Məhkəmə qərarları › İş №e-2(019)-605/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-605/2024

23.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-605/2024 23.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək,cаvabdeh Cavabdeh 4200 AZN (dörd min iki yüz) məbləğində borcun, gecikdirilmiş faizə görə 2383,5 AZN (iki min üç yüz səksən üç manat əlli qəpik) məbləğ olmaqla, cəmi 6583.5 AZN (altı min beş yüz səksən üç manat, əlli qəpik) vəsaitin, 300 manat vəkil xərcinin və iddia ərizəsi üçün ödənilmiş 89 (səksən doqquz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 8 nömrəli Notariat Ofisində xx.xx.2019- cu il və xx.xx.2019-cu il tarixlərdə ünvan 1i ünvanında yerləşən, 0.12 ha torpaq sahəsinin satılması ilə bağlı ilkin müqavilələr imzalanmışdır. Həmin müqavilələr Notarius reyestrində 3M-394 və 3M-440 nömrələr ilə qeydə alınmışdır. Müqavilələrə əsasən X6 Tərəfə ilkin olaraq ödənilməli olan 4500 manatdan 1000 manat və 3200 manat olmaqla 4200 manatı Notariusun bankda olan depozit hesabına ödəmişdir. Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən verilmiş 1931 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən olur ki, xx.xx.2019-cu il tarixli 3M- 394 və xx.xx.2019-cu il tarixli 3M-440 nömrəli müqavilələr üzrə 4200 manat məbləğ X1 etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən notariusun bank hesabından götürülmüşdür. İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasını onların iştirakları olmadan keçirilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.6-cı maddələrinə əsasən işə iddiaçının və onun nümayəndəsi-vəkilinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə( məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə saat 9:40-da Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir) baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh nümayəndəsi X3 ilə İddiaçı arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, reyestrdə 3M-394 nömrə ilə qeydə alınmış ilkin müqavilədən görünür ki, həmin müqavilə ilə satıcı ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini gələcəkdə alıcıya satmaq məqsədilə alqı-satqı müqaviləsi bağlananadək alıcı ilə aralarında müqavilə bağlamış, torpaq sahəsinin dəyəri kimi razılaşdırılmış 4500 manat məbləğin 1000 manatını satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı və satıcı müqavilə notarial qaydada təsdiq edildikdən sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün 3 il müddət müəyyən etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh nümayəndəsi X3 ilə İddiaçı arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli, reyestrdə 3M-440 nömrə ilə qeydə alınmış ilkin müqaviləyə əlavədən görünür ki, həmin müqavilə ilə satıcı ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini gələcəkdə alıcıya satmaq məqsədilə alqı-satqı müqaviləsi bağlananadək alıcı ilə aralarında müqavilə bağlamış, torpaq sahəsinin dəyəri kimi razılaşdırılmış 4500 manat məbləğin qalıq 3500 manatdan 3200 manatı notariusun bankda açılmış depozit hesabı vasitəsilə satıcıya ödəməyi, qalıq 300 manatın isə alqı-satqı müqaviləsi bağlandığı zaman ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı və satıcı müqavilə notarial qaydada təsdiq edildikdən sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün 3 il müddət müəyyən etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ünvan 2 ünvanladığı 18 noyabr 2019cu il tarixli 2085 nömrəli məktubundan və 18 noyabr 2019-cü il tarixli qəbzdən görünür ki, ilkin müqavilə üzrə alıcı notariusun depozit hesabına 1000 manat pul ödəmiş, müqavilə təsdiq edildikdən sonra müqavilə üzrə razılaşdırılmış 1000 manat pul vəsaitinin X2 verilməsi üçün pul vəsaitinin Bankda olan notariusun depozit hesabına qoyulması xahiş edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ünvan 2 ünvanladığı 24 dekabr 2019cu il tarixli 2277 nömrəli məktubundan və 24 dekabr 2019-cü il tarixli qəbzdən görünür ki, ilkin müqaviləyə əlavə üzrə alıcı notariusun depozit hesabına 3200 manat pul ödəmiş, müqavilə təsdiq edildikdən sonra müqavilə üzrə razılaşdırılmış 3200 manat pul vəsaitinin X2 verilməsi üçün pul vəsaitinin Bankda olan notariusun depozit hesabına qoyulması xahiş edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri 8 saylı notariat ofisinin 16 sentyabr 2022-ci il tarixli 1931 nömrəli məktubundan görünür ki, 18 noyabr 2019-cu il tarixli, 3M-394 reyestr nömrəli və 24 dekabr 2019-cu il tarixli, 3M-440 nömrəli müqavilələr ləğv edilməmiş, qüvvədədir. Həmin müqavilələr üzrə alıcı tərəfindən ödənilmiş pul vəsaiti notaiusun depozit hesabı vasitəsi ilə satıcının təmsilçisi X2 ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən və çatdırılma barədə xəbərnamədən görünür ki, ilkin müqavilələr üzrə öhdəliklərin icrası cavabdehdən tələb edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 24 avqust 2023-cü il tarixli e-2(019)-554/2023 nömrəli qətnaməsinin surətindən görünür ki,həmin qətnaməyə əsasən iddianın təmin edilməməsi,iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və 200 manat vəkilə ödənilmiş xərc İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki,15 may 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində yerləşən 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmış,Cavabdeh nümayəndəsi X3 ilə İddiaçı arasında 18 noyabr 2019-cu il tarixdə ilkin müqavilə bağlanmış, həmin müqavilə ilə satıcı ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini gələcəkdə alıcıya satmaq məqsədilə torpaq sahəsinin dəyəri kimi razılaşdırılmış 4500 manat məbləğin 1000 manatını satıcıya ödəməyi öhdəsinə götürmüş, həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməyi öhdəsinə götürmüş, həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə notarial qaydada təsdiq edildikdən sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün 3 il müddət müəyyən etmişlər.Bundan sonra tərəflər arasında 24 dekabr 2019-cu il tarixdə yenidən ilkin müqaviləyə əlavə müqavilə bağlanmış,həmin müqavilə ilə satıcı ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini gələcəkdə alıcıya satmaq məqsədilə torpaq sahəsinin dəyəri kimi razılaşdırılmış 4500 manat məbləğin qalıq 3200 manatını satıcıya ödəməyi, qalıq 300 manatın isə alqı-satqı müqaviləsi bağlandığı zaman ödəməyi öhdəsinə götürmüş, həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməyi öhdəsinə götürmüş, həmin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı və satıcı müqavilə notarial qaydada təsdiq edildikdən sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün 3 il müddət müəyyən etmişlər. xx.xx.2019-cu il tarixli 3M-394 nömrəli və xx.xx.2019-cu il tarixli 3M440 nömrəli müqavilələr üzrə 4200 manat məbləğ cavabdehin nümayəndəsi X3 tərəfindən notariusun bank hesabından götürülmüşdür.Lakin ilkin müqavilə üzrə müəyyən edilmiş müddətdə sözügedən torpaq sahəsinin alqı-satqısı həyata keçirilməmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-554/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəmənin bu qətnaməsindən apellyasiya şikayəti vermiş,Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin e-2(019)-554/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.İddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəmənin həmin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin e-2(019)- 554/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə əsasən: 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir.Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işin hallarını, tərəflər arasında bağlanmış ilkin müqaviləyə görə Cavabdeh nümayəndəsi vasitəsi ilə İddiaçı 4200 manat pulunu əldə etməsini, sonradan əsas müqavilənin bağlanmamasını, buna baxmayaraq Cavabdeh İddiaçı 4200 manat pulu qaytarmamasını, Mülki Məcələnin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi 4200 manat pula aid hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi gecikdirilmiş faizə görə 2383,5 manata aid hissədə isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, pul öhdəliyinin icra edilməməsinə görə məsuliyyəti müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində göstərilir: 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4.Özgə vəsaitindən istifadə üçün faizlər,əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçı Cavabdeh onun pulunu qanunsuz saxladığını göstərsə də, pulu geri tələb etməsi, cavabdehin pulu qaytarmaması barədə heç mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Əksinə iş materiallarından görünür ki, iddiaçı pulu tələb etməmiş, əksinə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-554/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəmənin bu qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin e-2(019)-554/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəmənin həmin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin e-2(019)- 554/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı bundan sonra xx.xx.2024-cü ildə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa iş materiallarından görünür ki, alqı-satqının predmeti olmuş 0,12 ha torpaq sahəsində əvvəllər tikilmiş, cavabdehə məxsus 2 fərdi yaşayış evi vardır. xx.xx.2019-cu il tarixli 3M-394 nömrəli və xx.xx.2019-cu il tarixli 3M440 nömrəli ilkin müqavilələr İddiaçı ilə cavabdehin təmsilçisi X3 arasında bağlanmışdır. Sözügedən ilkin müqavilələrdə yalnız 0,12 hektar torpaq sahəsinin alqı-satqısı nəzərdə tutulmuş, iki fərdi yaşayış evinin alqı- satqısı ilə bağlı heç bir müddəa ilkin müqaviləyə əlavə edilməmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-554/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən göstərilmişdir ki, “işin faktiki hallarından göründüyü kimi, mübahisə predmeti olan 0.12 ha həyətyanı torpaq sahəsi üzərində cavabdehə məxsus 2 fərdi yaşayış evi yerləşir və cavabdehin təmsilçisi X3 ilə iddiaçı arasında 18 noyabr 2019-cu il tarixdə və 24 dekabr 2019-cu il tarixdə ilkin müqavilələr bağlanmış, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evləri ilə birgə real dəyərindən dəfələrlə aşağı qiymətə, yəni 4500 manata torpaq sahəsinin alıcıya satılması barədə razılığa gəlmişlər. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə predmeti təşkil edən torpaqla bağlı cavabdehdən etibarnamə almış bacısı həmin əmlakın real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satılmasına dair alıcı ilə razılıq əldə etmişdir. Bununla da, qanunvericiliyin yuxarıda qeyd edlilən tələbləri baxımından təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıdığından, özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətində olduğu halda bunu etməmişdir. Halbuki tərəflər arasında bağlanmış ilkin müqavilələr cavabdehin yox, məhz satıcının maraqlarına xidmət etmiş, cavabdehin mənafeyinə uyğun olmamışdır. Bağlanan əqd cavabdehin iradəsinə zidd olduğuna baxmayaraq təmsil edən hətta bu barədə cavabdehə məlumat belə verməmişdir. Göründüyü kimi, təmsilçi vasitəsi ilə tərəflər arasında bağlanmış ilkin müqavilə və ona əlavə cavabdehin iradə ifadəsini əks etdirməmiş, onu daha da ağır vəziyyətə salmışdır” Həmin işə baxılarkən Cavabdeh 4200 manat pulu almadığını bildirmişdir. İşin qeyd edilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı gecikdirilmiş faizə görə 2383,5 manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia ərizəsinin vəkilə ödənmiş 300 manat pul tələbinə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsi tərtib edib məhkəməyə göndərməsini, sənədlər toplamasını, xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, Cavabdeh nümayəndə-vəkilin göstərdiyi yardım üçün ödənmiş xərcə görə 180 (bir yüz səksən) manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən əsaslı hesab olunduğundan vəkilə ödənmiş 300 manatın 180 manatı və ödənilmiş 89 manat dövlət rüsumunun 56.96 manatı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh torpaq sahəsinə görə ödənmiş 4200 AZN (dörd min iki yüz) məbləğində pul, nümayəndə-vəkilin göstərdiyi yardım üçün ödənmiş xərcə görə 180 (bir yüz səksən) manat və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə 56.96 (əlli altı manat doxsan altı qəpik) manat alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin . Cavabdeh torpaq sahəsinə görə ödənmiş 4200 AZN (dörd min iki yüz) məbləğində pul, nümayəndə-vəkilin göstərdiyi yardım üçün ödənmiş xərcə görə 180 (bir yüz səksən) manat və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə 56.96 (əlli altı manat doxsan altı qəpik) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar