Məhkəmə qərarları › İş №e-2-2(113)-1838/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1838/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1838/2021 02.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 164,60 m3 təşkil edən qeyriyaşayış (ofis) sahəsinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti arasında bağlanmış 17 iyul 2020-ci il tarixli, İM-18 №-li müqavilə və həmin müqavilədən yaranmış faktiki icarə münasibətlərinə görə 31 yanvar 2021-ci il tarixinə yığılmış ümumi borc üzrə ƏDV daxil 7933,09 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 7963,49 manat məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən xeyrinə tutulması barədə qənamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”, VÖEN: **********) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti (bundan sonra “Cavabdeh”, VÖEN: **********) arasında Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 164.60 m2 təşkil edən qeyri-yaşayış (ofis) sahəsinin (bundan sonra “İcarəyə Verilən Əmlak”) icarəyə verilməsi haqqında 17 iyul 2020-ci il tarixli, İM-18 №-li müqavilə (bundan sonra “İcarə Müqaviləsi”) bağlanmışdır. Məlumat üçün bildirilir ki, icarəyə Verilən Əmlak sözügedən İcarə Müqaviləsi üzrə nəzərdə tutulmuş icarə müddətinin axımının başlandığı tarixdən öncə də tərəflər arasında bağlanmış Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 04 yanvar 2018-ci il tarixli, 116 №-li Müqavilə əsasında 01 yanvar 2018-ci il tarixindən Cavabdehin uzunmüddətli istifadəsində olmuşdur. Tərəflərin qarşılıqlı razılığı ilə Qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında 04 yanvar 2018- ci il tarixli, 116 №-li Müqaviləyə 31 dekabr 2019-cu il tarixində xitam verilmişdir. Lakin Cavabdehin müraciəti əsasında İcarəyə Verilən Əmlakdan Cavabdeh tərəfindən növbəti dövr ərzində istifadənin təmin olunmasını nəzərdə tutan və icarə münasibətlərinin davam etdirilməsinə səbəb olacaq sözügedən İcarə Müqaviləsi imzalanmışdır. İcarə Müqaviləsinin 10.2-ci bəndinə əsasən icarə müddəti 01 yanvar 2020-ci il tarixindən 30 iyun 2020-ci il tarixinədək olan dövrü, yəni 2020-ci ilin birinci yarımilliyini əhatə edir. İcarə Müqaviləsinin 5.5-ci bəndinin “f” yarımbəndinə və İcarə Müqaviləsinə 17 iyul 2020-ci il tarixli, 1 saylı Əlavənin (bundan sonra “Əlavə”) 3-cü bəndinə uyğun olaraq İcarəçi müqavilə müddətini uzatmaq istəməzsə, müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış İcarəyə Verilən Əmlakı boşaldacağı haqqında İcarəyə Verənə bildiriş verməlidir. Lakin Cavabdeh İcarə Müqaviləsinin ləğv olunması barədə belə bir bildiriş təqdim etməyərək, İddiaçını müqavilənin tələblərinə uyğun qaydada məlumatlandırmaması səbəbindən, o cümlədən, Cavabdeh İcarəyə Verilən Əmlakı boşaltmayaraq, həmin əmlakdan öz işçi heyəti ilə birlikdə təyinatına uyğun ofis sahəsi kimi istifadəni davam etdirdiyindən sözügedən İcarə Müqaviləsi üzrə yaranmış icarə münasibətləri faktiki olaraq davam etmiş hesab olunur. Cavabdeh tərəfindən İcarəyə Verilən Əmlakdan İcarə Müqaviləsində müəyyənləşdirilmiş icarə müddətinin bitməsi tarixindən sonrakı dövrdə də (01 iyul 2020-ci il tarixindən - 31 yanvar 2021-ci il tarixinə qədər olan 7 (yeddi) aylıq dövrdə) təyinatı üzrə istifadə edilməsi və İddiaçının aylıq icarə haqqını ödəmək şərti ilə bu cür istifadə və sahiblik faktına öz etirazını bildirməməsi özlüyündə İcarə Müqaviləsinin onda göstərilən şərtlər əsasında hüquqi qüvvəsinin uzadılmasına hər iki tərəfin razılığının iradə ifadəsinin aydın təzahürüdür. İcarə Müqaviləsinin 5.5-ci bəndinin “d” yarımbəndinə əsasən icarə haqqını müqavilədə göstərilən qaydada vaxtında müvafiq ödəniş tarixində ödəmək İcarəçi olaraq Cavabdehin başlıca öhdəliyini təşkil edir. Əlavənin 2-ci bəndinə əsasən icarə haqqının ümumi dəyəri bütün vergi və məcburi ödənişlər daxil olmaqla, aylıq 1100 manat təşkil edir. Qeyd olunan məbləğə kommunal və digər xidmətlərə görə ödənişlər daxil deyildir. Ödəniş hesab-faktura təqdim olunan gündən 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirilməli olsa da, Cavabdeh tərəfindən bu öhdəliyin kobud pozuntusuna yol verilmişdir. İcarə Müqaviləsinin 5.1-ci bəndinin “e” yarımbəndinə əsasən İcarəçi tərəfindən icarə haqqının ödənilməsi üzürsüz səbəbdən 1 (bir) aydan çox gecikdirildiyi təqdirdə İcarəyə verən yazılı bildiriş təqdim etməklə, İcarəçi tərəfindən İcarə sahəsinin istifadəsinə və texniki xidmətlərdən yararlanmasına məhdudiyyət tətbiq etmək hüququna malik olsa da, Cavabdehin əmək münasibətlərinin tənzimlənməsi sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı olmasını, mövcud olan uzunmüddətli əməkdaşlıq münasibətlərini, əvvəlki işgüzar münasibətlər çərçivəsində icarə haqqı, həmçinin müqavilə üzrə digər ödənişlərin təmin olunmasında kobud pozuntuya yol verilməməsi halını və Cavabdeh tərəfindən yaranmış problemin mahiyyəti üzrə tez bir zamanda həll edilərək, toplanmış ödənişlərin təmin ediləcəyi barədə verilmiş vədlərini nəzərə alaraq, yazılı müqavilə imzalanmasından imtina edilməsinə, həmçinin İcarə Müqaviləsinin müddətinin uzadılmasına dair faktiki mövcud olan münasibətlərin rəsmiləşdirilməsindən yayınma halına, İcarə Verilən Əmlakın boşaldılmamasına, üstəlik İcarə Verilən Əmlakdan faktiki istifadə edilməsinə rəğmən heç bir ödəniş edilməməsinə baxmayaraq, İddiaçı tərəfindən heç bir məcburetmə tədbirinə və ya sanksiyalara müraciət olunmamışdır. Lakin göründüyü kimi Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş, İddiaçının etibarından və yaxşı niyyətindən uzun müddət ərzində sui-istifadə edilmişdir və ona xeyli miqdarda ziyan vurulmuşdur. İddiaçı tərəfindən İcarəyə Verilən Əmlakdan istifadə ilə əlaqədar faktiki icarə münasibətlərinin davam etdiyi icarə müddətinin 01 iyul 2020-ci il tarixindən etibarən olan dövrü üzrə ödənişlərin Cavabdeh tərəfindən lazımi qaydada həyata keçirilməməsi nəticəsində toplanmış borcun ödənilməsinin təmin edilməsi, həmçinin davam edən faktiki icarə münasibətlərinin real olaraq mövcud olduğu bütün dövrünü tam şəkildə əhatə edən icarə müqaviləsinin imzalanması ilə bağlı 21 dekabr 2020-ci il tarixli, FMG 01/20/512 №-li pretenziya bildirişi, o cümlədən, imzalanması təmin edilməli olan icarə müqaviləsinin layihəsi göndərilsə də, nə toplanmış icarə haqlarının ödənişi təmin edilmiş, nə də müqavilə layihəsi imzalanmışdır. Rəsmi pretenziya bildirişinə cavab olaraq isə yalnız şifahi şəkildə bildirilmişdir ki, İcarəyə Verilən Əmlakın 28 fevral 2021-ci il tarixində azad edilməsi nəzərdə tutulur, 31 dekabr 2020-ci il tarixinə kimi ödənilməmiş icarə haqqı üzrə borcun, həmçinin Cavabdehin İcarəyə Verilən Əmlakdan istifadəsinin nəzərdə tutulduğu əlavə 2 aylıq (2021-ci ilin yanvar və fevral ayları) icarə müddəti üzrə ödənişlərin hansı qaydada təmin edilməsi ilə bağlı heç bir rəsmi münasibət və mövqe bildirilməmişdir. Beləliklə, İcarəyə Verilən Əmlakın icarəsi ilə əlaqədar ödənişlərin Cavabdeh tərəfindən həyata keçirilməməsivə Cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində 31 yanvar 2021-ci il tarixi üçün icarə haqqı üzrə ƏDV daxil 7700 manat əsas borc məbləği və elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə ƏDV daxil 233,09 manat borc olmaqla, ümumilikdə ƏDV daxil 7933,09 manat borc məbləği yığılmışdır. Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə razılaşdırılmış ödəniş şərtlərinə əməl edilməməsi və yaranmış vəziyyət ilə əlaqədar hərəkətsizlik nümayiş etdirilməsi səbəbindən və son cəhd kimi mübahisənin məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə İddiaçı tərəfindən müqavilə tərəfləri arasında mövcud olan faktiki icarə münasibətlərinə xitam verilməsi və İcarə Müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə Cavabdehə 25 yanvar 2021-ci il tarixli, FMG- 01/21/018 №-li Xitam və Pretenziya Bildirişi ilə müraciət edilərək, İcarə müddətinin 31 yanvar 2021-ci il tarixi üzrə olan ödənilməmiş borc məbləğinin (7700 manat) Cavabdeh tərəfindən ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquqmühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, Cavabdehin İddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Həmçinin bildirilmişdir ki, 2021-ci ilin fevral ayı üçün də İcarə Verilən Əmlakdan Cavabdeh tərəfindən istifadənin nəzərdə tutulduğu halda, qeyd olunan borc məbləğinə fevral ayı üzrə icarə haqqı da əlavə edilməklə ödənilməsi zəruri hesab ediləcək. İcarəyə Verilən Əmlakın Cavabdeh tərəfindən bütünlükdə boşaldılaraq, Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə təhvil-təslim edilməsinin mümkün olan ən son tarixi kimi 28 fevral 2021-ci il tarixi göstərilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd olunmuş Xitam və Pretenziya bildirişinə cavab olaraq göndərilmiş 29 yanvar 2021-ci il tarixli, 21/30021215 №-li rəsmi cavab məktubunda bildirilmişdir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci (bir mənbədən satınalma metodundan istifadə şərtləri) maddəsinin tələblərinə uyğun olaraq satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) təsdiq etməsi şərti ilə istifadə edə bilər. Bir mənbədən satınalma üsulundan istifadə ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq icazə alınmadığından tərəflər arasında bağlanmış müqavilənin müddətinin artırılması və 2020-ci ilin ikinci yarımilliyi, həmçinin 2021-ci ilin yanvar ayı üçün müvafiq ödənişlərin edilməsi Cavabdeh tərəfindən mümkün olmamışdır və tərəflər arasında yaranmış mübahisənin məhkəmə müstəvisində həllinin məqsədəmüvafiq hesab edilməsi vurğulanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X5 izahatında İddiaçı MMC ilə X4 Xidməti arasında bağlanan icarə müqaviləsinə əsasən tələb olunan vəsaitin ödənilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 17 iyul 2020-ci il tarixli İM-18 nömrəli ofis icarəsinə dair müqavilədən və müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı MMC (İcarəyəverən) ixtiyarında olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 164,60 m2 təşkil edən qeyri-yaşayış sahəsini olan ofis sahəsini İcarəçiyə - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə verməyi, İcarəçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ofis sahəsinin icarəyə verəndən qəbul edilməsini və vergi və digər məcburi ödənişlər daxil aylıq 1100 manat məbləğində (həmin məbləğə kommunal və digər xidmətlərə görə ödənişlər daxil deyildir) icarə haqqını ödəməyi öhdəsinə götürür. İcarə müddəti 01 yanvar 2020-ci il tarixindən 30 iyun 2020-ci ilədək olan dövrü əhatə edir. 05 fevral 2021-ci il tarixli icarə obyektinin təhvil-təslim aktından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 164,60 m2 təşkil edən qeyri-yaşayış sahəsi icarəçi tərəfindən icarəyəverənə təhvil verilərkən ƏDV daxil 7700 manat icarə haqqı üzrə qalıq borc və ƏDV daxil 233,09 manat elektrik borcu ödənilmədiyi müəyyən edilmişdir. Aktı həm icarəyəverən həm də icarəçinin nümayəndələri tərəfindən imzalanmışdır. 29.01.2021-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti İddiaçı MMC-nin pretenziya məktubuna cavab olaraq bildirmişdir ki, “Dövlət satınalmaları haqqında” AR Qanunun 21-ci (bir mənbədən satınalma metodundan istifadə şərtləri) maddəsinin tələblərinə uyğun olaraq satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazriliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq icazə alınmadığından aralarında bağlanmış müqavilənin müddətini artırmaq və 2020-ci ilin ikinci yarımilliyi, həmçinin 2021-ci lin yanvar ayı üçün müvafiq ödənişlərin edilməsi tərəflərindən mümkün olmamışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.2.2, 700.1, 700.2-ci maddələri, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və 13-cü maddəsinin 5-ci bəndi). Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf isə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməyərək icarə haqqını ödəməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı 17 iyul 2020-ci il tarixli, İM-18 №-li müqavilə və həmin müqavilədən yaranmış faktiki icarə münasibətlərinə görə 31 yanvar 2021-ci il tarixinə yığılmış ümumi borc üzrə ƏDV daxil 7933,09 manat məbləğində pul vəsaitinin tələbi iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank komissiyası haqqı tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 164,60 m3 təşkil edən qeyri-yaşayış (ofis) sahəsinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti arasında bağlanmış 17 iyul 2020-ci il tarixli, İM-18 №-li müqavilə və həmin müqavilədən yaranmış faktiki icarə münasibətlərinə görə 31 yanvar 2021-ci il tarixinə yığılmış ümumi borc üzrə ƏDV daxil 7933,09 manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank komissiyası haqqı, cəmi ƏDV daxil 7963,49 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar