Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3516/2025 17.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi və maneələrin qadağan edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər, neqator iddia) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X2, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi və maneələrin qadağan edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra-iddiaçı) cavabdehlər cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə (bundan sonra- cavabdehlər) qarşı “dəymiş zərərin ödənilməsi və maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının qanuni istifadəsində və sahibliyində olan Buzovna qəsəbəsinin Cənub-Qərb hissəsində yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 12/68 saylı Ayrıc Aktında göstərilən döngə nöqtələri və Cizgi hüdudlarında 65 hektar torpaq sahəsinə sahibliyə cavabdehlər tərəfindən törədilən maneələrin qadağan edilməsi, müdaxilələrin qanunsuz hesab edilməsi və vurulmuş ziyanın əvəzi olaraq 168 000 (yüz altmış səkkiz min) manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini, cavabdeh "xxxx" MMC-nin əməkdaşlarının əməllərində cinayətin əlamətləri olması ilə bağlı barələrində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının 29 sentyabr 1995-ci il tarixli, 1120 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 15 dekabr 1997-ci il tarixli, № 1204 saylı Sərəncamının 1-ci bəndi ilə H.Z.Tağıyev adına X1 bazasında "xxxx" açıq tipli səhmdar cəmiyyəti yaradılmış, sonradan həmin cəmiyyət, səhmləri Dövlət Proqramına uyğun olaraq tamamilə realizə edilməklə özəlləşdirilmiş, xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, sonradan xx.xx.2008-ci ildə adı dəyişdirilərək “Nadir Quliyev adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti (“İddiaçı”) adlandırılmışdır. Bakı şəhər X3 xx.xx.1981-ci il tarixli, 32/447 saylı sərəncamı ilə müəssisənin yardımçı təsərrüfatının təşkili üçün ayrılmış və üzərindəki daşınmaz əmlakları müəssisənin özəlləşdirmə planına (emissiya prospektinə) daxil edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinin Cənub-Qərb hissəsində 65.000 0 hektartorpaq sahəsinə(“torpaq sahəsi”) dair Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixli Texniki Pasport verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 2ci bəndinə əsasən, Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən torpaq sahəsinin xx.xx.2012-ci il tarixli, 12/68 saylı Ayrıc Aktı tərtib edilmişdir. Torpaq sahəsi halhazırda İddiaçının faktikisahibliyində və istifadəsindədir. Cavabdehlər tərəfindən edilmiş özbaşına hərəkətlər nəticəsində İddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsində ağac əkininə qanunsuz müdaxilə edilərək maneə yaradılmış, bundan əlavə, torpaq sahəsində əvvəlcədən əkilmiş tinglər çıxarılaraq yararsız hala salınmaqla maddi ziyan vurulmuş, hazırda cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində İddiaçının torpaq sahəsinə olan istifadə və sahibik hüquqları məhdudlaşdırılır. Belə ki, 31 yanvar 2025-ci il tarixində, saat 12-13 radələrində torpaq sahəsində rəsmi zeytun bağı salınması üçün zeytun ağacı tingləri əkilən zaman özlərini Dövlət Neft Şirkətinə aid İdarələrdən birinin mühafizə xidmətinə -"xxxx" MMC-yə aid olduqlarını bildirməklə bir qrup şəxs əraziyə hücum edərək İddiaçının əməkdaşlarına fiziki təzyiq göstərməklə ərazidən kənarlaşdırmağa və müxtəlif vaxtlarda əkilmiş zeytun tinglərini vandalcasına kökündən çıxarıb atmağa başlamışlar. Həmin şəxslər fiziki güc tətbiq edərək ağac əkinini davam etdirməyə imkan verməmiş və müxtəlif vaxtlarda əkilmiş, hündürlüyü bir metrdən artıq olan 850 ədəd zeytun tingini vandalcasına çıxarıb atmış və çıxarılmış tingləri isə qırıb yararsız hala salmışlar. İddiaçının əməkdaşları tərəfindən torpaq sahəsinin İddiaçıya məxsus olduğunu təsdiq edən sənədlərin hücum edən şəxslərə təqdim edilməsinə baxmayaraq, onlara rəhbərlik edən şəxs hər hansı sənəd tanımadıqlarını, onlara rəhbərlik tərəfindən belə göstəriş verildiyini bildirmişdir. İddiaçının əməkdaşları isə göstərilən fiziki təzyiqin nəticəsində ağac əkinini dayandırmağa məcbur olmuş və həmin şəxslərin vandal hərəkətlərinin telefon vasitəsilə foto və video çəkilişlərini aparmışlar. Həmin şəxslər nə şəxsiyyətlərini təsdiq edən sənədi, nə də ki, etdikləri qanunsuz hərəkətlərə haqq qazandıra biləcək “əsas” – müqavilə, yazılı göstəriş, sərəncam və s. təqdim etmişlər. Həmin şəxslərin geyimlərində "xxxx" MMC-yə aid loqo var idi, SOCAR-ın hansı bölməsinin əməkdaşı olmalarına cavab olaraq isə, “SOS Mühafizə” bölməsinin əməkdaşları olduqlarını və bu müəssisənin mühafizə xidməti olduğunu, digər qurumlarla yanaşı SOCAR-a da xidmət göstərdiklərini bildirdilər. "xxxx" MMC-nin rəsmi internet saytınınhttps://www.sossecurity.az/about/partners internet səhifəsindəki “Tərəfdaşlar” bölməsindən görünür ki, həmin müəssisə SOCAR-ın özünə və bu bölmələrinə də mühafizə xidməti göstərilir: Socar Downstream, Socar Upstream, Socar Petroleum QSC.
10. Qeyd edilən halla bağlı İddiaçının əməkdaşları tərəfindən 31 yanvar 2025-ci il tarixli Akt tərtib edilmiş və Akta baş vermiş hadisənin foto və video-çəkilişləri əlavə edilmişdir. QEYD: Baş vermiş hadisənin video-çəkilişlərini elektron məhkəmə-informasiya sisteminə yükləmək imkanı həmin sistemdə nəzərdə tutulmadığı üçün, fləş-diskdə fiziki olaraq məhkəməyə təqdim edilir. Onu da məhkəmənin nəzərinə çatdırırıq ki, yuxarıda istinad edilən sənədlər, həmçinin torpaq ayrılması ilə bağlı qərarların qəbul edildiyi dövrdə qüvvədə olan normativ hüquqi aktların müddəaları, qanunsuz əməllərin törədildiyi torpaq sahəsinin "xxxx" ASC-nin qanuni sahibliyi və istifadəsində olmasının hər hansı formada şübhə altına alınmasını istisna edir. Belə ki, torpaq sahəsinə hüquqlarını eyni qaydada (dövlət müəssisəsinin özəlləşdirilməsi yolu ilə) əldə və yeni hüquqverici sənədləri (inşaat pasportu, texniki pasportu, ayrıc aktı) olan başqa bir səhmdar cəmiyyətin torpaq sahəsinin istifadə hüququnun mənsubiyyəti ilə bağlı inzibati məhkəmə mübahisəsi üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 oktyabr 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi bildirdi ki: “Hazırki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 17 noyabr 1978-ci il tarixli qərarı ilə torpaq sahəsi iddiaçının daimi istifadəsinə ayrılmışdır. Torpaq Məcəlləsi 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmiş və onun geriyə qüvvəsi yoxdur. 1978-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən isə torpaqların daimi istifadəyə verilməsi ilə bağlı münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsi tələb olunmurdu, bunun üçün müvafiq icra hakimiyyəti orqanının torpağın daimi istifadəyə verilməsinə dair qərarı kifayət edirdi..... Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin dövlətə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 17 dekabr 1978-ci il tarixli qərarı həmin torpaq üzərində "xxxx" ASC-nin hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır.” Bundan əlavə, yuxarıda sadalanan qanunsuz hərəkətlərlə bağlı İddiaçının müraciətiəsasında Bakışəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru A.Məmmədzadə tərəfindən Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 5 fevral 2025-ci il tarixli Qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsinə iddiaçıya ən azı 168 000 (yüzaltmış səkkiz min) manat zərər vurulmuşdur.
3. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsinə baxılmasının nəticəsi olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(113)-240/2025-ci il nömrəli qərardadında göstərildiyi kimi, ərizəçi tərəfindən ərizəyə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinin Cənub-Qərb hissəsində 65 hektar torpaq sahəsinə dair əmlak hüququnun (mülkiyyət, icarə, istifadə və sairə) olmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Bununla bağlı bildirirəm ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin (XDS İK) xx.xx.1981-ci il tarixli 32/447 nömrəli Qərarı ilə, neft-qaz əməliyyatlarının aparılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) (“Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsi (NQÇİ)) daimi istifadəsində olan ərazilərdən, yardımçı kənd təsərrüfatının və bağçılığın təşkili üçün torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2012-ci ildə təsdiq edilmiş Ayrıc Aktına əsasən, hal-hazırda "xxxx" ASC-nin (bundan sonra ASC) istifadəsindədir. XDS İK-nın qeyd olunan Qərarında torpaq sahəsinin ölçüsü göstərilməmişdir. XDS İK və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə torpaq sahələrinin ayrılmasına dair verilmiş qərarların, sərəncamların, xəritələrin və ayrıc aktlarının Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin İ rübünə qədər vəziyyətini əks etdirən SOCAR-a rəsmi qaydada təqdim olunmuş surətlərində (məktub və xəritə əlavə olunur), sözügedən Qərarla ayrılmış torpaq sahəsinin ölçüsü 19.75 ha kimi göstərilmiş və SOCARın müvafiq sənədlərində də həmin ölçüdə öz əksini tapmışdır. Belə ki, ilk dəfə 2009-cu ildə, daha sonra isə 2018-ci ildə “Azneft” İstehsalat Birliyinin (İB) “H.Z.Tağıyev” adına NQÇİ-nin (Maştağa-Buzovna yatağı) daimi istifadəsində olan torpaq sahələrinin topoqrafik planında (surətləri əlavə olunur), sözügedən Qərarla ayrılmış torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 19.75 ha kimi təsdiq olunmuşdur. Lakin, ASC-nin 2012-ci ildə təsdiq olunmuş Ayrıc Aktında torpaq sahəsinin ölçüsü 65 ha kimi göstərilmiş və bu səbəbdən, ASC ilə mübahisə yaranmışdır. Mübahisəli sahə - 45.25 ha torpaq sahəsi qeyd olunduğu kimi, neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşir və həmin ərazinin halhazırda balans sahibi SOCAR-ın “Azneft” İB-nin “Abşeronneft” NQÇİ-dir və torpaq sahəsinin daxilində 16 ədəd ləğv edilmiş neft-qaz quyusu mövcuddur. Göründüyü kimi, Bakı şəhər XDS İK-nin xx.xx.1981-ci il tarixli 32/447 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən SOCAR-a təqdim olunmuş sənədlərdə göstərilən ölçüləri ilə, ASC tərəfindən təqdim olunmuş Ayrıc Aktında göstərilən ölçüləri arasında uyğunsuzluq vardır. Bu uyğunsuzluq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin istintaqa ünvanladığı xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 8847/2025 nömrəli məktubunda (surəti əlavə olunur) da əks olunur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Həmin maddənin 3-cü hissəsinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin 5-ci bəndinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinin 4cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələrinin verilməsi elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 82-ci maddəsi ilə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin üzərinə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək və sair kimi vəzifələr qoyulmuşdur. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2022-ci il tarixli 259 nömrəli Qərarı ilə edilən dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə ləğv olunmuş quyular arasındakı minimum məsafə 75 metr, ictimai binalarla (mədəniyyət və təhsil müəssisələrinin binaları, uşaq bağçası-körpələr evi, tibb müəssisələrinin binaları, iri ticarət mərkəzləri, əyləncə kompleksləri və s.) 125 metr, sənaye və kənd təsərrüfatı müəssisələrinin binaları ilə 25 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Bu maddədən açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanının 7-ci bəndi ilə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasınının təmin edilməsi tapşırılmışdır. Sənaye təyinatlı ərazilərlə bağlı qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərinə əməl edilməsinə bütün hüquqi və fiziki şəxslər borcludurlar. Bu məqsədlə, SOCAR, qeyd olunan sahəvi qanunvericiliyin tələblərindən çıxış edərək, neft-qaz əməliyyatlarının aparılması məqsədilə Dövlət tərəfindən daimi istifadəsinə ayrılmış ərazilərdən yalnız təyinatı üzrə istifadə edilməsini təmin edir. Bu məqsədlə, qanunvericiliyin tələblərinin, həmçinin əhalinin və istehsalatın təhlükəsizliyinin təmin olunması məqsədilə, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları, həmçinin neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərdə istənilən kənar fəaliyyətin qarşısı dərhal alınır, bunun mümkün olmadığı halda isə, həmin fəaliyyətin istismarçı təşkilat tərəfindən müvafiq tədbirlər görülür. İş üzrə digər Cavabdeh2 MMC (SOS) də, SOCAR-ın müəssisələri ilə bağlanmış müqaviləyə əsasən SOCAR-ın obyektlərinin mühafizəsini həyata keçirir və sözügedən ərazidə zeytun tinglərinin əkilməsi faktı ilə bağlı da görülmüş tədbirlər müqavilə öhdəliklərindən, eləcə də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən irəli gəlmişdir. Belə ki, SOS əməkdaşlarının istintaqa verdiyi izahatlarda da qeyd olunduğu kimi, neft-qaz əməliyyatlarının aparılması məqsədilə ayrılmış ərazilərin hüdudları daxilində yerləşən sözügedən ərazidə zeytun tinglərinin əkilməsi faktı aşkarlandıqda, mühafizəçilər ilkin olaraq ASC əməkdaşlarına ərazinin SOCAR-a aid olması və sənaye təyinatlı bu ərazilərdə ağac əkilməsinin yolverilməz olması barədə xəbərdarlıq etmiş, buna məhəl qoyulmadığına görə faktla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” - Zəng Mərkəzinə və Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məlumat verilmişdir. ASC-nin əməkdaşları tərəfindən həmin ərazidə əkilmiş meşə fonduna daxil olmayan 2000 ədəd zeytun tingindən 700 ədədinin qanunsuz kəsib (götürərək) məhv edərək təbiətə külli miqdar hesab olunan 168.000 manat maddi ziyan vurulması ilə bağlı göstərilən məsələyə dair isə bildiririk ki, təqdim olunmuş fotoşəkil və videogörüntülərdən yeddi yüz ədəd tingin məhz ərazinin mühafizəsini həyata keçirən SOS əməkdaşları tərəfindən çıxarılması faktı müəyyən olunmur. Həmçinin hesab edirik ki, təbiətə dəymiş ziyanın hesablanması zamanı zeytun tinglərinin birinin qiymətinin 80 (səksən) manat müəyyən olunması da real deyil, düzgün əsaslandırılmamışdır. Belə ki, qeyd olunduğu kimi, ağaclar yetişmiş formada deyil, ting formasında olan ağaclar olmuşdur. Verilən məlumata görə, həmin tinglər kəsilərək məhv edilməmiş, təkrar əkilməsi mümkün olan vəziyyətdə ASC əməkdaşları tərəfindən çıxarılmışdır. Tinglərin təkrar istifadəsinin mümkünlüyü təqdim edilmiş foto və video görüntülərdən də müşahidə olunur. "xxxx" ASC-nin cavabdeh SOCAR-a və Cavabdeh2 MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi və.s” iddia tələbinə qəti şəkildə etiraz edir və bildiririk ki, daimi istifadəsində olan ərazilərinin mühafizəsini təşkil və təmin etmək yuxarıda göstərilən sahəvi qanunvericiliyin tələbləridir və SOCAR, buna görə məsuliyyət daşıyır. SOCAR, ərazisinin mühafizəsini, qeyd olunduğu kimi, podratçı tərəflər cəlb etməklə təmin edir ki, Cavabdeh2 MMC də bu təşkilatlardan biridir və bağlanmış müqavilə ilə qanuni əsaslarla fəaliyyət göstərir. Buna görə mühafizə xidməti əməkdaşları barəsində xüsusi qərardad çıxarılmasına dair iddia ərizəsində qaldırılan məsələnin qanuni əsası yoxdur, rədd edilməlidir.
5. Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Qeyd edək ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinin Cənub- Qərb hissəsində 65 hektar torpaq sahəsinə dair əmlak hüququnun (mülkiyyət, icarə, istifadə və sairə) olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Mübahisəli ərazi Buzovna və Qala yataqlarının daxil olduğu torpaq sahələrinin hüdudları daxilində Bakı şəhər X5 İcraiyyə Komitəsi (XDS İK) və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə torpaq sahələrinin ayrılmasına dair verilmiş qərarların, sərəncamların surətləri, ayrıc aktları və həmin torpaq sahələrinin 2018-ci ilin İ rübünə qədər vəziyyətini əks etdirən xəritələr, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən SOCAR-a rəsmi qaydada təqdim olunmuş və həmin ərazilər SOCAR-ın müvafiq sənədlərində öz əksini tapmışdır. “Əzizbəyovneft” NQÇİ-nin (indiki “Abşeronneft” NQÇİ) ərazisində yardımçı kənd təsərrüfatının və bağçılığın təşkili üçün torpaq sahəsinin (hal-hazırda "xxxx" ASC-nin istifadəsində (icarəsində) olan) ayrılması barədə Bakı şəhər XDS İK-nin xx.xx.1981-ci il tarixli 32/447 nömrəli qərarı da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən SOCAR-a təqdim olunmuş sənədlər sırasında mövcud olmuş və həmin sənədlərdə ayrılmış sahə 19.75 ha kimi göstərilmişdir. Lakin "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli 12/68 nömrəli Ayrıc Aktında Bakı şəhər XDS İK-nin sözügedən qərarı ilə ayrılmış torpaq sahəsi 65.0 ha kimi göstərilmişdir. Qeyd edək ki, qeyd olunan 65.0 ha torpaq sahəsinin daxilində 16 ədəd ləğv edilmiş neft-qaz quyusu mövcuddur. (cizgi əlavə olunur.) Göründüyü kimi, Bakı şəhər XDS İK-nin xx.xx.1981-ci il tarixli 32/447 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən SOCAR-a təqdim olunmuş sənədlərdə göstərilən ölçüləri ilə, ASC tərəfindən təqdim olunmuş Ayrıc Aktında göstərilən ölçüləri arasında uyğunsuzluq vardır. Bu uyğunsuzluqlar barədə Cavabdeh2 MMC-də hər hansı məlumat olmamış, o mühafizə xidmətinin təşkili və həyata keçirilməsi ilə bağlı müvafiq müqavilə əsasında, sözügüdə ərazinin mühafizəsi işi ilə məşğul olmuşdur. Həmin ərazinin rəsmi sənədlər əsasında SOCAR-a məxsus olduğunu (onun istifadəsində olduğunu) bildiyindən, müqavilə şərtlərinə sadiq qalaraq həmin ərazini hər cür qanunsuz qəsdlərdən və müdaxilələrdən mühafizə etmək MMC-nin vəzifəsi olmuşdur. SOCAR tərəfindən təqdim edilmiş etirazda da SOS MMC-nin qanuni fəaliyyətinin hüquqi baxımdan doğru olduğu vurğulanıb. Yəni, mühafizəçilərin, ASC əməkdaşlarına müvafiq xəbərdarlıq etməsi, ərazinin SOCAR-a məxsus olduğu və sənaye təyinatlı olduğunu bildirərək hərəkət etmələri tamamilə hüquqi çərçivədə baş vermişdir. Belə ki, istintaqa verilmiş izahatlarda da qeyd olunur ki, neft-qaz əməliyyatlarının aparılması məqsədilə ayrılmış ərazilərin hüdudları daxilində yerləşən sözügedən ərazidə zeytun tinglərinin əkilməsi faktı aşkarlandıqda, mühafizəçilər ilkin olaraq ASC əməkdaşlarına ərazinin SOCAR-a aid olması və sənaye təyinatlı bu ərazilərdə ağac əkilməsinin yolverilməz olması barədə xəbərdarlıq etmiş, buna məhəl qoyulmadığına görə faktla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” - Zəng Mərkəzinə və Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məlumat verilmişdir. ASC-nin əməkdaşları tərəfindən həmin ərazidə əkilmiş meşə fonduna daxil olmayan 2000 ədəd zeytun tingindən 850 ədədinin qanunsuz olaraq çıxarılıb atılması və qırılaraq yararsız hala salıması ilə təbiətə külli miqdar hesab olunan 168.000 manat maddi ziyan vurulması ilə bağlı göstərilən məsələyə dair isə bildiririk ki, təqdim olunmuş fotoşəkil və videogörüntülərdən yeddi yüz ədəd tingin məhz ərazinin mühafizəsini həyata keçirən SOS əməkdaşları tərəfindən çıxarılması faktı müəyyən olunmur. Əkilən və çıxarılan tinglərin əsl miqdarını sübut edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçının dəymiş zərərlə bağlı iddiaları tamamilə mülahizələrə əsaslanmışdır. İddiaçı qeyd edir ki, 168 000 manat zərərin vurulması cinayət işinin başlanması haqqında qərarda göstərilir. Qeyd edək ki, sözügedən cinayət işi barədə araşdırmalar hələ başa çatmamış, qeyd edilən məbləğ iddiaçı tərəfin istintaq zamanı verdiyi ifadələrə uyğun olaraq yazılmışdır. Zərərin miqdarı iddiaçı tərəfindən və ya istintaq araşdırması nəticəsində hər hansı əsaslı sübutla müəyyən edilməmişdir. Həmçinin hesab edirik ki, dəymiş ziyanın hesablanması zamanı zeytun tinglərinin birinin qiyməti ilə bağlı iddiaçı tərəfindən qeyd edilən rəqəmlər kifayət qədər absurddur və düzgün əsaslandırılmamışdır. Belə ki, iddiaçı tərəfin də qeyd etdiyi kimi, ağaclar yetişmiş formada deyil, ting formasında olan ağaclar olmuşdur. Bu cür ağacların orta bazar qiyməti isə qeyd edilən məbləğdən xeyli aşağı məbləğlə dəyərləndirilir. Verilən məlumata görə, sözügedən tinglər kəsilərək məhv edilməmiş, təkrar əkilməsi mümkün olan vəziyyətdə ASC əməkdaşları tərəfindən çıxarılmışdır. Eyni zamanda, zeytun tinglərinin sökülməsi zamanı istifadə edilən metodlarla bağlı təqdim edilən foto və video görüntülərdən məlum olur ki, bu tinglər təkrar əkilmək üçün uyğun vəziyyətdə olub, təkrar istifadəyə yararlıdır. Beləliklə, dəymiş olduğu iddia edilən zərər mövcud deyil və təqdim olunan qiymətləndirmə yalnışdır. Bundan əlavə iddiaçı tərəfindən iddia olunan 850 ədəd tingin sökülməsi üçün kifayət qədər vaxt sərf edilməli olması işin mübahisısiz halıdr. Bu müddət ərzində iddiaçı tərəfindən hüquq mühafizə orqanlarının və ya öz əməkdaşlarının müdaxiləsi ilə zərərin böyüməsinin qarşısı alınmaması, bununla bağlı iddiaçı tərəfin heç bir tədbir görməməsi ciddi şübhələr doğurur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 22.1-ci maddəsinə əsasən, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 22.3-cü maddəsinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. 48.4-cü maddəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. 62-ci maddəsinə əsasən, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələrinin verilməsi elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. 82-ci maddəsi ilə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin üzərinə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək və sair kimi vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2022-ci il tarixli 259 nömrəli Qərarı ilə edilən dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə ləğv olunmuş quyular arasındakı minimum məsafə 75 metr, ictimai binalarla (mədəniyyət və təhsil müəssisələrinin binaları, uşaq bağçası-körpələr evi, tibb müəssisələrinin binaları, iri ticarət mərkəzləri, əyləncə kompleksləri və s.) 125 metr, sənaye və kənd təsərrüfatı müəssisələrinin binaları ilə 25 metr müəyyən olunmuşdur. «Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikasinin Qanununun: 2.0.1-ci maddəsinə əsasən, qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti (bundan sonra “özəl mühafizə fəaliyyəti”) - qeyridövlət (özəl) mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən fiziki və ya hüquqi şəxslərin mülkiyyətinin hüquqa zidd qəsdlərdən qorunması məqsədilə bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərinin göstərilməsi nəzərdə tutulur. 5-ci maddəsinə əsasən, özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mühafizə olunan obyektlərin qorunması; mühafizə olunan obyektlərdə buraxılış və obyektdaxili rejimlərin təmin edilməsi; mühafizə olunan obyektlərdə təhlükəsizlik siqnalizasiyası avadanlıqlarının layihələşdirilməsi, quraşdırılması və istismarı ilə əlaqədar texniki xidmətlərin göstərilməsi; hüquqa zidd qəsdlərdən mühafizə məsələləri ilə bağlı fiziki və hüquqi şəxslərə tövsiyələrin hazırlanması xidmətləri göstərilə bilər. İddiaçının Cavabdeh2 MMC-nin əməkdaşları barədə xüsusi qərardad qəbul edilməsini xahiş etməsi isə olduqca boş iddiadır. Belə ki, müvafiq hadisə ilə bağlı cinayət işi açılmış və hazırda istintaq aparılır. Mülki icraat zamanı çıxarılan xüsusi qərardadın məqsədi isə proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxdığı halda həqiqətən cinayətin olub-olmamasının araşdırlmasını təmin etməkdir. Bu baxımdan, məhkəmənin əlavə xüsusi qərardad çıxarması qanunvericiliyin məqsəd və funksiyasına ziddir. Həqiqətən araşdırmanın aparıldığı halda bu cür iddia tələbinin verilməsi məsələni məhkəmənin gözündə suni şişirtmə məqsədi daşıyır. İddiaçı tərəf əməkdaşların vandallıq edərək ərazidə ağacları söküb yararsız hala saldıqlarını da qeyd edir, halbuki təqdim etdikləri foto və video görüntülərdə bu cür qeyriinsani hərəkətlər müşahidə edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir "xxxx" ASC-nin cavabdeh SOCAR-a və Cavabdeh2 MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi və.s” iddia tələbinə qəti şəkildə etiraz edir və bildiririk ki, daimi istifadəsində olan ərazilərinin mühafizəsini təşkil və təmin etmək qanunvericiliyin tələbləridir, SOCAR və müvafiq müqavilə əsasında Cavabdeh2 MMC buna görə məsuliyyət daşıyır. SOCAR, ərazisinin mühafizəsini, qeyd olunduğu kimi, podratçı tərəflər cəlb etməklə təmin edir ki, Cavabdeh2 MMC də bu təşkilatlardan biridir. Yuxarıda göstərilənlərə əsasən, "xxxx" ASCnin tələbi əsassızdır və rədd edilməlidir. "xxxx" MMC müvafiq müqavilə və qanunvericiliyə əsasən ərazinin mühafizəsini təmin etmiş, heç bir qanunsuz fəaliyyətə yol verməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3516/2025 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi və maneələrin qadağan edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş “işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə” vəsatət təmin edilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3516/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3156/2025 saylı qərardadından cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin 07 (yeddi) gün müddətində işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin e-2- 2(102)-449/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin şikayəti təmin edilməyərək, Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 19 may tarixli e-2-2(113)-3516/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3516/2025 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qarşı “müdaxilələrin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
11. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Y.Səfərəliyev iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi.
12. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi.
13. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddia tələbinin tam şəkildə təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 32/447 saylı qərarına əsasən “Əzizbəyovneft” NQÇİ (xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, sonradan xx.xx.2008-ci ildə adı dəyişdirilərək “Nadir Quliyev adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır) ərazisində ona yardımçı təsərrüfatının təşkili üçün faktiki torpaq istifadəsinə torpaq sahəsi ayrılmışdır: ünvan – Buzovna qəsəbəsindən cənub qərbdə, təxminən 65 ha.
17. Azərbaycan Respublikasının 29 sentyabr 1995-ci il tarixli, 1120 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 15 dekabr 1997-ci il tarixli, № 1204 saylı Sərəncamının 1-ci bəndi ilə H.Z.Tağıyev adına X1 bazasında "xxxx" açıq tipli səhmdar cəmiyyəti yaradılmışdır.
18. "xxxx" açıq tipli səhmdar cəmiyyətinə xx.xx.1988-ci il tarixdə texniki pasport verilmişdir.
19. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli, 12/68 saylı Ayrıc Aktı verilmişdir. Ayrıca aktına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü cizgidə göstərilmiş sərhədlər daxilində olmaqla 65 ha-dır.
20. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş akta əsasən əkin sahəsində zeytun ağacı tingləri əkilən zaman bir qrup şəxs əraziyə gələrək nümayəndərini ərazidən uzaqlaşdırmağa cəh etmiş, hündürlüyü 1 metrdən çox olan 850 ədəd zeytun tingi çıxarılıb yarasız vəziyyətə salınmışdır.
21. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən qanunsuz ağac kəsilməsi faktı üzrə cinayət işi başlanmışdır.
22. İddiaçı müəssisənin özəlləşdirmə planına (emissiya prospektinə) əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinin Cənub-Qərb hissəsində olan 65 hektar torpaq sahəsi iddiaçının sahiblik və istifadəsindədir.
23. Cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli mühafizə xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən müqavilə və onun əlavələri üzrə göstərilmiş obyektlərinin mühafisəzini təmin etməyi öhdəsinə götürür.
24. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
25. Belə ki, iddia iki hissədən ibarətdir: 1. iddiaçının qanuni istifadəsində və sahibliyində olan 65 hektar torpaq sahəsinə sahibliyə törədilən maneələrin qadağan edilməsi; 2. 168000 manat maddi ziyanın ödənilməsi.
26. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
27. İddiaçı hazırda qanuni sahiblik və istifadəsində olan 65 ha torpaq sahəsinin sahiblik və istifadəsinə yaradılan maneələrin qadağan edilməsini xahiş edir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.
30. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
31. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
32. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Məhkəmə iclaslarında verdiyi izahatlarında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 bildirdi ki, iddiaçının torpaq sahəsindən istifadəsinə mübahisə yaranan 2024-cü ilin sonlarına qədər hər hansı maneə olmamış, xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndələri öz torpaq sahəsində ağac tingləri əkmək istəyən iddiaçının əməkdaşlarına maneələr törətmiş, torpaq sahəsindən uzaqlaşdırmağa cəhd etmişlər.
34. Cavabdehlər bu hissədə iddiaya etiraz edərək Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin İ rübünə qədər vəziyyətini əks etdirən SOCAR-a rəsmi qaydada təqdim olunmuş sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün 19.75 ha kimi göstərildiyini, SOCAR-ın müvafiq sənədlərində də həmin ölçüdə öz əksini tapdığını, lakin ASC-nin 2012-ci ildə təsdiq olunmuş Ayrıc Aktında torpaq sahəsinin ölçüsü kimi 65 ha kimi göstərildiyini və bu səbəbdən, ASC ilə mübahisə yarandığını, mübahisəli sahənin - 45.25 ha olduğunu, həmin ərazidə neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşdiyini və həmin torpaq sahəsinin daxilində 16 ədəd ləğv edilmiş neft-qaz quyusu mövcud olduğunu, bu məqsədlə, cavabdehlər arasında bağlanmış müqaviləyə əsasən SOCAR-ın obyektlərinin mühafizəsinin həyata keçirildiyini və sözügedən ərazidə zeytun tinglərinin əkilməsi faktı ilə bağlı da görülmüş tədbirlərin müqavilə öhdəliklərindən, eləcə də qanunvericiliyin tələblərindən irəli gəldiyini bildirirlər.
35. Məhkəmə cavabdehlərin həmin dəlili ilə razılaşmır.
36. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarına əsasən Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 32/447 saylı qərarına əsasən “Əzizbəyovneft” NQÇİ ərazisində ona yardımçı təsərrüfatının təşkili üçün faktiki torpaq istifadəsinə torpaq sahəsi ayrılmışdır: ünvan – Buzovna qəsəbəsindən cənub qərbdə, təxminən 65 ha. Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 15 dekabr 1997-ci il tarixli, № 1204 saylı Sərəncamının 1-ci bəndi ilə H.Z.Tağıyev adına X1 bazasında "xxxx" açıq tipli səhmdar cəmiyyəti yaradılmış, daha sonra adı dəyişdirilərək “Nadir Quliyev adına "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən torpaq sahəsinə dair verilmiş xx.xx.2012-ci il tarixli, 12/68 saylı Ayrıc Aktında iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün cizgidə göstərilmiş sərhədlər daxilində olmaqla 65 ha olması göstərilmişdir.
37. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldıqmaqla müvafiq subyektiv hüquqa malikdir.
38. Pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda mülkiyyətçi, o cümlədən titul sahibi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. Belə bir hüquq neqator iddia ilə təmin olunur (latınca actio neqotoria - inkar etmə iddiası).
39. Neqator iddia dedikdə, mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür.
40. Vindikasiya iddiası kimi, neqator iddia da mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələrindəndir. Neqator iddia mübahisə doğuran əşyaya görə mülkiyyətçi və üçüncü şəxslər öhdəlik və sair münasibətlərdə olmadıqda və baş vermiş hüquq pozuntusu subyektiv mülkiyyət hüququnun xitamına səbəb olmadıqda irəli sürülür.
41. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi əmlaka sahib olduqda, lakin ondan istifadə və onun üzərində sərəncam imkanlarından məhrum olduqda malik olur. Mülkiyyət hüququnun həyata keçirilməsinə özünün qanunazidd hərəkətləri ilə mane olan şəxs cavabdeh qismindədir.
42. Neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntunun aradan qaldırılmasına yönələn iddiaçının tələbidir.
43. Hazırkı halda cavabdehlər qanuna zidd hərəkətləri ilə iddiaçıya əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə törədir (torpaq sahəsinə daxil olma, orada ağacların əkilməsi və sairə).
44. Cavabdehlər öz hərəkətlərinin hüquqa uyğun olduğunu sübut edə bilmədikləri üçün məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir.
45. Məhkəmə iddia tələbini ikinci, 168000 manat zərərin tutulması hissəsində isə əsassız hesab edir.
46. Belə ki, iddiaçı tərəf məhkəməyə ümumiyyətlə ona 168000 manat zərər dəyməsi barədə (çıxarıldığını iddia etdiyi 850 ədəd ağac tinginin alınmasını, indiki vəziyyəti barədə sübutlar, aqrotexniki qulluq göstərilməsinə çəkilən xərclər barədə və sairə) hər hansı sübut təqdim edə bilməmişdir.
47. Bundan əlavə, iddiaçı ilkin olaraq izahatlarında həmin ağac tinglərinin iddiaçı tərəfindən ödənişli əsaslarla əldə edildiyini, sonrakı izahatlarında isə alışının həyata keçirilmədiyini, iddiaçıya məxsus zeytun ağaclarının budaq hissələrində olan yeni qolların ayrıca əkilib bir neçə il qulluq edilməsi nəticəsində yetişdirildiyini bildirmişdir.
48. İddiaçı tərəf məhkəməyə verdiyi xx.xx.2025-ci il tarixli yazılı izahatında zeytun tinginin bazar qiymətinin ən azı 3 manat, tingçilik bazarında isə bir ədədinin qiymətinin 5-6 manat olmasını göstərmişdir.
49. İddiaçı tərəfin verdiyi məlumat əsas götürüldükdə ona 850 ədəd yeni zeytun tinginin alınması üçün 2550 manat vəsait tələb edilir.
50. Məhkəmə araşdırması zamanı ümumiyyətlə 850 ədəd ağac tinginin çıxarıldığı, iddiaçıya cavabdehlər tərəfindən hər hansı maddi zərər vurulduğu öz təsdiqini tapmamışdır.
51. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
52. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
53. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
54. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
55. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
56. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
57. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
58. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
59. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
60. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
61. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
62. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
63. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehlərin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onların iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
64. Hazırkı halda iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.
65. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 168000 manat maddi zərərin tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.
66. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı "xxxx" ASC-nin qanuni istifadəsində və sahibliyində olan Buzovna qəsəbəsinin Cənub-Qərb hissəsində yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 12/68 saylı Ayrıc Aktında göstərilən döngə nöqtələri və Cizgi hüdudlarındakı 65 hektar torpaq sahəsinə sahibliyə törədilən maneələr cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qadağan edilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır.
V. Nəticə:
67. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-nin qanuni istifadəsində və sahibliyində olan Bakı şəhəri Buzovna qəsəbəsinin Cənub-Qərb hissəsində yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 12/68 saylı Ayrıc Aktında göstərilən döngə nöqtələri və Cizgi hüdudlarında olan 65 hektar torpaq sahəsinə iddiaçı "xxxx" ASC-nin sahibliyinə törədilən maneələr cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova