Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1358/2020 13.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra mətndə MMC) Cavabdehnə (bundan sonra mətndə MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən ofisin subicarəyə verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, 128/19 nömrəli ofis sahəsinin subicarə müqaviləsi ləğv edilməsi və xx.xx.2019-cu il tarixli, 128/19 nömrəli ofis sahəsinin subicarə müqaviləsinin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixədək ödənilməmiş aylar üçün ödənilməli olan 10.020 manat məbləğində icarə haqqının, həmçinin gecikməyə görə 170,34 manat dəbbə pulunun, hüquqi xidmətlərə görə ödənilmiş 700 manat xidmət haqqı və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (“Subicarəçi”) və İddiaçı MMC (“Subicarəyəverən”) arasında ünvan 1 ünvanında yerləşən ofisin subicarəyə verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixində 128/19 nömrəli Ofis sahəsinin Subicarə müqaviləsi (bundan sonra Müqavilə”) bağlanmışdır. Müqaviləyə uyğun olaraq, Cavabdeh MMC aylıq1002 AZN (bir min iki manat) icarə haqqı müqabilində ona ayrılmış icarə sahəsi hesab olunan, ünvan 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsində yerləşən 522 №-li ofisdən xx.xx.2019-cu il tarixdən istifadə etməyə başlamışdır. İcarə sahəsində Subicarəçinin ofisdən istifadəsi üçün bütün zəruri infrastruktur təmin olunmuş, subicarəçinin işçiləri yalnız gündəlik istfadə etdikləri kompyuter, çap avadanlıqları, ofis ləvazimatları və özlərinə aid sənədləri ofisə yerləşdirməklə, icarə sahəsindən istifadə etmişlər. Lakin xx.xx.2019-cu il tarixində Cavabdeh MMC-nin əməkdaşları bizə heç bir məlumat vermədən, özlərinə aid əşyaları götürərək icarə sahəsini birdəfəlik tərk etmişlər. Həmin vaxtdan sonra bir neçə dəfə icarəçi Cavabdeh MMC-nin direktoru X1 ilə əlaqə saxlayaraq, icarə sahəsini xx.xx.2020-ci il tarixədək icarəyə götürdüklərini və həmin tarixədək olan icarə haqqının borcunu İddiaçı MMC-nə ödəməklə bağlı öhdəliklərinin olduğunu bildirmişik və Cavabdeh MMC-ni xx.xx.2019-cu il tarixli 128/19 icarə müqaviləsi üzrə öhdəliklərini icra etməyə dəvət etmişik. X4 hər dəfə şirkətinin icarə sahəsindən istifadə etməyə vəsaitinin olmadığını bəhanə edərək, icarə haqqını ödəməkdən boyun qaçırmışdır. Belə ki, Müqavilə üzrə Subicarə müddəti Müqavilənin 1-ci səhifəsiniəhatə edən cədvəlin 3-cü hissəsində müəyyən edilmişdir və Müqavilənin xx.xx.2020-ci ilə qədər etibarlılıq müddəti vardır. Artıq 2019-cu ilin dekabr ayından etibarən həmin Obyektin subicarəsinə görə Subicarəçi tərəfindən heç bir icarə haqqı ödənilmir. Bu isə Müqavilənin Subicarəçi tərəfindən birtərəfli qaydada pozulması deməkdir. Subicarəyəverənin Subicarəçi qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi yoxdur. Subicarəyəverən tərəfindən Müqavilə üzrə bütün müəyyən edilmiş şərtlər və öhdəliklər yerinə yetirilmişdir. Müqavilənin 5.3-cü maddəsinin tələbinə əsasən İcarə Haqqı və aylıq müntəzəm qaydada göstərilən əlavə xidmətlər üçün haqlar Subicarəçi tərəfindən barəsində ödənişin aid olduğu aydan əvvəlki ayın 10-cu günündə və ya bu gündən əvvəl ödənilməlidir. Lakin Cavabdeh MMC tərəfindən 2019-cu ilin dekabr ayı və sonrakı üçün icarə haqqı bu günədək İddiaçı MMC-nə ödənilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 ofisdən çıxmaları barədə şifahi məlumat verdiklərini , ofisdən 3 ay istifadə edib bununla bağlı üç ayın ödənişini etdiklərini, iddianın əsassız olduğunu və qəbul etmədiklərini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materallarına əlavə olunmuş, xx.xx.2019-cu il tarixdə bağlanmış subicarə müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ünvan 2 ünvanında tikilmiş çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 522 nömrəli 1 otaqlı qeyri-yaşayış sahəsinin aylıq ƏDV-siz 849.15 manat müqabilində 13 ay müddətinə icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilə hər iki tərəfin nümayəndələrin imza və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli Ç20-007 nömrəli “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubdan görünür ki, “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 026-OB/17 nömrəli icarə müqaviləsi əsasında ünvan 2 ünvanında tikilmiş çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən ümumi icarə sahəsi 1504 kv.m faydalı icarə sahəsi 1016 kv.m olan sahə İddiaçı MMC-yə verilmiş, habelə həmin müqavilənin 7.8.4 və 7.8.5-ci maddələrinə əsasən sonuncu icarəyə götürdüyü sahəni subicarəyə vermək hüququnun olması qeyd olunmuşdur. İddiaçı MMC ilə “xxxx” MMC arasında xx.xx.2020-ci il tarixli 001/REG-TUR nömrəli hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli **********27 nömrəli və xx.xx.2020-ci il tarixli **********66 nömrəli ödəmə qəbzlərindən görünür ki, İddiaçıMMC tərəfindən “xxxx” MMC-nin hesabına ümumilikdə 700 manat məbləğində xidmət haqqı ödəmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə ünvanlanmış pretenziya məktubu ilə müraciət edilərək tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin icra edilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış subicarə müqaviləsinə əsasən, ünvan 2 ünvanında tikilmiş çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 522 nömrəli 1 otaqlı qeyriyaşayış sahəsinin icarəyə verilməsi razılaşdırılmışdır. İddiaçı MMC tərəfindən bağlanmış müqavilə üzrə qeyri-yaşayış sahəsi cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh MMC qeyriyaşayış sahəsindən istifadə etsə də, icarə haqqı ödənilmədiyindən iddiaçıya borcu yaranmışdır. Cavabdeh MMC və İddiaçı MMC arasında ünvan 1 ünvanında yerləşən ofisin subicarəyə verilməsi ilə bağlı bağlanmış xx.xx.2019-cu il tarixli 128/19 nömrəli müqavilənin 4.1-ci bəndinə əsasən subicarəçi müqaviləni müqavilənin bitmə tarixinə qədər birtərəfli qaydada və əlavə məhkəmə qaydasında xitam və ya ləğv etmək hüququna malik deyil. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Beləliklə də, iş materiallarına əlavə edilmiş sənədlərdən, həmçinin mübahisəli müqavilədən görünür ki, tərəflər müqavilənin qüvvədə olma müddəti ilə bağlı razılığa gəlmişdir. Odur ki, müqavilə artıq ləğv edilmiş hesab edilərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Digər tərəfdən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam və lazımınca icra etməmişdir, beləliklə cavabdehin iddiaçı qarşısında icarə müqaviləsi üzrə icarə haqqına görə pul öhdəliyi yaranmışdır. Odur ki, iddia icarə haqqının cavabdehdən tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək qeyri-yaşayış sahələrini cavabdehə təhvil verdiyindən, cavabdeh müqavilə üzrə öhdəliklərini müəyyən edilmiş müddət ərzində tam yerinə yetirmədiyindən tərəflər arasında bağlanmış subicarə müqaviləsi üzrə iddiaçıya 10020 manat icarə haqqı cavabdeh tərəfindən ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfində icrarə haqqının gecikdirilməsinə görə 170.34 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 17 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hüquqi xidmət xərcinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə “xxxx” MMC arasında hüquqi xidmətin göstərilməsinə dair müqavilə bağlanılmış və iddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına 700 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilən hallara məhkəmə məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh MMC-dən 10020 manat icarə haqqı, 17 manat dəbbə borcu, 700 manat hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş məbləğ olmaqla 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 10020 manat icarə haqqı, 17 manat dəbbə borcu, 700 manat hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş məbləğ olmaqla 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1358/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1358/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver