Məhkəmə qərarları › İş №e-2-2(113)-4218/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4218/2025

17.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4218/2025 17.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı (Azərbayan Respublikası Audiovizual Şurası müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə) “vurulmuş zərərin ödənilməsi və s. ” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müstəsna yayım hüququ, vurulmuş zərərin ödənilməsi, əldən çıxmış fayda) X13 Rövşən qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İdddiaçı İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazisində yayımın distribütorluq hüquqları İddiaçı MMC-yə məxsus olan lisenziyalı idman yarışlarının yayım hüquqları Cavabdeh MMC tərəfindən qanunsuz yayımlanması nəticəsində vurulmuş 15000 (on beş min) manat məbləğində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində Cavabdeh MMC-dən tutulmasına, həmçinin pozulmuş hüquqların bərpasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən aşağıda qeyd olunan lisenziyalı idman yarışlarının yayım hüquqlarının “X2 LİMİTED” şirkətinə məxsus olduğu təsdiq edildiyindən sözügedən Şura tərəfindən Azərbaycan Respublikası ərazisində xarici televiziya proqramlarının retranslyasiyasını həyata keçirən operatorlara (siyahı üzrə), o cümlədən hazırkı iş üzrə cavabdehə ünvanlanmış 12 iyun 2023-cü il tarixli, 092/G-2023 nömrəli məktubda Azərbaycan Respublikasının Audiovizual Şurasına “X2 Limited” ("xxxx") şirkəti tərəfindən təqdim olunmuş sənədlərə əsasən müxtəlif idman növləri üzrə məşhur yarışlarının (futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X8” yarışlarının oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququnun “X2 LİMİTED” (“Setanta Sports”) şirkətinə məxsus olmasına dair müvafiq məlumatlar cavabdehə verilməklə yanaşı, cavabdehdən platforma və multipleks operatoru olaraq yuxarıda sözügedən idman yarışlarının yayımının dayandırılması tələb olunmuş əks təqdirdə ona qarşı müvafiq sanksiyaların tətbiq ediləcəyi bildirilmişdir. İddiaçı MMC ilə “X2 LİMİTED” şirkəti (bundan sonra EBEL adlandırılacaq)arasında xx.xx.2023-cü il tarixdə bağlanmaqla (əlavə və dəyişikliklərlə) həmin tarixdən qüvvəyə minən və xx.xx.2025-ci il tarixinədək qüvvədə olan “Yayım hüquqlarının distribütorluğu haqqında” müqavilənin şərtlərinə əsasən EBEL-ə məxsus yuxarıda sözügedən lisenziyalı idman yarışlarının Azərbaycan Respublikasının ərazisində yayım hüquqlarını İddiaçı MMC-yə verilmişdir. Nəzərinizə çatdırırıq ki, tərəfimizdən aparılan araşdırmalarla müəyyən edilmişdir ki, aidiyyatı dövlət orqanının yuxarıda sözügedən xəbərdarlığından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh MMCtərəfindən yayım hüquqları “X2 LİMİTED” şirkətinə (Azərbaycan Respublikasının ərazisində İddiaçı MMC-yə) məxsus olan kontentləri ООО “Национальный Спортивный Телеканал” şirkətinə aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Футбл 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 televiziya kanalları vasitələri ilə yuxarıda sözügedən idman yarışlarını buna heç bir hüquqi əsas olmadan (yayımlara icazə verilməsinə dair müqavilə bağlanmadan) hüquq sahibinin hüquqlarını kobud şəkildə pozmaqla hələ də Cavabdeh MMC-yə aid cityline televiziyaoperatoru tərəfindən yayımlanır ki, bu da Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə zidd olmaqla İddiaçı MMCnin qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması ilə də nəticələnmişdir. Qeyd edilməlidir ki, hüquq sahibinin müvafiq icazəsi olmadan yuxarıda göstərilən yayımın qanunsuz retranslyasiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmaqla yanaşı, bu əməli törədən hüquqi və ya fiziki şəxslər (fərdi sahibkarlar) “Müəllif hüququ və əlaqəli hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyətə də cəlb olunurlar. Yuxarıda göstərilənlərlə yanaşı onu da qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı MMC tərəfindən müvafiq pretenziya ilə cavabdehə müraciət olunaraq həmin pretenziyanın aldındığı gündən ən geci 3 gün ərzində yuxarıda göstərilən idman yarışlarının yayımının hüquq sahibi olan “X2 LİMİTED” şirkətinin (Azərbaycan Respublikasının ərazisində İddiaçı MMC-yə məxsus olan) Beynəlxalq və milli qanunvericilik aktları ilə təsbit olunan və qorunan hüquqlarının təmin edilməsi, bununla da ООО “Национальный Спортивный Телеканал” şirkətinə aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Футбл 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 Cavabdeh MMC-yə aid cityline etleviziya operatoru vasitəsi ilə yayımının dayandırılmasının təmin edilməsi xahiş olunsa da cavabdeh sözügedən pretenziyada göstərilən tələbə, eləcə də ona ünvanlanmış 06/23 saylı, 20 oktybar 2023-cü il tarixli məktubda göstərilən xahişə əhəmiyyət verməyərək hazırkı vaxtadək qanunsuz retranslyasiya etdiyi yayımın dayandırılmaısnı təmin etməmişdir. Yuxarıda göstərilən xüsusatlarla yanaşı onu da qeyd etməyi zəruri hesab edirik ki, tərəfimizdən xx.xx.2025-ci il tarixində AVİS vasitəsilə cavabdehə hazırkı iddia ərizəsinə əlavə olunan tələblərlə yeni pretenziya ünvanlanmış, lakin cavabdeh sözügedən pretenziyada göstərilənlərə əməl etməməklə yanaşı qeyd olunan pretenziyanının cavablandırılmasını təmin etməmişdir. Odur ki, pozulmuş hüquqlarımızın bərpa edilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Hesab edirik ki, bu iddia ilə məhkəməyə müraciət etməkdə haqlıyıq və bu haqlı tələbimiz məhkəmə tərəfindən təmin olunmalıdır.

3. İddiaçı iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC tərəfindən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində yayım hüquqları İddiaçı MMC-yə məxsus (aid) olan futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X8” yarışlarının (oyunlarının) qanunsuz yayımlanması nəticəsində İddiaçı MMC-yə vurulmuş 15000 (on beş min) manat məbləğində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddiaya etiraz edərək,iddia ərizəsinin rədd edilməsi barədə qətnaməqəbul edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə göstəriən kanalların yayımlanmasını subut edəcək hər-hansı subut məhkəməyə təqdim edilməmişdir. İstinad olunan dəlillər araşdırılmalıdır və iddiaçı tərəfindən subut edilməlidir.Eyni zamanda bildiririk ki, dəymiş maddi ziyanın miqdarı iddiaçının özünün müəyyən etdiyi məbləğlə həyata keçirilə bilməz. Hesab edirik ki, tərəfimizdən heç-bir ziyan vurulmamışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən X10 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etoraz edərək,iddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, GSP-nin yayımına dair sübutetmə vəzifəsi iddiaçının üzərinə düşürdü və bu, sübut edilmədi. Bu baxımdan tələb təmin edilməməlidir. Audiovizual Şuranın tətbiq etdiyi cərimə isə hazırkı məsələ ilə bağlı deyil; biz lisenziya qaydalarına riayət etmədiyimiz üçün cərimələnmişdik. Bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. İddiaçı MMC və “X2 Limited (bundan sonra EBEL) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə əsasən Setanta Sports 1 və Setanta Sports 2 kanallarının Azərbaycan Respublikası ərazisində yayım hüququ İddiaçı MMC-yə verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, EBEL Operatora icazə (lisenziya ) verir ki, kanalı qəbul edib abunəçilərə yayımı həyata keçirir. 1.2-ci bəndinə əsasən, Operator EBEL ilə əvvəlcədən razılaşdırmaq şərti ilə EBEL-dən aldığı kanal hüquqlarını qismən və ya tam şəkildə fiziki və ya hüquqi şəxslərə ötürmək hüququna (sub-lisenziya) hüququna malikdir.

11. Adrescon” MMC və “X2 Limited” (bundan sonra EBEL) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqavilyə 2 nömrəli əlavəyə əsasən “X1 Limited” lisenziya sahiblari ilə bağlanmış müvafiq lisenziya müqavilələri əsasında müvafiq mövsümlərdə Azərbaycan Respublikasının ərazisində qeyd olunan idman yarışlarının kanallar (Seriya A, Liqa 1, X9, NBA, Formula 1, X5 Liqası, X16, La liqa, Bundesliqa, WTA, NHL, ATP Masters 1000, ATP Finalları, ATP 500, ATP 250 Pool, Next Gen ATP Finalları və ATP Uncovered, Hollandiya Liqası, Avroliqa, X11 Liqası, UFC, X6, EFL) vasitəsilə yayım hüququna malikdir. Əlaqəli hüquqlar (kanallar vasitəsi ilə yayım hüquqları) “X2 Limited” şirkətinə aid yuxarıda sadalanan idman yarışları Azərbaycan Respublikası ərazisində Setanta Sports 1 və Setanta Sports 2 kanalları vasitəsi ilə təqdim olunur. Tərəflər arasında bağlanmış müqaviləyə və bu əlavəyə əsasən İddiaçı MMC eksklyuziv distrbyutor olaraq xx.xx.2023-cü il tarixindən müqavilənin qüvvədə olduğu tarixinədək həmin kanalların yayım hüquqlarının satışını və müəllif hüquqlarının qorunmasını həyata keçirir.

12. İddiaçı MMC və “X2 Limited” (bundan sonra EBEL) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə əlavə olan 2 saylı əlavə razılaşmaya əsasən müqavilə müddəti xx.xx.2023-xx.xx.2025-ci il tarix müəyyən edilmişdir.

13. iddiaçı xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə Audiovizual Şuraya müraciət edib yuxarıda adıçəkilən idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququnun məxsus olduğu "xxxx" Şirkəti tərəfindən ona verildiyinə istinad edərək Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra platforma operatorları tərəfindən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” ("xxxx") Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match İgra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində qanunsuz yayımlandığını və bununla da iddiaçıya məxsus hüquqların pozulduğunu bildirmişdir. Müraciətə Şuranın xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, yayım operatorlarının yenidən monitorinqi aparılmış, monitorinqlər nəticəsində ... "xxxx" MMC-nin “Bektelecom” xidməti ... tərəfindən müqavilə olmadan retranslyasiya edilən bir sıra televiziya kanalları vasitəsi ilə iddiaçının hüquqlarının pozulduğu təsbit olunmuş, adıçəkilən platforma operatorlarına rəsmi məktub göndərilmiş və lisenziyadan irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. İddiaçı tərəfindən məhkəməyə sübut olaraq digər operatorlarla bağlanmış analoji müqavilələr təqdim olunmuşdur. Həmin müqavilələrdən görünür ki, hesabat dövrü (hər təqvim ayı) üzrə müəllif qonorarın həcmi iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 01 yanvar 2024-ci il tarixli müqavilə üzrə 20000 manat, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilə üzrə 20000 manat (2024-cü il üçün), "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2024-cü tarixli müqavilə üzrə 12000 manat müəyyən olunmuşdur.

15. Azərbaycan Respublikası Audiovizual Şuranın 25 iyul 2025-ci il tarixli 3-49/2-515/2025 saylı məktubuna əsasən yayımlama hüququ İddiaçı MMC-yə məxsus olan kanalların (“Setanta 1” və “Setanta 2”) Cavabdeh MMC-nin “CityLine” xidməti tərəfindən retranslyasiya olunması tərəfimizdən müəyyən olunmamışdır. Bununla yanaşı, Audiovizual Şura tərəfindən aparılan monitorinqlər nəticəsində “Setanta 1” və “Setanta 2” televiziya kanallarında yayımlanan və Azərbaycan Respublikası ərazisində yayım hüququ İddiaçı MMC-yə məxsus olan bir sıra idman yarışlarının Cavabdeh MMC-nin “Cityline” xidməti tərəfindən qanunsuz olaraq retranslyasiya olunan (buna hüquq verən sənədlər olmadan) televiziya kanallarında (“Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3”) yayımlandığı və bunun nəticəsində İddiaçı MMC-nin hüquqlarının pozulduğu təsbit olunmuşdur.Bundan başqa, bir sıra televiziya kanallarının (o cümlədən, yuxarıda sadalanan kanalların) buna hüquq verən sənəd olmadan retranslyasiyası nəticəsində Cavabdeh MMC Nəsimi Rayon Məhkəmisinin xx.xx.2025ci il tarixli, 3(006)–3648/2025 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 381.11-ci maddəsində nəzərdə tutulmuş əməli (audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə) törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir.

16. Azərbaycan Respublikası Audiovizual Şura tərəfindən təqdim edilmiş fevral ayı üzrə Cavabdeh MMC tərəfindən imza və möhürü ilə təsdiq edilmiş retranlyasiya etdiyi kanal siyahısından görünür ki, 2025-ci ildə МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Футбл 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 kanalları Cavabdeh MMC tərəfindən retranslyasiya edilmişdir. V. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3-maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4-cü maddəsinə əsasən, proqram – istifadəçiləri məlumatlandırmaq, maarifləndirmək və (və ya) əyləndirmək üçün nəzərdə tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər əsasında hazırlanan, proqram cədvəli və ya proqram kataloqunda yer alan, canlı, yaxud elektron yaddaş qurğuları vasitəsi ilə qeydə alınaraq yayımlanan məlumatların məcmusu; yayım təşkilatının verilişi – efir və ya kabel yayımı təşkilatının özünün və ya onun vəsaiti hesabına başqa təşkilatın yaratdığı veriliş; kabellə kütləvi bildiriş – əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərini kabel, naqil, optik tel və digər oxşar vasitələrlə kütləyə çatdırılması; retranslyasiya – yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsidir.

19. Həmin Qanunun 35-ci maddəsinə əsasən, verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla yayım təşkilatının ondan istənilən formada istifadəyə müstəsna hüququ vardır. Yayım təşkilatının verilişlərindən istifadəyə müstəsna hüquq efir (kabel) yayımı təşkilatının aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir: verilişi yazmaq; verilişin yazılmasının surətini çıxarmaq; öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi; öz verilişini kütləvi bildiriş üçün kabel televiziyası ilə göstərmək; öz verilişinin pullu giriş olan yerlərdə kütləvi bildirişi; verilişin yazılmasını yaymaq.

20. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.

21. “Media haqqında” Qanunun 1.1.21-ci maddəsinə əsasən, platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir.

22. Həmin Qanunun 32.4-ci maddəsinə əsasən, platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Audiovizual Şuraya təqdim etməlidir.

23. Həmin Qanunun 32.8-ci maddəsinə əsasən, platforma operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etməlidir.

24. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən, proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu yayım üsulunun və şərtlərinin göstərildiyi müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Həmin müqavilələrin surəti audiovizual yayımçı tərəfindən Audiovizual Şuraya təqdim edilməlidir.

25. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən, proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır.

26. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X7rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

29. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

30. Beləliklə hazırkı iddia tələbi yayımlanma nəticəsində dəymiş ziyan olaraq iddiaçıya dəymiş ziyanın ödənilməsindən ibarətdir. Məhkəmə ilkin olaraq tələbin birinci hissəsinə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:

31. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC və “X2 Limited” şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqavilə və müqaviləyə 2 nömrəli əlavəyə əsasən EBEL-ə məxsus Setanta Sports 1 və Setanta Sports 2 kanallarının və həmin kanallar vasitəsi ilə təqdim olunan idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququ, həmin kanalların yayım hüquqlarının satışı və müəllif hüquqlarının qorunmasının həyata keçirilməsi İddiaçı MMC-yə verilmiş, müqaviləyə 2 saylı əlavə razılaşmaya əsasən müqavilə müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir.

32. Yuxarıda qeyd olunan normaların təhlil etdikdə aydın olur ki, proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Yayım təşkilatının isə verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla ondan istənilən formada istifadəyə müstəsna hüququ, o cümlədən öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi hüququ vardır. Yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsini, yəni retranslyasiyasını həyata keçirən platforma operatoru ilə proqramın müəllifi və ya xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair müqavilə bağlanmalı, bağlanmış müqavilənin surətini isə Audiovizual Şuraya təqdim edilməlidir.

33. Təqdim olunan sübutlardan və Azərbaycan Respublikasında audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirən Audiovizual Şuranın təsbitlərindən aydın olur ki, İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X8” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququ "xxxx" Şirkətinə məxsusdur, sonuncu isə bu hüququ xx.xx.2023 – xx.xx.2025ci il tarixlərdə iddiaçıya vermişdir. Bu isə cavabdehin etirazının əsassız olduğu qənaətinə gəlməyə əsas verir.

34. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, cavabdeh sadalanan idman yarışlarının retranslyasiyasını həyata keçirmiş, media sahəsində tənzimlənməni həyata keçirən dövlət orqanı olan AR Audiovizual Şurası tərəfindən cavabdeh həmin kanalların qanunsuz yayınlanması sbəbi ilə cərimə edilmiş və yaym qanunsuz oldğu üçün dayandırılmışdır.

35. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona məxsus müstəsna yayım hüququnu pozmasına istinad etdiyindən AR MPM-in 77-ci maddəsinə əsasən, qeyd edilən fəaliyyətin qanuni əsaslarla (lisenziya əsasında) həyata keçirilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh qeyd edilən faktı təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmiş, bununla da sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin cavabdehin etirazının əsaslarından biri də iddiaçının cavabdeh tərəfindən həmi kanalların yayınlanmasının sübuta yetirilməməsi olmuşdur, hansı ki8, iş materiallarında olan sübutlarla, həm AR Audiovizual Şurası tərəfindən cavabdehə yönəlmiş məktublar, cavabdeh tərəfidən AR Audiovizual Şurası təqdim olnan yayınlanan kanalların sihahısı ilə və digər sübutlarla proqramlarının retranslyasiyasına dair müqavilə bağlamadan yayım hüququ iddiaçıya məxsus kanalların retransliyasıyasını həyata keçirməsi sübuta yetirilir.

36. Beləliklə, cavabdeh lisenziya əldə etmədən, proqramlarının retranslyasiyasına dair müqavilə bağlamadan yayım hüququ iddiaçıya məxsus kanalların retransliyasıyasını həyata keçirdiyindən və qeyd edilən fakt AR Audivizual Şurasının məktubları və iş materialları ilə təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir.

37. Bundan başqa iddiaçı 15000 manat zərərin cavabdehdən tutulmasını xahiş etmiş,həmin məbləği hesablayarkən analoji yayım müqavilələrinə əsasən idman yarışlarının yayımından əldə olunan orta aylıq abunə gəlirini əsas götürmüş və anoloji müqavilələri iş materiallarına əlavə etmişdir.

38. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu hüquq sahibinə zərərin ödənilməsini (həmin normada zərər dedikdə zərərin real forması nəzərdə tutulur), pozucudan əldə etdiyi gəlirin tutulması (faydalanma forması) və ya normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini (analogiya forması) tələb etmək hüququ verir.

39. Belə ki, həmin maddəyə əsasən, məhkəmə iddiaçının tələbi ilə aşağıdakı qərarlardan birini qəbul edə bilər:

1. Pozuntu nəticəsində vurulmuş zərərin ödənilməsi (real forma);

2. Pozucunun əldə etdiyi gəlirinin tutulması (faydalanma forması);

3. Normal istifadə zamanı hüquq sahibinin əldə edə biləcəyi qonorarın ödənilməsi (analogiya forması).

40. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllə zərərin məzmununu müəyyən etsə də (nə zərər sayılır), “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu zərərin necə hesablanacağını təsbit edir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Yuxarıda göstərilənlərin hazırkı işin hallarına tətbiq etdikdə aydın olur ki, hazırkı iş üzrə iddiaçı analogiya formasına istinad etməklə əldən çıxmış faydanı tələb edir və belə olan halda iddianın hüquqi əsası qismində Mülki Məcəllənin 21.2-ci maddəsi və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45-ci maddənin 5-ci hissəsi çıxış edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərər analoji fəaliyyətlə məşğul olan hüquqi şəxslərin, yəni platforma operatorlarının iddiaçı ilə bağladığı müqavilələrdəki qiymətlər əsas götürülməklə hesablanmalıdır.

42. İddiaçı tərəfindən məhkəməyə sübut olaraq digər operatorlarla bağlanmış analoji müqavilələr təqdim olunmuşdur. Həmin müqavilələrdən görünür ki, hesabat dövrü (hər təqvim ayı) üzrə müəllif qonorarın həcmi iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 01 yanvar 2024-ci il tarixli müqavilə üzrə 20000 manat, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilə üzrə 20000 manat (2024-cü il üçün), "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2024-cü tarixli müqavilə üzrə 12000 manat müəyyən olunmuşdur.

43. Təqdim olunan analoji müqavilələr üzrə aylıq orta qiymətin 17334 manat ((20000+20000+12000)/3) təşkil etdiyini, iddiaçının isə iddia tələbində zərəri 1 ay üçün hesablamaqla 15000 manat tələb etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulmalı olan zərərin həcmi müəyyənləşdirilərkən həmin göstərici nəzərə alınmalı və 1 ay üçün 15 000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir

44. Başqa sözlə, hüquq sahibi ya zərərin real formasını, ya faydalanma formasını ya da analogiya formasını tələb edə bilər ki, bu da müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında əksər ölkə qanunvericiliyinə və məhkəmə praktikasına uyğundur.

45. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 135 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

46. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 135 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Azərbaycan Respublikası ərazisində yayım hüquqları ilə İddiaçı MMC-yə məxsus olan qanunsuz yayımlanması nəticəsində İddiaçı MMC-yə vurulmuş zərərin əvəzi olaraq 15000 manat pul məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar