Məhkəmə qərarları › İş №e-2-2(113)-1851/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1851/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1851/2023 03.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, pulun qaytarılması, əldən çıxmış mənfəət) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçı X4, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları iştirakları ilə, İddiaçı X4 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı X7 Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16052 (on altı min əlli iki) manatın, eləcə də tərəfindən ödənilmiş 200 (iki yüz) manat mediasiya rüsumunun, o cümlədən 100 (yüz) manat hüquqi yardımın göstərilməsi ilə bağlı vəsaitin, cəmi 16352 (on altı min üç yüz əlli iki) manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 aprel 2020-ci ildə tarixində X7 (icarəyəgötürən) və Cavabdeh MMC (icarəyəverən) arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyəverən 29 ay ərzində ona məxsus “Dong Fen A30” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili icarəyə verir, o isə həmin nəqliyyat vasitəsini öz istifadəsinə qəbul edərək, ona 1 (bir) təqvim günü müddətinə icarə üçün 26 (iyirmi altı) manat verməyi öhdəliyinə götürür. Avtomobili təhvil aldıqda müqavilə şərtlərinə görə 400 manat pulu dərhal şirkətə ödəmiş, ümumilikdə isə xx.xx.2021-ci il tarixədək üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmiş və 16052 manat Cavabdeh şirkətinə onun tərəfindən pul ödənilmişdir. xx.xx.2021-ci il tarixdə onu şirkətə dəvət edərək sürücülük hüququndan məhrum edildiyi üçün avtomobili onlara təhvil verməyi bildirib, əlindən aldılar. Belə ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində guya işıqforun qadağanedici işığında hərəkəti davam etdirdiyi üçün onun barəsində inzibati protokol tərtib edilmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin sonradan həmin protokol və müvafiq qərar müvafiq məhkəmə orqanları tərəfindən ləğv edilmişdir. Həmin qərarları Cavabdeh şirkətinə təqdim etsə də, ona səbirli olmağı və avtomaşını ona geri qaytaracaqlarını dəfələrlə vəd etmiş, lakin hazırkı vaxtadək bunu etməmişlər. Sonradan bilmişdir ki, həmin avtomobili başqa bir şəxsə satmışlar, halbuki müqavilə üzrə öhdəliklərini yerinə yetirdikdən sonra sözügedən avtomobil onun mülkiyyətinə verilməli idi. Faktiki olaraq Cavabdeh şirkəti müqavilə şərtlərini heç bir səbəb olmadan birtərəfli qaydada pozmuş buna görə də 16052 (on altı min əlli iki) manatın cavabdehdən alınaraq ödənilməsi zərurəti vardır. Həmçinin, hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi 165 (yüz altmış beş) manat pul vəsaitini dövlət büdcəsinə və hüquqi yardımın göstərilməsi üçün 100 (yüz) manat məbləğində müqavilə haqqı ödəmişdir. Bu məbləğlər onun xeyrimə cavabdehdən tutulmalıdır.

3. Daha sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinə əlavə barədə verilən ərizədə qeyd olunur ki, cavabdehdən 16052 (on altı min əlli iki) manatın, eləcə də ödənilmiş 200 (iki yüz) manat mediasiya rüsumunun, o cümlədən 100 (yüz) manat hüquqi yardım göstərilməsi ilə bağlı vəsaitin, ödənilmiş 5 (beş) manat dövlət rüsumu, əldən çıxmış faydaya görə 12000 (on iki min) manat, dəymiş mənəvi ziyana görə 10000 (on min) manat, cəmi 38357 (otuz səkkiz min üç yüz əlli yeddi) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş olunur.

4. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, günəmuzd fəaliyyət növü ilə məşğuldur və ailəsini taksi xidmətləri göstərməklə saxlayır. 30 sentyabr 2021-ci ildən taksi xidmətləri göstərməkdən məhrumdur. Bu günə kimi gəlirdən tam məhrumdur və maddi cəhətdən acınacaqlı vəziyyətdə yaşayır. Başqa gəlir mənbəyi olmadığından və ailəni dolandırmaq üçün heç bir qazanc əldə bilmədiyi üçün maddi təminatı dözülməz həddə çatmışdır. Avtomobillə taksi xidmətləri göstərərkən hər gün orta hesabla 20 (iyirmi) manat gəlir əldə edirdi ki, bu da ailəsinin zəruri tələblərini ödəmək üçün yetərli idi. Hal-hazırkı dövrə qədər əldən çıxmış qazanc 12000 (on iki min) manat təşkil edir. Bu prosesin nə qədər davam edəcəyi və bundan sonra ona daha nə qədər maddi ziyan dəyərək əldə edəcəyi qazancı itirəcəkdir. Avtomobilin bu günə qədər qaytarılmaması, işləməməyi və bundan sonra da hələ neçə müddət işləməyəcəyi qeyri-müəyyən olduğu üçün, habelə qazanc əldə edə bilmədiyi və ailəsinin iqtisadi cəhətdən acınacaqlı duruma düşməsi onu mənəvi-psixoloji cəhətdən sarsıtmış və ovqatını tamamilə pozaraq səhhətində problemlər yaranmasına gətirib çıxarmışdır. Hal-hazırda avtomobilinin itirilməsi onun özünün və ailəsinin maddi durumunu pis vəziyyətə salmışdır. Eyni zamanda, avtomobilin olmaması ailəsinin və özünün sərbəst hərəkətini və istirahətini pozmuşdur. Belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməyinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanı 10000 (on min min) manat miqdarında dəyərləndirir.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60, 71, 125-ci maddələri, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 441.3, 442, 443.1, 448.1, 21.1, 21.2-ci maddələrinə istinad olunmuşdur.

6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələb və iddialarını aşağıdakı kimi sıralamaq mümkündür. İddia ərizəsində iddiaçı Cavabdeh MMC-nin müqavilə şərtlərini pozduğunu və nəqliyyat vasitəsinin icarəsi müqaviləsini əsassız olaraq ləğv etdiyini, Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyini, nəqliyyat vasitəsinin icarəsi müqaviləsinin bağlandığı 18 aprel 2020-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixinə qədər 16052 manat miqdarında icarə haqqını ödədiyini qeyd edərək ödənilmiş məbləğin (16052 manat miqdarında icarə haqqının) iddiaçıya geri qaytarılması tələbi ilə çıxış etmişdir. İddia ərizəsində qeyd edilmiş bu məqamlar işin faktiki hallarını əks etdirmir və iddiaçının tələbinin təmin olunması üçün hər hansı əsas yoxdur. Belə ki, iş üzrə təqdim edilən materiallardan aydın olur ki, iddiaçı və cavabdeh arasında 18 aprel 2020-ci il tarixli nəqliyyat vasitəsinin icarəsi müqaviləsi və həmin müqavilə ilə eyni tarix və hüquqi qüvvəli razılaşma imzalanmışdır. İcarə müqaviləsinə əsasən “DONG FENG A30” markalı nəqliyyat vasitəsi gündəlik 26 manat icarə haqqı qarşılığında icarəçiyə icarəyə verilir. Həmin müqaviləyə əlavə olan razılaşmaya əsasən iddiaçı icarəyə götürdüyü avtomobil vasitəsini Cavabdeh MMC-nin maddi-texniki resurslarından istifadə etməklə taksi xidmətlərinin göstərilməsi üçün istifadə edir və bunun qarşılığında qazanc əldə edir. Müqaviləyə əsasən icarəçi 29 ay müddətində (18 sentyabr 2022-ci il tarixədək) müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirdiyi, o cümlədən, günlük icarə haqqını, statusundan asılı olmayaraq bütün cərimələri vaxtında və qaydasında ödədiyi halda müqavilədə qeyd edilən şərtlərlə avtomobilin mülkiyyət hüququna yiyələnir. İş üzrə materiallardan aydın olur ki, qarşı tərəf icarə haqqı üzrə ödənişləri 29 sentyabr 2021-ci il tarixindən ödəməyi dayandırmışdır. Belə ki, Sumqayıt şəhəri DYPŞ tərəfindən iddiaçı barədə 2021-ci ilin 26 iyun tarixində inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Həmin inzibati tənbeh vermə haqqında qərarda nəzərdə tutulmuş inzibati cərimə 3 ay müddətində ödənməmiş, beləcə, daha sonra X7 barəsində İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İXP 44218637 nömrəli, 29 sentyabr 2021-ci il tarixli protokol tərtib olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X15 tərəfindən tərtib edilən bu protokolla sürücü sürücülük hüququndan məhrum edilmiş, müvafiq məlumat elə həmin tarixdə də SMS radar sisteminə (tətbiqinə) yüklənmiş, beləcə Cavabdeh MMC protokolun tərtib olunduğu gün etibarilə X1 hüququnun məhdudlaşdırılması barədə məlumat əldə etmişdir. Cavabdeh MMC bu məlumatı əldə etdikdən sonra avtomobilin sürücüdən alınaraq cəmiyyətin dayanacağına saxlanması ilə bağlı arayış tərtib edərək müvafiq sənədi sürücüyə təqdim etmişdir. 9 dekabr 2021-ci il tarixində sürücü ilə cəmiyyət arasında bağlanmış yuxarıda qeyd edilən müqavilələr qanunvericiliyin tələblərinə riayət edilərək, Cavabdeh MMC tərəfindən ləğv edilmiş, müvafiq bildiriş sürücüyə göndərilmişdir. Bu müddət aralığında sürücünün sürücülük hüququndan məhrum edilməsiylə bağlı məhkəmə qərarı da çıxmışdır. Daha sonra sürücü ilə cəmiyyət arasında hər hansı bir əlaqə olmamışdır. Sürücü ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə ilə eyni hüquqi qüvvəli razılaşmanın 2.2.15-ci maddəsinə əsasən cərimələrin ödənilməsi sürücünün öhdəliyidir və 7 gün ərzində protokol və cərimələrin ödənməməsi avtomaşının sürücüdən təhvil alınaraq cəmiyyətin dayanacağına saxlanması üçün əsasdır. Həmin müqavilədə bu protokol və yazılmış cərimələrin statusu (qərarlı, yaxud qərarsız olması) mübahisələndirilmir. İddiaçı vaxtilə bu müqaviləni imzalamış, onun şərtlərini qəbul etmişdir. Beləliklə, iddiaçının hal-hazırda 29 sentyabr 2021-ci il tarixli protokolla bağlı məhkəmə qərarının noyabr ayında çıxarılmasını, məhkəmə qərarı olmadan sentyabr ayında avtomaşının ondan alınıb duracağa yerləşdirilməsini əsas gətirərək protokolun icrasını mübahisələndirməsi əsassızdır. Cavabdeh MMC-nin buna müqavilə ilə hüququ olmuşdur. İddiaçı və cavabdeh arasında keçmiş hüquq və icarə münasibətləri məhz onlar arasında bağlanmış bu müqavilə ilə tənzimlənir. Sürücü ilə müqavilə qanunvericiliyə tam uyğun formada ləğv edilmiş, ləğv üçün qanuni əsaslar mövcud olmuşdur. Belə ki bağlanmış icarə müqaviləsinə əsasən nəqliyyat vasitəsi icarəçiyə bilavasitə istifadə üçün icarəyə verilir. Belə olan halda (icarəçinin icarə obyekti üzərində icarəyə vermə hüququ olmadığından, icarə obyekti ancaq istifadə üçün verildiyindən) sürücülük hüququndan məhrum edilmə icarəçinin icarə müqaviləsi ilə təsdiq olunmuş icarə obyekti üzərində istifadə hüququnu aradan qaldırır, bu zaman icarə müqaviləsinin ləğv edilməsi hüquq münasibətlərinin davam etdirilməsinə yol verilməyən hal ortaya çıxdığı üçün zəruri olur. Beləliklə, aydın olur ki, icarə müqaviləsini ləğv etmək üçün qanuni əsas mövcud olmuşdur. Müqavilənin ləğvi üçün əsasın olubolmaması mübahisə obyekti ola bilmədiyindən bundan sonra yalnız icarə müqaviləsinin ləğv edilməsi müddəti ilə əlaqədar qanunvericiliyin qoyduğu məhdudiyyətlər və tələblər mübahisələndirilə bilər ki, burada da mülki qanunvericiliyə nəzər salsaq, aydın olur ki, Cavabdeh MMC müqaviləni qanunvericiliyin tələb etdiyi ardıcıllıq və formaya uyğun ləğv etmişdir. Belə ki, icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı müddətlə əlaqədar şərtlər Mülki Məcəllə ilə müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 691-ci maddəsində nəzərdə tutulur ki, daşınar əşyaların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə istənilən gün verilə bilər. Beləliklə, aydın olur ki, iddiaçınn iddia ərizəində qeyd etdiyi hər iki məqamın əksinə, müqavilənin ləğv edilməsi üçün həm əsas olmuşdur, həm də müqavilə qanunvericiliyə uyğun formada ləğv edilmişdir. Belə olan halda nə ləğv üçün əsasın olub-olmaması, nə də Cavabdeh MMC tərəfindən müqavilənin ləğvinin müddəti ilə bağlı qanunvericiliyin tələblərinin pozulub-pozulmaması mübahisələndirilə bilər. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi Cavabdeh MMC-nin müqavilə şərtlərini pozması, müqavilə üzrə öhdəliyini yerinə yetirməməsindən də söhbət gedə bilməz. İddiaçı iddia tələbini əsaslandırmaq üçün bu məqamı əsas gətirir ki, 7 sentyabr tarixində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 26 iyun tarixli inzibati tənbeh vermə qərarı ləğv edilmişdir. Belə olan halda da, iddiaçının mövqeyinə əsasən 29 sentyabr tarixli protokol və həmin protokolla bağlı 4 noyabr tarixli məhkəmə qərarı da əsassızdır və bu 18 mart tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə də təsdiq edilir. İddiaçının mövqeyinə görə, məhkəmə qərarı ilə 26 iyun tarixli inzibati cərimə ləğv edildiyindən sürücülük hüququnun 29 sentyabr tarixində məhdudlaşdırılması ilə bağlı qərar və Cavabdeh MMC tərəfindən bu qərar əsasında müqavilənin ləğv edilməsi də əsassızdır. Cavabdeh MMC 29 sentyabr 2021-ci il tarixində sürücülük hüququnundan məhrum edilmə ilə bağlı elektron sistemə məlumat daxil olduqdan sonra sürücüyə avtomobilin dayanacaqda saxlanılması ilə bağlı arayış təqdim etmişdir. Sürücü cəmiyyətə 7 sentyabr 2021-ci il tarixli məhkəmə qərarını təqdim etməmişdir. Bu məlumatın Cavabdeh MMC-ə təqdim olunmasıyla bağlı məhkəməyə də iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Cavabdeh subyektiv olaraq ancaq 29 sentyabr 2021-ci il tarixli protokoldan xəbərdar olmuş və bu məlumata yiyələndikdən sonra avtomobili sürücüdən alaraq cəmiyyətin dayanacağına yerləşdirmişdir. Həmin ilin dekabr ayında isə müqavilə ləğv edilmişdir. Bu müddət ərzində iddiaçı tərəfindən cəmiyyətə hər hansı məlumat təqdim olunmamışdır. Əgər Cavabdeh MMC 7 sentyabr 2021-ci il tarixli məhkəmə qərarından xəbərdar olsaydı belə, bir-birini təkzib edən iki hüquqi aktın yaratdığı mübahisəli vəziyyətin həllinə qədər avtomobilin duracaqda saxlanılması ən adekvat hərəkət olardı və bir-birinə zidd iki aktın yaratdığı bu vəziyyətə məhkəmə tərəfindən Mülki Məcəllədə nəzərdə tutulmuş anlayışlardan biri kimi – hüquq münasibətlərinin davam etdirilməsinə yol verməyən hal olaraq hüquqi qiymətləndirilmə verilməlidir. Cavabdeh MMC-nin 7 sentyabr 2021-ci il tarixli məhkəmə qərarından xəbərdar olmaması sübutlarla öz təsdiqini tapsa belə, bunun əksinin fərz edildiyi durumda da mövcud problemli hüquqi vəziyyətin aradan qaldırılması, yaxud hüquq-mühafizə orqanlarının yaratdığı bu problemli vəziyyətə hüquqi qiymət vermək Cavabdeh MMC-nin öhdəliyi olmazdı və yaranmış problemli vəziyyətin icarəçi tərəfindən həll edildiyi və aydınlaşdırıldığı son ana qədər cəmiyyət öz mənafeyinə uyğun şəkildə davranmaqda, avtomobili sürücüdən təhvil alaraq dayanacaqda saxlamaqda haqlı olardı. Bir-birini təkzib edən iki hüquqi aktla bağlı məlumata sahib olduqda yaranmış halın aydınlaşdırılması icarəyəverənin öhdəliyi deyil və iddiaçınıın halhazırda cavabdehdən bunu tələb etməsi, yaxud məhkəmənin həmin ziddiyətli məlumatlara sahib olduqdan sonra icarəyəverənin müvafiq hərəkətləri etməsini, məsələni aydınlaşdırmasını onun üçün öhdəlik olaraq müəyyənləşdirməsi əsassızdır. Müqavilənin ləğvində icarəyəverənin təqsirindən danışmaq, öhdəliyini yerinə yetirmədiyini irəli sürmək, hətta Cavabdeh MMC-nin 7 sentyabr 2021-ci il tarixli qərardan xəbərdar olması halında belə əsassızdır. Halbuki, iş üzrə təqdim edilmiş sübutlar göstərir ki, iddiaçı tərəfindən cəmiyyətə bu barədə hər hansı məlumat verilməmiş və bunu təsdiq edən sübutlar da məhkəməyə təqdim olunmamışdır. Mülki prosessual qanunvericiliyə əsasən məhkəmə yalnız təqdim edilmiş sübutlar əsasında işə baxır. İddiaçı 7 sentyabr 2021-ci il tarixli qərarla cəmiyyəti tanış etdiyini iddia edirsə, bu halda müvafiq sübutu məhkəməyə təqdim etməlidir. Əks halda iddiası sübut edilmədiyi üçün əsassız hesab olunmalıdır. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, əgər Cavabdeh MMC bu ziddiyətli halla bağlı məlumata malik olsaydı belə, vəziyyəti aydınlaşdırmaq öhdəliyi ona aid olmazdı, əksinə, bu durumda avtomobilin sürücüyə icarəyə verilməyə davam etdirilməsi cəmiyyətin mənafeyinə zərər vurma ehtimalını da ehtiva edərdi. İstənilən halda, yaranmış vəziyyətlə bağlı Cavabdeh MMC-nin heç bir məsuliyyəti və öhdəliyi yoxdur, habelə, cəmiyyət yaranmış və ona məlum olan vəziyyətə tam uyğun hərəkət etmiş, qanunvericiliyə uyğun davranmışdır. Cavabdeh MMC malik olduğu, ona hüquq-mühafizə orqanları vasitəsiylə verilən məlumata uyğun davranmışdır və hüquq-mühafizə orqanlarının bir-birini təkzib edən iki hüquqi akt çıxarması, yanlışılığa yol vermiş olması faktına, onların işindəki qüsura görə Cavabdeh MMC-nin bununla bağlı bu və ya digər mənada təqsirli bilinməsi qəbuledilməzdir, bu orqanların işindəki qüsura görə Cavabdeh MMC məsuliyyət daşıya bilməz. Obyektiv cəhətdən hüquq mühafizə orqanları zidd iki hüquqi akt çıxarmışsa da, işin subyektiv cəhəti bundan ibarət olmuşdur ki, cəmiyyət ancaq bir məlumata malik olmuş və malik olduğu həmin məlumatla çıxış etmişdir. Cəmiyyətin SMS-radar tətbiqindən bu və ya başqa məlumatı əldə etdikdən sonra polis orqanlarının çıxardığı bu protokolun qanunauyğunluğunu hərtərəfli yoxlamaq, hüquq-mühafizə orqanlarının işini təftiş etmək kimi bir öhdəliyi və ya vəzifəsi yoxdur və baş vermiş qüsura görə ancaq səbəbkarlar məsuliyyət daşıya bilər. Hər bir subyekt ona məlum olan informasiya və hala uyğun hərəkət edir - cəmiyyətə ancaq 29 sentyabr 2021-ci il tarixli protokol məlum olmuş, bundan sonra müvafiq hərəkətləri etmiş, daha sonra həmin ilin dekabr ayında müqaviləni ləğv etmişdir. Bu müddət ərzində və iddiaçı tərəfindən göndərilmiş 8 avqust 2022-ci il tarixli xəbərdarlığa qədər iddiaçı cəmiyyətə hər hansı məlumat verməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, vəziyyət bundan ibarətdir ki, subyektiv olaraq, Cavabdeh MMC-nin bu məlumata sahib olub-olmamasından, müvafiq məlumatın iddiaçı tərəfindən cavabdehə təqdim edilib-edilməməsindən asılı olmayaraq obyektiv şəraitdə baş vermiş hadisəyə görə cəmiyyət hər hansı məsyliyyət daşımır. İşin halları da bunu təsdiq edir ki, iddiaçı tərəfindən sözügedən 29 sentyabr 2021-ci il tarixli məhkəmə qərarı cəmiyyətə təqdim edilməmişdir. Buna dair dəlil araşdırılan məhkəmə sübutları arasında da yoxdur. Məhkəməyə təqdim edilmiş sübutlar arasında isə iddiaçı tərəfinindən cavabdehə hər hansı məlumatın ötürülməsini təsdiq edən yalnız bir sənəd var: 8 avqust 2022-ci il tarixli xəbərdarlıq məktubu və həmin məktubun göndərilməsini təsdiq edən çek. Həmin məktub isə 18 mart 2022-ci il tarixli apellyasiya qərarını cəmiyyətin nəzərinə çatdırmaqla müvafiq qərarın çıxarılmasından 4 ay sonra Cavabdeh MMC-yə təqdim olunmuşdur. Qeyd etmək istəyirik ki, həmin tarix etibarilə müvafiq nəqliyyat vasitəsi artıq yanvar ayından etibarən başqa bir sürücüyə icarə müqaviləsi ilə icarəyə verilmişdir. Hal-hazırda sözügedən avtomaşın bu ilin fevral ayından etibarən başqa sürücü tərəfindən icarəyə götürülmüşdür. Sürücü ilə icarə müqaviləsi 2021-ci ilin dekabr ayında ləğv edilmişdir ki, bu da sürücülük hüququndan məhrum edilmə ilə bağlı protokolun tərtib edilməsindən 3 ay, həmin protokolla bağlı məhkəmə qərarının çıxarılmasından isə 1 ay sonraya təsadüf edir. Yaranmış mübahisəli vəziyyət öz yekun həllini ancaq 18 mart 2022-ci il tarixində tapmışdır. Yalnız həmin tarixdən sonra sürücünün sürücülük hüququ bərpa olunmuşdur. Həmin tarixə qədər Cavabdeh MMC ancaq 29 sentyabr 2021-ci il tarixli protokol və 4 noyabr 2021-ci il tarixli məhkəmə qərarında nəzərdə tutulmuş məlumata sahib olmuşdur.Tələb yanlış qoyulmuş və əsassızdır. Belə ki, iddia ərizəsində iddiaçı tərəfindən icarə müddəti ərzində ödənilmiş olduğu iddia edilən 16052 manat miqdarında pul vəsaiti tələb edilmişdir. İcarə müddəti ərzində iddiaçı tərəfindən 16052 manat yox, 12159 manat vəsait ödənmişdir. İddiaçının bu məbləği necə müəyyənləşdirdiyi qeyri-müəyyəndir. Belə ki, icarə müqaviləsinin bağlandığı 18 aprel 2020-ci il tarixindən ləğv edildiyi 29 sentyabr 2021-ci il tarixinə qədər olan günləri günlük icarə haqqı kimi müəyyənləşdirilən 26 manata vurulsa belə, cəmi məbləğ yenə 16052 manat etmir. İddia tələbindəki məbləğlə əlaqəli nəzərə alınmalı olan bir digər məqam da bundan ibarətdir ki, iddiaçı heç də icarə müddətinin bütün təqvim günlərində avtomobilin icarəsinə görə ödəniş etməmişdir, ödənişlər ancaq taksi xidmətlərinin göstərildiyi günlərə görə edilmişdir ki, həftəsonlarını, pandemiya dövrü ərzində məhdudiyyətləri və s. digər amillər nəzərə alınsa, iddiaçı tərəfindən icarə haqqı olaraq 12159 manat vəsait ödənmişdir. Hansı ki, bu da məhkəməyə təqdim olunmuş maliyyə arayışı ilə də sübut olunur. İstənilən halda, ödənilmiş icarə məbləğinin nə qədər olmasından asılı olmayaraq, geri qaytarılması mülki qanunvericiliyin tələblərinə və tərəflər arasındakı müqaviləin şərtlərinə zidd olmaqla birlikdə, tələbin qarşılanması üçün heç bir əsas yoxdur. Belə ki, qarşı tərəf icarə müqaviləsi əsasında icarə obyektini icarəyə götürmüş və 26 manat icarə haqqı qarşılığında icarə müddəti ərzində avtomobili faktiki olaraq istifadə etmişdir. Həmin müddətdə icarə obyekti iddiaçının istifadəsində olmuş, habelə, iddiaçı Cavabdeh MMC-nin resurslarından istifadə etməklə həmin avtomobillə taksi xidmətləri göstərmiş, bunun qarşılığında da qazanc əldə etmişdir. İcarə obyekti icarə müddəti ərzində tam istifadə edildiyindən və iddiaçı Cavabdeh MMC-yə qanuni əsaslarla aid olan avtomobil üzərindən gəlir əldə etmiş olduğundan hal-hazırda ödənmiş icarə haqqının qaytarılması üçün əsas yoxdur. Mülki qanunvericiliyinə əsasən pulun geri tələb edilə bilməsi üçün öhdəlikdən kənar ödənilmiş olması lazımdır. Halbuki, sözügedən məbləğ icarə müqaviləsinə əsasən icarə haqqı və icarəçinin öhdəliyi kimi ödənmişdir. Bu zaman ancaq o halda pulun geri qaytarılması tələbi əsaslı ola bilərdi ki, Cavabdeh MMC əsassız varlanmış olsun, yəni icarə haqqını avtomobili icarəçiyə təqdim etmədən almış, icarəçi isə avtomobili istifadə etmədən icarə haqqı ödəmiş olsun. Halbuki Cavabdeh MMC icarə müddəti ərzində avtomobili sürücüyə təqdim etməklə müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, sürücü isə öz öhdəliyi kimi bunun üçün icarə haqqı ödəmişdir. Hal-hazırda iddia tələbi olaraq həmin məbləğin müəyyənləşdirilməsi yanlışdır. Əgər ödənmiş icarə haqqı bu və ya digər səbəbdən icarəçiyə geri qaytarılsa, bu, əsassız varlanma hesab olunmalı və icarəyəverənin qanuni mənafeyinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, belə olan halda avtomobil icarə müddəti ərzində qarşılıqsız və əvəzsiz şəkildə icarəçiyə icarəyə verilmiş, icarə müddəti ərzində icarəçi tərəfindən əvəzsiz olaraq istifadə edilmiş olacaq. Bu isə birbaşa olaraq Cavabdeh MMC-nin hüquq və mənafeyinin pozulması olmaqla yanaşı, mülki qanunvericiliyə də ziddir. İddia tələbinin qarşılanması həmçinin hüququn ümumi prinsiplərinə də ziddir. Habelə, həmin avtomobil hal-hazırda başqa bir şəxsə müqavilə ilə icarəyə verilmişdir. Bir subyektin hüquqlarının üçüncü şəxsin hüquqlarının pozularaq təmin edilməsi yolverilməzdir. Həmçinin, aydındır ki, qarşı tərəf obyektiv səbəblərdən icarə müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam həcmdə icra etməmişdir. Avtomobil üzrə mülkiyyət hüququna yiyələnmə şərti icarə haqqının 29 ay müddətində ödənməsi kimi müəyyənləşdirilsə də, qarşı tərəf icarə haqqını 17 ay müddətində ödəmişdir. Bu halda, hər nə qədər sürücü iddia ərizəsində belə bir iddia tələbi irəli sürməsə də, avtomobilin mülkiyyət hüququnun iddiaçıya verilməsi üçün də əsas yoxdur. İş üzrə əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçının tələbi əsassızdır və iddia ərizəsində göstərilən tələb təmin olunmamalıdır.

7. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş etiraza yazılı münasibət təqdim edərək qeyd etmişdir ki, cavabdeh sübutun predmetini düzgün müəyyən etməmişdir. Cavabdeh sübut etmək istəyir ki, avtomobili əlindən alınmasından sonra onun barəsində inzibati tənbeh tətib etməsi barədə protokol və müxtəlif qərarlar mövcuddur. Əksinə, cavabdeh ona sübut etməlidir ki, o, müqavilədən gələn öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh işə aidiyyəti olmayan sübutlar təqdim etməyə çalışır. Sübutun predmetini düzgün müəyyən etməməsi başqa mübahisənin həllinə gətirib çıxarır. Bu halda məhkəmə qərarı nəinki qanunsuz, əsassız hesab edilə bilər, hətta mülki məhkəmə icraatının məqsəd və vəzifələrinə uyğun gəlmədiyi üçün mənasız olar.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə əlavəyə etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizədə 12000 manat miqdarında əldən çıxmış gəlir tələb etmişdir. İddiaçı avtomobilin ondan təhvil alınıb duracağa yerləşdirildiyi (razılaşmanın 2.2.15-ci maddəsi) andan etibarən taksi fəaliyyəti ilə məşğul ola bilmədiyini qeyd edir. İlk olaraq, avtomobil sürücüdən müqavilənin şərtlərinə uyğun qaydada təhvil alındıqdan sonra iddiaçı gəlir əldə etmə imkanından məhrum olmamışdır. İddiaçı əlavə iddia ərizəsində taksi fəaliyyəti ilə məşğul ola bilmədiyini qeyd etsə də, bunun obyektiv səbəblərini və zəruriliyini sübutlarla əsaslandırmamışdır. İddiaçı bu və ya digər fəaliyyətlə məşğul olma imkanından məhrum olmamışdır. İşin hallarından və indiyə qədər təqdim olunmuş materiallardan aydın olur ki, avtomobil sürücüdən qanuni əsaslarla təhvil alınmışdır. İddiaçı 7 sentyabr 2021-ci il tarixli məhkəmə qərarını Cavabdeh MMC-yə təqdim etməmişdir. Bunu iddia etsə də, onun bu iddiasını təsdiq edəcək sübut da məhkəməyə təqdim olunmamışdır. Beləliklə, avtomobilin sürücüdən təhvil alınması baş vermə anı etibarilə tamamilə qanuni olmuşdur. Bu səbəbdən həmin tarixdən sonra iddiaçının sürücülük fəaliyyəti ilə məşğul ola bilməməsinə görə Cavabdeh MMC-nin heç bir öhdəliyi yoxdur. Mülki qanunvericiliyə əsasən əldən çıxmış fayda tələbi o halda əsaslı hesab olunur ki, öhdəliyin icra edilməməsi ilə yaranmış olsun. ”Ulduz Taksi” MMC avtomobili sürücüdən təhvil almaqda haqlı olmuşdur, bununla nə müqavilə şərtlərini, nə də qarşı tərəfin hüquqlarını pozmuşdur. Habelə, iddiaçı günə 20 manat miqdarında təmiz gəlir əldə etdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə ancaq ona təqdim edilmiş sübutlara əsasən işə baxır. İstənilən halda, 30 sentyabr 2021-ci il tarixində avtomobilin təhvil alınması üçün əsaslar olmuşdur və Cavabdeh MMC-nin bu hərəkəti müqavilə və qanunvericiliklə nəzərdə tutulduğundan buna görə məsuliyyət daşıması istisna olunur. Beləliklə, aydın oldu ki, iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi bir neçə məqam üzrə əsassızdır. Həmçinin, yuxarıda qeyd edilən səbəblərə əsasən iddiaçının mənəvi zərərlə bağlı tələbi də əsassızdır. İddiaçı mənəvi zərərin miqdarını hansı amillərə əsasən necə müəyyənləşdirərdiyini qeyd etməmişdir. Həmçinin səhhəti ilə bağlı hər hansı sübut da məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı, şəxsin xəstəliyi ilə bağlı durumun 30 sentyabr 2021-ci il tarixi ilə əlaqə və bağlılığını sübut etmək vəzifəsi iddiaçının üzərindədir və bununla bağlı da məhkəməyə sübut təqdim olunmamışdır. Tələbin qoyulmasındakı bütün bu boşluq və çatışmazlıqlardan savayı, məhz yuxarıda işin halları ilə bağlı qeyd edilən məqamlara əsasən aydın olur ki, Cavabdeh MMC iddiaçının bu və digər tələbi üzrə öhdəlik daşımır. Ödənilmiş icarə haqqının avtomobili faktiki olaraq istifadə etmiş olmasına rəğmən sürücüyə geri qaytarılması tələbi əassız olduğu kimi irəli sürülən digər tələblər də əsassızdır. Məhkəməyə daha əvvəl təqdim olunmuş materiallardan avtomobilin sürücüdən təhvil alınması üçün əsasların olması, müqavilənin qanunvericilyə uyğun şəkildə ləğv edilməsi, sürücünün 30 sentyabr 2021-ci il tarixli məhkəmə qərarı ilə cəmiyyəti tanış etməməsi, bununla bağlı sübutların da məhkəməyə təqdim olunamması və s. aydın olur ki, bütün bu hallar Cavabdeh MMC-nin iddiaçının bu və digər tələbi üzrə öhdəliyini istisna edir.

Tədqiq olunan sübutlar:

9. İddiaçı məhkəmə iclasında iddia ərizəsində və digər ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.

11. İş materiallarından görünür ki, icarəyəverən olaraq Cavabdeh MMC ilə icarəçi X7 arasında 18 aprel 2020-ci il tarixli, 762/İ nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən qanuni əsaslarla ona məxsus olan “DONG FENG A30” markalı minik nəqliyyat vasitəsini icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün (müvafiq icra hakimiyyəti orqanından VÖEN almaqla lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü) öz istifadəsinə qəbul edir. Müqavilənin 1.2-ci bəndinə əsasən icarə müqaviləsi üzrə əldə edilən icarə obyektinin qiyməti 22620 manat təşkil edir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində qeyd edilmiş nəqliyyat vasitəsini icarəyəverənə 400 manat depozit olmaqla 300 manat nağd ödəyir, qalıq borcu 100 manat xx.xx.2020-ci il tarixində ödəməyi öhdəliyinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsinin 1 (bir) təqvim günü müddətinə icarəsi üçün icarəyəverənə 26 manat məbləğində icarə haqqı ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə 29 ay müddətinə, 18 aprel 2020-ci il tarixindən 18 sentyabr 2022-ci il tarixinədək bağlanır. Müqavilənin 5.3-cü bəndinə əsasən icarəyə verilmiş avtonəqliyyat vasitəsi icarəçiyə təhvil verildikdən sonra, (bir) il qeydşərtsiz icarədə qalmalıdır. İcarəçi 1 (bir) il müddətdən öncə müqavilənin pozulmasına təşəbbüs göstərərsə, depozit məbləği geri qaytarılmır. İcarəçi 1 (bir) il müddətdən sonra, müqavilənin pozulması təşəbbüsü ilə çıxış edərsə, bu barədə 1 (bir) ay öncə icarəyəverəni xəbərdar etməlidir, bu halda depozit məbləği geri qaytarılır.

12. 18 aprel 2020-ci il tarixli nəqliyyat vasitəsinin icarəsi müqaviləsinə 0030/İR saylı razılaşmanın 2.2.15-ci maddəsinə əsasən avtomaşın protokol və ya mmx cərimələrinə (qərarlı və ya qərarsız) düşdüyü andan, "İcarəçi" tərəfindən cərimə məbləğləri 7 (yeddi) gün ərzində ödənilməlidir. Əks halda depozit qaytarılmır, avtomaşın “İcarəçi" dən alınır müqaviləyə xitam verilir.

13. xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və cərimə olunmuşdur.

14. xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X2 Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

15. Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 3(060)-2790/2021 saylı qərarına əsasən Sumqayıt şəhər Polis İdarəsi Dövlət X13 Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X9 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilmişdir.

16. Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 3(060)-3471/2021 saylı qərarına əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)184/2022 saylı qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 3(060)-3471/2021 saylı qərarı ləğv olunmuş və X7 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

18. Cavabdeh MMC-nin arayışından görünür ki, Cavabdeh MMC-yə məxsus olan “DONG FENG A30” markalı, **-PL-*** nömrəli avtomaşının müqavilə əsasında sürən X1 vəsiqəsi məhrum edilmiş və bunun əsasında avtomaşın Cavabdeh MMC-nin dayanacağında saxlanılmışdır.

19. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli maliyyə arayışında görünür ki, X7 "Dong Feng" markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair Cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsinin şərtlərinə görə (həmin müqavilənin 2.1.2; 3.1; 4.1 ci bəndlərinə müvafiq), X3 xx.xx.2020-ci il tarixdən 29 (iyirmi doqquz) ay müddətinə, icarəyəverən "xxxx" MMC-yə 1 (bir) təqvim günü üçün icarə haqqı olaraq 26 (iyirmi altı) manat məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə bağlandığı tarixdən, xx.xx.2021-ci il tarixinədək ümumilikdə 12159 (on iki min bir yüz əlli doqquz) manat icarə haqqı ödəmişdir. X3 xx.xx.2021 tarixdən icarə haqqı ödənişini dayandırmışdır.

20. X7 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 16052 manat məbləğində pulun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

21. İcarəyəverən olaraq Cavabdeh MMC ilə icarəçi X8 arasında 20 fevral 2023-cü il tarixli, 0030/İ nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh MMC-yə məxsus olan “DONG FENG A30” markalı, **-PL- *** nömrəli nəqliyyat vasitəsi X5 icarəyə verilmişdir.

22. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, daha sonra icarə münasibətlərinə xitam verilmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

25. Əvvəla, nəzərə alınmalıdır ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

26. Hazırkı iddia tələbinin bir hissəsi cavabdehdən 16052 manat məbləğində pulun tutulmasından ibarətdir.

27. İddia tələbinin həmin hissəsinə münasibətdə qeyd olunur ki, tərəflər arasında 18 aprel 2020-ci il tarixli, 762/İ nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icarəyəverən minik nəqliyyat vasitəsini icarəyə vermiş, icarəçi isə həmin nəqliyyat vasitəsini taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü öz istifadəsinə qəbul etmiş və avtomobilin onun istifadəsində olduğu müddətdə icarə haqlarını ödəmişdir. Avtomobilin iddiaçının istifadəsində olduğu müddətdə icarə haqlarının tam ödənilməsi işin mübahisəsiz halıdır. Həmin müddət ərzində icarə haqlarından əlavə məbləğlərin ödənilməsi halı müəyyən edilməmişdir. İddia tələbi ödənilmiş icarə haqqının geri qaytarılması hissəsində təmin edilə bilməz. Belə ki, iddiaçı icarə predmetindən istifadə etmiş və onun qarşılığında icarə haqlarını ödəmişdir.

28. İddiaçı qeyd etmişdir ki, iddia tələbində qeyd olunan məbləğin 400 manat hissəsi nəqliyyat vasitəsinin icarə müqaviləsinin 2.2.1-ci bəndinə uyğun olaraq ödənilmiş depozit məbləğidir. Məhkəmə hesab edir ki, tərəflər arasında icarə münasibətlərinə xitam verildiyindən, 400 manat məbləğində depozit cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır. Belə qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 3(060)-3471/2021 saylı qərarı ləğv olunmuş və X7 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin cavabdehdən 16052 manat məbləğində pulun tutulmasına münasibətdə belə qənaətə gəlir ki, iddia həmin hissədə qismən təmin olunmalı, Cavabdehndən 400 (dörd yüz) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır.

29. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 12000 manat, dəymiş mənəvi ziyana görə 10000 manat məbləğində pulun cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, tələbin həmin hissəsi ilə bağlı, həmin hissəyə dair iddia ərizəsində göstərilən hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, iddia həmin hissələrdə də rədd olunmalıdır.

30. Eləcə də, iddiaçı 200 manat mediasiya haqqının, 5 manat məbləğində dövlət rüsumunun və 100 manat məbləğində vəkil xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

31. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən mediasiyaya ödənilmiş 100 və hüquqi yardım xərci olan 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən 400 (dörd yüz) manat pul vəsaiti, 100 (yüz) manat mediasiya xərci və 50 (əlli) manat hüquqi yardım xərci olmaqla, cəmi 550 (beş yüz əlli) manat məbləğində pul iddiaçı X4 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar