Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2080/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X1 nümayəndəsi X5, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı faydalı qazıntıların yataqların qanunsuz işlənməsi ilə 154316 m3 göl duzunun hasil edilməsi nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunaraq cavabdehdən alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi, cavabdeh tərəfindən 01 aprel 2020-ci il tarixindən 01 aprel 2021-ci il tarixinədək faydalı qazıntıların yataqların qanunsuz işlənməsi nəticəsində dövlətə vurulmuş 7677419.35 manat məbləğdə maddi ziyanın cavabdehdən alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən faydalı qazıntıların yataqların qanunsuz işlənməsi nəticəsində dövlətə vurulmuş 32.903.225,8 manat məbləğində maddi ziyanın alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, faydalı qazıntıların yataqların qanunsuz işlənməsi ilə 154316 m3 göl duzunun hasil edilməsi nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunaraq cavabdehdən alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi, cavabdeh tərəfindən 01 aprel 2020-ci il tarixindən 01 aprel 2021-ci il tarixinədək faydalı qazıntıların yataqların qanunsuz işlənməsi nəticəsində dövlətə vurulmuş 7677419.35 manat məbləğdə maddi ziyanın cavabdehdən alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı müəyyən etmişdir ki, cavabdehə, Masazır duz gölünün ərazisindən 68 ha torpaq sahəsi ayrılmışdır. Həmin ərazidə cavabdeh tərəfindən inşa edilmiş Masazır duz emalı zavodu fəaliyyət göstərir. Həmin zavodun xam duz ehtiyacı “Masazır göl duzu” yatağının ehtiyatı hesabına ödənilir. Yatağın faydalı qazıntı ehtiyatı 1997-ci ildə ETŞ №7 ilə dövlət tərəfindən təsdiq edilmiş və ******* ton təşkil edir ki, bunun 465020 tonu gölün dibində çöküntü şəklində, ******* tonu isə məhlul şəklindədir. Cavabdehin 2021/01-83 nömrəli 13 yanvar 2021-ci il tarixli məktubuna əsasən 2020-ci ildə Masazır Duz gölündən götürülmüş göl suyundan 40000 ton duz hasil edilmişdir. Faydalı qazıntıların çıxarılması yerin təkindən istifadənin növlərinə aid edilmişdir. Qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası ərazisində yerin təkindən istifadə ödənişlidir. Cavabdeh yataqdan hasil etdiyi faydalı qazıntı olan göl duzuna (məhlul formasında göldən götürülən) görə dövlət büdcəsinə heç bir ödəniş etməmişdir. Eyni zamanda müvafiq araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin adına yer təkindən istifadəyə icazə verən “Dağ-mədən ayırması” aktı verilməmişdir. Nəticə etibarı ilə, cavabdeh lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmişdir. Qanunvericiliyə uyğun olaraq, müvafiq icazə sənədi olmadan qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği tam ödənilməlidir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”ə (Normativlər) uyğun olaraq bu qaydada hesablanır: 2018, 2019, 2020-ci illərdə cəmi 40000*3=120000 ton göl duzu hasil edilmişdir. “Dağ-mədən ayırması” aktı olmadan aparılmış hasilat nəticəsində dövlətə dəymiş ziyanın yekun məbləği məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh mədən vergisi ödədiyi halda bildirir ki, yerin təkindən istifadə etmir. Cavabdeh tərəfindən mədən vergisinin verilməsi sübut edir ki, cavabdeh yerin təkindən istifadə edir. Cavabdehdə bununla bağlı yoxlama aparılmış, yoxlama yəqin ki, reyestrdə qeydə alınmışdır. Lakin buna dair sübut onda olmadığından məhkəməyə təqdim edə bilməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin respublikada yeni yerli istehsal sahələrinin yaradılmasına, çoxsaylı iş yerlərinin açılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, həmçinin UNİCEF və Səhiyyə Nazirliyinin duzla zəngin olan Masazır gölünün yaxınlığında duz zavodunun yaradılması təklifi nəzərə alınaraq, Ümummilli lider Heydər Əliyevin imzaladığı “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması” haqqında Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nəzdində olan Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə "xxxx" şirkəti tərəfindən X16 (Cavabdeh QSC) inşa edilmiş və 21.07.2010-cu il tarixdə dövlət başçısının iştirakı ilə zavodun rəsmi açılışı keçirilərək Azərbaycanda yodlaşdırılmış, yüksək keyfiyyətli süfrə duzu istehsalına başlanılmışdır. Dövlət qurumunun iştirakı ilə Cavabdeh QSC yaradılarkən də onun əsas məqsədlərindən biri Masazır gölünün suyundan istifadə etməklə Azərbaycanda insan sağlamlığına xidmət edən, yodlaşdırılmış, yüksək keyfiyyətli yerli duz istehsal edilməsi olmuşdur. Qeyd edilməlidir ki, məhz adı çəkilən xüsusi metodla yodlaşdırılmış duzun istehlakı ölkə əhalisinin yod çatışmazlığı problemin həll olunmasında böyük rol oynayır. “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması” haqqında Azərbaycan Respublikasının 27.01.2001-ci il tarixli Qanununun 8.3-cü maddəsinə əsasən yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır. Azərbaycan Respublikasının ərazisində isə yodlaşdırılmış duz istehsal edən yeganə müəssisə dövlət dəstəyi ilə yaradılmış Cavabdeh QSC-dir. Yarandığı gündən bəri Cavabdeh QSC-nin fəaliyyəti daim şəffaf olmuş, bütün dövlət orqanları (o cümlədən, 2020-ci ilədək “Dağ-mədən ayırması” sənədini verən inzibati orqanla) ilə intensiv təmaslar olmuş, dəfələrlə media-turlar keçirilərək zavodun fəaliyyəti mətbuatda geniş işıqlandırılmış, dövlətin dəstəyi ilə yodlaşdırılmış duz məhsulunun reklamları təşkil olunmuşdur. Bu illər ərzində zavod dövlət büdcəsinə mənfəət vergisi, əmlak vergisi, torpaq vergisi, mədən vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, icarə haqqı və sair ödəmələri etmişdir. Yeni iş yerləri açaraq Abşeron rayonunun Masazır, Novxanı və ətraf kəndlərinin 200-dək sakinini işlə təmin etmiş, işçilərə əmək haqqları vermiş və dövlət sosial sığorta ödənişlərini etmişdir. İddia ərizəsində müəssisə tərəfindən faydalı qazıntı yatağının qanunsuz işlədilməsinin göstərilməsi tamamilə əsassızdır. Cavabdeh tərəfindən hər hansı qanunsuz və özbaşına fəaliyyətə yol verilməmişdir. Belə ki, Cavabdeh QSC məhz Masazır gölünün suyundan istifadə etməklə duz istehsal edilməsi məqsədilə dövlət qurumunun iştirakı ilə yaradılmış və yarandığı gündən onun fəaliyyətinə müvafiq dövlət orqanları tərəfindən icazə verilmişdir. Belə ki, Cavabdeh QSC dövlət orqanı olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyininin “Azərbaycan İnvestisiya Şirkəti” ilə "xxxx" MMC arasında imzalanmış “Anlaşma Memorandumu”na əsasən yaradılmış və zavodun yaradılmasına dövlət tərəfindən 25% miqdarda investisiya qoyulmuşdur. İddiaçının tabe olduğu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi (həmin zaman “Dağ-mədən ayırması” sənədini verən inzibati orqan) 19.03.2009-cu il tarixli DEİ № 379 nömrəli məktubla Masazır gölündən istifadə əsasında saflaşdırma üsulu ilə yodlaşdırılmış xörək duzunun istehsalı üçün X15 inşasına və fəaliyyətinə icazə vermişdir. Həmçinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi X15 sənədlərinin ekoloji ekspertizasını keçirmiş və 18.09.2009cu il tarixli DEİ № 1386 nömrəli məktubla təqdim edilmiş sənədlərə etirazı olmadığını bildirmişdir. Əlavə edilən həmin sənədlərdən göründüyü kimi, “X15 tikintisi və istismarı dövründə “X14 Qiymətləndirilməsi” sənədi və X15 fəaliyyəti 2009-cu ildə X3 keçirilmiş və verilmiş müsbət rəylərə görə ölkə əhalisinin yodlaşdırılmış, standartlara uyğun tərkibə və keyfiyyətlərə malik duza olan tələbatının ödənilməsi, duz göllərindən pərakəndə istifadənin qarşısının alınması, xarici duz idxalından asılılığın qismən azad olunması və əhalinin yeni iş yerləri ilə təmin edilməsini nəzərə alınaraq, Masazır gölündən istifadə əsasında saflaşdırılma üsulu ilə yodlaşdırılmış xörək duzunun istehsalı üçün X15 inşasına və fəaliyyətinə müəyyən şərtlərlə etiraz edilmədiyi bildirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan və “Dağ-mədən ayırması” sənədini verən inzibati orqanın qeyd edilən məktublarında göstərilmiş şərtlərin hamısına cavabdeh tərəfindən riayət edilmiş və həmin şərtlərdə “Dağ-mədən ayırması” sənədinin alınmalı olduğu göstərilməmişdir. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi Masazır gölünün duz istehsalının səmərəli təşkili məqsədilə müəssisəyə icarəyə verilməsi məsələsinə müsbət rəy bildirərək 17.10.2008-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinə DEİ № 1465 nömrəli məktub göndərmiş və Nazirliyin Masazır duz gölünün xammal bazasının səmərəli istifadəsi və antropogen çirklənmə hallarının qarşısının alınması istiqamətində görüləcək işlərin səmərəliliyini qeyd edərək ərazinin cavabdehin istifadəsinə ayrılmasına etirazının olmadığını bildirmişdir. Bununla əlaqədar göl sahəsi üzrə Abşeron Rayon İcra Hakimiyyəti ilə müvafiq icarə müqaviləsi bağlanılmış və icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Müəssisə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 17.08.2008-ci il tarixli məktubunda göstərildiyi kimi gələcəkdə fəaliyyətlə əlaqədar nəzərdə tutulmuş tədbirləri həmin Nazirliklə əvvəlcədən razılaşdırmışdır ki, bu razılaşdırmalar da “Dağ-mədən ayırması” sənədini verən inzibati orqanın yuxarıda qeyd edilən 19.03.2009 və 18.09.2009cu il tarixli məktubları ilə təsdiq olunur. Bundan başqa, iddiaçının tabe olduğu yuxarı dövlət orqanı - Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq dövrlər üçün razılaşdırılan müəssisənin ekoloji pasportlarında istehsal zamanı göl suyundan istifadə edilməsi nəzərdə tutulmuşdur və həmin ekoloji pasportlar Nazirliklə razılaşdırılarkən heç zaman “Dağ-mədən ayırması” sənədinin alınması tələbi irəli sürülməmişdir. Zavod tam qanuni əsaslarla yaradılmışdır. Belə ki, “Dağ-mədən ayırması” sənədinin verilməsi nəticə etibarı ilə mədən vergisi ödənilməsi öhdəliyini yaradır ki, bu öhdəlik də hər zaman müəssisə tərəfindən yerinə yetirilmişdir. Müəssisə Masazır gölündən istifadəyə görə dövlət büdcəsinə icarə haqqı və mədən vergisi ödədiyindən və "xxxx" sənədini verən inzibati orqan tərəfindən Masazır gölündən istifadə əsasında saflaşdırma üsulu ilə yodlaşdırılmış xörək duzunun istehsalı üçün X15 fəaliyyətinə icazə verildiyindən, həmin icazə qeyd edilən Qanunun 18.2-ci maddəsinə əsasən iddiaçının istinad etdiyi icazəni də ehtiva edir. "xxxx" sənədini verən inzibati orqan tərəfindən müəssisəyə 2009-cu ildə Masazır gölünün suyundan istifadəyə müddətsiz icazə verildiyi zaman iddiaçının istinad etdiyi “Lisenziyalar və icazələr haqqında” Qanun mövcud deyildi. 01.06.2016-cı il tarixdə qüvvəyə minən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən həmin Qanunun qüvvəyə mindiyi günədək verilmiş icazələr onlarda göstərilmiş müddət bitənədək öz qüvvəsini saxlayır. Cavabdeh QSC yaradılarkən Masazır gölündən istifadəyə görə cavabdehə verilmiş icazədə hər hansı müddət məhdudiyyəti olmamışdır. Bununla əlaqədar qeyd edilən Qanun 01.06.2016-cı il tarixdə qüvvəyə mindiyi zaman və ondan əvvəl “Dağ-mədən ayırması” sənədini verən inzibati orqan olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 2009-cu ildə cavabdehə verilmiş icazə öz qüvvəsini saxlamışdır. "xxxx" sənədini verən inzibati orqanın 19.03.2009-cu il tarixli DEİ № 379 nömrəli Ekoloji ekspertiza rəyinin həqiqətə uyğun olmadığı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən həmin rəydə verilən icazə mötəbərdir. Azərbaycan Respublikasının qanunvericiliyinə 2019-cu ildə edilmiş dəyişikliklərə əsasən "xxxx" sənədinin verilməsi səlahiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər qurumuna, yəni iddiaçıya verilmişdir. Müəssisə yerin təkindən istifadə etmədiyindən, yalnız yerüstü sututar hesab olunan göl suyundan istifadə etdiyindən və qeyd edilən dəyişikliyə qədər “Dağ-mədən ayırması” sənədini verən inzibati orqan tərəfindən belə bir sənədin alınması tələb edilmədiyindən, həmin orqan göl suyunu faydalı qazıntı hesab etməyərək ekoloji ekspertiza rəyində verdiyi icazə ilə kifayətləndiyindən və həmin icazə qeyd edilən hüquq normaları ilə müvafiq sənədi ehtiva etdiyindən müəssisə verilmiş icazəyə əsasən fəaliyyətini davam etdirmişdir. “Dağ-mədən ayırması” sənədini verən inzibati orqanın bu sahədə səlahiyyətlərinin eyni Nazirliyin tabeçiliyində olan başqa bir inzibati orqanına verilməsi ilə artıq verilmiş və qüvvədə olan icazənin avtomatik olaraq öz qüvvəsini itirməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçı təşkilat yarananadək bu sahəyə cavabdeh olan dövlət orqanları yerüstü sututardakı suyun götürülərək, texnoloji prosesdən sonra gölə qaytarılması üçün "xxxx"na ehtiyac və zərurət olmadığını hesab etdiklərinə görə cavabdeh müəssisənin hər hansı təqsiri və mülki məsuliyyəti yarana bilməz. İddiaçı hüquqlarından sui-istifadə edərək yarandığı tarixdən əvvəlki - keçmiş dövr üçün müəssisənin əsassız olaraq mülki məsuliyyətə cəlb edilməsini tələb edir İlk dəfə 23.12.2020-ci il tarixdə iddiaçı tərəfindən şifahi olaraq telefonla "xxxx" sənədi alınmasının vacib olduğu bildirildikdə, bir gün sonra 24.12.2020-ci il tarixdə 2020/12-75 nömrəli məktubla Cavabdeh QSC tərəfindən həmin sənədin verilməsi üçün iddiaçıya müraciət olunmuşdur. Lakin, iddiaçı tərəfindən müraciətə mahiyyəti üzrə baxılmayaraq hərəkətsizlik göstərilmiş, yalnız 14.01.2021-ci il tarixli 19/39 nömrəli cavab məktubu ilə “Dağ-mədən ayırması” statusunun iddiaçı tərəfindən verilməli olduğuna və qanunda nəzərdə tutulan məsuliyyətlərə dair formal izahlar verilmişdir. Beləliklə, müəssisənin qanunsuz fəaliyyət göstərməsi barədə iddia ərizəsində göstərilənlər tamamilə əsassızdir və iddiaçının müəssisənin mülki məsuliyyətə cəlb edilməsi üçün etdiyi hərəkətlər hüquqlardan suiistifadə olduğu üçün etibarsızdır. Öz xammal ehtiyatını təbii yolla bərpa edən Masazır gölünün suyundan istifadə etməklə duz istehsal edilməsi zamanında bütün müvafiq dövlət orqanları ilə razılaşdırıldığından və cavabdeh müəssisə tərəfindən dövlət büdcəsinə böyük məbləğlərdə vəsait ödənildiyindən, bu fəaliyyətin dövlətə ziyan vurulması kimi qiymətləndirilməsi əsaslı deyildir. Vaxtaşırı olaraq cavabdeh tərəfindən həyata keçirilən monitorinqlərə görə göl suyundan ildə müəyyən miqdar duz istehsal edilməsinə baxmayaraq, gölün ümumi duzluluğu sabit olaraq qalmaqdadır və göl öz duzluluğunu onilliklər boyu təbii yolla bərpa edərək xammal ehtiyatını azaltmır. İddia ərizəsində göstərilmişdir ki, 1997-ci ildə gölün duz ehtiyatı ******* ton təşkil etmişdir ki, bunun 465020 tonu gölün dibində çöküntü şəklində, ******* tonu isə məhlul şəklindədir. İddiaçı tərəfindən hazırda Mazsazır Duz gölünün xammal ehtiyatının miqdarı müəyyən edilmədən dövlətə ziyan vurulmasının bildirilməsi tamamilə əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 16.07.2018-ci il tarixli 205 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır ki, istismarda olan faydalı qazıntı yataqlarının və qalıq ehtiyatlarının qiymətləndirilməsini yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə altı ay müddətində təmin etsin. İddia ərizəsində gölün duz ehtiyatı ilə əlaqədar 1997-ci ildəki göstəricilərə istinad edilməsi onu göstərir ki, hazırda qeyd edilən Fərmanın müvafiq bəndi Masazır duz gölünə münasibətdə icra edilməmiş və Masazır duz gölünün qalıq ehtiyatı qiymətləndirilməmişdir. Belə olan halda iddiaçı tərəfindən göldə xammal ehtiyatının azalaraq dövlətə ziyan dəyməsinin bildirilməsi heç bir sübutla təsdiq edilmir. Öz xammal ehtiyatını təbii yolla bərpa edən göldə xammal ehtiyatının azalması sübut edilmədən, gölün hazırda olan xammal ehtiyatı ilə 1997-ci ildəki ehtiyat arasında fərq müəyyən edilmədən dövlətə ziyan vurulmasının iddia edilməsi absurddur. Belə bir fərq olsa belə müəssisə yarandığı zaman Dağ-mədən ayırması sənədini verən inzibati orqanın icazəsi ilə fəaliyyət göstərdiyi, dövlət büdcəsinə mədən vergisi ödədiyi və digər ödənişləri etdiyi üçün dövlətə hər hansı ziyan dəyməmişdir. Cavabdeh 2010-cu ildən başlayaraq hər il X8 rəyindəki şərtə əsasən gölün duzluluğunun monitorinqini apararaq suyun duzluluq səviyyəsini laboratoriyada yoxlamışdır. Əlavə edilmiş 2010-2020-ci illər üzrə laboratoriya analizlərinin nəticələrindən və monitorinq qrafiklərindən görünür ki, göl suyunda duzluluq azalmamışdır. Texnoloji proses zamanı götürülmüş sudan duz alındıqdan sonra ayrılan su gölün qurumasının qarşısını almaq üçün cavabdeh tərəfindən bütünlüklə yenidən gölə qaytarılır. Təbii yollarla öz xammal ehtiyatını bərpa edən göldə duzluluq azalmadığı üçün xammal ehtiyatına ziyan vurulması halı da mövcud deyildir. Əksinə, cavabdehin fəaliyyəti büdcə ödəmələri ilə dövlətə, ixrac potensialını artırmaqla və iş yerləri açmaqla iqtisadiyyata, sənaye üsulu ilə yodlaşdırılmış duz istehsal edilməsi ilə əhalinin sağlamlığına xeyir gətirmişdir. Bu müddət ərzində müxtəlif təyinatlarla müəssisə tərəfindən dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 23 milyon manatdan çox olmuşdur. Belə ki, fəaliyyət göstərdiyi müddətdə cavabdeh dövlət büdcəsinə 1,023,091.72 manat mədən vergisi, 1,081,614.38 manat mənfəət vergisi, 758,270.74 əmlak vergisi, 4,708,413.87 torpaq vergisi, 12,277,523.42 manat əlavə dəyər vergisi, 581,974.28 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi, 2,524.45 manat ödəmə mənbəyində vergi, 89.54 manat yol vergisi, 2,510,151.24 manat DSMF-yə ödəniş, 450,927.58 manat icarə haqqı ödəmişdir. Bununla əlaqədar duz istehsalına görə dövlət büdcəsinə heç bir ödəniş edilmədiyinə dair iddia ərizəsində göstərilənlər də əsassızdır. Əgər qanunsuz fəaliyyət göstərilsəydi qeyd edilən ödənişlər dövlət orqanları tərəfindən dövlət büdcəsinə heç zaman qəbul edilməzdi. Cavabdehin isə duz istehsalından başqa fəaliyyəti yoxdur. Qeyd edilən bütün ödənişlər duz istehsalı ilə əlaqədar olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən dövlətə ziyan vurulmasına dair hər hansı sübüt məhkəməyə təqdim edilməmişdir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilən “anlayış”a əsasən yerin təki - yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir. Müəssisə yerin təkindən istifadə etmir, heç bir qazıntı işləri aparmır, göl suyu isə yerüstü su obyektinə aid olmaqla qeyd edilən Qanundakı “anlayış”a görə yerin təki sayılmır. İstehsal etdiyi duz məhsulunun xammalını təşkil edən göl suyu faydalı qazıntı deyildir. Azərbaycan Respublikasının heç bir qanunvericilik aktında yerüstü su obyekti olan göl suyunun yerin təki olması və faydalı qazıntı hesab edilməsi təsbit edilməmişdir. İddiaçı tərəfindən “göl duzu” ilə “göl suyu” anlayışlarının fərqləndirilməməsi cavabdehə qarşı əsassız iddia qaldırılmasına səbəb olmuşdur. İddiaçının məsələyə yanaşmasına görə Xəzər dənizindən su götürülərək ondan duz alınması yerin təkindən istifadə hesab edilməlidir. Halbuki, yerüstü su obyektindəki (sututardakı) sudan istifadə yerin təkindən istifadə deyildir. Məhz bu səbəbdən istehsal etdiyi duz məhsulunun xammalını təşkil edən yerüstü göl suyu müəssisənin əvvəlki illərdəki fəaliyyəti dövründə müvafiq dövlət orqanları tərəfindən, o cümlədən “Dağ-mədən ayırması” sənədini verən inzibati orqan tərəfindən haqlı olaraq heç zaman faydalı qazıntı kimi qiymətləndirilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Masazır göl düzu yatağı üçün hazırlanmış 4 saylı Pasportda (12-ci sətir) qeyd edilmişdir ki, yataqda duz iki vəziyyətdədir: gölün dibində yerləşən duz qabığı və məhlul (rapa) formasındadır. Geoloji lüğətə əsasən Rapa - təbii və süni şor sulu hövzələrdə qatı duz məhluludur. Hövzədə duztoplanma prosesinin vəziyyətini səciyyələndirir. Rapa səth və kristalarası, yaxud dib növlərinə ayrılır. Səth rapa, duzlu göllərin dib çöküntülərinin səthində yayılır. Kristalarası rapa duzlu göllərin dib çöküntülərinə hopur, kristallararası məsamə və boşluqları doldurur. Göründüyü kimi, duz yatağında olan faydalı qazıntı yerüstü gölün üst sularında deyil, onun dibindədir. Müəssisə istər göl dibində yerləşən duz qabığından, istərsə də dib çöküntüləri üzərindəki rapadan (qatı məhlul) istifadə etmir, göl dibindən deyil, gölün (sututarın) üst sularından istifadə edir ki, həmin göl suyu yerin təkinə aid deyildir. Başqa sözlə müəssisə göl dibində və yerin təkində hər hansı faydalı qazıntı işləri ilə məşğul olmur və göldə heç bir fiziki, coğrafi, relyef dəyişiklikləri baş vermir. Cavabdehin icarəsində olan gölün 68 hektar ərazisinin sahilə yaxın olan cəmi 1 nöqtəsindən nasos vasitəsilə üst suların götürülməsi 1000,63 hektar ərazisi olan Masazır gölünün dibində olan rapaya (qatı məhlula) və duz çöküntülərinə heç bir təsir göstərə bilməz. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən yerin təkindən istifadə haqqında qanunvericiliyin tələblərinin pozulması halı baş verməmişdir. İddia tələbi əsaslandırılarkən münasibət bildirdiyi digər qanunvericilik aktları ilə yanaşı “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 10, 20, 39 və 48-ci maddələrinə istinad edilmişdir. Həmin maddələrin heç biri cavabdehdən ********.8 manat (dəqiqləşdirilmiş iddiaya görə 7 677 419.35 manat) Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasına hüquqi əsas vermir. Belə ki, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində “yerin təki”nə verilən “anlayış”a görə müəssisə yerin təkindən, yəni, “yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən hissəsindən” istifadə etmir, başqa sözlə yer təki istifadəçisi deyildir. İstifadə etdiyi göl suyu yerin təkində deyildir. Göl suyu yerüstü su obyektindədir (sututardadır). “Yerin təki” ilə “yerüstü su obyekti” ayrı-ayrı məhfumlardır. Əgər hər hansı qazma qurğusu ilə yer təkindən su çıxarılsa idi, o zaman yerin təkindən istifadə kimi qiymətləndirilə bilərdi. Təbii yağıntı ilə və digər təbii qaynaqlardan qidalanan göldəki sudan istifadə yer təkindən istifadə sayılmır. Yerüstü su obyektindəki suyun faydalı qazıntı olması və göl suyuna görə “Dağ-mədən ayırması” statusunun tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi, Qanunun 4, 10, 20-ci maddələrinə istinad edilməsi iddianın təmin olunmasına əsas hesab edilə bilməz. Həmçinin, Qanunun 39-cu maddəsi də iddia ərizəsində qeyd olunan ziyan məbləği barədə tələbin təmin edilməsi üçün hüquqi əsas deyildir. Belə ki, qeyd edilən maddə yerin təkindən istifadəyə görə ödəmə sisteminə aiddir və həmin maddə ilə iddia tələbində göstərilən ödəniş deyil, yerin təkindən istifadə haqqı (Qanunun 40-cı maddəsinə əsasən yerin təkindən istifadə haqqı faydalı qazıntıların axtarışı və kəşfiyyatı işlərinə görə ödənilir), mədən vergisi (cavabdeh tərəfindən hər il ödənilmişdir), mineral-xammal bazasının bərpasına ayırmalar (Qanunun 41-ci maddəsinə əsasən Mineral-xammal bazasının bərpasına ayırmalar dövlət vəsaiti hesabına kəşfiyyatı aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır. Faydalı qazıntıların yataqlarının axtarışı və kəşfiyyatını öz vəsaiti hesabına aparmış, yaxud faydalı qazıntıların müvafiq ehtiyatlarının axtarışına və kəşfiyyatına dövlətin çəkdiyi xərcləri tam ödəmiş yer təki istifadəçiləri həmin yataqları istismar edərkən mineral-xammal bazasının bərpasına ayırmaları ödəməkdən azad edilirlər. (Göl suyu faydalı qazıntı olmasa da, müəssisə yer təki istifadəçisi olmasa da, tərəfimizdən Masazır gölündə müvafiq ehtiyatların axtarışına və kəşfiyyatına 1997-ci ildə dövlətin çəkdiyi xərclər tam olaraq müvafiq Fonda ödənilmişdir), dəniz dibi sahələrindən və akvatoriyasından istifadə haqqı (Cavabdeh dəniz dibi sahəsindən istifadə etmir) üzrə ödənişlər müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh faydalı qazıntıların axtarışı və kəşfiyyatı işlərini həyata keçirmədiyindən, müəyyən edilmiş mədən vergisini ödədiyindən, Masazır gölündə ehtiyatların axtarışına və kəşfiyyatına 1997-ci ildə dövlətin çəkdiyi xərcləri tam ödədiyindən, dəniz dibi sahəsinin cavabdehə aidiyyatı olmadığından “Yerin təki haqqında” Qanunun 39-cu maddəsinə istinad edilməsi iddianın təmin olunmasına heç bir halda əsas vermir. Bundan başqa, Qanunun 48-ci maddəsi ilə vurulmuş ziyanın ödənilməsi üçün müəyyən edilən 2 əsasdan heç biri iddia tələblərinə şamil edilə bilməz və hazırkı iddianın qaldırılması və təmin edilməsi üçün hüquqi əsas deyildir. Belə ki, həmin maddədə göstərildiyi kimi müəssisə tərəfindən yer təkinin təbii xassələri pozulmamış, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şərait yaradılmamışdır. Həmçinin faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatı aparılmamış, heç bir seçmə etmədən yalnız müəssisəyə yaxın 1 stasionar nöqtədən nasos vasitəsilə yerüstü su obyektinin (gölün) üst qatlarından su götürülmüş və yatağın korlanmasına səbəb olan hərəkətlərə yol verilməmişdir. Qeyd edilən maddənin məzmununa görə məhkəmə yalnız göstərilən hallar üzrə vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını müəyyənləşdirir. İddia ərizəsində göstərilən tələblər üzrə ziyanın məbləğinin məhkəmələr tərəfindən müəyyən edilməsi həmin maddədə nəzərdə tutulmadığından iddiaçının “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinə də istinad etməsi əsasızdır. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsində təkrarən Qanunun 48-ci maddəsinə istinad edərək 01.01.2013-cü il tarixdən 30.03.2020-ci il tarixədək dövlətə vurulmuş ziyan məbləğinin məhkəmə tərəfindən müəyyən edilməli olduğunu göstərmişdir. Halbuki, qeyd edildiyi kimi Qanunun 48-ci maddəsində göstərilən halların heç biri mövcud olmadığından ziyanın hesablanmasının məhkəmədən xahiş edilməsi əsassızdır. Xammal ehtiyatı təbii yolla bərpa edilən göldə xammal ehtiyatının azalması barədə, yəni dövlətə ziyan vurulması barədə sübutlar olmadığı halda iddiaçının “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.03.2020-ci il tarixli 119 nömrəli qərarına istinad etməklə ziyan məbləği tələb etməsi əsassısdır. Belə ki, adından da göründüyü kimi qeyd edilən qərarla yalnız normativlər təsdiq edilmişdir. Normativlərin tətbiq edilməsi üçün isə həmin qərarda göstərilən 2 amil mütləq mövcud olmalıdır: faydalı qazıntı yatağının qanunsuz işlədilməsi və dəymiş ziyan. Bu amillər olmasa qeyd edilən qərar tətbiq edilə bilməz. Qeyd edildiyi kimi göl suyu özbaşına olaraq deyil, iddiaçının tabe olduğu Nazirliyin icazəsi ilə istifadə edildiyindən “qanunsuz işlənmə” halı olmamışdır. Eyni zamanda İqtisadiyyat Nazirliyinin qurumu müəssisədə 7 il səhmdar olmazdı və müəssisənin yaradılmasına dövlət vəsaiti ilə investisiya qoyulmazdı, Vergilər Nazirliyi ödədiyləri mənfəət, mədən, torpaq, əmlak, ödəmə mənbəyində, əlavə dəyər vergilərini qəbul etməzdi, X4 duz məhsullarımıza qida təhlükəsizliyi sertifikatları verməzdi, Gömrük Komitəsi məhsulların başqa dövlətlərə ixrac edilməsinə icazə verməzdi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi göl suyundan istifadəyə icazə verməzdi və inzibati xəta haqqında iş başlayardı, bu illər ərzində Dağ Mədən ayırması sənədinin alınmasının zəruri olduğunu bildirərdi, Əmlak Məsələləri Komitəsi göl torpağı üzərində icarə hüquqlarını qeydiyyata almazdı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi duz istehsal edən işçilərlə əmək müqavilələrini sistemə daxil etməzdi, Statistika Komitəsi duz istehsalı üzrə hesabatları qəbul etməzdi, Abşeron Rayon İcra Hakimiyyəti müəssisənin iştirakı ilə duz bayramları və digər tədbirləri keçirməzdi. Göründüyü kimi, publik hüquqi şəxs olan iddiaçıdan başqa, digər bütün nazirlik və dövlət komitələri fəaliyyətinin qanuni olduğunu qəbul edirlər. Eyni zamanda xammalı təbi yolla bərpa edilən göldə qalıq ehtiyatlar azalmadığı üçün və iddiaçı tərəfindən ehtiyatların azalmazına dair hər hansı sübut təqdim edilmədiyi üçün əsaslandırıldığı kimi dövlətə heç bir ziyan dəyməmişdir. Ümumiyyətlə, dövlətə ziyan dəyməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.03.2020-ci il tarixli 119 nömrəli qərarı qəbul edildiyi tarixdən əvvəlki münasibətlərə şamil edilmədiyi üçün iddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə 06.05.2021-ci il tarixli ərizə təqdim etmiş və 2013-cü ildən 2020-ci ilədək guya müəssisə tərəfindən dövlətə ziyan vurulduğunu bildirərək həmin ziyanın müəyyən edilməklə ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən 2013-2020-ci illər ərzində dövlətə heç bir ziyan vurulmamışdır, əksinə dövlət büdcəsinə, insanların sağlamlığına xeyir verilmiş, ölkəyə müasir texnologiyalar idxal edilərək yeni yerli istehsal sahəsi (tablet duz) yaradılmış, qida sənayesinin, ixrac potensialının, iqtisadiyyatın inkişafına dəstək göstərilmiş, əhalinin məşğulluğunun təmin olunmasında iştirak edilmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, dövlətə vurulmuş maddi ziyanın məbləği 30.03.2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.03.2020-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Normativlər”ə əsasən müəyyən edilir. Lakin, iddiaçı nəzərə almamışdır ki, 29.03.2020-ci il tarixinədək ölkə ərazisində “Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 239 nömrəli Qərarı qüvvədə olmuşdur. Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 239 nömrəli Qərarında isə göl duzuna görə heç bir normativ nəzərdə tutulmamışdır, başqa sözlə göl duzu hasilatı hüquq pozuntusu sayılmamış və həmin hasilat təbiətə ziyan vurulması kimi qiymətləndirilməmişdir. Müəssisə həmin zaman da yer təkindəki göl duzu hasilatı ilə məşğul olmamış, yalnız yerüstü su obyekti olan göl suyundan istifadə etmişdir. Göl suyuna görə isə istər Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 239 nömrəli, istərsə də 29.03.2020-ci il tarixli 119 nömrəli qərarları ilə hər hansı normativ nəzərdə tutulmamışdır. Beləliklə, 2013-2020-ci illərdə duz hasilatı nəticəsində dəymiş ziyana görə hər hansı normativlər müəyyən edilmədiyindən iddiaçının həmin illərə görə ziyan hesablanması tələbi əsassızdır. İddiaçı tərəfindən cavabdehdən X9 Bərpası üzrə Dövlət Fondunun hesabına ödəniş tələb edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 2.2-ci maddəsinə əsasən mineral-xammal bazasının bərpasına ayırmalar kəşfiyyatı dövlət vəsaiti hesabına aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır. Qeyd etdiyi əsaslara görə müəssisə yer təki istifadəçisi olmadığından və icazə əsasında yerüstü su obyektində (sututarda) olan göl suyundan istifadə etdiyindən həmin maddədə nəzərdə tutulan subyektlər kateqoriyasına aid deyildir. Əsasnamənin 2.6-cı maddəsinə əsasən yerin təki istifadəçiləri tərəfindən istismar edilən faydalı qazıntı yatağının müvafiq ehtiyatlarının axtarışı və kəşfiyyatına dövlətin çəkdiyi xərclərin tamamilə ödənildiyi yataqlarda hasil edilmiş faydalı qazıntıların dəyərindən ayırmalar tutulmur. Eyni zamanda “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsində də nəzərdə tutulmuşdur ki, “faydalı qazıntıların yataqlarının axtarışı və kəşfiyyatını öz vəsaiti hesabına aparmış, yaxud faydalı qazıntıların müvafiq ehtiyatlarının axtarışına və kəşfiyyatına dövlətin çəkdiyi xərcləri tam ödəmiş yer təki istifadəçiləri həmin yataqları istismar edərkən mineral-xammal bazasının bərpasına ayırmaları ödəməkdən azad edilirlər”. İddiaçı isə məsələyə fərqli yanaşaraq Fonda ödəmələr edilməli olduğunu tələb etdiyində və 2021-ci ildə müəssisəyə göndərdiyi 4 nömrəli pasportda geoloji kəşfiyyat işlərinə çəkilən xərclərin məbləği barədə ilk dəfə məlumat əldə etdiyində cavabdeh yerin təkindən istifadə etməsə də, qazıntı işləri ilə məşğul olmasa da 1997-ci ildə Masazır gölündə aparılmış geoloji kəşfiyyat işlərinə dövlət qurumları tərəfindən çəkilən xərclər cavabdeh tərəfindən tam olaraq ödənilmişdir (ödəniş sənədi əlavə edilir). Beləliklə, faydalı qazıntı yatağının müvafiq ehtiyatlarının axtarışı və kəşfiyyatına dövlətin çəkdiyi xərclər cavabdeh tərəfindən tamamilə ödənildiyindən “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 2.2-ci maddəsinin və “Yerin təki haqqında” Qanununun 41-ci maddəsinin tələblərinə əsasən cavabdeh mineral-xammal bazasının bərpasına ayırmaları ödəməkdən azaddır. Bundan başqa, qeyd edilən Dövlət Fonduna cəlb edilən vəsaitlərin mənbələri Əsasnamənin 2.1-ci maddəsində göstərilmişdir. Həmin mənbələr (bərpaya ayırmalar, müsabiqə və hərracların keçirilməsindən əldə edilən gəlirlər, könüllü ödənişlər, qanunvericiliyə zidd olmayan digər daxilolmalar) arasında iddia ərizəsində qeyd edilən qanunsuz əsasa görə ödəmə nəzərdə tutulmamışdır. İddia ərizəsində dövlətə ziyan vurulması əsassız olaraq göstərilsə də, dövlətə vurulmuş ziyanın dövlət büdcəsinə deyil, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ödənilməli olduğu Azərbaycan Respublikasının heç bir qanunvericilik aktında nəzərdə tutulmamışdır. Qeyd edilən səbəblərdən iddia ərizəsində göstərilən Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödəniş edilməsi tələbi hər hansı qanunvericilik aktına və normasına əsaslanmır. İddiaçının “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”yə Əlavə edilmiş mineralxammal bazasının bərpasına ayırmaların obyektləri və dərəcələri həmin Əlavənin özündə qeyd edildiyi kimi “faktiki qazıntı” növlərinə aiddir və yerüstü su obyektindən (stutardan) su götürülməsinə şamil edilmir. Faktiki qazıntı isə göl suyuna deyil, göl dibində (yerin təkində) kristallaşmış çöküntü şəklində olan göl duzuna aid ola bilər. Gölün üst sularına münasibətdə hər hansı “qazıntı” məhfumunun təsəvvür edilməsi belə mümkün deyildir. 4 nömrəli pasportun 22-ci sətirində də qeyd edilmişdir ki, göldəki duz çöküntülərinin qalınlığı 2-5 metr, bəzən 10 metrdir ki, “faktiki qazıntı” həmin göl duzuna aid ola bilər (göl suyuna deyil). Bundan başqa qeyd edilən Fonda ayırmaların məbləği ehtiyatlarının axtarışı və kəşfiyyatına dövlətin çəkdiyi xərclərin məbləği ilə məhdudlaşır. Normativ-hüquqi aktın (Əsasnamənin) Əlavəsi həmin normativ aktın maddələri ilə müəyyən edilən hüquq normasından üstün deyildir və həmin maddələrə zidd olaraq tətbiq edilə bilməz. Qeyd edilən Əsasnamənin 2.6-cı maddəsi cavabdeh tərəfindən Fonda müvafiq ayırmalar edilməsini istisna edir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 41ci maddəsinə əsasən də cavabdeh kəşfiyyata sərf edilmiş dövlət vəsaiti məbləğini ödədiyi üçün mineral-xammal bazasının bərpasına ayırmalar ödəməkdən azaddır. “Normativ hüquqi aktlar” haqqında 21.12.2010-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Bu baxımdan iddiaçının Fonda ayırmalar edilməsi tələbinə münasibətdə “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin Əlavəsi deyil, daha üstün hüquqi qüvvəyə malik “Yerin təki haqqında” Qanunun 41-ci maddəsi tətbiq edilməlidir. Həmçinin, Cavabdeh QSC üçün tərtib edilmiş sonuncu “Ekoloji pasport” sənədi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 24.02.2020-ci il tarixdə təsdiq edilərək razılaşdırılmışdır. Həmin Ekoloji pasportda təbiətdən istifadə və ətraf mühitin çirkləndirilməsinə görə ödənişlər nəzərdə tutulsa da, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ödəniş edilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda 2020-ci ildə razılaşdırılmış müəssisənin Ekoloji pasportunda “Dağ-mədən ayırması” sənədinin alınmalı olduğu da göstərilməmişdir. Göründüyü kimi, müəssisə tərəfindən Fonda ayırmalar edilməsi öhdəliyi qeyd edilən qanunvericilik aktlarına görə yaranmamışdır və Fonda ayırmalar edilməməsi ilə hər hansı qanunvericilik norması pozulmamışdır. İddiaçı tərəfindən iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə istinad edilərək zərərin ödənilməsi tələb edilsə də, həmin Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilən “zərər” anlayışının meyarları üzrə hər hansı sübut, məlumat məhkəməyə təqdim edilməmişdir. Belə ki, xammal ehtiyatını təbii yolla bərpa edən Masazır gölündən su götürülməsi ilə qeyd edilən halların heç biri mövcud olmadığından, yəni iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün heç bir xərc çəkmədiyindən, əmlakı zədələnmədiyindən və əlindən çıxmış fayda olmadığından Mülki Məcəllənin 21.1-ci maddəsində nəzərdə tutulan hər hansı zərər də əmələ gəlməmişdir. Olmayan zərərin tələb edilməsi isə əsassızdır. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə istinad etmiş və müəssisə tərəfindən mülki hüquq pozuntusu (delikt) törədildiyini bildirmişdir. “Dağ-mədən ayırması” sənədinin alınmamasında müəssisənin hər hansı təqsiri və hüquqa zidd hərəkəti və hərəkətsizliyi yoxdur. Müəssisə yaradılarkən "xxxx" sənədini verən inzibati orqan həmin sənədin alınmasını zəruri hesab etməmişsə, ekspertiza rəyində və rəydəki şərtlərdə bu sənədin alınmalı olduğunu göstərməmişsə, yerüstü su obyektindən (sututardan) su götürülməsini yerin təkindən istifadə hesab etməmişsə, ekspertiza rəyində Masazır gölünün faydalı qazıntı yatağı olduğunu göstərməmişsə, “Dağ-mədən ayırması” sənədinin əvəzinə Masazır gölünün icarəyə götürülməsini tövsiyyə etmişsə və barədə İcra Hakimiyyətinə razılıq məktubu yazmışsa, Masazır gölünün suyundan istifadə etməyə yazılı icazə vermişsə, "xxxx" sənədinin alınmamasında müəssisənin hər hansı təqsiri yoxdur. Müəssisə göl suyundan özbaşına istifadə etməmişdir və hüquqa zidd əməl də törətməmişdir. Bunun sübutu olaraq müəssisə fəaliyyət göstərdiyi 10 ildən artıq müddətdə bir dəfə də olsun lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməmişdir. Beləliklə, dövlətin iştirakı ilə yaradılan, fəaliyyətinə və Masazır gölünün suyundan istifadə etməsinə icazə verilən müəssisənin yaradılma məqsədlərinə uyğun olaraq strateji qida məhsulu olan yodlaşdırılmış süfrə duzu istehsal etməsində, bununla da Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməsində hər hansı təqsirli, hüquqa zidd əməl olmadığından mülki hüquq pozuntusu (delikt) da törədilməmişdir. Fəaliyyəti iddiaçının tabe olduğu Nazirlik tərəfindən 19.03.2009-cu il tarixli DEİ № 379 nömrəli və 18.09.2009-cu il tarixli DEİ № 1386 nömrəli məktublarla verilmiş razılığa əsasən həyata keçirilmişdir. İddiaçı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri də pozulmuşdur. Həmin maddəyə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılmışdır. Qanunun qeyd edilən tələbinə baxmayaraq iddia tələbinin dəqiqləşdirilməsi haqqında məhkəməyə təqdim edilən ərizədən görünür ki, iddiaçı Cavabdeh QSC-nin 2013-2020-ci illər ərzində fəaliyyəti ilə əlaqədar Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi tərəfindən aparılan müvafiq Reyestrdə qeydiyyata alınmadan qeyri-qanuni yoxlamalar aparmışdır. Göründüyü kimi, iddiaçının müəssisə ilə əlaqədar 2022-ci il yanvarın 1-dək yoxlama aparmaq səlahiyyəti olmadığı halda belə yoxlamalar aparmış, sübut əldə edilməsi məqsədilə qeyd edilən qanunu pozmaqla rəqəmlər toplamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Beləliklə, iddia tələbinin əsaslandırılması üçün iddiaçının istinad etdiyi “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 10, 20, 39 və 48-ci maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci və 1097.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.03.2020-ci il tarixli 119 nömrəli qərarı iddia tələbinin təmin edilməsinə hüquqi əsas vermir. Həmçinin, Qanunla hüquqi nəticəsi olmayan hesab edilmiş yoxlama ilə və qanunu pozmaqla əldə edilmiş subutlardan istifadə edilməklə iddia tələbinin təmin edilməsi qanunsuz və əsassız olacaqdır. X16 fəaliyyət göstərdiyi ilk beş ildə zərərlə işləmiş və fəaliyyətə başladığı gündən 2020-ci ilin sonunadək cəmi 4.973.920,92 manat məbləğində mənfəəti olmuşdur. İddia ərizəsi ilə tələb edilən məbləğ xərc olaraq məhsulun maya dəyərinə daxil edilərsə, duzun qiyməti heç bir bazar iqtisadiyyatı qanunlarına uyğun olmayacaqdır. Zavodun fəaliyyəti sosial yönümlü olmaqla, onun başlıca məqsədi yodlaşdırılmış keyfiyyətli duz istehsal edərək ölkə əhalisinin sağlamlığına xidmət etməkdir. İddiaçının tələbinin təmin edilməsi müəssisənin maliyyə vəziyyətinə görə mümkün olmamaqla fəaliyyət göstərən müəssisənin bilərəkdən müflisləşdirilməsi və iflas etdirilməsi deməkdir. Regionların sosial-iqtisadi inkişafı, yeni müasir müəssisələr yaradılması, əlavə iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olsa da, X10 X1 məsələyə birtərəfli münasibəti və hüquqlarından sui-istifadə etməsi respublika üçün ərzaq təhlükəsizliyi baxımından strateji məhsul istehsal edən, ölkə əhalisini keyfiyyətli, yodlaşdırılmış süfrə duzu ilə təmin edən, Abşeron rayonunun sosial-iqtisadi inkişafına dəyərli töhvə verən, ölkəmizə yeni texnologiyalar gətirən müasir müəssisənin bağlanmasına, büdcəyə vergi ödəmələrinin dayandırılmasına, yüzlərlə iş yerinin ləğv edilməsinə səbəb olacaqdır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti 21.09.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 19 mart 2009cu il tarixli DEİ seriyalı 379 saylı məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC ilə "xxxx" Şirkətlər Qrupu arasında imzalanan «Anlaşroa Memorandumu»nu əsas götürərək, ölkə əhalisinin yodlaşdırılmış, standartlara uyğun tərkibə və keyfiyyətlərə malik duza olan tələbatının ödənilməsi, duz göllərindən pərakəndə istifadənin qarşısının alınması, xarici duz idxalından asılılıqdan qismən azad olması və əhalinin yeni iş yerləri ilə təmin edilməsini nəzərə alaraq, Masazır gölündən istifadə əsasında saflaşdırdma üsulü ilə yodlaşdırılmış xörək duzunun istehsalı üçün X15 inşasına və fəaliyyətinə aşağıda göstərilənlərin həyata keçirilməsi şərtilə etiraz etməmişdir. -Masazır gölünün hüquqi statusunun müəyyən olunaraq gölün sanitar-mühafizə zonasının müəyyənləşdirilməsi, gölün su balansı üzərində monitorinq nəzarətinin təşkili; -X15 fəaliyyəti zamanı Masazır gölünün qurumasının qarşısını almaq üçün texnoloji proses zamanı götürülmüş sudan duzu aldıqdan sonra ayrılan suyun qidalandırma məqsədi ilə bütünlüklə gölə qaytarılmasını təşkil etmək; -Masazır gölünün ətrafındakı ərazilərdə əhalinin getdikcə daha sürətlə məskunlaşmasını, yeni salınan «Viİla-badam» və «Yeni Bakı» şəhərcikləri və göl ətrafı ərazidə, yaxın kəndlərdə Mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulmasına tezliklə nail olmaqla, gölə axıdılan çirkab sularının qarşısının alınması; -Dönməz proseslərin baş verməsinə yol verməmək üçün göl suyunun tərkibində duzun qatdığının və sahəsinin daimi monitorinqinin təşkili və bütün dəyişikliklər barəsində ETSN-nin məlumatlandırılması; -qeyd olunan əsas zəruri ekoloji tələblər nəzərə alınmaqla Düz emalı zavodunun yerləşdirilməsi və tikintisi ilə əlaqədar tərtib olunacaq layihə sənədləri razılaşdırılmaq üçün X8sına təqdim olunmalıdır. 28.07.2021-ci il tarixli Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin X12 istehsalat prosesinə dair arayışdan görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin X12 əsas xammalını göl suyu təşkil edir. Belə ki, qəbuledici logar açılaraq göl suyu nasoslar vasitəsilə 1-ci hovuza nəql edilir. 1-ci hovuzda Ca2+ ionlarını çökdürmək məqsədilə göl suyuna Na2Co3 qatılır. Bundan sonra Na2Co3 qatılmış göl suyu 1- ci hovuzdan çökdürmə hovuzlarına nəql edilir. Həmin su 2-3 gün dinləndirilib- çökdürüldükdən sonra bəsləmə hovuzuna nəql olunur. Sonra da evaporatorlar (qaynama qazanları) doldurularaq çox dərin vakuum altında qaynama aparılır. Qaynama nəticəsində duz əmələ gəldikdən sonra 3 ədəd evaporatorun duzu 1 çənə nəql edilir. Daha sonra nasoslar vasitəsilə duz qarışımlı duzlu su sentrifuqa aparatına nəql edilərək duzun sudan ayrılma prosesi gedir. Sentrifuqadan çıxan duzun nəmliliyi maksimum 3 % olur. Həmin anda duza daşlaşmamaq üçün antikek və yod qatılır. Sonra duz şnek vasitəsilə qurutma aparatına ötürülür. Qurutma aparatında 155-165 dərəcə xüsusi filterlərdən keçən duz isti hava ilə qurudulduqdan sonra soyudularaq ələkdən keçmək şərtilə bunkerlərə nəql edilir. Sifarişə görə duz istənilən və müəyyən olunmuş qramajlarda paketlənir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəklilinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir. Faydalı qazıntılar — yer qabığının maddi istehsal sahəsində istifadə edilən təbii mineral törəmələridir. Dağ-mədən ayırması — faydalı qazıntıların çıxarılması, eləcə də onlarla əlaqədar olmayan yeraltı qurğuların tikilməsi məqsədilə hüquqi və fiziki şəxslərə istifadəyə verilən yer təkinin hüdudlarıdır. Həmin Qanunun 48-ci maddəsinə əsasən yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir. Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Ziyanın ödənilməsi tərəflərin razılığı ilə yer təkinin pozulmuş təbii xassələrinin bərpası üzrə işlərin görülməsi ilə əvəz edilə bilər. Özbaşına yerin təkindən istifadə və faydalı qazıntı yataqları yerləşən sahələrdə aparılmış tikinti işləri çəkilmiş məsrəflər ödənilmədən dayandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin fəaliyyəti duz istehsalı olmaqla ona məxsus X12 əsas xammalını gölün suyu təşkil edir. İddiaçı tərəfindən cavabdeh barəsində yoxlamalar aparılmış, yoxlama nəticəsində iddiaçı tərəfindən cavabdehin 01 aprel 2020-ci il tarixindən 01 aprel 2021-ci il tarixinədək faydalı qazıntıların yataqlarının işlənməsi nəticəsində 7677419.35 manat məbləğində dövlətə maddi ziyanın vurulması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan və iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehdə yoxlamalar keçirilmiş, lakin iddiaçı cavabdeh barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, iddiaçı tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri (cavabdehə hesablanmış maddi ziyan) də qanunsuz olduğundan həmin məbləğ cavabdehdən tələb oluna bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmişdir. Cavabdeh tərəfindən yerin təkindən istifadə edib-etməməsinin aydınlaşdırılması üçün ilk öncə yerin təki və faydalı qazıntı anlayışlarına aydınlıq gətirilməlidir ki, həmin anlayışlarda “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində öz əksini tapmışdır. Həmin anlayışlardan müəyyən olunur ki, yerin təki yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən hissədir. Faydalı qazıntı isə yer qabığının təbii mineral törəmələridir. Anlayışlardan belə qənaətə gəlmək olur ki, cavabdehin yerin təkindən istifadə etməsi üçün Masazır Duz gölünün (sututarın) dibindən aşağıda yerləşən hissəsindən yer qabığının təbii mineral törəmələrini çıxarmalıdır. Lakin hazırki mübahisə üzrə bu hal müəyyən olunmamaqla iddiaçı tərəfindən sübuta yetirilmir. Belə ki, cavabdehin istehsal etdiyi duzun xammalını göl suyu təşkil edir ki, bu halda cavabdeh yerin təkindən istifadə etməməklə hasil etdiyi xammal qanunvericiliyin müəyyən etdiyi anlayışa əsasən faydalı qazıntı hesab oluna bilməz. Eyni zamanda, iddia ərizəsində qeyd edilmişdir ki, müvafiq araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin adına yer təkindən istifadəyə icazə verən “Dağ-mədən ayırması” aktı verilməmişdir. “Dağ-mədən ayırması” aktı iddia ərizəsində də qeyd edildiyi kimi yer təkindən istifadəyə icazə verən sənəddir. Lakin cavabdeh yuxarıda qeyd edildiyi kimi yerin təkindən istifadə etmədiyi və faydalı qazıntı çıxarmadığı halda ondan həmin istifadəyə icazə verən “Dağ-mədən ayırması” aktının tələb olunması qanunsuzdur. Cavabdeh tərəfindən faydalı qazıntı yatağının qanunsuz işlədilməsi və ziyan dəyməsi müəyyən olunmur. Dövlətə ziyan dəyməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə istinad edilərək zərərin ödənilməsi tələb edilsə də, həmin Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilən “zərər” anlayışının meyarları üzrə hər hansı sübut, məlumat məhkəməyə təqdim edilməmişdir. Belə ki, xammal ehtiyatını təbii yolla bərpa edən Masazır gölündən su götürülməsi ilə qeyd edilən halların heç biri mövcud olmadığından, yəni iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün heç bir xərc çəkmədiyindən, əmlakı zədələnmədiyindən və əlindən çıxmış fayda olmadığından Mülki Məcəllənin 21.1-ci maddəsində nəzərdə tutulan hər hansı zərər də əmələ gəlməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yerin təkindən istifadə etmədiyindən və hasil etdiyi xammal faydalı qazıntı olmadığından yerin təkindən istifadəyə görə cavabdehdən ödəniş tələb oluna bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı faydalı qazıntıların yataqların qanunsuz işlənməsi ilə 154316 m3 göl duzunun hasil edilməsi nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunaraq cavabdehdən alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi, cavabdeh tərəfindən 01 aprel 2020-ci il tarixindən 01 aprel 2021-ci il tarixinədək faydalı qazıntıların yataqların qanunsuz işlənməsi nəticəsində dövlətə vurulmuş 7677419.35 manat məbləğdə maddi ziyanın cavabdehdən alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X2 aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2080/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2080/2021
09.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver