Məhkəmə qərarları › İş №e-2(006)-3766/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3766/2025

03.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3766/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “tarixin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “tarixin müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar tərəfindən qoyulmuş 50.000 ABŞ dollarının Əmanətlərin Sığortalanması Fondu tərəfindən onlara qaytarılacağı tarixin dəqiq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, eyni tələblə və eyni predmetlə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında mülki iş olmuşdur. Həmin iş üzrə qəbul edilmiş qətnamə ilə iddiaçıların tələbi təmin edilməmiş və daha sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. Həmin qətnamələrdə də göstərilmişdir ki, iddiaçının əmanət qoyduğu 50.000 ABŞ dolları əmanətlə bağlı tələbi kreditor tələbi kimi Fond tərəfindən qeydə alınmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, iddia ərizəsinin icraatına xitam verilməlidir. Belə ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş: QSC “Bank Standard” Kommersiya Bankı ilə İddiaçı2 arasında bağlanmış LD********** nömrəli xx.xx.2014-cü il tarixli bank əmanəti müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 50.000 ABŞ dolları məbləğində pul vəsaitini ******************** nömrəli hesaba qəbul edərək, xx.xx.2017-ci il tarixində, illik 12,50% gəlirlə əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün fazilər ödəməyi öhdəsinə götürmüşdür. QSC “Bank Standard” Kommersiya Bankının əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışın surətindən görünür ki, əmanətçi İddiaçı2 kompensasiya olunmayan əmanət məbləği 50.156,24 ABŞ dolları təşkil edir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarı ilə QSC “Bank Standard” KB müflis elan olunmuş, barəsində iflas proseduruna başlanmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Bildirir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq qeydə alınmış kreditor tələbinizin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Məlumat üçün qeyd edir ki, hazırda ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən “Banklar haqqında’’ Azərbaycan Respublikası Qanununun 82.1.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələbləri ödənilməkdədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-817/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4650/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayətinin təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-817/2021 nömrəli saylı işi üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallardan biri də ondan ibarət olmuşdur ki, X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir (8.1.20). X3 tərəfindən 01 iyun 2010-cu il tarixdən 01 mart 2016-cı il tarixədək banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 12 faiz, milli valyuta üzrə 15 faiz olmaqla sığortalanması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9). Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2). Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir (2.1.2.6). Eyni zamanda, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiyanın maksimum həddi 30.000 manat müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçının 2014-cü il tarixdə Banka qoyduğu əmanət məbləğininfaizi 12,50 faiz olduğundan qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə də aid olmamışdır. Bundan əlavə, iddiaçının əmanəti 04 mart 2016-cı il tarixdə qanuni qüvvəyə minmiş “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun da təsir dairəsinə düşməmişdir. Belə ki, həmin Qanunun 4.1-ci bəndinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Daha əvvəlki məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının tələbi qanunvericiliyə uyğun olaraq kreditor tələb kimi qeydə alınmış və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsində həmin tələbin növbəlilik daxilində ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.9-cu maddəsinə əsasən, İnzibati məhkəmə icraatı qaydasında “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə baxılır. 131.1-ci maddəsinə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. “Banklar haqqında” Qanunun: 81.4-cü maddəsinə əsasən, təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. 87.1-ci maddəsinə əsasən, bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləş-dirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə xüsusilə vurğulayır ki, daha əvvəl qəbul edilmiş məhkəmə qətnamələrində də İddiaçı2 əmanət qoyduğu 50.000 ABŞ dolları əmanətlə bağlı tələbin kreditor tələbi kimi Fond tərəfindən qeydə alınması qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qorunmayan əmanətinin qaytarılacağı tarixin dəqiqləşdirilməsi tələbi kreditor tələbi xüsusiyyətini daşıdığından və bu qəbildən olan tələblərə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “tarixin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar inzibati orqana və ya məhkəmə aidiyyəti üzrə müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar