Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3869/2025 05.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh1 ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi olmaqla) qarşı qanuni təmsilçi kimi hüquqi şəxlərin reyestrindən çıxarılması, məlumatların silinməsi, əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adının Cavabdeh1 ASCnin qanuni təmsilçisi kimi hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeyd olunmuş direktor məlumatlarından ona aid məlumatların silinməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və ödənilməmiş əmək haqqının Cavabdeh1 ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi, məhkəmə aiddiyəti üzrə kommersiya məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normanın təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-nin 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 18-ci bəndinə əsasən, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Cavabdeh1 ASCnin direktoru vəzifəsindən azad edilməsi üçün cavabdehlərə müraciət etmiş, lakin bu günədək həmin vəzifədən azad edilməmiş, əmək haqqısını almamış və kommersiya qurumlarının reyestrində qanuni təmsilçi kimi qalmaqda davam edir. Hazırkı iş üzrə iddiaçının tələbi əmək münasibətlərindən irəli gələn tələblər kateqoriyasına aiddir və həmin növdən olan mübahisələrə kommersiya məhkəmələrində baxılması istisna edilmişdir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 19-cu bəndinə əsasən, MPMin 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Göründüyü kimi, Qərarda müqavilədən irəli gələn mübahisələr və korporativ mübahisələr subyekt tərkibi baxımından fərqləndirilmiş, müqavilədən irəli gələn mübahisələr üçün tərəflərin hər bir halda sahibkarlıq fəaliyyəti subyekti olması tələbi müəyyən olunduğu halda, kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrinin öz təbiəti etibarilə sahibkarlıq fəaliyyətindən irəli gəldiyi, həmin mübahisələrin kommersiya məhkəmələrinin müstəsna baxış predmeti olduğu nəzərə alınaraq, subyekt tərkibindən asılı olmayaraq işin kommersiya məhkəməsi aidiyyəti müəyyən olunmuşdur. Korporativ tələblər təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan 1) hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından və ya 2) səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər olmaqla mübahisə tərəflərinin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrdən doğurlar. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Lakin onlar fəaliyyət qabiliyyətlərini öz orqanları vasitəsilə realizə edirlər. Bu orqanlar hüquqi şəxsin iradəsini yaradır, formalaşdırır və ifadə edir. Hazırkı tələb isə hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, yəni hüquqi şəxsin iradəsinin yaradılması, həyata keçirilməsindən irəli gəlməmişdir. Digər tərəfdən, korporativ mübahisələrə verilən anlayış çərçivəsində onların qəti olmayan siyahısını da vermək mümkündür: təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin yaradılması, yenidən təşkili, ləğvi ilə bağlı mübahisələr; hüquqi şəxsin iştirakçılarının hüquqi şəxsin ümumi yığıncağının çağrılması ilə bağlı mübahisələr; hüquqi şəxsin ümumi yığıncağının və ya idarəetmə orqanlarının qərarlarından şikayət üzrə mübahisələr; hüquqi şəxsin iştirakçılarının xalis mənfəət, dividendlərlə bağlı mübahisələri; hüquqi şəxsin iştirakçılarının hüquqi şəxslərin fəaliyyəti ilə tanış olmaq, müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı mübahisələr və s. İddiaçının tələbi isə qeyd edilən siyahıda olan mübahisələrin heç birinə aid deyil, hazırkı mübahisə korporativ tələblə bağlı olmayıb əmək mübahisəsidir, əmək mübahisələri isə ümumi məhkəmələrin müstəsna baxış predmetidir. Belə ki, hazırkı tələb iddiaçının Cavabdeh1 ASC-nin direktoru vəzifəsindən azad edilməsi, direktor məlumatlarının reyestrdən silinməsi, əmək müqaviləsinə xitam verilməsi və ödənilməmiş əmək haqqının ödənilməsi tələbi ilə bağlı olaraq əmək mübahisəsindən irəli gəlmişdir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı mübahisənin korporativ mübahisə deyil, əmək mübahisəsi olduğunu, işin ümumi məhkəmədə baxılmalı olmasını nəzərə alıb hesab edirəm ki, yalnız tərəflərin subyektiv tərkibi nəzərə alınaraq işə kommersiya məhkəməsində baxılması mümkün deyil, buna görə də iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ və iddia ərizəsinin qaytarılmasının ümumi qaydada ikinci dəfə ümumi məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268, 269–cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh1 ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi olmaqla) qarşı qanuni təmsilçi kimi hüquqi şəxlərin reyestrindən çıxarılması, məlumatların silinməsi, əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ var və iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə ümumi məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3869/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3869/2025
05.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver