cü maddəsinə əsasən “müəllif” – əsərin yaradıcısı olan fiziki şəxs - 5-ci maddəsinə əsasən müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. - 6-cı maddəsinə əsasən ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) müəlliflik hüququnun obyektləridir. - 8.1-ci madəsinə əsasən əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. - 9-cu maddəsinə əsasən iki və ya daha çox şəxsin birgə əməyi ilə yaradılan əsərə müəlliflik hüququ (şərikli müəlliflik) həmin əsərin, ayrılmaz, bütöv və ya müstəqil əhəmiyyətə malik olan ayrı-ayrı hissələrdən ibarət olmasından asılı olmayaraq birlikdə şərik müəlliflərə məxsusdur. Şərikli əsərlərdən istifadə hüququ bütövlükdə onu birgə yaratmış müəlliflərə məxsusdur. Şərikli əsərin müəlliflərindən heç birinin əsaslı dəlilləri olmadan digərinə həmin əsərdən istifadəni qadağan etməyə ixtiyarı yoxdur. Şərikli əsərin müstəqil əhəmiyyətli hissəsi həmin əsərin digər hissələrindən ayrılıqda istifadə oluna bilərsə, müstəqil əsər kimi qəbul edilir. Aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, şərikli əsərin müəlliflərindən hər birinin özünün müstəqil əhəmiyyət daşıyan hissəsindən öz istəyinə uyğun şəkildə istifadə etmək ixtiyarı vardır. Şərik müəlliflər arasındakı münasibətlər onların razılığı ilə müəyyən edilir. Şərikli əsər müəlliflərinin hər birinin ayrılıqda həmin əsəri müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirmək və əsərin qeydiyyatı haqqında şəhadətnamə almaq, habelə öz hüquqlarının müdafiəsi ilə əlaqədar, o cümlədən əsərin hissələri ayrılmaz olduqda da müstəqil tədbirlər görmək hüququ vardır. - 14-cü maddəsinə əsasən əsərin müəllifinin aşağıdakı şəxsi (qeyriəmlak) hüquqları vardır: a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); v) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); q) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ); - 15-ci maddəsinə əsasən əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir. Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir. - 25-ci maddəsinə əsasən müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Müəllifin vəfatından sonra onun şəxsi hüquqlarının qorunması bu Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununun: - 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları – müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, audiovizual yayımçının proqramlarına, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlar sayılır. -6.1-ci maddəsinə əsasən hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi və ya bunu bilməsinə kifayət qədər əsaslar olmadığı hallarda da məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir. -6.2-ci maddəsinə əsasən zərər müəyyən edilərkən hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər, hüquq sahibinin pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər və hüquqları pozulmasaydı, hüquq sahibinin ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) nəzərə alınmalıdır. Zərər müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır: -hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər; -hüquq sahibinin pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər; -hüquqları pozulmasaydı, hüquq sahibinin ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda). “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının 9-cu bəndinə əsasən Bütün hallarda müəllif qonorarının məbləği əsərin ideya-bədii səviyyəsi, həcmi, görülən işin mürəkkəbliyi və müəllifin peşəkarlıq səviyyəsi nəzərə alınmaqla aşağıdakı məbləğlərdə müəyyənləşdirilir: Bədii nəsr (o cümlədən uşaqlar üçün elmi-bədii, bədii-sənədli ədəbiyyat, tənqidi əsərlər, ədəbiyyatşünaslıq, sənətşünaslıq əsərləri) — hər çap vərəqi üçün 29,0 (min manatla) Beləliklə məhkəmə qeyd edir ki, müəllif hüquqları haqda qanunvericiliyin mənasına görə müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Müəlliflik hüququ elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Obyektiv mənada müəllif hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə özü-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. İddiaçı tərəf "xxxx" MMC yaradılmadan öncə və sonra da müəllif olduqları kitab və nəşrləri Cavabdeh QSC tərəfindən nəşri, satışı və yayımı həyata keçirilməklə sonuncu tərəfdən külli miqdarda gəlir əldə olunmasını və onlar tərəfindən müəlliflik hüquqları çərçivəsində yaradılmış əsərləri Cavabdeh QSC kommersiya məqsədilə istifadə edilmələrini göstərsələr də, cavabdeh QSC-də əmək müqaviləsi əsasında işləyərək öz əmək funksiyalarını yerinə yetirdikləri halda istinad etdikləri kitab və nəşrlərin onlara müəlliflik hüququ əsasında məxsus olmasına dair dəlillərini məhkəmə əsassız sayır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar uzun müddət cavabdeh QSC-də işləməklə yalnız işdən azad olduqdan 1 ay sonra hazırki iddianın məzmununa oxşar pretenziya ilə cavabdehə müraciət etmişlər. Başqa sözlə əmək fəaliyyəti dövründə onların təbirincə deyilsə müəlliflik hüquqları çərçivəsində yaradılmış əsərlərin Cavabdeh QSC kommersiya məqsədilə istifadə edilmələrinə heç bir irad, şikayət və ya hər hansı formada etiraz etməmişlər. İddiaçı tərəf bu barədə cavabdehə dəfələrlə müraciət etməsini bildirsə də, bu faktın təsdiqi olaraq heç bir sübut təqdim etmədiyidən məhkəmə bu dəlili də digər dəlillər kimi subyektiv mülahizə kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanununun 4-cü maddəsinə əsasən “müəllif” – əsərin yaradıcısı olan fiziki şəxs və həmin qanunun 8.1-ci maddəsinə əsasən əsəri yaradan şəxs onun müəllifi sayılması, əsərə müəlliflik adı altında açıqlanmış şəxsə məxsus olması təsbit edilsə də, cavabdeh özünə məxsus olan veb saytda dərc etdiyi kitab və nəşrlərində iddiaçıları müəllif kimi göstərmələri onları müəllif kimi tanımalarının təsdiqi kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçıların müəlliflik hüququ “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş qaydada tanınmadığı halda onlar əmək müqavilələrində qeyd olunduğu vəzifələrini yerinə yetirməklə və bunun da əvəzində əmək haqqı almaqla gördükləri işlərinin dərc edilməsini və cavabdeh tərəfindən gəlir əldə edilməsini hazırda onların müəllif hüququ adı altında hüquqlarının pozulması kimi iddiaları əsaslı olmamışdır. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İddiaçılar iddia ərizəsində istinad etdikləri kitabların (müxtəlif test, çalışma və s. xarakterli kitablar) müəllifləri olduqlarını bildirsələr də kitabların məhz özləri tərəfindən yazılıb hazırlandığını, öz zehni fəaliyyətlərinin məhsulu olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. İşin araşdırılmış halları onu təsdiq edir ki, iddiaçılar cavabdehlə bağladıqları əmək müqavilələrinə əsasən işəgötürənin işçiləri olmuş (müvafiq olaraq şöbə müdiri və redaktor), vəzifə öhdəliklərini icra etmişlər. Tərəflər arasında müəlliflik hüquqları ilə bağlı hər hansı rəsmiləşdirmə (məs. müqavilə bağlanmaması) olmamış, iddiaçı tərəf müəllif hüquqlarının qeydə alınmasına dair müraciəti olmamış və ümumiyyətlə bu hüquqların tanınması ilə bağlı sübutlar təqdim olunmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC-yə qarşı «müqavilə üzrə öhdəliklərin icrası» tələbinə dair iddiaçı tərəfin irəli sürdüyü faktiki halları onların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadıgı üçün əsaslı olmamış və buna görə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC-yə qarşı «müqavilə üzrə öhdəliklərin icrası» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3646/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3646/2025
14.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver