Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3566/2025 17.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair ilk, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, vurulmuş ziyan) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2, “AASO Prime Management İNC." MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə, “AASO Prime Management İNC." MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair ilk, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli icarə sazişinə xitam verərək, sazişin şərtlərinə əsasən, icarə haqqı üzrə ƏDV daxil 312.872,63 manat məbləğinin və kommunal xərclər üzrə ƏDV daxil 2.864,48 manat cəmi 315.737,11 manat məbləğinin və dövlət büdcəsinə ödənilmiş 605,74 manat məbləğində dövlət rüsumunun, Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi və Cavabdeh MMCyə məxsus əşyaların icarə obyektindən çıxarılaraq, obyektin boş vəziyyətdə İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixində İcarə sazişi bağlanılmışdır. "xxxx" ASC İddiaçı MMC-yə qoşulmaqla onun fəaliyyətinə xitam verilmiş və hazırda İddiaçı MMC "xxxx" ASC-nin hüquqi varisidir. Cavabdeh MMC xx.xx.2014-cü il tarixli İcarə sazişi ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməyərək, icarə haqqı və kommunal xərclərin ödənilməsindən yayınır. Cavabdeh tərəfindən 2018-ci ilin noyabr ayından 2021-ci ilin avqust ayınadək icarə haqqı və kommunal xərclər üzrə qismən ödəniş edilmiş, 2021-ci ilin avqust ayından bu günə qədər isə heç bir ödəniş olunmamışdır. Tərəfimizdən dəfələrlə şifahi və yazılı qaydada müraciət edilərək cavabdehdən ödənişin icra olunması tələb olunsa da, cavabdeh ödənişləri icra etmir. Belə ki, 3 mart 2025-ci il tarixində müqaviləyə tərəfimizdən birtərəfli qaydada xitam verilərək və cavabdehdən icarə obyektinin boşaldılması tələb edilmişdir. 14 mart 2025-ci il tarixində isə tərəfimizdən cavabdehə ödənişlərin tam ödənilməsinin tələb olunması ilə bağlı pretenziya məktubu göndərilmişdir. Buna baxmayaraq cavabdeh ödənişləri icra etməyərək, icarə obyektində öz fəaliyyətini əsassız olaraq davam etdirir.
3. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddiaya əlavə ilə məhkəməyə müraciət edərək, iddiaçının İcarə Sazişinə birtərəfli xitamının qanunsuz hesab edilməsi, iddiaçının əhəmiyyətli pozuntusu səbəbindən, İcarə Sazişinin ləğv edilməsi və cavabdehə dəymiş 2 000 000 AZN (iki milyon manat) məbləğində zərərin əvəzinin, 221.025 AZN məbləğində ziyanın "xxxx" MMC-dən tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İcarə Sazişi imzalanandan sonra, biz Obyektin təmirinə başladıq ki, Ticarət Mərkəzinin təntənəli açılışı üçün, bərbərxana fəaliyyətə başlamaq üçün hazır vəziyyətdə olsun. Təmirin gedişatında diqqətimizi çəkən məqam o oldu ki, bizim icarəyə götürdüyümüz Obyektdən savayı, Ticarət Mərkəzində heç bir digər obyektdə təmir və hazırlıq işləri getmirdi. Bu barədə İddiaçı ilə müzakirələr apardıqda, bizə bildirdilər ki, “narahatlığa səbəb yoxdur, Ticarət Mərkəzinin təntənəli açılışı olmayınca, icarə haqqı ödənilməyəcək”. Bunu nəzərə alaraq, yəni Ticarət Mərkəzi fəaliyyət göstərmədiyindən və bizdən savayı orada başqa icarəçinin olmadığından (Ticarət Mərkəzində yeganə işləyən obyekt bizim bərbərxanadır: bunu gedib asanlıqla yoxlamaq olar), icarə müddəti başladıqdan sonra, uzun müddət tərəfimizdən icarə haqqı ödənilməmişdir. İcarə haqqının ödənilməsinə zərurət olmaması barədə aramızda gəldiyimiz şifahi razılaşmanın sübutu kimi onu göstərmək olar ki, İddiaçı uzun müddət ərzində icarə haqqının ödənişi ilə bağlı indiyədək heç bir tələb irəli sürməmişdir. Bir sözlə, Ticarət Mərkəzi hal-hazırda da istifadə üçün yararlı vəziyyətdə deyil. Orada yerləşən bütün sahələr tikili (yəni təmirsiz) vəziyyətindədir. Həmçinin onu da qeyd etmək istərdik ki, Ticarət Mərkəzinin havalandırma (isitmə və soyutma) sistemi qüsurla işləyir. Yəni İddiaçı, istifadə üçün tam yararlı olmayan obyekti bizə icarəyə vermişdir. Buna baxmayaraq, biz 2017-ci ilin iyun ayından 2020-ci ilin mart ayınadək icarə haqqını ödəmişik. Obyektin və Ticarət Mərkəzinin qüsurları ilə bağlı İddiaçıya xx.xx.2025-ci il tarixində məktub ünvanlamışıq, lakin 3 İddiaçı bu məktuba heç bir reaksiya verməmişdir. Əvəzində isə İddiaçı, İcarə Sazişinə əsassız olaraq xitam vermək qərarına gəlmişdir. Bundan savayı, biz qanunvericiliklə nəzərdə tutulmuş ləngitmə hüququmuzdan istifadə etmişik. Yəni, İddiaçı Ticarət Mərkəzini istifadəyə verməyincə (bu, İddiaçının əsas öhdəliklərindən biridir), biz də öz növbəmizdə, İcarə Sazişi ilə nəzərdə tutulmuş ödəniş öhdəliyinin icrasından imtina etmişik (ləngitmə hüququ). Məlumdur ki, Cavabdeh Obyekti, məhz Ticarət Mərkəzində fəaliyyət göstərmək üçün icarəyə götürmüşdür. Yəni, İcarə Sazişinin bağlanmasında Cavabdeh üçün əsas şərt, Obyektin məhz Ticarət Mərkəzində yerləşməsi olmuşdur. Bu, təbii olaraq, alıcı axını, infrastruktur və kommersiya dövriyyəsi kimi faktorları ehtiva edir və İddiaçıdan gözlənti odur ki, Ticarət Mərkəzi ağlabatan müddətdə istifadəyə veriləcək. İcarə Sazişinin bağlanmasından bu günə qədər 11 ildən artıq müddət keçmişdir, lakin Ticarət Mərkəzi istifadəyə verilməmişdir və təyinatı üzrə fəaliyyət göstərmir. Nəticə etibarilə, İddiaçı tərəfindən icarəyə verilmiş sahə İcarə Sazişi üzrə təyinatı üzrə istifadə edilə bilmir və Cavabdeh bu sahədə nəzərdə tutulmuş kommersiya fəaliyyətini həyata keçirə bilmir. Mövcud vəziyyət fonunda, Cavabdeh tərəfindən tələb olunan maddi zərərin məbləği bazar reallıqları və analitik yanaşma ilə hesablanmışdır. Belə ki, Cavabdehin planlaşdırdığı fəaliyyəti — ticarət mərkəzində bərbərxana və kişi baxım məhsullarının satışı — üzrə, eyni və ya oxşar sahədə fəaliyyət göstərən analoji kommersiya obyektlərinin aylıq orta dövriyyəsi nəzərə alınmışdır. Hesab edirik ki, İddiaçının əhəmiyyətli pozuntusu (Ticarət Obyektini 5 istifadəyə verməməsi) nəticəsində bizə, təxminən 4 000 000 AZN məbləğində ziyan dəymişdir. Bunun açıqlaması aşağıdakı kimidir. Sərmayə qoyuluşu 435 256 AZN (hal hazırkı tarixə qalıq dəyər 295 000 AZN). Bura salonun tam hazır vəziyyətə gətirilməsinə çəkilmiş bütün xərclər daxildir. Xərclər (2014-2024) - 1 172 910 AZN. Satışların həcmi (xidmət və mal satışı 2014 - 2024) – 1 168 597 AZN. Zərər (2014-2024) – 4313 AZN. Müqayisə üçün, Truefitt & Hill-in London və Moskva mağazalarından rəqəmləri məhkəmənin diqqətinə çatdırmaq istərdik. Truefitt & Hill-in London ofisinin təqdim etdiyi rəsmi məlumata (işə əlavə edilir) görə ümumi gəlirin 60%-ini (altmış faizini) bərbər xidmətləri, 40%- ini (qırx faizini) isə kişi qulluq vasitələrinin satışı təşkil edir. London bərbərxanasında 5 (beş) xidmət yeri (bərbər stolu) vardır (bizim salonda da 5 xidmət yeri mövcuddur) və bərbərxanada olan hər xidmət yeri, günlük orta hesabla hesabla 12 nəfərə xidmət göstərir (bu say Azərbaycanda fəaliyyət göstərən bərbərxanaların göstəricilərinə uyğundur). Bu o deməkdir ki, ay ərzində 5 ədəd bərbər stolu, ümumilikdə 1800 xidmət təqdim edir. London ofisinin rəqəmlərinə istinad etsək və Truefitt & Hill-in Azərbaycan üçün nəzərdə tutulan qiymətlərinə əsaslansaq (orta xidmət qiyməti 40 AZN) bizim bərbərxana üçün yalnız xidmətlərdən olan satış həcmi günlük 2 400 AZN (5 x 12 x 40 = 2400), aylıq isə 72 000 AZN təşkil etməli idi, üstəgəl, 40% malların satışından əldə olunan gəlir, hansı ki günlük 960 AZN, aylıq 28 800 AZN olmalı idi. Ümumiləşdirsək, London ofisinin təqdim etdiyi rəqəmlərə və Azərbaycanda tətbiq olunan qiymətlərə əsaslansaq, bizim bərbərxana-mağazamız aylıq ən azı 100 000 AZN məbləğində satış edə bilərdi. Digər bir misal kimi, Truefitt & Hill-in Moskva şəhərində yerləşən ofisini göstərmək olar. Moskva şəhərində Truefitt & Hill 2 yerdə təmsil olunur: Mərkəzi Univermaq (ЦУМ) və Balçuq Kempinski oteli. Mərkəzi Univermaqda, Truefitt & Hill yalnız kişi qulluq vasitələrinin satışı ilə məşğuldur və malları bir neçə balaca rəfdə nümayiş olunur. 2024-cü il üzrə Truefitt & Hill-in mallarının satışdan əldə olunan orta aylıq gəlir təqribən 56 300 AVRO təşkil edir (ən zəif alışveriş olan ay, 2024-cü ilin mart ayıdır və satışın ümumi həcmi 32600 AVRO təşkil edir). Balçuq Kempinski otelində isə aylıq orta gəlir təqribən 40 000 AVRO təşkil edir və onun 50%i (əlli faizi) bərbər xidmətləri (cəmi 2 ədəd bərbər stolu vardır) və digər 50%-i (əlli faizi) isə kişi qulluq vasitələrinin satışı təşkil edir. Bu hesablamalara əsaslansaq və Azərbaycan qiymətlərini tətbiq etsək, Ticarət Mərkəzində 98 m2 sahəsi olan dükan və bərbərxana orta hesabla ay ərzində ən azı 100 000 AZN gəlir əldə etməli idi və 10 il ərzində bu məbləğ 12 000 000 AZN təşkil etməli idi. Bu isə o deməkdir ki, əldə edə biləcəyimiz gəlir dəfələrlə daha çox olmalı idi. Bərbərxana-mağaza tipli obyektlərin xalis gəliri isə, ümumi gəlirin 30%-ni təşkil edir ki, bu da bizim obyektə münasibətdə 4 000 000 manat etməli idi. Bütün bunlar bizim əldən çıxmış faydamızdır. Yuxarıda qeyd olunmuş bu qədər əldən çıxmış faydaya baxmayaraq, biz İddiaçıdan yalnız onun bir hissəsini tələb etmək qərarına gəlmişik. İddiaçıdan tələb edirik ki, 2 000 000 AZN (iki milyon manat) məbləğində bizə dəymiş zərərin əvəzini ödəsin. Məhkəmə həmçinin nəzərə almalıdır ki, “Truefit & Hill” brendini Ticarət Mərkəzində açmaqda həmçinin strategiyanın bir hissəsi də o olmuşdur ki, bərbərxana, ticarət mərkəzinin rəsmi açılışı ilə eyni vaxtda fəaliyyətə başlayacaq və bununla da, ictimaiyyətə və potensial 6 müştərilərə brendin ilk təsiri vizual və emosional baxımdan maksimum səviyyədə çatdırılacaq. Lakin ticarət mərkəzinin vaxtında istismara verilməməsi, ictimaiyyətə açılmaması və nəticə olaraq müştəri axınının olmaması səbəbindən, planlaşdırılmış bütün strateji və marketinq effekti itirildi. Brendin lokal bazarda ilk dəfəki təqdimatının yaratmalı olduğu təəssürat və impuls baş tutmadı, bu isə bizim kommersiya gözləntilərimizə, planlaşdırdığımız bazar mövqelənməsinə və investisiya modelinə ciddi zərər vurdu.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən “AASO Prime Management İNC." MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə, “AASO Prime Management İNC." MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 oğl ilkin iddiaya etiraz edərək rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: - 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; - 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir.
10. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından ilk növbədə ilkin iddiaya münasibət bildirilməlidir.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Moskva Mehmanxana ASC (icarəyə verən) ilə AASO Prime Management İNC. MMC (icarəçi) arasında xx.xx.2014-cü il tarixli icarə müqaviləsi bağlanmışdır.Qeyd edilmiş müqaviləyə əsasən Bakı şəhəri Səbail rayonu, Parlament prospekti, 78 ünvanında yerləşən hazırda “Alov Qüllələri” adlanan binada 98 kv.m sahə icarəyə verən tərəfindən icarəçiyə verilmişdir.
12. Qeyd edilmiş müqavilənin 1-ci maddəsinə əsasən icarə haqqı 1-ci il üçün 3.920 manat, 2-ci il üçün 4.116 manat, 3-cü il üçün 4.528 manat, 4-cü və beşinci il üçün kirayə haqqının artmasının ümumi məbləğin 20% artıq olmayacaqdır kimi müəyyən edilmişdir.
13. Hazırda “Azinko Development" MMC, Moskva Mehmanxana ASC-nin ona qoşulmaqla fəaliyyətinə xitam verildiyini, İddiaçı MMC-nin "xxxx" ASC-nin hüquqi varisi olduğunu, AASO Prime Management İNC. MMC tərəfindən 2021-ci ilin avqust ayından sözügedən icarə müqaviləsi üzrə heç bir ödəniş edilmədiyini, icarə müqaviləsinə “Azinko Development" MMC tərəfindən 03 mart 2025-ci il tarixdə birtərəfli qaydada xitam verildiyini bildirərək, borcun tutulmasını və qeyri-yaşayış sahəsinin boşaldılmasını xahiş edir.
14. İşin mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, icarə sahəsi icarəçiyə təhvil verilmiş və orada 2025-ci ilin mart ayınadək fəaliyyət göstərmişdir.
15. İndiki halda, “AASO Prime Management İNC." MMC-nin mübahisələndirdiyi məqam ondan ibarətdir ki, o icarə haqqı ödəməli olmadığını bildirir və bunu da, “Alov Qüllələri” adlanan binada ticarət mərkəzi açılmadığını, həmin yerdə ancaq ona aid olan “Truefitt & Hill” brendi adı altında bərbərxananın fəaliyyət göstərdiyini bildirir.
16. “Azinko Development" MMC isə cavabdehin bu dəlilinə etiraz edirək bildirir ki, müqavilə üzrə icarə haqqı ödəmək öhdəliyinin yaranmasının təntənəli açılışla şərtləndirilmədiyini bildirir.
17. Məhkəmə bu xüsusda aşağıdakıları qeyd edir.
18. İş materiallarında olan xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin 1-ci maddəsinin son bəndindən görünür ki, icarə müddəti 3.1-ci bölmədə qeyd edilmiş vaxtda başlayacaq və başa çatacaq (5 il) və üstəgəl 3.1-ci bölmədən qeyd edilmiş ayın qalıq hissəsi deməkdir.
19. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə müddəti təntənəli açılış tarixi günündən yaxud icarəyə götürənin obyektlərdə öz işgüzar fəaliyyətini açıq elan etməsi tarixindən daha erkən olan tarixdə başlanacaq.
20. Qeyd edilmiş bənddən göründüyü kimi, icarə müddətinin hesablanması 2 halla şərtləşdirilmişdir. Bunlardan birincisi təntənəli açılış tarixi, digəri isə icarəyə götürənin obyektdə öz işgüzar fəaliyyətini açıq elan etməsi tarixidir.
21. Qeyd edilməlidir ki, hal-hazırda da, “Alov Qüllələri” adlanan binada ticarət mərkəzinin təntənəli açılışı olmamışdır.
22. Məhkəmə iclasında izahat verən “AASO Prime Management İNC." MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, 2014-cü ilin dekabr ayından artıq qeyd edilmiş sahənin təmiri bitmiş və icarə obyekti işləməyə başlamışdır. 2017-ci ilədək ondan icarə haqqı istənilməmiş, həmin tarixdən sonra icarə istənilmişdir. O isə, 2021-ci ilədək ödədiyini, 2021-ci ildən sonra ümumiyyətlə ödəmədiyini bildirmişdir.
23. Bundan başqa iş materiallarından görünür ki, 2018, 2019, 2020-ci illərdə və sonrakı tarixlərdə, icarə haqqının ödənilməsi ilə bağlı elektron qaimələr “Azinko Development" MMC tərəfindən “AASO Prime Management İNC." MMC-yə göndərilmişdir. “AASO Prime Management İNC." MMC isə, 2018, 2019, 2020 və 2021-ci ilin avqust ayınadək kəsirlərlə də, olsa müəyyən ödənişlər etmişdir.
24. Məhkəmə bu qeyd edilən halları və müqavilənin 3.1-ci bəndinin məzmunu qarşılıqlı surətdə şərh edərək hesab edir ki, müqavilə üzrə icarə haqqının ödənilməsi öhdəliyi məhz cavabdeh tərəfin qeyd edilmiş icarə sahəsini açılış etdiyi andan yəni özünün də, qeyd etdiyi kimi 2014-cü ilin dekabr ayından hesablanmalıdır. Ancaq ona güzəşt tətbiq edilmiş və icarə haqqı sonrakı tarixlərdən hesablanmışdır.
25. Belə ki, müqavilənin 3.1-ci bəndində tərəflər icarə müddətinin icarəçinin obyektdə öz işgüzar fəaliyyətini açıq elan etməsi ilə də, şərtləşdiriblər. Bundan başqa da, bu uzun müddət yəni 2025-ci ilin mart ayına kimi fəaliyyət göstərmiş, müştərilərə xidmət göstərmiş, ona göndərilmiş icarə haqqı ilə bağlı elektron qaimələr üzrə ödənişlər etmişdir.
26. İcarə haqqı ilə bağlı göndərilmiş elektron qaimələr üzrə ödənişlərin edilməsi də, o nəticəyə gəlmək üçün əsas verir ki, cavabdeh tərəf özü icarə haqqını ödməli olduğunu bilmişdir.
27. Ona görə də, Məhkəmə hesab edir ki, cavabdeh tərəfin müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixə ödənilməmiş icarə haqqı borcu vardır və onu ödəməlidir.
28. Bundan sonra Məhkəmə hesab edir ki, “AASO Prime Management İNC." MMC tərəfindən təqdim edilən iddia müddətinin keçməsi barədə ərizəyə münasibət bildirilməlidir.
29. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
30. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
31. Həmin Məcəllənin 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
32. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
33. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
34. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
35. İşdən də, göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə, icarə müqavilənin ləğvi ilə bağlı bildiriş xx.xx.2025-ci il tarixdə verilmiş, iddiaçı tərəfindən Məhkəməyə müraciət isə xx.xx.2025-ci il tarixdə edilmişdir.
36. Ona görə də, Məhkəmə hesab edir ki, aprel 2022-ci il tarixdən xx.xx.2025-ci il tarixdək yəni, 35 üçün ay icarə haqqı və kommunal xərclər hesablanaraq tutulmalıdır.
37. İş materiallarında olan müqavilə və icarə haqının ödənilməsi ilə bağlı göndərilmiş elektron qaimələrdən görünür ki, aylıq icarə haqqı ƏDV daxil 5.343,04 manat təşkil etmişdir.
38. Ona görə də, icarə haqqı borcu üzrə 187.006,4 (5.343,04x35) manat məbləğində pul “AASO Prime Management İNC." MMC-dən tutularaq “Azinko Development" MMC-yə ödənilməlidir.
39. Kommunal xərclərin tələb edilməsi ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir.
40. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh xx.xx.2020-ci il tarixli 114,95 manat, xx.xx.2023-cü il tarixdə 355,15 manat, xx.xx.2024-cü il tarixdə 230,37 manat, xx.xx.2024-cü il tarixdə 131,91 manat, xx.xx.2024-cü il tarixdə 399,73 manat, xx.xx.2024-cü il tarixdə 471,40 manat, xx.xx.2024-cü il tarixdə 432,89 manat, xx.xx.2024-cü il tarixdə 325,93 manat, xx.xx.2024-cü il tarixdə 171,73 manat, xx.xx.2024-cü il tarixdə 123,29 manat, xx.xx.2025-ci il tarixdə 192,51 manat, xx.xx.2025-ci il tarixdə 233,14 manat dəyərin elektron elektron qaimələr göndərilmişdir.
41. Məhkəmə kommunal xərclərin tələb edilməsi ilə bağlı da, qeyd edir ki, 3 illik iddia müddəti tətbiq edilməlidir.
42. Yuxarıda qeyd edilmiş elektron qaimələrdəki məbləğlərin cəmi 3.183 manat təşkil edir. İddiaçı isə hazırda müəyyən ödənişlərdən sonra 2.864,48 manat borcun qaldığını bildirir.
43. Bu xüsusda Məhkəmə qeyd edir ki, iddia müddəti keçmiş xx.xx.2020-ci il tarixli qaimə üzrə 114,95 manat pul iddiaçının tələb etdiyi məbləğdən çıxılmalı və qalıq borc cavabdehdən tutulmalıdır.
44. Beləliklə kommunal xərci borcu olaraq 2.749,53 (2.864,48-114.95) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
45. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli icarə müqaviləsi məhz cavabdehin təqsiri üzündən yəni, icarə haqqının ödəmədiyi üçün iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir.
46. Ona görə də, xx.xx.2014-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
47. Tərəflər arasında icarə müqaviləsi ləğv edildiyindən də, ünvan 2 ünvanında “Alov Qüllələri” adlı komplekdə yerləşən qeyri-yaşayış sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılmalı, həmin qeyri yaşayış sahəsindən çıxarılmalı və qeyriyaşayış sahəsi İddiaçınə təhvil verilməlidir.
48. Beləliklə ilkin iddia qismən təmin edilməlidir.
49. Məhkəmə qarşılıqlı iddia ilə bağlı aşağıdakıları qeyd edir.
50. İlk növbədə qeyd edilməlidir ki, Məhkəmə iclasında “AASO Prime Management İNC." MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə tələb edilən məbləğin nədən ibarət olması (maddi zərər, əldən çıxmış fayda və s.) soruşulmuş, və sonuncu tərəfindən həm təmirə xərclənmiş pul, avadanlıq və əşyaların alınması üçün sərf edilmiş vəsait, Londonda yerləşən şirkətə brendin alınması üçün sərf edilmiş vəsait və əldən çıxmış fayda olduğunu bildirmişdir.
51. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
52. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
53. Məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda da, qeyd edildiyi kimi, xx.xx.2014-cü il tarixli icarə müqaviləsi məhz icarəçi “AASO Prime Management İNC." MMC-nin təqsiri üzündən ləğv edilmişdir. Ona görə də, icarəyəverənin icarə müqaviləsini ləğv etməyə tam əsası olmuşdur.
54. Bu konteksdə qeyd edilməlidir ki, belə olan halda “AASO Prime Management İNC." MMC-nin qeyd edilmiş sahəyə çəkdiyi təmir xərci, əşyalara sərt etmiş olduğu vəsaiti, əldən çıxmış faydanı tələb etmək hüququ yoxdur. Qeyd edilən hallar icarə müqaviləsi əsassız olaraq ləğv ediləcəyi təqdirdə nəzərdən keçirilə bilərdi.
55. Ona görə də, Məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir.
56. Beləliklə, ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
57. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə icarə haqqı borcu olaraq 187.006 (bir yüz səksən yeddi min altı) manat 40 (qırx) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə kommunal xidmət haqqı borcu üzrə 2.749 (iki min yeddi yüz qırx doqquz) manat 54 (əlli dörd) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 479 (dörd yüz yetmiş doqquz) manat 76 (yetmiş altı) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. ünvan 2 ünvanında “Alov Qüllələri” adlı kompleksin ticarət mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılaraq, həmin qeyri yaşayış sahəsindən çıxarılsın, qeyri-yaşayış sahəsi İddiaçınə təhvil verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov