Məhkəmə qərarları › İş №e-2-2(113)-1075/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1075/2025

14.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1075/2025 14.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: marja ticarət xidməti müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X3, X2 və nümayəndəsi/vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin hesabından 20000 ABŞ dolları məbləğində vəsaitin (qərar çıxarılan günə məbləğin ABŞ dollarından milli valyuta azərbaycan manatına olan ekvalenti) - 34000 manat vəsaitin, həmçinin dövlət rüsumu üzrə ödənilmiş xərclər üzrə 193 manat məbləğin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “İnvest-AZ” şirkəti 20 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərən və investisiya xidmətləri təqdim edən maliyyə şirkətidir. Şirkət əsasən Forex bazarında ticarət, CFD-lər, qiymətli metallar, əmtəə məhsulları və digər maliyyə alətləri üzrə xidmətlər təklif edir. Eyni zamanda, İnvest-AZ müştərilərinə ticarət platformaları, təlim materialları və maliyyə bazarları üzrə analizlər təqdim edir. Cavabdeh şirkət özünün məram və məqsədinin-ölkədə maliyyə savadlığını artırmağa çalışmaq, insanlara müasir dövrün qazanc imkanlarını aşılamaq və öyrətmək olduğunu bildirir. İddiaçı yerli investor İddiaçı ilə cavabdeh şirkət arasında F-İX-4001-3xxxxxxx/23 saylı, xx.xx.2023-cü il tarixli “Marja ticarət xidmətinin təqdim edilməsinə” dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müştəri olaraq cavabdehə 10000 ABŞ dolları maliyyə yatırımı edərək cavabdeh “İnvestAZ”-da investisiya hesabı aç şirkətin № 211949, № 211974 və № 212446 ticarət hesabları ona məxsus olmuşdur. Ötən dövr ərzində cavabdeh investisiya şirkətinin “NATG”,“OİLUS” və “OİLUK” alətlərində müxtəlif ticarət əməliyyatları aparmışdır. Belə ki, xx.xx.2024-ci il tarixdə gecə saat 01.05 - 07.40 aralığında cavabdeh investisiya şirkətində apardığı ticarət əməliyyatı zamanı yüksək məbləğdə vəsait - 46.310.273,3 ABŞ dolları qazanmışdır. Həmin an, yüksək məbləğdə qazancdan 20000 ABŞ dolları məbləğində vəsait öz hesabına mədaxil etmək istəyərəkən “İnvest-AZ” tərəfindən qadağa ilə rastlaşmış və beləliklə həmin vəsaiti öz hesabına keçirə bilməmişdir. Sözügedən yüksək məbləğdə vəsaiti qazanmış olsa da, cavabdeh şirkət onun qazancını “real bazar qiymətləri”ndə əks etdirmədiyini bildirmiş və bunu “həmin alətlərdə texniki nasazlıq yaranması nəticəsində ticarət terminalı vaxtı qiymətlərin texniki olaraq səhv verilməsi” ilə əsaslandırmışdır. Həmçinin, cavabdeh şirkət cavabında, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əməliyyatların nəticəsinin ləğv edilərək, baş vermiş texniki nasazlığın aradan qaldırıldığını bildirmişdir. Cavabdeh şirkətin belə bir cavabı ilə razı deyil. Belə ki, “texniki xəta” adı altında cavabdeh özünü maliyyə məsuliyyətindən azad etməyə və qazancı ona ödəməkdən yayınmağa çalışır. Ötən dövr ərzində cavabdehə müraciətə edərək ümumi qazancdan ilkin mərhələdə 20000 ABŞ dolları məbləğində vəsaitin hesabına daxil edilməsi ilə bağlı uzun danışıqlar aparmış, bir müddət cavabdeh razılığa gəlsə də, sonradan imtina etmişdir. İddiaçı məsələ ilə bağlı cavabdeh investisiya şirkətinə lisenziya vermiş Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət ünvanlamış, cavabında Mərkəzi Bank “ticarət platformasında yaranmış texniki nasazlığın səbəbi ilə bağlı yaranmış mübahisəli məsələlərin həllini qanunvericilikdə nəzərdə tutlmadığı hallarda investisiya şirkəti ilə müştəri arasında olan münasibətlərlə tənzimlənir qeyd etməklə işini bitmiş saymışdır. “Xarici investisiyanın qorunması haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunları Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci, 10-cu, 11-ci, 13-cü və 26-cı bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında investisiya fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, investorların hüquqlarının və qanuni maraqlarının qorunmasına təminat verir. Həmin qanunun 2.1-ci maddəsinə əsasən Dövlət tərəfindən investorların bu Qanunla nəzərdə tutulmuş hüquq və azadlıqlarının qorunmasına təminat verilir, investorlara və onların investisiyalarına qarşı əsassız və ayrıseçkilik yaradan münasibət, hədə-qorxu, təqib və zorakılıq qadağan edilir.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq qərarı ilə təsdiq edilmiş "Marja Ticarəti Qayda"sının 8.4-cü maddəsinə uyğun olaraq "NATG", "OİLUS" və "OİLUK" alətində sözügedən texniki nasazlıq ilə bağlı məlumat xx.xx.2024-cü il tarixdə AR-nın Mərkəzi Bankına və bütün əlaqəli müştərilərə (müştəri İddiaçı daxil olmaqla) təqdim edilmişdir. Bu texniki nasazlıq Şirkətlə qiymətvericilər arasında yaranan bağlantı problemi əsasında yaranmışdır. Bununla bağlı hesabında bu alət üzrə mövqeləri olan müştərilərin hesablarına müvafiq dəyişiklik edilmiş və nəticələr əks etdirilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi məbləğin ödənilməsi ilə bağlı Şirkət tərəfindən bir müddət razılığa gəlindiyini qeyd etmişdir. Bu cür hal baş verməmişdir. xx.xx.2024-cü il tarixində E. Məmmədova məxsus email ünvanına, habelə Şirkətin ofisində görüş zamanı əlavə izahedici məlumatlar təqdim edilmişdir. İddiaçı Şirkət tərəfindən verilən məlumatların qənaətbəxş olduğunu bildirmişdir və qane olmuşdur. Lakin təəssüf ki, danışıqlar şifahi olaraq həyata keçirildiyindən bu faktı təsdiq edən heç bir sübut olmadığı üçün tərəflərindən təqdim edilməsi mümkün deyildir. Sözügedən izahlardan sonra müştəri İddiaçı Şirkət ilə bağlanmış "Marja ticarəti xidmətinin təqdim edilməsinə" dair müqaviləsi üzrə xidmət istifadəsinə davam edərək, xx.xx.2024-cü il tarixdə əlavə №212716 ticarət hesabı yaratmışdır. Habelə, müştəri İddiaçı tərəfindən həmin vaxtdan etibarən mövcud olan dörd ticarət hesabları üzrə xx.xx.2024-cü il tarixdə 700 USD məbləğində, xx.xx.2024-cü il tarixində 560 USD məbləğində pul vəsaiti hesabdan məxaric, xx.xx.2024-cü il tarixində 55 USD məbləğdə pul vəsaiti hesaba mədaxil etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə №212716 ticarət hesabının açılması, daha sonra müəyyən məbləğdə pul vəsaitinin hesaba mədaxil edilməsi onun Şirkətin fəaliyyəti ilə bağlı heç bir şübhəsinin olmadığını, sözügedən hadisədən sonra da Şirkətdə müştəri olaraq fəaliyyətini davam etdirdiyini sübut edir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. (Mülki Məcəllənin 6.2-ci maddəsi) AR-nın Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulmuşdur. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müştəri ilə müqavilə bağlanılıb hesab açılan zaman "Marja Ticarəti Qaydasının” (bundan sonra Qayda) 1 saylı əlavəsinə müvafiq olaraq Marja ticarəti üzrə risk məlumatlandırma sənədi müştəri tərəfindən imzalanır. Həmin əlavənin 6-cı maddəsinə müvafiq olaraq marja ticarəti zamanı bazarlarda baş verən ani qiymət dəyişməsi səbəbindən yaranan qiymət sürüşmələri, eləcə də bazar şərtlərindən asılı olaraq, fərq müqavilələri üzrə qiymət boşluqları (bazar şərtlərindən asılı olaraq, qiymətli kağız və ya fərq müqavilələri üzrə növbəti qiymətin bir neçə qiymət addımından sonra formalaşması nəticəsində qiymətlər arasında yaranmış boşluq) və onların doğuracağı risklər barədə ətraflı məlumatlandırma investisiya şirkətindən tələb edilə bilər. Bu növ risklər müştərilərin ən çox qarşılaşdığı risklərə aid olub əhəmiyyətli itkilərə gətirib çıxara bilər. Yuxarıda sadalanan müddəalar onu deməyə əsas verir ki, göründüyü kimi Marja ticarəti riskli fəaliyyət növü olduğundan bu cür müqavilə bağlanılan zaman müştərinin gələcəkdə baş verə biləcək risklərlə bağlı qabaqcadan məlumatlı olması üçün Marja ticarəti üzrə risk məlumatlandırma sənədi müştəri tərəfindən imzalanır. Bu isə onu göstərir ki, İddiaçı 15 aprel 02:00-dan 15 aprel 08:49-dək vaxt aralığında etdiyi əməliyyatlar risk faktorunun bir növü kimi qiymətləndirilə bilər. Həmin Qaydanın 3.11-ci maddəsində qeyd edilir ki, investisiya şirkəti marja ticarəti ilə alqı- satqı əməliyyatlarına dair mütləq gəlir və ya zərərə qarşı təminat barədə vədlər verə bilməz. Göründüyü kimi bu ticarət növü stabil deyildir. Yəni onunla əməliyyatlar aparılan zaman gələcəklə bağlı heç bir mütləq fikir söyləmək mümkün deyildir. Eyni zamanda 3.12ci maddədə marja ticarətinə aid reklam və elanda "Marja ticarəti yüksək riskli investisiya fəaliyyəti olduğundan bu sahəyə investisiya edilən pul vəsaitlərinin itirilmə təhlükəsinin mövcudluğu və marja ticarətinə başlamazdan əvvəl bu fəaliyyətlə bağlı risklərlə tanış olmağın vacibliyi" əks olunur. Buradan aydın olur ki, bu fəaliyyətin riskli fəaliyyət növü olmasını göstərən müddəalar İnvestisiya Şirkətinin daxili qaydalarına əsaslanmır, birbaşa olaraq qanunvericilikdə öz əksini tapmışdır. İddiaçı ilə Şirkət arasında bağlanmış №F-İX- 4001-3-xxxxxxx/23 saylı, xx.xx.2023-cü il tarixli Müqavilədə sözügedən maddələrlə əlaqədar hissələr öz əksini tapmışdır. Belə ki, müqavilənin 8.4.1-ci maddəsinə əsasən müştəri sifarişləri heç bir halda İnvestisiya Şirkətinin Müştəriyə verdiyi səmərəli ticarət şərtlərini, platformada yaranmış texniki nasazlıqları, qiymət ardıcıllığındakı boşluqları və s. digər bu kimi qeyri-adi halları sui-istifadə etməklə maliyyə alətinin təhlilinə əsaslanmayan tək tərəfli və ya əks mövqelər açmaq üçün verməməlidir. İnvestisiya Şirkəti bu halları aşkarladıqda Müştərinin belə mövqelər üzrə nəticələrini ləğv edə və ya müştəridən tələb edə bilər. Müqavilənin 8.4.4-cü maddəyə əsasən, fərqli ticarət platformalarının xüsusiyyətlərinə görə, qiymət formalaşması zamanı müəyyən gecikmələr, sistemdə donma halları və İnvestisiya Şirkətinin dərhal müdaxilə imkanı olmayan digər hallarda müəyyən maliyyə alətləri üzrə qlobal bazar qiymətlərindən əhəmiyyətli dərəcədə uzaqlaşma ola bilər. Bu uzaqlaşmalar zamanı müştəri mövqeləri üzrə nəticələrin də daxil olduğu hesab qalıqları bu uzaqlaşmalar müəyyən olunduqdan sonra dondurulur və uzaqlaşmanın yaratdığı nəticələr aradan qaldırıldıqdan sonra dondurulmadan azad olunur. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi) Belə ki, bağlanılan müqavilədə 8.4.7-ci maddəyə əsasən ticarət platformasında baş verən texniki nasazlıq nəticəsində Müştərinin əldə etdiyi gəlir və ya zərər İnvestisiya Şirkət tərəfindən Müştəri hesabına əlavə edilə və ya müvafiq olaraq şilinə bilər. Göründüyü kimi qanunda nəzərdə tutulmuş əqdlərin etibarsızlığı məsələsi ilə bağlı heç bir hal Şirkətlə İddiaçı arasında bağlanmış müqaviləyə münasibətdə mövcud deyildir. Eyni zamanda, 8.4.7-ci maddədə söhbət təkcə texniki nasazlıq nəricəsində əldə edilən gəlirin İnvestisiya Şirkəti tərəfindən silinməsindən getmir. Maddədə həmçinin aparılan əməliyyatlar zamanı hər hansı maliyyə alətində nasazlıq olduğu müəyyən edilərsə investiya Şirkəti tərəfindən müştərinin əldə etdiyi zərərin də silinməsini özündə ehtiva edir. Bu isə onu deməyə əsas verir ki, müqavilə şərtləri müəyyənləşdirilən zaman Şirkət təkcə özünü deyil, müştərilərini də düşünərək sözügedən müddəanın müqavilədə yer almasını təmin etmişdir. Həmçinin, sözügedən məsələ ilə bağlı müştəri İddiaçı tərəfindən AR- nın Mərkəzi Bankına müraciət ünvanlanmış, həmin müraciət cavablandırılması üçün Mərkəzi Bank tərəfindən aidiyyəti üzrə Şirkətə göndərilmişdir. Həmin müraciətin baxılması barədə İÇ-6500-24 nömrəli xx.xx.2024-cü il tarixli məktub Mərkəzi Banka (surəti İddiaçı) üvanlanaraq məsələyə aydınlıq gətirilmişdir. Həmçinin, İddiaçı tərəfindən Şirkətə ünvanlanmış xx.xx.2024-cü il tarixli Pretenziya məktubu yekunda İddiaçı tərəfindən imzalanmışdır. İmzanın İddiaçı məxsus olmaması ilə bağlı heç bir şübhə yaranmamışdır. Lakin iddia ərizəsinə əlavə olaraq məhkəməyə təqdim edilmiş Pretenziya məktubuna baxış keçirilən zaman Şirkətə daxil olmuş məktubla həmin məktubun imza hissəsində fərq olduğu gözdən yayınmamışdır. Bu isə Pretenziya məktublarındakı hansı imzanın İddiaçı məxsus olması məsələsini şübhə altına almış olur. Yuxarıda qeyd edilən müddəaların təhlili onu deməyə əsas verir ki, müştəri №F-İX-4001-3- xxxxxxx/23 saylı, xx.xx.2023-cü il tarixli müqaviləni imzalayan zaman müvafiq müddəalarla razılaşmışdır. AR-nın Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. AR-nın Mülki Məcəlləsinin 405.2-ci maddəyə əsasən Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanma dedikdə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. 1091.2-ci maddəyə əsasən əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Sonralar aradan qalxmış əsas müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Buradan belə bir nəticəyə gəlirik ki, əgər İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi 34000 manat vəsait şirkət tərəfdən ona ödənilsə, müştəri əsassız şəkildə varlanmış hesab olunacaq ki, bu da mövcud qanunvericiliyi əsasən yolverilməzdir. Bütün bunları ümumiləşdirərək qeyd edilir ki, şirkət tərəfindən əməliyyatların nəticəsinin ləğv edilərək, baş vermiş bütün texniki nasazlıqların aradan qaldırılmasının həyata keçirilməsi zamanı heç bir hüquq pozuntusu baş verməmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinn rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış F-İX-4001-3-xxxxxxx/23 saylı, xx.xx.2023-cü il tarixli “Marja ticarət xidmətinin təqdim edilməsinə” dair müqaviləyə əsasən:

8. 1.1. Azərbaycan Respublikasının qanunvericiliyinə və Nizamnaməyə əsasən fəaliyyət göstərən "xxxx" QSC, (lisenziya № 087986, xx.xx.2016) VÖEN: **********, hüquqi ünvanı ünvan 1 Şirkəti" olaraq adlandırılacaq, özünü bu sənəddə göstərilən şərtlərlə təklifə, bundan sonra Oferta adlandırılacaq, razılıq verən (aksept edən) və bu Ofertanın 1.2-ci bəndində göstərilən meyarlara cavab verən istənilən şəxslə, bundan sonra birlikdə - “Müştəri” və “Müştərilər” adlandırılacaq, Ofertada nəzərdə tutulmuş qaydada və müddətdə marja ticarəti xidmətinin təqdim edilməsinə dair müqavilə bağlamış hesab edir;

9. 1.2. Bu Ofertanın məqsədləri üçün Müştəri, 18 yaşına çatmış və qanunla hesab açması bu və ya digər şəkildə qadağan edilməyən istənilən fiziki şəxs və / və ya fərdi sahibkar hesab edilir;

10. 1.3. Bu Ofertanın mətninin İnvestisiya Şirkətinin rəsmi İnternet səhifəsində: (bundan sonra İnvestisiya Şirkətinin rəsmi səhifəsi) yerləşdirilməsi ilə yayılması Müştərilər üçün marja ticarəti xidmətinin göstərilməsi üçün təklifin (oferta) verilməsi hesab edilir;

11. 1.4. X8 Şirkəti tərəfindən Müştərilərə İnvestisiya Şirkətinin öz adından, lakin Müştərinin hesabına, bu Ofertada nəzərdə tutulmuş marja ticarəti xidmətinin və yardımçı investisiya xidmətlərinin təqdim edilməsi ilə bağlı əməliyyatların aparılması qaydaları və şərtlərini müəyyən edir;

12. 1.5. Bu Oferta istənilən vaxt İnvestisiya Şirkətinin rəsmi səhifəsində rəy yerləşdirməklə İnvestisiya Şirkətinin qərarı ilə geri götürülə bilər;

13. 1.6. Bu Oferataya əlavə və dəyişikliklərin edilməsi dərc edilmiş Ofertanın geri götürülməsi və bu Oferta ilə müəyyən edilmiş qaydada yeni nəşrdə dərc edilməsi yolu ilə həyata keçirilir;

14. 1.7. Qiymətli kağızlar və maliyyə alətləri üzrə verilən sifarişlərin icrası zamanı baş vermiş texniki nasazlıq, habelə maliyyə alətləri üzrə hər hansı səbəbdən qiymətlərin səhv ötürülməsi və ya üçüncü şəxslərin əməliyyat səhvi nəticəsində müştəri aktivlərində baş vermiş dəyişikliklər İnvestisiya Şirkəti tərəfindən ilkin vəziyyətə qaytarılır (restitusiya edilir). Müştəri hesabında yaranmış nəticələr bu nasazlıq və ya səhv aradan qaldırılanadək İnvestisiya Şirkəti tərəfindən girovda saxlanılır;

15. 1.8. Müştəri sifarişlərinin icrası bazarda müvafiq qiymət və tələbtəklifinformalaşmasından asılıdır. Belə ki, Müştəri tərəfindən sifarişin verilməsi heç bir halda əqdin baş tutması üçün müstəsna şərt hesab edilmir.

16. 3.1.İnvestisiya Şirkəti öz adından, Müştərinin hesabına və onun tapşırığına uyğun olaraq “Qiymətli kağızlar bazarı haqqında” qanun ilə əsas investisiya xidməti kimi müəyyən edilmiş marja ticarətini və bu Ofertada müəyyən edilmiş digər xidmətləri Müştəriyə təqdim etməyi öhdəsinə götürür;

17. 3.2. İnvestisiya Şirkəti Müştəriyə lisenziya əsasında Azərbaycan Respublikasının hüquqi aktlarının tələblərinə və bu Ofertanın müəyyənləşdirdiyi şərtlərə əsasən marja ticarət xidmətini göstərir;

18. 3.3. Xüsusi Razılaşma ilə başqa hal nəzərdə tutulmayıbsa, xidmətlərin göstərilməsi müqabilində İnvestisiya Şirkəti Müştəridən qüvvədə olan Tariflər əsasında hesablanmış məbləğdə xidmət haqqı və əlavə xərclər tutur;

19. 3.4. Tariflər İnvestisiya Şirkəti tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. X5 Şirkəti tərəfindən müvafiq qərarın qəbul edildiyi gündən qüvvəyə minir. İnvestisiya Şirkəti Tariflərin dəyişməsi barədə müvafiq məlumatı rəsmi səhifəsində yerləşdirməli və Ofertanın akseptində (müştəri məlumatlarında) öz əksini tapmış əlaqə vasitələrindən hər hansı biri ilə Müştəriyə 15 (on beş) təqvim günündən gec olmayaraq təqdim etməlidir.

20. 6.2 İnvestisiya Şirkətinin vəzifələri:

21. 6.2.1. Müştəriyə fərdi eyniləşdirmə nömrəsi vermək və məxfiliyin təmin edilməsi məqsədilə Müştəriyə aid məlumatların İnvestisiya Şirkətinin daxili uçot sistemində eyniləşdirmə nömrəsinə görə saxlanılmasını təmin etmək;

22. 6.2.2. Müştərinin hesablarının və uçot sisteminin düzgünlüyünü təmin etmək, o cümlədən, mütəmadi olaraq onların qarşılıqlı uyğunluğunu yoxlamaq;

23. 6.2.3. Müştərinin sorğusu əsasında müştəriyə məxsus hesablar haqqında məlumatı Müştəriyə təqdim etmək;

24. 6.2.4. İnvestisiya xidmətlərini vicdanla aparmaq və Müştərinin mənafelərini qorumaq;

25. 6.2.5. Müştərilərin aktivlərindən məhkəmə qərarı ilə müəyyən edilmiş hallar istisna olmaqla, onların icazəsi olmadan özünün və ya üçüncü tərəflərin marağı üçün, xüsusilə öhdəliklərinin ödənilməsi üçün istifadə etməmək;

26. 6.2.6. Müştərinin şəxsi məlumatları, sifarişləri, eləcə də aktiv və öhdəlikləri barədə məlumatları qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla məxfi saxlamaq və Müştərinin razılığı olmadan üçüncü tərəfə ötürməmək;

27. 6.2.7. İnvestisiya Şirkətinin daxili uçot sistemində Müştəriyə müvafiq xidmətlərin göstərilməsi ilə bağlı hesablar açmaq və hesablarda saxlanılan məlumatlara Müştərinin çıxışını təmin etmək;

28. 6.2.8. Marja ticarəti xidmətlərinin göstərilməsi İnvestisiya Şirkətindən asılı olan səbəbdən mümkün olmadıqda Müştəriyə bu barədə ən geci 5 (beş) iş günü ərzində telefon (SMS, zəng, Müştərinin təqdim etdiyi və İnvestisiya Şirkətində tətbiq edilən messencer, investor otağı), poçt və ya elektron poçt vasitəsilə məlumat vermək;

29. 6.2.9. Müştəri maraqlarını İnvestisiya Şirkətinin maraqlarından hər zaman üstün tutmaq;

30. 6.2.10. Göstərilən xidmətləri (əməliyyatları) yalnız Müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin sifarişi əsasında həyata keçirmək;

31. 6.2.11. Bu Ofertanın predmetini təşkil edən xidmətləri bu Ofertanın və qüvvədə olan hüquqi aktların normalarına uyğun şəkildə vaxtında və lazımi qaydada icra etmək;

32. 6.2.12. Qanunvericiliklə nəzərdə tutulmuş hesabatları Müştəriyə təqdim etmək;

33. 6.2.13. Sifarişi qiymətli kağız və ya törəmə maliyyə alətinin qiyməti və sifarişin icra olunması ilə bağlı xərclər də daxil olmaqla ümumi xərclər baxımından Müştəri üçün ən yaxşı qiymət prinsipi əsasında icra etmək.

34. 6.4. Müştərinin vəzifələri: 6.4.1. İcra edilmiş sifarişə görə ödəmələrin və xidmətin göstərilməsi ilə bağlı əlavə xərclərin bu Oferta ilə nəzərdə tutulan qaydada tariflərə uyğun olaraq tam və vaxtında qarşılanmasını təmin etmək;

35. 6.4.2. Müştərinin eyniləşdirilməsi və əməliyyatları ilə bağlı İnvestisiya Şirkəti tərəfindən sorğu edilən məlumat və sənədləri, düzgün və təhrif olunmamış formada 5 (beş) iş günü müddətində İnvestisiya Şirkətinə təqdim etmək;

36. 6.4.3. Marja ticarəti xidmətlərinin göstərilməsi ilə bağlı üçüncü tərəflərlə birbaşa əlaqə yaratmamaq və üçüncü tərəflərin Müştəriyə birbaşa müraciətləri olduqda, onları İnvestisiya Şirkətinə yönləndirmək;

37. 6.4.4. İnvestisiya Şirkətinə təqdim etdiyi eyniləşdirmə məlumatlarında hər hansı dəyişiklik baş verdikdə, bu barədə İnvestisiya Şirkətini 5 (beş) iş günü ərzində məlumatlandırmaq və yenilənməni təsdiq edən müvafiq sənədləri İnvestisiya Şirkətinə təqdim etmək;

38. 6.4.5. İnvestisiya Şirkətinin hesablarına marja ticarəti xidmətlərinin göstərilməsini təmin etmək üçün tələb olunan aktivlərin köçürülməsini və ya mədaxilini təmin etmək;

39. 6.4.6. Yararlanmaq istədiyi xidmət üzrə tələb olunan aktivin İnvestisiya Şirkətinin hesabına köçürülməsi barədə sonuncunu məlumatlandırmaq;

40. 6.4.7. Bu Oferta imzalanarkən, o cümlədən sonradan tələb edildikdə İnvestisiya Şirkətinə düzgün və təhrif olunmamış məlumatları təqdim etmək;

41. 6.4.8. Məlum səbəblərdən Müştəriyə bu Oferta üzrə xidmətin göstərilməsinə əsaslı təsiri ola biləcək dəyişikliklər (o cümlədən, sahib olduğu aktivlər üzrə hüquqların məhdudlaşdırılması və itirilməsi, barəsində prosessual tədbirlər görüldükdə və s.) baş verdikdə və ya bu halın baş verməsi barədə Müştəri məlumatlı olduqda İnvestisiya Şirkətini dəyişiklik baş verdiyi və ya bu hal barədə məlumatı bildiyi və ya bilməli olduğu tarixdən etibarən 5 (beş) iş günü ərzində məlumatlandırmaq;

42. 6.4.9. Maliyyə bazarları haqqında məlumatlanmaq, özünü inkişaf etdirmək və investorun etik qaydalarına riayət etmək;

43. 6.4.10. Ticarət platformasına nəzarət və platforma vasitəsi ilə təqdim edilən məlumatların (xəbərdarlıq, bildiriş və s.) izlənilməsi vəzifəsini həyata keçirmək. Müştəri qəbul edir ki, bu məlumatlar əsasında adekvat hərəkətlərin və ya hal tələb edirsə hərəkətsizliklərin icrası bilavasitə onun vəzifəsidir;

44. 8.4.1. Müştəri sifarişləri heç bir halda İnvestisiya Şirkətindəki hesabda eyni və ya fərqli şirkətlərdən, eyni şirkətdə eyni və ya fərqli müştərilərin adına olan hesablardan, eləcə də eyni və ya fərqli hesablar vasitəsi ilə İnvestisiya Şirkətinin Müştəriyə verdiyi səmərəli ticarət şərtlərini, platformada yaranmış texniki nasazlıqları, qiymət ardıcıllığındakı boşluqları və s. digər bu kimi qeyri-adi halları sui-istifadə etməklə maliyyə alətinin təhlilinə əsaslanmayan tək tərəfli və ya əks mövqelər açmaq üçün verməməlidir. İnvestisiya Şirkəti bu halları aşkarladıqda Müştərinin belə mövqelər üzrə nəticələrini ləğv edə və ya müştəridən tələb edə bilər;

45. 8.4.4. Fərqli ticarət platformalarının xüsusiyyətlərinə görə, qiymət formalaşması zamanı müəyyən gecikmələr, sistemdə donma halları və İnvestisiya Şirkətinin dərhal müdaxilə imkanı olmayan digər hallarda müəyyən maliyyə alətləri üzrə qlobal bazar qiymətlərindən əhəmiyyətli dərəcədə uzaqlaşma ola bilər. Bu uzaqlaşmalar zamanı müştəri mövqeləri üzrə nəticələrin də daxil olduğu hesab qalıqları bu uzaqlaşmalar müəyyən olunduqdan sonra dondurulur və uzaqlaşmanın yaratdığı nəticələr aradan qaldırıldıqdan sonra dondurulmadan azad olunur. Müştəri bu uzaqlaşamaların müəyyən olunduğu vaxtadək belə uzaqlaşmanın yaratdığı nəticənin də daxil olduğu sərbəst təminat marjası üzrə məxaric etmişdirsə, bu zaman uzaqlaşmanın yaratdığı nəticələr qədər İnvestisiya Şirkəti qarşısında öhdəlik daşıyır;

46. 8.4.7. Ticarət platformasında baş verən texniki nasazlıq nəticəsində Müştərinin əldə etdiyi gəlir və ya zərər İnvestisiya Şirkəti tərəfindən Müştəri hesabına əlavə edilə və ya müvafiq olaraq silinə bilər.

47. 10.5.Tərəflərdən heç biri bir-birinin qarşısında hər hansı dolayı zərərlərə görə məsuliyyət daşımır;

48. 10.8. İnvestisiya Şirkəti elektron ticarət platformasında yaranan nasazlıqla, Müştəri tərəfindən internet əlaqəsində və ya müvafiq avadanlıqlarda yaranmış hallar ilə bağlı sifarişlərin verilməsində yaranan problemlərlə, Müştəri hesabından icazəsiz istifadə (habelə, onun tərəfindən üçüncü şəxslərin istifadəsi üçün şərait yaradıldıqda) və digər iradəsindən asılı olmayan səbəblərlə bağlı məsuliyyət daşımır;

49. 10.9. Müştəri məlumatlarında qeyd olunmuş yanlış məlumat səbəbindən yaranmış zərər və ya ziyana görə məsuliyyət Müştərinin özünə aiddir;

50. “Marja Ticarəti Qaydası”nın 2 saylı əlavəsinin 6-cı bəndinə əsasən Marja ticarəti zamanı bazarlarda baş verən ani qiymət dəyişməsi səbəbindən yaranan qiymət sürüşmələri, eləcə də qiymət boşluqları (bazar şərtlərindən asılı olaraq, qiymətli kağız və ya fərq müqavilələri üzrə növbəti qiymətin bir neçə qiymət addımından sonra formalaşması nəticəsində qiymətlər arasında yaranmış boşluq) və onların doğuracağı risklər barədə ətraflı məlumatlandırmanı investisiya şirkətindən tələb edə bilərsiniz. Bu növ risklər müştərilərin ən çox qarşılaşdığı risklərə aid olub əhəmiyyətli itkilərə gətirib çıxara bilər.

51. xx.xx.2023-cü il tarixli “ASAN” finans sistemi vasitəsilə məlumatların alınmasına dair razılıq ərizəsinə əsasən adıkeçən sistem vasitəsi ilə virtual X4 əsasında şəxsiyyətini müəyyən edən fərdi məlumatlar investisiya şirkətində hesabın açılması məqsədilə "xxxx" QSC-yə təqdim olunmasına razılıq vermişdir.

52. xx.xx.2023-cü il tarixli, F-İX-4001-3-xxxxxxx/23 saylı ərizə anketə əsasən İddiaçı ərizəni imzalamaqla aşağıdakıları xahiş etmişdir:

53. – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlara bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;

54. – investisiya məsləhitinin verilməsi;

55. – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;

56. – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya təhqiqatı və maliyyə təhlilinin aparılması;

57. - əsas investisiya xidmətlərinin təqdim edilməsi ilə bağlı xarici valyuta mübadiləsi

58. Cavabdeh tərəfindən Mərkəzi Banka ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda 15 aprel 2024-ci ildə Cavabdeh QSC- də (bundan sonra- Şirkət) “NATG”, “OİLUS” və “OİLUK” alətində texniki nasazlıq yaranması nəticəsində ticarət terminalı vaxtı ilə 15 aprel 02:00-dan 15 aprel 08:49-dək qiymətlər texniki olaraq səhv verilmiş və real bazar qiymətləri əks etdirilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq qərarı ilə təsdiq edilmiş "Marja Ticarəti Qayda"sının 8.4-cü maddəsinə uyğun olaraq sözügedən texniki nasazlıq ilə bağlı məlumat Mərkəzi banka təqdim edildiyi, bu texniki nasazlıq Şirkətlə qiymətvericilər arasında yaranan bağlantı problemi əsasında yarandıdığı, bununla bağlı hesabında bu alət üzrə mövqeləri olan müştərilərin hesablarına müvafiq dəyişiklik edilmiş və nəticələr əks etdirilmiş və tərəflərindən baş vermiş texniki nasazlıqlar aradan Qaldırılmış və müvafiq qaydada müştərilər məlumatlandırılmışdır.

59. Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə ünvanladığı xx.xx.2025ci il tarixli sorğu məktubuna əlavə etdiyi qoşmada (iddiaçının müraciətinə dair cavab məktubunda) "xxxx" QSC (investisiya şirkəti) ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankında (Mərkəzi Bank) aidiyyəti üzrə baxılmışdığı, investisiya şirkətində apardığınız ticarət əməliyyatı üzrə qazandığınız yüksək məbləğdə vəsaitin investisiya şirkəti tərəfindən ona ödənilməməsi barədə ünvanladığı məktubla bağlı qeyd edilir ki, xx.xx.2024-cü il tarixində saat 01:05-07:40 aralığında "xxxx" QSC-nin ticarət platformasında (Metatrader 4) yaranan texniki xəta nəticəsində “NATG”, “OİLUS”, "OİLUK” alətləri üzrə qiymətlər real bazar dəyərini əks etdirməmişdiyi qeyd olunmuşdur. Bunun səbəbi şirkətlə qiymətvericilər arasında yaranmış bağlantı problemi olmuş və "Marja ticarəti Qaydası’’nm 8.4-cü bəndinə əsasən ticarət platformasında yaranmış texniki nasazlıqlar barədə investisiya şirkəti nasazlığın səbəblərini də qeyd etməklə dərhal öz müştərilərini və Mərkəzi Bankı məlumatlandırmışdır. Ticarət platformasında yaranmış texniki nasazlığın səbəbi ilə bağlı yaranmış mübahisəli məsələlərin həlli qanunvericilikdə nəzərdə tutulmadığı hallarda investisiya şirkəti ilə müştərisi arasında bağlanılmış müqavilə ilə tənzimlənir.

60. Hazırkı iş üzrə iddiaçı iddia edir ki, ilə cavabdeh şirkət arasında F-İX-4001-3xxxxxxx/23 saylı, xx.xx.2023-cü il tarixli “Marja ticarət xidmətinin təqdim edilməsinə” dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müştəri olaraq cavabdehə 10000 ABŞ dolları maliyyə yatırımı edərək cavabdeh “İnvestAZ”-da investisiya hesabı aç şirkətin № 211949, № 211974 və № 212446 ticarət hesabları ona məxsus olmuşdur. Ötən dövr ərzində cavabdeh investisiya şirkətinin “NATG”,“OİLUS” və “OİLUK” alətlərində müxtəlif ticarət əməliyyatları aparmışdır. Belə ki, xx.xx.2024-ci il tarixdə gecə saat 01.05 - 07.40 aralığında cavabdeh investisiya şirkətində apardığı ticarət əməliyyatı zamanı yüksək məbləğdə vəsait - 46.310.273,3 ABŞ dolları qazanmışdır. Həmin an, yüksək məbləğdə qazancdan 20000 ABŞ dolları məbləğində vəsait öz hesabına mədaxil etmək istəyərəkən “İnvest-AZ” tərəfindən qadağa ilə rastlaşmış və beləliklə həmin vəsaiti öz hesabına keçirə bilməmişdir. Sözügedən yüksək məbləğdə vəsaiti qazanmış olsa da, cavabdeh şirkət onun qazancını “real bazar qiymətləri”ndə əks etdirmədiyini bildirmiş və bunu “həmin alətlərdə texniki nasazlıq yaranması nəticəsində ticarət terminalı vaxtı qiymətlərin texniki olaraq səhv verilməsi” ilə əsaslandırmışdır. Həmçinin, cavabdeh şirkət cavabında, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əməliyyatların nəticəsinin ləğv edilərək, baş vermiş texniki nasazlığın aradan qaldırıldığını bildirmişdir. Cavabdeh şirkətin belə bir cavabı ilə razı deyil. Belə ki, “texniki xəta” adı altında cavabdeh özünü maliyyə məsuliyyətindən azad etməyə və qazancı ona ödəməkdən yayınmağa çalışır. Cavabdeh isə etiraz edərək bildirir ki, "Marja Ticarəti Qayda"sının 8.4-cü maddəsinə uyğun olaraq "NATG", "OİLUS" və "OİLUK" alətində sözügedən texniki nasazlıq ilə bağlı məlumat xx.xx.2024-cü il tarixdə AR-nın Mərkəzi Bankına və bütün əlaqəli müştərilərə (müştəri İddiaçı daxil olmaqla) təqdim edilmişdir. Bu texniki nasazlıq Şirkətlə qiymətvericilər arasında yaranan bağlantı problemi əsasında yaranmışdır. Bununla bağlı hesabında bu alət üzrə mövqeləri olan müştərilərin hesablarına müvafiq dəyişiklik edilmiş və nəticələr əks etdirilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi məbləğin ödənilməsi ilə bağlı Şirkət tərəfindən bir müddət razılığa gəlindiyini qeyd etmişdir. Bu cür hal baş verməmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı məxsus email ünvanına, habelə Şirkətin ofisində görüş zamanı əlavə izahedici məlumatlar təqdim edilmişdir. İddiaçı Şirkət tərəfindən verilən məlumatların qənaətbəxş olduğunu bildirmişdir və qane olmuşdur. Lakin təəssüf ki, danışıqlar şifahi olaraq həyata keçirildiyindən bu faktı təsdiq edən heç bir sübut olmadığı üçün tərəflərindən təqdim edilməsi mümkün deyildir. Sözügedən izahlardan sonra müştəri İddiaçı Şirkət ilə bağlanmış "Marja ticarəti xidmətinin təqdim edilməsinə" dair müqaviləsi üzrə xidmət istifadəsinə davam edərək, xx.xx.2024-cü il tarixdə əlavə №212716 ticarət hesabı yaratmışdır. Habelə, müştəri İddiaçı tərəfindən həmin vaxtdan etibarən mövcud olan dörd ticarət hesabları üzrə xx.xx.2024-cü il tarixdə 700 USD məbləğində, xx.xx.2024cü il tarixində 560 USD məbləğində pul vəsaiti hesabdan məxaric, xx.xx.2024-cü il tarixində 55 USD məbləğdə pul vəsaiti hesaba mədaxil etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə №212716 ticarət hesabının açılması, daha sonra müəyyən məbləğdə pul vəsaitinin hesaba mədaxil edilməsi onun Şirkətin fəaliyyəti ilə bağlı heç bir şübhəsinin olmadığını, sözügedən hadisədən sonra da Şirkətdə müştəri olaraq fəaliyyətini davam etdirdiyini sübut edir.

61. Məhkəmə iclaslarında iddiaçı cavabdehin arqumentlərinə cavab olaraq bildirdi ki, 15 aprel 02:00-dan 15 aprel 08:49-dək qiymət artımları texniki nasazlıq üzündən baş vermiş olsa da belə və bunun nəticəsində onun qoyduğu pullarda hər-hansı itki baş vermiş olmasa da, texniki nasazlığın məsuliyyəti cavabdeh şirkətin üzərində olmalıdır və pulu cavabdeh şirkət ona ödəməlidir.

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

63. 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

64. 14.2. -ci maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulmuşdur.

65. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

66. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

67. 405.2-ci maddəsinə əsasən Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

68. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

69. Göründüyü kimi, tərəflər arasında İnvestisiya Şirkəti tərəfindən Müştəriyə qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlara bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi; investisiya məsləhitinin verilməsi; qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi; qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya təhqiqatı və maliyyə təhlilinin aparılması; əsas investisiya xidmətlərinin təqdim edilməsi ilə bağlı xarici valyuta mübadiləsi adlı xidmətlərinin təqdim edilməsinə dair müqavilə bağlanmışdır.

70. Məhkəmə qeyd edir ki, ilk növbədə adı çəkilən xidmətlərin göstərilməsi haqqında müqavilə ilə yaranmış öhdəlik üzrə pulun tələb edilməsi ilə bağlı hüquqi əsas tapılmalıdır.

71. Məhkəmə hesab edir ki, qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlara bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi; investisiya məsləhitinin verilməsi və s. xidmətlərinin göstərilməsi haqqında müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilə bilər. Ancaq qeyd edilməlidir ki, nə qeyd edilən xidmətlərin göstərilməsi haqqında müqavilə, nə də Xidmət müqaviləsi mülki qanunvericilikdə birbaşa mövcüd olmasa da, hazırkı halda Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

72. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli zamanı Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarına uyğun araşdırılmalıdır.

73. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

74. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

75. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

76. 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir:

77. 779.2.1-ci maddəsinə əsasən peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər;

78. 779.2.2-ci maddəsinə əsasən vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

79. Marja ticarət qaydasına əsasən:

80. 8.1. Marja ticarəti ilə bağlı bütün əməliyyatlar real vaxt rejimində investisiya şirkətinin müvafiq informasiya sistemində qeydə alınır.

81. 8.2. İnvestisiya şirkəti müştəriləri tərəfindən marja ticarəti ilə bağlı aparılan bütün əməliyyatların hər növbəti iş günü ən geci saat 13:00-dək gücləndirilmiş elektron imza ilə imzalayaraq beş il müddətinə saxlanmasını təmin edir.

82. 8.3. İnvestisiya şirkəti bazarda yaranan qiymət sürüşməsi səbəbindən ticarət platformasında meydana gələn qiymət fərqini müştərilərin əleyhinə (lehinə) olduğu kimi (sifarişinin bir sonrakı ən əlverişli qiymətlə icra olunması zamanı) onların lehinə (əleyhinə) də eyni xüsusiyyətlərlə tətbiq edir.

83. 8.4. Ticarət platformasında yaranmış texniki nasazlıqlar barədə investisiya şirkəti nasazlığın səbəblərini də qeyd etməklə dərhal öz müştərilərini və Mərkəzi Bankı məlumatlandırır.

84. Marja ticarəti qaydasının 1 saylı əlavəsi olan marja ticarəti üzrə risk məlumatlandırma sənədinə əsasən Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Buna görə, ticarətə başlamazdan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz zəruridir. Bu məqsədlə “Marja ticarəti üzrə risk məlumatlandırma sənədi” marja ticarəti ilə məşğul olmaq istəyən bütün şəxslər tərəfindən oxunaraq imzalanmalıdır. Azərbaycan Respublikasında marja ticarəti yalnız “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq lisenziyalaşdırılmış investisiya şirkətləri tərəfindən həyata keçirilə bilər. Lisenziyalaşdırılmış investisiya şirkətlərinin siyahısı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən (www.cbar.az) tanış ola bilərsiniz.

85. Beləliklə, bütün yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı ilk öncə iddia etsə də ki, xx.xx.2024-ci il tarixdə gecə saat 01.05 - 07.40 aralığında cavabdeh investisiya şirkətində apardığı ticarət əməliyyatı zamanı yüksək məbləğdə vəsait - 46.310.273,3 ABŞ dolları qazanmışdır, lakin “NATG”,“OİLUS” və “OİLUK” alətlərin həmin tarixdə ümumiyyətlə başqa ticarət platformalarda, dünya birjalarında yüksək qiymətdə olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sonrakı məhkəmə iclaslarında iddiaçı bildirmişdir ki, həmin qiymətlərin 15 aprel 2024-cü il tarixində artması texniki xəta nəticəsində baş vermiş ehtimalını qəbul etmiş olduğu təqdirdə belə yenə də hesab edir ki, bu xətaya görə müştəri olaraq o zərər çəkməməlidir və iddiaçının hesabdan çıxartmaq istədiyi və cavabdeh tərəfindən sonradan əngəlləndiyi 20.000 ABŞ dolları məbləğ cavabdeh tərəfindən ona ödəməlidir. Cavabdeh tərəf isə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən texniki nasazlığa görə cavabdehin hər-hansı məsuliyyəti müəyyən edilməyib, cavabdehin yeganə öhdəliyi bu nasazlıq barədə müştəriyə və Mərkəzi Banka məlumat verməkdir və bu cür məlumatlar göndərilib. Bundan əlavə iddiaçının qoyduğu investisiyada bu nasazlıq nəticəsində hər hansı itkisi olmayıb ki, zərər kimi giymətləndirilsin.

86. Məhkəmə cavabdehin arqumentləri ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 8.4.1-ci maddəsinə əsasən müştəri sifarişləri heç bir halda İnvestisiya Şirkətinin Müştəriyə verdiyi səmərəli ticarət şərtlərini, platformada yaranmış texniki nasazlıqları, qiymət ardıcıllığındakı boşluqları və s. digər bu kimi qeyri-adi halları sui-istifadə etməklə maliyyə alətinin təhlilinə əsaslanmayan tək tərəfli və ya əks mövqelər açmaq üçün verməməlidir. İnvestisiya Şirkəti bu halları aşkarladıqda Müştərinin belə mövqelər üzrə nəticələrini ləğv edə və ya müştəridən tələb edə bilər. Müqavilənin 8.4.4-cü maddəyə əsasən, fərqli ticarət platformalarının xüsusiyyətlərinə görə, qiymət formalaşması zamanı müəyyən gecikmələr, sistemdə donma halları və İnvestisiya Şirkətinin dərhal müdaxilə imkanı olmayan digər hallarda müəyyən maliyyə alətləri üzrə qlobal bazar qiymətlərindən əhəmiyyətli dərəcədə uzaqlaşma ola bilər. Bu uzaqlaşmalar zamanı müştəri mövqeləri üzrə nəticələrin də daxil olduğu hesab qalıqları bu uzaqlaşmalar müəyyən olunduqdan sonra dondurulur və uzaqlaşmanın yaratdığı nəticələr aradan qaldırıldıqdan sonra dondurulmadan azad olunur. 8.4.7-ci bəndinə əsasən Ticarət platformasında baş verən texniki nasazlıq nəticəsində Müştərinin əldə etdiyi gəlir və ya zərər İnvestisiya Şirkəti tərəfindən Müştəri hesabına əlavə edilə və ya müvafiq olaraq silinə bilər. 10.5.Tərəflərdən heç biri bir-birinin qarşısında hər hansı dolayı zərərlərə görə məsuliyyət daşımır; 10.8. İnvestisiya Şirkəti elektron ticarət platformasında yaranan nasazlıqla, Müştəri tərəfindən internet əlaqəsində və ya müvafiq avadanlıqlarda yaranmış hallar ilə bağlı sifarişlərin verilməsində yaranan problemlərlə, Müştəri hesabından icazəsiz istifadə (habelə, onun tərəfindən üçüncü şəxslərin istifadəsi üçün şərait yaradıldıqda) və digər iradəsindən asılı olmayan səbəblərlə bağlı məsuliyyət daşımır.

87. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2024-cü il tarixində baş vermiş texniki nasazlıqlara görə cavabdeh şirkətinin iddiaçı qarşısında hərhansı məsuliyyətinin mövcüdluğu müəyyən edilmir.

88. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

89. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.

90. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbi üzrə irəli sürdüyü halları sübuta yetirə bilməmişdir, buna görə də iddia ərizəsi rədd edilməlidir.

91. Məhkəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 192 manat dövlət rüsumu ödənilmişdir.

92. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

93. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 192 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

94. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı 20.000 ABŞ dolları məbləğində vəsaitin (qərar çıxarılan günə məbləğin ABŞ dollarından milli valyuta azərbaycan manatına olan ekvalenti) - 34000 manat vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar