Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1002/2025 10.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə) “ödənilməmiş əmək haqqının tutulması, əmrlərin ləğvi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh QSC-nə qarşı “ödənilməmiş əmək haqqının tutulması, əmrlərin ləğvi və mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bayram və iş günü hesab edilməyən günlər üçün əmək haqqınının üçqat misli olmaqla, 1.464 manat məbləğinin və həmin məbləğin ödəniş gününədək 1 faiz məbləğinin, mənəvi zərərə görə 1.000 manat, mediasiya təşkilatına ödənilmiş 60 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024cü il tarixədək Cavabdeh QSC-də əmək müqaviləsi əsasında “ilkin təqib bölməsinin mütəxəssisi” vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Cavabdeh QSC maliyyə-faktorinq şirkətidir. Onun işlədiyi “ilkin təqib” bölməsinin əməkdaşlarının vəzifəsi gecikdirilmiş faktorinq borclarının geri qaytarılması (ödətdirilməsi) məqsədilə müştəriyə zəng etmək və zəng zamanı müştəri ilə danışıqları xususi tətbiqdə yazılı formada qeyd etməkdir. Həmin şirkətdə əksər bayram və qeyri-iş günlərində o işə çağırılmışdır. Lakin həmin günlərdə işə görə ona əmək haqqı ödənilməmişdir. Hər bölmə qeyri-iş günü işə çağırılarkən həmin bölmənin, yaxud departamentin rəhbəri, yaxud onların bu işi həvalə etdiyi bir əməkdaş ya “WhatsApp”, ya “Skype”, ya da “Telegram” qrupunda hansı günlərdə hansı bölmənin işləyəcəyi barədə məlumat paylaşır. Bundan əlavə səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılmalı olduğu halda, o, həmin günlərdə də tam iş günü işləmişdir. Belə ki, iddiaçı son 1 ildə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində “Zəfər günü” və “Bayraq günü” ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində, xx.xx.2024-cü il tarixdə “Yeni il” bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günündə, xx.xx.2024-cü il tarixdə Prezident seçkiləri ilə əlaqədar elan edilmiş qeyri-iş günündə, xx.xx.2024-cü il tarixdə “Beynəlxalq qadınlar günü” ilə əlaqədar elan edilmiş qeyri-iş günündə, xx.xx.2024-cü il tarixdə “Faşizm üzərində qələbə günü” ilə əlaqədar elan edilmiş qeyri-iş günündə, xx.xx.2024-cü il tarixdə “Qurban bayramı” ilə əlaqədar elan edilmiş qeyri-iş günündə rəhbərliyin tapşırığı ilə işləmişdir. Sadalanan bütün tarixlərdə yalnız iddiaçı deyil, QSC-nin “ilkin təqib” bölməsinin bütün əməkdaşları işə çıxmışdır. Həmçinin bu tarixlərdən əvvəlki 1 gün üçün iş vaxtı 1 saat azaldılmalı olduğu halda, azaldılmadığından iddiaçı müvafiq tarixlərdə 1 saat artıq işləmişdir. Bundan əlavə 2024-cü ildə “Novruz bayramı” ilə əlaqədar qeyri-iş günlərinə düşən günlər məzuniyyət günlərinə əlavə edilmədiyi üçün xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixdə məzuniyyətdə olmalı olduğu halda işə çıxmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) məzuniyyətə çıxmaq barədə ərizə yazmışdır. Məzuniyyətinin bir hissəsi “Novruz bayramı”na düşdüyünə görə həmin günlər məzuniyyətinə əlavə edildikdən sonra və 30-31 mart tarixləri uyğun olaraq şənbə və bazar günləri olduğuna görə o, xx.xx.2024-cü il tarixdə işə çıxmalı idi. Halbuki, o, rəhbərliyin tapşırığı ilə xx.xx.2024-cü il tarixdə işə çıxmağa başlamışdır. Yuxarıda qeyd edilən bütün tarixlərdə işdə olmağı şirkətin barmaq izi vasitəsilə giriş-çıxış vaxtlarını qeydiyyata alan sistemdəki məlumatlar və “Ferrum CL” kollektor tətbiqindəki onun adından yazılmış qeydlər təsdiq edir. Qeyd edir ki, Cavabdeh QSC-də “ilkin təqib bölməsinin mütəxəssisi” vəsifəsində işləyən hər bir əməkdaşın əmək haqqı ay sonu ödənilən vəzifə maaşından və hər ayın 5-i ilə 8-i arasında ödənilən bonus (mükafat) məbləğindən ibarətdir. Bunu şirkətin www.ferrumcapital.az rəsmi saytındakı məlumatlar da təsdiq edir. “İlkin təqib bölməsinin mütəxəssisi” vəsifəsində işləyən hər bir əməkdaşın əmək haqqının “bonus” hissəsi özü-özlüyündə 2 hissədən ibarətdir. Hər ay heç bir göstəricidən asılı olmadan ödənilən 400 manat (nett) və ödətdirilmiş faktorinq borclarının müştəri sayının faizinə müvafiq olaraq ödənilən 0 manat, 50 manat (nett), 75 manat (nett) və ya 100 manat (nett). Avqust ayı ərzində onun borcları ödətdirmə faizi 90,23% olmuşdur. Bu göstərici ilə ona 50 manat (nett) əlavə bonus məbləği ödənilməli idi. Lakin bu məbləğ ona ödənilməmişdir. O, öz etirazını bildirdikdə isə şirkət rəhbərliyi bildirmişdir ki, o növbəti ay işdən çıxacaq işçiyə əlavə bonus ödəmək istəmirlər. Halbuki, ödətdirmə faizi ondan az olan eyni bölmənin əməkdaşlarına həmin 50 manat (nett) əlavə bonus məbləği ödənilmişdir. Bu isə onun bərabərlik hüququnun pozulması deməkdir. Bildirir ki, iddiaçı hər qeyri-iş günü işə çıxdıqda, bayramı evdə keçirə bilmədikdə, seçki günü səsvermə hüququndan istifadə edə bilmədikdə mənəvi cəhətdən sıxılmış və bu onun psixologiyasına pis təsir etmişdir. Narazılığını bir neçə dəfə şirkət rəhbərliyinə bildirmişdir. Rəhbərlikdən cavab olaraq bildirilmişdir ki, bazarda bu əmək haqqına işçi axtaran şirkət çoxdur, kimin xoşu gəlmir ərizəsini yazıb işdən çıxsın. Bu hallara görə yeni iş axtarıb öz xahişi ilə işdən çıxmışdır və işdən çıxarkən doldurulan bütün anket və söhbətləşmə vərəqələrində işdən çıxma səbəbinin qeyri-iş günlərində işə çağırılmaq və daha yuxarı vəzifəyə təyin edilmək vaxtının ötməsinə baxmayaraq, əsassız səbəblərdən vəzifəyə təyin olunmağından imtina olunması olduğunu qeyd etmişdir. İşdən bu səbəbdən çıxmağı ona mənəvi zərər vurmuşdur və hesab edir ki, Cavabdeh QSC ona mənəvi zərərə görə də kompensasiya ödənişi ödəməlidir. Həmçinin mediasiya təşkilatına ödədiyi 60 manat məbləğinin də şirkətin ona ödəməli olduğunu hesab edir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bayram və iş günü hesab edilməyən işə cəlb olunduğu günlər üçün əmək haqqının üçqat misli, ümumilikdə 1.464 manat və icra gününədək gecikdirilməyə görə 1 faiz ödənişin, ardıcıl bayram günlərindən əvvəlki iş günü üçün (xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixləri üçün) 1 saat işin əvəzinin üçqat misli, ümumilikdə 50 manat məbləğinin və icra gününədək gecikdirilməyə görə 1 faiz ödənişin, 2024-cü ilin sentyabr ayı üçün nəzərdə tutulmuş “bonus”un əsassız olaraq kəsilmiş hissəsi olan 50 manatın və icra gününədək gecikdirilməyə görə faizinin, ona vurulmuş mənəvi zərərə görə 1.000 manat məbləğinin, mediasiya təşkilatına ödənilmiş 60 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 423/1 nömrəli, xx.xx.2023-cü il tarixli 487/1 nömrəli, xx.xx.2024-cü il tarixli 044/1 nömrəli “əvəzgün əmrləri”nin onun müraciət-ərizəsi olmadan qanunsuz olaraq qəbul edildiyi üçün ona aid hissədə ləğv edilməsi, Cavabdeh QSC-dən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərinə aid olan işə cəlb olunduğu günlər (xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il) üçün əmək haqqının üçqat misli olmaqla, ümumilikdə 1.281 manat məbləğinin və icra gününədək gecikdirilməyə görə 1 faiz ödənişin, 2024-cü ilin sentyabr ayı üçün nəzərdə tutulmuş bonusun əsassız olaraq kəsilmiş hissəsi olan 50 manatın və icra gününədək gecikdirilməyə görə faizinin, ona vurulmuş mənəvi zərərə görə 3.000 manat məbləğinin, mediasiya təşkilatına ödənilmiş 60 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ikinci ərizədə qeyd etdiyi tələbləri müdafiə edərək, iddia ərizəsi və tələbinin dəqiqləşdirmələrində dair ərizələrinin mahiyyətinə uyğun izahatlar vermişdir. O izahatında göstərmişdir ki, onun qeyri-iş və istirahət günlərində işə çıxması cavabdehin çıxışında və məhkəməyə təqdim etdiyi mülahizəsində öz əksini tapmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əvəzgün əmrlərini ilk dəfədir ki, görür. Onlar saxtadır. O, ümumiyyətlə həmin əmrlərlə tanış olmamışdır. Onun istirahət günü əvəzinə başqa günün verilməsi barədə fikri öyrənilməmiş, buna dair razılığı alınmamışdır. Cavabdeh müqavilədə qeyd etməsə də, ona aylıq 400 manat maaşdan əlavə bonus ödəyirdi. Bundan əlavə borcların ödənilməsinə görə də bonuslar ödəyirdi. Qeyri-iş günlərinə görə əmək haqqının ona ödənilmiş olması barədə cavabdehin dedikləri həqiqəti əks etdirmir. Ona həmin günlərə görə ödəniş olunmayıb. O, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2023- il tarixində işə çıxdığına görə 5 dekabr 2023-cü il tarixli 458 saylı əmrlə 44,11 manat əmək haqqına əlavə olaraq verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində işə çağırılmış və bunun əvəzində xx.xx.2023-cü il tarixli 423-saylı əmr ilə xx.xx.2023-cü il tarixində rəsmi iş günü olduğu halda iddiaçı üçün istirahət günü verilmişdir. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixi rəsmi iş günü hesab edildiyi halda cavabdeh işə çağırılmamışdır. Bu halı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Watsapp” yazışmaları da sübut edir. xx.xx.2024-cü il tarixində işə çağırılmış və bunun əvəzində xx.xx.2023-cü il tarixli 487-saylı əmr ilə xx.xx.2024-cü il tarixində rəsmi iş günü olmasına baxmayaraq iddiaçıya əvəz olaraq istirahət günü verilmişdir. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixi iş günü elan edildiyi halda iddiaçı işə çağırılmamışdır. Bu halı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Watsapp” yazışmaları da sübut edir. xx.xx.2024-cü il tarixində işə çıxdığına görə 5 mart 2024-cü il tarixli 025 saylı əmrlə iddiaçıya 44.11 manat əlavə ödəniş verilmişdir. xx.xx.2024-cü il tarixində işə çıxdığına görə 5 aprel 2024cü il tarixli 043 saylı əmrlə iddiaçıya 58.82 manat əlavə ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixində işə çıxdığına görə xx.xx.2024-cü il tarixli 044 saylı əmr ilə iddiaçıya xx.xx.2024cü il tarixli iş günü istirahət günü elan edilmişdir. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2024cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixi rəsmi iş günü elan edildiyi halda iddiaçı işə çağırılmamışdır. Bu halı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Watsapp” yazışmaları da sübut edir. xx.xx.2024-cü il tarixində işə çıxdığına görə 5 iyun 2024-cü il tarixli 066 saylı əmrlə iddiaçıya 42.01 manat əlavə ödəniş verilmişdir. xx.xx.2024-cü il tarixində işə çıxdığına görə 5 iyul 2024-cü il tarixli 082 saylı əmrlə iddiaçıya 55.14 manat əlavə ödəniş verilmişdir. Yuxarıda qeyd olunan halları təsdiq edən əmrlərdən çıxarışlar məhkəməyə təqdim olunmuşdur. Həmçinin yuxarıda göstərilmiş ödənişlər hər ayın əvvəli əmək haqqı kartına köçürülən əlavələrin tərkibində ödənilmişdir. Belə ki, işəgötürənin işçilərlə bağlı siyasəti ondan ibarətdir ki, işçinin aylıq əlavə ödənişləri və aylıq nizamintizam, göstəriciləri, davamiyyəti, əmək müqaviləsi üzrə öhdəliklərin və rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi ilə bağlı mükafatlar ümumilikdə əmək haqqına əlavə (bonus) olaraq növbəti ayın əvvəlində ödənilir. Göstərilən əlavələrin ödənilməsini iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışda da görmək olar. Bundan əlavə, iddiaçının bildirdiyi kimi, 071 saylı əmrə əsasən cavabdehə 6 gün müddətinə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək məzuniyyət verilmişdir. Məzuniyyət günlərinin 20-23 mart tarixləri bayram olduğu üçün iddiaçının məzuniyyəti 4 gün uzadılaraq işə çıxma tarixi 29 mart tarixinə düşmüşdür. Lakin əməkdaşlar tərəfindən düzgün hesablama aparılmadığı üçün iddiaçı xx.xx.2024-cü il tarixində işə çağırılmışdır. Bu isə iddiaçının qeyd etdiyi kimi 28 və 29 mart tarixlərində deyil, yalnız 28 mart tarixində səhvən işə çağırılmasına səbəb olmuşdur. xx.xx.2024-cü il tarixi isə iddiaçının rəsmi iş günü olmuşdur. Bundan başqa iddiaçının avqust ayı ərzində borcları ödətdirmə faizi 90,23 % olduğu üçün ona əlavə 50 manat (nett) məbləği ödənilməli olduğu haqqında iddiasına gəldikdə isə, iddiaçının tələb etdiyi məbləğ üzrə işəgötürən nə əmək müqaviləsində belə bir öhdəlik götürmüş, nə də iddiaçı ilə danışıqlar zamanı bu məbləğin ödəniləcəyi barədə vəd vermişdir, əksinə işəgötürənin heç bir öhdəliyi olmadığı halda iddiaçıya avqust ayı üzrə 400 manat mükafat formasında əlavə ödənilmişdir ki, bu hal da iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışda öz əksini tapmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçının tələb etdiyi 50 manat məbləğinin səkkiz qatı işəgötürən tərəfindən iddiaçıya ödənilmişdir. Bu səbəbdən də, iddiaçının bu hissədə də, iddiasını əsassız hesab edirlər. Göstərilmiş hallar iddiaçının əmək hüquqlarının pozulmadığını sübut edir. Bu səbəbdən iddiaçının mənəvi zərərlə bağlı tələbi də öz təsdiqini tapmır. Belə ki, işəgötürən tərəfindən iddiaçıya humanist davranılmış, işlədiyi günlərə uyğun əmək haqqı tam olaraq ödənilmişdir. Həmçinin iddiaçı öz iddiasında qeyri-iş günlərində işə çıxması ilə əlaqədar tələb olaraq hesabladığı məbləği əlavələrlə birlikdə aldığı əmək haqqı məbləği üzrə hesablayaraq üç qata vurmuş və 10 gün üçün 1.464 manat məbləğ hesablamışdır. Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində işə çıxan işçiyə əmək haqqı vəzifə maaşının ikiqat misli olaraq hesablanır. İddiaçının vəzifə maaşının 400 manat olmasına baxmayaraq, iddiaçı tərəfindən həmin məbləğlər ümumilikdə ödənilmiş mükafat və əlavələrlə birlikdə hesablanmışdır. Bundan başqa, iddiaçı həmin məbləğləri 3 qata vurmaqla məbləği əsassız şişirdərək heç bir hesablanma metoduna uyğun gəlməyən yüksək məbləği tələb etmişdir. Halbuki, bu hesablanma metodu Əmək Məcəlləsinin 164cü maddəsi ilə tənzimlənmişdir. Cavabdehə hesablanan əlavələr ƏM-nin 164-cü maddəsinin tələbinə uyğun olaraq vəzifə maaşına (400 manat) uyğun 1 günlük əmək haqqı məbləğinin 2 misli olmaqla hesablanmış və yuxarıda qeyd etdiyi kimi müvafiq aylarda hesabına köçürülmüşdür. Əlavə olaraq iddiaçı məhkəmə gedişatı zamanı ərizə ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 164.2-ci maddəsini əsas gətirmiş və istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilməli olduğunu və bu barədə ərizəsi olmadığını bildirmişdir. Qeyd edir ki, iddiaçı bu barədə ərizəsinin olmadığını bildirir. Lakin qanunvericiliyin tələbindən göründüyü kimi bu kimi hallarda qanunvericilik “ərizəsi” yox, “arzusu” tələbini müəyyən edir. İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuş yazışmalardan göründüyü kimi, əvəzgün verilmiş işçilərə bu barədə bir neçə gün əvvəldən məlumat verilmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunan hala heç bir etiraz olmamışdır ki, bu da iddiaçının arzunsunun müsbət olması anlamına gəlir. Əlavə olaraq əvəzgün verilmiş günlər rəsmi iş günü olmasına baxmayaraq, iddiaçı həmin günlərdə işə çıxmamaqla əvəzgün verilməsinə arzusunun müsbət olmasını öz iradə ifadəsi ilə təsdiq etmişdir. Bu isə onu göstərir ki, iddiaçıya istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə çıxdığına görə verilmiş əvəzgünlər Əmək Məcəlləsinin 164-cü maddəsində göstərildiyi kimi işçinin arzusu əsasında verilmişdir. Arzusuna zidd olduğunu təsdiq edən hər hansı faktları olubsa, məhkəməyə təqdim etməlidir. Bundan başqa iddiaçı tərəfindən məhkəmə gedişatı zamanı təqdim edilmiş ərizədə iş günü hesab edilməyən bayram günlərində əmək fəaliyyətinə cəlb edilməsini əmək şəraitinin dəyişməsi kimi qiymətləndirərək, Əmək Məcəlləsinin 56.2ci maddəsinin şərtlərinin pozulduğunu bildirmişdir. Lakin qeyd etmək istəyir ki, il ərzində əvəzi ödənilməklə işçinin bir neçə gün əlavə işə cəlb olunması əmək şəraitinin dəyişməsi hesab edilə bilməz. Belə ki, işçinin gündəlik iş normasında heç bir dəyişiklik olmamış və əmək müqaviləsi üzrə öhdəlikləri dəyişdirilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən qeyd olunan halın əsas gətirilməsini əsassız hesab edir və bu kimi halların ümumiyyətlə əmək şəraitinin dəyişdirilməsi anlayışına aid olmadığını bildirirlər. Əlavə olaraq iddiaçı məhkəməyə verdiyi ərizəsində Əmək Məcəlləsinin 107-ci maddəsini əsas gətirərək həmin Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunmasının yolverilməz olduğunu və buna görə də işəgötürən tərəfindən qanun pozuntusuna yol verildiyini iddia etmişdir. Qeyd olunan iddiaya münasibət olaraq bildirir ki, Ferrum Kapital QSC faktorinq şirkəti olaraq müxtəlif ticarət və xidmət sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən tələb hüququnun güzəşti müqabilində maliyyələşdirmə fəaliyyətini həyata keçirir. Qeyd olunan sahələr isə əsasən bayram və qeyri-iş günlərində (insanların alışveriş günlərində) daha aktiv işlədikləri üçün həmin günlərdə şirkətin bəzi bölmələri əvəzi ödənilməklə əmək fəaliyyətinə cəlb olunur. Qeyd olunan sahələr isə Əmək Məcəlləsinin 107-ci maddəsində öz əksini tapmışdır. Belə ki, Əmək Məcəlləsinin 107-ci maddəsinə görə ticarət, ictimai iaşə və digər xidmət müəssisələri istisna olmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunması yolverilməzdir. Lakin Cavabdeh QSC-nin fəaliyyət sahəsi ticarət, ictimai iaşə və digər xidmət müəssisələri hesab olunur ki, əmək qanunvericiliyi həmin sahələrdə işləyən işçilərin istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində haqqı ödənilməklə işə cəlb olunmasına heç bir məhdudiyyət qoymur. Analoji olaraq bankları misal çəkmək olar ki, insanlara daha əlçatan olması üçün xidmət sahəsi olaraq istirahət və digər qeyri-iş günü hesab edilməyən bayram günlərində vətəndaşlara xidmət göstərir. Ən əsası isə iddiaçının iddia tələbi onun qeyd etdiyi günlərdə isə çıxarılmasının qanunsuz olması yox, həmin günlərdə işə çıxması ilə bağlı onun əmək haqqısına əlavələrin ödənilməməsidir. Yəni, hazırki iddia üzrə bir sualın cavabı müəyyən edilməlidir. İddiaçının qeyd edilən günlərdə işə cəlb edilməsinə görə ona qanunvericiliklə müəyyən edilən haqqı ödənilib, ya yox? İşin hallarından və təqdim etdiyi sənədlərdən də göründüyü kimi, iddiaçının haqqı ödənilib. İddiaçı əlavə olaraq mənəvi zərər adı altında ilkin olaraq 1.000 manat tələb etmiş, məhkəmə gedişatı zamanı bu məbləği 3.000 manata qədər artırmaqla tələb məbləğini daha da yüksəldilmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra hansı hal baş verib ki, mənəvi olaraq iddiaçının iztirablarının 3 dəfə artmasına səbəb olub? Mənəvi zərərə bu formada yanaşma anlaşılmazdır və bu tələbin nə dərəcədə formal xarakter daşımasının göstəricisidir. Yəni iddiaçıya hər hansı mənəzi zərər dəyibsə, bu fakt baş verib və yekunlaşıb. Mənəvi zərərin həcminin gün-bə-gün artmaqda davam etməsi iddianın əsassız olmasının göstəricisidir. Həmçinin iddiaçı tərəfindən şirkətin rəhbərliyinə məktub göndərilərək ödənişlərinin olunmayacağı təqdirdə şirkətin adını sosial şəbəkələrdə hallandıracağı ilə təhdid etmişdir. Qeyd olunanlar onu göstərir ki, iddiaçının tələbi ödənilməmiş əmək haqqının alınması və ədalətin bərpa olunması məqsədi güdmür. Əksinə, işdən öz ərizəsi ilə ayrıldıqdan sonra əlavə qazanc əldə etmək məqsədi ilə əsassız iddia irəli sürdüyünü göstərir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC-nin faktorinq departamentində əsas iş yeri üzrə “ilkin təqib bölməsinin kiçik mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən işçiyə hər ay 326,86 manat məbləğində əmək haqqı ödənilir. 4.3-cü maddəsinə əsasən işçiyə 0 manat məbləğdə mükafat verilir. 4.16-cı maddəsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. 4.17-ci maddəsinə əsasən iş saatı 09:00-da başlayır, saat 18:00-dəkdir. 4.27-ci maddəsinə əsasən əsas məzuniyyətin müddəti 30 təqvim günüdür. - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh QSC-də “ilkin təqib bölməsinin kiçik mütəxəssisi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022ci il tarixdə “ilkin təqib bölməsinin mütəxəssisi” vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. -Cavabdeh QSC-nin “işdən azad edilmə haqqında” 200/Ş nömrəli xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. -Cavabdeh QSC-nin “əmək məzuniyyətinin rəsmiləşdirilməsi” barədə 071/M nömrəli xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı “ikin təqib bölməsinin mütəxəssisi” vəzifəsində çalışır. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi olan məzuniyyət ili üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixi də daxil olmaqla 5 gün, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə kimi olan məzuniyyət ili üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixi də daxil olmaqla 1 gün, cəmi 6 gün müddətinə əsas əmək məzuniyyətinə buraxılması, məzuniyyətin 4 günü bayram gününə təsadüf etdiyindən işçinin məzuniyyəti xx.xx.2024-cü il tarixi də daxil olmaqla uzadılması, işçinin xx.xx.2024cü il tarixindən işə başlaması əmr edilmişdir. -Cavabdeh QSC-nin “əvəzgün verilməsi haqqında” 423/1 nömrəli xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, cəmiyyətin əməkdaşlarının iş və istirahət günlərinin yeri dəyişdirilərək – xx.xx.2023-cü il iş, xx.xx.2023-cü il isə istirahət günü (əvəzgün) müəyyən edilmişdir. Siyahıda İddiaçı adı qeyd edilmişdir. -Cavabdeh QSC-nin “əvəzgün verilməsi haqqında” 487/1 nömrəli xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, cəmiyyətin əməkdaşlarının iş və istirahət günlərinin yeri dəyişdirilərək – xx.xx.2024-cü il iş, xx.xx.2024-cü il isə istirahət günü (əvəzgün) müəyyən edilmişdir. Siyahıda İddiaçı adı qeyd edilmişdir. -Cavabdeh QSC-nin “əvəzgün verilməsi haqqında” 044/1 nömrəli xx.xx.2024-cü il tarixli əmrindən çıxarışdan görünür ki, cəmiyyətin əməkdaşlarının iş və istirahət günlərinin yeri dəyişdirilərək – xx.xx.2024-cü il iş, xx.xx.2024-cü il isə istirahət günü (əvəzgün) müəyyən edilmişdir. Siyahıda İddiaçı adı qeyd edilmişdir. -Cavabdeh QSC-nin “mükafatlandırma və əlavə ödəniş barədə” 458/1/MK nömrəli xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsi, o cümlədən iş günü hesab edilməyən bayram günləri, istirahət, səsvermə və ümumxalq hüzn günü işlədikləri üçün aşağıda adları göstərilən əməkdaşlara bütün vergilər və müvafiq tutulmalar daxil olmaqla qeyd olunmuş məbləğlər miqdarında mükafatlar və əlavə ödənişlər ödənilməlidir. Siyahıda İddiaçı adı qeyd edilmiş və ona 44,11 manat mükafat verilməsi nəzərdə tutulmuşdur. -Cavabdeh QSC-nin “mükafatlandırma və əlavə ödəniş barədə” 025/1/M nömrəli xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsi, o cümlədən iş günü hesab edilməyən bayram günləri, istirahət, səsvermə və ümumxalq hüzn günü işlədikləri üçün aşağıda adları göstərilən əməkdaşlara bütün vergilər və müvafiq tutulmalar daxil olmaqla qeyd olunmuş məbləğlər miqdarında mükafatlar və əlavə ödənişlər ödənilməlidir. Siyahıda İddiaçı adı qeyd edilmiş və ona 44,11 manat mükafat verilməsi nəzərdə tutulmuşdur. -Cavabdeh QSC-nin “mükafatlandırma və əlavə ödəniş barədə” 043/1/M nömrəli xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsi, o cümlədən iş günü hesab edilməyən bayram günləri, istirahət, səsvermə və ümumxalq hüzn günü işlədikləri üçün aşağıda adları göstərilən əməkdaşlara bütün vergilər və müvafiq tutulmalar daxil olmaqla qeyd olunmuş məbləğlər miqdarında mükafatlar əlavə ödənişlər ödənilməlidir. Siyahıda İddiaçı adı qeyd edilmiş və ona 58,82 manat mükafat verilməsi nəzərdə tutulmuşdur. -Cavabdeh QSC-nin “mükafatlandırma və əlavə ödəniş barədə” 066/1/M nömrəli xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsi, o cümlədən iş günü hesab edilməyən bayram günləri, istirahət, səsvermə və ümumxalq hüzn günü işlədikləri üçün aşağıda adları göstərilən əməkdaşlara bütün vergilər və müvafiq tutulmalar daxil olmaqla qeyd olunmuş məbləğlər miqdarında mükafatlar əlavə ödənişlər ödənilməlidir. Siyahıda İddiaçı adı qeyd edilmiş və ona 42,01 manat mükafat verilməsi nəzərdə tutulmuşdur. -Cavabdeh QSC-nin “mükafatlandırma və əlavə ödəniş barədə” 082/1 nömrəli xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsi, o cümlədən iş günü hesab edilməyən bayram günləri, istirahət, səsvermə və ümumxalq hüzn günü işlədikləri üçün aşağıda adları göstərilən əməkdaşlara bütün vergilər və müvafiq tutulmalar daxil olmaqla qeyd olunmuş məbləğlər miqdarında mükafatlar əlavə ödənişlər ödənilməlidir. Siyahıda İddiaçı adı qeyd edilmiş və ona 55,14 manat mükafat verilməsi nəzərdə tutulmuşdur. - İlkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. 10 manat poçt xərci təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 85.1-ci maddəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunu aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, uçot kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. 85.1.-1-ci maddəsinə görə elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir. 85.3-ci maddəsinə görə bu maddənin 1-ci və 2-ci hissələrində göstərilən sənədlərin uçotu istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. 83.4-cü maddəsinə görə əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 105.2-ci maddəsinə görə yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir. 105.3-cü maddəsinə görə iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər. 105.4-cü maddəsinə görə Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur. 105.7-ci maddəsinə görə Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər. 107-ci maddəsinə görə bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. 109-cu maddəsinə görə bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. 101-ci maddəsinin a) bəndinə görə dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) bəndinə görə su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) bəndinə görə başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) bəndinə görə işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) bəndinə görə əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda. 102.1-ci maddəsinə görə işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. 137.3-cü maddəsinə görə əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir. 164.1-ci maddəsinə görə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: 1) əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; 2) əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; 3) aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. 164.2-ci maddəsinə görə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “xx.xx.2023-cü il tarixli 423/1 nömrəli, xx.xx.2023-cü il tarixli 487/1 nömrəli, xx.xx.2024-cü il tarixli 044/1 nömrəli əmrlərin iddiaçıya aid hissədə ləğv edilməsi tələbi barədə məhkəmə hesab edir ki, həmin tələb təmin edilməlidir. Belə ki, həmin əmrlərlə xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli qeyri-iş günlərinin digər günlərlə əvəz edilməsi nəzərdə tutulmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə görə həmin günlərin işçinin arzusu ilə əməkhaqqı əvəzinə başqa istirahət günü ilə əvəz edilməsi nəzərdə tutulduğundan, sözügedən günlərin əvəz edilməsinin isə işçinin arzusuna əsasən həyata keçirilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddia tələbləri bu hissədə təmin edilərək, mübahisələndirilən əmrlər iddiaçıya aid hissədə ləğv edilməlidir. xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərində qeyri-iş günlərində işə cəlb olunmaqla bağlı əmək haqqının üçqat misli olmaqla, cəmi 1.281 manat məbləğinin və həmin məbləğin ödənilməsinədək 1 faiz ödənişin tutulması barədə iddia tələblərinə hüquqi qiymət verərək məhkəmə aşağıdakı halları qeyd edir. Belə ki, iddiaçının işə cəlb olunduğu xx.xx.2023-cü il tarixinə görə 44,11 manat, xx.xx.2024-cü il tarixinə görə 44,11 manat, xx.xx.2024-cü il tarixinə görə 58,82 manat, xx.xx.2024-cü il tarixinə görə 42,01 manat, xx.xx.2024-cü il tarixinə görə 55,14 manat pul ödənişlərinin onun xeyrinə icra edilməsi iş materialları ilə təsdiq olunur. Belə ki, iddiaçı hər ay əmək müqaviləsində nəzərdə tutulmayan əlavə 400 manat əlavə ödənişi aldığını təsdiq edir, cavabdeh isə yuxarıda sadalanmış mübahisəli ödənişlərin (xx.xx.2023-cü il tarixinə görə 44,11 manat, xx.xx.2024-cü il tarixinə görə 44,11 manat, xx.xx.2024-cü il tarixinə görə 58,82 manat, xx.xx.2024-cü il tarixinə görə 42,01 manat, xx.xx.2024-cü il tarixinə görə 55,14 manat) 400 manat aylıq ödənilmiş əlavə ödənişin tərkibinə daxil olduğunu qeyd edir. Belə olduğu halda, aylıq maaşdan əlavə 400 manat ödənişin işəgötürən tərəfindən ödənilməsinin məcburiliyini əsaslandıran sübutlar işdə olmadığından, ödənişlərin aparılması isə mübahisəsiz olduğundan – qeyd olunan tarixlərdə (xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il) işə cəlb olunma ilə əlaqədar əmək haqqı tələbinə dair iddia tələbləri təmin edilməməlidir. xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərində qeyri-iş günlərinin digər günlərlə ilə əvəz edilməsi işçinin arzusu ilə aparılmadığından və həmin günlərə görə ödənişlərin verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddia tələbləri qismən təmin edilərək, sözügedən tarixlər üçün müvafiq olaraq 44,11 manat, 43.43 manat, 42,01 manat pul məbləğləri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa tərəflərin izahatları ilə təsdiqlənmiş işin mübahisəsiz halıdır ki, xx.xx.2024-cü il tarixi iddiaçının məzuniyyət müddətinə daxil olsa da, işçi həmin gün işə çağırılmışdır. Cavabdeh iddia tələbini bu hissədə qəbul etmişdir. Buna görə də həmin gün üçün 31,67 manat əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixləri üçün ödənilməli ödənişlər gecikdirildiyindən, həmin ödənişlərin icra gününədək əlavə 1 faiz ödənc hesablanaraq cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Ödənişlərin həcmi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunmuş ödənişlərin hesablanması cavabdeh təşkilat tərəfindən aparılmışdır, iddiaçı isə riyazi hesablamanın qaydasını mübahisələndirmədiyini bildirmişdir. O, qeyd etmişdir ki, hesablama zamanı onun rəsmi maaşı deyil, faktiki maaşının üçqat misli nəzərə alınmalıdır. İddiaçıya 2024-cü ilin sentyabr ayı üçün işəgötürən tərəfindən 50 manat məbləğində əlavə ödənişin ödənilməli olduğunu əsaslandıran hallar iş materialları ilə müəyyən edilmədiyindən, iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı əmək müqaviləsində qeyd edilmiş əmək haqqının vaxtlı-vaxtında ödənildiyini mübahisələndirməmişdir. O, bildirmişdir ki, sentyabr ayı üçün 50 manat məbləğində ödəniş tərəflərin şifahi razılaşmasına əsasən ödəni idi. Mənəvi zərərə görə 3.000 manat məbləğinin tutulması ilə bağlı iddia tələblərinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, bu tələblər təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələblərinin təmin olunduğu hissələrə münasibətdə iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qaldığını təsdiq edən hallar iş materiallarında öz əksini tapmadığından, iddia tələbləri mənəvi ziyanın tutulması ilə bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbləri qismən təmin edildiyindən, iddianın verilməsi üçün çəkilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli; 30 manat dövlət rüsumu cavabadehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh QSC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə) “ödənilməmiş əmək haqqının tutulması, əmrlərin ləğvi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh QSC-nin 03 noyabr 2023-cü il tarixli, 423/1 nömrəli; 30 dekabr 2023-cü il tarixli, 487/1 nömrəli; 05 aprel 2024-cü il tarixli 044/1 nömrəli “əvəzgün verilməsi haqqında” əmrlərinin birinci bəndləri İddiaçı münasibətdə ləğv edilsin. xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixləri üçün vəzifə maaşının ikiqat misli olmaqla müvafiq olaraq 44,11 (qırx dörd manat on bir qəpik) manat, 46,43 (qırx altı manat qırx üç qəpik) manat, 44.11 (qırx dörd manat on bir qəpik) manat məbləğləri; xx.xx.2024–cü il tarixi üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan 31,67 (otuz bir manat altmış yeddi qəpik) manat məbləği və həmin məbləğlərin ödənilməsi gününədək gündəlik 1 (bir) faiz dərəcə ilə ödənc hesablanaraq, Cavabdeh QSC-dən tutulub İddiaçı ödənilsin. 50 (əlli) manat mediasiya xərci Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh QSC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-1002/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1002/2025
10.03.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver