Məhkəmə qərarları › İş №e-2(011)-4815/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4815/2025

26.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4815/2025 26.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı tərəfindən 2004-cü ildə təsis edilmiş "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 1197-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın zirzəmi mərtəbəsində yerləşən və xüsusi mülkiyyətində olan 8 nömrəli qarajın elektrik təchizatına qoşulması məqsədilə aidiyyəti üzrə "xxxx" ASCyə 26 dekabr 2024-cü il tarixində 2 saylı ASAN Kommunal Mərkəzi vasitəsilə rəsmi müraciət edilmişdir.

2. Müraciət əsasında texniki sənədlər (elektrik yükünün hesablanması, layihə-smeta) hazırlanmış və 12 mart 2025-ci il tarixində dövlət tərəfindən müəyyən edilmiş rüsum ödənilmişdir. Bunun ardınca, 04 aprel 2025-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları tərəfindən qaraja elektrik xəttinin çəkilməsi işlərinə başlanılmışdır.

3. Lakin bu mərhələdə adı çəkilən ərazidə fəaliyyət göstərən və "xxxx" MTK-nın hüquqi varisi sayılan Cavabdeh X2 Cəmiyyətinin sədri Nümayəndə2 tərəfindən işin gedişinə qanunsuz müdaxilə edilmiş, "xxxx" əməkdaşlarının işini davam etdirməsinə imkan verilməmişdir. Sədr iddia etmişdir ki, istifadə ediləcək transformator ona məxsusdur və razılığının verilməsi üçün İddiaçı ona 500 (beş yüz) manat məbləğində pul vəsaiti ödəməsi tələb olunmuşdur. Əks təqdirdə, elektrik təchizatı işlərinə davam edilməsinə icazə verilməyəcəyi bildirilmişdir.

4. Bununla əlaqədar İddiaçı tərəfindən yaranmış süni və qanunsuz maneələrin aradan qaldırılması məqsədilə 06 may 2025-ci il tarixli SX041789061 nömrəli rəsmi yazılı müraciət (pretensiya) cavabdeh hüquqi şəxsin rəhbərinin adına ünvanlansa da, müraciətin qəbulu məqsədli şəkildə rədd edilmişdir.

5. Mövcud vəziyyət göstərir ki, Cavabdeh MMMC-nin vəzifəli şəxsləri tərəfindən hüquqazidd əməllər nəticəsində iddiaçının mülki hüquqlarından istifadəsi qanunsuz şəkildə məhdudlaşdırılmışdır.

İddiaçının tələbi:

6. İddiaçı məhkəmədən qarajın elektrik təchizatına qoşulmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına dair qərarın qəbul edilməsini, məhkəmə xərclərinin cavabdehdən tutulmaqla, iddiaçının xeyrinə həll olunmasını xahiş etmişdir.

7. İddiaçı xx.xx.2025-ci il tarixli iddia tələbinin azaldılması və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 1197-ci məhəllədə yerləşən, çoxmərtəbəli binanın zirzəmi mərtəbəsində xüsusi mülkiyyətində olan 8 nömrəli qarajın elektrik təchizatına qoşulması üçün Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini, iddia ərizəsi təqdim edilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

8. Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən iddia ərizəsinə qarşı heç bir yazılı etiraz təqdim edilməmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

9. Məhkəmə iclasında izahat verən İddiaçı qeyd etmişdir ki, 2025-ci ilin 8 aprel tarixində "xxxx" ASC-yə rəsmi müraciət edərək xahiş etmişdir ki, əməkdaşlarının qarajının elektrik təchizatına qoşulması üçün əraziyə gəldikləri zaman cavabdeh tərəfin bu prosesə maneə yaratması faktı protokollaşdırılsın. Həmin gün "xxxx" əməkdaşları əraziyə gəlmiş, lakin cavabdeh tərəfindən qanunsuz müdaxilə nəticəsində işin icrasına imkan verilməmişdir. Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, 2024-cü ilin dekabr ayında ASAN Xidmət vasitəsilə "xxxx" ASC-yə ilkin müraciət etmiş, sonradan isə əlavə ərizə ilə birbaşa "xxxx" ASC-yə müraciətini yeniləmişdir. Müvafiq məbləğ ödənildiyi təqdirdə, elektrik təchizatı ilə bağlı qoşulma məsələsi həll olunacaq. İddiaçı qeyd etmişdir ki, bütün qanuni prosedurlar (müraciət, texniki şərt, smeta, rüsumun ödənişi və s.) yerinə yetirildikdən sonra "xxxx" ASC əməkdaşları tərəfindən qarajın elektrik təchizatı işlərinin icrasına başlanılsa da, cavabdeh tərəfin – Cavabdeh MMMC-nin direktoru Nümayəndə2 müdaxiləsi nəticəsində həmin işlər dayandırılmış, elektrik təchizatı işinin həyata keçirilməsinə imkan verilməmişdir. Cavabdeh tərəfindən bu şəkildə süni və qanunsuz maneələr yaradılmışdır.

10. Cavabdeh sədri Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçını 2022- 2023-cü illərdən bəri görməmişəm. Təxminən iki ay əvvəl gördüm, dedi ki, elektrik təchizatına qoşulmaq istəyir. Mən də ona bildirdim ki, bu məqsədlə əvvəlcə "xxxx" ASCdən texniki şərt almalıdır. Texniki şərt aldıqdan sonra qarajına elektrik xətti çəkə bilər.

11. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunan "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəmə iclasında qeyd edir ki, "xxxx" ASC öhdəliklərini yerinə yetirmişdir. Yaşayış binaları üçün ümumi texniki şərt verilir, iddiaçının müraciət etdiyi elektrik şəbəkəsinə qoşulma ilə bağlı əlavə texniki şərtin alınması tələb edilmir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Çıxarışına əsasən, Bakı şəhəri, ünvan 1 qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 1197-ci məhəllə, ev 3, zirzəmi mərtəbəsi,qaraj 8 qeyri-yaşayış sahəsinə aid **********33-05301-083031nömrəli texniki pasport.

14. Azərbaycan Respublikası Cavabdeh əmrinə əsasən, Nümayəndə2 burada direktor vəzifəsində çalışır.

15. xx.xx.2024-cü il tarixli “Asan Xidmət”lə İş Departamentinin direktor müavini İnam Yusifov tərəfindən təsdiqlənmiş sənədə əsasən, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin elektrik yüklərinə dair ilkin elektrik yükünün hesabatı qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun aparılmışdır.

16. xx.xx.2025-ci il tarixli “Asan Xidmət”lə İş Departamentinin direktoru Fərruh Heybətov tərəfindən təsdiqlənmiş sənədə əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Tikinti obyektlərinin elektrik şəbəsinə qoşulma xidmətinə görə ödəniş məbləğinin tənzimlənməsi barədə” 3 may 2024-cü il tarixli 4 nömrəli “Qərar” ilə təsdiqlənmiş tələbat gücünə uyğun olaraq qoşulma xidmətinə görə ödəniş aparıldıqdan sonra sifarişin icrası təmin ediləcəyi qeyd olunmuşdur.

17. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM):

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

21. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.

22. Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanunu: 1.1.19. elektrik enerjisinin istehlakçısı (istehlakçı) – öz ehtiyacları üçün elektrik enerjisini satın alan sərbəst və ya sərbəst olmayan istehlakçı, habelə məişət və ya qeyriməişət istehlakçısı; 1.1.27. elektrik enerjisinin pərakəndə satış bazarının subyektləri – elektrik enerjisinin pərakəndə satış bazarında iştirak edən elektrik enerjisinin istehsalçıları, ötürücü sistem operatoru, paylayıcı sistem operatoru, təchizatçılar, qapalı paylayıcı şəbəkələrin operatorları və istehlakçılar; 1.1.64. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd. 20.2. Elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların elektrik şəbəkəsinə qoşulması elektrik şəbəkəsinə dair qaydalar ilə tənzimlənir. 20.3. Elektrik enerjisi bazarı subyektləri tərəfindən onların tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş qaydaların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən elektrik qurğularının quraşdırılması qaydalarının tələbləri yerinə yetirildikdən və ötürücü sistem operatoruna və ya paylayıcı sistem operatoruna qoşulma xidmətinə görə ödəniş edildikdən sonra ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərini elektrik şəbəkəsinə qoşmalıdır.

23. “Elektrik şəbəkəsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2024-cü il tarixli Qərarı: 1.2.67. şəbəkəyə qoşulma – elektrik enerjisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektlərindən şəbəkəyə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsi, əlavə güc alınması ilə bağlı layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik qurğularının şəbəkəyə faktiki qoşulması və şəbəkəyə qoşulma aktının tərtib edilməsinə dair göstərilən kompleks xidmət; 154.8. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektinin şəbəkəyə qoşulması məqsədilə texniki şərtlərin və şəbəkəyə qoşulması layihəsinin verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri nəzərə alınmaqla bu Qaydalara uyğun olaraq təmin edilir. Bu halda texniki şərtlər həmin Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş tikintiyə icazənin qüvvədə olduğu və ya qüvvədəolma müddətinin uzadıldığı müddətə verilir. 159.20. Yaşayış binalarının şəbəkəyə qoşulması üçün bu Qaydaların tələblərinə uyğun olaraq sistem operatoru tərəfindən ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin, həmçinin yaşayış binası üçün verilmiş texniki şərtdə qeyd olunan güc hesabatında nəzərdə tutulan, həmin yaşayış binasının 0,4 kV-luq paylayıcı lövhəsinə qoşulan qeyriyaşayış sahələrinin şəbəkəyə qoşulması üçün ayrıca texniki şərtlərin və tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə sənədlərinin alınmasına, həmçinin qoşulma xidmətinə görə ödəniş edilmir. 159.21. Məişət istehlakçılarının və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt daxil olmaqla 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin yerləşdiyi ərazidə 0,4 kV-luq şəbəkə olmadıqda həmin tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə elektrik enerjisi (güc) alması bu Qaydaların 160-cı hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

26. Mülki işin mübahisəsiz hallarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Çıxarışına əsasən, Bakı şəhəri, ünvan 1 qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. (§13) Azərişəq ASC tərəfindən verilmiş sənədlərdə iddiaçıya məxsus qeyri-yaşayış obyektində elektrik şəbəkəsinə qoşulmanın mümkünlüyü qeyd edilmişdir. (§15, §16)

27. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh tərəf iddiaçıya məxsus qarajda elektrik şəbəkəsinə (Azərişiq ASC tərəfindən lazımi icazənin alınmasına baxmayaraq) qoşulmasına maneə yaratmış, məhkəmə iclas zalında cavabdeh tərəf lazimi texniki şərtin olması halında icazə veriləcəyini bildirsə də, müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində cəlb olunan "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəmə iclasında verdiyi izah zamanı iddiaçıya məxsus qarajın yaşayış binasında yerləşməsini nəzərə alaraq bu cür əlavə texniki şərtin verilməsinə ehtiyac olmadığını bildirmişdir.

28. Məhkəmə qeyd edir ki, iddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektində (qarajda) elektrik şəbəkəsinə qoşulmaq hüququ mövcuddur. Belə ki, iddiaçının qeyri-yaşayış obyektinə olan mülkiyyət hüququ işin mübahisəsiz halıdır və mülkiyyət hüuquq - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanununa və Elektrik şəbəkəsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2024-cü il tarixli Qərarına əsasən yaşayış binalarının şəbəkəyə qoşulması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq sistem operatoru tərəfindən ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin, həmçinin yaşayış binası üçün verilmiş texniki şərtdə qeyd olunan güc hesabatında nəzərdə tutulan, həmin yaşayış binasının 0,4 kV-luq paylayıcı lövhəsinə qoşulan qeyri-yaşayış sahələrinin şəbəkəyə qoşulması üçün ayrıca texniki şərtlərin və tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihə sənədlərinin alınmasına zərurət mövcud deyil. (§22, §23)

30. Cavabdeh tərəf Cavabdeh MMMC Mənzil Məcəlləsinin tələblərinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 1197-ci məhəllədə yerləşən, çoxmərtəbəli binanın zirzəmi mərtəbəsində 8 nömrəli qaraj sahəsi cavabdehin deyil, iddiaçının xüsusi mülkiyyətindədir.

31. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı neqator iddia qaydasında Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 1197-ci məhəllədə yerləşən, çoxmərtəbəli binanın zirzəmi mərtəbəsində xüsusi mülkiyyətində olan 8 nömrəli qarajın elektrik təchizatına qoşulması üçün Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi tələbi olduğundan ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. iatəẊ rayonu, Həsən Salmani küçəsi, 1197-ci məhəllədə inşa edilmiş çox mərtəbəli binanın zirzəmi mərtəbəsində iddiaçının xüsusi mülkiyyətində olan 8 nömrəli qarajın elektrik təchizatına qoşulması üçün Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın

3. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar