Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1801/2020 10.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İlkin iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin hüquqi varisi olan Cavabdeh MMC-dən, “xxxx” MMC ilə onun arasında bağlanılmış xx.xx.2014-cü il tarixli lisenziya müqaviləsi üzrə ödəməli olduğu 3.600.000 manat məbləğində lisenziya mükafatının, pul öhdəliyinin vaxtında icra edilməməsinə görə 216.000 manat məbləğin və dəymiş 600.000 manat məbləğində zərərin tutularaq ona ödənilməsi öhdəliyini cavadehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İdeal parfumery & cosmetics” əmtəə nişanı Azərbaycan Respublikası Standartlaşdrıma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2005 0372-35-ci sinif “İDEAL” təsvir və 2009 0846 -35, 39cu siniflər “ideal” təsvir kimi onun adına qeydə alınmışdır. Göründüyü kimi əmtəə nişanı aşağıdakı 2 sinif üçün qeydiyyata alınmışdır: 35-Reklam, biznes sahəsində menecment (satış üzrə xidmətlər); 39-Mallann qablaşdırılması və saxlanılması. Bu əmtəə nişanı ilə o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fizki şəxs kimi yaratdığı “İdeal parfumery & cosmetics” mağazalar şəbəkəsində fəaliyyət göstərmiş və bu mağazalar şəbəkəsi Azərbaycanda tanınmış brendə çevrilimişdir. xx xxxxxx 2007-ci il tarixdə isə 100% təsisçi payı ona məxsus olan “xxxx” MMC-ni təsis etmişdir. (Hüquqi varisi Cavabdeh MMC) xx.xx.2014-cü il tarixdə onunla “Lisenziat” - yəni “xxxx” MMC ( hüquqi varisiCavabdeh MMC) arasında 2009 0846 nömrəli 35 və 39cu siniflər üzrə qeydə alınmış “İDEAL perfumery & cosmetics” əmtəə nişanından istifadəyə qeyri-müstəsna lisenziya müqaviləsi əsasında “xxxx” MMC-yə (Hüquqi varisi Cavabdeh MMC) istifadəyə dair hüquq verilməsi ilə bağlı müqavilə imzalandı. Müqavilənin 8-ci bəndinə əsasən həmiin müqavilə imzalandığı tarixdən əmtəə nişanın qüvvədə olma tarixinin bitməsi müddətinə kimi bağlanırdı. Bu müqavilə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respblikası Standartlaşdrıma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 01 nömrəsi ilə qeydə alındı və bu barədə bizə bildiriş təqdim edildi. Onun yuxarıda göstərilən 2009 0846 nömrəli, xx.xx.2009-cu il tarixli əmtəə nişanına 35, 39-cu siniflər üzrə hüququ xx.xx.2019-cu il tarixə qədər qüvvədə idi. Yəni “xxxx” MMC-nin ( hüquqi varisiCavabdeh MMC) də bu əmtəə nişanına dair “lisenziat” hüququ həmin tarixədək qüvvədə idi. “xxxx” MMC bu günə qədər həmin müqavilə əsasında göstərilən əmtəə nişanından istifadə edir və fayda götürür. Müqavilənin 5-ci bəndinə əsasən lisenziya mükafatının verüməsi ödəmələr haqqında sazişə əsasən həyata keçirilir. Saziş həmin müqavilənin ayrılmaz hissəsidir və tərəflər onu rnəxH sənəd kimi qiymətləndirirlər. Həmin sazişə əsasən göstərilən əmtəə nişanından istifadə üçün lisenziat, yəni “xxxx” MMC tərəfindən ona illik 600.000 manat ödənilməli idi. Göstərilən müqavilə xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Həmin tarixdən bu günə qədər ona göstərilən lisenziya müqaviləsi əsasında ödəniməli olan mükafat ödənilməmişdir. 2017-ci ildə “xxxx” MMC-nin şikayəti əsasında əsassız olaraq həbs olundu. Bu mükafatı dəfələrlə tələb etsə də hər dəfə mükafatın ona ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi; İddiaçı əməllərində (hərəkət və ya hərəkətsizlik) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 201 və 320-ci maddələrinin cinayət tərkibi əlamətlərinin olub-olmaması faktının araşdırılması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsalandırılmışdır ki, sözügedən müqavilənin mövcudluğu barədə MMC-də ümumiyyətlə məlumat olmamışdır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bu barədə məlumatlı olmuşlar. Hesab edir ki, xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə etibarsızdır. Qeyd edir ki, əqdin təmsilçi vasitəsi ilə bağlanması üçün əsas şərt qanunla müəyyələşdirilmiş qaydada verilmiş etibarnamənin mövcud olmasıdır. Hüquqi şəxsin adından verilən etibarnamədə isə şirkətin adından onun rəhbərinin və ya nizamnamə ilə buna vəkil edilmiş digər şəxsin imzası olmalı və həmin təşkilatın möhürü vurulmalıdır. İş materiallarına əlavə edilmiş X7 verilmiş xx.xx.2014-cü il tarixli etibarnamə isə notarial qaydada şirkətin möhürü olmadan tərtib edilmişdir. Göründüyü kimi X6 “xxxx” MMC-nin adından hər-hansı əqd bağlamağa hüququ olmamışdır. Bundan başqa hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması üçün, müvafiq auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının qərarı zəruridir. Nəzərə almaq lazımdır ki, iddiaçı lizensiya müqaviləsinin hər 1 ili üçün 600.000 manat, ümumilikdə isə 3.600.000 manat pul vəsaitinin tutulmasını tələb edir. Hazırkı halda isə nə MMC-nin təsisçilərinin ümumi yığıcağının qərarı, nə də ki, auditor rəyi mövcuddur. Hesab edir ki, xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə qanuvericiliyin tələbləri pozulmaqla, “xxxx” MMC-nin (Cavabdeh MMC)nin həmin müqavilənin bağlanması barədə iradə ifadəsi mövcud olmadığından həmin müqavilə etibarsız hesab edilməlidir. Nəzərə almaq lazımdır ki, “xxxx” MMC (Cavabdeh MMC) xx.xx.2007-cu il tarixdən fəaliyyət göstərir. 2009 0846 nömrəli, xx.xx.2009-cu il tarixli əmtəə nişanı isə MMC-nin təsisçisi olmuş İddiaçı mülkiyyətində olmuşdur. Əmtəə nişanı dövlət qeydiyyatına alındığı andan təsisçi olaraq İddiaçı tərəfindən MMC-də istifadə olunmuşdur. O cümlədən iddiaçının istinad etdiyi xx.xx.2014-cü il tarixli müqavilə bağlananadək. Qanunvericilik isə təsisçinin öz mülkiyyətindən istifadə etməsini hər-hansı qaydada məhdudlaşdırmır. İddiaçı xx.xx.2017-ci il tarixdə “xxxx” MMC-də olan təsis paylarını satmış və MMCnin təsisçiliyindən çıxmış, xx.xx.2017-ci il tarixli əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilə isə qeyd olunan əmtəə nişanı “xxxx” MMC-nin mülkiyyətinə keçmişdir. Göründüyü kimi İddiaçı MMC-nin təsisçisi olduğu zaman mülkiyyətçi kimi əmtəə nişanından istifadə etmiş, MMC-nin təsisçiliyindən çıxarkən isə əmtəə nişanını “xxxx” MMC-nin adına özgəninkiləşdirmişdir. Bundan başqa hesab edir ki, iddiaçının mübahisəli müqavilənin MMC-nin məlumatı olmadan bağlaması, hazırda həmin müqaviləyə görə 3.200.000 manat məbləğində pul vəsaitini tələb etməsi və həmin müqavilə bağlanan zaman MMC-yə məxsus möhürü səlahiyyəti olmayan şəxsə verməsi İddiaçı əməllərində cinayət tərkibinin əlamətlərinin olmasına dəlalət edir. Mübahisəli saxta əqdin bağlanması zamanı qeyd olunan qaydaların pozulması və həmin əqddən istifadə edərək, Cavabdeh MMC-dən külli miqdarda pul vəsaitinin tələb etməsi halı iş materialları ilə öz təstiqini tapmışdır. Belə olan halda, İddiaçı əməllərində həm Azərbaycan Respublikası CM-nin 201-1.2-ci maddəsinin tərkib əlamətləri, həm də, 320.1 və 320.2-ci maddələrinin cinayət tərkib əlamətləri öz əksini tapır. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyrimüstəsna lisenziyanın verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi; Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi Patent Şöbəsi tərəfindən verilmiş 01 saylı xx.xx.2015-ci il tarixli Bildirişin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi; İddiaçı əməllərində (hərəkət və ya hərəkətsizlik) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 201 və 320-ci maddələrinin cinayət tərkibi əlamətlərinin olub-olmaması faktının araşdırılması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, qarşılıqlı iddia ərizəsinə əlavəni nəzərə alınmadan qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə ilkin iddia üzrə iddiaçıya qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə qarşılıqlı izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş N 2009 0846 saylı xx.xx.2009-cu il tarixli əmtəə nişanı Şəhadətnaməsindən görünür ki, həmin əmtəə nişanı İddiaçı sahibliyində olmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilədən görünür ki, lisenziar İddiaçı lizenziat “xxxx” MMC-yə xx.xx.2009-cu il tarixli N 2009 0846 nömrəli 35 və 39-cu siniflər üzrə qeydə alınmış “İdeal perfumery & cosmetics” əmtəə nişanınından istifadəyə qeyri-müstəsna lizenziya müqaviləsi əsasında istifadəyə dair hüquq vermiş; lizenziat ona lizsenziar tərəfindən verilmiş N 2009 0846 nömrəli şəhadətnamə üzrə Azərbaycan Respublikası ərazisində təqdim edilən xidmət sahəsi üzrə göstərilən əmtəə nişanı ilə nişanlamaq, müşayiətedici və işgüzar sənədlərdə istifadə etmək hüququ alır. Həmin müqavilə lisenziar İddiaçı və lisenziat “xxxx” MMC-nin adından etibarnamə əsasında X8 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 3 saylı Notariat X2 etibarnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş bildirişdən görünür ki, əmtəə nişanının sahibi İddiaçı N 2009 0846 saylı əmtəə nişanına dair istifadə hüququnu əmtəə nişanının qüvvədə olma müddətinə kimi qeyri-müstəsna lisenziya müqaviləsi əsasında “xxxx” MMC-yə verillmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilədən görünür ki, İddiaçı N 2005 0372 – 35-ci sinif “İDEAL” təsvir və N 2009 0846 – 35, 39-cu siniflər “ideal” təsvir “xxxx” MMC-nin xeyrinə özgəninkiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş N 2014 1582 saylı xx.xx.2014-cu il tarixli əmtəə nişanı Şəhadətnaməsindən görünür ki, həmin əmtəə nişanı “xxxx” MMC-nin sahibliyindədir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli müəssisədəki payın alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı nizamnamə kapitalındakı dəyəri 800.000 manat olan “xxxx” MMC-nin 25% payını MMC-nin digər təsisçisi X1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş N 2009 0846 saylı xx.xx.2009-cu il tarixli əmtəə nişanı İddiaçı sahibliyində olmuşdur. xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə ilə lisenziar İddiaçı lizenziat “xxxx” MMC-yə xx.xx.2009-cu il tarixli N 2009 0846 nömrəli 35 və 39-cu siniflər üzrə qeydə alınmış “İdeal perfumery & cosmetics” əmtəə nişanınından istifadəyə qeyri-müstəsna lizenziya müqaviləsi əsasında istifadəyə dair hüquq vermiş; lizenziat ona lizsenziar tərəfindən verilmiş N 2009 0846 nömrəli şəhadətnamə üzrə Azərbaycan Respublikası ərazisində təqdim edilən xidmət sahəsi üzrə göstərilən əmtəə nişanı ilə nişanlamaq, müşayiətedici və işgüzar sənədlərdə istifadə etmək hüququ alır. Həmin müqavilə lisenziar İddiaçı və lisenziat “xxxx” MMC-nin adından etibarnamə əsasında X8 tərəfindən imzalanmışdır. Müqavilənin 5-ci bəndinə əsasən, lisenziarın lisenziya mükafatının verilməsi ödəmələr haqqında sazişə əsasən, həyata keçirilir. Saziş hazırkı müqavilənin ayrılmaz hissəsidir və tərəflər onu məxfi sənəd kimi qiymətləndirilir. Lakin həmin saziş iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin məcəllənin 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin məcəllənin 362.5-ci maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Qanunvericilik normalarının tələblərinə əsasən, müqavilə əqd olmaqla təmsilçi vasitəsi ilə bağlana bilər. Müqavilənin bağlanması müqavilə tərəflərinin iradə ifadəsinin olması zəruridir. Təmsilçiliklə müqavilənin bağlanması üçün təmsil olunan şəxs tərəfindən təmsil edənə etibarnamə verilməlidir. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilməlidir. Hazırkı iş üzrə iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibarnamə Bakı şəhəri 3 saylı X3 İlqar İsmayıl oğlu tərəfindən X7 verilmişdir. Etibarnamənin məzmununa görə, direktoru olduğu “xxxx” MMC-nin adından notariat kontorunda nümayəndəsi olmaq, Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının verilməsi üçün qeyrimüstəsna lisenziyanın verilməsi haqqında müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi üçün lazım olan sənədləri toplamağı və təqdim etməyi, lazımi sənədlərdə imza etməyi, ərizə verməyi və digər zəruri hərəkətləri etməyi etibar etmişdir. Lakin nəzərə almaq lazımdır ki, etibarnamə üzrə etibar edən hüquqi şəxs “xxxx” ASC deyil, fiziki şəxs İddiaçı olmuşdur. Həmçinin etibarnamə MMC-nin möhürü ilə təstiqlənməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə əsasən, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmin məcəllənin 91-2.3-cü maddəsinə əsasən, Cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir. Həmin məcəllənin 91-2.4-cü maddəsinə əsasən, Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır. Göründüyü kimi cəmiyyətin icra orqanın rəhbərinin seçilməsi və ya təyin edilməsi, həmçinin kənar idarəçinin təyin edilməsi barədə cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. İş materiallarından göründüyü kimi MMC-nin icra orqanının səlahiyyətlərinin həyata keçirilməsinin X7 həvalə edilməsi ilə bağlı MMC-nin təsisçilərin ümumi yığıcağı keçirilməmiş və bu barədə qərar qəbul edilməmişdir. Buna görə də, mübahisəli müqavilə bağlanan zaman MMC-nin direktoru kimi fəaliyyət göstərən İddiaçı MMC-nin direktorunun səlahiyyətlərinin icra edilməsi ilə bağlı X7 öz adından notarial qaydada təsdiqlənmiş etibarnamə vermişdir. Bu etibarnamənin əsasında isə mübahisəli müqavilə bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 “xxxx” MMC adından Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyrimüstəsna lisenziyanın verilməsi barədə xx.xx.2014-cü il tarixli müqaviləni imzalamaq üçün səlahiyyətlərə malik olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Həmin məcəllənin 337.2-ci madəsinə görə «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən «Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə mülki hüquq normalarının tələbləri pozulmaqla bağlandığından və qüsurlu olan əqd olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia ərizəsinə münasibətdə iddia müddətinin tədbiq edilməsi ilə bağlı qarşılıqlı iddia ərizəsinə etirazla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarına əlavə edilmiş qarşılıqlı iddia ərizəsinə etirazdan görünür ki, etiraz qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənə qədər, qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinə verilmiş etirazla əlaqədar verilmişdir. Həmin etirazda həmçinin qarşılıqlı iddia ərizəsinə dair iddia müddətinin tədbiq edilməsi də, qeyd edilmişdir. İddia müddətinin tədbiq edilməsi ilə bağlı ərizə ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. X10 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunverici əqdin tərəfinin etibarsızlığa səbəb olan halları bildiyi və ya bilməli olduğu gündən əqdin mübahisələndirilməsi üçün 1 illik kəsici müddət müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəf Cavabdeh MMC-nin mübahisəli müqavilədən məlumatlı olmasını bildirsə də, və iddia müddətinin tədbiq edilməsini xahiş etsə də, buna dair məhkəməyə hər-hansı sübut təqdim etməmişlər. Belə ki, Cavabdeh MMC-nin mövqeyinə görə mübahisəli müqavilədən ilkin iddia üzrə iddiaçı iddia əriəsi ilə məhkəməyə müraciət etdikdən sonra xəbər tutmuşlar. Mübahisəli müqavilə bağlanan zaman MMC-nin direktoru və qanuni təmsilçisi ilkin iddia üzrə İddiaçı olmuşdur. Həmin müqavilə bağlanan zaman nə təsisçilərin ümumi yığıncağı keçirilmiş nə də, MMC-nin digər təsisçisinə bu barədə məlumat verilməmişdir. Bu hallardan yayınmaq üçün İddiaçı notarial qaydada saxta etibarnamə verməklə, mübahisəli saxta müqavilənin bağlanmasına nail olmuşdur. Məhkəmənin iclaslarında iştirak etmiş ilkin iddia üzrə iddiaçı tərəf qeyd olunan halları təkzib edə bilməmiş, eyni zamanda həmin halların mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlilləri məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, qarşılıqlı idda ərizəsi üzrə iddiaçının mübahisəli müqavilədən məlumatlı olması öz təsdiqini tapmır. Belə olan halda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 illik müddət qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən ötürülmüş hesab edilə bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbini tam ödədiyindən ilkin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Həmin Məcəllənin 265.5-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkar edilmədiyindən xüsusi qərardad çıxarılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair ilkin iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilənin etibarsız hesab edilməli, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə etibarsız hesab edilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1801/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1801/2020
10.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver