Məhkəmə qərarları › İş №e-2(007)-158/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-158/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-158/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi) X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçıların vəkil-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlarla Cavabdeh arasında bağlanmış 07 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə ödənilməmiş qalan 67 888,26 (altmış yeddi min səkkiz yüz səksən səkkiz manat 26 qəpik) manat məbləğində icarə haqqının Cavabdehndən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 413,3 kv.m olan qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ ilə onlara məxsusdur. Onların mülkiyyətində daşınmaz əmlakları olsa da, fərdi sahibkarlıqla məşğul olmur, vergi ödəyicisi kimi qeydə alınmamışlar. Onlar 07 may 2021-ci il tarixdə Cavabdeh ilə icarə müqaviləsi bağlayaraq, 07 iyul 2026-cı il tarixədək həmin qeyri-yaşayış sahəsini cavabdehə icarə vermişlər. Həmin Müqaviləyə əsasən cavabdeh hər ay hər birinə 2326 manat olmaqla, ümumilikdə isə 4652 manat məbləğində icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə imzalanan gün onların arasında təhvil-təslim aktı da tərtib edilmiş və həmin aktla onlar icarə obyektini aktda göstərilən ləvazimat və əmlaklarla birlikdə İcarəyə götürənə təhvil vermişlər. Bundan sonra icarəyə götürən 2022-ci ilin noyabr ayınadək icarə haqqını ödəmiş, 2022-ci ilin dekabr ayından 2024-cü ilin fevral ayınadək icarə haqqını ödəməmişdir. Onlar icarəyə götürənə bu barədə bildiriş verərək, icarə haqqını ödəməsini tələb etmiş, əks halda icarə müqaviləsinə xitam verəcəklərini bildirmişlər. İcarəyə götürən icarə haqqını ödəməmiş, 29 fevral 2024-cü il tarixdə obyekti onlara təhvil vermiş və aralarında həmin müqaviləyə xitam verilməsi barədə 29 fevral 2024-cü il tarixli müqavilə imzalanmışdır. Lakin aralarında bağlanmış icarə müqaviləsi notarial qaydada rəsmiləşdirildiyinə görə, onun ləğv edilməsi barədə müqavilə də notarial qaydada təsdiqlənməlidir. Cavabdeh icarə müqaviləsinə xitam verilən andan icarə obyektini onlara təhvil versə də, icarə haqqını tam ödəməmiş, 29 fevral 2024-cü il tarixədək cavabdehin onlara ödənilməmiş 67 888,26 manat icarə haqqı qalmışdır. Onlar Cavabdehnə bildiriş göndərərək onlarla Cavabdeh arasında bağlanmış 07 may 2021-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 67 888,26 (altmış yeddi min səkkiz yüz səksən səkkiz manat 26 qəpik) manat məbləğində icarə haqqının 5 gün müddətinə onlara ödənilməsini və bu müddət ərzində 07 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə notarial qaydada müqavilə imzalanmasını tələb etmiş, bu müddət ərzində borcun ödənilmədiyi və müqavilənin ləğv edilməsi barədə notarial qaydada müqavilə imzalanmadığı təqdirdə bununla əlaqədar məhkəməyə müraciət edəcəklərini bildirmişlər. Lakin cavabdeh bizə olan borcunu ödəməmiş, müqavilənin notarial qaydada ləğv edilməsi üçün notariusa gəlməmişdir. Hətta bizim aramızda 23 may 2024-cü il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi barədə Akt tərtib edilmiş, həmin aktla da cavabdeh icarə haqqı üzrə borcunun 67 888,26 manat olmasını etiraf etsə də, həmin pulu bizə ödəməkdən imtina etmişdir. İddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutları aşağıda qeyd edilən sənədlərdir: 07 may 2021-ci il tarixli 3M-1485 reyestr nömrəli İcarə müqaviləsi, **********12-05301-083009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, pretenziya, 23 may 2024-cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt, 29 fevral 2024-cü il tarixli “İcarə müqaviləsi üzrə xitam Müqaviləsi”. Göründüyü kimi cavabdehin icarə müqaviləsinin şərtlərini pozması barədə kifayət qədər mötəbər sübutlar var və hal-hazırda da cavabdeh icarə haqqını ödəmir. İş materialları: xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarədar Cavabdeh MMC ilə icarəyə verən İddiaçı1 və İddiaçı2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmış, icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən icarəyə verənlərin hər birinə 2326 manat olmaqla, ümumilikdə 4652 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə xitam müqaviləsindən görünür ki, icarədar Cavabdeh MMC ilə icarəyə verən İddiaçı1 və İddiaçı2 arasında xx.xx.2021-ci il tarixdə imzalanmş icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdə qarşılıqlı razılıq əsasında xitam verilmişdir. xx.xx.2024-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” haqqında aktın surətindən görünür ki, Cavabdeh MMC-in xx.xx.2024-cü il tarixə icarəyə verənlərə ümumi borcu 67888.26 manat təşkil edir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı1 ilə İddiaçı2 hər birinin ½ hissə pay ilə xüsusi mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, iddiaçların vəkili və nümayəndəsi Nümayəndə cavabdehə icarə haqqının ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləməsi barədə məktub ünvanlamışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 294 manat dövlət rüsumu ödənilmişdir; İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-ə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1.İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC ilə xx.xx.2021-ci il tarixli icarə müaviləsi bağlamış, cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərinin lazımınca icra etməmiş, xx.xx.2024-cü il tarixdə tərəflər arasında icarə müqaviləsinə xitam verilməsi barədə razılaşma əldə edilmişdir. İcarədar olan Cavabdeh MMC icarə müqaviləsi üzrə ödənişləri 2022-ci ilin noyabr ayınadək ödəmiş, 2022-ci ilin dekabr ayından 2024-cü ilin fevral ayınadək ödəməmişdir. Hazırda iddiaçılar cavabdehlər aralarında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini və müqavilə üzrə ödənilməmiş pul məbləğinin cavabdehdən tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən icarəyə verənlərə, hər birinə 2326 manat olmaqla, ümumilikdə 4652 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüş, öhdəliklərini icra etməmiş, bununla bağlı olaraq xx.xx.2024-cü il tarixdə icarə müqaviləsinə müqavilənin hər iki tərəfinin iştirakı ilə xitam verilməsi razılaşdırılmış, habelə xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin direktorunun iştirakı ilə qarşılıqlı borcların üzləşdirilməsi barədə akt tərtib edilmiş və icarə müqaviləsi üzrə borcun xx.xx.2024-cü il tarixə 67888.26 manat olması müəyyən edilmiş, tərəflər bu faktı öz imzaları ilə təsdiq etmişlər.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı idda ərizəsinin verilməsi üçün məhkəməyə müraciət edərkən 294 manat dövlət rüsumu ödəmişdir. İddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır.

Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı1, İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməli, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş, ümumilikdə, 67888.26 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 294 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. İddiaçı1, İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə xitam verilsin. xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş, ümumilikdə 67888.26 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 294 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar