Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1101/2024 27.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi üseynov Kənan Zakir oğlu, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 565.59 manat məbləğində icarə haqqı üzrə borcun alınıb onun xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 ünvanında 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 22.2 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2773 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 565.59 manat icarə haqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2023-cü il tarixli, 3-21-3/2-9678/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
5. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (İcarəyəverən) ilə Cavabdeh (İcarəçi) arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli 2773 nömrəli müqavilədən görünür ki, “İcarəyəverən” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 1 (registr №***-*******7-008) ünvanında 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 22,2 m2 təşkil edən Bakı Şəhər icra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə “İcarəçi”nin müddətli istifadəsinə verir. Aylıq icarə haqqının 100%-i (ƏDV-siz) - 500 (beş yüz) manat, illik icarə haqqının 100%-i (ƏDV-siz) - 6000 (altı min) manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 idarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C) hesablaşma hesabına ödənilməlidir. Dövlət büdcəsinə ödəniləcək aylıq icarə haqqı “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum mebləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli Qərarına uyğun olaraq(müəyyən edilən icarə haqqının minimum məbləğindən az olmamaq şərti ilə) tərəflərin-“icarəçi” və “İcarəyəverən"nin razılığı ilə müəyyən edilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək müəyyən edilir. İcarə müqaviləsi hər iki tərəfin imzaladığı tarixdən hüquqi qüvvəyə minir. Müqavilə müddəti ərzində icarəçi icarə haqqını cari ayın 10-dək ödəməlidir. İcarə haqqı iki ay ərzində ödənilmədikdə (mövcud aylıq ödənişin iki misli məbləğində borc yarandıqda) bu, “İcarəçi”nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. Müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir.
6. Cavabdeha məxsus şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 565.59 manat borcu mövcuddur.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdehə xidmət məqsədi ilə qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. İcarə müqavilə üzrə cavabdehin icarəyə götürdüyü əmlakın icarə haqqını ödəmək vəzifəsi olsa da, həmin öhdəliyini icra etməmişdir.
Tətbiq edilən hüquq:
8. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 2-ci maddəsinə əsasən icarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. 7-ci maddənin 1-ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 7-ci maddənin 5-ci bəndinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 8-ci maddənin 1-ci bəndinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. ...Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... . 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 14-cü maddəsinə əsasən icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Məhkəmənin mövqeyi:
10. Beləliklə iş materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdeh icarə haqqı ödəməyə borclu olduğu halda, öhdəliyini icra etməmiş, habelə icra etmədiyi təqdirdə, onun yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəblərini bildirməmişdir. Buna görə də Mülki Məcəllənin 700-cü maddəsinə əsasən iddiaçı cavabdehdən icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır.
11. İddiaçı tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqəsində 565,59 manat məbləğində icarə haqqı borcunun olması öz təsdiqini tapır, cavabdeh iddiaya heç bir etiraz bildirməmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş sənədlərlə iddiaçının tələbin aşkar olması, yəni tələbin yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Belə olan halda, tərəflər arasında imzalanmış müqavilənin şərtlərini və yuxarıda qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 565,59 manat icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 565 (beş yüz altmış beş) manat 59 (əlli doqquz) qəpik məbləğində icarə haqqı üzrə borc alınıb iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov