Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1444/2024 11.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 10/0181/YDLİZ nömrəli xx.xx.2020-ci il nömrəli X1 Müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə yaranmış 15.589,74 manat əsas borc, 717,13 manat mükafat borcu olmaqla cəmi 16.306,87 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 210 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərcin əvəzinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixdə 10/0181/YDLİZ nömrəli X1 Müqaviləsinə əsasən müqavilədə göstərilən 1 (bir) ədəd, 2013-cü il buraxlışı olan, “BMW” markalı, mühərrik WBA5B3C54ED531837 nəqliyyat vasitəsini təhvil-təslim aktına əsasən Cavabdeh2 istifadəsinə vermişdir. Müqavilənin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixdə 10/0181/YDLİZ nömrəli zaminlik müqaviləsi rəsimləşdirilmişdir. Cavabdeh "xxxx" MMC sözügedən müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 22297 (iyirmi iki min iki yüz doxsan yeddi) manat təşkil edir. Bu ümumi məbləğdən 6297 (altı min iki yüz doxsan yeddi) manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər-ay 619.36 (altı yüz on doqquz otuz altı) manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 36 (otuz altı) ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Eyni zamanda cavabdeh tərəfindən iltizam qaydasında öhdəlik pozulmuşdur. Bu səbəbdən müqaviləyə tərəfimizdən xitam verilərək mülkiyyətimizdə olan avtomobili cavabdehdən (3-cü şəxslərdən) geri götürülmüşdür.Avtomobil təhvil alınan gendən hazıradək cavabdeh heç-bir ödəniş etməmişdir. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən hər ay 1210.83 manat olmaqla ödəniş etməli olduğu təqdirdə müaviləyə əlavədə olunan qrafiklər üzrə ödənilməli qaydada ödəməmişdir. Vaxt aşırı ödəniş səbəbindən gecikmə günləri yaranmışdır. xx.xx.2020-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə cavabdehin xahişi əsasında güzəştlər edilərək lizinq borcu kapitallaşdırılmışdır (müqavilə müddəti uzadılmışdır). Cavabdeh xx.xx.2022-ci ildən etibarən heç-bir ödəniş etrməmişdir buna səbəb olaraq avtomobilinin qəzalı olması və sığorta şirkətindən pulun ona köcəcəyi barədə şifahi məlumat vermişdir.xx.xx.2023-cü il tarixdə sığorta şirkəti tərəfindən sığortadan faydalanan şəxs qismində İddiaçı MMC-nin bank hesabına 5000 (beş min) manat məbləğində vəsait köçürülmüşdür. Cavabdehin razılığı əsasında hə min vəsait onun borcundan silinmişdir. Lakin yenədə gecikmiş borc məbləği tam ödənilməmişdir.
İİ. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4) - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5).
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
9. İş materiallarından görünür ki, İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında xx.xx.2020-ci il tarixli 10/0181/YDLİZ saylı X1 müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış maliyə lizinqi müqaviləsinə əsasən “Lizinq verən” 1 (bir) ədəd 2013-cü il buraxılışlı olan, BMW 535 (minik) markalı, mühərrik, ban № WBA5B3C54ED531837 nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə bu müqavilənin şərtlərinə uyğunolaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödməyi öz öhdəsinə götürür.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək qüvvədədir.
12. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği 37.280 manat (bunun 12.417 manat mükafat təşkil edir) müəyyən olunmuşdur.
13. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
14. İş materiallarında olan tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, lizinqin ümumi məbləği 35.774 manat, bundan da 12.416 manat mükafat məbləği təşkil edir.
15. xx.xx.2020-ci il tarixli 10/0181/YDLİZ saylı lizinq müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 10/0181/YDLİZ saylı zaminlik müqaviləsi bağlanmışdır.
16. Daha sonra lizinq verənlə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixlərdə xx.xx.2020-ci il tarixli 10/0181/YDLİZ saylı Lizinq müqaviləsinin restrukturizasiyasına dair sazişlər imzalanmışdır.
17. Hər üç sazişin 2.1-ci bəndinə əsasən lizinqin ümumi məbləği 35.774 manat müəyyən edilmişdir.
18. İş materiallarında olan iddiaçının özü tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, qeyd edilmiş lizinq müqaviləsi üzrə cəmi 41.964,66 manat məbləğində ödəniş edilmişdir.
19. Bundan başqa işin mübahisələndirilməyən digər halı olandan ibarətdir ki, lizinq obyekti olan BMW 535 (minik) markalı avtomobil lizinq verənə qaytarılmışdır.
20. Yuxarıda da, qeyd edildiyi kimi, lizinq müqaviləsində lizinq ödənişlərinin ümumi məbləği (mükafat daxil) 37.280 manat, müqavilənin ödəniş cədvəlində və müqaviləyə 3 ədəd dəyişiklikdə isə lizinq ödənişlərinin ümumi məbləği (mükafat daxil) 35.774 manat müəyyən edilmişdir.
21. Ancaq iddiaçının özünün də, təqdim etdiyi hesabdan çıxarışdan da, göründüyü kimi, lizinq verənə nəzərdə tutulmuş məbləğdən daha artıq yəni, ümumilikdə 41.964,66 manat məbləğində pul ödənilmişdir.
22. Bundan başqa da, hətta lizinq obyekti belə, lizinq verənə qaytarılmışdır.
23. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəf hansı borcu tələb etdiyini, tələb etdiyi borcu hansı formada hesabladığını, nəyə görə lizinq müqaviləsində nəzərdə tutulmuş məbləğdən də, artıq edilmiş ödənişdən, lizinq obyektini də, geri aldıqdan sonra indiki iddianın nəyə əsasən qaldırdıqlarını əsaslandıra bilməmişdir.
24. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
25. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov