Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3427/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı Ayhan Çalbayın cavabdeh Türkiyə Respublikasının “X4 X2 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X4” Nümayəndəliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi və dəlilləri: İddiaçı X3 Respublikasının “X4 X2 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X4” Nümayəndəliyinə qarşı Bakı-İstanbul aviauçuşu üçün İddiaçı tərəfindən əvvəlcədən ödənilmiş vəsaitin cavabdeh X4 (THY) aviaşirkəti tərəfindən geri qaytarılması, “Vogue Hotel”-ə sığorta daxil ödənilmiş 177,315.00 TRY, manat ekvivalenti 15,644.50 manat vəsaitin və 100,000.00 manat mənəvi zərərin X4 (THY) aviaşirkətindən tutularaq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Türkiyə Respublikasının vətəndaşı Ayhan Çalbay ailə üzvləri – Nərgiz Çalbay, Muazzez Çalbay, Ebubekir Çalbay və Ömerfaruk Çalbay ilə birlikdə 12 avqust 2022-ci il tarixində X4 (THY) aviaşirkətinin xidmətindən istifadə edərək Bakı – İstanbul aviauçuşu üçün əvvəlcədən X4 (THY) aviaşirkətindən bilet almışdır. Hava gəmisinin uçuşu Bakı vaxtı ilə 06:55-də nəzərdə tutulsa da, uçuş 07:15-də baş tutmuşdur. Ayhan Çalbay və onun ailə üzvlərinin daimi yaşayış yeri Azərbaycandır və onlar yay istirahətini Türkiyədə keçirmək qərarına gəldikləri üçün əvvəlcədən sayt üzərindən bilet almışdır. İddiaçı ailə ilə birlikdə X4 (THY) aviaşirkətinin xidmətindən yararlanmaq məqsədilə 12 avqust 2022-ci il tarixində Bakı Heydər Əliyev Hava Limanına daxil oldular və 06:00-da bilet yoxlanışı üçün qeydiyyata gəldikdə (checkın kontoru) qeydiyyatı aparan şəxs 5 dəqiqə gec gəldiklərini, biletləri qəbul edə bilməyəcəklərini bildirdilər. Bundan sonra bildirdilər ki, ikinci mərtəbədə səlahiyyətli nümayəndə ilə görüşməliyik. İkinci mərtəbədə Fərid adlı şəxs, narahat olmayın, nə lazımdırsa həll edəciyik. Az sonra Baransel adlı şəxs bildirdi ki, şirkətimizin Azərbaycan sorumlusu Seyfullah bəy təlimat verərsə Sizi göndərə bilərəm dedi. Şirkətin Azərbaycan sorumlusu Seyfullah bəy Hava limanında işinin başında olmadığından onunla əlaqə saxlamaq mümkün olmadı. Bizim bu görüşmələr 06:15- də baş tutmuşdur. İddiaçı Baransel adlı şəxsə, təyyarənin havaya qalxmasına 1 saat qalmasına baxmayaraq nədən təyyarəyə buraxmırsız dediyində, bildirdi ki, Seyfullah bəy iddiaçıya təyyarəyə buraxın deyərsə onları və ailəsini təyyarəyə minik üçün buraxa bilər. İddiaçı tərəfindən onlane checkın işləmlərinin tamamlanmasına rəğmən təyyarəyə buraxılmaması nəticəsində iddiaçı və ailəsi ən pis günləri yaşadı. Bir ailə başçısı olaraq baş verənlər iddiaçını çox sarsıtdı, uşaqlarının göz yaşları hələ də gözünün önündən çəkilmir. Cavabdeh THY-na məxsus hava gəmisinin xx.xx.2022-ci il tarixində nə vaxt uçuş həyata keçirməsinə dair sorğumuza "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 13 oktyabr 2022-ci il tarixdə 11/4589 nömrəli məktubla cavab olaraq bildirmişdir ki,12 avqust 2022-ci il tarixdə Bakı-İstanbul marşrutu ilə saat 06:55-də uçuşu nəzərdə tutulan hava gəmisi həmin tarixdə saat 07:15-də havaya qalxmışdır. THY-na uçuşu 12 avqust 2022-ci il tarixində saat 06:55-də həyata keçirilməli olan təyyarəyə bilet və baqaj qeydiyyatının nə vaxt başa çatmasına dair sorğumuza cavab olaraq bildirilmişdir ki, qaydalarımıza əsasən təyyarənin havaya qalxma vaxtından asılı olmayaraq beynəlxalq reyslər üçün bilet və baqaj qeydiyyatı reysin uçuşundan 60 dəqiqə əvvəl başa çatır. Bildirmək istəyirəm ki, THY-nın uçuş qaydaları barədə məlumat uçuş biletində yer almışdır ki, “uçağa biniş kalkış saatindən 20 dakika öncə sonlanır. Havalimanındaki ekranlardan biniş kapınızın güncel durumunu kontrol etmelisiniz. Havalimanında geliş sürenizi bazı durumlarda kapıya ulaşma sürenizin uzun sürebilecegini göz önünde bulundurarak belirletemelisiniz”. Göründüyü kimi, təyyarənin uçuşu 07:15-də baş tutmuş və THY-nin əməkdaşlarının dediyi kimi qeydiyyat 60 dəqiqə əvvəl başa çatırsa, onda bizim qeydiyyatımızın aparılması üçün kifayət qədər vaxt olduğu halda, qeydiyyat aparılmamışdır. Bu hal iddiaçı və ailəsinin yerinə başqa şəxsləri təyyarəyə mindiyinə dair şübhə yaradır. İddiaçı X4ndan uçuş biletlərinin alınması üçün vəsait ödəmiş, eyni zamanda “Vogue Hotel”-ə sığorta daxil 177,315.00 türk lirəsi (15,644.50 manat (9,202.65 ABŞ dolları) vəsait ödəmişdir. Cavabdehin iddiaya dair münasibəti və dəlilləri Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Etirazın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı və ailə üzvləri saat 06:00-da bilet yoxlanışı üçün qeydiyyata gəliblər; - AZAL sorğuya cavab olaraq bildirmişdir ki, saat 06:55-də uçuşu nəzərdə tutulan hava gəmisi saat 07:15-də havaya qalxmışdır; - Cavabdeh sorğuya cavab olaraq bildirmişdir ki, təyyarənin havaya qalxma vaxtından asılı olmayaraq beynəlxalq reyslər üçün bilet və baqaj qeydiyyatı reysin uçuşundan 60 dəqiqə əvvəl başa çatır. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla xx.xx.2022-ci il tarixli aviareysin uçuş vaxtının saat 06:55 olduğu və həmin aviareys üçün qeydiyyatın uçuş vaxtından, yəni saat 06:55- dən 60 dəqiqə əvvəl, yəni 05:55-də qurtarması açıqca öz əksini tapır. Amma iddiaçı ərizəsinin sonrakı hissəsində təyyarənin “havaya qalxma vaxtını, uçuş vaxtı kimi” qələmə verərək özünün 06:00-da qeydiyyata yaxınlaşmasını və beləliklə guya 06:15-də qurtarmalı olan qeydiyyata çatmasını sübut etməyə cəhd etmişdir. Halbuki, 07:15 təyyarənin uçuş vaxtı deyil, havaya qalxma vaxtıdır. İddiaçı ərizəsində THY-nin uçuş qaydaları haqqındakı uçuş biletində olan məlumata istinad edib bildirir ki, təyyarəyə minik qalxış saatından 20 dəqiqə əvvəl qurtarır. Bu hissədə də qalxış vaxtını, uçuş vaxtı kimi qələmə verməklə saat 06:00-da gəlməklə vaxtında çatdığını göstərməyə cəhd etmişdir. Halbuki, iddiaçının istinad etdiyi məlumatda göstərilir ki, “Koltuk seçiminiz tamamlandı, ancak uçağa kabul edilmeniz için online biniş kartınızı bastırmış ve ya mobil biniş kartınızı almış olmanız gerektiğini hatırlatırız”. Həmçinin, məlumatın “bagaj teslimi” bölməsində göstərilir ki, “bagajınız varsa, check in kontuarı kapanmadan önce teslim etmelisiniz”. Qeyd edək ki, iddiaçı və ailə üzvləri onlayn qaydada minik kartını əldə edə bilməmişdir, çünki təhlükəsizlik məqsədləri baxımından cavabdehin rəsmi internet səhifəsində bu xidmət bloklanmışdır. İddiaçı və ailə üzvləri mütləq qaydada qeydiyyata (check in kontuarı) yaxınlaşıb pasportlarını təqdim etməklə minik kartını əldə etməli, baqajları təhvil verdikdən sonra pasport yoxlanışından və digər yoxlanışlardan keçib uçuş qapısına doğru getməli idi. Belə ki, Cavabdehin rəsmi internet səhifəsində yer alan “hava limanı check in seçimləri səhifəsində” hər bir ölkə üzrə onlayn qaydada hansı xidmətlərin göstərilməsi öz əksini tapır. Həmin səhifədə X1 Hava Limanı üçün onlayn minik kartı, mobil minik kartı və check in kiosk imkanlarının mövcud olmaması açıqca görsənir, sərnişinlər mütləq qaydada check in kontuarına yaxınlaşaraq minik kartını əldə etməlidir. X1 Aeroportunun rəsmi internet səhifəsində (airport.az) “Prosedurlar” başlığının, “Beynəlxalq Gediş” altbaşlığında qeyd edilmişdir ki, “Qeydiyyat prosesi və ona dair tələblər aviaşirkətlər arasında fərqli ola bilər, məlumatı dəqiqləşdirmək üçün aviaşirkətinizin nümayəndəsinə və ya yerüstü xidmət agentlərinə müraciət edin. Bir qayda olaraq, nəzərə almalısınız ki, Avropa və MDB ölkələrinə səyahət edərkən qeydiyyat uçuşdan 2 saat əvvəl, qitələrarası və Transatlantik ölkələrə səyahət edərkən isə qeydiyyat uçuşdan 3 saat əvvəl başlayır. Qeydiyyat uçuşdan 60 dəqiqə öncədən bağlanır. Lakin iddiaçı və ailə üzvləri qeydiyyata vaxtında çatmadıqları üçün minik kartını əldə edə bilməmişlər. Minik kartını əldə etdikləri və baqajları təhvil verdikləri halda qalxış saatından 20 dəqiqə əvvələ kimi təyyarəyə minmək haqları mövcud ola bilərdi. Lakin İddiaçının və ailə üzvlərinin minik kartları olmamışdır, məhkəməyə də bununla bağlı sübut təqdim edilməmişdir. Lakin işin həqiqi hallarına gəldikdə fərqli bir mənzərə qarşımıza çıxır. İddiaçı və ailə üzvləri həmin gün saat 06:00-da deyil, 06:45-də qeydiyyata (check in kontuarına) yaxınlaşıblar. Cavabdehin check in-lə bağlı onlayn qeydlərində bu fakt öz əksini tapır. Həmin şəxslər uçuş vaxtından 10 dəqiqə əvvəl qeydiyyata gəldikləri üçün onlara minik kartı təqdim edilməmiş və baqajları təhvil alınmamışdır, beləliklə onlar uçuşda iştirak etməmişlər. İddiaçı həmin gün saat 06:00-da qeydiyyata yaxınlaşmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edək ki, həmin gün saat 06:57-də hava gəmisinin qapısı bağlanmış, saat 07:00-da park mövqeyindəki hava gəmisi yedəkləyici maşın vasitəsi ilə dayanacaqdan göstərişə uyğun sürmə yolu üzrə marşrut xəttinə çıxarılmışdır (pushback), saat 07:15- də isə havaya qalxmışdır. Göründüyü kimi, hava gəmisi havaya qalxmamışdan əvvəl bir sıra aktiv hazırlıq hərəkətləri etmişdir. Uçuş saatı dəyişdirilməmiş və yaxud təxir edilməmişdir, əks təqdirdə bu haqda sərnişinlərə qabaqcadan məlumat verilmiş olacaqdı. Hazırki halda əlindəki aviabiletlərdə əks olunan uçuş vaxtına 60 dəqiqədən az müddət qalmış qeydiyyata yaxınlaşan İddiaçı və ailə üzvləri haqlı olaraq qeydiyyata buraxılmamış, onlara minik kartı təqdim edilməmişdir. İşin halları: İddiaçı Ayhan Çalbay onun və ailə üzvlərinin 12 avqust 2023-cü il tarixində Bakıdan İstanbula və İstanbuldan Bodruma səyahəti həyata keçirtmək məqsədi ilə “X4” avia şirkətindən online qaydada 5 ədəd aviabilet almışdır. Hər biletin dəyəri 299,80 dollar olmaqla, ümumilikdə 1499 ABŞ dolları təşkil etmişdir. Məhkəməyə təqdim edilmiş biletlərdə elektron biletlərdə uçuşa qeydiyyatın beynəlxalq uçuşlar üçün uçuşa 60 dəqiqə qalmış tamamlandığı və uçuş vaxtının 06:55-də olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən öncədən təyyarədə oturacaqların seçilməsi proseduru aparımışdır, bununla bağlı məhkəməyə təqdim edilmiş sənəddə də görünür ki, sərnişinin baqajı olduğu halda, qeydiyyat tamamlanmadan əvvəlcədən təhvil verilməli olduğuna dair xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd edilən tarixlərə Bodrumun “Vogue Hotel”də otaqların satın alındığı, otaqlara görə 177315 TRY, bundan 81862 TRY əvvəlcədən ödənildiyinə dair məhkəməyə e-mail təqdim edilmişdir. Tətbiq edilməli olan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 842. Sərnişin daşınması müqaviləsi 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. 842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. Maddə 846. Sərnişin daşınmasının həyata keçirilməsi və daşıyıcının məsuliyyəti 846.1. Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır. Maddə 849. Daşıyıcının məsuliyyətinin məhdudlaşdırılması 849.1. Əgər daşıyıcının ayrı-ayrı və ya bütün nəqliyyat xidmətlərinə qanuni və ya rəsmi göstərişlər və ya beynəlxalq konvensiyalar tətbiq edilirsə və bu göstərişlərə və konvensiyalara görə zərərin əvəzinin ödənilməsi hüququ yalnız müəyyən şərtlər və ya məhdudiyyətlər olduqda əmələ gəlirsə və ya həyata keçirilə bilirsə, yaxud müəyyən şərtlər olduqda istisna edilirsə, daşıyıcı sərnişin qarşısında həmin göstərişlərə yalnız onları yerinə yetirdiyi halda istinad edə bilər. 849.2. Bütün digər hallarda daşıyıcı sərnişinlə razılaşmaya əsasən öz məsuliyyətini daşımanın dəyərinin üç misli ilə məhdudlaşdıra bilər, bu şərtlə ki, sərnişinə zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmasın və ya sərnişin üçün yaranmış zərərə görə daşıyıcı yalnız onun xidmətində olmayan başqa şəxsin təqsiri nəticəsində məsuliyyət daşısın. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmənin mövqeyi: Mülki işin məhkəmə araşdırması zamanı məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iddiaçı “X4” X4 X2 Sözleşmesi” Şirkətindən 12 avqust 2022-ci il tarixində Bakı-İstanbul-Bodrum istiqaməti üzrə səyahəti həyata keçirtmək məqsədi ilə aviabiletlər almışdır. Aviabiletlərdə uçuşun saatı 06:55 kimi qeyd edilmiş, uçuşa qeydiyyatın uçuşa 60 dəqiqə qalmış bağlanıldığı ilə bağlı xəbərdarlıq edilmişdir. Buna baxmayaraq iddiaçı ailə üzvləri ilə birlikdə bagajın təhvil verilməsi və qeydiyyatın tamamlanması üçün qeydiyyat masasına saat 05:55-dən sonra yaxınlaşmışdır. Məhkəmə iddiaçının uçuşa qeydiyyat üçün 5 dəqiqə gecikdikləri, təyyarənin havaya 06:55 deyil 07:15-də qalxdığına görə, onun və ailə üzvlərinin təyyarəyə buraxılmasının mümkün olduğuna dair dəlillərə qiymət verərək, həmin dəlillərin əsassız olduğunu qeyd edir. Digər tərəfdən iddiaçı uçuşa qeydiyyatın əvvəlcədən online qaydada edildiyini iddia etsə də, iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı əvvəlcədən qeydiyyatı deyil təyyarədə oturacaqların seçimi ilə bağlı proseduru həyata keçirtmiş, bundan sonra gələn elektron məktubda baqajın təhvil verilməsi üçün uçuşa qeydiyyat bitməmişdən əvvəl qeydiyyat masalarına yaxınlaşmalı olduğu ilə bağlı xəbərdarlıq edilmişdir. Yəni, iddiaçı istənilən halda baqajın təhvil verilməsi və qeydiyyatın tamamlanması üçün müəyyən edilmiş müddət çərçivəsində qeydiyyatı aparan əməkdaşlara müraciət etməli idi. Odur ki, məhkəmə iddiaçının bu dəlilini həqiqətə uyğun hesab etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və ailə üzvlərinin yuxarıda qeyd edilən uçuşa buraxılmaması iddiaçının öz təqsirinə görə baş verdiyindən, cavabdehin sərnişin daşımasına dair öhdəliyin icra edilmədiyinə görə məsuliyyət daşımır. Odur ki, hadisə nəticəsində iddiaçıya vurulan maddi və mənəvi zərərin cavabdeh tərəfindən ödənilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı X3 Respublikasının “X4 X2 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X4” Nümayəndəliyinə qarşı Bakı-İstanbul avia uçuşu üçün İddiaçı tərəfindən əvvəlcədən ödənilmiş vəsaitin cavabdeh X4 (THY) aviaşirkəti tərəfindən geri qaytarılması, “Vogue Hotel”-ə sığorta daxil ödənilmiş 177,315.00 TRY, manat ekvivalenti 15,644.50 manat vəsaitin və 100,000.00 manat mənəvi zərərin X4 (THY) aviaşirkətindən tutularaq İddiaçı ödənilməsinə dair iddiası əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı X3 Respublikasının “X4 X2 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X4” Nümayəndəliyinə qarşı Bakı-İstanbul avia uçuşu üçün İddiaçı tərəfindən əvvəlcədən ödənilmiş vəsaitin cavabdeh X4 (THY) aviaşirkəti tərəfindən geri qaytarılması, “Vogue Hotel”-ə sığorta daxil ödənilmiş 177,315.00 TRY, manat ekvivalenti 15,644.50 manat vəsaitin və 100,000.00 manat mənəvi zərərin X4 (THY) aviaşirkətindən tutularaq İddiaçı ödənilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3427/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3427/2023
22.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver