Məhkəmə qərarları › İş №e-2(011)-7670/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7670/2023

22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7670/2023 22.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı valideynin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı Cavabdeh razılığı olmadan yetkinlik yaşına çatmayan 07 yanvar 2011-ci il təvəllüdlü X4 və 28 iyul 2012-ci il təvəllüdlü X3 üçün ümumvətəndaş pasportunun verilməsi və onların yetkinlik yaşına çatanadək iddiaçı birlikdə ölkə xaricinə çıxmaları üçün icazə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin halları - Bakı şəhəri 10 dekabr 2021-ci il tarixli 2(011)-5973/2021 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 16 dekabr 2008-ci il tarixdə 1850 saylı aktla qeydə alınmış nikahın pozulması, 07 yanvar 2011-ci il təvəllüdlü X4 və 28 iyul 2012-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 28. Azadlıq hüququ İ. Hər kəsin azadlıq hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İV. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyası Maddə 3

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.

3. İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər. Maddə 6

1. İştirakçı dövlətlər təsdiq edirlər ki, hər bir uşağın yaşamaq üçün ayrılmaz hüququ vardır.

2. İştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi Maddə 10. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi 10.1. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan Respublikası vətəndaşının pasportu əsasında həyata keçirilir. Maddə 11. Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası 11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 51. Uşağın müdafiə hüququ 51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 51.4 Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Maddə 60. Valideynlik hüquqlarının həyata keçirilməsi 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Maddə 5. Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

Maddə 25. Uşağın istirahət hüququ Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər.

“Papsortlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Pasport verilməsi haqqında ərizə (vəsatət) Pasport vətəndaşların (onun valideynlərindən birinin və ya qanuni nümayəndəsinin) müvafiq dövlət orqanına ərizəsi və ya müəssisənin, idarənin, təşkilatın vəsatəti əsasında verilir. Ümumvətəndaş pasportunun verilməsi haqqında ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd, fotoşəkillər, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, bu Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan, ərizəyə təcili baxılmasını şərtləndirən hallar olduqda isə həmin halları təsdiqləyən sənədlər əlavə edilməlidir.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2021-ci il tarixli 13 nömrəli Qərara istinadən qeyd edir ki, analoji işlərə baxılarkən mübahisənin keçmiş ərarvad arasında barışmaz şəxsi münasibətlərdən irəli gələrək bir-birinə qarşı təsir vasitəsi kimi istifadə olunmasının qarşısı alınmalıdır. Bunun üçün hər bir tərəfin uşağın mənafeyindən çıxış etməsi ilə bağlı diqqətəlayiq hallar aydınlaşdırılmalıdır. Uşağın ölkə hüdudlarından kənara getməsi hüququndan istifadə etməsinə razılıq verməyən valideynin uşaqla ailə əlaqələrinə xüsusi diqqət yetirilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, tərəflərin nikaha daxil olmamaları və ya aralarındakı nikahın pozulmaması səbəbindən uşağın hansı valideynin yanında saxlanması ilə bağlı məhkəmə qərarının olmaması bu cür iddiaların rədd edilməsi üçün müstəqil əsas ola bilməz. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan "ailə həyatının" mövcud olması və ya olmaması faktlara aid məsələdir və sıx şəxsi bağlılıq əlaqələrinin praktikada real olaraq mövcud olubolmamasından, məsələn, uşaq doğulana qədər və doğulduqdan sonra atanın ona münasibətdə maraq və bağlılıq nümayiş etdirməsindən asılıdır (L.Niderlanda qarşı, § 36). Sadəcə bioloji qohumluq əlaqəsinin olması, amma sıx şəxsi bağlılıq münasibətlərinin olduğunu göstərən hər hansı əlavə hüquqi və ya faktiki elementlərin mövcud olmaması Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş müdafiənin bu əlaqəyə şamil olunması üçün yetərli deyil (L.Niderlanda qarşı, §§ 37-40). Odur ki, məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimai-sosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilib-yetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir Uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. Qeyd edilməlidir ki, iddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz. Məhkəmə bu halda yuxarıda qeyd edilənlərdən fərqli olaraq, ölkədən daimi əsaslarla çıxarılmanın uşağın mənafeyinə uyğunluğu ilə bağlı sübut etmə yükünü iddiaçının üzərinə qoymalıdır, həmçinin uşağın mənafeyi ilə bağlı bütün məsələlər daha ciddi yoxlamadan keçirilməlidir. Belə ki uşaq himayəyə verilərkən məhkəmə, yanında saxlanıldığı valideynin şəxsi keyfiyyətləri ilə yanaşı, uşağın yaşayış yeri, həyat şəraiti, təhsil aldığı mühit, daxil olduğu sosial qrupun onun mənafeyinə uyğunluğunu nəzərə alır. Faktiki himayədə olduğu hallarda isə bu məsələlər digər valideyn tərəfindən mübahisələndirilmir. Odur ki, uşağın valideyni ilə birlikdə daimi əsaslarla başqa ölkəyə getməsi onun həyat şəraitinin köklü surətdə dəyişilməsinə səbəb olacağından, bu dəyişikliyin uşağın mənafeyinə uyğun olacağına dair sübut etmə yükü də, məhz iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı verilən izahatlar və iddia ərizəsinin məzmunundan da aydın olmuşdur ki, uşağın ölkə hüdudlarından kənara çıxarılması səyahət məqsədini daşıyır. İddiaçının isə uşaqları ilə birgə yaşayan valideyn kimi öz uşaqların maraqlarını üstün tutmaq şərti ilə onlara dair qərar qəbul etmək, hazırkı halda onu ölkə hüdudlarından kənara aparmaq və ya ölkə hüdudlarından kənara göndərmək hüququ vardır. Bu hüququn təmin edilməsi uşağın fiziki, əqli və psixoloji cəhətdən inkişafı və gələcəkdə layiqli vətəndaş olaraq cəmiyyətdə öz yerini alması üçün mühüm əhəmiyyət kəsb edir. Cavabdeh isə belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkişafına uyğun olmadığını sübut edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq və hazırki mübahisədə uşağın maraqlarını üstün tutaraq məhkəmə hesab edir ki, tərəflərin birgə övladları 07 yanvar 2011-ci il təvəllüdlü X4 və 28 iyul 2012-ci il təvəllüdlü X1 anasının müşayiəti ilə atasının razılığı olmadan ölkədən kənara çıxarılmasına icazə verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi uşaqlara atanın (cavabdehin) razılığı olmadan ümumvətəndaş pasportunun verilməsi hissəsində də əsaslıdır. Belə ki, yetkinlik yaşına çatmayan şəxslərə ümumvətəndaş pasportunun verilməsi üçün valideynlərin razılığı mütləqdir. Hazırkı mübahisədən də aydın şəkildə görünür ki, cavabdeh uşağın iddiaçı ilə birlikdə xarici ölkəyə getməsinə razı deyil. Bu halda, onun azyaşlıya da ümumvətəndaş pasportunun verilməsi üçün razılıq verməməsi də aşkardır. Uşağa ümumvətəndaş pasportunun verilmədiyi halda isə onun ölkə hüdudlarından kənara çıxması qeyri-mümkündür. Ona görə məhkəmə cavabdehin razılığı olmadan 07 yanvar 2011-ci il təvəllüdlü X4 və 28 iyul 2012-ci il təvəllüdlü X2 ümumvətəndaş pasportunun verilməsini də məqsədəuyğun hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. 07 yanvar 2011-ci il təvəllüdlü X4 və 28 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası İddiaçı ilə birlikdə atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasından xaricə getməsinə icazə verilsin. 07 yanvar 2011-ci il təvəllüdlü X4 və 28 iyul 2012-ci il təvəllüdlü X2 atası Cavabdeh razılığı olmadan ümumvətəndaş pasportu verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar