Məhkəmə qərarları › İş №e-2-2(113)-4939/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4939/2023

21.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4939/2023 21.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi, ekspeditor, subyektiv hüquq, ekspeditorun məsuliyyəti məsələsində sübutetmə yükü, iddia müddəti axımının dayandırılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən manat məzənnəsinə uyğun 1740 ABŞ dollarının və 60 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. 29 noyabr 2021-ci il tarixdə iddiaçı tərəfindən məhsul sifariş edilərək 1700 ABŞ dolları ödəniş edilmiş və məhsulun daşınması üçün cavabdehə 40 ABŞ dolları haqq verilməklə daşınma həvalə edilmişdir. Sifariş verilən vaxtdan uzun müddət keçməsinə baxmayaraq, bu müddət ərzində məhsul Azərbaycana çatdırılmamış və çatdırılmamasının səbəbləri barədə ətraflı məlumat verilməmişdir. Halbuki müvafiq dövrdə dəfələrlə elektron poçt vasitəsilə cavabdehin əməkdaşları ilə əlaqə yaradılmış, hər dəfə sifariş verilən məhsulun Azərbaycana yola düşməsi, yolda olması, Azərbaycanda gömrük yoxlanışında olması barədə məlumatlar verilmişdir. 2.2. Məhsul vaxtında çatdırılmadığı üçün iddiaçıya xeyli məbləğdə maddi zərər dəymiş və iddiaçı sifariş verdiyi məhsulları satması üçün digər şirkət qarşısında götürdüyü öhdəliyi vaxtında icra edə bilməmişdir. 2.3. Belə ki, iddiaçıya cavabdehin təqsirli hərəkətləri nəticəsində 1740 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun maddi ziyan dəymişdir. Hətta dəfələrlə cavabdehin *8000 müştəri xidməti və ***-***-**-** nömrəli telefon nömrələrinə zəng edilib, yuxarıda qeyd edilən bağlamanın gecikmə səbəbləri barədə məlumat verilməsi xahiş olunmasına baxmayaraq, cavabdehin əməkdaşları hər dəfə qısa müddətə səbəbləri barədə cavab veriləcək deyərək, əsl səbəbi deməkdən yayınmışlar.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21-ci maddəsi göstərilmişdir.

4. Cavabdeh iddiaya yazılı etiraz və iddia müddətinin tətbiqi barədə ərizələr təqdim edərək, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmiş və mövqeyini onunla əsaslandırmışdır ki: 4.1. cavabdeh müştərilərə iki növ xidmət göstərir: 1) “həvalə et” xidməti ilə sifariş vermə – müştəri məhsulun dəyərini, xarici ölkədəki daxili karqo haqqını və cavabdehin xarici anbarından Azərbaycan Respublikasına çatdırma haqqını cavabdehə ödəyir və cavabdeh məhsulu satıcı mağazadan alıb müştəriyə çatdırır; 2) xarici anbarı qeyd etməklə sifariş vermə – müştəri özü birbaşa ölkə xaricində yerləşən satıcı mağazaya ödəniş edərək məhsulu alır, məhsul satıcı mağazanın öz hesabına cavabdehin xaricdəki anbarına çatdırılır, cavabdeh isə həmin məhsulu Azərbaycan Respublikasında müştəriyə çatdırır və bu zaman müştəri yalnız daşıma xidmətinə görə cavabdehə ödəniş edir. İddiaçı, iddia ərizəsində də qeyd etdiyi kimi, cavabdehin xarici anbarını qeyd etməklə sifariş vermə xidmətindən istifadə etmişdir. 4.2. Belə ki, iddiaçı mübahisələndirdiyi məhsulun dəyərini, yəni 1700 dollar pulu Çin Xalq Respublikasında yerləşən satıcı mağazaya özü birbaşa ödəyərək almış, həmin məhsulun Azərbaycan Respublikasına çatdırılması üçün isə cavabdehə 40 ABŞ dolları ödəniş etmişdir. Yəni məhsulun dəyəri olan 1700 ABŞ dolları cavabdehə ödənilməmişdir. Bundan sonra həmin məhsullar cavabdehin Çin Xalq Respublikasındakı anbarına daxil olmuş və Azərbaycan Respublikasına çatdırılması üçün həmin anbardan yola salınmışdır. X1 Respublikasının Honkonq şəhərinin gömrük orqanları məhsulların gömrük sərhədindən buraxılması üçün satıcı şirkət tərəfindən tərtib edilən və həmin məhsulları müşayiət etməli olan sənədləri tələb etmişdir. Cavabdeh isə sözügedən sənədləri satıcı mağazadan alaraq ona təqdim etməsi üçün iddiaçıya bildiriş göndərmiş, lakin iddiaçı tələb olunan sənədləri cavabdehə təqdim etməmişdir. Buna görə də mübahisələndirilən məhsullar Honkonq şəhərinin gömrük orqanları tərəfindən müsadirə edilmişdir. 4.3. Cavabdehin öhdəliyi ancaq ona təhvil verilən məhsulu daşımaqdan ibarət olmuşdur. Lakin mübahisələndirilən məhsulların iddiaçıya çatdırılmaması cavabdehin təqsirindən baş verməmişdir. Çünki məhsulun alışı birbaşa iddiaçı tərəfindən həyata keçirilmiş, amma satıcı şirkət məhsulların tamlığını təmin etməmiş və zəruri sənədləri təqdim etməmişdir. Bu hal isə tərəflər arasında razılaşdırılmış daşıma şərtlərinə və qanunvericiliyə əsasən cavabdehin məsuliyyətini istisna edir. Belə ki, “Daşıma şərtəri”nin 2.6-cı bəndində qeyd edilmişdir ki, xarici ünvanlarımızı qeyd edərək sifariş etdiyiniz zaman "xxxx" MMC göstərdiyi vasitəçilik xidməti çərçivəsində heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, vaxtında çatdırılmamasına görə məsuliyyət daşımır. 4.4. Həmçinin qanunla müəyyən olunmuş iddia müddəti ötürüldüyü üçün iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı mübahisələndirdiyi məhsulları 2021-ci ilin noyabr ayında sifariş etmişdir. 2022-ci ilin yanvar ayının 5-də cavabdeh iddiaçıya məhsullarla bağlı sənədlərin təqdim edilməsi üçün bildiriş göndərmişdir. İddiaçı həmin tarixdən 2 il 9 ay keçdikdən sonra cavabdehə qarşı belə bir tələb irəli sürməklə iddia müddətini ötürmüşdür.

5. Ərizələrin hüquqi əsası kimi Mülki Məcəllənin 375.2, 859.3 və 861.1-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdeh tərəfindən iddiaçının sifariş verdiyi məhsul üçün 27 dekabr 2021-ci il tarixdə Honkonq gömrüyündən keçidə görə müəyyən sənədlər istənilib. Lakin cavabdeh bildirir ki, məhsul Honkonq gömrüyündə saxlanılıb və müsadirə edilib, bu barədə sübutlar isə təqdim edilməyib. Eyni zamanda mülki qanunvericilikdə daşıma müqaviləsi üçün nəzərdə tutulmuş iddia müddətinin keçməsi üçün tərəflər arasında çatdırılmanın həyata keçirildiyi gün müəyyənləşdirilməli idi ki, belə bir müddət razılaşdırılmamışdır.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, şifahi danışıqlar davam etmiş, 05 may 2022-ci il tarixdə sonuncu dəfə vatsap vasitəsilə yazışma aparılmışdır. 09 sentyabr 2022-ci il tarixdə mediasiyaya müraciət edilmişdir. Bundan başqa, pretenziya məktubu 2022-ci ilin iyun-iyul ayında poçt vasitəsi ilə, 15 mart 2023-cü il tarixdə isə elektron qaydada cavabdehə göndərilmişdir.

8. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaya etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, məhsul qadağan olunmuş əmlak olduğuna görə müsadirə olunub, cavabdehin anbarına qaytarılmayıb. Məhsulun yolda olması xarici anbardan Honkonq gömrüyünə qədər olan məsafə deməkdir.

9. Məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Daşıma müqaviləsi üzrə dəymiş zərərin tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı 1700 ABŞ dolları məbləğində pulu Çin Xalq Respublikasında yerləşən satıcıya ödəməklə məhsul almış, həmin məhsulun Azərbaycan Respublikasına çatdırılması üçün cavabdehin xidmətlərindən istifadə edərək sonuncunun Çin Xalq Respublikasında yerləşən xarici anbarını qeyd etmiş, cavabdehə 40 ABŞ dolları məbləğində haqq ödəmişdir. Həmin məhsul cavabdehin Çin Xalq Respublikasındakı anbarına daxil olmuş, lakin çatdırılma baş tutmamışdır.

14. İddiaçı cavabdehin təqsiri nəticəsində məhsulun çatdırılmadığına, bu səbəbdən iddiaçıya 1740 ABŞ dolları zərər dəydiyinə istinad edərək dəymiş zərəri tələb edir.

15. Cavabdeh iddiaya etiraz edərək, məhsulun xarici anbardan Azərbaycana göndərilərkən Honkonq gömrük orqanları tərəfindən saxlanıldığını və müəyyən sənədlərin tələb edildiyini, bu barədə dərhal iddiaçıya bildiriş verildiyini, lakin iddiaçı tərəfindən həmin sənədlər təqdim edilmədiyindən məhsulun gömrük orqanları tərəfindən müsadirə edildiyini və iddia müddətinin keçdiyini bildirərək iddianın rədd olunmasını xahiş edir.

16. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də, məhkəmə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İddiaçının subyektiv hüquqa malik olması, bu hüququn cavabdeh tərəfindən pozulması müəyyən edildiyi halda məhkəmə tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alan iddia müddətini tətbiq etməklə iddianı rədd edə bilər.

17. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

18. Məhkəmə yuxarıda (bax §16) qeyd olunan məsələlərin araşdırılması və iddianın hüquqi əsası ilə bağlı yük daşıma müqaviləsinə dair mülki qanunvericiliyin normalarının təhlilini zəruri hesab edir.

19. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 852.1-ci maddəsinə görə, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmçinin 852.2-ci maddədə göstərilmişdir ki, daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. Mülki Məcəllənin 852.5-ci maddəsinə əsasən isə ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.

21. Həmin Məcəll 859-cü maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır (859.1). Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır (859.2).

22. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının yükü haqq müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir. Qeyd olunan daşımanı öz adından, lakin yük göndərənin hesabına üçüncü şəxslər-daşıyıcılar vasitəsi ilə həyata keçirən şəxslər isə ekspeditorlardır (hazırkı halda cavabdeh). Eyni zamanda ekspeditorun əksi sübut edilənədək daşıyıcının təqsiri üçün məsuliyyəti bilavasitə şərtləndirilmişdir. Həmçinin yükün itirildiyi və ya məhv olduğu, çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması halında daşıyıcının məsuliyyəti təsbit olunmuşdur.

23. Məhkəməyə təqdim edilən yazışmalardan görünür ki, iddiaçı tərəf 27 dekabr 2021-ci il tarixdə məhsulun harada olması ilə bağlı cavabdehdən məlumat tələb etmiş, cavabdeh isə əvvəlcə məhsulun Honkonq gömrüyü tərəfindən müsadirə olunduğunu bildirmiş, daha sonra isə məhsulun cavabdeh tərəfindən gömrük orqanlarından götürülə bilinməsi üçün “brand company authorized sales certificate” və “letter of authorization” sənədlərinin satıcı mağazadan istənilməsi tövsiyə olunmuşdur.

24. Cavabdeh yükün çatdırılmamasını qeyd olunan sənədlərin təqdim olunmaması ilə əlaqələndirmiş, lakin iddiaçıdan tələb etdiyi bu sənədlərin Honkonq gömrük orqanları tərəfindən ondan tələb olunması faktını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəf də qeyd edilən sənədlərin həqiqətən də Honkonq gömrük orqanları tərəfindən tələb edilməsini mübahisələndirmişdir.

25. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

26. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

27. Mülki Məcəllənin 859.3-cü maddəsinə əsasən əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir (859.3): risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır (859.4).

28. Mülki Məcəllənin istinad olunan normasından aydın olur ki, həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən məsuliyyəti müəyyən edilən daşıyıcı (ekspeditor) yalnız müvafiq halın risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı və ya yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi və ya daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində baş verdiyini sübut edərsə, məsuliyyətdən azad edilir.

29. Başqa sözlə, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi Honkonq gömrük orqanları tərəfindən bəzi sənədlərin istənilməsi, məhz gömrük orqanları tərəfindən iddiaçının sifariş verdiyi məhsulun müsadirə edildiyi və bu səbəbdən məhsulun çatdırılmamasını sübutetmə vəzifəsini cavabdeh daşıyır. Belə ki, müvafiq məhsulun cavabdehin Çin Xalq Respublikasındakı xarici anbarına daxil olduğu işin mübahisəsiz halını təşkil edir. Cavabdeh isə hazırkı iş üzrə sübutetmə vəzifəsini yerinə yetirə bilmir, müvafiq məhsulun cavabdeh olmadığı hallar nəticəsində çatdırıla bilmədiyini sübut edə bilmir.

30. Mülki Məcəllənin 859.1-ci maddəsinin yükün daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılması ilə bağlı tələbini və sübutetmə yükü və sübutetmə ilə bağlı yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, müvafiq məhsul cavabdehin xarici anbarına daxil olduqdan sonra üç ay ərzində çatdırılmadığından və əksi sübuta yetirilmədiyindən itirilmiş sayılır və ekspeditor kimi cavabdeh çatdırmanın itirilməsi ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

31. Beləliklə, iddiaçının subyektiv hüquqa malik olması, bu hüququn cavabdeh tərəfindən pozulması müəyyən edilir. Belə olan halda məhkəmə tələbin məhkəmə qərarı ilə təmin edilməsinin qarşısını alan hazırkı halda cavabdeh tərəfindən təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizə üzrə aşağıdakıları qeyd edir.

32. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

33. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

34. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

35. Həmin Məcəllənin 861.2-ci maddəsinə əsasən, ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

36. Göründüyü kimi, Mülki Məcəllənin 861.2-ci maddəsi ilə daşıma müqaviləsindən irəli gələn ekspeditora qarşı yaranan iddia tələbləri üzrə qısaldılmış iddia müddəti müəyyən edilmiş, həmin müddətin iddia qaldırmaq hüququnun yarandığı andan 1 il təşkil etdiyi təsbit olunmuşdur.

37. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).

38. Bu mənada iddiaçının qəbul etdiyi və tərəflərin təqdim etdiyi və mübahisələndirmədiyi yazışmalardan (xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə aparılan) görünür ki, iddiaçının sifariş etdiyi məhsul cavabdehin Çin Xalq Respublikasındakı xarici anbarına 03 dekabr 2021-ci il tarixdə daxil olmuşdur. Məhkəməyə maddi daşıyıcıda təqdim edilən səs yazıları isə (qeyd olunan səs yazılarının cavabdehin əməkdaşlarına məxsus olması təsdiq olunmamışdır) iddiaçının məlumat tələb etməsi, məsələnin həll edilməyə çalışıldığının bildirilməsi kimi davam etmişdir.

39. Yuxarıda göstərildiyi kimi, 03 dekabr 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətin başa çatdığı an çatdırmanın itirilmiş hesab olunduğu an olduğundan, iddiaçının iddia qaldırmaq hüququ da məhz 04 mart 2022-cü il tarixdə yaranmışdır və Mülki Məcəllənin 861.2-ci maddəsinə əsasən bir il təşkil etməklə 2023-cü ilin mart ayının 4-ü başa çatırdı.

40. İddiaçı iddia müddətinin başlanması üçün çatdırılma müddətinin tərəflər arasında razılaşdırılmalı olduğu və yalnız belə müddətdə çatdırılmadıqda iddia müddətinin axımının başlaya biləcəyini qeyd etsə də, məhkəmə həmin arqumenti əsassız sayır və bildirir ki, mülki qanunvericilikdə yükün itirilmə anı imperativ qaydada müəyyən edilmiş və tərəflərin razılığından asılı edilməmişdir.

41. Digər tərəfdən, məhkəməyə təqdim edilən mediasiya prosesinin tətbiqi barədə 20 avqust 2022-ci il tarixli təklifdən görünür ki, iddiaçı yükün çatdırılmaması barədə maddi ziyanı tələb etmiş, həmin təklif xx.xx.2022-ci il tarixdə poçt rabitəsi vasitəsilə cavabdehə göndərilmiş və çatdırılmışdır. Məzmunundan görünür ki, iddiaçın göndərdiyi mediasiya prosesinin tətbiqi barədə təklif həm də pretenziya mahiyyətində olmuş, iddia müddəti daxilində verilmiş, bununla da Mülki Məcəllənin 861.2-ci maddəsində müəyyən edilən pretenziya tələbinə əməl edilmişdir.

42. Həmçinin göstərilməlidir ki, Mülki Məcəllənin 379-cu maddəsinə əsasən, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.

43. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (35.1). Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur (35.2).

44. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

45. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən, tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

46. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında mediasiya prosesi məhz mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi xx.xx.2022-ci il tarixdən başlanmış hesab olunmalıdır.

47. Digər tərəfdən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4.2-ci maddəsinə əsasən, bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilmiş hesab olunur və 35.2-ci maddəyə uyğun olaraq iddia müddətinin axımı bərpa edilir.

48. İş materiallarında əlavə edilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-5708 nömrəli arayış xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir.

49. Beləliklə, tərəflər arasında mediasiya prosesi xx.xx.2022 – xx.xx.2022-ci il dövrlərini əhatə etmişdir.

50. Mülki Məcəllənin 379.3-cü maddəsinə əsasən, iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.

51. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.

52. Beləliklə, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia müddətinin axımı 04 mart 2022-ci il tarixdə başlamış, iddia müddətinin axımının dayandırılması üçün əsas iddia müddətinin son altı ayında mövcud olmaqda davam etdiyindən (mediasiya prosesinin xx.xx.2022 – xx.xx.2022-ci il dövrlərini əhatə etdiyi nəzərə alındıqda) iddia müddətinin axımı dayandırılmış, mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın verildiyi 23 sentyabr 2022-ci il tarixdən müddətin axımı davam etmiş və müddətin qalan hissəsi altı aya qədər uzanaraq 23 mart 2023-cü il tarixdə başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2023-cü il tarixdə müraciət etmiş, beləliklə, iddia müddətini ötürmüşdür.

53. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 1740 ABŞ dolları məbləğində pulun tutulması tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

55. İddiaçı həmçinin 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

56. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-5708 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 61 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

57. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

58. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

59. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

60. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

61. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

63. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar