Məhkəmə qərarları › İş №e-2(011)-1082/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1082/2025

12.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1082/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri Xətai rayon Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Bələdiyyəsinə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 məhəllədə, 17, 17A, 17B, 17C, 17D binalar yaşayış kompleksindəki çoxmənzilli binaların qanuni idarəetməsinin təşkil edilməsi üçün Mənzil Məcəlləsinin 141-ci maddəsində qeyd edilmiş vəzifələrini yerinə yetirməsi üçün Bakı Şəhəri Xətai Rayon Bələdiyyəsinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 2 məhəllədə (17, 17A, 17B, 17C, 17D binalar yaşayış kompleksində) 10 (on) ildən çoxdur ki, yaşayış olmasına, mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş olmasına baxmayaraq, Mənzil Məcəlləsinin tələblərinə uyğun 3 idarəetmə formasından heç biri bu günə qədər mövcud deyildir, yəni sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilməmişdir. O, **********38-05301-093046 nömrəli, DƏDRX çıxarışı üzrə xx.xx.2021 tarixindən Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 1157ci məhəllə, 17C, 42 nömrəli mənzilin tam paylı mülkiyyətçisidir. Lakin, Xətai rayon Bələdiyyəsi xx.xx.2024 tarixli, müraciətimizi də nəzərə almamış və bu günə qədər heç bir tədbir görməmişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Rövşən Məmmədov izahatında bildirdi ki, Xətai rayon Bələdiyyəsi tərəfindən ünvan 2 məhəllədə 17, 17A, 17B, 17C, 17D binaların idarəetmə formasının müəyyən edilməsi ilə bağlı bir neçə dəfə elanlar verərək müsabiqə keçirməyə çalışsa da, bunun nəticəsi olmamışdır, belə ki, onların bütün cəhdlərinə baxmayaraq həmin binadakı mülkiyyətçilərin iştirakı təmin etmək mümkün olmamışdır, bələdiyyənin bütün cəhdlərinə baxmayaraq belə bir yığıncağın keçirilməsi baş tutmamışdır, bina sakinləri iştirak edəcəyi halda bununla bağlı müvafiq tədbirlərin bələdiyyə tərəfindən görülməsinə hər hansı bir etirazları yoxdur, lakin sakinlər iştirak etməsə, bu məsələ alınmayacaq. X3 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixində qeydiyyata alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 91,30 kv.m olan ünvan 2 məhəllə, ev 17C, mənzil 42 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, giriş 51, M12, m2) İddiaçı tam mülkiyyətindədir. (Qeydiyyat nömrəsi: **********) İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon Bələdiyyəsinin 01/966 nömrəli xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, ünvan 2 məhəllədə (17, 17A, 17B, 17C, 17D) çoxmərtəbəli binaların qanuni idarəetməsinin təşkil edilməsini, o cümlədən idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsini xahiş etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, məsələ ilə bağlı qeyri-kommersiya qurumlarının dövlət reyestrində məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatların verilməsi barədə məktubdan görünür ki, “X4 LTD” MTK tərəfindən inşa edilən ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli binanda 105 (yüz beş) ədəd; 17A saylı binada 94 (doxsan dörd) ədəd; 17B saylı binada 93 (doxsan üç) ədəd; 17C saylı binada 98 (doxsan səkkiz); 17D nömrəli binada isə 218 (iki yüz on səkkiz) ədəd mənzilin dövlət qeydiyyatına alınmasına dair Milli Qeydiyyat Sistemində məlumat mövcuddur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli binanda 105 ədəd; 17A saylı binada 94 ədəd; 17B saylı binada 93 ədəd; 17C saylı binada 98; 17D nömrəli binada isə 218 ədəd mənzil dövlət reyestrində qeydiyyatdan keçmişdir və həmin əmlaklara dair çıxarışlar verilmişdir. İddiaçıya məxsus ünvan 2 məhəllə, ev 17C, 42 saylı mənzilin qeydiyyat tarixi xx.xx.2021-ci ildir, Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının dövlət reyestrində ünvan 3 saylı binaya dair Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması barədə məlumat aşkar olunmamışdır. İddiaçı binanın idarəetmə orqanının yaradılması məqsədilə müsahibənin keçirilməsi barədə Bakı şəhəri Xətai rayon Bələdiyyəsinə müraciət etmişdir, cavabdeh orqan isə bundan imtian etmişdir. Bununla belə, binanın sahə mülkiyyətçilərinin yığıncağının çağırılması və (və ya) idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. 141.7. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. 141.9. Bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına o şərtlə yol verilir ki, göstərilən müsabiqə qanunvericiliyə uyğun olaraq baş tutmamış hesab edilsin. 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 128 nömrəli qərarı ilə təsdiq edilmiş "Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydasın": müsabiqənin təşkilatçısı — çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi; idarəedici təşkilat — müsabiqənin nəticələri əsasında bağlanılan çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə uyğun olaraq çoxmənzilli binanın idarə edilməsini həyata keçirən (təşkilati-hüquqi formasından asılı olmayaraq) hüquqi şəxs və ya fərdi sahibkar; iddiaçı — müsabiqədə iştirak etmək üçün ərizə ilə müraciət edən və müsabiqədə iştirak haqqını ödəyən (təşkilati-hüquqi formasından asılı olmayaraq) hüquqi şəxs və ya fərdi sahibkar; müsabiqənin iştirakçısı — müsabiqə komissiyası tərəfindən müsabiqədə iştirak etməyə buraxılan iddiaçı; çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsinin təminatı — müsabiqə qalibinin müsabiqə təşkilatçısına təqdim etdiyi çoxmənzilli binanın idarə edilməsi müqaviləsi üzrə öhdəliklərinin icrasına verdiyi təminat. Bu təminat bank qarantiyası, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər. 1.3. Müsabiqənin keçirilməsinin məqsədi çoxmənzilli binanın sakinlərinin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi vəziyyətdə saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həllini təmin etməkdən, həmçinin belə binaların sakinlərinə kommunal xidmətləri göstərəcək idarəedici təşkilatın şəffaflıq və bərabərlik şəraitində seçilməsindən ibarətdir. 1.4. Müsabiqə aşağıdakı hallarda keçirilir: 1.4.1. bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədikdə və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərar həyata keçirilmədikdə, bir şərtlə ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi həmin binanın idarə edilməsi üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmış olsun; 1.4.2. açıq müsabiqənin nəticələri əsasında bağlanılmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2-ci maddəsində göstərilmiş idarəedilmə üsulu seçilmədikdə. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 məhəllədə, 17, 17A, 17B, 17C, 17D binalar yaşayış kompleksindəki çoxmənzilli binaların qanuni idarəetməsinin təşkil edilməsi üçün Mənzil Məcəlləsinin 141-ci maddəsində qeyd edilmiş vəzifələrini yerinə yetirməsi üçün Bakı Şəhəri Xətai Rayon Bələdiyyəsinə öhdəlik qoyulmalıdır. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinə münasib olaraq Bakı Şəhəri Xətai Rayon Bələdiyyəsindən 100 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 2 məhəllədə, 17, 17A, 17B, 17C, 17D saylı binalara dair Mənzil Məcəlləsinin 141-ci maddəsində qeyd edilmiş vəzifələrin (binanın sahə mülkiyyətçilərinin yığıncağının çağırılması və (və ya) idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi) yerinə yetirilməsi öhdəliyi Bakı Şəhəri Xətai Rayon Bələdiyyəsinin üzərinə qoyulsun. Bakı Şəhəri Xətai Rayon Bələdiyyəsindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar