Məhkəmə qərarları › İş №e-2-2(113)-240/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-240/2022

02.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-240/2022 02.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının cəlb edilməklə) pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13700 (on üç min yeddi yüz) manat komissiya haqqı, 2000 (iki min) manat gecikmə faizi, 2000 (iki min) manat maddi zərər üçün kompensasiya, 1000 (bir min) manat mediasiya və məhkəmə xərcləri olmaqla, cəmi 18700 (on səkkiz min yeddi yüz) manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 05 may 2017-ci ildə bağlanmış “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq (Sığorta agentliyi)” müqaviləsi əsasında iddiaçı, cavabdehin adına sığorta müqavilələrin bağlanması üçün ona agentlik (vasitəçilik) xidmətini göstərməli, cavabdeh isə iddiaçının bağladığı hər sığorta müqaviləsi üzrə daxil olan pulun 15 + 5 = 20%-ni komissiya haqqı olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bu agentlik müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmiş, bunun da nəticəsində cavabdeh xeyli miqdarda gəlir əldə etmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçıya xx.xx.2019 – xx.xx.2019-cu il dövrünə aid 2400 (iki min dörd yüz) manat, xx.xx.2020 – xx.xx.2021-ci il dövrünə aid 11300 (on bir min üç yüz) manat olmaqla, cəmi 13700 (on üç min yeddi yüz) manat komissiya haqqını ödəməmişdir. Belə ki, cavabdehin tərtib etdiyi 02 mart 2020-ci il tarixli 01/20 saylı aktdan məlum olur ki, xx.xx.2019 – xx.xx.2019-cu il dövrü ərzində iddiaçı cəmi 239912,64 manat sığorta haqqı toplayıb, bundan 33586,39 manat agent mükafatı (komissiya haqqı) və 2437,13 manat işlərin aparılması xərcləri olaraq hesablanmışdır. Lakin həmin akta əlavə edilmiş cavabdehin tərtib etdiyi cədvəllərə diqqətlə baxıldıqda görülür ki, cavabdeh bir çox hallarda, iddiaçı sığorta haqqı toplasa da onun üçün mükafat hesablamamış və komissiya xanasına 0 rəqəmi yazılmış, yaxud səhv olaraq az mükafat hesablanmışdır. Cavabdehin hesablamadığı və ya səhv olaraq az hesabladığı həmin xanalar üzrə komissiya haqqı hesablansa, cavabdehin həmin dövr üçün 2400 manat) (iki min dörd yüz komissiya haqqını hesablamadığı aşkar edilir. Eyni zamanda cavabdehin xx.xx.2020 – xx.xx.2021-ci il dövrü üçün iddiaçıya hesablamadığı komissiya haqqının məbləği də 11300 (on bir min üç yüz) manatdır. İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il aralığında 132114,61 manat sığorta haqqı toplamış və cavabdeh 19817,20 manat agent mükafatı (komissiya haqqı) verməli olduğu halda, iddiaçının hesabına tam məbləğ köçürülməmişdir. Köçürülməmiş komisiya haqqı 11300 manat təşkil etmişdir Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 05 may 2017-ci ildə bağlanmış “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq (Sığorta agentliyi)” müqaviləsinin” dəyişdirilməsinə dair 01 may 2019-cu il tarixli 3 saylı Əlavənin etibarsız hesab edilməsi, 13361,81 manat (on üç min üç yüz altmış bir manat səksən bir qəpik) komissiya haqqı, 16164,23 manat (on altı min bir yüz altmış dörd manat iyirmi üç qəpik) işlərin görülməsi xərci, 2000 (iki min) manat gecikmə faizi, 2000 (iki min) manat maddi zərər üçün kompensasiya, 1000 (bir min) manat mediasiya və məhkəmə xərcləri olmaqla, cəmi 34526,04 manat (otuz dörd min beş yüz iyirmi altı manat dörd qəpik) pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, məhkəməyə müraciət edərək (daha sonra tələbin həcmini artıraraq), cavabdeh “Atasığorta ASC ilə İddiaçı arasında bağlanmış 05 may 2017-ci ildə bağlanmış “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq (Sığorta agentliyi)” müqaviləsinin” dəyişdirilməsinə dair 01 may 2019-cu il tarixli 3 saylı Əlavənin etibarsız hesab edilməsi; 13700 manat komissiya haqqı, 18600 manat işlərin görülməsi xərci, 2000 manat gecikmə faizi, 2000 manat maddi zərər üçün kompensasiya, 1000 manat mediasiya və məhkəmə xərcləri, cəmi 37300 manat məbləğində pulun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş üzrə keçirilən ekspert rəyindən məlum olur ki, cavabdehin iddiaçıya sığorta müqavilələri üzrə müvafiq dövrlər üzrə 15% dərəcəsi ilə hesablamalı olduğu (ödəmədiyi) komisyon haqqı cəmi 13361,81 manat təşkil edir. Yenə həmin rəydən məlum olur ki, cavabdehin iddiaçıya müvafiq dövrlər üzrə hesablamalı olduğu (ödəmədiyi) işlərin görülmə xərcləri 5% dərəcəsi ilə cəmi 16164, 23 manat təşkil edir. Qeyd edilən ekspertiza rəyini nəzərə alınaraq iddia tələbinin hazırkı dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli "Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq" Müqaviləsinin 6.1-ci maddəsinə əsasən sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15%-dək təyin olunur. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tapşırıq müqaviləsinə xx.xx.2019-cu il tarixli 3 saylı əlavəyə görə icbari sığorta növləri üzrə buraxılmış şəhadətnamələrə görə veriləcək komisyon muzdun məbləği dəqiq rəqəmlə öz əksini tapmamış, 0-15 faiz intervalında təyin edilə biləcəyi təsbit olunmuşdur. xx.xx.2019xx.xx.2019-cu və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri ərzində İddiaçı xx.xx.2017-ci il tarixli "Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq" Müqaviləsinə əsasən yığılmış sığorta haqlarına münasibətdə müvafiq olaraq 33563,99 və 8855,88 manat olmaqla, ümumilikdə 42419,87 manat (qırx iki min dörd yüz on doqquz manat səksən yeddi qəpik) məbləğində komisyon muzd almışdır. Mülki Prossesual Məcəllənin 9-cu maddəsində qeyd olunan halları nəzərə alaraq bildirilir ki, İddiaçı Elektron Məhkəmə portalı vasitəsi ilə əlavə etmiş olduğu cədvəldən görünür ki, qeyd olunan cədvəl heç bir imza və möhürlə təsdiq edilmədiyindən sübut kimi qiymətləndirilməsi mümkün olmayan sənəddir. "Sığorta fəaliyyəti haqqında qanunun" 82.1-ci maddəsində də qeyd olunduğu kimi, sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir. Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün maliyyə bazarlarına nəzarət orqanından müvafiq lisenziya alınmalıdır. Şəxslər bu tələbə əməl etməməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Göründüyü kimi, lisenziya ilə sığorta agenti kimi fəaliyyət göstərən X5 AR Mülki Prossesual Məcəlləsinin 9cu maddəsinin tələblərinə uyğun olaraq iddia tələbində qeyd olunan dövrü əhatə edən, yəni xx.xx.2019-xx.xx.2019-cu və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri ərzində bağlanmış sığorta müqavilələrini təqdim etməyə borcludur. İddia ərizəsinə əlavə ilə bağlı bildirilir ki, tərəflər arasında bağlanmış "Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq" müqaviləsinə xx.xx.2019-cu tarixli 3 saylı əlavənin 6.1-ci maddəsindən də görünür ki, 5 faiz işlərin görülməsi xərci verilə bilər. Həmin maddədən də göründüyü kimi, işlərin görülməsi xərcinin verilməsi ilə bağlı hər hansı imperativ hal yoxdur. Əlavə olaraq, "Sığorta fəaliyyəti haqqqında qanunun" 82.2.2-ci maddəsindən də görünür ki, sığorta agentləri ilə bağlı işlərin görülməsi xərci ümumilikdə qanunvericilikdə öz əksini tapmamışdır. "İcbari Sığorta haqqında qanunun” 12.4-cü maddəsində qeyd olunan sığorta haqları yığımından işlərin görülməsinə vəsaitin sərf edilə bilməsi halının isə sadəcə sığortaçının hüququ olması aşkar şəkildə görünür. Sığortaçı həmin maddədə göstərilən vəsaiti isə filial və nümayəndəliklərin saxlanılması, icarə haqları, əməkdaşların maaşı, kommunikasiya, nəqliyyat xərcləri və s. üçün sərf edə bilər. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, sübutları məcmu halda qymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 05 may 2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi könüllü növlər üzrə 35%-dək, icbari sığorta növləri üzrə 15%, icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri təyin olunur. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən hər sığorta müqaviləsi üzrə komissiyon muzd mükafatının faiz dərəcəsi müəyyən edilməklə müvafiq akt tərtib olunur və hesaba köçürmə yolu ilə sığorta agentinə ödənilir. - İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 05 may 2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsinə 01 may 2019-cu il tarixli 3 saylı Əlavədə qeyd olunmuşdur ki, 1) müqavilənin 3.2-ci bəndinin könüllü növlər üzrə siyahısına aşağıdakı növlər əlavə edilsin: Kənd təsərrüfatı heyvanlarının sığortası; Kənd təsərrüfatı bitkilərinin sığortası; Avtomobillərin uzadılmış zəmanət sığortası; Elektron avadanlıq və məişət texnikasının sığortası. 2) Müqavilənin 6.1-ci bəndinə dəyişiklik edilərək aşağıdakı məzmunda qəbul edilir: 6.1. Sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatlarının və digər xərclərin faiz həcmi aşağıdakı kimi təyin olunur: könüllü növlər üzrə 43%-dək (43 % daxil olmaqla) komisyon muzd; mühərrikinin həcmi 2000 sm3-dək (2000 sm3 daxil olmaqla) olan minik nəqliyyat vasitələrinin icbari sığortası zamanı 0-15%-dək (15 % daxil olmaqla) komisyon muzd; mühərrikinin həcmi 2000 sm3-dən çox olan nəqliyyat vasitələrinin icbari sığortası zamanı 15%-dək (15 % daxil olmaqla) komisyon muzd; digər icbari növlər üzrə 15%-dək (15 % daxil olmaqla) komisyon muzd; icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri verilə bilər. 3) Müqavilənin digər müddəaları dəyişilməz olaraq qalır. 4) Bu Əlavə 01 may 2019-cu il tarixdən qüvvəyə minir. 5) Hazırkı Əlavə 05 may 2017-ci il tarixli Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. - İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən "xxxx" ASC-nin Sığorta Xidmətləri Departamentinə, bütün filialların və nümayəndəliklərin rəhbərlərinə, brokerlər və sığorta vasitəçilərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, AS- 19/1155 nömrəli məktubda qeyd edilmişdir ki, hal-hazırda "İcbari Sığortalar haqqında" Qanunun tələblərinə uyğun olaraq, sığorta vasitəçilərinə 15% komissiya haqqı və işlərin aparılması xərci yarandıqda isə 5% əlavə xərclər ödənilir. - İddiaçı tərəfindən iş materiallarına icbari sığorta müqavilələri, aktlar və cədvəl məlumatları təqdim edilmişdir. - Azərbaycan Respublikası nın mütəxəssisi tərəfindən tərtib edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş rəydə deyilir: ““Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1.1.1 -ci maddəsinə əsasən sığorta - sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Qanunun 1.1.3-cü maddəsinə əsasən sığortaçı - bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir. Qanunun 82.2-ci maddəsinə əsasən sığorta agenti tapşırıq müqaviləsi əsasında sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Qanunun 82.2-ci maddəsinə əsasən sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Qanunun 82.2-2-ci maddəsinə əsasən sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində tapşırıq müqaviləsinin nömrəsi və tarixi, sığortaçının adı və ünvanı, sığorta agenti fiziki şəxs olduqda, onun adı, atasının adı, soyadı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, lisenziyasının seriya və nömrəsi və VOEN-i, tapşırıq müqaviləsinin predmeti, sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növlərinin siyahısı, tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği, tərəflərin hüquq və vəzifələri, müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti, tapşırıq müqaviləsinin qüvvədə olduğu ərazi, tapşırıq müqaviləsinin qüvvədə olduğu müddət, tərəflərin rekvizitləri göstərilməlidir. Qanunun 82.4-cü maddəsinə əsaşən sığorta vasitəçiləri müştərilərinə göstərdikləri vasitəçilik, yaxud məsləhət xidmətlərinə görə komisyon muzd alırlar. Bildiririk ki, sığortaçı "xxxx" ASC ilə sığorta agenti İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi’nin 6-cı bəndində sığorta agentinin əməyi qarşılığında sığortaçı tərəfindən ona ödənilməli olan komisyon muzd mükafatlarının və digər xərclərin faiz dərəcələri öz əksini tapmışdır. Müqavilənin həmin bəndinə əsasən hər sığorta müqaviləsi üzrə komisyon muzd mükafatının faiz dərəcəsi müəyyən edilməklə müvafiq akt tərtib olunmalı və komisyon muzd mükafatı sığortaçı tərəfindən sığorta agentinə ödənilməlidir.” - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2022-ci il tarixli, 9/346 saylı ekspert rəyindən müəyyən olunur ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsinə, ona edilmiş əlavə sazişə və iş materiallarında olan icbari sığorta müqavilələrinə, tərtib edilmiş akt, cədvəl məlumatlarına əsasən xx.xx.2019-xx.xx.2019 dövrü üzrə sığorta müqavilələri üzrə 15% dərəcəsi ilə hesablanmalı olan komisyon haqqı 2400,5 manat, xx.xx.2020-xx.xx.2021-ci il dövrü üzrə sığorta müqavilələri üzrə 15% dərəcəsi ilə hesablanmalı olan komisyon haqqı 10961,31 manat təşkil edir. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilə və ona edilmiş əlavəyə əsasən xx.xx.2019 - xx.xx.2019-cu illər ərzində işlərin görülmə xərcləri (5% ilə) 9558,5 manat ((239912,64 x 5%) – 2437,13)), xx.xx.2020-xx.xx.2021-ci il ərzində işlərin görülmə xərcləri (5% ilə) 6605,73 manat (132114,61 manat x 5%) təşkil edir. Həmin rəydə deyilir ki, iş materiallarında olan “X6-təslimi Haqqında” 02 mart 2020-ci il tarixli, 01/20 nömrəli akt məlumatlarına əsasən xx.xx.2019-xx.xx.2019 dövrü ərzində cəmi 239912,64 manat məbləğində sığorta haqqı toplanmış, 33.586,39 manat agent mükafatı və 2437,13 manat işlərin aparılması xərci hesablanmışdır. xx.xx.2019-xx.xx.2019 dövrü üzrə sığorta agenti İddiaçı vasitəsi ilə toplanmış sığorta haqları cədvəli məlumatından göründüyü kimi, sığorta agenti kimi fəaliyyəti nəticəsində bağlanmış 3350 ədəd sığorta müqaviləsi üzrə toplanmış sığorta haqlarına komissiya haqqı hesablanmış, bir neçə sığorta növləri üzrə isə komisya haqqı hesablanmamışdır. Həmin sığorta müqavilələri üzrə 15% dərəcəsi ilə hesablanmalı olan komisyon haqqı 2400,5 manat təşkil edir (239.912,64 x 15% -33586,39). Bundan başqa, iş materiallarında olan “X6-təslimi Haqqında” akt məlumatlarına əsasən xx.xx.2020-xx.xx.2021 dövrü ərzində cəmi 8855,88 manat məbləğində komisyon mükafatı ödənişi olduğu öz əksini tapmışdır. xx.xx.2020xx.xx.2020 dövrü üzrə sığorta agenti İddiaçı vasitəsi ilə toplanmış sığorta haqları cədvəli məlumatından göründüyü kimi, sığorta agenti kimi fəaliyyəti nəticəsində bağlanmış 1143 ədəd sığorta müqaviləsi üzrə toplanmış sığorta haqqları 59.039,19 manat təşkil edir. İş materiallarında icbari sığorta müqavilələrinə dair məlumat və tərtib edilmiş cədvəl məlumatlarına əsasən xx.xx.2020-xx.xx.2021-ci il tarixləri aralığında sığorta agenti kimi fəaliyyəti nəticəsində toplanmış sığorta haqqının 132.114,61 manat təşkil etdiyi müəyyən edildi. Həmin sığorta müqavilələri üzrə 15% dərəcəsi ilə hesablanmalı olan komisyon haqqı 10961,31 manat təşkil edir (132.114,61 x 15%-8855,88). - İddiaçı pretenziya qaydasında məktubla "xxxx" ASC-yə müraciət edərək, 13700 (on üç min yeddi yüz) manat komissiya haqqı, 2000 (iki min) manat gecikmə faizi, 2000 (iki min) manat maddi zərər üçün kompensasiya olmaqla, cəmi 17700 (on yeddi min yeddi yüz) manat pulun 5 (beş) gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, sığorta agenti İddiaçı ilə sığortaçı "xxxx" ASC arasında “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsi bağlanmış və müqaviləyə əsasən sığorta agenti “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, icbari sığorta ilə bağlı qanunları və digər sığorta qanunvericiliyi, həmçinin sığortanın könüllü növləri üzrə qaydaları mükəmməl öyrənməklə sığortanın mahiyyətini, aparılması qaydası və şərtlərini sığortalıya izah etmək, sığortaçının və sığortalının hüquq və vəzifələrini izah etməklə, sığorta müqaviləsinin rəsmiləşməsində vasitəçilik etmək vəzifələrini öz öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi könüllü növlər üzrə 35%-dək, icbari sığorta növləri üzrə 15%, icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri təyin olunmuşdur. Sonradan tərəflər arasında qeyd olunan müqaviləyə 01 may 2019-cu il tarixli, 3 saylı Əlavə formasında saziş bağlanmışdır. Həmin əlavənin 2-ci bəndində müqavilənin 6.1-ci bəndinə dəyişiklik edilərək aşağıdakı məzmunda qəbul edilmişdir: Sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatlarının və digər xərclərin faiz həcmi aşağıdakı kimi təyin olunur: könüllü növlər üzrə 43%-dək (43 % daxil olmaqla) komisyon muzd; mühərrikinin həcmi 2000 sm3-dək (2000 sm3 daxil olmaqla) olan minik nəqliyyat vasitələrinin icbari sığortası zamanı 0-15%-dək (15 % daxil olmaqla) komisyon muzd; mühərrikinin həcmi 2000 sm3-dən çox olan nəqliyyat vasitələrinin icbari sığortası zamanı 15%-dək (15 % daxil olmaqla) komisyon muzd; digər icbari növlər üzrə 15%-dək (15 % daxil olmaqla) komisyon muzd; icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri verilə bilər. Müəyyən olunur ki, iddiaçı cavabdehlə bağladığı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. İddia tələbinin bir hissəsini "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 05 may 2017-ci ildə bağlanmış “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq (Sığorta agentliyi)” müqaviləsinin” dəyişdirilməsinə dair 01 may 2019-cu il tarixli 3 saylı Əlavənin etibarsız hesab edilməsi təşkil edir. İddiaçı göstərilən iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Qeyd olunmalıdır ki, əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin göstərilən hissəsi ilə bağlı iddiaçı, iddia tələbinin əsası kimi istinad etdiyi qanunvercilik normalarında nəzərdə tutulmuş etibarsızılığın halları ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də 01 may 2019-cu il tarixli, 3 saylı Əlavənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. İddia tələbinin digər hissəsini 13361,81 manat (on üç min üç yüz altmış bir manat səksən bir qəpik) komissiya haqqının cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3-ci maddəsinə əsasən əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.” 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. ...” 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. ...” 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. ...” 937.2-ci maddəsinə əsasən sığortaçı aşağıdakı sığorta əməliyyatlarında onun adından çıxış edən sığorta agentinin vasitəçilik xidmətlərindən tapşırıq müqaviləsi bağlamaqla istifadə edə bilər: 937.2.1. sığorta müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması; 937.2.2. sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması. 937.2–1-ci maddəsinə əsasən sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində aşağıdakılar əks olunmalıdır: 937.2–1.1. tapşırıq müqaviləsinin nömrəsi və tarixi; 937.2–1.2. sığortaçının adı və ünvanı; 937.2–1.3. sığorta agenti fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, lisenziyasının seriya və nömrəsi və VÖEN-i; 937.2–1.4. sığorta agenti hüquqi şəxs olduqda onun adı, olduğu yer, lisenziyasının seriya və nömrəsi, VÖEN-i, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğuldursa, icra orqanının rəhbərinin, əsas fəaliyyəti digər fəaliyyət növüdürsə, icra orqanının rəhbəri ilə yanaşı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş attestasiyadan keçmiş işçilərinin adı, soyadı və atasının adı; 937.2–1.5. tapşırıq müqaviləsinin predmeti; 937.2–1.6. sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növlərinin siyahısı; 937.2–1.7. tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği; 937.2–1.8. tərəflərin hüquq və vəzifələri; 937.2–1.9. müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti; 937.2–1.10. tapşırıq müqaviləsinin qüvvədə olduğu ərazi; 937.2–1.11. tapşırıq müqaviləsinin qüvvədə olduğu müddət; 937.2–1.12. tərəflərin rekvizitləri. ...” "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsinə əsasən sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər.” İddiaçının vasitəçiliyi ilə bağlanmış sığorta müqavilələri üzrə sığorta haqlarının xx.xx.2019-xx.xx.2019 dövrü ərzində 239912,64 manat, xx.xx.2020-xx.xx.2021 dövrü ərzində isə 132114,61 manat təşkil etməsi və bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-xx.xx.2019 dövrü üçün 33586,39 manat, xx.xx.2020-xx.xx.2021 dövrü üçün isə 8855,88 manat məbləğində komisyon muzdun ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. Hazırda tərəflərin mübahisələndirdiyi hal ödənilməli olan, lakin ödənilməyən komisyon haqları ilə bağlıdır. İddiaçı həmin məbləğin sığorta haqlarının 15%-i təşkil etdiyini, cavabdeh isə həmin məbləğin sığorta haqlarının 0-15%-dək təşkil etdiyini bildirərək, müqavilədə nəzərdə tutulan hallarda komisyon haqlarını ödəməmək hüququnun olmasına istinad etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış qeyd olunan müqavilənin 6.1-ci bəndində nəzərdə tutulur ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15%, icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün işlərin aparılması xərcləri 5% təyin olunur. Qeyd olunan müqaviləyə 01 may 2019-cu il tarixli 3 saylı Əlavə ilə müqavilənin 6.1-ci bəndinə dəyişiklik edilərək, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatlarının və digər xərclərin faiz həcmi mühərrikinin həcmi 2000 sm3-dək (2000 sm3 daxil olmaqla) olan minik nəqliyyat vasitələrinin icbari sığortası zamanı 0-15%-dək (15% daxil olmaqla); mühərrikinin həcmi 2000 sm3-dən çox olan nəqliyyat vasitələrinin icbari sığortası zamanı 15%-dək (15% daxil olmaqla); digər icbari növlər üzrə 15%-dək (15% daxil olmaqla) müəyyən edilmiş, icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri verilə bilməsi nəzərdə tutulmuşdur.. Həmin müqavilənin 6.2-ci bəndində isə göstərilmişdir ki, hər sığorta müqaviləsi üzrə komisyon muzd mükafatının faiz dərəcəsi müəyyən edilməklə müvafiq akt tərtib olunur və nağd və ya hesaba köçürmə yolu ilə sığorta agentinə ödənilir. Beləliklə, tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları və tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin (01 may 2019-cu il tarixli 3 saylı Əlavə nəzərə alınmaqla) 6.1-ci bəndində ödənilməli olan komisyon muzd mükafatının konkret faizinin deyil, onun yuxarı həddinin müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün həmin müqavilə Mülki Məcəllənin 404-cü maddəsinə uyğun olaraq təfsir edilməlidir. Bu qaydada müqavilə təfsir edilərkən isə müəyyən edilir ki, tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15% təyin olunur. Həmçinin "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən "xxxx" ASC-nin Sığorta Xidmətləri Departamentinə, bütün filialların və nümayəndəliklərin rəhbərlərinə, brokerlər və sığorta vasitəçilərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, AS-19/1155 nömrəli məktubda da qeyd edilmişdir ki, hal-hazırda "İcbari Sığortalar haqqında" Qanunun tələblərinə uyğun olaraq, sığorta vasitəçilərinə 15% komissiya haqqı və işlərin aparılması xərci yarandıqda isə 5% əlavə xərclər ödənilir. Qeyd edilən xx.xx.2019-cu il tarixli, AS-19/1155 nömrəli məktub iddiaçı tərəfindən məhkəməyə təqdim edilsə də, cavabdehin nümayəndəsi tərəfindən həmin məktubun mötəbərliyi mübahisələndirilməmişdir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin təfsirindən müəyyən edilir ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatı 15% təşkil edir. Habelə komisyon muzd mükafatının məhz 15% təşkil etməsi cavabdeh "xxxx" ASCnin İdarə Heyətinin sədrinin məktubunda da göstərilmişdir. Odur ki, yuxarıda qeyd edilən qanunvercilik normalarını, işin faktiki hallarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2022-ci il tarixli, 9/346 saylı ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi komisyon haqqının tutulması hissəsində təmin edilməli, cavabdehdən sığorta müqavilələri üzrə xx.xx.2019-xx.xx.2019 dövrü üçün 2400,5 manat (239912,64 x 15% - 33586,39) komisyon haqqı, xx.xx.2020-xx.xx.2021 dövrü üçün isə 10961,31 manat (132114,61 x 15%-8855,88) komisyon haqqı olmaqla, ümumilikdə 13361,81 manat (on üç min üç altmış bir manat səksən bir qəpik) məbləğində komissiya haqqı tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin bir hissəsini də 16164,23 manat (on altı min bir yüz altmış dörd manat iyirmi üç qəpik) işlərin görülməsi xərcinin cavabdehdən tutulması təşkil edir. Qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərclərinin təyin olunması nəzərdə tutulmuşdur. İddiaçıya cavabdeh tərəfindən xx.xx.2019-xx.xx.2019 dövrü ərzində 239912,64 manat toplanmış sığorta haqqından 2437,13 manat məbləğində işlərin aparılması xərcinin ödənilməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı ödənilməyən, xx.xx.2019-xx.xx.2019 dövr üçün qalan 9558,50 manat və xx.xx.2020-xx.xx.2021 dövrü üçün ümumiyyətlə ödənilməyən 6605,73 manat məbləğində işlərin aparılması xərcinin ödənilməsini tələb edir. İddia tələbinin həmin hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə bağlanan zaman (05 may 2017-ci il) sığortaçı tərəfindən sığorta agentinə icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərclərinin ödənilməsi sığortaçının vəzifəsi kimi, lakin müqaviləyə 3 saylı Əlavə bağlanan zaman isə (01 may 2019-cu il) sığortaçı tərəfindən sığorta agentinə icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərclərinin ödənilməsi sığortaçının hüququ kimi, yəni “5% işlərin aparılması xərcləri verilə bilər” formasında nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə əsasən həmin “verilə bilər” ifadəsinə istinad etməklə iddiaçının işlərin aparılması xərclərinin ödənilməsindən ümumiyyətlə imtina etməsi müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi mənasına uyğun gəlmir və məhkəmənin qənaətinə əsasən bu, hüquqdan sui-istifadə təəssüratı yaradır. Məhkəmə iddianın qeyd olunan hissəsinin təmin olunması qənaətinə gələrkən həmin halları, eyni zamanda müqavilənin əlavəyə qədər olan müvafiq müddəasını, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə alır. Eyni zamanda əlavədə işlərin aparılması xərclərinin “verilə bilər” formasında hüquq kimi qeyd olunmasını və iddiaçının da mənafelərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən xx.xx.2019-xx.xx.2019 dövr üçün işlərin aparılması xərci olaraq ödənilməmiş 9558,5 manat ((239912,64 x 5%) – 2437,13)) məbləğində pul tutulmalı, iddia qalan hissədə isə (xx.xx.2020-xx.xx.2021 dövrü üzrə olan hissədə) təmin edilməməlidir. İddia tələbinin digər hissəsini ödənişin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən hesablanmış 2000 (iki min) manat faiz borcunun (1 illik) cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin gəldiyi qənaətə əsasən iddia tələbi bu hissədə qismən edilməli və cavabdehdən gecikdirilmiş vaxt üçün 1146 manat (13361,81 manat komissiya haqqı + 9558,5 manat işlərin görülməsi xərci olmaqla, cəmi 22920,31 manat pulun 5%-i = 1146,01 ~ 1146 manat) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə 2000 manat dəymiş maddi ziyanın cavabdehdən tutulması təşkil edir. İddiaçı həmin tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443 və 21-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı ona ziyan dəyməsi və həmin məbləğin 2000 manat təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. İddiaçı 1000 (bir min) manat mediasiya və məhkəmə xərclərinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 200 manat (həmin məbləğ ödənilməli dövlət rüsumunu da əhatə edir) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən tələb olunan məhkəmə xərcləri ilə bağlı başqa sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə xərcləri ilə bağlı tələb qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 150 (yüz əlli) manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 50 (əlli) manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 13361,81 manat (on üç min üç altmış bir manat səksən bir qəpik) məbləğində komissiya haqqı, 9558,5 manat (doqquz min beş yüz əlli səkkiz manat əlli qəpik) işlərin görülməsi xərci, 1146 (min yüz qırx altı) manat gecikmə faizi və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 24266,31 manat (iyirmi dörd min iki yüz altmış altı manat otuz bir qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 150 (yüz əlli) manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 50 (əlli) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar