Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1921/2020 29.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “X3 İnvestisiya Korporasiyası” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı MMC cavabdeh “X3 İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3 İnvestisiya Korporasiyası” ASC-dən 152.000 (bir yüz əlli iki min) manat icarə haqqının, gecikdirilmiş müddət üçün 15.200 (on beş min iki yüz) manat cərimənin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 167.230 (bir yüz altmış yeddi min iki yüz otuz) manat məbləğində pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3 İnvestisiya Korporasiyası” ASC-dən ƏDV daxil olmaqla 176.000 ( bir yüz yetmiş altı min) manat icarə haqqının, gecikdirilmiş müddət üçün 15.200 (on beş min iki yüz) manat cərimənin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 191.230 (bir yüz doxsan bir min iki yüz otuz) manat məbləğində pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X3 İnvestisiya Korporasiyası” ASC arasında QSZİ 250/1118 saylı, xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, iddiaçı (icarəyə verən) ona məxsus olan və müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə göstərilən tərkibdə, avadanlıqlar, eləcə də digər əsas vəsaitlər daxil olmaqla, Bakı şəhəri, Zığ qəsəbəsi ərazisində yerləşən Beton istehsalı zavodunu (bundan sonra “Beton zavod” adlanacaq) icarə məqsədi ilə cavabdehin (icarəçinin) müddətli istifadəsinə verməyi, icarəçi isə müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək, Beton zavod cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh Müqavilənin 2.1ci bəndində nəzərdə tutulmuş aylıq icarə haqqını (ƏDV daxil - 8.000 manat) hal-hazıra kimi iddiaçıya ödəməmişdir. Odur ki, cavabdehin iddiaçıya cari tarixə ƏDV daxil olmaqla 152.000 (bir yüz əlli iki min) manat ödənilməyən icarə haqqı borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilərək icarə haqqının ödənilməsi tələb edilsə də, cavabdeh borcun ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Müqavilənin 2.1-ci bəndinə görə, aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən ƏDV daxil olmaqla 8 000,00 AZN (səkkiz min manat, 00) müəyyən olunur. Müqavilənin 2.3-cü bəndinə görə, icarə haqqını icarəçi hər 3 ayda 1 dəfə, həmin kvartalın (3 aylıq müddətin) ilk 5 (beş) günü ərzində İcarəyə verənə əvvəlcədən ödəməyi öhdəsinə götürür.Tərəflər arasında bağlanmış Müqavilənin 5.3-cü bəndinə uyğun olaraq, cavabdehdən ödənilməyən icarə haqqı borcu ilə yanaşı, cərimə də tutulmalıdır. Müqavilənin 5.3-cü bəndinə görə, icarəçi icarə haqqını müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə, hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1% miqdarında icarəyə verənə cərimə ödəyir. Beləliklə, cavabdehin müqavilə üzrə yaranmış icarə haqqı borcunu ödəməməsi iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə əsas yaratmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 oğlu iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı MMC ilə “X3 İnvestisiya Korporasiyası” ASC-nin təsisçiləri eyni şəxs olmuş, bağlanmış müqavilə formal xarakter daşıyaraq icra olunmamış, heç bir təhvil –təslim həyata keçirilməmiş, “X3 İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsi kimi təhvil-təslim aktına imza etmiş şəxs ASC-nin işçisi və ya səlahiyyətli nümayəndəsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınmasını iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: -xx xxxxxx 2018-ci il tarixli QSZİ 250/1118 nömrəli icarə müqaviləsindən görünür ki, iddiaçı (icarəyə verən) ona məxsus olan və müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə göstərilən tərkibdə, avadanlıqlar, eləcə də digər əsas vəsaitlər daxil olmaqla, Bakı şəhəri, Zığ qəsəbəsi ərazisində yerləşən Beton istehsalı zavodunu müddətli icarəyə vermişdir. -Həmin müqavilənin 2.1-ci bəndinə görə, aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən ƏDV daxil olmaqla 8 000,00 AZN (səkkiz min manat, 00) müəyyən olunur. -Həmin müqavilənin 4.1-ci bəndinə görə, Beton Zavodun təhvil verilməsi hər iki tərəfdən səlahiyyətli şəxsin imzası ilə tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir. -Həmin Müqavilənin 2.3-cü bəndinə görə, icarə haqqını icarəçi hər 3 ayda 1 dəfə, həmin kvartalın (3 aylıq müddətin) ilk 5 (beş) günü ərzində icarəyə verənə əvvəlcədən ödəməyi öhdəsinə götürür. -Həmin Müqavilənin 5.3-cü bəndinə görə, icarəçi icarə haqqını müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə, hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1% miqdarında icarəyə verənə cərimə ödəyir. -xx xxxxxx 2018-ci il tarixli QSZİ 250/1118 nömrəli icarə müqaviləsinə 1 saylı əlavədən görünür ki, icarəyə götürülən Beton Zavod ilə birlikdə “X3 İnvestisiya Korporasiyası” ASC-yə 17 adda avadanlıq və digər əsas vəsait icarəyə verilmişdir.Müqaviləyə əlavə cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. -Seriya EAAP 428141 nömrəli xx.xx.2019-ci il tarixli,seriya EAAT 424329 nömrəli xx.xx.2019-ci il tarixli, seriya EAAT 424360 nömrəli xx.xx.2019-ci il tarixli, seriya EAAT 424517 nömrəli xx.xx.2019-ci il tarixli,seriya EAAU 779163 nömrəli xx.xx.2019-ci il tarixli seriya EAAY 281880 nömrəli xx.xx.2019-ci il tarixli, seriya EAAY 282074 nömrəli xx.xx.2019-ci il tarixli, seriya EAAY 282176 nömrəli xx.xx.2019-ci il tarixli, seriya EAAZ 288028 nömrəli xx.xx.2019-ci il tarixli, seriya EBAA 965413 nömrəli xx.xx.2019-ci il tarixli,seriya EBAC 190609 nömrəli xx.xx.2019-ci il tarixli, seriya EBAD 434862 nömrəli xx.xx.2019-ci il tarixli, seriya EBAE 898648 nömrəli xx.xx.2020-ci il tarixli, seriya EBAG 035333 nömrəli xx.xx.2020-ci il tarixli, seriya EBAH 216170 nömrəli xx.xx.2020-ci il tarixli, seriya EBAİ 614944 nömrəli xx.xx.2020-ci il tarixli, seriya EBAJ 528342 nömrəli xx.xx.2020-ci il tarixli, seriya EBAK 650847 nömrəli, seriya EBAM 005301 nömrəli xx.xx.2020-ci il tarixli,seriya EBAN 355591 nömrəli xx.xx.2020-ci il tarixli ,seriya EBAP 507240 nömrəli xx.xx.2020-ci il tarixli, seriya EBAQ 850647 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələrdən görünür ki, qeyd edilən aylar üzrə 250/1118 saylı müqavilə əsasında icarə xidməti üzrə məbləğ 8000 manat təqdim edənİddiaçı MMC alıcı “X3 İnvestisiya Korporasiyası” ASC olmaqla elektron qaimələr tərtib olunmuşdur. -xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, aktda qeyd edilən 19 adda Zığ Beton zavod kompleksi və avadanlıqları Akkord ASC-nin Qazax rayonunda yerləşən layihəsinə aparılması məqsədilə təhvil verilməsi qeyd edilmiş, İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. -xx xxxx 2020-ci il tarixli KP/QSZ/38-18-02 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehin iddiaçıya cari tarixə ƏDV daxil olmaqla 152,000.00 manat ödənilməyən borcu qalmışdır. Qeyd edilən məbləğin 1 iş günündən gec olmayaraq iddiaçıya ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı icarə müqaviləsi üzrə dekabr 2018-ci ildən sentyabr 2020-ci ilədək avadanlıqlar, eləcə də digər əsas vəsaitlər daxil olmaqla, Bakı şəhəri, Zığ qəsəbəsi ərazisində yerləşən Beton istehsalı zavodunu icarə məqsədi ilə cavabdehin (icarəçinin) müddətli istifadəsinə verilməsi müqabilində müqavilə ilə nəzərdə tutulmuş icarə haqqının ödənilməsini tələb etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, qeyd edilən təhvil-təslim aktını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, tərəflər müqavilənin 4.1-ci bəndinə əsasən Beton Zavodun təhvil verilməsinin hər iki tərəfdən səlahiyyətli şəxsin imzası ilə tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilməsi ilə bağlı razılığa gəlsələr də iddiaçı tərəfindən təqdim edilmiş akt yalnız İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir . Halbuki, iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərar). X2 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh “X3 İnvestisiya Korporasiyası” ASC-yə qarşı pul tələbinə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1921/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1921/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver