Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1609/2020 16.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X4, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X3 və cavabdehin vəkili X5 iştirakı ilə, İddiaçı Nümayəndə MMC-nin üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X7 Dövlət Xidməti olmaqla, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı tender prosedurunun və nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X7 Dövlət Xidməti üçüncü şəxs olmaqla) cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi üzrə cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixdə elan olunmuş tender (təkliflər sorğusu) prosedurunun və nəticələrinin qanunsuz hesab edilərək ləğv olunması və həmin tenderin Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun yenidən təşkil edilməklə, iddiaçı Nümayəndə MMC-nin qeyd olunan satınalmada hüquqi şəxslər birliyi (konsorsium) və ya birgə müəssisə formasında iştirakına şərait yaradılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı xx xxxxxx 2020-ci il tarixdə öz rəsmi saytında “Bakı şəhəri, Heydər Əliyev prospekti, 109 ünvanında, Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi” üzrə tender elanı yerləşdirmiş və bununla bağlı müvafq təkliflərin verilməsi üçün potensial şirkətləri dəvət etdiyini bildirmişdir. Tender elanına görə tikinti işlərinin 33.200 kv.m. ərazidə həyata keçirilməsi və inşa ediləcək binanın ümumi mərtəbə sahəsinin 67.926 kv.m., hündürlüyünün isə təqribən 160 metr təşkil edəcəyi qeyd olunmuşdur. Bundan başqa tender elanında aşağıdakı tələblər irəli sürülmüşdür: “Təkliflər Sorğusu prosedurunda iştirak etmək istəyən ərizəçilər müsabiqəyə buraxılış uyğunluğunu nümayiş etdirən aşağıdakı sənədləri xx xxxx 2020-ci il, saat 17:00-dək elektron poçt vasitəsilə təqdim etməldirlər”; “Təkliflər Sorğusu sənədlərinin potensial iddiaçılara göndərilməsindən sonra onlardan xahiş ediləcəkdir ki, xx xxxxx 2020-ci il, saat 12:00- dan gec olmayaraq, ixtisas tələbləri üzrə sənədləri bağlı zərfdə olmaqla 1 çap variantında və 1 elektron variantda Mərkəzi Banka təqdim etsinlər”; Konsorsium və ya birgə müəssisənin bu Təkliflər Sorğusunda iştirakına yol verilmir” Nümayəndə MMC ilk əvvəl xx xxxx 2020-ci il tarixdə cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binası”nın tikintisi üzrə keçiriləcək tenderdə qanunvericiliyin tələblərinin nəzərə alınmasını, qanun pozuntularının aradan qaldırılmasını və tenderdə iddiaçının hüquqi şəxslərin birliyi (konsorsium) və ya birgə müəssisə formasında iştirakına imkan yaradılmasını xahiş etmişdir. İddiaçı sözügedən tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X7 Dövlət Xidmətinə də müraciət etmiş və cavabdeh tərəfindən yol verilən pozuntuların aradan qaldırılmasında köməklik göstərilməsini xahiş etmişdir. Üçüncü şəxs İddiaçının, ona ünvanladığı müraciətdə göstərilən halları nəzərə almış və Cavabdehə ünvanladığı telefonoqramda (ASİMDX-15/01- 7/119S saylı xx xxxx 2020-ci il tarixli) satınalma prosedurunun şərtlərinin qanunvericilik tələblərinə uyğunlaşdırılması, iştrakla bağlı sənəd qəbulu müddətinin uzadılması, dövlət vəsaitlərinin qənaətlə xərclənməsi, səmərəli rəqabətin təmin olunması, bütün iddiaçılara eyni cür ədalətli münasibətin göstərilməsi və ayrı-seçkiliyə yol verilməməsi məqsədilə hüquqi şəxslər birliyi (konsorsium) formasında satınalmada iştirak etmək niyyətində olan podratçıların sözügedən satınalmada iştirakına şərait yaradılmasını tövsiyə etmişdir. Həmçinin üçüncü şəxsin cavabdehə ünvanladığı digər (ASİMDX-15/01-7/167S saylı xx xxx 2020-ci il tarixli) telefonoqramda qeyd olunmuşdur: “... cəriməyə məruz qalmamaq və Mərkəzi Bankın yeni inzibati binasının tikinti işləri üzrə satınalmaların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməsi və qeyd olunan satınalmada iştirak etməkdə maraqlı olan malgöndərənlərə (podratçılara) münasibətdə ayrı-seçkiliyə yol verilməməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi tövsiyə olunur”. Bundan sonrakı müddət ərzində iddiaçı cavabdehə, üçüncü şəxsə və digər instansiyalara müraciətlər ünvanlayaraq, bir daha tenderin qanunvericiliyin tələblərinə uyğun yenidən təşkil edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı ən son, yəni 09-00276-2020 saylı xx xxx 2020-ci il tarixli məktubu və iddiaçının müraciətlərinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh öz məktubunda İddiaçıya dolayı şəkildə bildirmişdir ki, iddiaçının guya xüsusi təhlükəsizlik və spesifik tikinti tələblərinə cavab verən yüksək səviyyədə sınanmış tikinti təcrübəsi” yoxdur. Həmçinin cavabdeh imtina məktubunda qeyd etmişdir: “Sizin konsorsium ilə bağlı iddianıza gəldikdə isə bildiririk ki, nə Dövlət satınalmaları haqqında” Qanunda, nə də hər hansı digər qanunvericilik aktında “hüquqi şəxslər birliyi”nin və ya “konsorsium”un anlayışı verilməmişdir.” Aşağıdakı səbəblərə görə hesab edirik ki, cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixdə elan olunmuş tender (Təkliflər sorğusu) proseduru və nəticələri qanunsuz hesab edilərək ləğv olunmalıdır: Tender elanı cavabdehin rəsmi internet saytında xx xxxxxx 2020-ci il tarixdə (həftənin cümə axşamı günü) yerləşdirilmiş və maraqlı ərizəçilərdən öz sənədlərini xx xxxx 2020-ci il, saat 17:00-dək təqdim etməsi tələb olunmuşdur. xx xxxxxx 2020 və xx xxxx 2020-ci il tarixləri həftənin qeyri-iş günləri sayılan şənbə və bazar günləri olduğundan, potensial maraqlı ərizəçilərə, o cümlədən İddiaçıya bu elandan xəbər tutub, tələb olunan sənədləri təqdim etməsinə cəmi 6 gün vaxt ayrılmışdır. Qeyd etmək istərdik ki, bu miqyasda olan və dövlət vəsaiti hesabına maliyyələşdirilən layihə üzrə tender elanının verildiyi gündən müraciətlərin təqdim edilməsinə qədər cəmi 6 günün müəyyənləşdirilməsi, tender barədə məlumatın geniş yayımlanması, maraqlı şəxslərin diqqətinə çatdırılması və tenderə müraciət üçün hazırlıq baxımından olduqca məhdudlaşdırıcı şərtdir və qabaqcıl beynəlxalq təcrübəyə uyğun deyildir; Potensial iddiaçılardan ixtisas tələbləri üzrə sənədlərinin xx xxxxx 2020-ci il, saat 12:00-dan gec olmayaraq təqdim etməsi tələbi də məhdudlaşdırmışdır. Belə ki, Novruz bayramı ilə əlaqədar 20-xx xxxx 2020-ci il tarixləri Azərbaycanda qeyri-iş günləri olduğuna görə, bu müddət yerli iddiaçıları əlverişsiz şəraitdə qoymuşdur. Dövlət satınalmaları üzrə tender və müsabiqələrin elan olunduğu dövlət satınalmalarının vahid internet portalı olan saytında xx xxxxxx 2020-ci il tarixli elanın yerləşdirilməməsi də əlavə məhdudlaşdırma» halıdır. Tender barəsində dövlətin mərkəzləşdirilmiş məlumat resursu (mənbəyi) üzərindən xəbər tutmaq üçün müvafiq şərait təmin olunmamışdır. Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.1—4.1.2-ci maddələrinə görə, sıtmalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma plam növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır. Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Tender elanının digər şərtlərinə görə, “Konsorsium və ya birgə müəssisənin bu Təkliflər Sorğusunda iştirakına yol verilmir”. Cavabdehin bu tələbi qanunsuz olmaqla yanaşı, iddiaçını, habelə digər potensial ərizəçiləri tenderdə iştirakdan demək olar ki, məhrum etmişdir. Halbuki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Beləliklə, qanunvericilikdən məlum olur ki, “hüquqi şəxslər birliyi”nin və ya “konsorsium”un anlayışının verilib-verilməməsi iddiaçını hüquqi şəxslər birliyi və ya konsorsium formasında tenderdə iştirakdan məhrum edə bilməz (Cavabdeh elandan əlavə, öz imtina məktubunda belə bir əsas göstərmişdir); Bundan başqa, cavabdeh iddiaçıya ünvanladığı xx xxx 2020-ci il tarixli məktubunda iddiaçıya məxsus internet saytına istinadən və iddiaçının icra etmiş olduğu lahiyələri əsas gətirərək qeyd etmişdir ki, guya iddiaçı tender üzrə layihənin icrasında müvafiq təcrübəyə malik deyildir. Cavabdehin bu mövqeyi də qanunsuz və əsassızdır, çünki ixtisas uyğunluğu veb sayt üzərindən deyil, müvafiq sənədlər əsasında qiymətləndirilə bilər. Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə görə, satınalan təşkilat mal göndərənlərin (podratçıların) ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində və tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkaların cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndirir. Şərh olunanlardan məlum olur ki, cavabdeh iddiaçını faktiki olaraq özünün elan etdiyi tenderdə iştirakdan məhrum etmiş, iddiaçının sonradan ona ünvanladığı müraciətləri isə əsassız olaraq təmin etməmişdir. Bundan başqa cavabdeh “Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılmast) və tikintisi üzrə satınalmanı təkliflər sorğusu metodu ilə deyil, məhz açıq tender üsulu ilə təşkil etməli idi. Lakin cavabdeh nədənsə, bundan yayınmışdır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə görə, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda onların satın alınması açıq tender üsulu ilə aparılır, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2>ci hissəsində qeyd olunur: Müəyyən edilsin ki: ... həmin Qanunun 17.1-ci, 20.1-ci və 41.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə Q-12 nömrəli, xx xxx 2013-cü il tarixli Qərarının 1-ci bəndinə görə, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50,0 (əlli) min manat müəyyən edilmişdir. Göründüyü ki, cavabdeh qanunvericiliyin tələblərini bir daha pozmaqla, tenderi öz mülahizəsinə görə təşkil etmişdir. Odur ki, iddiaçı hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatından bildirmişdir ki, xx xxxx 2020 tarixdə cavabdehə müraciət edərək tenderdə iddiaçının hüquqi şəxslərin birliyi (konsorsium) və ya birgə müəssisə formasında iştirakına imkan yaradılmasını xahiş etmişdir. İddiaçı göstərilən xahiş ilə Mərkəzi banka müraciət etməmişdir, onun müraciətləri həmişə satınalma müsabiqəsinin ləğv edilməsi tələbini ifadə etmişdir. Cavabdeh tender proseduru keçirməmişdir, onun keçirdiyi prosedur "təkliflər sorğusu" prosedurudur. İddia ərizəsinin iddianın əsaslandırılmasına yönəlmiş birinci bəndində iddiaçı iddia edir ki, xx.xx.2020 tarixdə verilmiş satınalma elanı ilə satınalma müsabiqəsində iştirak üçün sənədlərin xx.xx.2020 tarixədək təqdim edilməsi tələbi məhdudlaşdırıcı olmuşdur və iddiaçını müsabiqədə iştirak imkanından məhrum etmişdir, belə ki, tələb olunan sənədlərin təqdim edilməsinə cəmi 6 (altı) gün vaxt ayrılmışdır. Məhkəməyə belə bir şəkildə məlumat verməklə iddiaçı məhkəməni yanıltmaq məqsədi güdür. Belə ki, iddiaçı hansı sənədlərin xx.xx.2020 tarixinədək təqdim edilməsinin tələb edildiyi barədə məlumat verməyərək, ümumən sənədlərdən danışır və beləliklə də, məhkəmədə guya bütün sənədlərin həmin tarixədək təqdim edildiyinin tələb olunduğu barədə yanlış fikir formalaşdırmaq istəyir. Halbuki, sənəd qəbulunun xx.xx.2020-ci il tarixdə bitməsi nəzərdə tutulmayıb. Elanda iddiaçılar tərəfindən sənədlərin mərhələlərlə təqdim edilməsi nəzərə tutulmuşdur. Bu hal iddiaçının özü tərəfindən də sonrakı abzaslarda etiraf edilir, belə ki, iddiaçı iddia ərizəsinin əsaslandırıcı hissəsinin ikinci bəndində bildirir ki, ixtisas uyğunluğu sənədlərinin təqdim edilməsi üçün son tarix elanda xx.xx.2020 saat 12:00 olaraq nəzərdə tutulmuşdur. xx.xx.2020 tarixinə qədər isə müsabiqədə iştirak etmək istəyən şəxslər tərəfindən yalnızca onların müsabiqəyə buraxılış uyğunluğunu nümayiş etdirən sənədlərin təqdim edilməsi nəzərdə tutulmuşdur ki, bu sənədlər isə "Təkliflər Sorğusunda iştirak ərizəsi: ərizə forması Tender Elanına 1 saylı Əlavə şəklində qoşulmuşdur. Məxfilik öhdəliyi (Qeyd: Tender Elanına 2 saylı Əlavə kimi qoşulmuşdur. Məxfilik öhdəliyinin götürülməsi obyektin dövlət əhəmiyyətli olması baxımından zəruri olmuşdur, belə ki, məxfilik öhdəliyi götürülmədən iştirakçılara binanın cizgilərinin göndərilməsi cizgilərin yayılması təhlükəsini yaarana bilərdi. Məxfilik öhdəliyini və iştirak haqqında ərizəni imzalayan şəxsin səlahiyyətini təsdiq edən etibarnamə (Etibarnamənin hazırlanması yerli şirkətlər üçün ümumiyyətlə heç bir problem yaratmalı deyildi, belə ki, onlardan notarial təsdiq və ya apostil təsdiqi yaxud leqallaşdırma tələb edilməmişdir və Etibarnamənin hazırlanması tez bir zamanda həyata keçirilə bilərdi və etibarnamənin yazılması, imzalanması və möhürlənməsini nəzərdə tuturdu), və iddiaçının son il ərzində maliyyə vəziyyətini təsdiqləyən bank arayışı. Bank arayışının alınması da yarım iş günü ərzində həyata keçirilə bilən bir iş olaraq görünür. İddiaçılardan bəziləri hətta 3 bankdan arayış təqdim etmişlər). Qeyd edək ki, müsabiqədə iştiraka ilkin olaraq ayrılmış vaxt ərzində göstərilən qaydalara riayyət edilməsi ilə əksəriyyətinin xarici iddaçıların təşkil etdiyi 11 (on bir) müraciət daxil olmuşdur. Xarici iddiaçılar üçün göstərilən müddətin yetərli olması, notarial təsdiq və leqallaşdırma tələblərinə əməl edilməsi də daxil olmaqla, təsbit edir ki, iştirak (ixtisas yox) uyğunluğu sənədlərinin təqdim edilməsi üçün müəyyən edilmiş müddət adekvat və kafi olmuşdur, belə ki, yerli şirlətlər üçün, həmin sənədlərin hazırlanmasına 2 (iki) gün də yetərli sayıla bilər. Əgər iddiaçı həmin müddət ərzində bu sənədləri hazırlayıb təqdim edə bilməmişdirsə, bu fakt özü onun təşkilatçılıq səviyyəsinin göstəricisi olaraq qiymətləndirilməlidir. Aydındır ki, göstərilən müddət səriştəli və təcrübəli iddiaçılar üçün heç bir lüzumsuz çətinlik törətməmişdir. Səriştəsiz və təcrübəsiz iddiaçıların isə müsabiqədə iştirakı arzu edilən olmamışdır. Əslində isə, anlaşılan budur ki, iddiaçı tərəfindən masabiqəyə buraxılma sənədlərinin təqdim edilməməsinin başlıca səbəbi onun baş podratçı kimi “açar təslimi" əsasında hündürlüyü 150 metrdən az olmayan qüllənin tikintisi təcrübəsinin olmamasından ibarət olmuşdur. Müsabiqədə iştirak üçün müddətin yetəriz olması iddiası isə həmin tələbi ödəmiş 11 şirkətin müraciət etməsi faktı ilə təkzib olunur. Odur ki, İddiaçının müddətin yetərsizliyi barədə iddiası cavabdeh guya qanun pozuntusu törətməsi illyuziyası yaratmaq cəhdindən başqa bir şey deyil. Əlavə olaraq qeyd edək ki, qanunvericilikdə hansı və nə kimi müddətlərin müəyyən edilməsi barədə heç bir tələb müəyyən edilmir. Odur ki, burada hər hansı bir qanun pozuntusu olduğunun iddia edilməsi tam əsassızdır və iddiaçı bu iddiasını qanuna hər hansı bir istinadla əsaslandıra bilməmişdir. İddiaçı ixtisas uyğunluğu sənədlərinin təqdim edilməsi üçün ayrılmış müddətin də yetərsiz olduğunu iddia edir.Bununla əlaqədar nəzərə alınmalıdır ki, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün lazım olan sənədlərin təqdim edilməsi üçün son tarix xx xxxxx 2020-ci il olaraq müəyyənləşdirilmişdir. Elanın xx xxxxxx 2020-ci il tarixdə verildiyini nəzərə alsaq, ixrisas uyğunluğu sənədlərinin hazırlanması və təqdim edilməsi üçün potensial iddiaçılara 1 (bir) təqvim ayından çox vaxt, daha dəqiq desək, 5 həftədən çox vaxt ayrılmışdır. Novruz bayramlarının 1 həftə çəkdiyini göz önündə tutaraq, tam yəqinliklə demək olar ki, ixtisas sənədlərinin hazırlanması və təqdim edilməsi üçün 4 həftədən çox vaxt ayrılmışdır ki, bu da 1 (bir) təqvim ayına bərabər olan bir müddət anlamına gəlir. Hesab edirik ki, bu bir aylıq müddət ixtisas uyğunluğu sənədlərinin hazırlanması və təqdim edilməsi üçün kifayət qədər yetərli bir müddətdir və iddiaçı müddətin yetərsizliyini iddia edərkən, məsələyə qərəzli münasibət nümayiş etdirir və məhkəməni yanlış istiqamətə yönəldir. İddiaçının daha bir əsassız iddiası guya müsabiqə barədə elanın dövlat satınalmalarının vahid internet portalında yerləşdirilməməsidir. Bu iddia tam əsasız, haqsız və yanlış bir iddiadır və iddiaçının qərəzindən xəbər verir, belə ki, iddiaçıya dəfərlərlə izah edilmişdir ki, “təkliflər sorğusu" formasında keçirilən satınalma müsabiqəsi barədə elan yox, bildiriş verilir (Dövlət satınalmaları haqqında qanun, Maddə 48.2). Buna görə də, göstərilən portalda satınalma müsabiqəsi barədə məlumat tamamilə qanuna uyğun olaraq bildiriş formasında yerləşdirilmişdir. Əlavə olaraq, satınalma müsabiqəsi barədə məlumat eyni vaxtda “Azərbaycan" qəzetində və www.globaltender.com saytında yerləşdirilmişdir ki, bu da Dövlət satınalmaları haqqında qanunun 48.2-ci maddəsinə tam uyğun olmuşdur. İddiaçı tərəfindən cavabdehin qanunauyğun hərəkətlərinin “məhdudlaşdırıcı hal" olaraq dəyərləndirilməsinin hüquqi əhəmiyyəti anlaşılmır. Yuxarıdakılar göstərir ki, dövlətin mərkəzləşdirilmiş məlumat resursu üzərindən xəbər tutmaq üçün şərait yaradılmaması haqqında iddiası tam əsassızdır. İddiaçı iddianın əsaslandırıcı hissəsinin beşinci bəndində yenə də əsassız və səbatsız iddia irəli sürür və göstərməyə çalışır ki, guya cavabdeh onun ixtisas uyğunluğunu qanunsuz olaraq iddiaçının veb səhifəsində yerləşdirdiyi məlumatlar əsasında dəyərləndirmişdir. Bu iddianın məzmun və mahiyyət etibarilə əsassızdır. İlk növbədə göstərmək istərdik ki, cavabdeh iddiaçı ilə əlaqədar heç bir ixtisas uyğunluğu dəyərləndirməsi aparmamışdır, belə ki ixtisas uyğunluğu dəyərləndirməsi Dövlət satınalmaları haqqında" qanuna görə müsabiqə iştirakçıları ilə əlaqədar həyata keçirilən bir prosedurdur. İddiaçı müsabiqə iştirakçısı olmayıbsa cavabdeh tərəfindən onun ixtisas uyğunluğunun dəyərləndirilməsi ümumiyyətlə lazım gəlməmişdir və belə bir prosedur həyata keçirilməmişdir, buna görə də burada hər hansı bir qanun pozuntusu və ya qanunsuzluq olmamışdır. İddiaçı barəsində cavabdeh tərəfindən məlumat əldə edilməsi və iddiaçı ilə təmas zamanı bu məlumatın bildirilməsi, bu, satınalma prosesindən kənar bir şəkildə baş veridiyi üçün, “Dövlət satınalmaları haqqında" qanunun müddəalarının bu hala tətbiq edilməsi mümkün deyil və iddiaçı tərəfindən cavabdehin bu hərəkətində qanun pozuntusunun müəyyənləşdirilməsi yenə də iddiaçının mütəxəssislərinin hazırlıq səviyyəsinin göstəricisi kimi qiymətləndirilməlidir. İddiaçının son arqumenti ondan ibarətdir ki , Dövlət satınlamaları haqqında" qanununun 8.1-ci maddəsi ilə hüquqi şəxslər birliyinin satınalma müsabiqəsində iştirakı imkanı nəzərdə tutulduğu bir halda cavabdeh tərəfindən bu istisna edilmişdir. Azərbaycan Respublikasının “Dövlət satınlamaları haqqında" qanununun 8.1-ci maddəsi nəzərdə tutur ki, Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər". Maddənin mətnindən göründüyü kimi, rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyinin dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirakı dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallarda istisna edilə bilər, yəni belə hallarda onlar satınalma müsabiqəsində iştiraka buraxılmaya bilərlər. Həmin maddənin özündə həmin maddə ilə nəzərdə tutulmuş qaydalardan istisnalara yol verilməsi o deməkdir ki, maddə imperativ xarakter daşımır, çünki Azərbaycan Respublikasının qanunvericiliyinə görə və Beynəlxalq hüquqda qəbul edilmiş ümumi qaydaya əsasən (bu qayda “Beynəlxalq müqavilələr hüququ haqqında 1969-ci il Vyana konvensiyası"nda ifadə edilmişdir), imperativ maddə elə maddədir ki, ondan hər hansı bir kənarlaşmaya yol verilmir. Sözü gedən maddə özünün müəyyən etdiyi qaydada özü kənarlaşmaya imkan verir, lakin mümkün kənarlaşma imkanları maddənin özü ilə dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallarla məhdudlaşır. Dövlət satınalmalarını tənzimləyən əsas normativ hüquqi sənəd Dövlət satınalmaları haqqnda" qanundur (Qanun). Qanunun 6-cı maddəsi malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərin müəyyən edilməsini tənzimləyir (Maddə 6. Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər). Qanunun 6.6-cı maddəsində deyilir: “Bu Qanunun 8.1, 36.9, 44.2-ci maddələri nəzərə alınmaqla, satınalan təşkilat malgöndərənlər (podratçılar) arasında ayrıseçkilik salan meyarlar, tələblər və ya prosedurlar müəyyənləşdirmir". Deməli, Qanunun 6.6-cı maddəsinə əsasən satınalan təşkilat Qanunun 8.1, 36.9, 44.2-ci maddələrinin məqsədləri üçün malgöndərənlər (podratçılar) arasında ayrıseçkilik salan meyarlar, tələblər və ya prosedurlar müəyyənləşdirə bilər. Qanunun 8.1-ci maddəsi satınalma prosedurlarında fiziki və hüquqi şəxslərin, habelə hüquqi şəxslər birliyinin iştirakını nəzərdə tutur; deməli 8.1-ci maddənin məqsədləri üçün, yəni həmin şəxslərin və ya şəxslər birliyinin satınalma prosedurlarında iştirakı məqsədləri üçün satınalan təşkilat malgöndərənlər (podratçılar) arasında ayrıseçkilik salan meyarlar, tələblər və ya prosedurlar müəyyənləşdirə bilər. İştirak məqsədləri üçün belə meyar və tələblərin müəyyənləşdirilməsi yalnız bir məqsəd üçün ola bilər - iştirakın isitisna edilməsi məqsədi ilə, yəni iştirakın mümkünlüyü belə meyarlar əsasında ya təsbit edilə bilə, ya da inkar edilə bilər. Bu əsasla da cavabdeh, tamamilə qanunauyğun şəkildə Qanunun 6.6-cı maddəsinə əsaslanaraq Qanunun 8.1-ci maddəsinin tətbiqi ilə əlaqədar bir meyar müəyyənləşdirmişdir ki, bu da hüquqi şəxslər birliklərinin/konsorsiumların satınalma prosedurunda iştirakının istisnasıdır, yəni meyar konsorsiumların və ya hüquqi şəxslər birliklərinin satınalma müsabiqəsində iştirakını istisna edir. Bu istisna Qanunun 6.6 və 8.1 maddələrinə əsasən müəyyən edilmişdir və göründüyü kimi bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçı isə, istinad edərək, qəsdən, 8.1 maddəsinin yalnız 2-ci hissəsinə istinad edir və həmin 2-ci hissənin tətbiqini məhdudlaşdıran qeyd şərtin tətbiqindən bilərəkdən yayınır. Üstəlik, iddiaçı, qanunsuz olaraq, 6.6-cı maddənin də tələblərini nəzərə almır. Belə ki, qanunverici 6.6-cı maddəni Qanuna yalnız 8.1-ci maddənin tətbiqində istisnalara imkan yaradılması məqsədi ilə daxil etmişdir. 6.6-cı maddə yalnız bir cümlədən ibarətdir və həmin cümlə 8.1-ci maddədən istisnaları nəzərdə tutur. Aydındır ki, qanunvericinin məqsədi 8.1-ci maddədə nəzərdə tutulan ümumi iştirak imkanlarının məhdudlaşdırılması məqsdi ilə satınalan təşkilatlara imkanlar yaratmaqan ibarət olmuşdur. İddiaçı ümumiyyətlə iddia ərizəsində ös əsassız iddiasına qanuni don geyindirmək üçün Qanunun 8.1-ci maddəsini imperativ norma qismində təqdim edir ki, bu da bir daha onun qeyri-qanuni qərəzli mövqeyini təzahür etdirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, həmin müsabiqə əsassız keçirilmişdir. İddiaçının tələbinin tam əsaslı hesab edərək və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli detallı layihələndirmə və tikinti işləri üçün Tender Elanında “Bakı şəhəri, Heydər Əliyev prospekti, 109 ünvanında, Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi” üzrə tender elanı yerləşdirmiş və bununla bağlı müvafq təkliflərin verilməsi üçün potensial şirkətləri dəvət etdiyini bildirmişdir. Tender elanına görə tikinti işlərinin 33.200 kv.m. ərazidə həyata keçirilməsi və inşa ediləcək binanın ümumi mərtəbə sahəsinin 67.926 kv.m., hündürlüyünün isə təqribən 160 metr təşkil edəcəyi qeyd olunmuşdur. Bundan başqa, tender elanında aşağıdakı tələblər irəli sürülmüşdür: “Təkliflər Sorğusu prosedurunda iştirak etmək istəyən ərizəçilər müsabiqəyə buraxılış uyğunluğunu nümayiş etdirən aşağıdakı sənədləri xx xxxx 2020-ci il, saat 17:00dək elektron poçt vasitəsilə təqdim etməldirlər”; “Təkliflər Sorğusu sənədlərinin potensial iddiaçılara göndərilməsindən sonra onlardan xahiş ediləcəkdir ki, xx xxxxx 2020-ci il, saat 12:00- dan gec olmayaraq, ixtisas tələbləri üzrə sənədləri bağlı zərfdə olmaqla 1 çap variantında və 1 elektron variantda Mərkəzi Banka təqdim etsinlər”; Konsorsium və ya birgə müəssisənin bu Təkliflər Sorğusunda iştirakına yol verilməməsi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli 69-A/NWC və 69-B/NWC nömrəli məktublarla iddiaçı Nümayəndə MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək, xx.xx.2020-ci il tarixdə elan edilmiş tenderin azad və ədalətli rəqabət şəraitində Azərbaycan Şirkətləri üçün, həmçinin konsorsium və ya birgə müəssisə formasında, birbaşa iştirak imkanlarının təmin olunması xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixli 101-A/NWC nömrəli məktubla iddiaçı Nümayəndə MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinə müraciət edərək, 69-A/NWC və 69-B/NWC sadalanmış əsasları, Mərkəzi Bankın xx.xx.2020-ci il tarixli 09-00232-2020 saylı məktubu ilə bildirdiklərini nəzərə alaraq xx.xx.2020-ci il tarixdə Mərkəzin Bankın saytında elan olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının tikintisi üzrə tenderinin keçirilməsi üslub və şərtlərini araşdırılmasını, həmin tenderin Azərbaycan Respublikasının qanunvericiliyinə, xüsusilə Azərbaycan Respublikasının “Dövlət Satınalmaları Haqqında” və “Antiinhisar fəaliyyəti haqqında” Qanunlarının tələblərinə uyğunluğu barədə rəy bildirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı Nümayəndə MMC-yə məktub ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının “Dövlət satınlamaları haqqında” Qanununun (bundan sonra Qanun) 8.1-ci maddəsi malgöndərənlərin (podratçıların) dövlət satınalmalarında iştirakının ümumi əsaslarını müəyyən edir. Bu müddəa heç də istənilən şəxsin ixtisasından, səriştə və ya təcrübəsindən yaxud qabiliyyətindən asılı olmayaraq satınalma müsabiqəsinə buraxılmalı olduğu anlamına gəlmir. Həmin maddənin özündə bu ümumi qaydadan istisnalar nəzərdə tutulur ki, onların arasında ixtisas uyğunluğunun müəyyənləşdiriməsi ilə bağlı istisnalar da var. Qanunun 6-cı maddəsi iddiaçılar üçün ixtisas göstəriciləri müəyyənləşdirilməsi sərbəstliyi müəyyən edir. Buna əsasən, iddiaçıların layihəni gerçəkləşdirmək üçün lazımi keyfiyyətlərə malik olmasının müəyyən edilməsi məqsədilə ixtisas uyğunluğu meyarları müəyyən edilmişdir. Həmin meyarların müəyyən edilməsində tikinti mütəxəssisləri qismində dünyada, o cümlədən Azərbaycanda geniş surətdə tanınan və göydələn qüllələrin tikintisi layihələrində böyük texniki müşavirlik təcrübəsinə malik olan - Cənubi Koreya Respublikasının “Heerim” mühəndislik şirkətinin ekspert rəyləri əsas götürülmüşdür. Bu zaman nəzərə alınmışdır ki, layihə qeyri-adi dizayn həlləri və yüksək texniki mürəkkəbliklə fərqlənir. Beləki yeni tikilidə fasad müxtəlif bucaqlar altında əyilən, habelə, düz elementlərdən ibarət burulmuş səth təşkil edir və bu elementlərin fəzada həndəsi uzlaşması yüksək mürəkkəblik yaradır, isitmə, havalandırma və soyutma sistemləri (HVAC) fasad şüşələnməsi daxilində günəşdən kölgələnmə, 4borulu fankoil sistemi, göydələn daxilində “Asma Bağça" kimi elementlərin quraşdırıtmasım nəzərdə tutur və nağd pul mərkəzi ilə əlaqədar yüksək təhlükəsizlik tələbləri yüksək səviyyədə sınanmış təcrübə və səriştə tələb edir. Əlavə olaraq, layihə məsləhətçisi “Heerim” şirkəti tərəfindən vahid podratçıya üstünlük verilməsi həm də, onunla bağlı olmuşdur ki, vahid podratçının cəlb edilməsi layihə üzrə müqavilə öhdəliklərinin sabitliyi və konsoiidasiyasını təmin edir və layihə risklərini azaldır. Satınalma müsabiqəsində müəyyən edilmiş müddətlərlə bağlı bildiririk ki, müsabiqə barədə elanda İddiaçılar tərəfindən sənədlərin mərhələlərlə təqdim edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixinin yalnızca müsabiqəyə buraxılış uyğunluğunu nümayiş etdirən sənədlərin təqdim edilməsi üçün son tarix olaraq müəyyənləşdirilməsi onun məqsədi baxımından adekvat və əsaslı olmuşdur. Həmçinin, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə lazım olan sənədlərin təqdim edilməsi üçün 4 həftədən (1 (bir) təqvim ayından) çox vaxt ayrılmışdır ki, bu da, kifayət qədər yetərli bir müddətdir. Satınalma müsabiqəsi barədə elan dövlət satınalmalarının vahid internet portalında bildiriş formasında yerləşdirilmişdir. Əlavə olaraq, satınalma müsabiqəsi barədə məlumat eyni vaxtda “Azərbaycan” qəzetində, Mərkəzi Bankın internet saytında və www.qlobaltender.com saytında yerləşdirilmişdir.Eyni zamanda satınalma müsabiqəsinin elanı və X8 mətni Mərkəzi Bankın xx.xx.2020-ci il tarixli 12 mb nömrəli Əmri ilə yaradılmış Tender komissiyası tərəfindən təsdiq edilib və Qanunun tələbinə uyğun olaraq Komissiyasının tərkibinə Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliklərinin nümayəndələri daxil edildiyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Bakı şəhəri, Heydər Əliyev prospekti, 109 ünvanında, Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi” üzrə tender elanı yerləşdirmiş və bununla bağlı müvafq təkliflərin verilməsi üçün potensial şirkətləri dəvət etdiyini bildirmişdir. Həmin tender elanının müvafiq bəndində Konsorsium və ya birgə müəssisənin bu Təkliflər Sorğusunda iştirakına yol verilməməsi qeyd edilmişdir. İddiaçı tender elanın qeyd olunan bəndi və tender elanında qoyulmuş icra müddəti ilə razılaşmayaraq tenderin ləğv edilməsini və yenidən təşkil edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının “Dövlət satınlamaları haqqında" qanununun 4.1-ci bəndinə əsasən dövlət satınalmaları üzrə müvafiq icra hakimiyyəti orqanı dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirir Həmin Qanunun 4.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanın yaradılmasında və təkmilləşdirilməsində iştirak edir. Dövlət satınalmalarına dair qaydaları, təlimatları, digər sənədləri hazırlayır və təsdiq edilmək üçün müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. Həmin Qanunun 4.1.2-ci bəndinə əsasən dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir, mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurlarını 7 bank gününədək dayandırır və lazım gəldikdə satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırır. Həmin Qanunun 4.1.3.-cü bəndinə əsasən dövlət satınalma prosedurlarında mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulduğu hallarda bu Qanunun müddəalarına uyğun tədbirlər görür; Həmin Qanunun 4.1.4-cü bəndinə əsasən dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir, məsləhətlər verir, mütəxəssislərin ixtisas səviyyəsinin artırılması üçün kurslar yaradır, seminarlar və konfranslar keçirir, müvafiq tədris-metodiki materialları hazırlayır; Həmin Qanunun 4.1.5-ci bəndinə əsasən dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirir, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların, sənədlərin və məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir; Həmin Qanunun 4.1.6-cı bəndinə əsasən dövlət satınalmaları üzrə illik hesabatları hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. Həmin Qanunun 4.1.7-ci bəndinə əsasən dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri barədə məlumatların yerləşdirildiyi dövlət satınalmalarının rəsmi internet saytını (bundan sonra — rəsmi internet saytı) yaradır. Həmin Qanunun 4.1.8-cı bəndinə əsasən satınalan təşkilatların, malgöndərənlərin (podratçıların) dövlət satınalmalarının vahid internet portalından istifadə etmələri üçün onlara metodiki köməklik göstərir, məsləhətlər verir. Həmin Qanunun 4.1.9-cu bəndinə əsasən dövlət satınalmalarının vahid internet portalında mövcud olan informasiya resurslarının təhlükəsizliyinin qorunması üçün tədbirlər görür. Həmin Qanunun 4-1.1-ci bəndinə əsasən satınalan təşkilat cari ilin oktyabr ayının 15dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır. Həmin Qanunun 4-1.2-ci bəndinə əsasən növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Həmin Qanunun 4-1.3-cü bəndinə əsasən illik satınalma planında satınalan təşkilatın adı, satın alınacaq malların (işlərin və xidmətlərin) adı, həcmi, miqdarı və ölçüsü, satınalmanın ardıcıllığı, təqvim ili üzrə bölgüsü və satınalma üsulu, malların göndərilməsinin, işlərin görülməsinin, xidmətlərin göstərilməsinin planlaşdırılan yeri və müddətləri. Həmin Qanunun 4-1.4-cü bəndinə əsasən satınalan təşkilat ayda bir dəfədən çox olmamaq şərtilə satınalma planında dəyişiklik edə bilər. Satınalan təşkilat tərəfindən satınalma planında dəyişiklik edilməsi haqqında qərar qəbul olunduqdan sonrakı 5 bank günü ərzində bu barədə məlumat, dəyişikliyə səbəb olmuş hüquqi əsas göstərilməklə, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilir. Həmin Qanunun 6.2-ci bəndinə əsasən satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması, satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcudolmaması, satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi, müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması əsas şərtlərdir. Həmin Qanunun 6.3-cü bəndinə əsasən satınalan təşkilat malgöndərənlərin (podratçıların) əqli mülkiyyətlərini və ya kommersiya sirlərini qorumaq hüququnu nəzərə almaqla, onlardan bu Qanunun 6.2-ci maddəsində göstərilmiş meyarlara uyğun ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədli sübutlar və ya digər məlumatlar tələb edə bilər. Həmin Qanunun 6.4-cü bəndinə əsasən bu maddəyə uyğun tələblər ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində (əgər ixtisas uyğunluğunun müəyyənləşdirilməsi proseduru keçirilirsə) və ya tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkaların cəlb edilməsinə dair digər sənədlərdə şərh olunur və bütün malgöndərənlərə (podratçılara) eyni dərəcədə şamil edilir. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri barədə bu maddədə nəzərdə tutulmayan hər hansı digər meyarlar, tələblər və ya prosedurlar müəyyənləşdirə bilməz. Həmin Qanunun 6.5-ci bəndinə əsasən satınalan təşkilat malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində və tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkaların cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndirir Həmin Qanunun 6.6-cı bəndinə əsasən bu Qanunun 8.1, 36.9, 44.2-ci maddələri nəzərə alınmaqla, satınalan təşkilat malgöndərənlər (podratçılar) arasında ayrıseçkilik salan meyarlar, tələblər və ya prosedurlar müəyyənləşdirmir. Həmin Qanunun 6.7-ci bəndinə əsasən satınalan təşkilat hər hansı bir anda malgöndərənin (podratçının) öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin malgöndərəni (podratçını) tenderdən kənarlaşdırır. Həmin Qanunun 6.8-ci bəndinə əsasən malgöndərənin (podratçının) öz ixtisas göstəriciləri barədə mahiyyətcə əhəmiyyətsiz dərəcədə qeyri-dəqiq və natamam verdiyi məlumat satınalan təşkilatın tələbi ilə bu Qanunda nəzərdə tutulmuş qaydada dərhal aradan qaldırıldıqda həmin malgöndərən (podratçı) tenderdən kənarlaşdırıla bilməz. Həmin Qanunun 6.9-cu bəndinə əsasən satınalan təşkilat satınalma prosedurları zamanı iddiaçının ixtisas göstəricilərini əks etdirən sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada təsdiq olunmasını və rəsmiləşdirilməsini tələb edə bilər. Həmin Qanunun 8.1-ci bəndinə əsasən dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Həmin Qanunun 8.2-ci bəndinə əsasən satınalan təşkilat malgöndərənlərin (podratçıların) satınalma prosedurlarında iştirakını dövlət mənsubiyyətinə görə məhdudlaşdırdıqda, buna əsas vermiş səbəbləri satınalma prosedurları haqqında hesabatda şərh etməlidir. Həmin Qanunun 8.3-cü bəndinə əsasən bu Qanunun 8.1-ci maddəsinin müddəalarını nəzərə almaqla, satınalan təşkilat malgöndərənləri (podratçıları) satınalma prosedurlarında iştiraka dəvət etdikdə, sonradan onları dövlət mənsubiyyətinə görə satınalma prosedurlarından kənarlaşdıra bilməz. Yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərinin məhkəmə araşdırması zamanı müəyyən olunan hallara tətbiq edərək məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti tərəfindən qanunun tələblərinin tətbiqi zamanı hər-hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçı Nümayəndə MMC nizamnamə üzrə cəmiyyətin quruluşu və strukturu Konsorsium və ya birgə müəssisə formasında olmaması müəyyən olunmuşdur. Belə olan halda iddiaçı cəmiyyətin mübahisələndirdiyi tenderdə iştirak etməsinə hər-hansı maneənin olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin hallarına məcmuu halında qiymət verərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan, iddiaçı Nümayəndə MMC-nin üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X7 Dövlət Xidməti olmaqla, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisiüzrə cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixdə elan olunmuş tender (təkliflər sorğusu) prosedurunun və nəticələrinin qanunsuz hesab edilərək ləğv olunması və həmin tenderin Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun yenidən təşkil edilməklə, iddiaçı Nümayəndə MMC-nin qeyd olunan satınalmada hüquqi şəxslər birliyi (konsorsium) və ya birgə müəssisə formasında iştirakına şərait yaradılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nümayəndə MMC-nin üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X7 Dövlət Xidməti olmaqla, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi üzrə cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixdə elan olunmuş tender (təkliflər sorğusu) prosedurunun və nəticələrinin qanunsuz hesab edilərək ləğv olunması və həmin tenderin Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun yenidən təşkil edilməklə, iddiaçı Nümayəndə MMC-nin qeyd olunan satınalmada hüquqi şəxslər birliyi (konsorsium) və ya birgə müəssisə formasında iştirakına şərait yaradılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1609/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1609/2020
16.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver