Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1831/2020 29.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC“ Cavabdeh” MMC-yə qarşı tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehdən qəbul edilmiş poçt xidməti üzrə göstərilən xidmətlərin dəyəri olan 2019-cu ilin mart ayı üçün 362,40 manat, aprel ayı üçün 708,15 manat, may ayı üçün 793,40 manat, iyun ayı üçün 708,77 manat, iyul ayı üçün 766,45 manat olmaqla, cəmi 3.339,17 manat məbləğində pul vəsaitinin, 69,56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faizin, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq “xxxx” MMC–nin hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (sürətli poçt daşınması xidməti “İcraçı”) ilə Cavabdeh MMC (“Sifarişçi”) arasında bağlanılan xx.xx.2018-ci il tarixli ME 76 nömrəli müqavilə əsasında iddiaçı təşkilat cavabdeh təşkilata sürətli poçt daşıması xidməti göstərmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.1-ci bəndinə görə, “İcraçı”, “Sifarişçi”dən qəbul edilmiş poçt göndərişlərini operativ olaraq Azərbaycan Respublikasının ərazisində yerləşən ünvanlara və ölkə ərazisindən kənara vaxtında və lazımi qaydada çatdırır. Müqavilənin 3.1-ci bəndinə görə, poçt xidməti üzrə tariflər tərəflər arasında razılaşdırılmış bu müqaviləyə daxil edilmiş 1 və 2 saylı Əlavələr ilə müəyyən olunur. Müqavilənin 3.5-ci bəndinə görə, ödəniş 1 ay ərzində sifarişin yerinə yetirilməsini əks etdirən təhvil-təslim akt və hesab faktura “icraçı tərəfindən təqdim edildiyi müddətdən ən geci 30 gün ərzində “icraçı”nın bank hesabına vəsait köçürülməklə aparılır. “İcraçı” tərəfindən “Sifarişçi”dən qəbul edilmiş poçt xidməti üzrə göstərilən xidmətlərin dəyəri 2019-cu ilin mart ayı üçün 362,40 manat, aprel ayı üçün 708,15 manat, may ayı üçün 793,40 manat, iyun ayı üçün 708,77 manat, iyul ayı üçün 766,45 manat, cəmi 3339,17 manat məbləğdə olmuşdur. Cavabdeh təşkilata dəfələrlə borcun ödənilməsi barədə müraciət edilsə də, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin məhkəmədənkənar həll edilməsi üçün cavabdehə xx.xx.2020-ci ildə pretenziya göndərilmiş, pretenziyanı xx.xx.2020-ci il tarixdə, saat 14.39-da almasına baxmayaraq, müraciətə hər hansı formada cavab verilməmişdir. Buna görə də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdeh tərəfindən pul məbləğinin ödənilməsi gecikdirildiyi üçün, cavabdeh gecikdirilmiş vaxt üçün illik beş faiz – 69,56 manat ödəməyə borcludur (3339,17 manat/100x5=166,96 manat/12 ay x5ay=69,56 manat). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, iddia tələbi üzrə 3339,17 manat məbləğində borcu qəbul etdiyini, lakin gecikdirilmiş vaxt üçün hesablanmış 69,56 manat məbləğində faizi və 30 manat dövlət rüsumunu qəbul etmədiyini bildirdi və iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx xxxxxx 2018-ci il tarixli, ME 76 №-li xidmət müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən icraçı “xxxx” MMC sifarişçi Cavabdeh MMCnin sifarişinə əsasən poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını və ünvan sahibinə çatdırılmasını, bu göndərişlərlə əlaqədar əlavə xidmətlər göstərməyi, sonuncu xidmət haqqını ödəməyi öz öhdələrinə götürmüşlər. - elektron qaimələrin surətindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-dən qəbul edilmiş poçt xidməti üzrə göstərilən xidmətlərin dəyəri 2019-cu ilin mart ayı üçün 362,40 manat, aprel ayı üçün 708,15 manat, may ayı üçün 793,40 manat, iyun ayı üçün 708,77 manat, iyul ayı üçün 766,45 manat olmaqla, cəmi 3339,17 manat məbləğdə olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən borcun tələbi ilə bağlı Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə olunmuş ********* saylı xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” MMC ilə CavabdehMMC arasındakı xx xxxxxx 2018-ci il tarixli, ME 76 №-li “Xidmət Müqaviləsi”nə əsasən iddiaçı “xxxx” MMC qəbul edilmiş poçt göndərişlərini operativ olaraq Azərbaycan Respublikasının ərazisində yerləşən ünvanlara və ölkə ərazisindən kənara vaxtında və lazımi qaydada çatdırmağı, Cavabdeh MMC isə göstərilən xidmətlər üçün ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən razılaşma üzrə poçt göndərişləri operativ olaraq həyata keçirilsə də, cavabdeh tərəfindən göstərilən xidmətlər üçün ödəniş edilmədiyindən sonuncunun 3339,17 manat əsas, gecikdirilmiş vaxt üçün isə 69,56 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 445.2 və 445.3-cü maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə 3339,17 manat məbləğində borcunun tutulması hissəsində iddia tələbini tam etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin sadalanan xüsusatlarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən 3339,17 manat məbləğində əsas borcun və hər gecikdirilmiş gün üçün ona hesablanmış 69,56 manat pulun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 3339,17 (üç min üç yüz otuz doqquz mant on doqquz qəpik) manat əsas borc və 69,56 (altmış doqquz manat əlli altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1831/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1831/2020
29.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver