Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3526/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqının ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar 10068,50 manat icarə haqqı, 6900 manat boşdayanma xərci və məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 140,90 manat olmaqla, bütövlükdə 17109,40 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2023-cü il tarixində AİS-CSS-031123 nömrəli tikinti texnikasının icarəsinə dair müqavilə (bundan sonra – müqavilə) imzalanmışdır. Müqaviləyə əsasən icarəyə verən tərəfindən tikinti texnikası icarəçinin icarəsinə verilmiş və tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. İcarəçi 2024-cü ilin mart ayı üçün icarə haqqını ödəməmişdir. İcarəçiyə müxtəlif formalarda icarə haqqının ödənilməsi ilə bağlı bildirişlər verilsə də, öhdəliyini icra etməkdən yayınır və bununla da müqavilənin şərtlərini pozmuş olur. Hazırda icarəçinin 2024-cü ilin fevral, mart və aprel aylarına görə icarəyə verənə ödəməli olduğu icarə haqqı ümumilikdə 10068,5 manat təşkil edir. Müqavilə üzrə icarə haqqı məbləğləri tərəflər arasında imzalanmış təhvil-təslim aktları ilə təsdiq edilir. Tərəflər arasında imzalanmış müqavilənin 4.2-ci bəndinə əsasən müqavilədən irəli gələn yaxud bu müqavilə barədə meydana çıxan bütün mübahisələr tərəflərin razılığı ilə həll edilir. Tərəflər 10 iş günü ərzində öz aralarında qarşılıqlı razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması Azərbaycan Respublikasının aidiyyəti məhkəməsinə verilir. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikasının qanunvericiliyidir. Eyni zamanda həmin müqavilənin 4.4-cü bəndinə görə icarəçi icarə haqqının ödənişini 15 gündən artıq gecikdirdikdə icarə haqqı ödənişinin hər gecikdirildiyi gün üçün vurulmuş zərərin əvəzi olaraq ödənişin gecikdirildiyi hər gün üçün 230 manat məbləğində boşdayanma xərci ödəməlidir. Qeyd edilənləri nəzərə alaraq, müqavilə üzrə öhdəliklərin icrası qaydasında ödənilməli vəsaitin 10 iş günü ərzində ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Sözügedən pretenziyanın verilməsindən sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində 3000 manat ödəniş edilmişdir. Halbuki tələb məbləğin tam ödənilməsi ilə bağlı olmuşdur. Müqavilənin 4.4-cü bəndi nəzərə alınmaqla hazırda cavabdeh tərəfindən ödənilməli boşdayanma məbləği aşağıdakı qaydada hesablanır: - 7 mart 2024-cü il tarixli akt üzrə 30 günlük gecikməyə görə 6900 manat. Hazırda icarəyə verənin 2 may 2024-cü il tarixinə qədər icarəçinin müqaviləyə əsasən ödəməli olduğu vəsait ümumilikdə 16968,5 manat təşkil edir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh "xxxx" MMC-dən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar ƏDV daxil 16033,25 icarə haqqı, 6900 manat boşdayanma xərci və məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 159 manat olmaqla, ümumilikdə 23092,25 manat vəsaitin tutularaq, "X1" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, “X1" MMC (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında xx.xx.2023-cü il tarixində AİS-CSS-031123 nömrəli tikinti texnikasının icarəsinə dair Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən icarəyə verən tərəfindən tikinti texnikası icarəçinin icarəsinə verilmiş və tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Bundan sonra icarəçi 7, 8 və 10 saylı aktlar üzrə icarə haqqını ödəməmişdir. İcarəçiyə müxtəlif formalarda icarə haqqının ödənilməsi ilə bağlı bildirişlər verilsə də, o, öhdəliyini icra etməkdən yayınır və bununla da müqavilənin şərtlərini pozmuş olur. İcarəçi fevral ayı üzrə (7 saylı akt) ödəməli olduğu 6000,00 manatdan 2350,00 manat, mart ayı üzrə (8 saylı akt) ödəməli olduğu 4425,00 manatdan 3000,00 manat icarə haqqı ödəmişdir. May ayı üzrə (10 saylı akt) 5200,00 manat məbləğində icarə haqqı isə bu gübənədək ödənilməmişdir. Hazırda İcarəçinin 2024-cü ilin fevral, mart və may aylarına görə icarəyə verənə ödəməli olduğu icarə haqqı məbləği ümumilikdə ƏDV xaric 10275,00 manat təşkil edir. Müqavilə üzrə icarə haqqı məbləğləri tərəflər arasında imzalanmış təhvil-təslim aktları ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.4-cü bəndinə əsasən icarəçi icarə haqqının ödənişini 15 gündən artıq gecikdirdikdə, icarə haqqı ödənişinin hər gecikdirildiyi gün üçün vurulmuş zərərin əvəzi olaraq ödənişin gecikdirildiyi hər gün üçün 230 manat məbləğində boşdayanma xərci ödəməlidir. Müqavilənin 4.4-cü bəndi nəzərə alınmaqla, hazırda cavabdeh tərəfindən ödənilməli boşdayanma məbləği aşağıdakı qaydada hesablanır: 7 mart 2024-cü il tarixli akt üzrə 30 günlük gecikməyə görə 6900 manat. Əlavə olaraq, tərəflər arasında bağlanmış xx.xx.2024 və xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, AİS-CSS-031123 nömrəli müqavilənin 6 və 7 saylı əlavələrinin 4.5-ci maddəsinə əsasən icarəçi elektron qaimənin göndərildiyi tarixdən 55 gün keçdiyi üçün 10 saylı akt üzrə 5200,00 manat deyil, 7 800,00 manat, 8 saylı akt üzrə isə həmin maddəyə əsasən 1425,00 manat əvəzinə 2137,50 manat məbləğində icarə haqqı ödəməlidir. Hazırda icarəçi xx.xx.2023-cü il tarixli, AİS- CSS-031123 nömrəli tikinti texnikasının icarəsinə dair Müqaviləyə əsasən 7 saylı akt üzrə ƏDV daxil olmaqla 4307,00 manat icarə haqqı, 6900,00 manat ödənişin gecikdirildiyinə görə, 8 saylı akt üzrə ƏDV daxil 2522,25 icarə haqqı, 10 saylı akt üzrə ƏDV daxil olmaqla, 9204,00 manat icarə haqqı, ümumilikdə 22933,25 manat məbləğində pul vəsaitini icarəyə verənə ödəməyə borcludur.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 442-ci maddələrinə istinad olunmuşdur.
6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında tikinti texnikasının icarəsinə dair 03 noyabr 2023-cü il tarixli AİS-CSS-031123 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən tikinti texnikasını razılaşdırılmış şərtlərlə icarəçiyə verməli, icarəçi isə öz növbəsində aylıq icarə haqqını ödəməlidir. İddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia ərizəsində göstərilmiş məbləğlər həddindən artıq şişirdilmiş və təhrif edilmiş formada verilmişdir. Şirkətə təqdim edilmiş elektron qaimələr ilə ödənilmiş məbləğlər arasında fərq yaranmışdır. Belə olduğu təqdirdə əsas məbləğə hesablanmış boş dayanma xərcinin (dəbbə pulunun) hesablanması ağla batan deyil. Müqavilənin 1.2-ci bəndində birbaşa qeyd edilmişdir ki, icarəçi avtonəqliyyat vasitəsini tikinti işlərinin icra edilməsi məqsədi ilə işğaldan azad olunmuş zonada Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işlətində istifadə edəcəkdir. Respublikanın sözügedən bölgərində yalnız dövlət lahiyələri əsasında müvafiq icazələr əsasında tikinti işləri aparmaq mümkündür, yəni hər hansısa şirkətin fəaliyyətindən asılı olmayaraq layihənin davamlılıq müddətini öncədən hesablamaq mümkün deyildir. Bu səbəbdən müqavilənin 5.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəflər arasında qarşılıqlı hesablaşmalar fors-major halının başlanması gününə qədərki müddət üçün aparılmalıdır. Müqavilə şərtlərində nəzərdə tutulduğu kimi texnikanı idarə etmək səlahiyyəti yalnız icarəyə verən tərəfindən təyin edilmiş operatora həvalə edilmişdir. (Yalnız operatorun bütün məsrəfləri icarəçi tərəfindən qarşılanmışdır.) Bu səbəbdən sözü gedən texnikanın digər şəxs tərəfindən idarə edilməsi mümkün olmamışdır. Eyzi zamanda texnikaya icarəyə verən tərəfindən GPS sistemi quraşdırılmışdır. Bu sistem vasitəsi ilə texnikanın işə salınması halında icarəyə verən tərəfə məlumat ötürülür və mərkəzləşmiş sistem nəticəsində məsafədən asılı olmayaraq texnikanın hərəkəti dayandırıla bilir. Bu səbəbdən icarəyə verən tərəfindən müqaviləyə xitam verilməmiş, istifadə olunmayan ayların belə xidmət haqqı və boşdayanma xərcləri hesablanmışdır. Halbuki, müqavilə şərtlərində birbaşa nəzərdə tutmuşdur ki, icarəçi iki gündən artıq xidmət haqqını gecikdirdikdə texnikanı geri götürə bilərdi. Bütün bu qeyd olunanlardan belə bir nəticəyə gəlinir ki, İddiaçı MMC məqsədyönlü şəkildə bu addımları atmışdır və hüquqi şəxsin vəziyyətindən sui-istifadə edərək borcu fantastik rəqəmlərə yüksəltmişdir. Halbuki, iddiaçıya dəfələrlə bildirilmişdir ki, layihə müəyyən səbəblərə görə dayandırılmışdır və yenidən işin başlama tarixi qeyri-müəyyən olaraq qalmaqdadır. İddiaçı "X1" MMC-nin direktor müavini ilə bu barədə razılıq əldə edilməsinə baxmayaraq sonuncu verdiyi sözdən dönmüş, əlavə gəlir əldə etmək və şirkətin işgüzar nüfuzuna xələl gətirmək məqsədi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, AİS-CSS-031123 saylı tikinti texnikasının icarəsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icarəyə verən təsviri, icarə müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilmiş və razılaşdırılmış tikinti texnikasını (bundan sonra texnika) icarə predmeti qismində bu müqavilə ilə razılaşdırılmış şərtlərlə icarəçiyə icarəyə verməyi, icarəçi isə texnikanı icarəyə götürüb qarşılığında bu müqavilə ilə razılaşdırılmış icarə haqqını müqavilədə müəyyən olunan qaydada və şərtlərlə icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən texnika icarəçi tərəfindən onun əsas təyinatı dəyişdirilmədən istifadə olunmaq üçün icarəyə götürülür. İcarəçi avtonəqliyyat vasitələrini tikinti işlərinin icra edilməsi məqsədilə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işlərində istifadə edəcəkdir. Texnikanın həmin ərazidən çıxardılaraq başqa ərazidə istifadə edilməsi üçün icarəçi icarəyə verənin yazılı razılığını almalıdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə yaranan icarəçiyə aid öhdəliklər yalnız icarəçiyə məxsusdur. İcarəçinin işçilərinin, partnyorlarının, bu müqaviləyə əsasən təqdim edilmiş sürücülərinin, səlahiyyət vermiş digər 3-cü şəxslərinin, qonaqlarının hərəkətinə (hərəkətsizliyinə) görə icarəçi tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verən öhdəsinə götürür: 2.1.1 texnikanı bu müqavilə ilə razılaşdırılmış qaydada və texniki standartlara uyğun şəkildə icarəçiyə icarəyə vermək. 2.1.2 texnikanı təhvil-təslim aktına əsasən icarəçiyə təhvil vermək və icarə müddətinin sonunda təbii amortazisasiya nəzərə alınmaqla təhvil-təslim aktına əsasən təhvil almaq. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi öhdəsinə götürür: 2.2.1. texnikanı təhvil aldığı tarixdə yoxlayıb, təhvil-təslim aktını 2 (iki) nüsxədə imzalamaqla və 1 (bir) nüsxəsini icarəyə verənə verməklə qəbul etmək və ya texnikada hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə təhvil-təslim aktında bu barədə qeyd aparmaqla texnikanı təhvil almaq və yaxud onu təhvil almaqdan imtina etmək; 2.2.2. texnikanı təyinatı üzrə istifadə etmək, bu şərtin pozulmasına görə icarəyə verənə dəyən ziyanı (zərəri) tam şəkildə ödəmək. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən texnika üçün aylıq icarə haqqının məbləği ƏDV daxil 6136 (altı min yüz otuz altı) manat müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən texnikaların icarəsinə görə xidmət haqqı texnikanın icarədə olduğu hər ay (30 gün) bitdikdən sonra 5 (beş) iş günü ərzində ödəniləcəkdir. Bu müqavilənin qüvvədə olduğu hər ay (30 gün) bitdikdən sonra icarəyə verən 1 (bir) iş günü ərzində təhvil-təslim aktı tərtib edir və icarəçiyə təqdim edir. İcarəçi həmin təhvil-təslim aktına 1 (bir) iş günü ərzində münasibət bildirməlidir. İcarəçinin təhvil-təslim aktını imzalamaqdan əsassız olaraq imtina etməsi icarəçini icarə haqqını ödəməkdən azad etmir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən icarəyə götürülən texnikaların icarəçinin müəyyən etdiyi yerə çatdırılması və icarə müddəti bitdikdən sonra icarǝyǝ verənin müəyyən etdiyi yerə çatdırılması xərci icarəçiyə aiddir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən texnikaların aylıq icarə haqqı dedikdə texnikanın ay (30 gün ərzində) ərzində 26 gün və gündəlik 8 saatlıq istifadəsi müddəti nəzərdə tutulur. Texnikanın icarəçi tərəfindən istifadə edilməməsi aylıq icarə haqqının günləri hesablanarkən nəzərə alınmır. Texnikanın bu bənddə müəyyən edilən 26 gündən və gündəlik 8 saatdan artıq istifadə edilməsi zamanı artıq istifadə edilən vaxtların xidmət haqqı müqavilənin əlavəsində qeyd edilmişdir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən icarəçi icarə haqqının ödənişini 15 gündən artıq gecikdirdikdə icarə haqqı ödənişinin hər gecikdirildiyi gün üçün vurulmuş zərərin əvəzi olaraq ödənişin gecikdirildiyi hər gün üçün 230 manat məbləğində boşdayanma xərci ödəməlidir.
10. xx.xx.2023-cü il tarixli, AİS-CSS-031123 saylı tikinti texnikasının icarəsinə dair müqaviləyə əlavə nömrə 1-ə əsasən aylıq icarə haqqının məbləği ƏDV daxil 6136 manat təşkil edir.
11. Tikinti texnikasının icarəsinə dair xx.xx.2023-cü il tarixli AİS-CSS-011123 nömrəli müqavilə üzrə 1 nömrəli tǝhvil-tǝslim aktında qeyd edilmişdir ki, İddiaçı (İcarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında xx.xx.2023-cü il tarixində imzalanmış AİS- CSS-031123 nömrəli müqavilə (bundan sonra-müqavilə) üzrə icarəçi tərəfindən icarəyə götürülmüş Çalovlu ekskavator (Bekoloder) HUNDAİ H 940 S (dövlət qeydiyyat nişanı: AZ 1**-FY-***; buraxılış ili: 2013; mühərrikin nömrəsi: ROO3361 W; rəngi: sarı; şassi: HHKHU801 PD0000241) xüsusi tikinti texnikasının icarəçiyə icarəyə verilməsini təsdiq edir. Göstərilmiş tikinti texnikası xx.xx.2023 tarixində icarəyə verən tərəfindən icarəçiyə tam saz vəziyyətdə, hər hansı çatışmazlıq olmadan təhvil verilmişdir.
12. Tikinti texnikasının icarəsinə dair xx.xx.2023-cü il tarixli AİS-CSS-011123 nömrəli müqavilə üzrə 6 nömrəli tǝhvil-tǝslim aktında qeyd edilmişdir ki, icarəyə verən tərəfindən texnikalar xx.xx.2024-xx.xx.2024 tarixləri üçün icarə xidməti təslim edilmiş və icarəçi həmin icarə xidmətlərini təhvil almışdır.Cəmi icarə haqqı ƏDV daxil 767 manat təşkil edir.
13. Tikinti texnikasının icarəsinə dair xx.xx.2023-cü il tarixli AİS-CSS-011123 nömrəli müqavilə üzrə 7 nömrəli tǝhvil-tǝslim aktında qeyd edilmişdir ki, icarəyə verən tərəfindən texnikalar xx.xx.2024-xx.xx.2024 tarixləri üçün icarə xidməti təslim edilmiş və icarəçi həmin icarə xidmətlərini təhvil almışdır.Cəmi icarə haqqı ƏDV daxil 7080 (6000+1080ƏDV) manat təşkil edir.
14. Tikinti texnikasının icarəsinə dair xx.xx.2023-cü il tarixli AİS-CSS-011123 nömrəli müqavilə üzrə 8 nömrəli tǝhvil-tǝslim aktında qeyd edilmişdir ki, icarəyə verən tərəfindən texnikalar xx.xx.2024-xx.xx.2024 tarixləri üçün icarə xidməti təslim edilmiş və icarəçi həmin icarə xidmətlərini təhvil almışdır.Cəmi icarə haqqı ƏDV daxil 5221,50 (4425+796,50ƏDV) manat təşkil edir.
15. Tikinti texnikasının icarəsinə dair xx.xx.2023-cü il tarixli AİS-CSS-011123 nömrəli müqavilə üzrə 10 nömrəli tǝhvil-tǝslim aktında qeyd edilmişdir ki, icarəyə verən tərəfindən texnikalar xx.xx.2024-xx.xx.2024 tarixləri üçün icarə xidməti təslim edilmiş və icarəçi həmin icarə xidmətlərini təhvil almışdır.Cəmi icarə haqqı ƏDV daxil 6136 (5200+936ƏDV) manat təşkil edir.
16. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2024-cü il tarixinədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
19. İddia tələbinin bir hissəsini cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, AİS-CSS-031123 saylı tikinti texnikasının icarəsinə dair müqavilə əsasında yaranmış 16033,25 manat icarə haqqının tutulması təşkil edir.
20. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixli, AİS-CSS-031123 saylı tikinti texnikasının icarəsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir. Cavabdeh iddiaya etiraz etsə də, hesab olunur ki, etirazda göstərilənlər iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, müqaviləyə əsasən iddiaçı ona məxsus texnikaları cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə haqqını tam şəkildə ödəməmişdir. İddiaçı cavabdehdən 7,8,10 saylı aktlar üzrə ƏDV daxil 16033,25 manat məbləğində ödənilməmiş icarə haqqının tutulmasını xahiş edir.
21. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh QSC-dən 13087,50 manat manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu təhvil-təslim aktları və təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapır. Təhvil-təslim aktları tərəflərin imza və möhürü ilə təsdiqlənmişdir. Müəyyən olunur ki, 7, 8 və 10 saylı tǝhvil-tǝslim aktları üzrə ümumilikdə ƏDV daxil 18437,5 manat (7080+5221,50+6136) məbləğində icarə haqqı hesablanmışdır (həmin təhvil-təslim aktları üzrə eyni məbləğdə 3 elektron qaimə iddiaçı tərəfindən cavabdehə göndərilmiş, lakin iddiaçı həmin qaimələrin elektron qaydada məhkəməyə təqdim edilməsini təmin etməmişdir). İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 7 saylı akt üzrə 2350 manat və 8 saylı akt üzrə isə 3000 manat məbləğində ödəniş edildiyini bildirmişdir. Göründüyü kimi, hazırda cavabdehin iddiaçıya olan borcunun məbləği 13087,50 manat (18437,5-2350-3000=13087,50) təşkil edir.
22. İddia tələbinin digər hissəsini cavabdеhdən 6900 manat məbləğində boşdayanma xərcinin tutulması təşkil edir. Tərəflərin izahatları və müqavilə şərtlərindən görünür ki, müqavilədə göstərilən boşdayanma xərci əslində cərimə kimi başa düşülməlidir. Belə ki, müqavilənin 4.4-cü bəndindən göründüyü kimi, icarəçi icarə haqqının ödənişini 15 gündən artıq gecikdirdikdə icarə haqqı ödənişinin gecikdirildiyi hər gün üçün 230 manat məbləğində boşdayanma xərci ödəməlidir.
23. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır.
24. Məhkəmə tələb olunan cərimə-boşdayanma xərcinin əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq həmin məbləğ azaldılaraq, 600 (altı yüz) müəyyən edilməli, boşdayanma xərcinin ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 159 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
26. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 94,80 manat (doxsan dörd manat səksən qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 13087,50 manat (on üç min səksən yeddi manat əlli qəpik) əsas borc, 600 (altı yüz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94,80 manat (doxsan dörd manat səksən qəpik) olmaqla, cəmi 13782,30 manat (on üç min yeddi yüz səksən iki manat otuz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova